5.09.2016

Buqələmun olmayaq

Sovet dönəmində müsəlmanlar İslam əqidəsindən hansı təbliğat vasitələri ilə uzaqlaşdırılırdısa, indiki məqamda da uzaqlaşmış nəsli təxminən eyni üsullarla dinə gətirməyə səy göstərilməlidir. Yəni, incəsənət, bədii yaradıcılıq vasitələri və s. ilə.

Bu mülahizələri hələ 90-cı illərin əvvəlində ictimaiyyətə təqdim edə bildiyim bədii və publisistik yazılarımda irəli sürmüşdüm. Çünki dinsiz kamillik ola bilməz. Din isə əqidə-yəni YARADANIN  buyurduğu həyat tərzidir. Mənə necə yaşamağı, Ç.Darvin, K.Marks, F.Engels,V.Lenin, İ.Stalin, M.Qorbaçov diqtə edə bilməz! Çünki məni onlar yox, O yaradıb. Yalnız YARADAN bilir ki, ONUN yaratdıqları necə yaşamalıdır.

Azərbaycan insanının mənəviyyatla ögey münasibəti heç vaxt indiki kimi olmayıb! Kənar təsirlər (şeytan yuvaları) hazırda dünyanın zəngin təbii ehtiyatları olan, əsasən də müsəlman ölkələrini  daxilən parçalamaqla istədiklərinə nail olmaq ərəfəsindədirlər. Bu şəraitdə  ÖZÜNÜvə YARADANINI tanımaq qədər zəruri məsələ görünmür. Əlbəttə, agah insanlar üçün.
                      
Tanınmış  naşir Nurman Tariq dünən mənə "Buqələmun" romanını  bağışladı, oxuyub bitirdiyim kitab haqqında bu gün isti-isti bəzi mülahizələrimi yazmaq qərarına gəldim. İstedadlı müəllif, xanım Ülviyyə Tahirlə də yəqin şəxsi tanışlığım olacaq və inşallah, daha ətraflı danışmağa şərait yaranacaq.

Müəllif gözəl bilir ki, insanların dünyagörüşü, əqidəsi çox hallarda səpələnmiş dənələrdir və bu dənələri yığıb bir əqidə sapına (indiki halda İSLAM mizanına ) düzmək vacibdir. Müəllif bu işi bir ailənin timsalında, birbaşa diqtədən çəkinməklə, asta-asta, tələsmədən, hövsələ ilə, şəxsi həyatını nəql edirmiş kimi təqdim edir. Romanda NƏFS adı heç çəkilməsə də, nəfsin törətdiyi faciə açıqlanır. Çünki İslam Peyğəmbərindən (s) bir qeyri-müsəlman soruşub: "Bütün ümmətlərin bir çatışmayan cəhəti var. Bəs, sənin ümmətinin çatışmayan cəhəti nədir?" Peyğəmbərimizin (s) cavabı belə olur: "Nəfs".

Yəqin sual verən şəxs də, biz də anlayırıq ki, nəfs bütün insanlara üz verən bəlaların başında duran səbəblərdəndir, təkcə müsəlman ümmətinə aid deyil. Romanda buqələmun Şahini də nəfs giriftar edib. ALLAHIN sonuncu rəsulunun bircə bu sözü dünya vətəndaşlarını düşünməyə məcbur etməlidir ki, bu kəlməni deyən insan özü kimdir, ədaləti, elmi və digər məziyyətləri nədir ki, onun dediklərinə əməl edilməlidir. Niyə  məhz onun ALLAHDAN  gətirdiyi din qəbul olunmalıdır? Yəni niyə "Buqəlmun" obrazları  üçün (və onun oxucuları üçün )İslam dini etalon qəbul edilməlidir?

Deməsəydiniz ki, "heç rəqəmlərin yeridir"? bir-iki rəqəm gətirərdim: Məhəmməd Peyğəmbər (s) həyatında 27 müharibədə iştirak edib və bu döyüşlərdə yalnız...bir kafir öldürüb! İslamın təbliğinin 23 ilində (10 müharibə ərzində) isə cəmi 203 kafir qətlə yetirilib. Bu savaşlarda cəmi 187 müsəlman şəhid olub.

Müxtəlif məzhəblərdən olan İslam alimlərinin yekun hesablamalarına görə, bu dövrdə şəriət qanunlarına əsasında edamlar və digər hallar da daxil olmaqla ölənlərin sayı cəmi 1 500 nəfərə yaxındır. 

Deməli, Peyğəmbərin (s) təbliğat, ALLAH sözünü insanlara çatdırmaq bacarığı olub, qılınc isə ən sonda işlənib. (İmam Əlinin (ə) Zülfüqarını xatırlayaq). Bəs son iki əsrdə dünyada özünü mədəniyyət, sivilizasiya, demokratiya nümunəsi kimi qələmə verən ölkələr mənim yadımda necə qalıb? Çox üzr istəyib daha bir-iki rəqəm deyəcəm: 

Birinci Dünya savaşında 37 milyon, İkinci Dünya müharibəsində  60 milyon insan həyatını itirib. Bu iki müharibə arasında isə cəmi 30 illik fasilə olub. Fasilədən dərhal sonra iki Yaponiya şəhərinə atılmış iki Amerika bombası 150 min insanın həyatına son qoyub, yüz minlərlə yaponiyalı dinc sakin isə sağalmaz yaralar qazanıb.

İndi deyin, insanlar doğru yaşamaq üçün kimin tövsiyələrinə əsaslanmalıdırlar? 

Beləliklə, mən "Buqələmun"u bir ailənin deyil, bir dünyanın problemi kimi qəbul edirəm və buna görə narahat bir vətəndaş məsuliyyəti ilə qələmə sarınmış Ülviyyə xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram!

                                                                       Şirməmməd Nəzərli

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...