5.24.2016

Sonuncu roman haqqında oxucu rəyləri




Salam aleykum, Ülviyyə xanım. Xoş gördük 😊


"Buqələmun"u yeni bitirdim. İzninizlə, təəssüratlarımı bölüşmək istərdim 😊
+ Dizayn və tərtibat çox uğurludur, orfoqrafik səhvlərə rast gəlmədim.
+ Təkrar-təkrar oxuduğum cümlə - "Heç kimsə günəşi sevdiyinə görə səhər erkəndən yuxudan qalxmaz, ya da yağışda islanmaq üçün xəstələnməyə razı olmaz."
+ Ən çox sevdiyim hədislərdən birini bölüşmüsünüz: Imam Cəfər Sadiq əleyhsalama aid. (matrealistlərlə bəhsdə onları düşündürəcək yanaşmadır əziz İmamdan (ə))
+ Son illərdə daha tez bitirdiyim kitablardan oldu 😊 Növbəti yazılarınızı gözləyirik.
- İnsanı əsər boyu pəjmürdə saxlayan, qeyd olunan ailə dramında Şahinin ayrılığının əsl səbəbi gözlənilməz olmadı. Daha maraqlı səbəb gözləyirdim 😊
Ümumilikdə vaxtımı çox yaxşı keçirdim 😊
Uğurlar - Müvəffəqiyyətlər - Allah imanıızı kamil etsin!
Zamanınızı oğurladığımdan dolayı üzrxahlıq edirəm 😊
Efraz eli İbayev.


Əsəri oxumazdan öncə üz qapağı mənim diqqətimi çox cəlb etmişdi.Əsər haqqında ilk önce onu deyim ki,həyacanla oxuyurdum.Mükəmməl bir əsərdi.Sonluğu məni məyus etdi.Həmişə həyatımda cavab axtardığım suallardan biri bu olubdur " Sevgi əbədi ola bilərmi ".
Doğrusu,Şahinlə Ofeliyanın bir zamanlar bir -birlərini necə sevdiklərini oxuyan zaman onun həyat yoldaşına xəyanəti məni çox sarsıtdı
Günel Elesgerli


Ülviyyə xanım ilk öncə salam. Bu gün sizin kitabl bir yerdən götürdum. Elə bilirdim xarici yazardı. Evə gələndə oxudum. Gördüm azerbaycanlı yazardı. Oxumaq istemədim. Birax ön sözün oxudum. Yuxum gəlirdi yatmaq istedim. Sonra gördüm yata bilmirəm. Başladım əsəri oxumağa. O dəqiqə yuxum qacdı. Əsər məni cox cəkdi. Hələ sonlandı☺rmamış istedim sizə yazam. Sizə uğurlar
Ağasef Hüseynov.
Cəmi 4 saata bitdi.Demək olar ki,nəfəs almadan oxudum 😊
67-ci səhifədə nədənsə Nəcib Məhfuzu xatırladım."Yeni
Qahirə"ni və "Liderin qətl günü"nü.Sonra kitab məni elə
"apardı" ki,heç nə yadıma düşmədi.
Roman Allah haqqında düşündüklərimi daha da
bütövləşdirdi,aydınlığa çıxardı və həyatımda ikinci dəfə
hicaba ,hicabın gözəlləşdirdiyi qadınlara qarşı sevgim daha
da qüvvətləndi.Bəzi yerlərdə özümü hicabla təsəvvür etdim
və düşündüm ki,bu,möhtəşəm hissdi.Əsəri oxuduqca Sevda
obrazında müəllifi gördüm nədənsə 😊
Bir oxucu kimi Ofeliyanın İslam dinini qəbul etməsini tam
dərk edə bilmədim.Hər şey anidən oldu,onun Allaha bu
qədər bağlanması,Leyliyə çevrilməsi ilə bağlı böyük bir
hadisənin şahidi olmadım.Bəlkə də diqqətsizliyim buna
mane oldu.
Roman olduqca gözəl,axıcı,ibrətamiz və maraqlı idi.Bəzi
hissələrdə göz yaşlarımı saxlaya bilmədim.Bəzi yerlərdə
mən də özümü kola bağlanmış kimsəsiz küçük kimi hiss
etdim .Məncə ,əsər "özünü kimsəsiz küçük kimi hiss
edənlər"in əlacı və ilacı ola biləcək qüvvədədi . )
***
Bir səhər yuxudan ayılıb görürsən ki,dünənin yoxdu..
***
Əlvida demək alicənablıqdır.
***
Əgər bir şey sona çatıbsa,onun hansısa səbəbdən olması,ya
da səbəbin bilinməsi əhəmiyyətlidir?
***
Tənhalıq elə bir dərddir ki,hamını qovar,yapışar insanın
boğazından.Paltarlarınız əyninizi sıxar,eviniz
ruhunuzu.Dünya bomboz rəngə bürünər və qulağınıza payız
melanxoliyasının soyuq ürpərtiləri nəsə pıçıldayar.Kiml
ərinsə geri dönməsindən əlinizi üzərsiniz və tənhalığın o
ucsuz-bucaqsız dəryasında batıb gedərsiniz.Qüvvəsiz
olarsınız,eynilə mənim yulğun ağacına bağlanmış toppuş
balaca küçüyüm kimi.Ya sizi real çaqqallar,ya da tənhalığın
yaratdığı ruhi çaqqallar parçalayacaq.
***
O sənin hesab oluna,amma sənin olmaya.Bəlkə
də,dünyanın ən böyük bədbəxtliyi budur.
***
Leyli...Hər kəsin itirdiyi bir Leylisi var.Kiminin
dünya,kiminin pul,var-dövlət,kiminin qadın,kiminin şöhrət
və sair.Hər kəsin bir Leylisi var.Hər kəs öz Leylisinin
ardıncadır.Məcnun öz Leylisinin,mən öz Leylimin.Dərrakəsi
yüksək ağıl sahiblərinin isə bir Leylisi var ki,o da Allahdır.
***
Bədənini ört,amma əvvəlcə ruhunun başını bağla.
***
Bəli,bəzi gözəlliklər qapalı olduqda daha cazibədardır.İndi
mən hicab bağlayandan sonra saçlarımın gözəlliyinin
fərqinə varmışdım.Onları heç kəs görmürdü.
***
Məncə,hicab Allahın qadına etdiyi ən gözəl yaxşılıqlardan
biridir.
***
Qərarsızlıq ən pis şeydir-ən pis! Özünü öldürmək belə ən
pis halda bir qərardır.
***
Tərk edilmiş küçük hissi məni artıq tərk etmişdi.Mən azad
idim,insanın azdlığı malik olduğu maddiyyatın sərhədləri ilə
çərçivələndikcə ruhu zindanda olur...Mən azad idim...
***
Ətrafın minlərlə insan qaynaşır,amma sən kütlə içində bir
Robinzon Kruzosan.Bax onda mən ilan kimi qabıq
qoydum.Düşdüyüm şəraitə uyğunlaşdım,buqələmun
oldum.Balalarımı buqələmun etdim.....
Ulviyye xanım,romandakı bütün sözlər,bütün cümlələr
maraqlı,dəyərli idi.Mən ən çox sevdiklərimi paylaşmaqdan
özümü saxlaya bilmədim. Əllərinizə,ürəyinizə
sağlıq.Təbrik və təşəkkür edirəm Davamı gəlsin
,inşallah.
Ülviyye Mustafayeva
17.10.2015 17:22
Ülviyyə Tahir
Sonuncu Demirova Fexrendeye mexsusdu
Ülviyyə Tahir
17.10.2015 17:23

