7.05.2019

Xatirələr, yaddaş və oxucu ilə yazıçını görüşdürən roman


    Yazıların birində oxumuşdum ki, coğrafiya kitabları torpaq, fəlsəfə kitabları həyat, tarix kitabları qan qoxuyur. Əksər tarixi romanların bizə çatdırdığı ağrılar və dəhşətlərdir. “Müharibə qadın simalı deyil” və ya “Leyla” romanlarını oxuyub hansımız müharibədə iştirak edən qadınların ağrılarını hiss etməmişik ki?!... Belə tarixi əsərlərin bizim qadınlar haqqında da yazılmağa necə ehtiyacı var. Məhz “ALJİR” bu ehtiyacı özündə doğruldan bir əsər kimi Azərbaycanın ədəbiyyat tarixinə bəxş olundu. “ALJİR” müəyyən müddətdir ki, çap olunub. Amma hər zaman bu kitab barədə qarşıma hər hansı məlumat və ya paylaşım çıxdıqca oxumağa qərar verə bilmirdim. Müəllifin qələminə bələd idim, əla yazdığına şübhə etmirdim, amma…
    Əslində mən “ALJİR”i oxumaq istəmirdim. Çünki şəxsimin həssas ruhu, hədsiz empati hissim mövzusu ağır romanları uzun müddət unuda bilmir. Bu baxımdan tariximizin əksər qanlı səhifələrini vərəqləyən biri kimi ürəyimin daha tab gətirməyəcəyini düşünürdüm. Mən  Gülnarə və Firuzə kimi qadın gücünün hüdudsuzluğundan xəbərsiz idim. Romanı oxudum, amma “oxudum” demək çox sadə ifadə olar. Bir az oxudum, sonra yarıda saxladım, bir az oxudum, sonra yenə, yenə…Günlərlə hadisələrin təsirindən çıxa bilmədim. Bəzən isə evdən çıxarkən kitabı götürmək istəmirdim. Qapını örtəndə mənə elə gəlirdi ki, sanki “ALJİR” arxamdan bu sözləri deyir: tariximizi sizlər oxuyub gələcək nəsillərə çatdırmasa bəs kimlər edəcək?! Bəzən də özümlə götürsəm də, açıb oxumağa gücüm çatmırdı. Müəllifin özünün də dediyi kimi, bu kitab dərsliklərə salınmalıdır. Bu kitab hər kəs tərəfindən oxunmalıdır. Bu kitab mütləq formalaşmaqda olan gənc nəslə oxutdurulmalıdır! Çox böyük ürək yanğısı və təəssüf hissiylə əsəri bitirdim. Kitabın son səhifələrində deyildiyi kimi, həqiqət o qədər ağır idi ki, hiss etdiklərimin hamısını yazmağa gücüm çatmadı. Gücümün çatdığı romanı təhlil edərkən qarşıma çıxan qeyri-adi fikirlərin təhlili üçün yazıçıya ünvanlandığım bu suallar oldu.

-  Nəyin uğrunda mübarizə aparır insan övladı?


-      - İnsan nəyin uğurunda mübarizə aparmır ki… “Faust” da necə də gözəl deyilib: Bizə nə lazımdır - onu bilmirik, nəyi biliriksə - o lazım deyil. Bəzən məchulluqda çırpınar, bəzən xilas yolu arayar, bəzən də boğulmaq. Amma hər kəsin bir “niyə” sual var. Hər kəsin öz həqiqəti və bilmək istədiyi cavablar var. Bəzən fərqində olmadan uzun illər bunun uğrunda mübarizə aparar. Təhtəlşüurun pıçıldadıqları, əsl mənə gedən yol və səthi həyat. İnsan var elə səthdə yaşayır, onun okeanın dərinliyindən xəbəri olmur, amma mübarizəsi yenə davam edir, çünki  onu nəhəng bir qüvvə həmişə dərinə çəkir.

-  Gözlərinə baxaraq qəlbini görmək istədiyiniz insan olub?

