3.29.2015

EVDƏN QAÇAN ƏHMƏD

Mən bədii əsər anlamı ilə 9-cu sinifdə C.Cabbarlının əsərləri ilə tanış olarkən rastlaşdım. İkinci addım
H.Cavid oldu. Daha sonra heç nə olmadı.Sovet dövründə yazılmış nəsr əsərlərini oxuyub zövq ala  bilmədim.Günahı atıb Sovet hökumətinin boynuna ,başladım dünya ədəbiyyatı oxumağa. Ta bu günə kimi. Ülviyyə Tahiri bir yazar kimi kəşf edənə kimi.Hə müəllif yazır,həm də ruhları sirkələyəcək qədər güclü yazır.Bu yazımla bu yazılar  haqqında fikirlərimi bölüşəcəm.Ola bilsin bu fikirlər bir az dağınıq bir az səliqəsiz olsun amma bu məni yazmaq fikrini daşındıra bilmədi. Ülviyyə Tahir fəlsəfi hekayələr yazır. Həyatın içindən fəlsəfi yazılar yazır.
Məsələn "Şeytanın missiyası". Onsuzda pisliklərlə dolu olan bu dünyada hər kəsin missiyası var,onda niyə də şeytanın əməlklərinin də adı olmasın.Müəllif bu adı ona hekayəsində verib.
"Üzü Cəhənnəmə"romanı!İstər keçmiş ,istərsədə indiki zamanda olsun millətimizin başı daim bəlada olub.Yəni üzümüz daim cəhənnəm istiqamətində olub.Bu boyda həngamənin içində Əsgər və dostları üzlərini cənnətə çevirməyi bacarırlar.Onlar bu dünyadakı cənnəti müharibə adlı cəhənnəmdən üstün tutmamışdılar.R.Babalı yazısında bu əsərin sonunu şərh edəndə qəhrəmanların aqibətinin bilinməməsiindən şikayətlənmişdi. Qardaşım, o vaxt bütün xalqın aqibəti məlum deyildi...
Əslində romanın sonu tam məntiqə uyğun bir sonluq idi.
Eyni sözləri "Girov"povesti haqqında da demək olar.Kimsə bu gənclərə deməlidir ki,əl çəkin bu ağ ölümdən."Girov"povestində başqa diqqət çəkən məsələ isə ermənin topunun dağıda bilmədiyi ,lakin kimlərinsə bir işarəsi ilə dağıdılması mümkün olan ocaqlar var.Bu povestdə müəllif sosial  mesaj verir.İndiki əhmədlər qapını çırpıb gedəndə aqibəti belə olur.Ağlınız 60-ci illərdəki əhmədlərə getməsin.Diqqətli olun,balalarınız köpək balıqlarına yem olmasın.
                Bir sözlə Ülviyyə Tahirin əsərlərini oxuyanda müəllifin azərbaycanlı olduğuna  inanmaq çətin oldu.Yeri gəlmişkən C.Məmmədquluzadə də azərbaycanlıdır.Əsərləri sanki bu gün üçün yazılıb.Əsrin sonlarında Ülviyyə Tahiri oxuyub eyni bu sözləri deyənlər çox olacaq. bu əsərlər bu gün üçün yazılıb 100  il öncə...


          GDU Psixologiya fakultəsinin ikinci kurs tələbəsi Fazilə  Məmmədova

3.07.2015

ZONTİK ƏLİ

                                  
Əvvəllər ona Əli deyərdilər.Sadəcə Əli. Yaşı irəlilədikcə bütün əlilərin adının qarşısında bir
ayamanın olduğunu görürdü:qaz Əli, oğru Əli,şikəst Əli. qoçu Əli, alkaş Əli.Ürəyində daim heç kəsə söyləmədiyi bir qorxusu var idi. Görəsən, ona da ayama qoşmayıblar?
