7.16.2015

MƏKTUB

                                                                           
                Əvvəllər məktublar yazılardı uzaqlardan. Mütləq havaları soruşardılar o məktublarda.Salam yazılardı ilk başdan. Amma mən sənə necə salam yazım ki,əlüykim salam almıyacamsa. Səndən oradakı havaları da soruşmayacam.Niyə soruşum ki? Molla deyir bərzəx aləmindəsən. Amma demədi bərzəx nədi. Bəlkə də özü də bilmir. Onsuzda bu molladan bizim kəndə heç papaq olmadı. Pivə içəndə bundan urvatlı kişi idi.İndi hər yerdə bir arvad saxlayır. Deyir savabdı. Özünü sevindirmək nə vaxtdan savab hesab olunur?! Bunu da izah etmir.Ümumiyyətlə bizim molla hey sükut edir. Deyir susmaq qızıldı. Hə, havalar deyirdim axı. O gün o molladan soruşdum ki,bərzəx aləminin havası necə olur?  O da "ya sən kafirsən,ya da axmaq. Ala, mən nə bilim bərzəx aləminin havası necə olur." İndi daha sən yazarsan, ana, oraların havasını mənə. Yadındadı bir dəfə Ehsan kəndin o başındakı qıza məktub yazıb, eşq elan edəndə oranın havalarını soruşmuşdu. Neyləsin binəva. Axı, əlimizə keçən əsgər məktubları Xabarovskidən,Çexoslavakiyadan yazılardı. O məktublarda uzaq ellərdəki əsgər oğullar havaları soruşmağı da özlərinə  borc bilərdilər.
                Bizdən hal-əhval-tutmaq istəsən yenə həminki kimiyik. Sən öləndən sonra qayinanam bizə köçdü. Arvadımgil tərəf yaman bəxtigirdi. Heç onlara bu 60 ildə yetim adı  verilmədi.Arvaddakı, maşallahı var. Köhnə nol üç kimidi. Üstü-başı çürüyüb,amma  mator sazdı.Arada küçədən gəlinmaşınları keçəndə ah çəkir. Ya qisqanır, ya da artıq bilir ki, onun qatarı gedib. Daha dönməyəcək. Qocalmağını qətiyyən qəbul etmir. Ele hey deyir "Niyə mən bu günə qaldım?" 26 təvəllüd olduğunu unudub. Sağlamlığından elə hay-həşirlə danışır ki,sanki 26 yaşında qəfil qocalıq xəstəliyinə tutulub.
                Nəvələrin böyüyüb. Fəridin ciyərlərinə su gəldi. Hökumət sağ olsun müalicə etdirdi. Havayıca neqodnı çıxardılar uşağı. Amma nə illətdisə uşaq o xəstəlikdən sonra çiyinləri qalxaq halda gəzir. Arabir mənə elə gəlir ki,uşaq uçacaq. Uşaqların anası deyir ki,ayağının altı düzdü, ona görə elə yeriyir. Yox yenə  hökumət sağ olsun bizi xəbərdar etdi. Əsgər gedəndən altı ay sonra çağırıb dedilər ki, uşağın dabanı da düzdü, ciyərinə də su gəlib. Mən onu həkimlərə aparsaydım bir sandıq pulum çixacaqdı yəqin.Bu hükumətin qədrini bilmir bu naxələflər. O gün intilgent Qiyaz deyir ki,Qəddafi ilə Səddam öləndən bəri yaxın Şərqdə nəki yiyəsiz var hamısını Aralıq dənizi qarnına endirdi. Bu camaat Qədaffi  ilə Səddam öləndən bəri Aralıq dənizindən balıqmı tutur, yoxsa o dənizdə intihharmı edir- bax onu anlamadım.Bizi də Xəzər udar, vallah bu hökumət qoymur.Fərhad gizir olub. O gün gedib gördüm. Müddəti uzadılmış qulluqdadı. Yaxşıdı. Salam-duası var.
