5.13.2017

İnqilab


Barmaqlarının arasında titrəyən siqaretə nəzər salaraq:
-Qadın azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik. – Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
   -Yazılarımızda demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi uzatdıqca kəsəcəklər.   – O  eynəklinin sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra  masadan qalxdı.  Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya doğru irəlilədi.
       Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında qursa da, yenə həyəcandan boğulurdu.
-Atan Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə salamsız atasının üzünə baxdı.
Atası şübhəli baxışlarla onu süzüb
- Bu vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
- Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox, amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək ayaqqabılarını az qala hirslə vızıldatdı
       Anası geniş süfrə açmışdı. O süfrənin başına keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb, arvadına him-cim etdi.
-Ay bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini  cümləyə çevrib oğluna dedi.
Elə onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə olub?
-Evlənmək istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş komandir kimi rahatladı.
-Bundan ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun kürəyinə əlini şapılldadıb
-Hə de görüm kimlərdəndir?
Oğlu
-Sənin yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi qoy qırağa. Qız kimlərdəndi?
Elə bu zaman süfrəyə  araqla yanaşı qədəhləri yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə olub mənə demirsiniz?
-O qız deyil.
- Kim qız deyil?
-O da.
-Dayan ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?- bağırtısı evi sirkələdi.
-Gəlindi, boşanıbbbb...
-Sən də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid deyir ki...
- Səmid nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa, mən onu sevirəm.
-El-camaat  nə deyər?
-Bəs Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.

   Səhər yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan kimi
-Ay bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi. Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-  böyük oğlan yanaşı evdə yaşayır. Qaz sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan  gənclərə doğru az qala qışqırdı. Onların heç bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən biri ayaq saxlayaraq
-  Onda o blankı yaz,  bizə zəng elə, gələk çəkək.-dedi.






5.08.2017

Müsahibə: Elvin Paşa və Ülviyyə Tahir

Qara qutu" kitabının müəllifi Elvin Paşa və "Ortaq şəhər" vә "Buqәlәmun" kitabının müəllifi Ülviyyə Tahir ilə maraqlı video müsahibə
Çəkiliş üçün İçəri Şəhərdə yerləşən "Darçın" restoranına təşəkkür edirik

5.06.2017

"Üzü Cəhənnəmə" və Ceylan Mumoğlu - Düşüncələr

Dəyərli yazıçımız Ülviyyə Tahirin "Üzü cəhənnəmə" əsərini oxumaq şansına sahib olduğum üçün çox sevincliyəm. 😊 Əsəri oxumağa başladığım gün Ülviyyə xanımla qısa bir dialoqumuz olmuşdu. Ondan əsərin ilk on səhifəsində on doqquz rəqəminin təsadüfən seçilib seçilməməsi haqqında soruşmuşdum. O isə rəqəmi planlı seçmədiyini yazmışdı. Həmin vaxtlar əsəri oxuyub bitirə bilməmişdim, çünki evimizə "Sapiens" kitabı girmişdi, tarixçi qanım qaynayıb onu oxumağa başlamışdım) Dünən gecə ilham gəlmişkən "Üzü cəhənnəmə" əsərini oxudum bitirdim. Və anladım ki, on doqquz rəqəmi heç də məni təsadüfən çəkməyibmiş, bu haqda sonda yazacağam.
Roman təsirli romandır. 212 səhifəlik bu romanı birnəfəsə oxumaq mümkündür, çünki dili sadə, axıcıdır. Süjet xətti maraqda saxlayır. Yazıçı 91-92-ci illərdəki müharibənin qızğın çağındakı atmosferi aran rayonlarından bir kəndin daxilində baş verən hadisələrlə çatdırmağa çalışıb. Doğrusu, uzun zamandır ana dilimizdə mütaliə etmədiyim üçün bu əsər mənə dərman kimi gəldi. 🙂Elə sözlərlə rastlaşdım ki, lüğətimzidə olmasından xəbərsiz idim. Bu bəyəndiyim cəhətlərdən biri oldu. Yazıçını alqışlayıram. Əsərdə təsvir edilən üç nakam sevgi hekayəsi və gənclərin başına gələn hadisələr təsirləndirməyə bilməz. Xüsusilə gənclərin həyatlarına qabarıq şəkildə müdaxilə edilməsi, seçimlərinə böyüklərin qərar verməsi gözəl işlənib. Bəyənmədiyim cəhət müharibə şəraitin solğun çatdırılması idi. Bu da yəqin olayların arxa cəbhədə baş verməsi ilə bağlı ola bilərdi. Bütövlükdə əsəri oxumaqdan müdhiş zövq aldım. ☺️
Gələlim, on doqquz rəqəmi ilə bağlı qurduğum əlaqəyə: Əsərin sonunda Firuzənin xəstəliyi səbəbindən kəndi tərk edib qaçmış Sabitin on doqquz il sonra kəndə qayıtması və hər gün yola çıxıb sevgilisini gözləməkdə olan, artıq hamının dəli sandığı Firuzəni götürüb aparması, sonda bütün çətinliklərə baxmayaraq sevginin qalib gəlməsini oxuculara aşılamaqdadır. Qurani-Kərimdə 19-cu surə Məryəm surəsidir və 96-cı ayəsində deyilir: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq".
Bax belə :) Bu da qurduğum əlaqə)
Yazıçıya əsəri oxumaq üçün mənə göndərdiyinə görə minnətdarlığımı bildirir, gələcək yaradıcılığında uğurlar arzulayıram! Var olun, Ülviyyə xanım! 