Ülviyyə Tahir
Kitabı aldığım 1 saat olar hardasa artıq yarısını vərəqləmişəm oxuduqca oxuyub bitirməyə çalışır insan.Möhtəşəmdir,fantastik dərəcədə əladı deyə bilmərəm lakin oxumağı məsləhət bilirəm çünki real cəmiyyətimizin real problemlərini gözəl ərz edib. Bakıda yaşayıb əsərlərində Paris küçələrinin keks qoxulu günlərindən yazmayıb ən çoxda bunu sevdim.
PS: Parkda gözəl hava var .
Bünyamin Mehemmedli
Ülviyyə Tahir
17.10.2015 17:24
Ülviyye Mustafayeva

Dünən axşam Ulviyye Tahirin "Buqələmun" əsərini oxumağa başladım, yuxu imkan versəydi elə dünən gecə bitirəcəkdim amma təəssüflə ardını səhərə saxlayıb yatdım, bu gün isə səhər ilk işim əsəri oxuyub bitirmək oldu. Son zamanlarda bu cür tez kitab oxuduğumu xatırlamıram,  əsər çox axıcı və maraqlıdır. Xüsusilə dini baxışları və kimsənin xətrinə dəyməyəcək şəkildə təbliğ üsulu mənə xoş təsir bağışladı. Gənclər üçün(həm ailəlilər həm də subaylar) daha çox faydalı ola biləcəyini düşünürəm, ibrətamiz nəsihətlər və hadisələr çoxdu əsərdə. Ən əsası əsəri oxuyarkən elə bilirsən ki, sanki çox səmimi və mehriban bir xanım özü nəql edir sənə bu hadisələri. Bəyənmədiyim tərəfləri də var əlbəttə, məsələn sonluğunu heç bəyənmədim sanki yarımçıq qaldı əsər (bəlkə də bitməyini istəmirdim ona görə), gərək bir az da davam edəydi. Bir də adını bu əsərə görə çox sadə gördüm, mənim fikrimcə bu cür gözəl əsəri yazan xanım gərək bu əsərə elə ad seçəydi ki, mağazada kitabların arasında dərhal diqqəti cəlb edəydi. Nə yaxşı ki, bu kitabı oxudum, daha çox rəy yaza bilərəm amma məncə bu qədər kifayətdi, məncə oxusaz peşman olmazsız. Təşəkkürlər, Ülviyyə xanım.
Elçin Hesenov
Ülviyyə Tahir
17.10.2015 17:26


Ülviyyə Tahir
#qisamezmun Buqelemun...    ilk defe  elfecin kimi gormusdum, bunu mutleq oxumaq isteyirem bunu al da yoldaşıma deyende gulub hele capdan çıxmayib dedi, parlaq imzlarin paylasma reklaminda hədiyyə olaraq evimize geldi 2 gun once,,  cox heyecanliyam oxuyub bitirmək isteyirem, amma , nəhayət oxuyuram, birnefese oxuyub bitire bilerem, sadece bitirmək istemediyim ucun  seriallar maraqli yerlerde biten kimi bitirib  oxumaq hezzimi uzatmaq istəyirəm alinmir, kitab meni ozünə cekir cumleler axicidir, romandaki qadinin hisleri o qeder gozel veriib ki. Orada muellimeden behs edilir  oz müəlliməm Aybeniz xanimi xatiladim, eslinde her kəsin 1 muellime ehtiyaci vardir,
Sahin eclafdir sozun esl menasinda,  oz xosbext ailesini dağıdıb nefsi isteklerin ardinca geden ailesini bir manatsiz kucede qoyan tipik azəri kisisi, yaxsiki xoşqədəm de var bu cur kişilər ne qeder cox imis ilahi,,, həyat yoldaşına 2 medeni insan kimi ayrilaq deyib qadinin mende ere gederem sözündən hiddetlenib arvadini bogmaq derecesine catan vehsi canavar, oz tehsiline savadına guven Ofeliyanin mafia söhbətlərinə inanmasi kagizlara qol çəkməsi eslinde onu gosterir ki ey insan cox da ozune güvənmə guvenmeki sen savadlı agillisan bezen ele meqam catar ki  ele cahilcesine inanarsan ki ele cahilcesine hereket edersen ki,,,
Romanda ince meqamlar coxdur ofanin psixoloq ilə sohbeti, 35 yas sindromu, Sevdanin nece deyismesi 'leyli'sini tapmasi  nece yaxsi refiqe olmasi,, ofeliyanin sahini nece sevmesi,,,
lakin, eger ofeliya sahini sakitce buraxsaydi ,haminin dediyi kimi gedeni saxlamazlar , belke də bunlar olmayacqdi, bəlkəe yasamaq ucun bu qeder əziyyət cekmeyecekdi amma belkede Allahı tapa bilməyəcəkdi,
kitabı xususile kisilerin oxumasini isteyirem oxusunlar qadınlara yaşatdıqları iztirabi eziyyeti onları doyukde qadının neler yasamasini hec olmasa oxuyub basa düşsünlər isteyirem,
Sahinin basina gelenleri bu tezlikle cəzasını almasini gorub umidsizliye dusmeyin əziz qadinlar her pisliyin tekce bu dunyada cezasi yoxdur,,,,
uZun oldu biraz,
Deyerli yazar Ulviyye Tahir qələmiinze  quvvet ugurlariniz daimi olsun,
Ilâhe Vahid

Ülviyyə Tahir
17.10.2015 17:28
Ülviyyə Tahir
2 günə bitirdim əsəri.Üz qabığından və əsərin adından az-çox "Buqələmun"un nə məna verəcəyini təxmin etmişdim,ama belə aydın təsviri ,axıcılıq adamı öz həyatından alıb 2günlük əsərlə yaşatmağı bacardı.
Ailə həyatının nə olduğunu bilməsəm də,kənardan izləməklə şahid olduqlarıma əsasən mövzu məni və bəlkə də keçmiş,indi və gələcək qadınların çoxunun yaralı yeridi. Niyə hər zaman belə olub və niyə belə olur qadınlarımızla? bu suallar həmişə narahat edib məni və bu narahatçılığıma qələmə aldığınız romanla su səpmiş oldunuz,qələminizə qüvvət Ulviyye Tahir və həyatda bu halla qarşılaşan,ama  səbrlə,mübarizliyi ilə,sonda isə böyük ürək sahibi olaraq etdiyi "əfv"ilə bizə həyat dərsi verən analarımıza,nənələrimizə,bacılarımıza Allahdan böyük mükafat bəxş etməsini diləyirəm İnşaAllah,bu haldan siğortalanmamışıq çox təəssüf. Kişilər üçünsə ibrət dolu bir kitabdır!
"Mən Nigarı oradan götürüb uzaqlaşanda anladım ki,keçmişini,xatirələrini başqalarının əlinə verib yandırılmağa imkan verən biri ən qeyrətsiz adamdır!"

