Əvvəllər məktublar yazılardı
uzaqlardan. Mütləq havaları soruşardılar o məktublarda.Salam yazılardı ilk
başdan. Amma mən sənə necə salam yazım ki,əlüykim salam almıyacamsa. Səndən
oradakı havaları da soruşmayacam.Niyə soruşum ki? Molla deyir bərzəx aləmindəsən.
Amma demədi bərzəx nədi. Bəlkə də özü də bilmir. Onsuzda bu molladan bizim kəndə
heç papaq olmadı. Pivə içəndə bundan urvatlı kişi idi.İndi hər yerdə bir arvad
saxlayır. Deyir savabdı. Özünü sevindirmək nə vaxtdan savab hesab olunur?! Bunu
da izah etmir.Ümumiyyətlə bizim molla hey sükut edir. Deyir susmaq qızıldı. Hə,
havalar deyirdim axı. O gün o molladan soruşdum ki,bərzəx aləminin havası necə
olur? O da "ya sən kafirsən,ya da
axmaq. Ala, mən nə bilim bərzəx aləminin havası necə olur." İndi daha sən
yazarsan, ana, oraların havasını mənə. Yadındadı bir dəfə Ehsan kəndin o
başındakı qıza məktub yazıb, eşq elan edəndə oranın havalarını soruşmuşdu. Neyləsin
binəva. Axı, əlimizə keçən əsgər məktubları Xabarovskidən,Çexoslavakiyadan
yazılardı. O məktublarda uzaq ellərdəki əsgər oğullar havaları soruşmağı da özlərinə
borc bilərdilər.
Bizdən hal-əhval-tutmaq istəsən
yenə həminki kimiyik. Sən öləndən sonra qayinanam bizə köçdü. Arvadımgil tərəf
yaman bəxtigirdi. Heç onlara bu 60 ildə yetim adı verilmədi.Arvaddakı, maşallahı var. Köhnə nol
üç kimidi. Üstü-başı çürüyüb,amma mator
sazdı.Arada küçədən gəlinmaşınları keçəndə ah çəkir. Ya qisqanır, ya da artıq
bilir ki, onun qatarı gedib. Daha dönməyəcək. Qocalmağını qətiyyən qəbul etmir.
Ele hey deyir "Niyə mən bu günə qaldım?" 26 təvəllüd olduğunu unudub.
Sağlamlığından elə hay-həşirlə danışır ki,sanki 26 yaşında qəfil qocalıq xəstəliyinə
tutulub.
Nəvələrin böyüyüb. Fəridin ciyərlərinə
su gəldi. Hökumət sağ olsun müalicə etdirdi. Havayıca neqodnı çıxardılar uşağı.
Amma nə illətdisə uşaq o xəstəlikdən sonra çiyinləri qalxaq halda gəzir. Arabir
mənə elə gəlir ki,uşaq uçacaq. Uşaqların anası deyir ki,ayağının altı düzdü,
ona görə elə yeriyir. Yox yenə hökumət
sağ olsun bizi xəbərdar etdi. Əsgər gedəndən altı ay sonra çağırıb dedilər ki,
uşağın dabanı da düzdü, ciyərinə də su gəlib. Mən onu həkimlərə aparsaydım bir
sandıq pulum çixacaqdı yəqin.Bu hükumətin qədrini bilmir bu naxələflər. O gün
intilgent Qiyaz deyir ki,Qəddafi ilə Səddam öləndən bəri yaxın Şərqdə nəki yiyəsiz
var hamısını Aralıq dənizi qarnına endirdi. Bu camaat Qədaffi ilə Səddam öləndən bəri Aralıq dənizindən
balıqmı tutur, yoxsa o dənizdə intihharmı edir- bax onu anlamadım.Bizi də Xəzər
udar, vallah bu hökumət qoymur.Fərhad gizir olub. O gün gedib gördüm. Müddəti uzadılmış
qulluqdadı. Yaxşıdı. Salam-duası var.
Gəlinin də yenə biş-düşündə öz
işindədi. Böyük oğlan -Fərid evə dönəndən bəri onunla yola getmir.Dərdləri nədi
bilmirəm. O gün Fərid deyir ki, Müseyb bir də bizə gəlməsin. Uşağın başın iynə
dərman çövürüb. Müseyb 20 ildi biznən dostdu. Mən nətəhər adama deyim bizə gəlməsin.
