Bizim
heç vaxt beş nəfərlik şəklimiz olmadı. Atam nənəmdən və babamdan ayıb bilərək
anamla heç vaxt yanaşı durub şəkil çəkdirmədi. Sonra anam yox oldu. Atam anam
olan şəkillərin hamısından onun başını qayçılayıb atdı. Lakin özünün yoxluğu
kimi, anamın bizi qucaqlayan əllərini də bu fotolardan yox edə bilmədi.Elə
burada bitməli idi mənim həyat nağılım.Bəzəksiz-düzəksiz. Amma olmadı.
Hər kəsin
həyatının soundtrackı var. Yoxsulun da, dilənçinin də, məzlumun da. Arada yuxularımda
prezidenti görürəm. Həmişə şaddır. Yəqin həyatının soundtrackı daim şən
melodiyadı. O hər zaman xoşbəxtdi.
Bax, o
gün mən prezidenti düşünmədiyim günlərdən biri idi. Atam anamı stula bağlayıb
döyürdü. Onda mən zirzəminin balaca pəncərəsindən onları görə bilirdim. O, hey
qışqırırdı, anam isə susurdu. Ona cavab vermirdi. İki qonşu o tərəfdə toy
çalınırdı. Yenə, yıxılana qədər içib özlərindən birini müsəlman edəcəkdilər. Amma bu gün yox. Bu gün toydu, sünnət toyu. İkisi
bir yerdə həmişə məni güldürüb. Sünnətin toyu olar?! Bir dəfə müəllimə demişdim
ki, sünnət toyu neçənçi növ təyini söz birləşməsidi? Müəllim məni sinifdən
qovmuşdu. Axı burda nə var ki? Sözlər barədə sual vermək niyə əcaibdi?Sözlər... Məsələn Prezident və
Namaz. Prezident də namaz qıla bilər. Nə bilim, arada fikirləşirəm ki, başqa
planetdən kimsə gəlsə ona bu dünyanı necə izah edə bilərəm? Bu qədər
qarmaqarışıq, bu qədər üryan dünyanı. Əşi, dünyanın nə günahı . Bəlkə dizini
atıb min kərə tövbə edir insana bu qədər planetin içində bircə özünün
qucaq açdığına görə. Amma indi iki qonşu
o tərəfdə toy çalınırdı, atam isə anamı stula bağlayıb döyürdü.
Düz bir həftə idi ki, deyirdilər
Əlisabirgilin on dənə qız abort edəndən sonra qurban sadağa ilə tapdıqları
oğlunun sünnət toyudur. Hamı deyirdi ki,Əlisabirgilin qurbanı qəbul olunub
ki,oğlu oldu.Amma bilmədilər ki,dedikləri qoç qurbanı yoxsa qurban etdikləri
qızlarmı qəbul olunub? Xanımnisə nənə deyir ki, Allah bu aparat çıxardanın
başına yekə daş salsın,eldə-obada qız qoymadı. Deyirdilər toya Üzeyr gələcək.Kənddə
məmə yeyəndən pəpə yeyənə qədər hamını əsməcə tutmuşdu. Əlisabirgilnən
dalaşanlarda toy olana qədər onlarla barışmışdılar. Axı, Üzeyri canlı görəcəkdilər.
İndi Üzeyrin "Mənə lazım da deyil" oxuduqca atam anamı özünə lazım gələcək
qədər yumruqlayırdı. Nəyə nail olacaqdı ki?! Heyvanı döysən unudar, insanı döysən
kini qabarar.
Nənəm deyirdi ki,anam çörək itirəndi.
Bizi burada onun oğlunun pulu saxlayıb. Rusiyətdən zulumla qazanıb göndərdiyi
pullar. Amma özü bilirdi ki, bu mənim vecimə olmadığı qədər, anamın da
düşündüyü məsələ deyil. İndi Atam illərdi evdə olmadığı günlərin hesabını
anamdan soruşurdu.Anam isə belə hesabı soruşa bilməzdi,çünki arvad idi. Atam
anamı döydükcə düşünürdüm ki, görəsən heç atam anamı öpüb? Öpsə də döydüyü qədər
olmazdı yəqin.
Anam həmişə qabarlı əllərini
ovxalaya-ovxalaya deyərdi ki, uşaqlar olandan sonra bu kənddə qadınlıq ölür. Qadınlar
anaya çevrilir ki, bunun da qadın çinsinə
qətiyyən dəxli yoxdu. Ana olmaq elə bir peşədir ki, onun istefası yoxdur. Amma
anam istefa verdi. O gecə yox oldu. Atamın onu bağladığı stulla birgə yox oldu.
Anam yox olandan sonra zaman
ilan oldu süründü keçmək bilmədi. Atam Rusiyadan bir daha qayıtmadı. Nənəmin nəsihətləri
və qaxıncı ilə böyüdüyüm kənddən ayağım yer tutan kimi qaçdım. Xəyyalarımın
ardınca yollanarkən hər şeyin filmlərdə olduğu kimi baş verəcəyini gözləyirdim.
Amma bütün nağılların sonunda üç almanın düşmədiyini mənə söyləməmişdilər. Mənə
çox şeyi söyləməmişdilər. Bunu gec fərq etdim. Mən bütün quruluşların əslində
qadının istismarı ilə məşgul olduğunu, hərənin buna bir cür don geyindirdiyini
anladım. Amma bunları anlayanda artıq gec idi. İnsan yaraladığını sağ buraxmaz,
amma məni sağ buraxdılar. Cəmiyyətin bir şikəsti də mən oldum. Nəhəng bir şəhərdə
neçə milyonun içində tənha,yiyəsiz olmaq!Döyəcəyin qapının,axtara biləcəyin bir
kəsin olmaması. Mən heç sevinmədim ki. Dünyanı rəngli görüb sevinməyə cəhd
etdiyim hər an vurub eynəyimi sındırdılar. Axırıncı şəklim "Azad qadın" heykəlinin
qarşısında oldu. 30 il sonra orada mənim heykəlimi qoyacaqlar, amma tamamilə
başqa bir görkəmdə.
Boz bir aran kəndindən gəlib dənizdə
intihar etmək var imiş qismətdə. Görəsən bu gecə prezident mənu yuxuda görəcək?!
Çətin...
2014 oktyabr.
Hiç yorum yok:
Yorum Gönder