4.22.2015

XRİSTİAN DÖVLƏTLƏRİNİ ALLAH DAĞIDACAQ

                                
Cahil vaxtlarımda-güzgüdə özümdən və öz yaxınlarımdan başqa birilərini görmədiyim vaxtlarda Allahın xristian dövlətlərini dağıdacağını gözləyirdim. Mənim aləmimdə xristian dövlətləri var idi, vəssalam. Bu xristian dövlətlərinin insanlardan ibarət olduğunu və insanların mənə nə etdiyini tam
anışdıra bilməsəmdə,qiblənin yerini qiblənüma ilə müyyənləşdirib özümü müsəlman sandığım üçün özümü haqlı bilirdim. Mən müsəlmanam və haqlıyam. Harada və necə haqlıyam bu isə sonrakı illərin axtarışları ilə müəyyənləşdi.
Din. Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biridi. Bizdə din qana hoipmuş həyat tərzinə çevrilmiş bir hal deyil. Buna ən bariz misal əhalinin müəyyən qisminin dindar adlanmasıdır.Mütləq dini həyat tərzinə çevirənlər əhalinin ən böyük kütləsindən fərqli bir rəngə malikdi. Bu təbii ki,sosioloqların araşdıracağı məsələdir.Məni narahat edən nöqtə isə hansı dinə mənsub olursansa ol, Allahı unutmamaqdı. Bunu çılpaq şəkildə xiristian ölkələrinə baş çəkərkən şahidi olmuşam.
Eyni yeməyi yeyib Tiflisdə və Bakıda fərqli hesab ödəyə bilərsiniz.Fərqli şəhərlər eyni yemək fərqli hesab.Özünə Allaha yaxın bilən müsəlmanın çöldəki bahaçılığı mütləq müştərinin boğazından çıxaracaq. Lakin Tiflisdə bunu görmək mümkün deyil.Onlar öz kasıb həyatlarını başqalarını qurban edərək rəngləmirlər.Özlərini yalançı həyata qapdırmırlar.Tiflisin eyni bizim İçərişəhər kimi qədim bir bölgəsində ən bahalı kafesində belə bizim lüks məkanların verdiyi xidmətlər çox ucuz şəkildə təklif olunur. Niyə? Bu qədərmi qəlbiniz Allahdan uzaqlaşıb?!
Ə.Şəriəti bir müsəlmanın zəngin olmasını çox müsbət qiymətləndirir.Bəli zənginlik,qüdrət hər bir insanın arzuladığı bir haldır.Lakin bu qüdrət insanda iki halda fəsad verir.Birinci,heç bir maddi qüdrət heç nədən yaranmır.Mütləq onun içinə az da olsa haram qarışır.İkinci; hansısa bir qüdrəti görməmişəm ki,(pula söykənən) sahibini özündən müştəbeh və təkəbürlü etməsin.
Bizdə isə din bir həyat tərzinə keçmədiyinə görə Allah insanlara müəyyən məsafədə durur.Sanki Allah yalnız dindarlar üçün mövcuddu. Qeyri insanlar üçün Quran ölülər üçün oxunan kitab,Allah isə xəstələnəndə və bəlaya düşəndə axtarılan və ya gönahlandırılan bir anlamdı.

Bilmirəm nə dərəcədə izah edə bildim. Tiflisdə farel yeyib on beş manat hesab ödəyəndən bir sutka sonra, Şəmkirdə xəngəl üçün ödədiyimiz 17 manatlıq hesab kağızına baxaraq bu cümlələri qurmaqdan özümü saxlaya bilmədim:Allah müsəlmanları cəzalandıracaq.