Ülviyyə Tahir
17.10.2015 17:28
Ülviyyə Tahir
Gülnar Verdiyeva
Ülviyye Mustafayeva
17.10.2015 17:41
Ülviyyə Tahir
#Buqalemun
Sonunda oxuyub bitirdim Buqalemunu . Bu zamana qeder oxuduqlarim icinde en agir ve oxduduqca zaman-zaman ozume sual verdiyim,meni derinden duwunduren bele bir eser qehramani olmamiwdi. "Ofelya" meni cox duwundurdu. Goresen onun yerinde olsam nece hereket ederem,nece munasibet gostererem deye cox duwundum. Amma qalib gelen menim fikirlerim oldu. Esla ve esla Ofelya qeder fedekarliq ede bilmerem. Etmeyi bele duwunmerem. Cunki lazimsiz fedakarliq ozune ve hisslerine suiqestden bawqa biwey deyil.Eserde Sevdanin Ofelyaya unvanladigi gozel bir sozu var , "Men doyuwun nezeriyyesin oxuyuram,sen ise rinqdeki doyuwcusen..." Belke de kenardan izleyici olaraq soz demeyim bele rahat qerar vermeyime werait yaradir.Rinqde doyuwcu olsam her halda cetinlik cekerem qerarlarimda. Amma duwunce terzim,tefekkurum Ofelyanin evvelden buraxdiqlari sehvleri qebul ede bilmir. Men xanimlarimizi o xarakterde gormek istemirem, O sehvleri tekrarlayib heyatlarini puc etmesini istemirem. Oxuduqca qeribe ehvalda oldum. Eslinde bir cox kiwiler ucun ibretlik bir movzudur. Yeni aileni bir hec ugruna atacaqsansa ,bir hec olaraq da ortada qalacaqsan. Amma o hedde gelmemesi biz xanimlardan asilidir. Wahinin mawini saxlayib Ofelyaya hayqiraraq dedikleri sozlerle tam raziyam. Eger o bir defe Soruwmagi secseydi bu hadiseler bele olmazdi. Amma Ofelya uwaq,ev,iw deyerek heyat yoldawin gormurdu bele. Bizim xanimlarin da en boyuk yanliwi ele budur. Eslinde eserde cox gozel meqamlara da yer verilib. Yazdiqca bitirmek olmaz. Sadece men oxuyub bitirerken meni narahat eden bu meseleleri yazmaq istedim. Ulviyye xanima da yaradiciliginda ugurlar arzu edirem. Ve qeleminin murekkebi,klaviaturasinin klaviwleri daha nece zehinleri mewgul edib duwundursun inwallah 😊 Ugurlar !
Lale Kerimi
Ülviyye Tahir
17.10.2015 17:43
Ülviyye Tahir
Buqələmun
iki günə başlayıb bitirdiyim əsər...iki günə məni bitirən əsər...iki günə,insanı haldan hala salan əsər....və Allahın yanına qədər səni aparan əsər...
əsərin müəllifinin xüsusi ustalıqları...
Şahin,bir vəkildi,amma təəccüblü burasındadıki,vəkil olan birisi boşanma işlərini çox apardığına görə ona ikrah hissiylə yanaşmalıydı,amma boşanma onunçun adiləşmişdi,yəni bunu yazar xüsusi ustalıqla bacarmışdı...
bir də eyni vaxtda baş verən hadisələr,yəni əsər bir hadisə ilə davam etsəydi oxumayıb yarıda qoyacaqdım,o qədər olub ki,yarımçıq kitablar saxlamışam...Amma bu dəfə tam başqa oldu,qərb təfəkkürlü bir xanımın Allahı necə tapması yazarın peşəkarlığından irəli gəlir.
bir də diqqətimi özünə çəkən yer,problemli bir xanıma nəsihət edən rəfiqəsi öz müəllimdən danışır.və iki inanclı insan problemli xanımı Allaha dəvət edir.Burda müəllif üç yerə bölünür:problemli xanım,onun rəfiqəsi,rəfiqəsinin müəlliməsi...doğurdan da bir şəxsin üçə bölünməsi və üç müxtəlif rolu,bir birinə oxşamadan ifa etməsi,bu da müəllifin uğurudur.Ən maraqlısı müəlliməni tələbədən daha savadlı göstərə bilməsidi.yəni tələbənin verdiyi nəsihətlərdən daha tutarlı nəsihətləri müəllimənin dilindən verir.bir insanın bunları etməsi,yəni müxtəlif qəhrəmanları bir-birindən fərqləndirə bilməsi xüsusi bacarıqdı.
əsərin axıcılıqı imkan verdiki iki sutkadan artıq vaxtım getmədi,əsəri bitirməyə.Sona qədər gizliliyini saxlaya bilən əsərdi.Hətta dəfələrnən növbətti səhifələrə gözucu baxmaq istədim,amma yazara və kitaba hörmətsizlik etməkdən çəkindim.Yalnız bir dəfə sonuncu səhifəyə baxdım,amma tez qayıtdım qaldığışm yerə.Buna görə Ulviyye xanımdan və kitabdan üzr istəyirəm.
sadə dildə yazılıb,bax bu da xüsusi peşəkarlıqdı,yəni hansısa roman qəhrəmanlarından misal vurmaqla fikir dağınıqlığı yaratmayıb,bir iki yer istisna.o da sadə bir şeydi.
başqa romanların yazarlarını tənqid etmək fikirim yoxdu,amma yazılarında başqa əsərlərdən misal vuranlar çox zəyif yazarlardı məni düşüncəmdə.
Ulviyye xanım,sizə uğurlar,gözəl anlar yaşatdıqınız üçün  minnətdaram sizə
Behruz Xelil
Ülviyyə Tahir
17.10.2015 17:44