                Gəlinin də yenə biş-düşündə öz işindədi. Böyük oğlan -Fərid evə dönəndən bəri onunla yola getmir.Dərdləri nədi bilmirəm. O gün Fərid deyir ki, Müseyb bir də bizə gəlməsin. Uşağın başın iynə dərman çövürüb. Müseyb 20 ildi biznən dostdu. Mən nətəhər adama deyim bizə gəlməsin. Uşaq deyir ki,əgər O birdə bizə gəlsə anamı öldürəcəm. Başı xarab olub. Məndən qorxur, anasına gücü çatır. O gün anası da deyir deyir ki, bu yastıdabanı göndərək rusyətə Maşadan,Nataşadan  tapıb sakıtləşsin. Yoxsa bizi qırıb batıracaq.
                Deyəcəksən ancaq özündən danışdı. Altı ay öncə o sevimli oğlunu gördüm. Sumqayıtda. Arvad qovub çıxarıb ki,get cəhənnəm ol sənə bir dəniz havası dəysin iyin, qoxun dağılsın. Mən deyirəm də nə qədər arvadının pulu çox idi, onu evdə saxlayırdı. Əslində bir işə yarayan deyil. Elə dilini çıxarıb stola yapışdırsın, arvad barmağını o dilə vurub pul saysın. Dedim ,axı, alma o Xeyrullanın qızını. Dedin alacam. Hə aldın nə oldu? İndi evi də dolandırır,ves məhləni də. Sən bilirsən mən səninlə heç on yeddi yaşlı sevgilimin üstünə şər atıb qapıdan çıxardanda, O da gedib özünü intihar edəndə inciməmişdim. Amma sən mənim sözümü sındırıb gedib o qızı bizim gədiyə alanda hirsləndim .Day səni bağışdamadım.Əhbər də yaxşıdı. Uşaqlarını baş -göz edib. Bircə dənə şəftəli  qız-Nuranə qalib. O tüklü halı ilə gündə bir oğlan tapır qoşulur gedir altı -yeddi ay arvad olur,sonra qayıdır gəlir. Əhbər deyir:" Allah internet çıxardanın başına daş salsın, pozdu uşağımı." Pomidor parnikləri ilə meyvə ağaclarının arasında qalmışıq. İşdi, yağış yağıb sel tökdüsə, külək əsdisə ikisindən məhrum olub acından öləsiyik. Başqa gəlir yeri yoxdu axı.
                Vallah, xətrinə dəyməsin o gün gedim qəbrinin yerini axtardım. Tapa bilmədim. Hardan tapacam. Axı, gediş- gəliş yoxdu. Dedilər bəlkə də o qəbri söküb yerin satıblar. Əşşi nə dəxli. Qəbir di də. Onun əvəzinə ayağın basdırılmış yerə-həyətimizin o başına tez-tez baş çəkirəm. Heç yadımdan çıxmaz o ayağı sən şəkər olanda kəsmişdilər.Raufun oğlu Elşad gətirmişdi ki,bizim həyətdə basdırsın. Mən də ona lağla: "Apar xaş et. Neynirsən basdırıb" deməyimlə məni söyüb təhqir etdi. Okazıvayetsa anamın ayağına hörmət etmədiyimə görə yox, xaşdan iyrəndirdiyimə görə hirslənibmiş. Hər dəfə məni görəndə üzünü çevirir. Bilirəm ən sevimli yeməyindən iyrəndirdiyimə görə məni heç vaxt bağışlamayacaq. Hə nə deyirdim? Qəbirstanlıq. O qəbirstanlıqda sənin qəbrin olsa nə olacaqdı. ki? Bütün ömrünü boş keçirmisən.Bir qəbir də özünə hazırlatmadın.Kəfəni də biz aldıq sənə. Day övlad sənə neyləyəcəkdi ki? Uzun Əlövsəti basdırıb gələndə mənə  Feyzullanın qəbir yerini göstərdilər. Dedilər özünə alıb. Bilmədim nə deyəm. Dedim :"İçi dolu olsun, yiyəsinə qismət." Bu da təzə dəb düşüb. Dəllək Səlimin qəbrini görəndə adamın ölməyi gəlir. Şəklini, zadını döydürüb üstünə. Pəh-pəh qəbir deyil, beş ulduzlu oteldi vallah.
