Günəşi
əllərinin üzərində hiss edəndə anladı ki,gün günortanı keçib. Səhra qarşısında
nəhəng bir okean kimi görünürdü. Əslində qarşısındakı məkan dünənə qədər səhra
deyildi. Nəhəng meqapolis olmuş bir şəhərin xarabalığı idi. Dünən bu şəhər
çökmüşdü. Dəniz səhra olmuşdu. O səhradan gələn qum tufanı şəhəri bətnində gizləmişdi.
Yolçu ayağının altındakı dünyadan xəbərsiz halda irəliləyirdi. Ona görüş yeri
vermişdilər. Qolunda saatı, güman etdiyi zaman anlamı yox idi. Zaman nə idi ki?
Bir kəpənəyə üç günlük ömrü bəlkə də yüz il gəlir. Bunu insan haradan bilsin. Bəlkə
də, insanın ömrü kəpənəyə daha qısa gəlir.
Yolçu
irəliləyirdi. Çantasını min illərdi dəyişmirdi.İçərisindən yeməklər bitməzdi. Hər gün inancı qədər yeyərdi.İnanc! Yaddaşının
korşalaşmış bucağında bir körpə
anasından ürəyinin nə boyda olduğunu soruşurdu. Anası "Yumruğun boyda"
deyərdi. Bütün dünyanı qüvvəsi yetdiyi qədər ovcuna yerləşdirməyə çalışardı. Bircə
kəpənək sığardı ora. Yumruğu boyda dünyada Tanrılıq davasına qalxanda, o məsum
körpə yumruğundakı kəpənəklə yoxa çıxdı. İnancı qədər yeməyə başladı.İnancı qədər
ruzi tapmağa başladı. Yaddaşının ən qaranlıq guşəsində nur kimi oranı işıqlandıran Məryəmdən Zəkəriyyə meyvələri
haradan aldığını soruşurdu. O da hər dəfə "Sən Allahın ruzi xəzinəsinə
şübhəmi edirsən?!" deyə cavablayırdı. Bax, onda Zəkəriyyə udqunaraq irilənmiş
gözləri ilə bu zəif qızcığaza baxırdı.İnancı qədər ruzi. Qulağında çınlayırdı mürşidlə
müridinin dialoqu.
"Göyə
ox atıb Allahı arayanmı, yoxsa yediyi ruzinin yarısını bölüb sabaha ruzi
ehtiyatı görənmi daha inanclıdı?"-soruşdu mürşid tələbəsindən. Tələbə
"Sabaha ruzisindən saxlayan"-deyə cavabladı . Mürşid gülümsəyərək"
Allahın sabaha nə planladığından xəbərsiz insanın ruzi ehtiyatı gülünc
deyilmi?! Halbuki göyə ox atan- içindəki şübhələrə cavab axtaran, ibadətini
edib, dünyasını düşünən abiddən daha mömin deyilmi?!... "
Yolçu
irəliləyirdi. Ayağındakı ayaqqabı, əynindəki paltar zamanın əlindən və gözündən uzaq idi. Tənhalığın ona geyindirdiyi
ayrılıq paltarından O şikayətçi deyildi. Əyyubun səbrindən toxunmuşdu onun
paltarı. Əzablarının müqabilində almışdı. Keçdiyi sınaqların və ruhunun böyüklüyünə görə almışdı. Əlini uzatsa
dünya hakimiyyəti ovcunda olardı. Ovcuna sığacaq qədər.Bir kəpənək kimi
çırpınardı ovcunda o hakimiyyət.Lakin Yolçu zamanı tapmaq üçün irəliləyirdi.Zamana
doğru. Çantasındakı ölü balığı üç dənizin qovuşduğu su axarına salıb diriləcəyi
günə qədər gedəcəkdi.
Şəhərlər.
