1.03.2016

UÇURUM

         
Bir addım o tərəfdə uçurum var idi.Dərin dibsiz,dumana bürünmüş uçurum.Onlar onun fərqində deyildilər. Xoşbəxt idilər.Uçurumu görməyəcək qədər xoşbəxt.
Zaman uçurdu. Dəlisov quşun qanadlarında heç kəsdən,  heç nəyi soruşmadan onlardan anları,saatları oğurlayırdı.
Və bir gün qadın daxmanın qarşısında ocaq qalayanda kişinin dumanlı dərəyə baxıb, xəyala getdiyini gördü. Yenə qayğılarına bürünüb ocağını daha da alovlandırdı.O,xoşbəxtdi.Xoşbəxtlərin gözləri kor olur, uçurumları görməyəcək qədər.
Günlər uzanıb özünü həftələrə təslim edəndə kişi o daxmadan da o qadından uzaqlaşıb, özünü o uçuruma təslim etdi.
Əvvəl kəndir hördü,sonra o kəndiri pillələrə çevirdi, sonra da körpüyə. Qadın xoşbəxtdi. Qadın kişinin ona sürpriz edəcəyini güman edirdi.
Uçurum böyüyürdü.Əvvəl İkisinin arasında böyüdü o uçurum,sonra evlərinin qarşısında. Dibi görünməyən uçurumun o tayından bir yad qoxu düz ocaqlarının başına qədər gəlib çıxmışdı.Qadın o ocağın başında yemək bişirirdi. Dadlı yeməklərin ətrini kişi o uçurumun kənarında unudurdu.
Dumanlı uçurumun o tayında bir əl yellənirdi. Əlvan yaylıq var idi əlində.Hey təslimiyyət bayrağı kimi gəl-gəl edirdi. Qadın saçlarını hörərək əlvan yaylığını bağlamışdı,lakin kişi bunu görmədi. Onu uçurum udmuşdu.
Bir gün gecə qadın o tənha daxmada kişini tapmadı.Qaçdı, gücü yetdiyi qədər ayaqları tutan qədər qaçdı,amma ətrafda qaranlıq hər şeyi udmuşdu.Düz uçurumun kənarına qədər gəldi. Əlinə o kəndir keçdi. Pillələrə çevrilmiş kəndir.Uçurum dumanlı idi, qaranlıq idi.Amma o tayda ay doğmuşdu.Qadın qaranlıqdan o taya boylandı. O işığı, o gözəlliyi seyr etdi uzaqdan. İstədi körpüyə, pillələrə çevrilmiş o kəndiri addım-addım aşıb oracan getsin. Amma anladı ki, ona ora olmaz.
Səhərə kimi uçurumun kənarında gözlədi. Gəzlərini duman, yuxusunu qaranlıq apardı.İstədi özünü o uçurumdan atıb öldürsün. Dayandı. Ayaqlarını sallayıb o qaranlığıa tamaşa etdi. Günəş dünyanı qucaqlayana qədər tamaşa etdi.
Səhər kişi o körpü ilə geri döndü. Qadın onun gözlərinə baxdı.Və o gün anladı ki, o kişinin gözlərindəki uçurumdan yıxılıb ölüb. İlk dəfə olaraq daxmanın qarşısında ocaq qalanmadı. İlk dəfə olaraq sükutla qarşıladılar bir-birlərini. Və uzun bir sükut başladı.Əlvan yaylıqlı əl daha tez-tez göründü. Hər gecə körpü kişinin addımlarından sirkələndi. Qadın əridi. Başındakı əlvan yaylıq rəngini dəyişib soldu üzünün rəngi kimi. Kişi gözlərindəki o əlvan yaylıq fotosu ilə, onun yaylığının rəngini fərq etmədi.O, daha o ocağın yanmamağını da fərq etmirdi. O uçurumdan o tərəfdə yaşayırdı. Uzaqda idi. O qədər uzaq ki,gözlərinin boşluğunda o qadına yer yox idi.
Yenə gecələrin birində uçurumun o tayından gülüş səsləri eşidildi. Xoşbəxt və qayğısız gülüş. Qadın yenə uçuruma baxırdı. Özünü yenə o qaranlığa atmaq istəyirdi. Ayağa qalxdı,başındakı qara yaylığı çıxarıb uçuruma atdı,sonra geri dönüb daxmadan kişinin bıçağını gətirdi. Əvvəl öz damarlarına baxdı,sonra o taya-işıqlı dünyaya. Daha sonra bıçağı kəndirə çəkdi. Körpü yellənib qopdu bu taydan. Uçurumun dibinə qədər yol getdi. Qadın əlindəki bıçağı qaldırıb o taya atmaq istədi,bir anlıq düşünüb geri döndü. Aylardı pozulmuş narahat yuxularının əvəzində dərin bir yuxuya getdi. Ölü kimi  yatdı.Ayılanda səhər idi. Nə qədər zaman yatdığın bilmirdi. Hər şey o qədər uzaqda qalmışdı. Sanki min il keçmişdi o uçurumdan, o körpüdən. Daxmanın qarşısına çıxdı.Yenə ocaq qaladı,yenə hər şeyi yerinə qoydu.Uçurumun kənarına gəldi.Ora nəzər salmadan çoxlu çiçək topladı. O çiçəkləri aparıb güldana qoyaraq, saçlarını çox gözəl daradı.Zaman yeni dəlisov quş kimi uçurdu. Arada qəlbnə şikəst bir ümid gəlirdi.Bəlkə, kişi  o körpünü təmir edər, onun üçün geri dönər.Amma bilirdi ki,səfeh ümiddi. Elə o səfeh ümidi qəlbində boğub yaşamağa cəhd edirdi. Zaman uçurdu.