Uşaq deyir ki,əgər O birdə bizə gəlsə anamı öldürəcəm. Başı xarab olub. Məndən
qorxur, anasına gücü çatır. O gün anası da deyir deyir ki, bu yastıdabanı göndərək
rusyətə Maşadan,Nataşadan tapıb sakıtləşsin.
Yoxsa bizi qırıb batıracaq.
Deyəcəksən
ancaq özündən danışdı. Altı ay öncə o sevimli oğlunu gördüm. Sumqayıtda. Arvad
qovub çıxarıb ki,get cəhənnəm ol sənə bir dəniz havası dəysin iyin, qoxun dağılsın.
Mən deyirəm də nə qədər arvadının pulu çox idi, onu evdə saxlayırdı. Əslində
bir işə yarayan deyil. Elə dilini çıxarıb stola yapışdırsın, arvad barmağını o
dilə vurub pul saysın. Dedim ,axı, alma o Xeyrullanın qızını. Dedin alacam. Hə
aldın nə oldu? İndi evi də dolandırır,ves məhləni də. Sən bilirsən mən səninlə
heç on yeddi yaşlı sevgilimin üstünə şər atıb qapıdan çıxardanda, O da gedib
özünü intihar edəndə inciməmişdim. Amma sən mənim sözümü sındırıb gedib o qızı
bizim gədiyə alanda hirsləndim .Day səni bağışdamadım.Əhbər də yaxşıdı.
Uşaqlarını baş -göz edib. Bircə dənə şəftəli
qız-Nuranə qalib. O tüklü halı ilə gündə bir oğlan tapır qoşulur gedir
altı -yeddi ay arvad olur,sonra qayıdır gəlir. Əhbər deyir:" Allah
internet çıxardanın başına daş salsın, pozdu uşağımı." Pomidor parnikləri
ilə meyvə ağaclarının arasında qalmışıq. İşdi, yağış yağıb sel tökdüsə, külək əsdisə
ikisindən məhrum olub acından öləsiyik. Başqa gəlir yeri yoxdu axı.
Vallah, xətrinə dəyməsin o gün
gedim qəbrinin yerini axtardım. Tapa bilmədim. Hardan tapacam. Axı, gediş- gəliş
yoxdu. Dedilər bəlkə də o qəbri söküb yerin satıblar. Əşşi nə dəxli. Qəbir di də.
Onun əvəzinə ayağın basdırılmış yerə-həyətimizin o başına tez-tez baş çəkirəm.
Heç yadımdan çıxmaz o ayağı sən şəkər olanda kəsmişdilər.Raufun oğlu Elşad gətirmişdi
ki,bizim həyətdə basdırsın. Mən də ona lağla: "Apar xaş et. Neynirsən
basdırıb" deməyimlə məni söyüb təhqir etdi. Okazıvayetsa anamın ayağına
hörmət etmədiyimə görə yox, xaşdan iyrəndirdiyimə görə hirslənibmiş. Hər dəfə məni
görəndə üzünü çevirir. Bilirəm ən sevimli yeməyindən iyrəndirdiyimə görə məni
heç vaxt bağışlamayacaq. Hə nə deyirdim? Qəbirstanlıq. O qəbirstanlıqda sənin qəbrin
olsa nə olacaqdı. ki? Bütün ömrünü boş keçirmisən.Bir qəbir də özünə
hazırlatmadın.Kəfəni də biz aldıq sənə. Day övlad sənə neyləyəcəkdi ki? Uzun
Əlövsəti basdırıb gələndə mənə
Feyzullanın qəbir yerini göstərdilər. Dedilər özünə alıb. Bilmədim nə
deyəm. Dedim :"İçi dolu olsun, yiyəsinə qismət." Bu da təzə dəb
düşüb. Dəllək Səlimin qəbrini görəndə adamın ölməyi gəlir. Şəklini, zadını
döydürüb üstünə. Pəh-pəh qəbir deyil, beş ulduzlu oteldi vallah.
Kənddə hər Cümə axşamı ölülərinə
Quran oxutdurmaq istəyən yaxşı oğlanların və qızların probkası olur. Onlar da
bilir, mən də bilirəm ki,dərdləri Quran oxutdurub, ölüyə yaxşılıq etmək deyil.
