Əsərlərdən etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Əsərlərdən etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.08.2020

Yaddaş



“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməçə qalar, o boydana  cisminin yerinə”. – Nəcib  çarpayının ayağına kürəyini söykəyib babasının ufultularına qulaq asa-asa düşünürdü. Tavandan su damcılayırdı. Evin taxta döşəməsi  yaddaşının dərinliyindən  meşəni dartıb çıxara bilmişdi.  Yaşıl mamırlar döşəmənin meşə yaddaşından ona daraşmışdılar. Nəcib mamırları,  damdan daman yağış sularını və babasının nəm çəkmiş ufultularının səbəbini düşünürdü ki, daxmanın qapısı döyüldü.  Əvvəl özünü eşitməzliyə vurdu. Qapı bir də israrla döyüləndə divarlar titrədi. Qapının taqqıltısından çox damdan tökülən damcılar Nəcibi çilədən çıxarıb ayağa qaldırdı. Əyripəncə kimi yanlarını basa-basa  qapıya doğru getdi. Qapını ehtiyatla açıb  gələnləri salamsız-kəlamsız içəri buraxdı.
– Kimdi, ay bala? – Babanın quzulamış səsi xırıldadı.
– Uşaqlarındı. Yenə, yəqin ki, nəsə olub, əcdadları yadlarına düşüb. – Nəcibin qəzəb çökmüş səsi pəncərənin şüşələrində  cingildədi.
– Nə olardı o vaxt bu daxmanı bir az hündür edəydin, ay kişi? Hər dəfə keçəndə boynumuzu əyirik. – Səftər kişi donquldandı.
–Nə vaxt gəlib sökdünüz, düzəltmək istədiniz, qoymadıq? – Nəcib  onu əyri-əyri süzdü.
– Onunku sözdür. İşə gələndə fıss... – Qılman Nəcibi sakitləşdirdi.
– Səni də bura söz gətirməyib? Elə deyirsən ki, elə bil lallar ölkəsində bir  mənəm danışan. Boynumuz əyri bitib bu qapıdan əyilib keçməkdən...– Səftər  üzünü turşutdu.
–Ay bala, bir-birinizi qırmayın, gəlin yaxın oturun, necəsiniz, neynirsiniz? Mövsümün əvvəli gedənsiniz... – Babanın səsi azca  ötkəmləşdi. Səftərlə Qılman baxışdılar.
– Baba, torpaq yaddaşını itirib. Palıd palıdlığını unudub, fıstıq fıstıqlığını. Camaat yığılıb dedi ki, gedin, Babadan soruşun, görək niyə  fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış  göyərir?  - Qılman döşəmənin mamırlarını oxşayıb handan-hana dilləndi.
– Ən pisi də, camaat bir-birini günahlandırır. Qonşu obaların  tarlaları yaşıl, ağacları barlı, torpaqları yüz nemətə hamilədir, amma bizdə... – Səftər ağlamsındı. Damdan düşən iri damla  üzündə  yuvarlanıb saqqalının dərinliyində əridi. Nəcib bayaqdan ayaq üstə dayandığının fərqinə varıb, yenə özünü çarpayının dibinə verdi. Kürəyini söykəyib qonaqlara tamaşa etməyə başladı. Gözləri Səftərin əynindəki mitili çıxmış  şinelə ilişib qaldı. Şinel eynən döşəmə kimi bozarmışdı. Nəcib eşitmişdi  ki, neçə palıd ili əvvəl buralarda böyük dava olub. Meşə alovlanıb yanıb, tarlalar yiyəsiz qalıb. Sonra buluddan nəm çəkmiş torpağı bölüblər. Elə o gündən ikiayaqlıların əynindəki şinellər bozarıb, rəngini itirib. Daxmaların tavanları alçaq vurulub, insanların boyunları əyilib.
– Baba, bizi palıdların ahı tutub? – Qılman  səsi titrəyə-titrəyə  sual verəndə Nəcib gözlərini şineldən çəkib onun sürətlə aşağı-yuxarı gedən hulqumuna baxdı. Ortaya dərin sükut çökdü.  Damdan özünü atan növbəti damlanın intihar tıppıltısı eşidildi. Nəcib damlanı qucaqlayan mamırlara  gözücu nəzər salıb istədi, ürəyindəki hər şeyi püskürsün.  Sözlər hulqumuna kimi gəlib, qayıdıb ürəyinə saplandı. Anladı ki, ürəyinin ağrısı qarşısındakılara etibarsızlıqdan daha xoşdur ona.
– Etibar  getdi... – Baba dilləndi. Səftər bunu eşidər-eşitməz kinayə ilə üzünü-gözünü  turşudub:
– Qoca, bu söz  nəm çəkib. Bizə bozarmış  söz demə! – dedi.
– Hə, sözün sehri gedib. Sözə etibarın gedib, ona görə... – Baba  kədərlə başını bulayıb yorğanını sinəsinə kimi çəkdi.
–Bizə meşə lazımdı, məhsul lazımdı, sən söz deyirsən. Bizə yemək lazımdı, sən etibardan danışırsan. Ağsaqqal bilib  gəlmişik, yolunu azmış meşə var, özünü unutmuş  torpaq var deyirik. Sözə inamdan dəm vurursan. Deyəsən, ağlın da nəm çəkib, qoca... – Qılman acı-acı güldü.
 – Onda gedin, meşəni başa salın! Başa salın ki, acıq. Başa salın ki, meşə yolunu azmaz. – Nəcib əlini atıb çarpayının altından kitabı götürdü.
 – Görəsən, əzbərləsək, necə olar? – Səftər başını qaşıdı.
– Nəyi əzbərləsək? – Qılman qaşlarını çatıb heyrətlə soruşdu.
– Fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış. Kitablaşdıraq, bilək ki, bunu əksək, bu çıxacaq. Onda  işimiz asanlaşar.
– Ayə, onu eləmək olar? Lap tutalım etdik, fıstıq əkdik, küknar çıxdı. Bəs yaxşı, buğda olar çıxsın deyə nə səpməliyik?  Sonra gələn il o toxumdan nə çıxacağı bəlli olmaz. Ölənəcək yoxlayası deyilik ki. Yox ey, bu işin çarəsini tapmalıyıq. – Qılman danışdıqca Nəcib düşünürdü, görəsən, bu şinelin  rəngi əvvəl necə olub?
– O yanlarda elədi? – Baba çənəsi ilə uzaqlara işarə etdi.
– Yox, deyirlər heylə zad yoxdu. Cavanlar baş götürüb gedirlər ey... – Səftər artıq ayağa durmuşdu.
– Nə edəcəyik? Qorxuram, bu gedişlə dəryadakı balıqlar da balıq olduğunu unuda... – Qılman az qala ağlamsındı. Nəcib gözlərini şineldən çəkmirdi. Baba susurdu.
– Gedək, bundan bir kar aşmadı, – Səftər daxmanın qapısından boynunu əymədən rahat keçdi. Nəcib özünü güclə çatdırıb Səftərin boynundakı çökəkliyə düşən damlaya  gülümsəyib Qılmanın ətəyindən yapışdı.
– Qılman dayı, şinelini mənə verərsən? – dedi.
– Ayə, neynirsən cındır şineli?
– Davadan qalıbmı bu? – Nəcib əlini onun ətəyindən çəkmədən dedi.
– Hə, o vaxt ordan gətirmişdim, onda üstünə dostlarımızın qanı, palıd meşəsinin ahı çökmüşdü. Yağışlar  yudu apardı  rəngini də, yaddaşını da... – Qılman şineli ilk dəfə görürmüş kimi diqqətlə nəzərdən keçirib fikrə getdi.
 – Ver də mənə. Bəlkə, qucaqlayıb yatsam, oranı yuxuda görərəm.
– Ay bala, bu şineldə oralıq  heç nə qalmayıb axı, görmürsən, süzülüb ipliyə dönüb. Bu şinel çoxdan veteran olduğunu da unudub ey, özüm kimi...
 – Qılman dayı, mənə ver, nolar... – Nəcib əl çəkmədi. Qılman əlacsız qalıb şineli soyundu.
– Qılman, di gəl də... – bayırdan Səftərin səsini eşidib tələsdi. Şineli Nəcibin əlinə tutuzdurub daxmadan çıxdı. Nəcib şineli uzun-uzadı süzüb qucaqladı. Baba dərin yuxuya getmişdi. Daxma çəlimsiz qocanın nəm çəkmiş sümükləri kimi şaqqıldayırdı. Nəcib başını qaldırıb tavana baxdı. Damlalar yoxa çıxmışdı. Şineli əyninə geyib  illər sonra daxmadan çıxdı. Buludların arasından süzülən gur işıq  gözlərini qamaşdırdı. Külək şiddətlənirdi. Daxma titrəyirdi. Nəcib  əlini gözlərinin üstündə günlük edib palıd meşəsinə sarı baxdı. İnsanların ağaclardan çox olduğunu görüb heyrətə düşdü. Onlar bir-birindən araları durmuşdular, əyinlərində bozarmış şinellər var idi.

