5.08.2020

Yaddaş



“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməçə qalar, o boydana  cisminin yerinə”. – Nəcib  çarpayının ayağına kürəyini söykəyib babasının ufultularına qulaq asa-asa düşünürdü. Tavandan su damcılayırdı. Evin taxta döşəməsi  yaddaşının dərinliyindən  meşəni dartıb çıxara bilmişdi.  Yaşıl mamırlar döşəmənin meşə yaddaşından ona daraşmışdılar. Nəcib mamırları,  damdan daman yağış sularını və babasının nəm çəkmiş ufultularının səbəbini düşünürdü ki, daxmanın qapısı döyüldü.  Əvvəl özünü eşitməzliyə vurdu. Qapı bir də israrla döyüləndə divarlar titrədi. Qapının taqqıltısından çox damdan tökülən damcılar Nəcibi çilədən çıxarıb ayağa qaldırdı. Əyripəncə kimi yanlarını basa-basa  qapıya doğru getdi. Qapını ehtiyatla açıb  gələnləri salamsız-kəlamsız içəri buraxdı.
– Kimdi, ay bala? – Babanın quzulamış səsi xırıldadı.
– Uşaqlarındı. Yenə, yəqin ki, nəsə olub, əcdadları yadlarına düşüb. – Nəcibin qəzəb çökmüş səsi pəncərənin şüşələrində  cingildədi.
– Nə olardı o vaxt bu daxmanı bir az hündür edəydin, ay kişi? Hər dəfə keçəndə boynumuzu əyirik. – Səftər kişi donquldandı.
–Nə vaxt gəlib sökdünüz, düzəltmək istədiniz, qoymadıq? – Nəcib  onu əyri-əyri süzdü.
– Onunku sözdür. İşə gələndə fıss... – Qılman Nəcibi sakitləşdirdi.
– Səni də bura söz gətirməyib? Elə deyirsən ki, elə bil lallar ölkəsində bir  mənəm danışan. Boynumuz əyri bitib bu qapıdan əyilib keçməkdən...– Səftər  üzünü turşutdu.
–Ay bala, bir-birinizi qırmayın, gəlin yaxın oturun, necəsiniz, neynirsiniz? Mövsümün əvvəli gedənsiniz... – Babanın səsi azca  ötkəmləşdi. Səftərlə Qılman baxışdılar.
– Baba, torpaq yaddaşını itirib. Palıd palıdlığını unudub, fıstıq fıstıqlığını. Camaat yığılıb dedi ki, gedin, Babadan soruşun, görək niyə  fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış  göyərir?  - Qılman döşəmənin mamırlarını oxşayıb handan-hana dilləndi.
– Ən pisi də, camaat bir-birini günahlandırır. Qonşu obaların  tarlaları yaşıl, ağacları barlı, torpaqları yüz nemətə hamilədir, amma bizdə... – Səftər ağlamsındı. Damdan düşən iri damla  üzündə  yuvarlanıb saqqalının dərinliyində əridi. Nəcib bayaqdan ayaq üstə dayandığının fərqinə varıb, yenə özünü çarpayının dibinə verdi. Kürəyini söykəyib qonaqlara tamaşa etməyə başladı. Gözləri Səftərin əynindəki mitili çıxmış  şinelə ilişib qaldı. Şinel eynən döşəmə kimi bozarmışdı. Nəcib eşitmişdi  ki, neçə palıd ili əvvəl buralarda böyük dava olub. Meşə alovlanıb yanıb, tarlalar yiyəsiz qalıb. Sonra buluddan nəm çəkmiş torpağı bölüblər. Elə o gündən ikiayaqlıların əynindəki şinellər bozarıb, rəngini itirib. Daxmaların tavanları alçaq vurulub, insanların boyunları əyilib.
– Baba, bizi palıdların ahı tutub? – Qılman  səsi titrəyə-titrəyə  sual verəndə Nəcib gözlərini şineldən çəkib onun sürətlə aşağı-yuxarı gedən hulqumuna baxdı. Ortaya dərin sükut çökdü.  Damdan özünü atan növbəti damlanın intihar tıppıltısı eşidildi. Nəcib damlanı qucaqlayan mamırlara  gözücu nəzər salıb istədi, ürəyindəki hər şeyi püskürsün.  Sözlər hulqumuna kimi gəlib, qayıdıb ürəyinə saplandı. Anladı ki, ürəyinin ağrısı qarşısındakılara etibarsızlıqdan daha xoşdur ona.