El camaat adlı bir tərəzi var. O tərəzinin hər zaman onları ağır çəkməsinin xəstəsidirlər.
Yoxsa bilirlər ki, üç manat verib oxutdurduqları o" Yasin" ölənlərin
bir eşalon günahını çətin yuya. Əşşi indi adətdi hamı oxudur. İnan da ,inanmayan
da. Sən demirdin:"Mən öləndən sonra istəyirsiniz məni aparıb kanala atın fərqi
yoxdur. Məsələ odur ki,ölməyəsən .Öldün, tay oldun min ilin ölüsünə." Ona
görə də saxtakarlıq, yalançılıq etmirəm. Özümün inanmadığımı, sənin lağ
etdiyini niyə sənə oxutdurub özümü aldadım ki? Burdan bircə nəfər qazanclı
çıxır: o da molladı. O gün kənd camaatından soruşuram ki, arvadı hara
basdırmısınız ,tapmıram.Dedilər neynirsən.Əsas odur basdırmışıq. Qurda-quşa yem
etmədik. Belə yaxşı oğlansan, gələydin maraqlanaydın.Axı mən yaxşı oğlanam.Nisyə
aldıqları kəfən pulunu ödədim. Amma bilmirlər ki,onların içində ən doğruçu,səmimisi
mənəm. Onsuzda anamın ölməyi mənə təsir etməmişdi. Guya qəbrinin yerini bilsəydim
baş çəkəcəkdim .Yox, getməyəcəkdim. Əlimin içi kimi bilirəm ki,hamı bayramda,
seyranda o qəbirlərə sevdiklərindən yox, el-camaat tərəzisinin qorxusundan baş
çəkirlər. Mənim isə o el-camaat heç vaxt vecimə olmayıb.
Deyəcəksən hamıdan yazdın, bir
özündən başqa.Nə yazım. Ömürdü də. Mədə ilə ayaqyolunun arasında xərclənib
gedir. Bütün əlləşməyim özümün və ailənin qarnı uğrundadı. Hey kredit ödəyirəm.
Aylar, təqvimlər o kreditlərə görə hesablanır. Bəzən krediti ehtiyacdan yox ,o biri kreditləri bağlamaq
üçün götürürəm. Axşamlar pivəxanada bütün dərdləri unutmaq üçün içər ,gecə
yataqda sayıqlayar, sabah ağzımda bir ton zəhər tamı ilə oyanıram. Deyirəm, mənə
kişi qızı kimi demədin də kimin oğluyam. Camaat güzgüyə baxıb saçını başını düzəldər,
mən illərdi güzgüdə atamı axtarıram. Yaşlandıqca gah Kazıma, gah da Əhməd müəllimə
oxşadığımı fərq edirəm. Kənddə mənə sataşırlar ki, çıx Xoşqədəmə axtar dədəni.Guya
bilsəm nə olacaq. Əşi elə- belə bekarçılıq. Elə o bekarçılıqdan bu içkili
halımda sənə bu məktubu yazdım. Bilirəm oxuyan deyilsən. Amma yazdım. Bilirsən
arada o sovet dövründən ötrü darıxıram. Daha bizə heç kim məktub yazmır. Biz də
yazmırırq. O gün beləcə məktub həsrətimi dilə gətirib balaca gədəyə-Fərhada
dedim mənə məktub yaz. Elə bilim ki, Xabarovskidən ,Çexoslavakıyadan yazmısan.
Dedi ata mayıl adres verim sənə ora yaz.
Sən demə millət indi məktubu internetdən yazırmış. Mənim internetdən başım
çıxmır. Çıxsa da yüz il qala ordan heç
kimə məktub yazmaram. O məktubun ki,hərflərinə toxuna bilmirsən, onu yazan əlin
o sətirləri yazarkən necə titrəməsini, həyəcanlanmasını görə bilmirsən nə ləzətti.
Hə ana. Sağ və salamatıq. Bizdən
arxayın ol. Ehh səni öpürəm də yaza bilməyəcəm. Yəqin indi bircə skeletin
qalıb....
İmza:
Oğlun.
Hiç yorum yok:
Yorum Gönder