- Çox olub, amma bu hər zaman mümkün olmayıb. Biz adətən bizə lazım olanlara şəkil və məna verməyi sevirik. Bəlkə də gözlərinə baxaraq qəlbini görmək istədiyimiz insanlarda məhz istədiyimizi görmək istəmişik, istəmişəm.

-   Çox düşünürsünüz, yoxsa çox inanırsınız?

- Son illər çox inanıram. Çünki düşündükcə məsələlərin içindən çıxa bilməyəcəyimi dərk edirəm. Axına buraxıram və zamanla hamısı yoluna düşür. Bəzən axtardığım sualların cavabı belə gəlib məni elə yerdə tapır ki, o an məhz inancı seçdiyimə görə şükürlər edirəm.

-  Özünüzə özünüzdən baxmağı bacarırısınız?

 -Bəzən alınır deyək. Amma bu həmişə olmur. Empati duyğusu həddindən çox aşıb –daşanda bu elə də baş tutmur, özümə də rəhmim gəlir, bəzən)))   


-  Yeniyetməliyi və gəncliyi olmayan insanları hiss edə bilirsiniz?

- Yazıçı mövqeyindən baxanda o boz yoxluğun fərqinə tez varıram. Bu elə də yaxşı duyğu deyil. Ümumiyyətlə, bilgi hər zaman insanın xeyrinə deyil. Bilmədiklərimiz bəzən narahat etdiyi kimi, xoşbəxt də edə bilər. Ona görə insan marağının məhdudlaşdırılmasının tərəfdarıyam. Bu onu çox düşündüyümdən irəli gəlir. “ALJİR”   barədə verdiyim ilk müsahibədə də qeyd etmişdim ki, informasiyanın yoxluğu kimi bolluğa da ziyanlıdır. Bəzən insan və ya hadisə haqqında məlumat bolluğunda boğulmaqdansa, bilməməyinə üstünlük verirəm. Bu hər zaman mümkün olmur.

-    Azadlıq “zəncir”imizin uzunluğu qədərdir?

- Azadlıq nisbi anlayışdır. Mütləq azadlıqdan heç vaxt söhbət gedə bilməz. Bizim bəlkə də mələklər kimi göylərə qanadlanmamağımız üçün bütün bu zəncirlər var. Ailə, sosial mühit, cəmiyyət, siyasi quruluşlar. Məhz orada ALJİR romanında azadlığın yanlış təqdim olunduğu cəmiyyətdə belə bir gün kimlərsə qalxıb nələrisə mühakimə edəndə bu məsələ ortaya çıxır: Azadlıq varmı? Varsa önun sərhədlərini kim müəyyən edir?

-  Doğrudan, dərd böyük olanda insan unudub keçir?

- İnsan beynin özünümüdafiə sistemi var. Bu özünümüdafiə sistemi işə düşməsə insan sadəcə olaraq çatlayıb ölər. Tarix ən dəhşətli hadisələri ilə insan yaddaşında şırımlar açıb. Hansılar unudulmayıb ki… Eləcə də 37 – ci il bizim xalqın sinəsində daim qövr edən bir yaradı. O yaranı belə unutduq, daha böyük yaralar sayəsində…

-  Bütün insanları bir ana hənirtisi tərk-silah etməyə qadirdir?

- Ana böyük məvfumdur. Hətta Stalin kimi rəhmsiz anası ölənə kimi Tiflisə - ona baş çəkməyə gedib. Eləcə də “ALJİR”- in qəhrəmanı da anası  və özü ilə münasibətlərini yola qoymaq üçün bütün ömrünü xərcləyir.

-   Arzular inancdan böyük olanda reallaşmır?

- Arzularımız hədəflərimizdir. Əgər o hədəflərə doğru inancımız yoxdursa və bizə qüvvət verən ideallarımız yoxsuldursa, hansı arzunun reallaşmasından bəhs edə bilərik ki…

-   Ayın səssizliyində qərq olanlar kimlərdir?


