5.15.2014

ADAM ÖLDÜRƏNLƏR

Seymurun Bakıdan gətirildiyini eşidən-bilən onlara axın etməyə başladı. Əslində həkim əməliyyatdan sonra bir həftəlik təmiz hava buyurmuşdu. Həkimin sözlərini quru təsəlli kimi başa düşən bacıları artıq öz diaqnozlarını qoymuşdular. Xəbər, atını minib kənddə cövlan etdikcə gəlinlər qab-qaşıq toplayır, həyətin süpürülməyən yerlərinə belə əl gəzdirirdilər.  Arvadlar qara tumanlarını geyib, palaz boyda əl yaylıqlarını agızlarına basıb dayanmışdılar. Hər kəs start xəttində idi. Mərsiyə deyən arvad bildiyi üç-dörd hədisi uşaqlıqda eşitdiyi nağıllara qatıb kəndin bərk gedən arvadlarının yanında dil-boğaza qoymurdu. Yalnız hüzr yerlərində Allahı yada salmaqla kifayətlənən bu arvadlar isə bilikli insanlar sayagı başlarını tərpədir, başqalarınım başına gələn pis hadisələri görk olaraq gənclərə çatdırmağın vacibliyindən dəm vururdular. Seymurun vaxtilə ailəsinin dagilmağını düzgün bir iş kimi qiymətləndirir, yenə ona sahib duran qardaşını, bacısını tərifləyirdilər. Arıların şahı kimi yalnız göstəriş verməklə məşgul olan ana isə gəlinlərin hərəkətlərin nizamlayır və oğlunun gəlişinə son hazırlıqları nəzərdən keçirirdi. Arada ona haqq qazandıran arvadlara tərəf dönərək “ Vaxtında boşadıq. Görmədiniz, getdi nə yollara düşdü?!” deyə Seymurun arvadından bəhs edirdi. Nəhayət təcili yardım maşını  həyətə daxil olanda, “Sur düdüyü” vuruldu. Səhərdən teleseriallardan dəm vuran gəlinlər cəld hüznlü bir görkəm aldılar. Bacılar qara yaylıqlarını alınlarına tərəf itələdilər. Haya gəlmiş arvadlar isə yalandan züy tutmağa başladılar. Təcili yardımın qapıları açılan kimi Seymur qarşısında bir eşalon adamı görüb hürkdü. Aldığı narkozun təsiri ilə korşalan baxışları heç kəsin üzünü secəçək vəziyyətdə deyildi. Insanlar bir topa kütlə kimi gözünə girdi. Onun xərəyini maşından düşürən tibb qardaşları camaatdan özlərinə birtəhər yol açıb eyvana doğru irəlilədilər. Yazıq görkəmi ilə ilə eyvanda duran anası bir anda qırğılaşdı və  Seymurun ayağına cumdu. Onun ayağından demək olar ki sallaşaraq “Bala, bala, mən öleydim gərək. Bu günü görməyəydim. Sənin ölən çağın deyil ki…“ deyib şivən qoparanda həyətə toplaşmış bütün kütlə inlədi.  Tibb qardaşları onu xərəkdən  sürətlə çarpayıya qoyaraq dabanlarına tüpürdülər. Təcili yardım maşını kəndi tərk edəndə tibb qardaşları ümidsizcəsinə başlarını buladılar.
Seymur ağlaşanlara baxaraq həkimin ona yalan söylədiyinə qəti əmin oldu. Arada qulağına dəyən gülüş sədaları nəyə görəsə otağa girən kimi halını dəyişirdi. Sanki otağa girənlər  qəbirstanlığa gəlirdilər. Ah-vay edib oranı tərk edirdilər.  Tez-tez yarasına gəlib baxan feldşer isə onun sağaldığından dəm vururdu. Kimin yalan, kimin gerçək danişdiğini ayırd edəcək halda olmayan Seymur gözlərini yumaraq heç nə görməməyə çalışırdı. Nə yaşamışdı ki?!  Ömrü yelə verdiyini indi – yorğan döşəkdə anlayırdı. Əlini mədəsinin üzərində gəzdirməyə qorxurdu. Oranı  cırmışdılar. Belə qarın cırılmasını inəkdə, camışda görmüşdü. Demək öləcəkdi. “Onda niyə mənə bu yalanı deyib qarnımı cırdılar? Qoyaydılar heç olmasa abırlı öləydim.”deyə düşündü. Əlinin işarəsi ilə kiçik qardaşını çağırdi. Ona əini dodağına apararaq siqaret işarəsi verdi. Qardaşı tez bir siqaret yandırıb ona uzatdi.
-Qorxmursan?- deyə  zorla pıçıldadı.
- Yox. Çək bir siqaretlə sənə nə olacaq ki?!- qardaşı ona gülümsədi.
- Hə, düz deyirsən,  olan olmuş.
- Elə demə! Sən yaşayacaqsan
- Amma o qapıya toplanmış qara quzğunlar elə demir axı?!- Seymur başı ilə həyətə işarə edərək istehza ilə dedi.
-Sən onlara fikir vermə. Adətdir. Yığılmalıdırlar.