– Etibar  getdi... – Baba dilləndi. Səftər bunu eşidər-eşitməz kinayə ilə üzünü-gözünü  turşudub:
– Qoca, bu söz  nəm çəkib. Bizə bozarmış  söz demə! – dedi.
– Hə, sözün sehri gedib. Sözə etibarın gedib, ona görə... – Baba  kədərlə başını bulayıb yorğanını sinəsinə kimi çəkdi.
–Bizə meşə lazımdı, məhsul lazımdı, sən söz deyirsən. Bizə yemək lazımdı, sən etibardan danışırsan. Ağsaqqal bilib  gəlmişik, yolunu azmış meşə var, özünü unutmuş  torpaq var deyirik. Sözə inamdan dəm vurursan. Deyəsən, ağlın da nəm çəkib, qoca... – Qılman acı-acı güldü.
 – Onda gedin, meşəni başa salın! Başa salın ki, acıq. Başa salın ki, meşə yolunu azmaz. – Nəcib əlini atıb çarpayının altından kitabı götürdü.
 – Görəsən, əzbərləsək, necə olar? – Səftər başını qaşıdı.
– Nəyi əzbərləsək? – Qılman qaşlarını çatıb heyrətlə soruşdu.
– Fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış. Kitablaşdıraq, bilək ki, bunu əksək, bu çıxacaq. Onda  işimiz asanlaşar.
– Ayə, onu eləmək olar? Lap tutalım etdik, fıstıq əkdik, küknar çıxdı. Bəs yaxşı, buğda olar çıxsın deyə nə səpməliyik?  Sonra gələn il o toxumdan nə çıxacağı bəlli olmaz. Ölənəcək yoxlayası deyilik ki. Yox ey, bu işin çarəsini tapmalıyıq. – Qılman danışdıqca Nəcib düşünürdü, görəsən, bu şinelin  rəngi əvvəl necə olub?
– O yanlarda elədi? – Baba çənəsi ilə uzaqlara işarə etdi.
– Yox, deyirlər heylə zad yoxdu. Cavanlar baş götürüb gedirlər ey... – Səftər artıq ayağa durmuşdu.
– Nə edəcəyik? Qorxuram, bu gedişlə dəryadakı balıqlar da balıq olduğunu unuda... – Qılman az qala ağlamsındı. Nəcib gözlərini şineldən çəkmirdi. Baba susurdu.
– Gedək, bundan bir kar aşmadı, – Səftər daxmanın qapısından boynunu əymədən rahat keçdi. Nəcib özünü güclə çatdırıb Səftərin boynundakı çökəkliyə düşən damlaya  gülümsəyib Qılmanın ətəyindən yapışdı.
– Qılman dayı, şinelini mənə verərsən? – dedi.
– Ayə, neynirsən cındır şineli?
– Davadan qalıbmı bu? – Nəcib əlini onun ətəyindən çəkmədən dedi.
– Hə, o vaxt ordan gətirmişdim, onda üstünə dostlarımızın qanı, palıd meşəsinin ahı çökmüşdü. Yağışlar  yudu apardı  rəngini də, yaddaşını da... – Qılman şineli ilk dəfə görürmüş kimi diqqətlə nəzərdən keçirib fikrə getdi.
 – Ver də mənə. Bəlkə, qucaqlayıb yatsam, oranı yuxuda görərəm.
– Ay bala, bu şineldə oralıq  heç nə qalmayıb axı, görmürsən, süzülüb ipliyə dönüb. Bu şinel çoxdan veteran olduğunu da unudub ey, özüm kimi...
 – Qılman dayı, mənə ver, nolar... – Nəcib əl çəkmədi. Qılman əlacsız qalıb şineli soyundu.
– Qılman, di gəl də... – bayırdan Səftərin səsini eşidib tələsdi. Şineli Nəcibin əlinə tutuzdurub daxmadan çıxdı. Nəcib şineli uzun-uzadı süzüb qucaqladı. Baba dərin yuxuya getmişdi. Daxma çəlimsiz qocanın nəm çəkmiş sümükləri kimi şaqqıldayırdı. Nəcib başını qaldırıb tavana baxdı. Damlalar yoxa çıxmışdı. Şineli əyninə geyib  illər sonra daxmadan çıxdı. Buludların arasından süzülən gur işıq  gözlərini qamaşdırdı. Külək şiddətlənirdi. Daxma titrəyirdi. Nəcib  əlini gözlərinin üstündə günlük edib palıd meşəsinə sarı baxdı. İnsanların ağaclardan çox olduğunu görüb heyrətə düşdü. Onlar bir-birindən araları durmuşdular, əyinlərində bozarmış şinellər var idi.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...