Yaddaşımın
axsayan vaxtlarında hardan yadıma düşdü?
Boşqabı sildiyim yerdə əlimi saxladım. Niyə xatırladığımı xatırlamağa
çalışdım. Kələfi itmiş xatirələr içindən qəfil cücərmiş bu hadisə heç bir
izahat olmadan dilə düşən melodiya kimi
beynimdə dolaşdı: Elə burda dayanmışdı… Boşqablar əlində idi, sonra birini
salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi. Birini də götürdü; boşqabdan göz
yaşlarını da sildiyini də görürdüm...Yaşıl jaket qolları...Bir də o damlalar...Bədəni dumana bürünmüşdü. “Anamın
qolları, qolları... İllərdir, hər şey beləcə, boz dumanda davam edir. Beyindən silinməyən film kadrı kimi... Hər
gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində ulayıram…” – pıçıldadım.
Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım.
Qonşunun quşları səmada pərvazlanırdılar. Bazar günü olduğundan nəhəng
buldozerin nəriltisi kəsilmişdi. Bizim evə kimi
hələ on ev var idi. Boz pişik qarşı tərəfdən sökülmüş evlərin kərpiclərinin
üstündə pəncələrini yalayırdı. Görəsən, bura tamamilə dağılandan sonra hara gedəcək?
Harada oturub pəncələrini yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz... Gözlərimi boz pişikdən ayırmadan çaydanın
altını söndürdüm. Hə, bu pişik də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın
harasındansa reinkarnasiya edəcək və
böyük bir xarabalığın fonunda beləcə pəncələrini yalayan halda özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura niyə məhz indi onu xatırladığımı, hardan
yadıma düşdüyünü fikirləşəcəyəm. Bəli,
elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan
sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin qaranlığında yolda maşınla vurduğun it kimidir. Heç kəs, heç kəs o iti kimin vurduğunu bilmir. Sənsə
avtomobildən düşüb ağzından qan daşan o
itin “niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına
pozan çəkib onu unutmağa çalışırsan. Gecələr gördüyün kabuslardan sanıb yastığını çevirirsən.
Boz pişik pəncələri ilə işini bitirib ətrafını
süzdü. Çarpayı cırıltısı eşitdim.
Yorğun-arğın otağa qayıdıram. Gün yeni
başlanır. “Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz
funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key
ətrafa boylanırdı. Böyümüş gözləri ilə ətrafı
süzdü. “Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər
gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra
yenə, yenə, yenə...
–
Kimsən, ay bala?
Aha,
bu gün “bala” dedi. Dünən belə deməmişdi.
–
Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, – deyirəm.
–
Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini bir az da geniş
açır.
–
Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü, özünüzü o əsgər üçün sipər
etmişdiniz. Siz ağır yaralandınız.
–
Mən?
–
Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin qəhrəmanlığınız, vətən
uğrunda şücaətiniz dillər əzbəridir.
O, qaşlarını çatdı, sağ əlini titrəyə-titrəyə
alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə mütləq alnını ovuşdururdu,
eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı. Heysiz halda əlini endirib
dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı çayı dəmlədim, çaynik və fincanı götürüb qonaq otağına
qayıtdım.
–
Döyüş harda olmuşdu? – astadan soruşdu.
–
Ağdam uğrunda.
–
Müharibə olmuşdu?
–
Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə Xankəndinə gedərik. Oralar
elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin yollarını
xatırlayırsınız? Əlbəttə,
xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik
tutmağa çalışıb çayı qurtumlayır. Hiss
edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən
keçirdir. Handan-hana:
–
Yadıma gəlir... – deyəndə diksindim.
–
Siqareti atdım; atama söz vermişdim. O,
məni otağa çağırdı. Ovcu qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç
nə tapmadım, stolun başındakı köynəyimi verdim. Onda atam mənə dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə
dikidi. Uzun bir sükut. Mən çarpayının kənarında oturdum.
–
Bir də onun getməyini... Atası gəlib dava edib apardı. Dedi ki… dedi, niyə bu xəstə
ilə ömrünü- gününü çürüdürsən...
–
Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə yağımız da var, – söhbəti dəyişdim.
–
Alabəzək topumuz vardı, meydançada oynayırdıq. 11- 12 yaşım olardı. O meydança
niyəsə yadımdan çıxmır, amma müharibəni niyə
xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə ürəyim parka-parça
olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları altında xumarlanırdı.
Quşlar yenə səmada idilər. Yumurtaları
soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum, qaynamağa qoydum.
Bir azdan qapı döyüldü. Baxıcı qadın içəri
girib adəti üzrə çinlilər kimi əllərini cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini
soyunub asılqandan asdı, mən də ayaqqabılarımı geyinməyə başladım. Son
tapşırıqlarımı da verib evdən çıxdım.
