3.27.2016

Kiçik insan üçün nekroloq


Onun gözlərindəki işıq hələ də yadımdadı. Ağarmış saçlarının üstündən bağladığı rəngi solğun yaylıq həmişə sürüşüb düşər,saçlarının ucundakı toppuz yığdığı yerdə dayanardı. Dişləri tökülmüş damağını üzümə ağardaraq gülməkdən çəkinməzdi. Onunla fərqim bu idi. O dünyayanı vecinə almadan gülə bilirdi.  O  bu azadlığa malik idi. Dişsiz damağı, ağarmış saçları qətiyyən ona kompleks deyildi.
               

Onun əhvalatı haradan başlamışdı. Bilmirdim. Ayaqlarında ayaqqabı gördüyümü xatırlamırdım. Deyilənə görə çərşənbə ocaqları qalananda o ayağını o iri közlərin üstünə basarmış və codlaşmış ayaq dərisi yanmazmış. Onu dünyaya bağlayan iplər məni bağlayan iplərlə müqayisədə çox zəif idi. Mən atəşi isinmək üçün, O atəşi əyləncə olsun deyə yandırardı. Mən sevdiyim insanlara qürur ucbatından tərk edərkən, O mənim saçlarıma toxunmaq üçün izn istəyərdi.
                

Yay günəşi öz parlaqlığı ilə insanların gözlərini qamaşdıranda, o çəkinmədən günəşin altında yatardı. Onun həyatının qışı baharı olmazdı. O hər zaman şad idi. İnsanları şərtsiz sevirdi. Yağışın altında saatlara qaça bilirdi.  Onun vərəm olmaq qoxusu yox idi, çünki  vərəm adlı xəstəlikdən xəbəri yox idi.
               

Anam deyirdi ki, o sağlam doğulmuşdu. Bir gün anası ona süd verəndə , atası yanında bir qadınla içəri girmiş bu mənim yeni arvadımdır demiş. Bax onda anasının qolları boşalmış və yerə düşüb. 5 yaşına kimi danışa bilməyib. Sonra dünyanı elə beləcə sevib. Pəltək dili ilə çəp baxışları ilə yetim qız kimi böyümüş.
               

Elə çöllərdə yağışın altında bir gün onunla rastlaşmış. Hər ikisi dünyadan keçmiş, zəngin ölkənin yetim uşaqları kimi qarşılaşmışlar. Hər ikisi zəngin ailədən. Hər ikisinin dünyadakı çiçəklərdən başqa sevgisi olmamışdı hələ. İki dəlinin əlini ayağını bir yerə yığmaq lazımdır deyə ağıllılar belə qərar vermişlər. Hər şeyi planlamışlar,  lakin öz nəfslərindən başqa.
                

İki il bu çöl quşları bir yerdə yaşamışlar. Anam deyirdi ki, doğum evində oğlunu dünyaya gələndə ağrıdan panikaya düşəndə özünü döymüşdü. Onda ona ətrafdakı qadınlar "Allah dadıma çat" deyə dua öyrədiblər. O isə "Ayyah dalımda duy" -deyə bir sutka dayanmadan çığırıbmış. Əvvəl bir oğlan, sonra qız doğulmuş.  Sonra hərə öz övladına sahib çıxaraq evinə aparmış.
              

  On yaşım olardı, Onların gizlin görüşdüyü yeri hər gün görürdüm. Zəngin valideynlərinin çobanı onlar idi. Hər ikisi sürünü gətirib o otluqda qovuşdurardılar.Sonra Novruz tütək çalar, o da otluqda uzanıb dinləyərdi. Onların görüşdüyünü ailələr bilmirdi. Onlara qoyunlar onlardan daha maraqlı idi. Qız anasının yanında, oğlan atanın yanında axşam aralanardılar.
              

  Bir gün Novruz bayramı ərəfəsində  qəbirstanlıqda ögey anasının- onun bədbəxtliyinə səbəb olan qadının qəbrini təmizlədiyini gördüm. Dırnaqlarının dibi palçıqdan qaralmışdı. Çəlimsiz qolları ilə otları datıb təmizləyirdi. İstədim gedəm yaxına etiraz edəm. Ona başa salam dünyanın şimalını, cənubunu. Yaxınlaşanda dərk etdim ki, onunla fərqim budur: o düşmənini belə sevəcək qəlbə malikdir, mən isə ona həqiqəti deyəcək qədər insafsız. Dönüb qayıtdım geri. Qəbirstanlıqdan çıxanda geri boylandım. Hələ də otları dartışdırırdı. Bütün həyatı boyunca zalım adından başqa bir şey qazanmayan ögey anası Ceyranın şəstlə boylanan portreti uzaqdan çox kiçik görünürdü.
               

Universitetdən tətil zamanı evə dönəndə bizə gələrdi. Gəlib eyvanın kənarında dayanar, əlini çənəsinə söykəyərək mənə tamaşa edərdi. Deyərdi ki, səndən böyük şəhərin qoxusu gəlir. Deyərdim o nə cür qoxudur ki? O da dişsiz damağını yenə ürəklə göstərərək gülər və cavab verərdi: "Bir az benzin, bir az dux, bir az sabun, bir az asfalt,  bir az da çoxlu insan iyi. Sənə çoxlu insanların qoxusu hopub. Onlar hamısı səninlə birgə gəliblər." Onda başa düşməzdim bunları. İndi yaşlandıqca anlayıram insana həqiqətən böyük şəhərlərin, çoxlu insanların, avtomobillərin, asfaltın qoxusu çökür.
               

Bu yaxınlarda on yeddi ildən sonra kəndə-uzaqdakı məkana döndüm. Qonşuların arasında onu axtardım. Dedilər Əfşan vərəm olub. Arada qan qusur. Amma yenə kefinin yerində olduğunu dedilər. Oğlu evlənmiş, qızı ərə getmiş dedilər. Zəngin ailənin qocaları öləndən sonra qoyunları da qırılıbmış dedilər. Ondan sonra Əfşanla Novruz çöllərdə görüşməkdən yığışaraq oğlunun yanında bir balaca otağa yiğışmışlar dedilər. İstədim gedəm baş çəkəm vaxt olmadı.

               


Uzaq ellərindəki balaca kəndin sakinləri üçün o həımişə dəli Əfşan oldu. Bu yaxınlarda eştdim ölüb. Dünyanın şərtsiz sevən kiçik insanlar üçün adətən nekroloq yazılmır. Elə uzaqda alt şüurumda mənə dişsiz damağı ilə gülümsəyən bir qadın obrazı qaldı.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...