Ülviyye Tahir
Dünən kitabı bitirəndə, saatın əqrəbləri gecə saat 3-ün ətrafında dövrə vururdu. Həqiqətən bu kitab insana özünü cəzb etdirməyi, sevdirməyi yaxşı bacarır. Müəllifin incə zövqlə seçdiyi sadə, ürəyə yatımlı sözləri kitabın sol hissəsindəki vərəqlərin artmasına kifayət edirdi. Qadının daxili aləmini kiçik detalına qədər qüsursuzca oxucuya çatdırmağı bacaran insana xüsusi təşəkkürümü bildirirəm! Bu kitab mənə çox şey öyrətdi. Həyata baxış bucağımı genişləndirdi. Aqnoist birinin dinə gələrək depressiyadan qurtulması, özünü təsəlli etməsi də qabardılmış bir şey deyil. Psixoloqlar da eyni fikirdədir. İnsan iki yolla depressiyadan qurtula bilər. Ya psixoloji dəstək alaraq, ya da dinə gələrək. Bu kitabda çox həqiqət əks olunmuşdu. Hz Xızır və Hz Musa peyğəmbərin əhvalatını eşitmişim. Lakin kitabın elə bir yerində bu əhvalat əks olunmuşdu ki, bir neçə dəqiqəliyinə kitabdan ayrılıb, sözün təsirindən yaxa qurtarmağa çalışdım. Elə bil bu məsəli ilk dəfəydi eşidirim.
Yazıçının müşahidə qabliyyəti güclüdür. Sivil insanın əsəbləşəndə, qeyri sivil davranması çox gözəl və olduğu kimi vurğulanmışdı. Bir də yazıçının dinə bağlı olması insana bir ayrı zövq verirdi mütaliə zamanı. 😊 Bu xanım bir daha göstərdi ki, din uğura məhdudiyyət qoymur, azadlığını əlindən almır! Özünü azad hiss edən, lakin azadlığı başqa şeylərdə görən insanların (xüsusəndə, xanımların), dini, din nümayəndələrini məsxərəyə qoyan, onları bəyənməyən insanların üzünə vurulan bir şilləydi bu kitab! 😊
Bu kitabla bağlı təəssuratlarım daha çox idi, amma sözlə ifadə olunmazdır 😊
Ulviyye xanım, Azərbaycanın sizin kimi yaçılara ehtiyacı var. Qələminiz iti, uğurlarınız bol olsun! Səbrsizliklə yeni çıxacaq kitabınızı gözləyirik. İnşallah bizi çox intizarda saxlamazsınız. ☺☺
Elçin Rzayev
Görüldü (17 Ekim)

5.09.2016

Buqələmun olmayaq

Sovet dönəmində müsəlmanlar İslam əqidəsindən hansı təbliğat vasitələri ilə uzaqlaşdırılırdısa, indiki məqamda da uzaqlaşmış nəsli təxminən eyni üsullarla dinə gətirməyə səy göstərilməlidir. Yəni, incəsənət, bədii yaradıcılıq vasitələri və s. ilə.

Bu mülahizələri hələ 90-cı illərin əvvəlində ictimaiyyətə təqdim edə bildiyim bədii və publisistik yazılarımda irəli sürmüşdüm. Çünki dinsiz kamillik ola bilməz. Din isə əqidə-yəni YARADANIN  buyurduğu həyat tərzidir. Mənə necə yaşamağı, Ç.Darvin, K.Marks, F.Engels,V.Lenin, İ.Stalin, M.Qorbaçov diqtə edə bilməz! Çünki məni onlar yox, O yaradıb. Yalnız YARADAN bilir ki, ONUN yaratdıqları necə yaşamalıdır.

Azərbaycan insanının mənəviyyatla ögey münasibəti heç vaxt indiki kimi olmayıb! Kənar təsirlər (şeytan yuvaları) hazırda dünyanın zəngin təbii ehtiyatları olan, əsasən də müsəlman ölkələrini  daxilən parçalamaqla istədiklərinə nail olmaq ərəfəsindədirlər. Bu şəraitdə  ÖZÜNÜvə YARADANINI tanımaq qədər zəruri məsələ görünmür. Əlbəttə, agah insanlar üçün.
                      
Tanınmış  naşir Nurman Tariq dünən mənə "Buqələmun" romanını  bağışladı, oxuyub bitirdiyim kitab haqqında bu gün isti-isti bəzi mülahizələrimi yazmaq qərarına gəldim. İstedadlı müəllif, xanım Ülviyyə Tahirlə də yəqin şəxsi tanışlığım olacaq və inşallah, daha ətraflı danışmağa şərait yaranacaq.

Müəllif gözəl bilir ki, insanların dünyagörüşü, əqidəsi çox hallarda səpələnmiş dənələrdir və bu dənələri yığıb bir əqidə sapına (indiki halda İSLAM mizanına ) düzmək vacibdir. Müəllif bu işi bir ailənin timsalında, birbaşa diqtədən çəkinməklə, asta-asta, tələsmədən, hövsələ ilə, şəxsi həyatını nəql edirmiş kimi təqdim edir. Romanda NƏFS adı heç çəkilməsə də, nəfsin törətdiyi faciə açıqlanır. Çünki İslam Peyğəmbərindən (s) bir qeyri-müsəlman soruşub: "Bütün ümmətlərin bir çatışmayan cəhəti var. Bəs, sənin ümmətinin çatışmayan cəhəti nədir?" Peyğəmbərimizin (s) cavabı belə olur: "Nəfs".

Yəqin sual verən şəxs də, biz də anlayırıq ki, nəfs bütün insanlara üz verən bəlaların başında duran səbəblərdəndir, təkcə müsəlman ümmətinə aid deyil. Romanda buqələmun Şahini də nəfs giriftar edib. ALLAHIN sonuncu rəsulunun bircə bu sözü dünya vətəndaşlarını düşünməyə məcbur etməlidir ki, bu kəlməni deyən insan özü kimdir, ədaləti, elmi və digər məziyyətləri nədir ki, onun dediklərinə əməl edilməlidir. Niyə  məhz onun ALLAHDAN  gətirdiyi din qəbul olunmalıdır? Yəni niyə "Buqəlmun" obrazları  üçün (və onun oxucuları üçün )İslam dini etalon qəbul edilməlidir?

Deməsəydiniz ki, "heç rəqəmlərin yeridir"? bir-iki rəqəm gətirərdim: Məhəmməd Peyğəmbər (s) həyatında 27 müharibədə iştirak edib və bu döyüşlərdə yalnız...bir kafir öldürüb! İslamın təbliğinin 23 ilində (10 müharibə ərzində) isə cəmi 203 kafir qətlə yetirilib. Bu savaşlarda cəmi 187 müsəlman şəhid olub.

Müxtəlif məzhəblərdən olan İslam alimlərinin yekun hesablamalarına görə, bu dövrdə şəriət qanunlarına əsasında edamlar və digər hallar da daxil olmaqla ölənlərin sayı cəmi 1 500 nəfərə yaxındır. 

Deməli, Peyğəmbərin (s) təbliğat, ALLAH sözünü insanlara çatdırmaq bacarığı olub, qılınc isə ən sonda işlənib. (İmam Əlinin (ə) Zülfüqarını xatırlayaq). Bəs son iki əsrdə dünyada özünü mədəniyyət, sivilizasiya, demokratiya nümunəsi kimi qələmə verən ölkələr mənim yadımda necə qalıb? Çox üzr istəyib daha bir-iki rəqəm deyəcəm: 

Birinci Dünya savaşında 37 milyon, İkinci Dünya müharibəsində  60 milyon insan həyatını itirib. Bu iki müharibə arasında isə cəmi 30 illik fasilə olub. Fasilədən dərhal sonra iki Yaponiya şəhərinə atılmış iki Amerika bombası 150 min insanın həyatına son qoyub, yüz minlərlə yaponiyalı dinc sakin isə sağalmaz yaralar qazanıb.

İndi deyin, insanlar doğru yaşamaq üçün kimin tövsiyələrinə əsaslanmalıdırlar? 

Beləliklə, mən "Buqələmun"u bir ailənin deyil, bir dünyanın problemi kimi qəbul edirəm və buna görə narahat bir vətəndaş məsuliyyəti ilə qələmə sarınmış Ülviyyə xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram!