-Hə?… Mənim həyatım adətlər toplusu olmadımı? Oxu, təhsillən! Niyə? Çünki hamı oxuyur. Adətdi, qonşunun uşağı oxuyur. Diplomlu olmaq lazımdır.  Sonra nə oldu? İş deyilən şey olmadı. Qaçdım. Başımı götürüb getdim Rusiyanın çöllərinə. – hirslə necə qıvrılıdısa ağrıdan inildədi. Sonra birtəhər özünü ələ alıb dişlərini bir-birinə sıxaraq davam etdi- Sonra, bala, urusdan arvad olmaz gəl bizimki ilə evlən deyib evləndirdilər. Arvadımı aparmaq istədim, yox, bala, el nə deyər. Namusun, qeyrətin urusun içində nə  işi var- deyib məni qovdular Urusiyyetin çöllərinə. Sonra vur –həşir zəng etdilər ki, qoyma gəldi. Bəs arvadın qudurub özünə telefon alıb. Bu yaxınlarda aşna da tutsa, kül oldu da sənin başına. El bunu ,el onu deyər. Nə isə bu gözə görünməz el məni boşatdırdı. Yurdumu ağlar qoydu. İndi – o barmaqlarının arasındakı titrəyən siqaretə bir qüllab daha vurub  dedi-Get o elə de ki, bu bədbaxt ölür. İcazə verərmi axırıncı dəfə qızını görsün? Hə get, get – əli ilə kiçik qardaşına işarə verdi.
Seymur yanına gəlib gedənləri müxtəlif xəstəlik tarixçələrinə və həkimlər haqqında yürütdükləri müxtəlif fikirləri həzm etmədən növbəti qonaqların qəbul edirdİ. Bu hərşeyşünas insanlar az qala xərçəngə belə dərman tapacaqlarına  iddialı idilər. Seymur  isə günlərini sayaraq gözünü qapıya dikib 16 il ərzində görmədiyi qızının gələcəyinə ümid edirdi.  Onun zəifləmiş bədənini tərk etməyən yeganı hiss idi ümid. Bu ümidə də son baltanı anası vurdu.
Axşam kiçik oğlunun uzun-uzadı israrından sonra Seymurla danışmağa qərar verdi. Hamı dağılaşandan sonra ağır addımlarla oğlunun otağına girdi. Onun yaşıl rəngə çalan rənginə nəzər salaraq :
-Nə təhərsən- soruşdu. Seymur  anasının səsinə başını qaldıraraq baxdı. Onun gözlərinin içindəki boşluq qadını necə titrətdisə tez gözlərini qaçırdıb-Yemək içməkdən nə arzu edirsən? Nə istəyirsən?  On dəqiqəyə tapdırım. Hay ,bala, təki sən istə- ağlına ilk gələn kəlmələrdən cümlə qurdu.
-Mən istədiyimi bildirdim sənə axı. – Seymur dişlərini bir-birinə sıxaraq  dilləndi.
-Bala camaat nə deyər. Onun anasını kənddən qovduq. İndi gələndə də qorxa-qorxa gəlir. Anasından  nə xeyir gördük.Balasından bizə nə xeyri. Neynirsən?!…
-Mama, o camaata denən ki, ölürəm beş dəqiqə gözünü qapasın bizə baxmasın, ya da özünü yuxululuğa vursun. Axı mən onun heç üzünü görmədim. Onun böyüməyindən, iməkləməyindən  dil açmağından heç xəbərim olmadı. Ürusiyyətin çöllərində pozgun Annalara verdiyimizi özümüzünkünə qıymayanlarıq. Əcəb maskamız var. Indi ölürəm. əzrayılın yanına gedənin masakaya ehtiyacı yoxdur. Indi get get Aysunu çağırın gəlsin.
-Ay bala  lap mən gedib çağırdım guya o gələndi. Onlar nəsillikcə deyirlər ki, Minayəni pis yola siz saldınız. Özlərində günah görmürlər. Lap mən getdim məni qapıdan qovacaqlar.
Seymur anasının el, adət, onlar haqsız , biz haqlı mövzusunda mühazirəsinə göz qapaqları enənə kimi qulaq asdı. Növbəti üç gündə də özünü haqlı çıxartmaq cəhdlərini  seyr etdi. Sonra kəndə onun vəziyyətinin daha da ağırlaşması xəbəri yayıldı. Ziyarətçilərin sayı iki qat oldu. Gələn gedənin çoxluğunu fəxrlə izləyən ana el içindəki hörmətinin bu qədər olduğunu zənn etmirdi. Bir həftə daha gözləyəndən sonra feldşer son iynəni vurub otaqdan çıxdı və “nə istəyir edin az zamanı qalıb” deyərək  çıxıb getdi. Anası camaat arasındakı nüfuzunu  tərəzinin bir gözünə, oğlunun istəyini digər gözünə qoyanda  qərarsız qaldı.
…İki gün sonra  oğlunun son mənzilə uğurlayan ananın gözləri kanalın o tayındakı iki nəfərə sataşdı. Uzun hörüklü qızın çiynini qucaqlamış bir qadın tabuta baxırdı. Aralarındakı kanal  deyildi məsafə. Aralarındakı məsafə adamöldürənlərlə dirildənlər arasındakı qədər idi. Qadın tabut gözdən itənə qədər baxdı və sonra qızın əlindən tutub uzaqlaşdı…

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...