3.29.2020

Xarabalıq





Yaddaşımın axsayan vaxtlarında hardan yadıma düşdü?  Boşqabı sildiyim yerdə əlimi saxladım. Niyə xatırladığımı xatırlamağa çalışdım. Kələfi itmiş xatirələr içindən qəfil cücərmiş bu hadisə heç bir izahat olmadan  dilə düşən melodiya kimi beynimdə dolaşdı: Elə burda dayanmışdı… Boşqablar əlində idi, sonra birini salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi. Birini də götürdü; boşqabdan göz yaşlarını da sildiyini də görürdüm...Yaşıl jaket qolları...Bir də  o damlalar...Bədəni dumana bürünmüşdü. “Anamın qolları, qolları... İllərdir, hər şey beləcə, boz dumanda davam edir.  Beyindən silinməyən film kadrı kimi... Hər gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində ulayıram…” – pıçıldadım. Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım.  Qonşunun quşları səmada pərvazlanırdılar. Bazar günü olduğundan nəhəng buldozerin nəriltisi kəsilmişdi. Bizim evə kimi  hələ on ev var idi. Boz pişik qarşı tərəfdən sökülmüş evlərin kərpiclərinin üstündə pəncələrini yalayırdı. Görəsən, bura tamamilə dağılandan sonra hara gedəcək? Harada oturub pəncələrini yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz...  Gözlərimi boz pişikdən ayırmadan çaydanın altını söndürdüm. Hə, bu pişik də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın harasındansa  reinkarnasiya edəcək və böyük bir xarabalığın fonunda beləcə pəncələrini yalayan halda  özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura  niyə məhz indi onu xatırladığımı, hardan yadıma düşdüyünü  fikirləşəcəyəm. Bəli, elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin  qaranlığında yolda maşınla vurduğun  it kimidir. Heç kəs, heç kəs  o iti kimin vurduğunu bilmir. Sənsə avtomobildən düşüb ağzından qan daşan  o itin “niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib  oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına pozan çəkib onu unutmağa çalışırsan. Gecələr  gördüyün kabuslardan sanıb yastığını çevirirsən. Boz  pişik pəncələri ilə işini bitirib ətrafını süzdü.  Çarpayı cırıltısı eşitdim. Yorğun-arğın  otağa qayıdıram. Gün yeni başlanır. “Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key ətrafa  boylanırdı. Böyümüş gözləri ilə ətrafı süzdü. “Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra yenə, yenə, yenə...
– Kimsən, ay bala? 
Aha, bu gün “bala” dedi. Dünən belə deməmişdi.
– Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, – deyirəm. 
– Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini bir az da geniş açır. 
– Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü, özünüzü o əsgər üçün sipər etmişdiniz. Siz ağır yaralandınız.
– Mən?
– Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin qəhrəmanlığınız, vətən uğrunda şücaətiniz dillər əzbəridir. 
O,  qaşlarını çatdı, sağ əlini titrəyə-titrəyə alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə mütləq alnını ovuşdururdu, eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı. Heysiz halda əlini endirib dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı çayı dəmlədim,  çaynik və fincanı götürüb qonaq otağına qayıtdım.
– Döyüş harda olmuşdu? – astadan soruşdu.
– Ağdam uğrunda.
– Müharibə olmuşdu?
– Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə Xankəndinə gedərik. Oralar elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin yollarını xatırlayırsınız?  Əlbəttə, xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik tutmağa çalışıb  çayı qurtumlayır. Hiss edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən keçirdir. Handan-hana:
– Yadıma gəlir... – deyəndə diksindim.
– Siqareti atdım; atama  söz vermişdim. O, məni otağa çağırdı. Ovcu qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç nə tapmadım, stolun başındakı köynəyimi verdim. Onda atam mənə  dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə dikidi. Uzun bir sükut. Mən çarpayının kənarında oturdum.
– Bir də onun getməyini... Atası gəlib dava edib apardı. Dedi ki… dedi, niyə bu xəstə ilə ömrünü- gününü çürüdürsən...
– Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə yağımız da var, – söhbəti dəyişdim.
– Alabəzək topumuz vardı, meydançada oynayırdıq. 11- 12 yaşım olardı. O meydança niyəsə yadımdan çıxmır, amma müharibəni niyə  xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə ürəyim parka-parça olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları altında xumarlanırdı. Quşlar  yenə səmada idilər. Yumurtaları soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum, qaynamağa qoydum. Bir azdan qapı döyüldü. Baxıcı qadın  içəri girib adəti üzrə çinlilər kimi əllərini cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini soyunub asılqandan asdı, mən də ayaqqabılarımı geyinməyə başladım. Son tapşırıqlarımı da verib  evdən çıxdım.
***
Çaynikin fit səsinə başımı qaldırdım. Mətbəxdəki saat səkkizi göstərirdi. Kitabı örtüb  paltaryuyanın üstünə qoydum. Qazı söndürdüm. Pərdəni kənara çəkib həyətə baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl ürkək-ürkək başlarını qəfəsdən çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən pərvazlanırdılar. Boz pişik gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar var idi. Pərdəni salıb mətbəxə göz gəzdirdim. Hər şey yerində idi. Qonaq otağına  qayıdıb ona baxıram. Gün işığı duman kimi otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini mənim üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.
– Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss edirsiniz? – deyə səsləndim.
– Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu dəfə xırıldaya-xırıldaya verdi. Sonra möhkəm öskürdü.
– Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə dava idi, mən qazandım. Hamı, bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə olmaq istəyirlər.
– Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən  çarpayının kənarında oturdum.
– Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül xəstələnmisiniz, tezliklə sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet, tələbələr - hamı sizi çox istəyir.
O məni dinləyə-dinləyə barmaqlarını  adyalın naxışlarının üzərində gəzdirirdi.
– Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı. Siqareti atmağım yadımdadı… Atam dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki cümlələrini təkrarladı. O cümlələri  sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər. Yox, bəlkə də  yanmış kitabın xilas olunmuş  son səhifələri idi, evirib-çevirib  oxuyurdu.
– Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi. Başqasına ərə getdi...
“Aha, bu da həmin yanmış səhifədən yarımçıq cümlədir, həmişə sonunu özü bildiyi kimi tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq yoxdur”, – deyə düşünürəm.
Qapı döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı idi. Qapını açdım, sonra mətbəxə yollandım, özümə çay süzdüm. Pəncərənin qarşısına keçdim. Boz pişik yenə xarabalıqda quşların pərvazlanmağına tamaşa edirdi. Buldozerçi artıq maşınını işə salmışdı. Çayımı sürətlə qurtumladım, fincanı mətbəx stoluna qoyub qonaq otağına keçdim. Baxıcı qadın əlcəklərini geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə  gülümsədi. Baxışlarımla ona xoş gün diləyib  işə yollandım.
***
         Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə ağır yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm; ilahi, saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. “Gərək axşam o qədər oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında  olduğumu xatırladım.  Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb salamlaşdım. Dinmədi. Nəhayət:
–Salam, – dedi. Sonra yenə üzümə baxdı.
– Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?
Sualıma şübhəli nəzərlərlə cavab verdi. Dinmədi. Adyalı sinəsinə kimi çəkdi. Qırışmış barmaqları və kənarları soyulmuş dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.
– Burda qaldım dünən gecə, siz yatmışdınız deyə icazə ala bilmədim...
– Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca ürəkləndiyi hiss olundu. Duruxdum:
– Mən...  Hə, mən... – kəkələdim. Beynimdəki bütün informasiyalar dolaşmış kaset lentinə dönmüşdü, – hə, mən, – səsim qətiləşdi, – bura sizin evinizdir də, müəllim. Mən də teatrdanam, xatırlamadınız? Oqtay Eloğlunu oynaymışdım axırıncı dəfə, siz çox bəyənmişdiniz... Siz də xəstələnməyə vaxt tapdınız... Axşam axırıncı məşqi müzakirə etdik, sonra mənim də başım qarışdı...
Baxışlarından şübhə silinirdi.
– Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?
Yavaşca başını tərpətdi.  Çaydanın altını yandırıb adətim üzrə pəncərəyə yaxınlaşdım. Boz pişik yenə pəncələrini yalayırdı. Buldozer işə düşmüşdü. Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni açıb aşağı boylandım. Boz pişiyin yanında durub bizim evə baxanlardan biri əlini yellədi. Mən də başımı tərpətdim. Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı söndürdüm.
Əlimdə məcməyi qonaq otağına qayıdanda onun başının çarpayıdan sallandığını gördüm. Özümü necə itirdimsə, məcməyini  döşəməyə qoyub yanına yüyürdüm. Xırıldayırdı. Dikəldib, ağzının suyunu sildim.
– Qalxmaq issstəədimmmm, -  sanki etdiyi işə görə üzr istədi.
– Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək gəzməyə. Hə, nə deyirsiniz?
Heç nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı salfetlə silib quruladım.
– Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti atmağım gəlir yadıma hey... Atamın ovcu qanla dolu idi… Bir də onu xatırlayıram. Sabah duranda gördüm, məktub yazıb qoyub; daha gəlmədi... Əzbərində olan  cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...
– Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona çayı içirib, arabanı gətirdim. Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra mətbəxə keçib yükdaşımaya zəng edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə enəndə artıq buldozerin  bizim  tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa nəzər salıb
– Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün qüvvəsi ilə qışqırdı.
– Yox, əziz müəllim,  o evlər köhnədir, bizə aid deyil ki, – onu sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik bizə əhəmiyyət vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa baxırdı...

3.22.2020

Əjdaha


                                                                              Qabığının çürüməsinə izn verməyən toxum bar verə                                                                                 bilməz.
                                                                                                                                                    M. Ərəbi