            Universitetə qəbul olunandan sonra dəhlizdə ayaqlarını aralı qoyub gedən gələn qızları  yanpörtü süzən gənclərə də adını belə ürkəkcəsinə söyləmişdi. Amma heç kəs onun bu ürkəkliyinə fikir verməmişdi. Dərslərdə daim arxa partalarda oturan və hər kəsə bir qulp qoyan qrup yoldaşlarını gizlincə dinləyərdi. Yox ,heç kəs ona ayama qoşmamışdı.Universitet bitdi, özünə iş axtarmağa başladı. Kimi var idi ki, bir qoca anası və birdə evdə qız qarımış bacısından başqa. Hər kəsi kimlərsə irəli çəkirdi. Kiminin dayısı var idi, kiminin əmisi. Kiminin yaxşı bir qayınanası. Şəhər ona canavar təsiri bağışlayırdı.Bu şəhərdə hər kəs udur, hər kəs həzm edirdi. Kim güclu idi, onun triufmu olurdu. Yerdə qalan törtöküntülərlə isə ətrafda sülənən goreşənlər qidalanırdı. Əli kimi zəiflər isə nəinki o güclülərin, heç goreşənlərin artığına da ortaq ola bilməzdilər. Şəhər bir canli kimi nəfəs alırdı, qidalanırdı və mədəsində Əli kimi kimsəsizləri əridirdi.
            Əli əlini dünyadan, dünyanın içindəki bu şəhərdən, bu şəhərdəki bu köhnə evin nəmli divarlarından, siçanların belə yolunu salmadığı boş soyuducudan üzəndə  kirayə qaldığı otağın taxtaları aralı qapısı döyüldü.Evdə bir atımlıq quru çayı yox ikən, hansı Allah bəndəsi döymüşdü onun gözdən uzaq, könüldən iraq qapısını. Qapını açanda gözləri böyüdü.Qarşısında  təhsil aldıqları 4 il ərzində ona bircə quru salamı belə qıymayan Əyyub dayanmışdı. Onu necə tapmışdı - bu sualı Əyyub gedəndən sonra özünə verəcəkdi. İndi isə məhəttəl halda Əyyubu süzdü. Bəlkə də beş dəqiqə bir-birlərinə baxdılar. İkisi də naqolay mövqeydə idi. Əyyub bu kasıb məhlədə özünü yad kimi,Əli özünü Əyyubun qarşısında əzilmiş kimi hiss edirdi. Nəhayət sükut  pozuldu.Əyyub:
-Əəə,etibarsız, universitet i bitirəndən haralardasan?-deyə  saxta bir səslə dilləndi.
Əli ondan birbaşa nə üçün gəldiyini soruşmaq istədi. Eyni kinolardakı qəhrəmanlar kimi ona meydan oxumaq istədi, amma nəyə görəsə cəsarəti çatmadı. Qırıq bir səslə:
-Xoşşş gəmisən. Gəlsənə içəri- söyləyib bayaqdan söykəndiyi taxta qapını azca araladı. Əyyub yetik nəzərlərlə qapının aralı yerindən otağı nəzərdən keçirib:
-Yox ey, qaqa. Səninlə əla bir iş görmək istəyirik. Dur gedək, səni full bir yerə aparacam. Neçə ildi görüşmürük, bunu bir balaca qeyd edək .- dedi və ardınca əlavə etdi-Aşağıda qara Porşedə səni gözləyirəm. Geyin gəl!
Əyyub gəldiyi kimi bir anda yox oldu. Əli  O gedəndən sonra da uzun-uzadı taxta qapıya söykənib dayandı. Nə qədər dayandığını fərq etmədi. Özünə yalnız bu sualı verirdi:"Hansı dərədə qurd ölüb ki,Əyyub kimi şişka onu axtarır?" Ağlına heç bir şey gəlmədi. Sakitcə qapıdan aralanıb özünə bayaq Əyyubun xüsusi tələffüzlə söylədiyi maşın markasına ən azı bir kilometr yaxın düşə biləcək paltarlar axtarmağa başladı.
