2.19.2015

PLAGİAT HƏYATLAR

                Sosial şəbəkələr həyatımıza daxil olandan sonra hər şey dəyişildi. Daha insanlar tanımadıqları və heç bir zaman görmədikləri(yaxından) insanların söhbətlərinə şahid oldular.Böyük dağlar, zirvələr təpə oldu,yamacında  futbol oynadı insanlar.Sosial şəbəkələr haqqında çox araşdırmalar,psixoloji testlər keçirilib.Hərəsi bir cür nəticə verən bu araşdırma və testlər daim diqqət mərkəzimdə olub. Onların müxtəlifliyi, rəngarəngliyi mənə hər dəfə bir fikir aşılasa da, öz müşahidələrim mənə başqa şeylər söyləyib. Sosial şəbəkələr insanlarda ilk öncə başqa bir kimlik(şəxsiyyət)qazandırdı. Bəlkə də deyəcəksiniz ki, formalaşmış bir insanın yenidən bir kimliyə qovuşması absurddu. Lakin bunu belə olmadığını biz açıq-aydın sosial şəbəkədəki insanların davranışlarında müşahgidə edə bilərik. Məsələn "klaviatura qəhrəmanları" adlanan bir qrup insanlar var ki,  onlar mümkün olduqca hay-küy,vay -şüvən qaldırıb özlərini bir qəhrəman kimi qələmə verə bilərlər. Lakin realda onların sükutunu balta ilə də bölə bilmərsən. Sosial şəbəkələrdə digərlərinə baxıb filosofluq etmək istəyən bir qrup insan var ki, onlar daim nəsihət verməklə məşğuldular.Halbuki onların öz həyatlarına  ensək bir bataqlığın içində üzdüyünü görə bilərsirik. Virtual insanlar  yaranıb ki, onlar artıq tamamilə başqa bir kimliyə, şəxsiyyətə malikdilər. Bəziləri özü bu kimliyə necə qapılıbsa, sabah bu sosial şəbəkə dağılsa, bəlkə də depressiyadan intihar edəcəklər. Fərqlənmək  arzusu ilə kütləvi şəkildə plagiat edən bu insanların qarşısını almaq üçün hətta Fasebook ilk olaraq müəlliflik huquqlarını tanımaq qanununu da qüvvəyə mindirdi. Lakin bu belə bu insanların qarşısını ala bilmədi,çünki həyatları plagiat olan bu insanlar başqalarının sözünü, fikrini oğurlasa nə baş verəcək ki?!. Adamların həyatı virtuallaşıb. Onlar əslində yoxdular. Realda boz bir kimliyə bürünüblər. Onlar bu sosial şəbəkələrdə ya şairdilər, ya yazıçıdılar,ya filosofdular ya laykı bol kefqom biri.                
  Bu yaxınlarda Azərbaycanda və dünyada tanınan bir yazıçının kitab təqdimatında oldum. Tanınan bir üzə malik olmadığıma görə sərbəst şəkildə "tanınmış" qrupların yanında durub onların söhbətlərinə qulaq müsafiri olmağım çox asan idi.(Burada oxucu haqlı olaraq onları dinlədiyimi də düşünə bilər.Ola bilsin haqlıdı) Sizi inandırım ki, onların söhbəti yalnız və yalnız sosial şəbəkələrdə status müzakirəsi, hansısa səhifələrin laykı və s. ilaxır idi. Onlar realda belə o virtualdan qopa bilməmişdilər.Əslində onlar o tədbirdə yox idilər,çünki hər an ciblərindən cıxardıqları telefonla göbək bağından ayrıla bilməyən körpə kimi sosial şəbəkəyə  nəsə yazır və üzlərində yaranan ifadələrdən onların yazdıqlarına nə cür reaksiya verdiklərini də öyrənmək mümkün idi. Artıq modelleşmiş bu insanlar yeni ideya sahibi ola bilməyəcəklər. Onların beynində başqalarının düşüncələridi və bu düşüncələrə çıxan nərdivanlar belə onların deyil. Sosial şəbəkələr insanlar xəyallarını verdi. Mən orada həyatı boyunca Amerikada olma ehtimalı olmayan adamın Kaliforniyanı yaşadığı şəhər kimi qeyd etdiyini, 45 yaşlı qadının Gənclik və məhəbbət səhifəsini  bəyəndiyini, öz həyatı darmadağın birinin Azərbaycanı xilas etmək cəhdlərini görmüşəm. Həyatlarını quru xəyallar üzərində quran bu insanlara sosial şəbəkələrin bəxş etdiyi xoşbəxtliyi heç valideynləri belə  verə bilməmişdi.                 
Bu yazını yazanda yadıma qəfildən uşaqlığımdan qazılmış bir obraz olan Ələddin düşdü. O kənddə imkanlıların həyətində nökərçilik edərdi. İşini qurtarıb pulunu alan kimi evdə uşaqları acından qırılsa da kostyumunu geyinib qalstukunu taxar və düz rayon mərkəzinə yollanardı. Orada parklarda oturar, insanlara özünü ziyalı kimi təqdim edərdi. Bir dəfə onun rəngarəng qalstuklarının mənbəyini öyrənmək istədim. Belə məlum oldu ki, əslində heç vaxt özünə qalstuk və kostyum almağa pulu olmayan Ələddin onların hamısını kəndçimiz Qəzənfərdən-Polis rəisindən alır.Gedib onun həyətində pulsuz çalışıb o paltarları əldə edən Ələddin özündən bir obraz uydurmuşdu. O, kənd avtobuslarında, rayonun parklarında hörmətli bir ziyalı idi. Siyasətdən danışır, fikir mübadiləsi edir,hətta arada şeir də deyirdi. Lakin  nifrət etdiyi kəndə qayıdanda onu həyətdə vərəmli qızı və şikəst arvadı qarşılayırdı.Heç kəs heç bir zaman kənddə O, ölənə qədər onun üzünə çırpmadı bu həyatını. Çünki böyükdən kiçiyə hər kəs bilirdi ki, onun uydurduğu həyat təqdim etdiyi obraz onun heç vaxt reallaşmayacaq xəyyallarıdı. İndi sosial şəbəkələrdə heç Nyu-Yorka gedə bilməyəcək birinin Nyu-York səhifəsini bəyənməsi, başqasının maşınına söykənib şəkil çəkdirməsi  kimidi başqalarının ideyalarının plagiatı. Bu istedadsız insanların təsəvvürüdü.Heç vaxt reallaşmayacaq xəyallarıdı.Cəmi yüz layka qurban verilmiş eqolardı.

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...