                                                                       Şirməmməd Nəzərli

Ağayaq

                                                              
Günəş üfüqdə görünəndə məhəllədə canlanma başladı. Xatti qapını cırmaqlayaraq bayıra çıxmaq istədiyini bildirdi. Sonra çarpayıda ağzıüstə yatan kişiyə nəzər salaraq oturub qulaqlarını salladı. Gözlərinin kənarı ilə döşəmədə uzanıqlı qalmış sahibəsini süzdü. Bir gün öncə Xattini sığallayan əli qanın içində idi. Hissiz bədəni və yarıaçıq gözləri Xattidə ümidsizlik yaradırdı. Bütün gecə onu iyləyib ətrafında dolanmışdı. İsti qan qoxusu burnunu qıcıqlandırmış və onu dəhşətə boğmuşdu. Yerindən qalxıb qabaq ayaqlarını yenə pəncərəyə söykədi. Boş məhəllədə ins-cins gözə dəymirdi. Qəfil pəncərədən Ağayağı görən kimi daha əsəbləşdi. Bu pişiyi görən kimi qan beyninə vururdu. Bütün vücudu ilə hiss edirdi ki, bu pişiyin ondan fərqli olaraq azadlığı var. O bu  qapı arxasında belə məhbus həyatı yaşamır. Ağayağın yerişi astalaşmışdı. Xatti başa düşdü ki, yenə məhəlləni bala pişiklər basacaq. Bunu başa düşən kimi bir-iki ağız əsəbi halda hürdü. Onun belə qəfil hürməyi zorla yuxuya getmiş  Şahidi qəfil yuxudan qaldırdı. O hirslə qapını açaraq iti az qala bayıra tulladı. Arxasınca qəzəblə "Get, cəhənnəm ol!  Sən də sahibin kimi vəfasızsan"-deyə qışqırdı.
                Xatti ilanın ağzından qurtulmuş qurbağa kimi özünü dar dalana atdı. Ağayaq geri çevrilib onu görən kimi yenə divarın üstündəki yerişini pozmadan asta-asta getməyində davam etdi. O divarla yolun arasındakı məsafəni ölçəcək qədər təcrübəyə malik idi. İtin səfehcəsinə onun dalınca düşüb hürməsini laqeyd halda süzürdü. O yer tapmalı idi. İndi martın soyuq küləyi şiddətləndikcə onu narahat edən yeganə məsələ təhlükəsiz və isti yer idi. Dünəndən məhəllədəki bütün həyətləri dolaşırdı. Hələ bir nəticə əldə etməmişdi. Qarnı ağırlaşırdı.
                Əminə sancıdan qıvrılırdı. Gecədən başlamışdı ağrılar. Belə olacağını əlinin içi kimi bilirdi. Həkim ona xəbərdarlıq etmişdi. Artıq neçənçi dəfə idi ki, bu hərəkətə yol verirdi. Özünü bağışlaya bilmirdi. Hər dəfə and içirdi, amma yenə edirdi. “Hamısının günahı o əclafdadı” -deyib ovuclarını elə sıxdı ki, dırnaqları ətinə batdı. Ona lazımdı, lazım idi bu həngamə. "İtoğlu, itoğlu"- deyə inildədi. Birtəhər ayağa qalxıb pəncərəyə doğru irəlilədi. Günəşin solğun şüaları dar dalanı yavaş-yavaş işıqlandırırdı. Qəfil dalanda Xattinin qaçdığını gördü. Məhəttəl qaldı, axı Sevda iti belə tezdən buraxmazdı. Sonra Sevdanın bir neçə gün əvvəl ona dediyi sözləri xatırladı:
"Əminə, o inanmır ki, yeddi ildən sonra övladımız ola bilər. Hey dirəşir ki, onun uşağı ola bilməz. Rusiyada hansısa axmaq həkim ona deyib ki, sənin uşağın ola bilməz. Elə hey deyir ki, kimdəndi?  İlahi mən nə edəcəm. Deyirəm elm var gedərik,  DNK testi edərsən, görərsən öz uşağındı.  Xeyri yoxdu, başı xarab olub elə  bil."
Əminə "Ay qız get rədd elətdir. Soruşsa deyersən ki, səhv başa düşmüşəm. Pahh lazımdı elə bu xeyrisizlərdən bizə uşaq"-dediyini xatırladı. "Hə də, lazım döyül, döyül." deyə o yumruğunu pəncərəyə döyəclədi.
                Elşad yorğun "gecə növbəsindən"dönürdü. İllərdi dəmir yollarında çalışırdı. İndi üç gün idi ki, yalandan gedib ətrafda dolanıb gəlirdi. Evdə necə deyəcəkdi ki, işdən çıxarılmışam.  Elşad hər dəfə bu barədə düşünəndə  dəhşətə gəlirdi.  Onu  işini itirməkdən daha çox  arvadı narahat edirdi. Bütün günü güzərandan, pulsuzluqdan şikayətlənən arvadı onun az maaşına qane olmaq istəmirdi. Bütün günü qonşulara bax, bacıma bax,  əli çatan və çatmayan insanları nümunə gətirməkdən yorulmurdu. İndi yorğun ayaqlarını arxasınca sürüyərkən yeganə istədiyi şey sakit ev və çarpayı idi.
                Ağayaq divarın üstü ilə getməkdən sıxılaraq  atılıb ən yaxındakı evin damına düşdü. Qarnının ağırlığı onu aşağı sürüklədi. Elə onda yağışdan və parlaq günəşin kövrəkləşdiyi şifer qırıldı və Ağayaq içəri yuvarlandı. Miyoldayaraq ətrafa baxdı. Parlaq gözlərini sürətlə ətrafa gəzdirərək baxdı. Düşdüyü yer taxta döşəmə idi. İsti hava dalğası ayaqlarının arasından burularaq qarnını oxşadı. Zövqlə taxtanın üzərində uzanıb gərnəşdi. Qulaqlarının  şəkləyib diqqətlə dinlədi. Bir qadının uşağına laylay dediyini fərq etdi. Elə həmin melodiyanın və istinin təsiri ilə xumarlandı. Ürəklə yuxuya getdi. Bura onun axtardığı yer idi.
                Əminə onu dalandan dönəndə gördü.  Stula çöküb Elşadın içəri girməyini gözlədi. Qapı çırıldayıb aralandı. Rütubətdən nəmişlik qoxuyan bu ev Elşad üçün bu an elə əziz göründü ki, Əminənin üzünə baxmadan birbaşa yataq otağına keçdi. Elə çarpayıda  büzüşmək istəyəndə yataqda ləkələri gördü.
-Yenəmi?- deyə halsız qışqırdı.
- Hə yenə.-Əminə bütün enerjisi ilə qışqırdı.
- Sən nə qədər murdar qadınsan. Sənin yerin cəhənnəmdir, bilirsən cəhənnəm.
- İkimiz birlikdə gedəcəyik.
- Mənim cəhənnəmim bu dünyada sən oldun. Sən məni ata olmaqdan məhrum etdi.- Elşad  inildəyərək dedi.
- Sənin altında xarici maşın oldu, yönlü maaşın oldu mən doğmadım?! Dünən Səməd dedi ki, işdən çıxarılmısan. Guya gecə haralardasa sülənməklə məni aldadacaqsan. Sənin yalana gücün çatır, mənim dərmana.
- Allah sənə lənət etsin. Heç olmasa doğmaq fikrin yoxdur, onları qarnında öldürmə. Nə olar bu evi qəssabxanaya çevirmə.
Əminə yeni hücuma keçmək istəyirdi ki,  çöldə qəfil qışqırtı eşıdıldı.  Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Xattinin bir qadının üstünə cumduğunu, qadının isə dar dalanda küncə sıxılaraq tir-tir əsdiyini gördü.
                Xatti Ağayağın ardınca düşüb divar bitənə qədər getdi. Sonra pişiyin evin damına tullandığını gördükdə onu izləməyin mənasızlığını anlayıb dalan boyunca getməyə davam etdi. Ac idi. Sahibəsi onu indiyə kimi bu qədər tək qoymamışdı. Ağır addımlarla dalanın sonuna kimi getdi. Əminəgilin evinin yanına çatanda dayandı. Bu evi heç sevməzdi. Kif göbələyi qoxusu verən divarların o tayında qarğışdan başqa bir söz eşitdiyini xatırlamırdı. Qəfil dalanın o başından gələn qadını fərq etdi. Bu qadını tanıyırdı. Sahibəsi ona bir -iki dəfə iynə vurmuşdu. Bir ümidlə qadının üstünə yüyürdü. Elə bildi ki, ona sahibəsinin başına gələnləri anlada biləcək.
                Qadın qışqırırdı. Əminə birtəhər küçəyə çıxıb Sevdanın ərini səslədi. Lakin səsə heç bir reaksiya verilmədiyini gördükdə yaxınlaşıb qapını döydü. İkinci cəhdən sonra nəhayət qapı açıldı. Əminə üzü -gözü şişmiş adamı görəndə səksəndi. Qapının aralı qalmış yerindən Sevdanın döşəmədə yatdığını və ətrafın qan olduğunu gördü. Dəhşətə düşərək özündən asılı olmadan kəkələdi
-Xatti , qadın, qorxur gəlin qoymayın-deyib oradan var qüvvəsi ilə aralanmağa çalışdı.
Kişi qapını azca aralı qoyub döşəməyə əyildi. Əminə onun bıçağa tərəf əyildiyini görüb oradan götürüldü. Qaçdıqca ona elə gəlirdi ki,  hər an kürəyinə bıçaq saplana bilər. O dalanı burulub evin qapısına çatmışdı ki, Xattinin zingildəyərək torpğa yapşdığını gördü. Bıçaq boynuna saplanmışdı. Küncə qısılmış qadın bu mənzərədən daha da dəhşətə düşərək qışıqırıb qaçmağa başladı.
                Bir saat sonra Sevdanın cəsədini morqa, Xattinin meyidini zibilliyə apardılar. Evi kirayə vermiş Sabir kişi Sevdagilin iti də evdə saxladığını bildikdə evin elə həmin gün taxtalarını sökdürdü.
                Əminə xəstəxanadan gəlib tövbə etməklə məşğul idi. Amma bunu dəqiq bilirdi ki, Elşadı bu rütubətli evdə ata etməyəcək.
                Ağayağın beş dənə özü kimi qara, ayaqları ağ balası olmuşdu. Onları yalamaqdan doymurdu. Aşağı otaqlardan qalxan laylay səsi onu və balalarını yuxuya vermişdi.