 Təzə şumlanmış torpağın qoxusunu ürəklə ciyərlərinə çəkib gözü dolusu  tarlaya baxdı. Buludlara, günəşə ,üfüqə baxıb “Bu il gözəl olacaq” pıçıldadı.  Öküzləri qırmanclayıb xışa güc verdi. Günəş  göyə milləndikcə  işlədi. Gün günorta olanda oğlunun gətirdiyi  soyuq ayranı qurtumlayıb, yenə də işinin başına döndü. Bu gün tarlanı şumlayıb bitirməli idi. Sabah erkəndən toxum səpməyi  planlaşdırırdı. Yenə qayıdıb öküzləri hoyladı. Qarşı tarladan Almurad əl eləyib nəsə dedi. O da əlini yelləyib “Nə var?” deyə işarə verdi.  Almurad  yaxınlaşıb ona:
-          Suyu deyirəm, haradan alacayıq?  - sual verdi.  O qaşqabağını töküb  buludlara baxdı. “Ya mədəd” deyib  yenə öküzləri hoyladı.
-          Ay kişi, belə olmaz, yağmadı yağış, bitmədi qamış… Belə olmaz axı… - Almurad əl çəkmədi.
-          Həmişə necə etmişik, bu il də elə edərik. – O  əlini yellədi. Öküzləri qırmanclayıb Almuraddan aralanmaq istədi.
-          Ay kişi, camaat nəsə etmək istəyir, axşam zay Səftərin evinə gəl! – Almurad  onun  aralandığını görüb az qala pıçıldayaraq dedi. O bunu  təxmin etmişdi. Bilirdi ki, Almurad tarlanın başına kimi əziyyət çəkib gəlibsə, nəsə  etməyə hazırlaşırlar. O bu təşvişli insanları heç sevmirdi. “Niyə başlarını aşağı salıb  işlərini görmürlər ki?... Guya  nə isə edə biləcəklər? Min ildir belə gəlib, belə gedəcək. Köhnə hamamda təzə tas ancaq cingilliti qopardar” – donquldana – donquldana yenə tarlanı şumlamağa başladı. Bir dövrə vurub ayrandan qurtumladı. Əlini atıb torbadan arpa çörəyini çıxarıb dişlədi. Başını qaldırıb səmaya baxdı. Buludlar seyrəlirdi. Deməli, sabaha yağış ümidi kəsilmişdi. “Allaha umud olsaq nə olar ki?... O gəlib bizi qurtarar. Görür də bu zülmü…Elə belə də deyəcəm axşam onlara. Qoy ağııllarını başlarına yığsınlar.  Nəyi pisdir ki, yola veririk də… “ Elə bu fikir – xəyallarla axşam düşənə kimi tarlanı  şumlayıb qutardı. O qədər yorulmuşdu ki, qabda qalan  iki gilə ayranı  ağzına aparmağa ərinirdi. Birtəhər  özünə gəlib öküzləri boyunduruqdan açıb  buraxdı. Sonra kotanı  sürükləyib ağacı yanına gətirib zəncirlə qıfılladı, öküzləri də qabağına qatıb   kənd yoluna çıxdı. “Bəlkə getməyim halım yoxdu, əşşi nə edəcəklər, bir – iki ağız danışıb dağılşacaqlar. Hər il bağ – bostan vaxtı çıxıb  danışır, sonra  zınqrovu pişiyin boynundan asmaq lazım gələndə  aradan çıxırlar”  yorğun – arğın ayaqlarını bezgin düşüncələri ilə sürüklədi.
Ayaqlarını arvadının gətirdiyi isti suya salıb  özündən asılı olmadan “uxayyy” dedi. Su ayaqlarına sanki can verir, yumşaldırdı. Gözlərini yumub xumarlandı. Elə oradaca yatmaq keçdi könlündən. Amma arvadı onu dümsükləyib  süfrəni göstərdi. Bütün günü ayrandan başqa bir şey görməyən mədəsi  şivən qoparmışdı. Ayaqlarını sudan çıxardıb dəsmala sürtdü. Elə yanpörtü süfrənin qırağında uzandı. İsti şorbanı qaşıqlamağa başladı. Yeməyi yeyib qurtarana kimi göz qapaqları lap ağırlaşdı. Uşaqların süfrənin qırağında didişməyinə də fikir vermədən arvadının bayaq qoltuğunun altına verdiyi balıncı qucaqladı. Arvadı bu dəfə çay desə də, əlini uzatmağa tabı qalmamışdı.
-Almurad gəlmişdi  eyy…. – arvadına yarıyuxulu dedi.
- Yenə nəyə gəlmişdi, o bədəsil adam? Xeyirsiz… - arvadı hirsləndi.
- Bu axşam zay Səftərin  evində olacaqlar. Vallah, elə yorğunam ki…
-Getmə, əşşi, Almurad  felman adamdı, rədd olsun, yat dincəl, keçən il də hoqqa çıxarmışdı, xalxın balasının başını yedi, bu il kimin başında çatlayacaq, görəsən? Yenə suya gəlmişdi?  - O başını tərpədərək  təsdiqlədi. Arvadı susmadı -  Yaz gəlib, qanı qaynayır, budu eyy, uşaqlar böyüyür, səssiz- səmirsiz adamlarıq, onlar da kimin nə yuvanın quşu olduğunu bilirlər, aparıb sabah qoyarıq uşaqları.  Bizimkilərin də əli əppəyə çatar. Yoxsa Almurada qoşulsaq qəşəng sözlər əzbərləyib, quru arpa çörəyi gəvələyəcəyik. Deyir, uşaqlarına oradan su içməyə qoymur. Deyir olmaz. Arvadı yazıq yekə bir  səhəng belində aşağıdakı bulağa gedir. Nə edək, camaat hamısı onlar verən suyu  içir. Hamı onda niyə ordan su içir? Hamının başı xarabdı? – Onun artıq yuxusu qaçmağa başlayırdı. Arvadı onun tamam ayıdığını görüb davam etdi – O gün görürəm ki, məhlədə çörək paylanır, hamı göürdü, onlardan başqa. Guya deyirmiş ki, olmaz. Nə axmaq adamdı, bu qədəəəər camaat  başına haranın daşını salsın. Çörəkdi də. Onlar da vallah yaxşı adamdılar, dalıyca yemək də gətirdilər.