Qaloş



-İki manat ver heç olmasa...
Başını qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz bir qullab vurub:
-Hüska, sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini anladı.
-Oldu, onda mən gedim- ayağını sürüdü.
- Əl çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı yoxdu.
-İki manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca baxaraq yerə tüpürdü.
                ***
-Bir söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə sual verdi.
- Mənə 2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə bu haramdı?
- Hə, haramdı.
- Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub hirslə dedi.
- Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
- Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
- Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.- Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə fikir vermədən
- Onda iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə kitabı götürüb oxumağına davam etdi.
Bacısının yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı, yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq kitabın növbəti səhifəsini çevirdi.

***
-Qardaş, bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi. Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini qandalayaraq
-Narkotika üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.

İki saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-          Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-          Xeyr.
-          Daha aydın və sübutlu cavab olsa
-          Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca başımı götürüb gəlmişəm.
-          Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada olmusunuz?
-          Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə  verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar. Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.

***
-Svarka aparatını nahaq maşında qoyursan. –Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir  nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?  Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...

***
Səhər əlində isti su vedrəsi elə küçədə donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da  kəsmədi.  Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı. Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər. Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü. Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...








Sonuncu yuxu


Stansiyanın  tozluğunda oturdu. Çamadanı artıq göyərirdi. Saçları uzanıb ayaqlarına dolaşır, Siması zamanın əksinə gedirdi. Uzun gözlərini süzdürüb yenə dəmiryoluna baxdı. Sonuncu qatarın keçməsindən 7 il ötürdü. Bura  heç kəs gəlmirdi. Arada zülmətdə işıqlar oynayardı. O da özünü aldatmaq istəyəndə onlara baxardı.

Çamadan böyüyürdü. Göyərirdi. O isə hələ də gözləyirdi. Bütün ehtimalları xəyal etmişdi.Bir gün ağ atlı şahzadə gələcəkdi. Onu özündən alıb götürəcəkdi. Sonra yenə çamadanına baxıb bu xəyaldan daşınırdı. Tozunu təmizləyib, əzizləyib yenə qucağına alırdı. Başqa xəyal qururdu. Ayaqqabısını itirirdi. Onun ardınca gələrdi. Yenə anlayırdı ki, illərdi arxasınca sürüdüyü çamadanına görə heç ayaqqabılaarı da yoxdu.

Bir gün gurultuya ayıldı. Təzə bir qatar gəlmişdi. Nə vaxt gəlmişdi?...Yuxusuz gözlərini ovuşdurub baxdı. Yanılmırdı. Bu unudulmuş məkana kim təşrif buyura bilərdi?!...

Çamadanını unudub qatarın başına dolanmağa başladı. Ta  ucundan başına qədər gedib çıxdı. Gələn sərnişin kim idi? Ya da qatar sərnişinsiz gəlmişdi. Hələ heç nə ayırd etməmiş bir səs eşitdi.

-       Gəl mənimlə gedək
-       Sən kimsən?
-       Gələcək.
-       Gələ bilmərəm
-       Niyə? Əlini ver!
-       Mən keçmişəm.
-       Gələcəyə körpü ol
-       Ola bilmərəm
-       Niyə? Bu stansiya taleyin ola bilməz.
-       Taleyi dəyişdirmək qorxum var.
-       Tənhalığına son ver!
-       Qorxum tənhalığımdan çoxdur.
-       Qurtul ondan!
-       Özümdən necə qurtulum?
-       Gözlərini yum və xoşbəxt ol!
-       Gözlərimi açanda bəs?
-       Anı yaşa, o zamanı Allaha həvalə et.
-       Xoşbəxtlik hesabı ağır ödənilən paydır.
-       Hesabı başqalarına burax, əlini uzat mənə.
-       Çamadanım sənə ağır gələr.
-       Burax onu da...
-       Buraxa bilmərəm, o mənim taleyimdir.
-       Tale bizim əlimizdədir.
-       Əllərimi kəsiblər.
-       Ruhunu ver!
-       Bu tozlu stansiyada bircə mənə qalan odur.
-       Yol bizi gözləyir.
-       7 ildir mən də gözləyirəm.
-       Bütün gözləntilər səndən keçirsə...
-       Mənim çamadanım var, yükü yeri olan qatar isə heç gəlmədi...

Diksindi. Yuxuya gedibmiş. Ayılıb ətrafa baxdı. Stansiya bomboş idi. Uzaqdan günəşin qürubu görünürdü. Çamadanı göyərirdi. O da artıq ona qovuşurdu. Stansiyada nəhəng bir ağac var idi...


Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...