5.05.2016

Susmaq haqqınız var

Bir autizmli uşağa “Kitab nədir?” sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi
İslaminSesi üçün

Söz... Sözlərin birlikdə toplanıb yaratdığı cümlələr. Cümlələrin mətnə çevrilməsi, mətnlərin kitab olması. Gözlərimi açıb dünyanı dərk edəndən bəri sözün necə böyük qüvvəyə malik olduğunu anladım. Danışdığım sözlərin lehimə və ya əleyhimə işlədiyi zaman anladım ki,insan övladı danışdığı sözlər qədərdir. Sonra 90-ci illərdə bum yaşayan Amerika filmlərindən bu cümləni yaddaşımın bir bucağına yazdım: "Sizin susmaq haqqınız var. Dediyiniz hər bir söz sizin əleyhinizə çevrilə bilər" Və mən susdum. Sükutum yalnız mən ədəbiyyata gələrkən pozuldu. Mən yazaraq deyil, oxuyaraq sükutu poza biləcəyimi anladım. O zaman anladım ki, insan övladı binaları dağıda bilər, şəhərləri yox edə bilər, illərlə müharibələr edə bilər, amma sözü məhv edə bilməz.
Söz... Bir autizmli uşağa "Kitab nədir?" sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi. Bəli, mən sözlərin qanadından yapışaraq fərqli zamanlara uçdum. Alisa olub möcüzələr diyarına getdim, Kozetta kimi divarın dibində ağladım, Fantina kimi dişimi satıb övladıma pul gətirdim. Uşaq ağlımla anladım ki, həyat daim xeyir və şərin- Tenadyelərlə Jan Valyanların mübarizəsindən ibarətdi. Sizə sözdən niyə bəhs edim ki?! Sözlər insanı qanadlandıra da bilər, qanadlarını qıra da bilər...
Söz... Bu yaxınlarda "Fransız suitası" filmini izlədim. Mənə "Tısbağalar da uça bilir" filmindən sonra ikinci təsir edən bir sənət əsəri oldu. Kann film festivalı lauriatı olan bu filmin sonunda öyrəndim ki, yazar bir qadın imiş. Bütün hislərini sözə çevirən bu qadın alman əsir düşərgələrinin birində ölüb. Amma nə müharibə, nə də baş verən bütün dəhşətlər onun içindəki sevgini öldürə bilməyib. O əsərdə müharibələrin və digər dəhşətlərin insanı (bir daha qeyd edirəm: insanı) dəyişdirməyəcəyini israrla müdafiə edib.
Söz... Avropa ölkələrində aparılan bir sorğuda məlum olub ki, insanlar Raskolnikovu (Dostoyevski "Cinayət və Cəza") və A.Balkonskini (Hərb və Sülh) daha yaxşı tanıyırlar, nəinki Rusiyanın prezidentini. Bu onu göstərir ki, ədəbiyyat yenə bir addım öndədir. Bütün yazarların məktəbi hesab olunan Dostoyevski və Tolstoy bu gün dünyada hər hansı bir siyasətçinin gördüyü işdən daha çox iş görüblər.
Söz...Keçən həftə Kubada Roma papası və Patriarx Kirill görüşdü. Görüşə min illiyin görüşü adını verdilər. Lakin min il sonra iki fərqli xristian dünyasının uzaq qohum kimi ağızucu görüşməsi heç kəsin diqqətindən yayınmadı. Onlar hər halda tikanlı məftilləri doğrayıb görüşməyə can atan cənubi və şimali azərbaycanlılar deyildilər. Onların görüşünü qısa və kəsə olaraq ədəbiyyat üzərindən izahatını verdilər. Qabriel Qarsia Markes sayağı dedilər. Kubanı və aeroportdakı görüşü magik realizmlə izah etdi dünyanın ən tanınmış politoloqları. Kubanı ötəri yer, aeroportu yol ayrıcı kimi simvollaşdırdılar. Siz hələ də ədəbiyyatın rolunu inkar etmək niyyətdinsiz?