                Kənddə hər Cümə axşamı ölülərinə Quran oxutdurmaq istəyən yaxşı oğlanların və qızların probkası olur. Onlar da bilir, mən də bilirəm ki,dərdləri Quran oxutdurub, ölüyə yaxşılıq etmək deyil. El camaat adlı bir tərəzi var. O tərəzinin hər zaman onları ağır çəkməsinin xəstəsidirlər. Yoxsa bilirlər ki, üç manat verib oxutdurduqları o" Yasin" ölənlərin bir eşalon günahını çətin yuya. Əşşi indi adətdi hamı oxudur. İnan da ,inanmayan da. Sən demirdin:"Mən öləndən sonra istəyirsiniz məni aparıb kanala atın fərqi yoxdur. Məsələ odur ki,ölməyəsən .Öldün, tay oldun min ilin ölüsünə." Ona görə də saxtakarlıq, yalançılıq etmirəm. Özümün inanmadığımı, sənin lağ etdiyini niyə sənə oxutdurub özümü aldadım ki? Burdan bircə nəfər qazanclı çıxır: o da molladı. O gün kənd camaatından soruşuram ki, arvadı hara basdırmısınız ,tapmıram.Dedilər neynirsən.Əsas odur basdırmışıq. Qurda-quşa yem etmədik. Belə yaxşı oğlansan, gələydin maraqlanaydın.Axı mən yaxşı oğlanam.Nisyə aldıqları kəfən pulunu ödədim. Amma bilmirlər ki,onların içində ən doğruçu,səmimisi mənəm. Onsuzda anamın ölməyi mənə təsir etməmişdi. Guya qəbrinin yerini bilsəydim baş çəkəcəkdim .Yox, getməyəcəkdim. Əlimin içi kimi bilirəm ki,hamı bayramda, seyranda o qəbirlərə sevdiklərindən yox, el-camaat tərəzisinin qorxusundan baş çəkirlər. Mənim isə o el-camaat heç vaxt vecimə olmayıb.
                Deyəcəksən hamıdan yazdın, bir özündən başqa.Nə yazım. Ömürdü də. Mədə ilə ayaqyolunun arasında xərclənib gedir. Bütün əlləşməyim özümün və ailənin qarnı uğrundadı. Hey kredit ödəyirəm. Aylar, təqvimlər o kreditlərə görə hesablanır. Bəzən krediti  ehtiyacdan yox ,o biri kreditləri bağlamaq üçün götürürəm. Axşamlar pivəxanada bütün dərdləri unutmaq üçün içər ,gecə yataqda sayıqlayar, sabah ağzımda bir ton zəhər tamı ilə oyanıram. Deyirəm, mənə kişi qızı kimi demədin də kimin oğluyam. Camaat güzgüyə baxıb saçını başını düzəldər, mən illərdi güzgüdə atamı axtarıram. Yaşlandıqca gah Kazıma, gah da Əhməd müəllimə oxşadığımı fərq edirəm. Kənddə mənə sataşırlar ki, çıx Xoşqədəmə axtar dədəni.Guya bilsəm nə olacaq. Əşi elə- belə bekarçılıq. Elə o bekarçılıqdan bu içkili halımda sənə bu məktubu yazdım. Bilirəm oxuyan deyilsən. Amma yazdım. Bilirsən arada o sovet dövründən ötrü darıxıram. Daha bizə heç kim məktub yazmır. Biz də yazmırırq. O gün beləcə məktub həsrətimi dilə gətirib balaca gədəyə-Fərhada dedim mənə məktub yaz. Elə bilim ki, Xabarovskidən ,Çexoslavakıyadan yazmısan. Dedi ata mayıl  adres verim sənə ora yaz. Sən demə millət indi məktubu internetdən yazırmış. Mənim internetdən başım çıxmır. Çıxsa da  yüz il qala ordan heç kimə məktub yazmaram. O məktubun ki,hərflərinə toxuna bilmirsən, onu yazan əlin o sətirləri yazarkən necə titrəməsini, həyəcanlanmasını görə bilmirsən nə ləzətti.
                Hə ana. Sağ və salamatıq. Bizdən arxayın ol. Ehh səni öpürəm də yaza bilməyəcəm. Yəqin indi bircə skeletin qalıb....
İmza: Oğlun. 

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...