5.16.2015

BALIĞIN DİRİLDİYİ YER

Sən balığın dirildiyi ,
mən cəsarətin  öldüyü yerdəyəm!

Günəşi əllərinin üzərində hiss edəndə anladı ki,gün günortanı keçib. Səhra qarşısında nəhəng bir okean kimi görünürdü. Əslində qarşısındakı məkan dünənə qədər səhra deyildi. Nəhəng meqapolis olmuş bir şəhərin xarabalığı idi. Dünən bu şəhər çökmüşdü. Dəniz səhra olmuşdu. O səhradan gələn qum tufanı şəhəri bətnində gizləmişdi. Yolçu ayağının altındakı dünyadan xəbərsiz halda irəliləyirdi. Ona görüş yeri vermişdilər. Qolunda saatı, güman etdiyi zaman anlamı yox idi. Zaman nə idi ki? Bir kəpənəyə üç günlük ömrü bəlkə də yüz il gəlir. Bunu insan haradan bilsin. Bəlkə də, insanın ömrü kəpənəyə daha qısa gəlir.
Yolçu irəliləyirdi. Çantasını min illərdi dəyişmirdi.İçərisindən yeməklər  bitməzdi. Hər gün inancı qədər yeyərdi.İnanc! Yaddaşının korşalaşmış bucağında  bir körpə anasından ürəyinin nə boyda olduğunu soruşurdu. Anası "Yumruğun boyda" deyərdi. Bütün dünyanı qüvvəsi yetdiyi qədər ovcuna yerləşdirməyə çalışardı. Bircə kəpənək sığardı ora. Yumruğu boyda dünyada Tanrılıq davasına qalxanda, o məsum körpə yumruğundakı kəpənəklə yoxa çıxdı. İnancı qədər yeməyə başladı.İnancı qədər ruzi tapmağa başladı. Yaddaşının ən qaranlıq guşəsində nur kimi  oranı işıqlandıran Məryəmdən Zəkəriyyə meyvələri haradan aldığını soruşurdu. O da hər dəfə "Sən Allahın ruzi xəzinəsinə şübhəmi edirsən?!" deyə cavablayırdı. Bax, onda Zəkəriyyə udqunaraq irilənmiş gözləri ilə bu zəif qızcığaza baxırdı.İnancı qədər ruzi. Qulağında çınlayırdı mürşidlə müridinin dialoqu.
"Göyə ox atıb Allahı arayanmı, yoxsa yediyi ruzinin yarısını bölüb sabaha ruzi ehtiyatı görənmi daha inanclıdı?"-soruşdu mürşid tələbəsindən. Tələbə "Sabaha ruzisindən saxlayan"-deyə cavabladı . Mürşid gülümsəyərək" Allahın sabaha nə planladığından xəbərsiz insanın ruzi ehtiyatı gülünc deyilmi?! Halbuki göyə ox atan- içindəki şübhələrə cavab axtaran, ibadətini edib, dünyasını düşünən abiddən daha mömin deyilmi?!... "
Yolçu irəliləyirdi. Ayağındakı ayaqqabı, əynindəki paltar  zamanın əlindən və  gözündən uzaq idi. Tənhalığın ona geyindirdiyi ayrılıq paltarından O şikayətçi deyildi. Əyyubun səbrindən toxunmuşdu onun paltarı. Əzablarının müqabilində almışdı. Keçdiyi sınaqların və  ruhunun böyüklüyünə görə almışdı. Əlini uzatsa dünya hakimiyyəti ovcunda olardı. Ovcuna sığacaq qədər.Bir kəpənək kimi çırpınardı ovcunda o hakimiyyət.Lakin Yolçu zamanı tapmaq üçün irəliləyirdi.Zamana doğru. Çantasındakı ölü balığı üç dənizin qovuşduğu su axarına salıb diriləcəyi günə qədər gedəcəkdi.