Cümlə... İngiltərə, Rusiyanı Suriyada dinc əhalini və məskənləri bombaladığını söylədi. Mənbəyini soruşdu jurnalistlər. İngilis nümayəndə öz soyuqqanlı baxışlarını onlara dikərək: "Mənbəyi açıqlaya bilmərik"- deyə cavabladı. Rusiya isə buna belə reaksiya verdi: "Harri Potter" və "Üzüklərin əfəndisi" İngiltərə sərhədləri daxilində meydana çıxmış əsərlərdir. Onların fantaziyasından şübhə etmək olmaz-dedi. O cümlələri oxuiarkən mən L. Tolstoy realizminin J.Rouling fantaziyasına qalib olduğunu gördüm. Mən siyasətin ədəbiyyatsız ola bilməyəcəyini anladım.
Mətn... Umberto Eko dünyasını dəyişdi. Mən onun 84 yaşının olduğunu bilmirdim.Mən hələ də elə bilirdim ki, Umberto Eko kimi adamlar ölmürlər. Onun kimi adamların ümumiyyətlə ölmək haqları olmadığını düşünmüşəm. Hələ də gizli-gizli ümid edirdim ki, onunla nə vaxtsa görüşmək şansım olacaq. Onun fəlsəfə qoxuyan mətnlərinə sarılaraq onun necə antisemit ədəbiyyat yaratdığına və elə bir zəkanın Nobel almadan ölə biləcəyinə inanmadım. Halbuki dünyanın bizim arzularımızı reallaşdıran bir yer olmadığnı çox gözəl bilirəm...
Kitab... Dünyada heç bir qüvvənin qarşısında dura bilmədiyi söz ordusudur kitab. Müharibələrdən güclü, insanlardan uzun ömürlü, əbədilik təravəti saçan kitablar. Onlar yalnız qiymətli olduqları üçün deyil, onları qiymətləndirən insanlar var olduğu üçün bu gün mövcuddurlar. Əgər sabah bəşəriyyəti kamillikdən uzaq tutmaq istəyiriksə ilk növbədə ona kitab oxumağı qadağan etməliyik. Kitablar. Bizi keçmişə və gələcəyə bağlayan iplərdir. Bu ipləri mühafizə etmək isə bizim borcumuzdur.