-Bizə də verdilər?  - O alnını ovuşduraraq  sual verdi.
-Hə də, dedim axı sənə, əşşi o qədəəəəər yorğun olursan ki…. Qəşəng ət tikələri ilə  bişirmişdilər, elə gözəəəəəl dadıyırdı ki….- arvadı ə hərflərini uzadaraq ağzını marçıldatdı. O, Almuradın yeməyə - içməyə niyə etiraz etdiyini  düşünə - düşünə ayağa qalxdı. Arvadı ağzındakı tikəni birtəhər  udub:
-Hara gedirsəəəən? Bəs yatırdın? – onun dalınca qışqırdı. O  geriyə dönmədən:
- Gəlirəm – deyə cavab verdi. Özündən asılı olmadan  ayaqları onu zay Səftərin evinə doğru apardı. Kişilər toplanıb söhbətləşirdilər, az sonra Almurad da gəlib onlara qoşuldu.  Zay Səftər onları içəri çağırdı.
-Yüz dəfə demişəm, gələndə orada toplaşmayın, girin oturun, bəla axtarırsınız durduq yerdə. – yenə həmişəki kimi donquldandı. O keçən ildən bəri heç nəyin dəyişmədiyini, hətta Səftərin donqultusunun da eyni olduğuna təəccübləndi. Sanki hər şey təkrarlanır – deyə özü – özünə  pıçıldadı. Almurad oturan kimi Səftər hamıya çay süzməyə başladı. Almurad boğazını arıtlayıb sözə başladı:
- Suyun qabağını kəsdi, dinmədik, hər dəfə bir uşağımızı istədi verdik. Sonra  uşaqlrımız da  ona oxşamağa başladı. İndi nəhəng ordudular. Üzüyuxarı, çay boyunca getdikcə hər bənddə biri oturub. Bu il bizim bəndə təzəsi gəlib. Deyir ki, daha hər ailə bir uşaq verməlidi. Amma əvvəllər  ilə bir uşaq istəyərdi. Siz uşaqlarınızı verəcəksiniz?
-Ay Almurad, baxsan  bir  ovuc belə deyilik. Biz nağara bilərik o əjdahaya…Keçən ildə cavanlar qızışdılar, nouldu, hamısını apardılar izləri – tozları tapılmadı.
- Biz nəsə edə bilərik… – Almurad sərt şəkildə dilləndi.
- Aparıb uşaqlarımızı çörək yiyəsi edir də - Qulu sakit tövrlə dilləndi.
-Gələndə böyük oğlunu tanıya bildin? – Amurad  çay içdiyi stəkanı hirslə nəlbəkiyə qoydu.
-Hə düz deyirsən, dəyişmişdi, pullu dərisi var idi, gəlin deyirmiş ki quyruğu da var. Əşşi nə olsun, odu eyy gəlin də başına pərvanə kimi dolanır.Hər şeyi var. Adama day nə lazımdı, ev, eşik, pul var dövlət hamısı olandan sonra bax səndən soruşuram, nə lazımdı?
-Gəlin pullanmayıb hələ? – Xalis necə qəh- qəhə çəkdisə əlindəki stəkan titrədi.
- Bu gülməli deyil. Bu bəladır. Bəla, anlayırsınız? –Almurad xış sürməkdən qabar bağlamış əllərini yuxarı qaldırdı.
-Yaxşı sən deyəndi, durduq  dedik dəyişirik bu mizanı, sonra nə olacaq? Düzdür, dediklərin billahi düzdür, amma heç kim halından şikayətçi deyil axı… Hələ deyərdim məmnundu. Yox əgər bir şey olsa Allah da işə qarışar, tökər dağıdar…- Su üçün ediriksə, mən razı gedək suyu tələb edək çoxaltsınlar, qeyri işlər mənlik deyil, yuxum da gəlir….- O daha dözməyib söhbətə qarışdı.
- Belə olmamalıdı. Bax, deyir oğlum pullanıb, axırda dönüb olacaq əjdaha, insan  növü bilmərrə aradan  çıxacaq, ondan deyəcəklər babamız insan olub, hanı bəs o insan… Sənin dediyin məmnuniyyət  bu günlükdür. Tox qarınının rahatlığıdır. İk gün səni ac saxlasalar nə olacaq? Deməli, qarnındakılarla qərar verirsən… - Almuradin sözlərindən sonra ortalığa dərin bir sükut çökdü. Almurad  onların hamısını dərin baxışla süzərək  -Hə nə deyirsiniz? Nə edə bilərik? – Hər kəs susdu. O isə  artıq yuxunun vaxtının ötdüyünü düşünüb ayağa durdu. Onun ardınca hamı  oranı tərk etdi. Almurad  başını aşağı saldı.
                Dan yeri söküləndə O arvadının qışqırığına ayıldı. Yuxulu gözlərini  birtəhər ovuşdurub istədi qışqırsın ki, “Ay çər dəymiş, nolub yenə?” gördü ki, evə su dolur. Sıçrayıb yerindən qalxdı, İlahi, bu nə olan şeydi? – deyib çölə cumdu. Uşaqlar, arvadı və bütün qonum – qonşular  hündür yerə çıxıb çayın yatağından daşmasına baxırdılar. İllərdi çayıın qurumuş yatağında ev tikmiş adamların hamısının yurdu su altında qalmışdı. O  cəld arvadının yanına dırmaşaraq əli ilə nə baş verdiyini soruşdu. Arvadı:
-Allah Almuradın evini yıxsın, axırı yıxdı evimizi…. Ağrımayan başımıza dəsmal bağladı. Gedib gecə - gecə öldürüb onu… Deyirlər şişirdiblərmiş, əjdaha deyilmiş kərtənkələ imiş. Dedim bax  kərtənkələdi, yoxsa  əjdaha nəyinizə lazım idi? Var idi də hər şeyimiz…
Arvadı  danışır, danışır, O isə illərdi quruyan çayın gurultu ilə axmasına və bu il su üçün verəcəyi  kiçik oğlunun çayda  oynamasına tamaşa edirdi. Çay quruyandan sonra doğulanlar isə bu nəhəng gurultunu vahimə ilə izləyirdilər…