            Palçıqlı küçənin fonunda qara Porşe lilə düşmüş mirvari tək görünürdü. Bütün şüşələri qapqara olan Porşe ona heç vaxt reallaşmayacaq bir arzu kimi göründü. Elə maşına yaxınlaşırdı ki, qəfil sol tərəfdəki şüşə endi və Əyyubun özündən razı  sifətinin heç uyuşmadiği yaltaq səsi ona içəri buyur etdi.
-Maşının da palçıq olub- bu cümlə ağzından çıxan kimi özünə nifrət etdi. Niyə qururdu? Məqsədi nə idi? Bu əzikliyini mütləq ifadə etməli idi?!-ürəyində öz-özünə söydü.
- Əybü yoxdu. Keçən həftə "Tuareq"-i əzik-üzük etdim. Bu guya təzədi.-Əyyub lovğa bir əda ilə maşının sükanını döyəcləyib davam etdi- Universiteti  bitirəndən səni görməmişəm.Dedim bir baş çəkim görüm neynirsən.
 Əli 4 ildə onun halını belə xəbər almayan qrup yoldaşına köndələn bir cümlə cavab vermək istədisə də, "Porşe"-nin təmiz ayaqaltısını lilə bulamış ayaqqabılarını süzüb susdu.Əyyub onun sükutunu gözləmə mövqeyi kimi  qiymətləndirib davam etdi:
-Eşitdim qəzetdə fotoqraflıq edirsən. O boyda yeri bitirmisən ki, gedib kiminsə şiklini çəkəsən?
- Mən işimi sevirəm-Əli Əyyubun lağ tökülən cümləsinə qısaca cavab verdi.
-Day mənə də yox də.Heç kim 150 manat maaşla yaşayıb, "mən xoşbəxtəm "cümləsini qurmaz. Həyatdı bir də gördün atdın tilovu qarmağa qızıl balıq gəldi.
- Mənim qarmağıma 28 ildi qurbağa düşür. Onu da ha öpürəm, şahzadəyə çevrilmir.-Əli özünü bu naqolay vəziyyətdən çıxarmaq üçün zarafat etdi.
Əyyub aralarındakı buzun belə əriməyindən istifadə edib:
- Burdan bir az aralı əla balıq yeri var. Gedək görüşməyimizi orda qeyd edək. Hə nə deyirsən?
Əli çiyinlərini çəkdi və son beş ildə balıq yemədiyini xatırladı.
Bir saat sonra onlar Əyyubun dediyi restoranda balıq yeyib, bahalı bir içkini qurtumlayırdılar. Əli bütün bunları xoş bir yuxu hesab edirdi. İçkinin təsiri ilə:
Mən tilovumu hara atım ki,qızıl balıq gəlsin?- gülərək Əyyubun çiyninə vurdu. Əyyub onun əlini çiynindən götürüb stolun üstünə qoydu və
-Qızıl balığı bu gün mən sənə gətirmişəm.-cavabladı.
- Sən Poseydon olacaqsan mənim üçün?-Əli özünü saxlaya bilməyib qəhqəhə çəkdi.
- Amma bilirsən Tanrılar qurban istər.-Əyyub onun bu qəhqəhəsinin müqabilində ilan soyuqluğu ilə dilləndi.
-Nə qurban?-Əlinin bayaqkı qəhqəsinə zidd karıxmış səsi Əyyubun diqqətindən yayınmadı.
- Bir xanım var. Onunla evlənəcəksən.Tanrılar da səni mükafatlandıracaq.