Gecələrin birində daxmanın qarşısında ocaq qaladı.Alova gözlərini dikərək keçmişini gələcəyini xəyal etdi. Uçurum qarşısında qaralırdı.Qaranlığın bağrını yaran ay başının üstündə idi. Yayın istisi ocağın hərarəti ilə birləşib onun üzünün dərisini qızartmışdı.O xəbərsiz idi. Onu illərdi izləyən iki gözdən xəbərsiz idi.
Gecələrin birində gəldi. Qadın ilk öncə özünü itirdi. Bütün malik olduğu silahlarla ona müqavimət göstərməyə hazırlaşdı. Amma adam əli qoynunda tamaşa edib getdi. Beləcə hər gecə gəldi. Hər gecə əli qoynunda uçurumun kənarında ona tamaşa etdi. Qadın ondan heç nə soruşmadı. Onun hardan gəlib çıxdığını, niyə orada dayandığını soruşmadı. Yenə daxmanın qarşısında ocaq qaladı.Əlvan yaylığını başını bağladı.Saçlarını yenə çəmənlikdə daradı.Çobanyastıqlarından yenə saçlarına düzdü.Adam uçurumun kənarında idi.
Bir gün son yay ayı doğanda qadın uçurumda körpünü fərq etdi. Körpü kəndirdən hörülmüşdü. Külək vurduqca yellənirdi. Dibsiz uçurum altında qaralırdı.Bir ümidlə onun sonuna doğru boylandı. Yenə o şikəst ümid qəlbində topallayıb bəlkə geri dönmək istəyir deyə pıçıldadı.Oturub o körpünün yanında hönkürdü.O qədər ağladı ki, illərdi gözlərinin boşluğuna yığılmış dərdin pası açıldı. Zamanı itirib ağladı. O ki var ağladı.Və anladı ki, əslində o şikəst ümidə ağlamır, uçurumun kənarında hər gün dayanan o adama ağlayır.
Payızın yelləri ağacların yarpaqlarını yoluşdurub, küləyə bəxş edəndə yenə o adamı gördü. Bu dəfə əlində çiçəklə gəlmişdi. O uçurumun kənarından daxmaya doğru gəlməyə izn istəyirdi. Qadın heykəl kimi pəncərənin önündə durmuşdu. Külək buludları toplayıb bir yerə səmanı qaraltdı,yağış damlaları dünyanın ən çətirsiz adamının üzərinə səpələndi. Qadın isə tamaşa edirdi. Tamaşa etdikcə anlayırdı ki, yağış onların arasındakı uçuruma yağır. Sularla oranı doldurmaq üçün yağır. Bir gəmi eşqi ilə yağır.
Adam əlindəki çiçəkləri yağışa təslim edib geri döndü. Körpü yelləndi. Uçurumun qaranlığı adamı uddu. Qadın qaçaraq onun arxasınca yüyürdü. İstədi onun geri qaytarsın.Düz uçurumun kənarına gəldi. Əlini o körpüyə uzatdı.Qorxdu içindəki dəhşətdən qorxdu. Sevməkdən qorxdu,özünə xəyanət etməkdən qorxdu.  Körpü yenə var idi və o körpü bu dəfə başqa bir yerə bir məqsədə aparırdı.
İki gün gözlədi. Yağışların göz yaşında yuyunaraq gözlədi. Sonra bir Günəş doğdu,qaranlıq buludlar bənövşəyi rəngə dönəndə qadın körpüyə doğru yönəldi.Əli ayağı əsə-əsə körpünün sonuna qədər gəldi. Adam uçurumun kənarında oturmuşdu.Gözlərinin boşluğunda qaranlıq bir uçurum var idi. Qadın o uçurumda özünü gördü. Sonra özünü o baxışlardan qoparıb lap qabağa baxdı.Gördü bir qadın başında rəngi qaçmış bir qara yaylıqla oçağın üstündə qazan qarışdırır. Rəngi kül kimi, əlləri əsməcəli qadın. Sonra dayandığı körpüyə baxdı və geri dönüb ayaqlarının gücü yetdiyi qədər qaçdı. Öz daxmasına qədər qaçdı.Əlinə ilk keçən o bıçaq oldu. Elə həmin bıçaqla dönüb o  körpünü doğradı.Dibsiz, qaranlıq uçurum körpünü uddu. Əslində isə o körpünü doğramadı, özünü doğradı,könlünü doğradı,istəklərini doğradı. Qadın içindəki dərin boşluqla ah çəkərək uçuruma baxdı. Əllərini yana açaraq möhkəm qışqırdı.
Zaman dəlisov dəcəl qız kimi qaçırdı.Qadın daxmasının qarşısında ocaq qalamışdı. Uçurum yox olmuşdu.  

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...