10.28.2018

Şəhər Adam


                                        

Əslində,  harada və necə oturmağımdan danışmalıydım. Ondan əvvəl də bura necə gəlməyimdən bəhs etməliydim. Amma izahat gözümdə dağ kimi ucaldıqca mən susurdum. Çünki hadisənin bütün aspektlərini işıqlandıra biləcəyimdən əmin deyildim. Fikrimcə, məni əmin olmamaqdan daha çox  yanlış anlaşılmaq narahat edirdi. İkinci nüans  tədricən mənim əsas stereotipimi formalaşdırıb. Mahir bir yalançıya qədər gediləcək bir yol cizdirib mənə. Amma həqiqətin pis üzü niyə qorxunc gəlib ki...Yox, hardansa başlamalıydım. Elə dayandığım yerdən.
          Qarşımda geniş bir dəhliz var idi. Bir uşaq üçtəkərli velosiped sürürdü. Velosiped o dar dəhlizdə özünə dairə cizir və dairə genişləndikcə velosiped sürən uşağın üzündəki ifadə sərtləşirdi. Əldə etdiyi imkanlar onun təbəssümünü deyil, qüdrətini artırırdı bəs-bəlli. Velosiped sürülürdü, dəhliz genişlənirdi. Sonra velosipedin üzərindəki uşaq böyüməyə başladı. Dəhliz də onunla paralel olaraq genişlənirdi. Mən yenə həminki yerimdə oturmuşdum. Çömbəlib oturduğum zamanın içindən nəhəng dəhliz keçirdi. Üçtəkər velosipedin bir təkəri mənim boyda idi. Təkərin arada ötəri dairə cizdiyi yerdən böyük bir şəhərə nəfəslik açılırdı. O nəfəslikdən nəhəng göydələnləri, geniş küçələri yerimdən durmadan belə görürdüm.Məftillərə asılmış plastik sellofanların yaşı minə yaxınlaşırdı. Küləyin boz üzü onları cırmaqlayıb naziltmişdi. Boz sərçələrin qara qarğalara uduzduğu məkana çıxan dəhlizdən, deyəsən, özüm də qalxıb getmək istəmirdim.
Dizlərim göyərirdi. Uşaq usanmadan velosipedini sürməkdə davam edirdi. Üçtəkər velosipedini görünməz bir əl ikitəkər etmişdi. Ayaqları uzanır, göydələnlər uzanır, isaq-musaq quşu “tapdın-tapmadım”binaların arasından səsləşirdilər.
Həyatımda çox işlər aşırmışdım, amma ilk dəfə uşaq qatillərinə haqq qazandırmaq istəyirdim. Məmnuniyyətlə dəhlizi genişlədirib o şəhərə lağım atan bu uşağı öldürərdim, öz bəraətimə də imza atardım. Amma yerimdən qalxa bilmirdim. Göyərən dizlərim artıq yerə kök atırdı. Ən qəribəsi isə mən bu kökatmadan zövq almağa başlamışdım. Ağrı iliklərimə qədər işləyir və həzdən gözlərim süzülürdü. Adəmin Yerə sürgünündən, Qabilin Habili öldürməsindən zövq alan birinə çevrilmişdim. Ağrı mənim zövq mənbəyim olmuşdu. Ağrılarım artdıqca velosiped sürən  uşağın üzü də kabuslaşırdı. Göydələnlərdən yerin tərkinə ip atan Məlikməmmədin qardaşları quyularda məhv olurdular. Şəhər canlı orqanizm kimi nəfəs alırdı. Mən isə hey kök atırdım.
O dəhlizdə nə qədər oturduğumu bilmirəm. Ümumiyyətlə, dəhlizin əvvəlindəmi,  sonundamı olduğumu belə bilmirdim. Bəlkə də məni buraya seçmişdilər. Bəlkə də min illik plastik sellofanlar kimi bu dəhlizə ilişdirilmiş sonuncu insan idim. Təsəvvürümə güldüm. İlahi, görəsən, Yer kürəsinin sonuncu Adəmi kim olacaq? Sonuncu insan... Şərəfdi, rəzalətdi, yoxsa 10 min illik tənhalıq....
Əlimi hərəkət etdirmək istədim. Gözlərimin bərabərinə gətirməyə çalışdım, suluqlanmış nəhəng barmaqlar gördüm. Uşaq yenə velosiped sürürdü. Gözlərim əllərimə sataşanda onun da üzü kölgələndi.
Nəzərlərimi  uşaqdan çəkib yenə düşüncələrimə daldım. Sonunda kimsə gələcəkdi də mənə hesab soruşmağa. Kiminsə dəhlizi olmalıdı bura. O qədər imkanlarım olub,qılıncımın dalı da, qabağı da kəsib, bircə dəfə ağlıma gəlməyib ki, belə bir dəhliz saldırım. Görəsən, edərdim? Hər halda belə dəhlizə sahib olmağı arzulasam da, bu velosiped sürən uşağı orada çətin istəyərdim.
Sonuncu hadisələr ötəri, uzaq bir ilğım kimi ağlımdan keçir. Nəhəng simpozium idi. Oraya kortejlə gedəcəkdik. Arvadım 3 aydan bəri komada idi. Onun ölümünün tez olması mənim üçün yaxşı avantaj idi. Lakin uşaqlarla münasibətlərimi pozmaq istəmirdim. Hər ay ona pul ayırır və müalicəsində etdiyim səyləri, demək olar ki, hər gün həkimlərin dili ilə onlara çatdırırdım. İllərdir ölü ailə statusunun, ölü, ya da komada olan qadının mənim üçün nələrsə ifadə etdiyini çətin deyə bilərdim.Ümumiyyətlə, ilk dəfədir ki, bu barədə düşünürəm.
Qəfildən velosiped sürən uşaq dəhlizin tam genişləməsindən istifadə edərək özünü şəhər istiqamətinə vurdu. Sanki dəhlizin divarları yox imiş, şəhər ovuc içi kimi qarşımızda açıldı. O an mənə “qalx” deyə əmr gəldi. Mənə deyildimi,yaxsa batini bir təlqinin hökmü iləmi uşağın ardınca qalxdım. Elə onda fərq etdim ki, bu dəhliz – özüməm. Köklü-köməcli qalxıb uşağın ardınca yollandım. Amma mən yeridikcə əlimdən-ayağımdanmı deyim, yoxsa köklərimdənmi, milyonlarla insan asıldığını fərq etdim.  Hey nələrsə deyir, zarıyır, qışqırır və mənə nəlsə çatdırmaq istəyirdilər. Mənsə nəhəng idim! O qədər böyümüş, yüksəlmişdim ki, bütün bu səs-küy mənə vızıltı kimi gəlirdi. Gözlərimin qarşısında nəhəng bir şəhər və velosipeddə  qarşımda şütüyən uşaq var idi. O, velosipedini at kimi  sağa-sola səyirtdikcə mən addımlarımı daha sürətlə atırdım. Hər addımdan şəhər silkələnirdi. Ayaqlarıma yapışanlar daha da çoxalır, sürətim zəifləyirdi. Lakin bu mənim şövqümü azaltmırdı. İstək, ehtiras şiddətlənirdi. Yenidən fikirlərimə qayıtdım. Dəhliz mənəm, yaxşı, bəs məni kim bu vəziyyətə qoyub. Dayandım. Əllərimi qaldıraraq yenə baxdım. Şəhərin göydələnlərindən birinin şüşələrində özümə nəzər saldım.  Bu görkəmimlə ancaq fəxr edə bilərdim. Başımda, saqqalımda insan qaynaşırdı. İlahi, onlar niyə bu qədər çoxdurlar? Niyə bu şəhərə səpələnmirlər, hamısı mənə dırmaşıblar? Cavab axtarmaqdan çəkinib yenə irəli baxdım. Şəhər kiçildikcə uşaq böyüyürdü.
