1.29.2015

MİLLİ XƏSTƏLİK

               
 İstər çar Rusiyası dövründə, istərsə Sovet illərində  xaricdən gələn hər hansı bir şəxs ya da nəsnə yüksək qiymətləndirilib. Sovet illərindən piştaxta altından satılan mallar daha baha və daha keyfiyyətli hesab olunurdu. 1990-ci ildən dünyaya inteqrasiya baş tutandan bəri bizim milli xəstəliyimiz-əcnəbi vurğunluğumuz daha bariz şəkildə özünü büruzə verdi. Lakin bu yalnız satın aldığımız mallarla məhdudlaşmadı. Bu bizim şüurumuza, qanımıza hopmağa başladı.Artıq bu millətimizi xor görməyə, mədəniyyətimizi aşağılamaqla nəticələndi.Məsələn adi bir məsələdə "Avropa, Avropa" deyib çığıranlar "Bu Avropada belə deyil" deyə şüarlar yağdırırlar. Ya da .... İkinci ya da nı isə sosial şəbəkələrdə Azərbaycan yazarlarına yuxarıdan aşağı baxan gəncliyi misal göstərə bilərəm. Onlar dünyanın ən sıxıcı və maraqsız romanını oxuyub min cürə tərif yağdıra bilərlər, çünki o kitabın cildinin üstündə hansısa  Cekin adı ya Bilin adı qeyd olunub. Məsələ bununla məhdudlaşsaydı dərd yarı idi. İndi də tarixə hücum çəkiblər. Dünya tarixinin ən təəssübkeş milləti ilə-ermənilərlə qonşuluqda yaşamağımıza, illərlə bir süfrədə çörək yeməyimizə baxmayaraq biz ermənidən təəssübkeşliyi öyrənə bilmədik. O təəssübkeşlik ki,erməni it ilində yaşamış cırtdan qəhrəmanına sahib çıxarkən biz Babək kimi igidi baltalamağa hazırıq. Biz özümüz niyə bu qədər sevmirik? Niyə özümüzə qarşı bu qədər saymazıq? Bunu kökü nədən qaynaqlanır? Niyə özümüzü bu qədər başqaları üçün öldürürük?
Tələbəlik illərində A.Dümanın Azərbaycan xatirələrini oxuyurdum. Orada bir epizod diqqətimi cəlb etdi. Deməli Düma qonaq olduğu yerdə ona çox gözəl bir süfrə açılır. Düma yeyib-içəndən sonra çadırdan çıxır .Görür ki, çadırın qarşısında balaca bir uşaq ağlayır. Onun ağlamağı ilə maraqlanan Düma əvvəlcə səbəbi öyrənə bilmir. Sonradan məlum olur ki, bütün bişirdiyini qonağın qabağına qoyan valideyn uşağını ac buraxlıb. Düma "Əgər bir millət öz övladını ac buraxaraq əcnəbini yedizdirirsə, bu millətin axırı yoxdur"deyə qeyd edir.

1.18.2015

EMALATXANA

                                                        Emalatxana
                - Xəstənin vəziyyəti pis deyil,amma körpənin vəziyyəti kafidir. Deyəsən vurmusunuz,qarnında iz var.- Həkim eynəyinin altından onu etinasız halda süzdü.