- Son zamanlar paylaşdığım sitatlar yeni romanın addım səsləridir. Hazırda üzərində iş gedir. Təxminən 1500 illik bir tarixi dövrü əhatə edir və romanı yaradıcılığımın ən gözəl mərhələsi hesab edirəm. Romanda həyat mübarizəsində sükut edərək əldə edənlər və mübarizə apararaq dişi ilə dırnağı ilə cırmaqlayıb qazananlarının görüşdüyü ortaq bir meydandan – həyat yolundan bəhs olunur. Ayın səssizliyinə qərq olanları oxucu orada görəcək. Bu sualın cavabı yeni romandadır.

-    Bütün xatirələr göz yaşlarından sonra qalanlardır?

- Ümumiyyətlə, ALJİR –də əsas fokuslandığım məsələ xatırələr və yaddaşdır. İndi yazdığım roman insan arzularına həsr olunubsa, ALJİR sırf tarixi və fərdi yaddaşdan bəhs edir. Ələnmiş, arınmış xatırələr, emosiyadan və sən, mən subyekt və obyektlərindən sıyrılmış xatirələrdən bəhs olunur.

-  Seçimləri, sadəcə olaraq, Tanrı tərəfindən göndərilənlər kimlərdir?

- Elə ALJİR qəhrəmanları buna misal ola bilərlər. Onlar dolayısı ilə seçimlərinin qurbanı olsalar da, təcavüz nəticəsində dünyaya gəlmiş övladlarına sahib çıxmaları və sonrakı həyatları onlara göndərilmişdi. Bu yaxınlarda elə bu barədə bir yazı yazdım. “Üçün Dördə Həyat” adlıb  kiçik essedə məhz bu suala cavab olacaq nüansları qeyd etdim. Həmin essedə Fransada ikinci cəbhənin açılışında amerikalılara əsir düşən koreyalı əsgərlərdən bəhs etmişəm.

-   Zamanı bilmək insanı yaşadır? Bəs axı “xoşbəxtlər saata baxmaz” deyirlər.

- ALJİR – də dörd divar arasına həbs olunmuş və məchulluğa qərq olmuş insanların hallarında bu dəhşətli bir hissdir. Xoşbəxtlər saata baxmaz cümləsi isə, məncə, hansısa xoşbəxt anın məhsuludur. Zaman insana istiqamət verir, zaman insana ümid bəxş edir, zaman yaraları qaysaqlandırır və xoşbəxtlik ümidlərimizi artırır. Əgər "Sabah hər şey yaxşı olacaq!" ümidimiz olmasaydı, nə gecələrimizin zülməti ağarardı, nə qəlbimiz sakitlik tapardı.

-  Bütün zamanlarda yaddaş insan üçün mükafat deyil , sizcə?
Hər zaman deyil. Bu vəziyyətdən vəziyyətə dəyişir. Bəzən unutmaq istədiklərimiz xatırlamaq istədiklərimizdən qat –qat çox olur. Amma tarixi nöqteyi – nəzərdən bir millətin nicatı onun yaddaşından keçir. Bəşəri anlamda mükafatdı, fərdi anlamda isə insandan insana dəyişir.

-  Qorxu bənövşəyi rəngdə ola bilməz, o boz bir az da ağ rəngdədir.

- Bu yenə fərdi yanaşmadır. Bu yaxınlarda bir yazıçının qorxunu qəhvəyi rəngdə təsvir etdiyini oxudum. Bu psixoloji sarsıntıların, insan psixologiyasının yanaşmasıdır. Bir yazıçı bunu belə görür, digəri başqa cür yanaşır.

- Məncə Selcanın həyatından boşluqlar buraxılıb. Oxucuya onun düşərgədəki düşdüyü halın sonu maraqlı ola bilər.

- ALJİR - də qəhrəmanlar həddindən artıq çoxdur, mən onların hamısın həyat hekayəsini mümkün olduğu kimi verməyə çalışımışam. Amma qayda olaraq romanda əsas qəhrəmanlar və köməkçi epizodlar olur. Selcanın həyatı köməkçi epizod kimi verilib. Bu anda o sadəcə olaraq nəhəng mövzuda qüvvətləndirmə səciyyəsi daşıyır.