- Xeyir olsun niyə mən?-Əli sağ əlindəki çəngəli boşqabına qoyaraq oturduğu stula yayxandı.Əyyub onun bu halını sakit bir tövrlə süzərək qəfil söhbətin mövzusunu 180 dərəcə dəyişərək-Sənə fotoqraf Əli deyirlər eləmi?-Cümlə bir anda ildırım kimi Əlini vurdu. Ayama lənətə gəlmiş ayama. Deməli var imiş. Özü də nə: fotoqraf. O boyda universitet bitir, fotoqraf ol.Yayxandığı stuldan qopub çiyinləri sallaq halda Əyyuba baxdı.Əyyub onun gözlərinin bomboş baxmağından istədiyi reaksiyanı alıb:
-Evin olacaq,bahalı maşınların, əla işin. Anan da xəstə qadındı.Ən yaxşı xəstəxanlarda müalicə alacaq.
-Tanrıların istədiyi qurban nədir bəs?-Əli ona bahalı restoranda qonaqlıq verən Əyyubun Poseydon  qüdrətini yavaş-yavaş dərk edir və boşqabındakı qızıl balığı, süfrədəki indiyə kimi  dadını bilmədiyi qara kürünü dənizin dərinliyindən gətirdiyini bir anlıq təsəvvür etdi. Sonra bu təsəvvür dumanı sürətlə dağıldı. Gözlərinin qarşısında uzaq kənddə belini şalla sarımış, daim revmatizmalarından sızldayan anasının xəyalı canlandı. Yetimçilikdən heç başları ayılmamışdı.İndi onunla qarşı-qarşıya oturan Əyyubun bunları yaşama ehtimalı olmasa da, bütün olmuş və keçmişindən xəbərdar olduğu açıq-aydın idi.
Restoranı tərk edəndə qaranlıq çökürdü. Şəhərin işıqlıarı ulduz kimi parlayırdı. Əyyub onu palçıqlı küçəyə düşürdüb gedəndə lakonik bir cümlə qurdu:
-Sükut!
Əyyub ona düşünmək üçün üç gün vaxt verib qara maşını ilə küçənin zülmətində əridi. Əli dolu mədəsinin verdiyi süstlük ilə yoxsul evinə döndü. Həmişə qəlbində bu evi Qavroşun fil evi adlandırardı. Burada hər kəsdən bəzən özündən qaçıb gizlənə bilirdi.İndi gəldiyi restoranının ab-havası yanında ev ona o qədər iyrənc gəldi ki, heç hara baxmadan birbaşa yatmağa yollandı. Əyyubun təklifi isə xəyalında parlaq bir daş kimi bərq vururdu. Lakin qəlbinin bir küncündə nə isə bir şey ona xəbərdarlıq edirdi.Bu xəbərdarlığı qulaqardına vurub şirin yuxuya getdi.
Səhər yuxudan ayılanda dünən gecəni yuxu,Əyyubu bir anlıq ilğım zənn etdi. Sonra yavaş-yavaş fikrini toplayıb özünə gəldi.Yerindən qalxıb elə otağın içində yerləşən əl-üz yuiyandan üzünə su vurdu.Soyuducunu açmadan elə stolun üstündəki suxarını gəvələdi.Nə edəcəkdi?Pulu bitmişdi.Kirayəni ödəməli idi. Bir dəfə orurub hesablamışdı ki,aldığı maaşla Bakı kimi milyonçular şəhərində ev almaq üçün 220 il lazımdı. Damağını yaralayan suxarını elə döşəməyə tüpürüb Əyyuba zəng vurdu. Bütün şərtləri qəbul etdiyini söylədi.
            Nəhəng toy oldu. Hər kəsin qibtə duyduğu bəy gəlin oldular.Anası onu bəxtəvər bir ulduz altında dünyaya gətirdiyinı söyləyir ,heç vaxt onu axtarmayan qohumları isə  onun haqqında  əvəzolunmaz insan kimi  bol-bol danışdılar. Ağ gəlinliyin içində qu quşu kimi görünən xanımı isə elə ilk gün ona yerini göstərdi.   