                 -Mən Əfqanıstan veteranıyam. Əgər məni bununla şantaj etsəniz, qaynar xəttə zəng vurub hamınızı tutduracam.
 Həkim onun bu sözlərindən sonra üzünü döndərib getdi. İki saat sonra ona balaca bir yeşik verdilər. Əllərində qalan barmaqlarla qorxa-qorxa kağızı araladı. Çəhrayı büzüşmüş bir varlıq gözləri qapalı halda yeşiyin küncünə atılmışdı. Tibb bacısı ətrafa boylanaraq:
 - Bu həkimlərin beli qırılsın. Azca pul verin, küməsə qoyulsun. Yaşayar, bəlkə də, yaşayar. Yeddi aylıqdı.Oğlandı, hayıfdı.-dodaqları əsə-əsə pıçıldadı.
 - Bəlkəni əkiblər göyərməyib. Ölür ki, bu. Qəpik də verən deyiləm. Cəhənnəm olsun!-deyib yeşiyi qamarlayıb özü ilə götürdü. Gətirib yan oturacağın ayaqaltısına itələyib köhnə maşınına gücü gəldikcə qaz verdi. Maşın ac qurd kimi ulayıb xəstəxanın həyətini tərk etdi. Yol getdikcə dodağının altında özündən asılı olmadan:
 - Mənim nəyimə lazım idi?! Nəyimə lazım idi 56 yaşımda?! Bu nə qələt idi etdim?! Nəyimə lazım idi?! Nəyimə...?!- azı əlli dəfə pıçıldadı. Birdən ona elə gəldi ki, yeşik hərəkət etdi. Qəfil ayağını əyləcə necə basdısa bayaqdan zorla gedən maşın  özünu ürəyi getmiş insan kimi asfalta çırpdı. Bu maşını alandan bəri ilk dəfə olaraq  qapısını çırparaq içindən çıxdı. Bir siqaret yandırıb oktyabrın soyuq havasını ciyərlərinə çəkdi. Nələr görmüşdü bu 57 ildə. İşlədiyi emalatxanalarda qoyduğu barmaqlarının sayı beş olmuşdu. İndi sağ əlində qalan üç barmaqla siqareti tutarkən maşındakı yeşiyi unuda bilmirdi. Ondan qorxduğunu özünə etiraf etməyə qorxurdu. Ona elə gəlirdi ki, bu an ordakı uşaq qalxacaq, dünya boyda olacaq. Onun qarşısında hesab soruşacaq. " Bütün günahlarım qarşıma belə çıxdı. Bükülü, bağlama şəklində. Həyat olmadı, qardaş, olmadı mənim ki, kindersürpriz oldu. Hamı arvadını döyür də. Bircə mənimki vuran kimi uşağını saldı. Hamı qızını döyür də. Bircə mən vuran kimi, bütün Rusiya qarşıma çıxdı. Mən nə deyirdim?! Deyirdim ki, namuslu ol! Qoltuğuma verdilər namusumu, deportasiya etdilər. Mənim nəyimə lazım idi?! Mənim nəyimə lazım idi?!"- donquldana-donquldana maşının ətrafında dörd dolanmağa başladı. Sonra qəfil özünə gəldi. Siqareti yerə vızıldatdı. Son cəsarətini toplayıb maşına oturdu. Nə qədər çalışdısa maşın işə düşmədi. Kürəyini oturacağa söykəyərək dərindən nəfəs aldı. Gözücü yeşiyə tərəf baxaraq tərpəndiyini bu dəfə dəqiq hiss etdi. Yadına atasının Alabaşın balaca küçüklərini azdırmağa aparmasını xatırladı. Onda Alabaş başa düşmüşdü. Hey zingildəyirdi. Gözü açılmamış balaları isə yeşikdə idi. Onda atası onların hamsını suya atmışdı. Öz düşündüyündən özünün əti ürpəşdi. Anladı ki, bu yeşiyi gözlərinin qarşısında saxladıqca vahimə onu basacaq. Cəld yerindən qalxıb yeşiyə tərəf əyildi. İçinə baxmamağa cəhd edərək onu götürüb maşından çıxdı və onu gözlərini az qala yumaraq yük yerinə atdı. Sanki bir az yüngülləşmiş kimi maşını yenidən işə salmağa cəhd etdi. Maşın vərəmli xəstə kimi bir iki xırıldayıb işə düşdü. Başqa vaxt yollarda müştəri güdən gözləri  bu dəfə maşını saxlamağa cəhd edən əlləri belə görmədi. Birbaşa həyətə sürdü. Maşını düz emalatxananın  qarşısında saxlayıb yük yerini açdı. Titrəyə-titrəyə yeşiyi götürüb düz emalatxanın ortasına apardı. Hara qoyacağını anışdıra bilməyib gah stolun, gah da rəfin üstünə qoydu. Son qərar olaraq rəfin üst hisəsinə itələyib arxasına baxmadan az qala oradan qaçdı. Əllərini əl-üz yuyanda yuyarkən ona elə gəlirdi ki, kimisə öldürüb. Əlləri qanlıdı, ha yusa getməyəcək . Evə girəndə anası suaedici nəzərlərlə onu süzdü.Özündən asılı olmadan:
 - Nə baxırsan? Döydüm. rahat oldun? Ölmüşdü az qala. Qoltuğuma verdilər əkdiyimi. 90-a çatdın düzəlmədin.Ax,axxxx.-zarımağa başladı.