5.02.2016

TOZ DƏNƏCİYİ


                Güllə dəyəndən sonra Akif gözlərini xəstəxanada açdı.  Başını qaldırmağa qüvvəsi yetmədi. Bulanıq baxışlarla ətrafı süzdü. Başının üstündə ağxalatlı bir xanımı güclə sezdi.
                -Ölümdən döndünüz, Akif müəllim- bu onun yenidən dönüş etdiyi həyatda eşitdiyi ilk cümlə oldu.
                On gün sonra evə buraxdılar. Polis rəisi mayor Akif Nağızadə yerirəyərək tərk etdiyi evə xərəkdə döndü. Daha yeriyə bilməyəcəkdi. Yerimək qabiliyyətinin ona geri dönməsi möcüzə hesab olunurdu. Çünki əlli yaşının astanasında onurğa sütunun zədəliyərək böyrəyinin altından keçib qarnına   saplanan güllə ona normal bir gələcək qoyub getməmişdi.
                Akif onun masajı ilə məşğul olanlara əvvəl ümidsiz baxsa da, mübarizəyə başlamağa qərar verdi.
                Uzun uzadı fizioterapiyadan sonra ona əsa verildi. Həyatda bir taxta parçasına bu qədər sevinəcəyini heç vaxt zənn etməzdi. Əsanı sol əli ilə tutmasını tövsiyyə etdilər.
                Bir aprel səhəri ən yaxındakı dükana -150 metri getməyi qərarlaşdırdı. Darvazanı açıb bayıra ilk addımını atdı. Küçə gözünə o qədər böyük göründü ki, onu vahimə basdı. Özündə təsəvvür edə bilmirdi ki, bu 50 ildə bu küçəni necə gedib gəlib. Onun daşından, kəsəyindən xəbəri olmayıb. Bu küçəni neçə dəfə asfatlayıblar, ya neçə dəfə kanalizasiya boruları partlayıb heç vaxt fərqində olmayıb. Getməyə qərarlaşdırdığı dükana isə nə vaxtsa gördüyünü xatırlamadı. Oranın qonşuların nisyə dəftərinin heç nazilmədiyi və daim yalnız çörəyin təzə olduğu məkan olduğunu bilmirdi. O daim küləkli səmtdə torpaqdan qopub havada rəqs edən toz dənəciyi kimi idi. Onun bağrından qopduğu cəmiyyətdən xəbəri yox idi.
                Akif qarişıq düşüncələrlə ilk addımından sonra ikincini atdı. Anladı ki, normal insan kimi addım atmağa qabil deyil.  Dizləri qabağa gəlir,  itələmə qüvvəsi yaradır, sonra taqətsiz ayaqlarını arxasınca sürüyürdü. Beləliklə 150 metrlik məsafəni iki saata qət edə bildi.  Gəlib dükana çatdı. Qapıya söykənib dərindən nəfəs aldı. İçəridən iki qadın səs-səsə verib bir birinə imkan vermədən danışırdı.  Akif diqqətini toplayaraq söhbəti anlamağa çalışdı. Qadının biri borcdan ötrü xahiş edir,  o birisi isə buna etiraz edərək tez qaytarmasını tələb edirdi. İkincinin etirazından sonra borcu gözləməsini xahiş edən qadın qəfil səsini qaldıraraq dəftərə hər şeyi  artıq yazdığını dedi və bu da qarşısındakı qadını tamamilə hövsələdən çıxardı. Akif ilk əvvəl istədi ki, girib bu mübahisəsi gedən borcu bağlasın və bu səs-küy bitsin. Sonra xatırladı ki, çıxarkən arvadı cibinə 20 qəpik qoyub. Birtəhər özündə qüvvədə tapıb plastik qapını aralayıb içəri keçmək istədiyini işarə verdi. Qadınlar onu görən kimi səslərini kəsdilər. Saçları ağarmış solğun xalatlı qadın dükandan çıxıb getdi. Dukanın sahibəsi Validə Akifi görən kimi
-Ay Akif müəllim həmişə ayaq üstdə. Gəlmişdim eyy xəstə olanda yanınıza. İndi niyə əziyyət çəkmisiniz ki, elə uşaqları göndərəydiniz nə lazımdı göndərəydim dana.- Akif nəfəsini dərib ona cavab verənə kimi  - "Düşdün quş həddinə, xoş gəldin qara camaatın sırasına. Titanik batanda varlı da kasıb da birgə qərq oldu. Niyə dünyadan doymur eyy bu insan övladı"- Validə sürətlə beynindən keçirdi.
                -Mənə həkim buyurub, gündəlik müəyyən məsafə qət etməliyəm. Bu ayaqlarımım açılması üçün vacibdir. Hə mənə çörək ver.-cibindən 20 qəpiyi çıxarıb əli tirəyə-titrəyə Validəyə uzatdı. Elə bu zaman gözləri dondurma soyuducusunun üstündəki qalın dəftərə sataşdı. Dəftərdə kobud xətlə müxtəlif insanların adı yazılmışdı. Bu dəftər dükanın divarına vurulmuş iri hərflərə “nisyə mal verimir, üz vurmayın!” yazlmış iri kağız parçası ilə zidiyyət təşkil edirdi. Akif sövq -təbii olaraq dükanı sürətlə nəzərdən keçirdi. Yuxarı vurulmuş kameranın işləımədiyini o dəqiqə anladı. Validə isə sabiq polis rəisinin uzanıqlı əlindəki 20 qəpiyi ehtiyatla süzürdü. Ona çörəyin 30 qəpik olduğunu necə deyəcəyini qərarlaşdıra bilmirdi. Nəhayət “camaata dinmədikcə boynumun ardına mindilər”- fikrinin təhriki ilə
-Akif müəllim çörək 30 qəpikdir. indi verim apar. bura yazaram - gözləri ilə qırışmış kirli dəftərə işarə edərək dedi.
Akif udqunaraq heç nə demədi. Amma ürəyində arvadını bir neçə mərtəbə söyüşlə anandan sonra  başa düşdü ki, daim sürücünün alış veriş etdiyi evdə arvadı da onun kimi çörəyin qiymətini bilmir.
Beləliklə Akifin ilk günki sərgüzəştindən sonra gündəlik müəyyən saatlarda əsasına söykənərək məhəllənin bu başından o başına məsafələri qət etməyə başladı. Hər gün yürüşünə bir metr artırırdı. Məhəllənin divarlarına söykənərək o artıq hər kəsi səsinə görə tanıyırdı. İllərlə qonşularını tanımamışdı. İndi bilirdi ki, Təyyar kreditə aldığı son model avtomobilini sürməyə qıymır. Hər gün işə avtobusla gedib gəlir. Onun arvadı isə o işə gedən kimi çantaları doldurub anasına bacısına pay aparır. Onlardan o tərəfdə qalan iki yaşlı bacı-qardaş iki məhəllə o tərəfdə dükan işlədir. O dükanda müştəridən daha çox qara toppuş milçəklərin və çöl pişiklərin olduğunu da bilirdi. Həm də bunu bilirdi ki, ömrü boyu ailə qurmayan bu bacı qardaşlar çox xəsis həyat sürürlər. Qardaş 2000-ci ildə aldığı o7 markalı maşını heç kəs sürə bilməsin deyə təkərlərini söküb çarpayısının altında saxlayır. O biri qonşu Füzuligildə daim davadır. Kişinin məşuqələri vaxtaşırı gəlib evin xanımını döyür sonra hamılıqla polisə düşürlər. Sonra kişi küçədə hər kəsin görə biləcəyi yerdə arvadının ayağına düşüb əfv diləyir bir daha gedib kiməsə onu alacağını söz verməyəcəyini söz verir. Sonra da da qadın bu etibarsız kişini yenə evə buraxırdı. Halbuki bir ay sonra həmin əhvalatın baş verəcəyini bilirdi.
Qaçqın ailə var tində. bütün dükanlara borclu yaşayırlar. Akif bir dəfə evin divarına söykənib nəfəsini dərmək istəyəndə onların ev tikdirdiyini öyrəndi. Onların qaçqın olmadığını da elə orda öyrəndi.
Cəmilə it saxlayırdı. İtin qoxusu məhəlləyə ayrıca yayılırdı. Əri həmişəki kimi içib əvvəlki arvadının saçlarından danışırdı. Onu boşamasını qəhrəmanlıq dastanı kimi danışır və Cəmiləyə aşiq olduğunu sərxoş halda qışqırırdı. Amma hər kəs bilirdi ki, o öz arvadının xiffətini edir. Nə Cəmiləni, nə də o iti sevmir. Böyrəyindən sancı tutanda Akif o gənc adamın təcili yardım maşınında sayıqlayaraq “Nazilə” deyə çağırdığını da eşitdi. Onda bildi ki, doğurdan da O öz arvadının xiffətini edir.
Səməndər ailəsini Rusiyada atıb gəlmişdi.  İllərdi boş qalmış ata yurdunda bir qadınla yaşayırdı. Akif onların ac olduğunu yox, acgöz olduğunn fərqinə varan kimi dəhşətə gəldi. Onlar məhəlləyə düşən hər hansı bir əşyanı belə sahibini aramadan darvazadan içəri çəkərdilər. Sanki darvazalarından içəridə nəhəng bir dünyasoran var idi. Bütün aləmi udmaq istəyirdilər.
Böyük iki mərtəbəli ağ ev. O evdə sakit bir ailə var idi. Akif o evə çatanda sakitləşirdi. oradan bir ağbənizli bir xanım hər gün uşaqlarını məktəbə aparıb gətirirdi. Baxışlarını heç kəsin üzünə qaldırmazdı. Üzündən səmanın yaz sakitliyi yağan bu gəlin Akifə dünyanı sevdirirdi.
Aşağı qonşu -rütubətli evdə yaşayırlar. Akif bu evin divarına söykənəndə daim həbsxananı xatırlayırdı. O ev bir az ayaqyolu, bir az rütubət, bir kif qoxusu ilə onu oradan itələyərdi. Əynindəki səhv düymələnmiş xalatı ilə insanda daim abırsız fikirlər oyadan ev sahibəsi əri ilə daim dava edirdi. İş, pul, yemək davasının sürdüyü bu evdə Akif işvəli gülüş eşidəndə təccüblənirdi. insanların bir-birlərini bu qədər alçaldıb sonra qucaqlaşması ona çatmırdı. Sonra bir çox fiziki ehtiyacların yalnız xəyalında mövcud olması ilə razılaşaraq alçaldıcı münasibətin elə belə də olmasına təəcüblənməkdən vaz keçirdi.
Akif bu yolları addım addım uzadaraq artıq mikrarayonun ortasına qədər gedə bilirdi. Artıq iflic məğlubiyyət bayrağını qaldırmışdı.
Məhəllənin ac, yoxsul, varlı, xəsis, acgöz, mehriban və bəzən sifətlərə malik insanların siyahısı uzandıqca Akif yenidən dünyaya gəldiyini fərq edirdi. O artıq bilirdi ki, qazın və işığın kəsildiyini öyrənmək üçün xəbərləri dinləməyə ehtiyac yoxdur. Onların hamısını məhəllənin arvadları bilir. 
O artıq dünyanın elə gəzə bildiyin qədər bir yerdən ibarət olduğunu anlamışdı. O mubarizənin sıxıntıdan və zülümdən qaynaqlandığını kəşf etmişdi. 50 yaşından sonra həyatında yeni səhifə açırdı.

O addımlarını atdıqca yenidən yaşamaq eşqi alovlanırdı. O mübarizə aparırdı. Nə əldə edəcəkdi bu yaşdan sonra təqaüdə çıxmış polis rəisi olaraq həyatdan möhkəm yapışmaqla. Toz dənəciyi külək yatandan sonra torpağın bağrına dönürdü...

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...