            On il sükut etdi. Qazandıqlarının sayı-hesabı olmadı. Məşhurluq, tanınmış ailə məmur bir xanımın həyat yoldaşı. Elit məclislər,içilən bahalı içkilər, sürülən bahalı maşınlar. İdeal bir ailə portreti yaratmağa nail olmuşdular.Poseydon Əyyub onu kifayət qədər mükafatlandırdı. Bir sükutun müqabilində anası daha xəstələnmədi. Hər şey çox gözəl davam edirdi. Lakin bütün bu sükutun kulisində yatmış bir vulkan var idi. Bu vulkandan  heç biri sığortalanmamışdı.Bir dəfə içib onu möhkəm döydü.Arvadını-yataq otağı ondan ayrı tamam başqa bir aləmdə yaşayan özgə qadını döydü. Səhər tufan qopdu. İlk dalğa arvadından gəldi. Onun on il öncə gəldiyi və astanada soyunub yerə tökdüyü paltarları zalın ortasına tökdü. Həmin palçıqlı ayaqqabı idi. Həmin dama-dama köynək və sürtülüb ağarmış cins şalvar idi. Ona məzlum-məzlum baxırdılar. Özünü bir anlıq balalarını yetimxanaya atıb keflə məşğul olan qadın kimi hiss etdi. Ona keçmişini xatırlatdılar.Evi tərk edib getdi. Əslində zalın ortasına atılmış keçmiş kimliyindən qaçdı.
            Axşama kimi "Bəlkə, gedim üzr istəyim, hər şey ötsün, keçsin" fikri ilə çırpındı.  Ümumi ab-havanı öyrənmək üçün ofisə yollandı. Binaya daxil olub liftə mindi. Gedəcəyi mərtəbənin sayına əl uzatmaq istəyəndə bir qadın və bir kişi özlərini liftə çatdırdılar. Kişi Əlidən öncə on yeddinci mərtəbəni işarə edən  sensor düyməyə toxundu. Bir saniyə keçmədi kişi ilə qadının arasında qəribə bir dialoq başladı.
-Səncə indi yerində olar?-Qadın ümidsiz səslə dilləndi.
-Görək.-Kişi cavab verdi.
-Ona niyə zontik Əli deyirlər?-Qadın sual verəndə, kişi Əlini şübhə ilə süzərək qadına
-Azz nə bilim-  deyə acıqlandı.
Dialoq bitdi. Onlar on yeddinci mərtəbədə düşüb getdilər. Əli liftdə qaldı. Lift ən azı on dəfə mərtəbələr arasında gedib gəldi. Əli küncə sıxılıb ona yapışan ayamasını nifrətlə  düşünərkən zamanın necə keçdiyini fərq etmədi. Gecəyarı binadan çıxmaq istəyəndə mühafizəçi ona nələrsə dedi. Qulaqlarında Əli müəllim xitabları hey zontik Əli  sözü əvəzlənirdi. Maşına minəndə selləmə yaz yağışı başladı. Birbaşa maşını evə sürdü. Zala girəndə paltarlarının hələ də orda olduğunu gördü. Yaxınlaşıb naftalin iyi verən o paltarları qucaqladı. Sonra sürətlə əynindəki brend paltarları soyunmağa başladı.
Qapını açıb həyətə çıxdı. Yağış daha şiddətlənmişdi. Köhnə ayaqqabıları bu on ildə piylənmiş ayaqlarına dar gəlirdi.Asta addımlarla yağışın qoynuna girdi. Elə bu zaman evdən qaçaraq çıxan Gülzar -evin qulluqçusu ona çətiri uzatdı
-Əli bəy, çətiri götürün yağış sizi isladacaq.
Əli üzündən saflıq yağan bu qızı şəfqətlə süzərək uzaqlaşdı. Əlindəki çətirlə onun arxasınca baxan Gülzarın göz yaşlarını, O, fərq etmədi.
On gün sonra Əyyub onu qul bazarında tapdı. Əyyub  onun əlindəki pendir çörəyi iştahla yediyini  və üzündəki xoşbəxtliyi görəndə maşına minib oradan uzaqlaşdı.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...