- Ad seçimində sizi zəif yazıçı sanmışam, lakin bu dəfə Pərvanə adı uğurla seçilib.

- Təşəkkür edirəm. Adlar romanda ən son fikir verdiyim məsələdir. Əsas fokuslandığım mövzu və çatdıracağım ideya olur. İndi yazılan romanda isə tam əksi baş verir. Adlar hamısı birbaşa qəhrəmanların taleyi ilə əlaqədardır.

-    Qrafika zəifdir. “Vətən xainləri” ifadəsi dırnaqda yazılmalı, ya da ən azı qırmızı rənglə verilməli idi. Qatar üzü gediş istiqamətində olmalı idi. Axı gedənlər hamısı dönmədi. Ümumi dizayn barədə nə deyə bilərsiniz?

- Bu məsələ barədə nəşriyyata bildirdim. Kitabın üz qabığı , dizaynı və piar işləri birbaşa nəşriyyatın məsuliyyətinə aiddir. Daim vurğuladığım bir məsələ var: Romanı bitirdikdən sonra o artıq mənim üçün görülmüş işlər siyahısına daxil edilir. O yazıların sonrakı taleyini nəşriyyat  və oxucular təyin edir.

-    Qorxmadınız?


- Romanda son sözdə qeyd etdiyim kimi həqiqətə tamlığı ilə gücüm çatmadı. Hətta bu hadisələr barədə oxuyanda bir fakt da qarşıma çıxdı, onu ümumiyyətlə yazmağa əlim gəlmədi: Təcavüzə uğramış qadınlar vətənə dönəndə onları qohumları qəbul etməyiblər. Çünki yanlarında uşaq var idi. Onlar nə qədər izah etsələr də onlara kim inanacaqdı ki?!… Belə tarixi hadisələrdə qadınlar və uşaqlar daha çox bədbəxt olurlar. Çünki onlar zorlanıb, aşağılanıb və bütün bunlarda da günahkar yenə onların özü olur, çünki qadındılar. Qadın hər zaman günahkardır prinsipi burada da işləyir. Qorxmaq deməzdim, çox ağrıdım, çox təsirləndim deyək. Ümid edirəm o ağrıları, o acılar əks etdirə bilmişəm.

- Hələ də suallarınız var?

- Suallarım yoxdur, bəlkə də olacaq. Şəxsi zəmində bütün suallarımın cavabını bilirəm. Ya da təxmin edirəm deyək. Amma bəşəri müstəvidə təbii ki, suallar var və yaranacaq, amma əminəm ki, cavabsız sual yoxdur, tənbəl və ya cavabı bilmək istəməyən insan var.

-  “ALJİR” sizi ölümsüzləşdirəcək!

- Təşəkkür edirəm. Güman edirəm, bir tarixçi və yazıçı olaraq o dövrdə zülm çəkmiş qadınlara az da olsa mənəvi borcumu ödədim. Yalnız bir istəyim var: Bu roman öz qiymətini alsın. Dərsliklərə salınsın, uşaqlarımıza verilsin, gəncliyimiz xəbərdar olsunlar. Bu roman Azərbaycan Xalq Cümhuriyyəti barədə yazacağım romana istinad nöqtəsi olsun. Bu roman öz qiymətini alsa, o dövr üçün yazacağım roman üçün ən azından ilham mənbəyi olar. Çünki tarixi roman yazmaq məsuliyyət tələb edir.

-  Mənə olan imzanızı müsahibənin sonuna yazın.

- Milli – mənəvi dəyərlərimizin, ruhumuzun sizin kimi gənclərə ehtiyacı var, İlahə xanım. Sizi bu böyük maarif yolunda  mübarizliyinizi necə kəşf etmişəmsə, tarixdə sizi elə tanısın. Sizin kimi gəncləri olan millətin gələcəyi ölümsüz, yaddaşçı mühafizə olunmuşdur. Uğurlar, mübariz ruhlu gəncim…
                                                             

                                                         Söhbətləşdi oxucu İlahə Eldar 

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...