Kortejdə iki eyni avtomobil gedirdi. Mən ikincidə idim. Bu məlumatı kim ötürmüşdü, görəsən onlara?  Böyük gurultu eşitdim. "Başçını vurdular..."-qulaqlarımda uzaq bir səda kimi qalıb bu sözlər. Sonra heç nə... Daha heç nə xatırlamırdım. Özümü ələ alıb ətrafda insan axtardım. Öz üzərimdən sallaşan çəlimsiz və zəif qara kütlədən fərqli insan görmək arzusu ilə əlimi günlük edib nəzərlərim yetdiyi yerə qədər baxdım. Heç bir yerdə bəşər nəzərə çarpmırdı. Elə mənim də insan axtarmağım gülünc idi. Çünki özüm qətiyyən hansısa varlığa bənzəmirdim. İnsan olduğumu kim demişdi? Velosipedli uşaq var qüvvəsi ilə məndən uzaqlaşmağa cəhd edirdi.Ayaqları yorulmadan hərəkət edir və üfüqə dikilmiş gözləri ümidlə parlayırdı.
“Qalx, get!” – əmrinə rəğmən dayandım. Yenə çömbəlib oturmağa cəhd etdim, amma bacarmadım. Əvvəldə belə oturduğumu zənn etmirəm, ola bilsin ki, mənə elə gəlib. Özünə etibarın qalmamağı budur da. Bu halımla “özüm” deyə nəyə və kimə xitab edəcəyimi də bilmirəm. Ümumiyyətlə, əgər düşünə bilirəmsə, o an hansı formada olmağımın nə əhəmiyyəti var? Öz yeni surətimi tanımağım, ona alışmağım nə qədər sürər? Bu an o qarşıdakı velosiped sürən uşaq mənəmsə, onda bu ağlasığmaz ölçülərdə böyümüş nəhəngin içindəki kimdir? Bu nəhəngi kim yaradıb?  Əgər mən yaratmışamsa...Axı mən yaradıcı deyiləm. Bu sual cavabsız qalır. Azad iradə. Bəli, insan azad iradəyə sahibdir və Yaradıcı yoxdur. Mən həmişə bu fikrin tərəfdarı olmuşam. Yaradıcı yoxdur! Yaradıcı yoxdur! Səsimə güc verərək bütün şəhərə hayqırdım. Şəhərin nəhəng göydələnləri səsimə əks-səda verib özümə qaytardı. O an öz yeni surətimi kəşf edəndən bəri ilk dəfə səs çıxartdığımın fərqinə vardım. Köklü-köməcli bir səs idi. Şəhəri səsimlə yoxlamışdım. Bom-boş imiş. Bəs bu şəhəri kim inşa edib? Axı bu göydələnlər özü buralarda peyda olmayıb ki... Yenə qaşqabağımı tökdüm. Yaradıcı. Kimsə mənə mesaj vermək istəyir, şifrəni çözmək istəyir. Şifrə ya o velosiped sürən uşaqdadır, ya da... İkinci ehtimalı düşünəndə tüklərim biz-biz oldu.
Addımlarımı sürətləndirməyə çalışdım. Lakin məndən sallaşan insan kütləsi buna imkan vermirdi. Onlardan qurtulmalı idim. Ayağımı yerə möhkəm çırpdım. Asfalta saysız-hesabsız çəlimsiz insan səpələndi.Onlar ölür, əzilir, tapdanır, amma yenə də mənə dırmaşmaqdan vaz keçmirdilər.Gözləri nə bu boş şəhəri, nə də bu gözəllikləri görürdü. Sadəcə olaraq, instiktləri mənə dırmaşmalı olduqlarını onlara təlqin edirdi. Bu təlqin genetik idi, ya sonradan qazanılmış  – orası mənə də naməlum idi. Axı kol-kos basmış bu nəhəng insanın üfunət dolu cismində  yaşamaq niyə onlara bu qədər xoş gələ bilərdi? Dilemma ola bilməzdi. Cavabı eşitməyə qorxurdum. Bu dəfə qorxum əmin olmadığımdan deyil, yanlış anlaşılmaq dərdimdən heç deyil, birbaşa qorxunun özündən qaynaqlanırdı. Bu qorxunu hiss edəndə dayandım. İbtidai duyğularım hərəkətə keçmişdi. Həqiqəti bilmək, şifrəni çözmək nəyimə lazım idi? Ümumiyyətlə,axı kimə lazımdır bu həqiqət? Bəlkə, öyrənmiş olsam, daha pis vəziyyətə qalacam? Suallar addımlarımın sayına paralel olaraq artırdı. Qorxunun təlqini ilə addımlarımı daha da sürətləndirirdim. Bəli, o uşağa çatmaq lazımdır. Mən kortejdəki sonuncu avtomobildə idim.Arvadım komada idi. Sonra gurultu eşidildi. Qan boğazımdan fışqırırdı. Onu sevirdim?  Arvadımı sevirdim? Yox, nə vaxtsa sevmişdim. Sevgi yaddaşımda sarı yonca çiçəklərinin aprel günəşinin altında nazlanması kimi ilişib qalıb. Onda arvadım gənc idi. Bəlkə də bu, yüz min qara tel öncə baş vermiş əhvalat olub. Sonra qadın ismi cəm şəkilçisi qəbul etdi. Cəm çəkilçisinə baxıb həzz növlərini uydurdum. Həzz  növlərini uydurduqca yonca çiçəkləri uzaqda ilğıma çevrilməyə başladı. Bu ilğımı, nədənsə, qarşımda şəhərin boş küçələrində velosipedinə usanmadan qüvvə qatan uşağı izləyərkən xatırlamışdım.
Sürəti daha da artırdım. Ayaqlarımdan başıma doğru tüstü qalxırdı. Diqqət edəndə gördüm ki həmin cılız insanlardan bir neçəsi oturduqları ayağıma od vurublar. Üsyan etmişdilər. Sistem özü işə düşdü. Saqqalımda toplaşanlar cəld müdaxilə etdilər. Əllərində silah və içki şüşələri həmin məntəqə istiqamətində yollandılar. Silah qorxutmaq, içki unutdurmaq üçün idi.Bunu onlara dediyimi xatırlayıram. İpləri əlində saxlamaq üçün can qayğısı çəkənə göz ağartmaq, çox sual verənə içki təklif etmək köhnənin adətidir. Şəhər bitirdi. Dayanıb azacıq nəfəsimi dərmək istədim. Velosipedli uşaq da dayandı.
       Heyyy, – deyə səsləndim,– heyyyy, balaca, sən kimsən? dayan!
Səsim ona çatdı, deyəsən. Döndü. Başında araqçın varmış. Ancaq indi görmüşdüm. Diqqətlə əyin-başını süzdüm. Köhnə arxalığı və qırmızı şalvarı vardı. Dönüb məni uzun-uzadı süzdü.
       Bura gəl! – Öz böyüklüyümdən istifadə etmək üçün amiranə tərzdə dilləndim.
O isə başını buladı.
– Bura gəl! Gəl, gör sənə nə verəcəm, – o nəhəng əlimi olmayan cibimə aparırmış kimi hərəkət etdim.
Kürəyini mənə çevirərək yenə üfüqə daldı. Uzaqdan o balaca canı ilə elə sirli və müəmmalı görünürdü ki, bir kəlməsinə bütün qüdrətimi, hakimiyyətimi verə bilərdim. Qəfil dönüb yenidən mənə sarı boylandı.
– Sən gəl! – Nəhayət, ilıq səsi ruhuma sığal çəkdi.
– Böyüklərin ayağına gəlinər. Sənə öyrətməyiblərmi? – Cümlə ağzımdan çıxmamış nə boyda risk etdiyimi anladım. Amma artıq gec idi. Reaksiyasını gözləməkdən başqa çarəm qalmadı.
       Əminsən? –Üzü soyuq ifadəyə bürünmüş halda soruşdu.
Əminlik...Bu mənim heç vaxt əmin olmadığım məsələlərdən biri olub. Nəyə əmin olmuşam ki indiyə kimi...Öz görkəmimə baxdım, boş şəhərə baxdım... halımı çözəcək tək əlac sahibinə baxdım və titrək səslə:“gəl”, – dedim.