Dənizlər.Yox idi. Dünya bu qədərmi böyük idi? Niyə yeriyib mənzil başına çata
bilmirdi?! Bu sualı qəlbinin dərliyində özündən də gizlətmişdi. Qarşısındakı
düşmən çox güclü idi. Zamanı tapa bilsəydi, o an o düşmən də yoxa çıxacaqdı.
İnsanın içindəki zaman saatı. Və o zaman saatının kəfkirini hərəkətə gətirən nəfs.
İnsanı əjdaha kimi udan o canavar Yolçunu zamanı tapmağa imkan vermirdi. Ta
uzaqlardan eşidirdi Yunusun ayaq səslərini. Allahdan qaçırdı. Bağladığı əhdi
pozub qaçırdı. Bir yazı lövhəsinin qarşısında duran ağbənizli bir qızcığazın qəlbindən
dümağ bir inancı oğurlayırdı qaraqabaq müəllim. İstehza ilə "Bir balinanın
insanı udması qeyri-mümkündü,çünki onların boğazı çox dardı.Bunu elm sübut edib".
-söylədi.Qəlbi dümağ , inancı yumruğu boyda qızcığaz yumruqları ilə göz
yaşlarını silərək "Mən bunu Cənnətdə Allahdan soruşacam"- dedi.
Yolçu
əsasına söykənərək bir insan övladı axtardı. Qalmamışdı. Adəmdən sonra
milyonların atdığı dünya ilə onun qarşısında bir pərdə var idi. Pərdənin o tayındakı insan adlananlar bu
tayda simasız və cansız idilər. İçlərini gəmirən dünya eşqindən sinələrində qəlb
əvəzinə gəmirilmiş qırıntılar var idi.
Yolçunu bürüyən pərdənin o tayında hərbi
təyyarədən açılan atəş, o təyyarəni nəhəng bir kəpənək bilib qaçan uşaqları yerə
sərdi. Biri əlini sinəsindən axan qana batırıb günəşin sarı işıqlarında baxdı.
Ölümü anlamayacaq qədər məsum idi. Qanlı dodaqları ilə"Sizdən Allaha şikayət
edəcəm"deyib gözlərini səmanın al
narıncı rənginə qarışan o nəhəng kəpənəyə dikdi.
Yoruldu.
Oturub çantasını açdı. Bu günkü ruzisini çıxarıb yeməyə başladı. Qarnı tutana qədər
yedi. Axırıncı yediyi nahardan mədəsində heç nə qalmadığına görə yedi. Nəhəng
bir xaçı əlinə alan bir keşiş zamanın hansısa
tayından "Qisas, yürüş" deyə çığırırdı. İsanın torpağını xilas
edəcəkdilər. Tribunadan çığıran o balacaboy "Mənim mübarizəm"- deyə
çığıraraq İsanın qisasını insanlardan alacaqdı. Qarın davası gedirdi idealogiyaların
tumanı altında.Əlini uzatsaydı əgər müqəddəs torpaq davası güdənlərlə müqəddəs
insan uğrunda qan tökənlərin arasında zamanın nə qədər qısa olduğunu görərdi
insanoğlu. Amma bir səlibçi döyüşçüsü kimi
qalxanını asmışdı insan zamanın qapısından. O zaman anlamı dünyagir
insana məxsus idi. Yolçu ora necə daxil olsun ki?!...
Çantasını
yığışdırıb ayağa qalxdı. Qulağına arabir adı uzaq bir qığılcım kimi gələrdi.
Tez sönərdi o qığılcımlar.Harun sarayinda yata bilməyəndə dava etdi ki,sarayin
damında qulağıma gələn tapıllıtılar məni qoymur yatmağa. Qalxıb sarayin damına
baxdılar.Heç nə tapmayanda, Harun özü qalxdı. Eşitdiyi səsin arxasınca
yollandı. Bir adam gördü. Soruşdu "Nə axtarirsan?" Dedi: "Dəvəmi
axtariram." Harun dəvəsini axtaran adamı dəli bildi. "Sarayin damında
dəvəmi olar, insan?" -deyə mat-məhəttəl sual etdi. Adam dönərək-"Pərqu
yataqlarda, zəngin həyatında Allah necə olursa, sənin sarayının damında da dəvə
də elə olur."