Şəhərlər. Dənizlər.Yox idi. Dünya bu qədərmi böyük idi? Niyə yeriyib mənzil başına çata bilmirdi?! Bu sualı qəlbinin dərliyində özündən də gizlətmişdi. Qarşısındakı düşmən çox güclü idi. Zamanı tapa bilsəydi, o an o düşmən də yoxa çıxacaqdı. İnsanın içindəki zaman saatı. Və o zaman saatının kəfkirini hərəkətə gətirən nəfs. İnsanı əjdaha kimi udan o canavar Yolçunu zamanı tapmağa imkan vermirdi. Ta uzaqlardan eşidirdi Yunusun ayaq səslərini. Allahdan qaçırdı. Bağladığı əhdi pozub qaçırdı. Bir yazı lövhəsinin qarşısında duran ağbənizli bir qızcığazın qəlbindən dümağ bir inancı oğurlayırdı qaraqabaq müəllim. İstehza ilə "Bir balinanın insanı udması qeyri-mümkündü,çünki onların boğazı çox dardı.Bunu elm sübut edib". -söylədi.Qəlbi dümağ , inancı yumruğu boyda qızcığaz yumruqları ilə göz yaşlarını silərək "Mən bunu Cənnətdə Allahdan soruşacam"- dedi.
Yolçu əsasına söykənərək bir insan övladı axtardı. Qalmamışdı. Adəmdən sonra milyonların atdığı dünya ilə onun qarşısında bir pərdə var idi.  Pərdənin o tayındakı insan adlananlar bu tayda simasız və cansız idilər. İçlərini gəmirən dünya eşqindən sinələrində qəlb əvəzinə gəmirilmiş  qırıntılar var idi. Yolçunu bürüyən pərdənin o tayında  hərbi təyyarədən açılan atəş, o təyyarəni nəhəng bir kəpənək bilib qaçan uşaqları yerə sərdi. Biri əlini sinəsindən axan qana batırıb günəşin sarı işıqlarında baxdı. Ölümü anlamayacaq qədər məsum idi. Qanlı dodaqları ilə"Sizdən Allaha şikayət edəcəm"deyib gözlərini  səmanın al narıncı rənginə qarışan o nəhəng kəpənəyə dikdi.
Yoruldu. Oturub çantasını açdı. Bu günkü ruzisini çıxarıb yeməyə başladı. Qarnı tutana qədər yedi. Axırıncı yediyi nahardan mədəsində heç nə qalmadığına görə yedi. Nəhəng bir xaçı əlinə alan bir keşiş zamanın hansısa  tayından "Qisas, yürüş" deyə çığırırdı. İsanın torpağını xilas edəcəkdilər. Tribunadan çığıran o balacaboy "Mənim mübarizəm"- deyə çığıraraq İsanın qisasını insanlardan alacaqdı. Qarın davası gedirdi idealogiyaların tumanı altında.Əlini uzatsaydı əgər müqəddəs torpaq davası güdənlərlə müqəddəs insan uğrunda qan tökənlərin arasında zamanın nə qədər qısa olduğunu görərdi insanoğlu. Amma bir səlibçi döyüşçüsü kimi  qalxanını asmışdı insan zamanın qapısından. O zaman anlamı dünyagir insana məxsus idi. Yolçu ora necə daxil olsun ki?!...
Çantasını yığışdırıb ayağa qalxdı. Qulağına arabir adı uzaq bir qığılcım kimi gələrdi. Tez sönərdi o qığılcımlar.Harun sarayinda yata bilməyəndə dava etdi ki,sarayin damında qulağıma gələn tapıllıtılar məni qoymur yatmağa. Qalxıb sarayin damına baxdılar.Heç nə tapmayanda, Harun özü qalxdı. Eşitdiyi səsin arxasınca yollandı. Bir adam gördü. Soruşdu "Nə axtarirsan?" Dedi: "Dəvəmi axtariram." Harun dəvəsini axtaran adamı dəli bildi. "Sarayin damında dəvəmi olar, insan?" -deyə mat-məhəttəl sual etdi. Adam dönərək-"Pərqu yataqlarda, zəngin həyatında Allah necə olursa, sənin sarayının damında da dəvə də elə olur."