 -Nolub ay bala. Dədən o qədər döyüb ki, məni. Olan şeydi. Heç fikir eləmə! Allah o biri balalarını qorusun. Olmasın bu soxulcandan uşağın. Böyük iş olacaq- anası yenə o nifrət etdiyi ironiya ilə sözləri sıraya düzüb cümlə qurduqca qulaqlarını tixayıb kar olmaq istəyirdi. Anasını danışa-danışa qoyub yataq otağına keçdi. Gücsüz halda çarpayıya sərilib hər şeyi bir anda unutmaq istədi. Bu kəndi, yiyəsiz hesab edib gənc yaşında özünə təslim etdiyi o yaşıl gözlü sısqa gəlini, indi əli yetmədiyi o ailəsini-qızını, oğlunu, hətta bir zamanlar dəli kimi sevdiyi o vəfasız arvadını belə unutmaq istədi. Yenidən körpə kimi tərtəmiz doğulmaq, yenidən yaşamaq arzusu keçdi qəlbindən. Qarmaqarışıq fikirlərlə nə vaxt göz qapaqlarının ağırlaşdığını, yuxuya getdiyinin fərqində olmadı. Yuxuda özünü nəhəng bir emalatxanada gördü. Lakin bu emalatxanada nə taxta yonurdular, nə də şüşə düzəldirdilər. Burada milyonlarla insan uşaq düzəldirdi. Hər şey sürətlə cərəyan edirdi. Balaca fiqurları yonub düzəldir,insan halına salmağa çalışırdılar. Alınmayanda sobaya atılan fiqurları gördü. Qışıqırıb ayılanda pəncərəyə qaranlıq çökdüyünü, gecənin düşdüyünü gördü. Bir anlıq bu gün nələrin baş verdiyini xatırlayıb durmaq fikrindən vaz keçdi. Yenidən başını yastığa atıb yuxuya getdi. Bu dəfə səhər açılana qədər yatdı.
                 Səhər malı-qoyunu yerbəyer edib tövlədən dönəndə uzun-uzadı emalatxananın qapısını süzdü. Anladı ki, ora girməyə cəsarəti yoxdu. Birbaşa evə dönüb elə çay fincanını əlinə alırdı ki, qayınanası ilə arvadının darvazadan içəri girdiyini gördü. Fincanı stola qoyub bir siqaret yandırdı. Özünü hesabata hazırladı. Onlar içəri girən kimi:
 -Mənlik deyil. Onsuzda ölmüşdü.Bir ton pul istədilər. Baxın, əllərimdə barmaqlarım belə tam deyil, amma çörək qazanıram. Neyləyəydim?! Mən nə bilim sən uşaq salassan. Bəxt, tale deyil aaa mənmki . Kimi vurdum, kişiləşdim zərər gördüm. Qızı tudum sevgilisi ilə vuran kimi məhkəməlik oldum. Sən demə bütün qazancım, həyatım o şillənin başında imiş. Tarappp atdılar məni sərhəddən bu tərəfə.İndi siz nəyə gəlmisiniz? Davaya? Hə, mən öldürdüm. Bunu eşitməyə gəlmisiniz? Hə, buna gəlmisiniz?- O qışqırıb kükrədikcə qayınanası ilə arvadı sanki kiçilib otağın küncündə yox olmaq istəyirdilər.
 Nəhayət onun qəzəb dalğasından sonra ortalığa dərin bir sükut çökdü. O,arvadının anasını dümsüklədiyini gördü. Yavaşca udqunan qadın nimdaş yaylığının  ucunu düyünləyə-düyünləyə (arvadın bu hərəkətini heç sevməzdi. uşaq vaxtı eşitmişdi ki, söhbət zamanı paltarın ucunu düyünləmək qarşındakı adamın dilini-ağzını bağlamaq mənasına gəlir) sözə başladı:
- Bala olan şeydi. Canınıza gələn olsun. İndi işdi olub. Sənin də bir kimsən yoxdu. Elə mənim qızım da yola verəndi. Nolub cavansınız- deyəndə gözlərini kürəkənin qırış paltar kimi bürüşmüş üzündən çəkərək tavana baxdı və nəfəsini dərərək davam etdi- Hə, nə deyirdim? Cavansınız. Sən heç kefini pozma. Biz qadın tayfası sex kimi bir şeyik. İstehsal mümkündür. Rəndələ düzəlt! Olmadı qır, yenisini düzəlt. - qayınanası cümləni bitirən kimi qapıya doğru yönəldi. Arvadı anasının dalınca çıxmaq istəyəndə  onların didişməyini eşitdi
-Hara gedirsən? El, camaat nə deyəcək. Deyəcəklər, ikincidə də oturmadı.Qardaşın arvadları ilə boğuşmaq düşüb könlünə? Cəhənnəm ol, otur burda! Paaah, ətcəbalası ölüb. Gözümüz aydın.
 Sonra nə damışdıqlarınıl ayırd edə bilməyib pəncərəyə doğru yönəldi. Onların həyətdə söhbətləşdiyini, arvadının arada gözlərinin ovxaladığını  gördü. Qəfildən dünən emalatxanaya qoyduğu yeşiyi  xatırladı. Eyvana çıxıb qayınanasına səsləndi.
- Dünəndən gətirib qoymuşam sexə-əli ilə emalatxanaya tərəf işarə etdi.- Gedəndə onu da aparın!-deyib onların cavabını gözləmədən otağa qaçmaq istədisə də qayınanasının
 -Azzz, nə zalım adamdı. Görəsən, mış yeməyib biçarəni -dediyini eşidəndə onu daha da vahimə basdı. Bu heç ağlına gəlməmişdi. Elə bu vahimə qapının dibinə çökdü. Bir qulağı ilə çölü dinşəyir, bir qulağı ilə isə heç nə eşitməməyə cəhd edirdi. Emalatxananın qapısının cırıltısı, beş dəqiqə sonra isə darvazanın açılıb-bağlanmasını eşitdi. Qəlbində arvadının çıxıb getməsini arzuladı.Bir anlığa  ona elə gəldi ki, arzusu reallaşdı. Elə qapının dibindən qalxmaq istəyirdi ki, qəfil arvadı ilə burun-buruna gəldi.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...