Yolçu
irəliləyirdi yenə yorulmadan. Harun yastığa dirsəklənmişdi.Allahı zikr edib
imanlı olduğunu zənn edirdi.
Bütün
yolların Allaha apardığı yerdən məkandan üzüyuxarı zamansızlıqdan qurtulmaq
üçün çırpınırdı. Nə vaxta kimi gedəcəkdi. Bir qığılcım bir işıq yandıran olaydı
kaş. Yağmur duasına çıxmış kütlədən heç kəs çətir gətirmirsə, deməli, inancları
qədərdi cəhdlərinin uğursuzluğu. Dizini atıb "Eşq, Ey Zamanın Məkanın
sahibi"- deyə inildəyən könülün gönü o qədər qalın idi ki, dilindən qopub
göylərə ucalan səsi heç öz ruhuna yetişmirdi.Ruhunun kar olduğu sədanın kiməsə
çatacağından əmin olmayınca insan Yolçunun yolu uzanacaqdı.
Səhra
bitdi. Qarşısında böyük vahə, ardınca dağ ucalırdı.Dərindən nəfəs alıb irəlilədi.
Nə qədər çəkəcəkdi ora getməyi.Bir gün, iki gün yoxsa yüz il. İnancı qədər yol!
İnancı qədər zaman alacaqdı tükənməz ömründən. Üzeyr peyğəmbər içindəki şübhənin
qarmağına düşən kimi yüz il yatdı. Onun zaman saatının daşı çıxarıldı. Ayılanda
o yüz ilin arxada qalmış yüz ildən fərqini anlamadı. Axı nə Günəş, nə də Ay qocalmaz ki? Torpaq qırışmaz.Dağların dişi
tökülməz. İnancı qədər zaman almaq.
Budur
dağ. Zirvəsində idi. Qarşısında üç dəniz qovuşurdu. Qaçaraq sahilə doğru
getdi.Əlini çantasına atdı. Balıq orda yox idi. Ağlını itirmiş halda çantanı eşələmyə
başladı.O an anladı ki, min illərdi çiynində gəzdirdiyi çantanın ucu bucağı yox
imiş. Dəhşətə gələrək çantanı bağlayaraq dizləri üstə çökdü.O əmanəti itirmişdi
,yoxsa inancında hansısa səhvə yol vermişdi? Əlləri ilə üzünü qapayaraq başını
aşağı saldı.Düşüncələrə qərq oldu. Elə o an ayaq səsləri eşitdi.Əllərini üzündən
çəkməyə qorxdu. Qorxdu ki, bu bir sərab olar. Yox həqiqətən addım səsləri
yaxınlaşırdı.
Balığı
suya atdı. Quyruğunu şapıldadaraq şəffaf suda dövrə vuran balıq bu iki şəxsə
baxırdı.
Aralarında
dialoq başladı.
- Niyə
balığı sən gətirdin?
- Sən
ki, bunu bilirsən. Keçən dəfə görüşə balığı Xızıra Musa gətirmişdi.
-
Çoxmu axtardın?
-On
iki həvarimi tərk edəndən bəri.
- Səncə
bu sondu?
-
Gözləməliyik.
-Nə qədər?
Hər
ikisi zülmətə bürünmüş dünyaya baxdı. Arabır ulduz kimi qığılçımlar səmanı
aydınladırdı. Sonra isə axaraq zülmətin bətnində əriyirdilər. Yolçu qəfildən
çiynində onun əlini hiss etdi. O, saqqalını sığalayaraq:
-Dünyanın
bir tərəfində bir kəpənək qanad çalsa bilirsən nə olar. Bəlkə də bir kəpənək
ömrü qədər, bəlkə də bir kəpənək cəhdi olana qədər gözləyəcəyik.
-
Hiç yorum yok:
Yorum Gönder