Yolçu irəliləyirdi yenə yorulmadan. Harun yastığa dirsəklənmişdi.Allahı zikr edib imanlı olduğunu zənn edirdi.
Bütün yolların Allaha apardığı yerdən məkandan üzüyuxarı zamansızlıqdan qurtulmaq üçün çırpınırdı. Nə vaxta kimi gedəcəkdi. Bir qığılcım bir işıq yandıran olaydı kaş. Yağmur duasına çıxmış kütlədən heç kəs çətir gətirmirsə, deməli, inancları qədərdi cəhdlərinin uğursuzluğu. Dizini atıb "Eşq, Ey Zamanın Məkanın sahibi"- deyə inildəyən könülün gönü o qədər qalın idi ki, dilindən qopub göylərə ucalan səsi heç öz ruhuna yetişmirdi.Ruhunun kar olduğu sədanın kiməsə çatacağından əmin olmayınca insan Yolçunun yolu uzanacaqdı.
Səhra bitdi. Qarşısında böyük vahə, ardınca dağ ucalırdı.Dərindən nəfəs alıb irəlilədi. Nə qədər çəkəcəkdi ora getməyi.Bir gün, iki gün yoxsa yüz il. İnancı qədər yol! İnancı qədər zaman alacaqdı tükənməz ömründən. Üzeyr peyğəmbər içindəki şübhənin qarmağına düşən kimi yüz il yatdı. Onun zaman saatının daşı çıxarıldı. Ayılanda o yüz ilin arxada qalmış yüz ildən fərqini anlamadı. Axı nə Günəş, nə də  Ay qocalmaz ki? Torpaq qırışmaz.Dağların dişi tökülməz. İnancı qədər zaman almaq.
Budur dağ. Zirvəsində idi. Qarşısında üç dəniz qovuşurdu. Qaçaraq sahilə doğru getdi.Əlini çantasına atdı. Balıq orda yox idi. Ağlını itirmiş halda çantanı eşələmyə başladı.O an anladı ki, min illərdi çiynində gəzdirdiyi çantanın ucu bucağı yox imiş. Dəhşətə gələrək çantanı bağlayaraq dizləri üstə çökdü.O əmanəti itirmişdi ,yoxsa inancında hansısa səhvə yol vermişdi? Əlləri ilə üzünü qapayaraq başını aşağı saldı.Düşüncələrə qərq oldu. Elə o an ayaq səsləri eşitdi.Əllərini üzündən çəkməyə qorxdu. Qorxdu ki, bu bir sərab olar. Yox həqiqətən addım səsləri yaxınlaşırdı.
Balığı suya atdı. Quyruğunu şapıldadaraq şəffaf suda dövrə vuran balıq bu iki şəxsə baxırdı.
Aralarında  dialoq başladı.
- Niyə balığı sən gətirdin?
- Sən ki, bunu bilirsən. Keçən dəfə görüşə balığı Xızıra Musa gətirmişdi.
- Çoxmu axtardın?
-On iki həvarimi tərk edəndən bəri.
- Səncə bu sondu?
- Gözləməliyik.
-Nə qədər?
Hər ikisi zülmətə bürünmüş dünyaya baxdı. Arabır ulduz kimi qığılçımlar səmanı aydınladırdı. Sonra isə axaraq zülmətin bətnində əriyirdilər. Yolçu qəfildən çiynində onun əlini hiss etdi. O, saqqalını sığalayaraq:
-Dünyanın bir tərəfində bir kəpənək qanad çalsa bilirsən nə olar. Bəlkə də bir kəpənək ömrü qədər, bəlkə də bir kəpənək cəhdi olana qədər gözləyəcəyik.
-  



Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...