***
Çaynikin
fit səsinə başımı qaldırdım. Mətbəxdəki saat səkkizi göstərirdi. Kitabı
örtüb paltaryuyanın üstünə qoydum. Qazı
söndürdüm. Pərdəni kənara çəkib həyətə baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl
ürkək-ürkək başlarını qəfəsdən çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən
pərvazlanırdılar. Boz pişik gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar
var idi. Pərdəni salıb mətbəxə göz gəzdirdim. Hər şey yerində idi. Qonaq
otağına qayıdıb ona baxıram. Gün işığı
duman kimi otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini
mənim üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.
–
Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss edirsiniz? – deyə səsləndim.
–
Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu dəfə xırıldaya-xırıldaya
verdi. Sonra möhkəm öskürdü.
–
Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə dava idi, mən qazandım. Hamı,
bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə olmaq istəyirlər.
–
Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən
çarpayının kənarında oturdum.
–
Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül xəstələnmisiniz, tezliklə
sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet, tələbələr - hamı sizi çox
istəyir.
O
məni dinləyə-dinləyə barmaqlarını adyalın
naxışlarının üzərində gəzdirirdi.
–
Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı. Siqareti atmağım yadımdadı… Atam
dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki cümlələrini təkrarladı. O cümlələri sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər.
Yox, bəlkə də yanmış kitabın xilas
olunmuş son səhifələri idi, evirib-çevirib oxuyurdu.
–
Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi. Başqasına ərə getdi...
“Aha,
bu da həmin yanmış səhifədən yarımçıq cümlədir, həmişə sonunu özü bildiyi kimi
tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq yoxdur”, – deyə düşünürəm.
Qapı
döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı idi. Qapını açdım, sonra mətbəxə
yollandım, özümə çay süzdüm. Pəncərənin qarşısına keçdim. Boz pişik yenə
xarabalıqda quşların pərvazlanmağına tamaşa edirdi. Buldozerçi artıq maşınını
işə salmışdı. Çayımı sürətlə qurtumladım, fincanı mətbəx stoluna qoyub qonaq
otağına keçdim. Baxıcı qadın əlcəklərini geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə gülümsədi. Baxışlarımla ona xoş gün diləyib işə yollandım.
***
Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə
ağır yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm;
ilahi, saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə
tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. “Gərək axşam o qədər
oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən
qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında olduğumu xatırladım. Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb
salamlaşdım. Dinmədi. Nəhayət:
–Salam,
– dedi. Sonra yenə üzümə baxdı.
–
Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?
Sualıma
şübhəli nəzərlərlə cavab verdi. Dinmədi. Adyalı sinəsinə kimi çəkdi. Qırışmış
barmaqları və kənarları soyulmuş dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.
–
Burda qaldım dünən gecə, siz yatmışdınız deyə icazə ala bilmədim...
–
Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca ürəkləndiyi hiss olundu.
Duruxdum:
–
Mən... Hə, mən... – kəkələdim. Beynimdəki
bütün informasiyalar dolaşmış kaset lentinə dönmüşdü, – hə, mən, – səsim qətiləşdi,
– bura sizin evinizdir də, müəllim. Mən də teatrdanam, xatırlamadınız? Oqtay
Eloğlunu oynaymışdım axırıncı dəfə, siz çox bəyənmişdiniz... Siz də xəstələnməyə
vaxt tapdınız... Axşam axırıncı məşqi müzakirə etdik, sonra mənim də başım
qarışdı...
Baxışlarından
şübhə silinirdi.
–
Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?
Yavaşca
başını tərpətdi. Çaydanın altını
yandırıb adətim üzrə pəncərəyə yaxınlaşdım. Boz pişik yenə pəncələrini
yalayırdı. Buldozer işə düşmüşdü. Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni
açıb aşağı boylandım. Boz pişiyin yanında durub bizim evə baxanlardan biri əlini
yellədi. Mən də başımı tərpətdim. Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı
söndürdüm.
Əlimdə
məcməyi qonaq otağına qayıdanda onun başının çarpayıdan sallandığını gördüm.
Özümü necə itirdimsə, məcməyini döşəməyə
qoyub yanına yüyürdüm. Xırıldayırdı. Dikəldib, ağzının suyunu sildim.
–
Qalxmaq issstəədimmmm, - sanki etdiyi işə
görə üzr istədi.
–
Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək gəzməyə. Hə, nə deyirsiniz?
Heç
nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı salfetlə silib quruladım.
–
Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti atmağım gəlir yadıma hey... Atamın
ovcu qanla dolu idi… Bir də onu xatırlayıram. Sabah duranda gördüm, məktub
yazıb qoyub; daha gəlmədi... Əzbərində olan
cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...
–
Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona çayı içirib, arabanı gətirdim.
Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra mətbəxə keçib yükdaşımaya zəng
edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə enəndə artıq buldozerin bizim
tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa nəzər salıb
–
Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün qüvvəsi ilə qışqırdı.
–
Yox, əziz müəllim, o evlər köhnədir, bizə
aid deyil ki, – onu sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik
bizə əhəmiyyət vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa
baxırdı...
Hiç yorum yok:
Yorum Gönder