Andrey
Karlovun ölümü mənə Qriboyedevin ölümündən çox təsir etdi. Ən çox da ona görə
ki, Qriboyedevin ölümün səbəbi çox iyrənc idi. Ən çox Andrey Karlovun ölümünün dəhşətlə nəticələnəcəyindən qorxmuşdum. Bu ölümün Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans
Ferdinandın (Onun öldürülməsi Birinci Dünya müharibəsinə bəhanə olmuşdu)
öldürülməsi ilə bənzərlik qurmuşdum ki, telefonuma gələn zənglə diksindim.
Zəng
edən xalamqızı idi. Bütün tarixi və siyasi düşüncələrimi ürküdən xalamqızına
acıq bir az “alo” sözünü gec dedim.
“Üliviyyə,
mamam, keçindi. Mamam....” Xəttin o
başında hönkürtü səsi gəldi.
“Gəlirəm”-
deməyə gücüm çatdı ancaq.
Ölüm...
Qriboyedevin ölümü, Karlovun ölümü... Frans Ferdinand... və bir də heç vaxt
Suriyanın yerini xəritədə belə bilməyən və Frans Ferdinand haqqında eşitməmiş və
eşitməyəcək xalam.
Görəsən
hansı daha mənfəətli ölüm qazanıb? Andrey Karlov, Frans Ferdinand, yoxsa heç
vaxt öz kəndindən kənara çıxmayan sadə kəndli bir qadın?...
Seneka
ölümü cəza yox, qanun olaraq qəbul edilməsinin tərəfdarı idi. Qanun...
Eynilə
doğum kimi bir qanun. Lakin hamımız onun qanun kimi qəbul etsək də, heç kəs öz
ölümünə inanmır. Biz öz ölümümüzə inanmadığımız qədər Allaha inansaydıq bəlkə də
həyat bizim üçün daha asan olardı.
Onu
daha asan qəbul edərdik. Dünyanı möminin zindanı hesab edənlərə qoşulub, ondan
qurtuluşumuzu bayram edərdik.
Lakin
ölüm bəzən bu funksiyanı daşımır. Biz onu daha çox xatırlamamağa
meyilliyik. Onun yada salınmasına etiraz edirik. “Allah uzaq etsin” sözləri
dilimizin əzbəridir.
Əgər
ölüm bütün bu əzablardan qurtuluşdursa...
Bütün
bu ağrılardan, bütün mənalı və mənasız mübarizələrdən qurtuluşdursa...
Sartr
həyat nə qədər absurddursa, ölüm o qədər ağır olur deyib... Absurd həyat necə olur? Absurd həyat bütün həqiqətlərə
göz yummaqdır, özünü aldatmaqdır. Özünün əbədi olmağına inancdır. Halbuki nə əbədi
qalıb ki?...
Dəfn
günü gedə bilmədim... 3 gün sonra qəbirstanlıqda qəhqəhəsi ilə sevdiyimiz
qadının qəbrinin üstünə nəvəsinin iki dənə qozu kövrələrək qoyduğunu gördüm və
xitabını eşitdim.
“Nənə
axı, sən söz vermişdi ki, qoy yastığımın yanına sabah duran kimi yeyəcəm”
Verdiyimiz
sözləri və əhdləri pozan ölüm. Görəsən Karlov kimlərə nə söz vermişdi?! Onun
verdiyi sözlər də bu qədər sadə və adi olub?!
Arada könlümə düşür qəbirstanlıqlar. Axı, orada əzizlərimiz
yatır.Lakin əzizlərimiz biz onları axtardığımıza görə var. Sabah biz ora yolçu
olacayıq və bizi axtaracaqlar. Qəbirlər itəcək, yox olacaq. 100 il əvvəl
dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin. Torpaq
ayağımın altındadı,onun altında kimin sümükləri var bəlli deyil.
Hamı unudulacaq, hər
kəs demək olar ki, hər kəs növbəti dirilişə qədər unudulacaq- deyə
pıçıldayıram....