Uşaq sakit halda bütün şəhəri nəzərdən keçirdi, sonra əlini günlük edib üfüqdə günəşi süzdü. Qəfildən at belinə sıçrayırmış kimi velosipedə mindi. O mənə tərəf gəldikcə bütün dünya canlandı, atlı olub arxasınca düşdü. Hər şey yerlə yeksan olurdu. Üfüq yerə gömülür, günəş dartılıb səmadan qoparaq aşağı enir, şəhərin göydələnləri yerə batırdı. Uşaq isə mənə tərəf gəldikcə nəhəngləşirdi. O artıq bayaqkı uşaq deyildi. Böyüdükcə böyüyürdü. Sanki arxasında dağılan dünyanın bütün qüdrəti ona yüklənirdi. Bədəni nəhəngləşir, nəhəngləşirdi.Həmin nəhəngin mənim yanıma çatmağı, bəlkə də, illər sürdü. Zaman o an mənim  açıla qalmış ağzımla heybət duyğumun arasındakı anda itmişdi. Həmin nəhəng mənimlə qarşı-qarşıya dayananda  sanki özümü güzgüdə gördüm.Artıq gec idi...

5.13.2017

İnqilab


Barmaqlarının arasında titrəyən siqaretə nəzər salaraq:
-Qadın azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik. – Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
   -Yazılarımızda demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi uzatdıqca kəsəcəklər.   – O  eynəklinin sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra  masadan qalxdı.  Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya doğru irəlilədi.
       Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında qursa da, yenə həyəcandan boğulurdu.
-Atan Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə salamsız atasının üzünə baxdı.
Atası şübhəli baxışlarla onu süzüb
- Bu vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
- Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox, amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək ayaqqabılarını az qala hirslə vızıldatdı
       Anası geniş süfrə açmışdı. O süfrənin başına keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb, arvadına him-cim etdi.
-Ay bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini  cümləyə çevrib oğluna dedi.
Elə onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə olub?
-Evlənmək istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş komandir kimi rahatladı.
-Bundan ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun kürəyinə əlini şapılldadıb
-Hə de görüm kimlərdəndir?
Oğlu
-Sənin yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi qoy qırağa. Qız kimlərdəndi?
Elə bu zaman süfrəyə  araqla yanaşı qədəhləri yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə olub mənə demirsiniz?
-O qız deyil.
- Kim qız deyil?
-O da.
-Dayan ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?- bağırtısı evi sirkələdi.
-Gəlindi, boşanıbbbb...
-Sən də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid deyir ki...
- Səmid nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa, mən onu sevirəm.
-El-camaat  nə deyər?
-Bəs Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.

   Səhər yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan kimi
-Ay bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi. Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-  böyük oğlan yanaşı evdə yaşayır. Qaz sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan  gənclərə doğru az qala qışqırdı. Onların heç bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən biri ayaq saxlayaraq
-  Onda o blankı yaz,  bizə zəng elə, gələk çəkək.-dedi.






5.06.2017

Qaloş



-İki manat ver heç olmasa...
Başını qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz bir qullab vurub:
-Hüska, sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini anladı.
-Oldu, onda mən gedim- ayağını sürüdü.
- Əl çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı yoxdu.
-İki manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca baxaraq yerə tüpürdü.
                ***
-Bir söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə sual verdi.
- Mənə 2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə bu haramdı?
- Hə, haramdı.
- Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub hirslə dedi.
- Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
- Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
- Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.- Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə fikir vermədən
- Onda iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə kitabı götürüb oxumağına davam etdi.
Bacısının yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı, yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq kitabın növbəti səhifəsini çevirdi.

***
-Qardaş, bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi. Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini qandalayaraq
-Narkotika üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.

İki saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-          Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-          Xeyr.
-          Daha aydın və sübutlu cavab olsa
-          Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca başımı götürüb gəlmişəm.
-          Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada olmusunuz?
-          Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə  verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar. Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.

***
-Svarka aparatını nahaq maşında qoyursan. –Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir  nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?  Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...

***
Səhər əlində isti su vedrəsi elə küçədə donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da  kəsmədi.  Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı. Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər. Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü. Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...








Sonuncu yuxu


Stansiyanın  tozluğunda oturdu. Çamadanı artıq göyərirdi. Saçları uzanıb ayaqlarına dolaşır, Siması zamanın əksinə gedirdi. Uzun gözlərini süzdürüb yenə dəmiryoluna baxdı. Sonuncu qatarın keçməsindən 7 il ötürdü. Bura  heç kəs gəlmirdi. Arada zülmətdə işıqlar oynayardı. O da özünü aldatmaq istəyəndə onlara baxardı.

Çamadan böyüyürdü. Göyərirdi. O isə hələ də gözləyirdi. Bütün ehtimalları xəyal etmişdi.Bir gün ağ atlı şahzadə gələcəkdi. Onu özündən alıb götürəcəkdi. Sonra yenə çamadanına baxıb bu xəyaldan daşınırdı. Tozunu təmizləyib, əzizləyib yenə qucağına alırdı. Başqa xəyal qururdu. Ayaqqabısını itirirdi. Onun ardınca gələrdi. Yenə anlayırdı ki, illərdi arxasınca sürüdüyü çamadanına görə heç ayaqqabılaarı da yoxdu.

Bir gün gurultuya ayıldı. Təzə bir qatar gəlmişdi. Nə vaxt gəlmişdi?...Yuxusuz gözlərini ovuşdurub baxdı. Yanılmırdı. Bu unudulmuş məkana kim təşrif buyura bilərdi?!...

Çamadanını unudub qatarın başına dolanmağa başladı. Ta  ucundan başına qədər gedib çıxdı. Gələn sərnişin kim idi? Ya da qatar sərnişinsiz gəlmişdi. Hələ heç nə ayırd etməmiş bir səs eşitdi.

-       Gəl mənimlə gedək
-       Sən kimsən?
-       Gələcək.
-       Gələ bilmərəm
-       Niyə? Əlini ver!
-       Mən keçmişəm.
-       Gələcəyə körpü ol
-       Ola bilmərəm
-       Niyə? Bu stansiya taleyin ola bilməz.
-       Taleyi dəyişdirmək qorxum var.
-       Tənhalığına son ver!
-       Qorxum tənhalığımdan çoxdur.
-       Qurtul ondan!
-       Özümdən necə qurtulum?
-       Gözlərini yum və xoşbəxt ol!
-       Gözlərimi açanda bəs?
-       Anı yaşa, o zamanı Allaha həvalə et.
-       Xoşbəxtlik hesabı ağır ödənilən paydır.
-       Hesabı başqalarına burax, əlini uzat mənə.
-       Çamadanım sənə ağır gələr.
-       Burax onu da...
-       Buraxa bilmərəm, o mənim taleyimdir.
-       Tale bizim əlimizdədir.
-       Əllərimi kəsiblər.
-       Ruhunu ver!
-       Bu tozlu stansiyada bircə mənə qalan odur.
-       Yol bizi gözləyir.
-       7 ildir mən də gözləyirəm.
-       Bütün gözləntilər səndən keçirsə...
-       Mənim çamadanım var, yükü yeri olan qatar isə heç gəlmədi...

Diksindi. Yuxuya gedibmiş. Ayılıb ətrafa baxdı. Stansiya bomboş idi. Uzaqdan günəşin qürubu görünürdü. Çamadanı göyərirdi. O da artıq ona qovuşurdu. Stansiyada nəhəng bir ağac var idi...


Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...