5.16.2014

CİZGİ FİLMİ

Bu gün dünyanın və sivilzasiyanin birbaşa evlərimizin içinə gəlməsi əslində nələri dəyişdirə bilər? Bu çağdaş dönəmdə bu ya hansısa fəlakətlərin, ya da hansısa uğurların ilkin xəbərçisi kimi qiymətləndirilə bilər. Əsas məsələ bizim bu məsələyə hansı nöqteyi-nəzərdən baxmağımızdan asılıdır. Bu gün biz gənc ailələrin ən böyük problemi övladlarımızı bu informasiya bolluğunda necə böyütməkdir. 
Uşaqlığımın təsadüf etdiyi son sovet illəri və müstəqiliyimizin ilk dönəmlərində gözlərim bir parça cizgi filmi görəndə bayram edərdi. Aztv-nin səkkizə on beş dəqiqə qalmış yayımlanan “Laylay” verlişindən biz kiçiklərin payına düşənin yarısında, ya Savalan baba, ya da hansısa diktor yarımçıq bir nagil danışardı. Elə o zamanlar da, mən ilk dəfə olaraq Tomu, Cerrini və Micky Mouse tanıdım. Mənim həftənin yüz altmış dörd saatının demək olar ki, yarısını eşələndiyim kitabxanalarda bu obrazlarlar haqqında heç bir məlumat olmazdı. Mən olsa –olsa bu kitabxanalardan Uzun corab Peppi, ya da Xəzinələr adasını əldə edə bilərdim. Mənim zamanım bol idi. Mən oynamağa, kitab oxumağa və gəzməyə vaxt tapa bilirdim. Bəs indi...Bu gün bizim uşaqların nələrlə məşgul olmasi əslində tamam başqa bir məqalənin mövzusudur.

Indi əsas problem bizim uşaqların psixologiyasının gözümüzün qarşısında necə ələ keçirilməsidir. Günün doxsan beş faizini tv və kompyuter qarşısında keçirən uşağın gələcəyi bizə nə vəd edir? 

Və ən ümdə məsələ onların bunlardan aldıqları informasiya nə dərəcədə təhlükəsizdir? Bu suallara mümkün olduğu qədər aydınlıq gətirməyə çalışacam.

Bu gün Qərb və Şərq anlamlarının belə sərhəddləri zorlandığı dönəmdə cizgi filmləri artıq təxribat maşını kimi sürətlə işləyir. Cizgi filmlərinin çox qəribə bir sektora çevrildiyi artıq gözlər önündədir. Bəzən yanından etinasız şəkildə ötüb keçdiyimiz bir kadr uşaqların beyninə hansısa informasiyanı sürətlə yükləyə bilir. Bunları aşagıdakı kimi çeşidləyə bilərik.

1.Şiddət: uşaqlara şiddətin əgər xeyirə xidmət edirsə zərərsiz olması çatdırılır. Nümunə olaraq Ben 10, Beybleyd, Transformers və sairlərini qeyd edə bilərik.

2.Mistika: uşaqlara hər hansı bir təhlükəni aşmaq istəyirlərsə sehr, cadu, dünyalararası boyutları aşma təklif olunur.
3.Cinsəllik:-çox erkən yaşlardan hər kəsin sevmə və sevilmə, evlənmə haqqının olmasi izah olunur ki, bunun da ən məsum formasını biz “Cedric”də, ən iyrənc formasını isə “Simpsonlar”da görə bilərik.

4. Qeyri-adi cinsəlliyin təbligi: Məsələn, son zamanlarda uşaqların sevimlisinə çevrilmiş Gambol cizgi filmi, anası pişik, atası dovşan olan bir ailənin övladlarından bəhs edir ki... Artıq məncə başqa bir şərhə ehtiyac yoxdur.

5.Başqa planetlilər: Nəsildən nəsilə ötürülən uçan xalça, cin, sehirli güzgü kimi ünsürlərin yerini artıq başqa planetlilərin təbliği tutub. Yəni yuxarıda qeyd etdiklərim nə dərəcədə real oldularsa, ( sehirli xalça –təyyarə, sehirli güzgü- televizor) deməli, UNO-ların da real olma şansları gedərək artır. Hər halda, bunu təbliğat maşını belə söyləyir.

6.Müharibələr: Bunlar haqq yolunda aparılması şərti ilə uşaqlara qəbul etdirilir. Yəni, əslində müharibənin haqq olması əsas deyil, əsas məsələ sənin özünü haqlı hesab etməyindir ( Bizə təbliğ olunan ağ göyərcinlər artıq tarixə qovuşub).

7.Ailə-uşaq münasibətləri: Qərbin adi bildiyi, bizim üçün isə hələ yenilik olan valideyn-övlad münasibətlərinin yeni müstəviyə daşınması. Artıq demək olar ki,rast gəldiyimiz hər bir cizgi filmində müstəqil qərar vermə, valideynin köhnə fikirli olmasi önə çəkilir.
Bütün bu məsələlərdən yola çıxaraq, əslində cəmiyyətin mühafizəsini necə əldə saxlaya bilərik?
Tarixə nəzər salsaq, cəmiyyətin sürətlə çılpaqlaşması iyirminci əsrin payına düşür. Bu çılpaqlaşma həyatın bütün tərəflərinə və ünsürlərinə nüfuz etməyə başlayıb. Artıq Drayzerin əsərlərindəki aciz Cenni Herhardlar bu gün kilsənin və cəmiyyətin qınağı adlı qılaflarını soyunaraq, çağdaşlıq adlı müasirlik uydurublar. Hələ on səkkizinci əsr müasiri Russo uşaq tərbiyə etmək üçün onun cəmiyyətdən təcridi ideyasını irəli sürmüşdü. Cəmiyyətdən təcrid olunmaq uşağı Tarzana çevirməzmi?! 
Son olaraq, yalnız onu qeyd edə bilərəm ki, Qərb və Şərq mədəniyyətlərinin kəsişmə nöqtəsi olan Azərbaycan adlı məmləkətimizdə hər iki mədəniyyətin ortaq məxrəci var. Bu ortaq məxrəc Şərqin mistikasında, Qərbin cizgi film adlı təxribat maşınında yavaş- yavaş şüurumuza yerləşdirilir. Nədir ki, ortaq məxrəc ? 

Hər iki mədəniyyət kiminsə və ya kimlərinsə gələcəyinə inanır. Bu gələcək olanlar isə olsun Ulduz müharibələrində, Ben onda təsvir olunan başqa planetlilər, ya da ki qeybə çəkilmiş kimlərsə ola bilər... 

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...