4.02.2015

AZAD QADIN HEYKƏLİ

                                                                                                                     
                Bizim heç vaxt beş nəfərlik şəklimiz olmadı. Atam nənəmdən və babamdan ayıb bilərək anamla heç vaxt yanaşı durub şəkil çəkdirmədi. Sonra anam yox oldu. Atam anam olan şəkillərin hamısından onun başını qayçılayıb atdı. Lakin özünün yoxluğu kimi, anamın bizi qucaqlayan əllərini də bu fotolardan yox edə bilmədi.Elə burada bitməli idi mənim həyat nağılım.Bəzəksiz-düzəksiz. Amma olmadı.
                Hər kəsin həyatının soundtrackı var. Yoxsulun da, dilənçinin də, məzlumun da. Arada yuxularımda prezidenti görürəm. Həmişə şaddır. Yəqin həyatının soundtrackı daim şən melodiyadı. O hər zaman xoşbəxtdi.
                Bax, o gün mən prezidenti düşünmədiyim günlərdən biri idi. Atam anamı stula bağlayıb döyürdü. Onda mən zirzəminin balaca pəncərəsindən onları görə bilirdim. O, hey qışqırırdı, anam isə susurdu. Ona cavab vermirdi. İki qonşu o tərəfdə toy çalınırdı. Yenə, yıxılana qədər içib özlərindən birini müsəlman edəcəkdilər.  Amma bu gün yox. Bu gün toydu, sünnət toyu. İkisi bir yerdə həmişə məni güldürüb. Sünnətin toyu olar?! Bir dəfə müəllimə demişdim ki, sünnət toyu neçənçi növ təyini söz birləşməsidi? Müəllim məni sinifdən qovmuşdu. Axı burda nə var ki? Sözlər barədə sual vermək niyə əcaibdi?Sözlər... Məsələn Prezident və Namaz. Prezident də namaz qıla bilər. Nə bilim, arada fikirləşirəm ki, başqa planetdən kimsə gəlsə ona bu dünyanı necə izah edə bilərəm? Bu qədər qarmaqarışıq, bu qədər üryan dünyanı. Əşi, dünyanın nə günahı . Bəlkə dizini atıb min kərə tövbə edir insana bu qədər planetin içində bircə özünün qucaq  açdığına görə. Amma indi iki qonşu o tərəfdə toy çalınırdı, atam isə anamı stula bağlayıb döyürdü.
                Düz bir həftə idi ki, deyirdilər Əlisabirgilin on dənə qız abort edəndən sonra qurban sadağa ilə tapdıqları oğlunun sünnət toyudur. Hamı deyirdi ki,Əlisabirgilin qurbanı qəbul olunub ki,oğlu oldu.Amma bilmədilər ki,dedikləri qoç qurbanı yoxsa qurban etdikləri qızlarmı qəbul olunub? Xanımnisə nənə deyir ki, Allah bu aparat çıxardanın başına yekə daş salsın,eldə-obada qız qoymadı. Deyirdilər toya Üzeyr gələcək.Kənddə məmə yeyəndən pəpə yeyənə qədər hamını əsməcə tutmuşdu. Əlisabirgilnən dalaşanlarda toy olana qədər onlarla barışmışdılar. Axı, Üzeyri canlı görəcəkdilər. İndi Üzeyrin "Mənə lazım da deyil" oxuduqca atam anamı özünə lazım gələcək qədər yumruqlayırdı. Nəyə nail olacaqdı ki?! Heyvanı döysən unudar, insanı döysən kini qabarar.
                Nənəm deyirdi ki,anam çörək itirəndi. Bizi burada onun oğlunun pulu saxlayıb. Rusiyətdən zulumla qazanıb göndərdiyi pullar. Amma özü bilirdi ki, bu mənim vecimə olmadığı qədər, anamın da düşündüyü məsələ deyil. İndi Atam illərdi evdə olmadığı günlərin hesabını anamdan soruşurdu.Anam isə belə hesabı soruşa bilməzdi,çünki arvad idi. Atam anamı döydükcə düşünürdüm ki, görəsən heç atam anamı öpüb? Öpsə də döydüyü qədər olmazdı yəqin.
                Anam həmişə qabarlı əllərini ovxalaya-ovxalaya deyərdi ki, uşaqlar olandan sonra bu kənddə qadınlıq ölür. Qadınlar anaya çevrilir ki, bunun da  qadın çinsinə qətiyyən dəxli yoxdu. Ana olmaq elə bir peşədir ki, onun istefası yoxdur. Amma anam istefa verdi. O gecə yox oldu. Atamın onu bağladığı stulla birgə yox oldu.
                Anam yox olandan sonra zaman ilan oldu süründü keçmək bilmədi. Atam Rusiyadan bir daha qayıtmadı. Nənəmin nəsihətləri və qaxıncı ilə böyüdüyüm kənddən ayağım yer tutan kimi qaçdım. Xəyyalarımın ardınca yollanarkən hər şeyin filmlərdə olduğu kimi baş verəcəyini gözləyirdim. Amma bütün nağılların sonunda üç almanın düşmədiyini mənə söyləməmişdilər. Mənə çox şeyi söyləməmişdilər. Bunu gec fərq etdim. Mən bütün quruluşların əslində qadının istismarı ilə məşgul olduğunu, hərənin buna bir cür don geyindirdiyini anladım. Amma bunları anlayanda artıq gec idi. İnsan yaraladığını sağ buraxmaz, amma məni sağ buraxdılar. Cəmiyyətin bir şikəsti də mən oldum. Nəhəng bir şəhərdə neçə milyonun içində tənha,yiyəsiz olmaq!Döyəcəyin qapının,axtara biləcəyin bir kəsin olmaması. Mən heç sevinmədim ki. Dünyanı rəngli görüb sevinməyə cəhd etdiyim hər an vurub eynəyimi sındırdılar.  Axırıncı şəklim "Azad qadın" heykəlinin qarşısında oldu. 30 il sonra orada mənim heykəlimi qoyacaqlar, amma tamamilə başqa bir görkəmdə.
                Boz bir aran kəndindən gəlib dənizdə intihar etmək var imiş qismətdə. Görəsən bu gecə prezident mənu yuxuda görəcək?! Çətin...   
               
                                                                                                                  

                                                                                                                  2014 oktyabr.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...