5.23.2014

QARDƏLƏN

                                                    

-         Adam öldürmüsən heç?- sualımın necə səfehcəsinə səsləndiiyini hiss edib tez susdum. O, çapıq-çapıq olmuş sifətini soyuq ifadə ilə mənə çevirdi. Protez qolunu stola söykəyərək üzümə baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı.
-         Hə öldürmüşəm.- Mən verdiyim sualı unutmağa çalışanda O, yavaşca dilləndi.
-         Müharibədə olmuş birinə belə sual vermək axmaqlıqdır. Unut, unut.- Mən əlimi yelləyərək ona dedim.
- Öldürmüşəm  Bir dəfə olub. Əgər ona da, adam demək mümkündürsə...- Onun cavabını uzun bir sükut böldü. Həmişə beləydi. Danışdığını nadir hallarda görərdik.Qısa və Kəsə. Onu hamı belə tanıyırdı. Sükutundan daha danışmayacağını gözləyirdim ki,  O, barmaqlarının arasında titrəyən siqaretə dərindən qullab vurub davam etdi:
            -Biz müharibə başlayanda beş nəfər idik. Könüllü beş nəfər. Beşın biri  Mardakert döyüşlərində itkin düşdü. Izini tapa bilmədik. Heç elə bil belə bir adam yox imiş. Yoxluğuna özümüzü öyrəşdirməmiş, O birisini iki gün sonra snayper ilə vurdular. Bax, onda ilk dəfə bir beyin üstümə dağıldı.Qan qoxusu qarışıq lax yumurta qoxusu verən beyin barmaqlarıma yapışıb qaldı.  O isə öləcəyinə inanmırdı. Qollarımın arasında üşüyə-üşüyə can verdi.Mən isə onu, mənim qucağımdan dartıb alana qədər “şşşşşş” deyərək onu sakitləşdirdiyimi zənn edirəmmiş. Bunu sonralar yarıqaranlıq xatırladım.
          Yenə növbəti döyüşlərdən birində idik.Uzun bir gurultudan sonra  düzənliyə ölüm sükutu çökdü. Parçalanmış cəsədlər, yerə- yurda səpələnmiş boş gilizlər, insanın insanı gəmirdiyi bu yerə fevral küləyi bütün nəfəsi ilə üfürməyə başladı. Sağ qalanlar ağır yaralıları daşıyır, az yaralılar isə meyidləri sürükləyirdilər. Hər döyüşdən sonra alışdığım bu mənzərənin bircə yeniliyi, bu dəfə kantuziyamın tutmaması idi..Mərmilərin açdığı kalafaların birində oturdum. Ayaqlarımı iylənmış “botinkalarımın” içindən çıxarıb azca havalandırmaq istədim amma bu da çox çəkmədi. On dəqiqə sonra biz bu  qanlı düzənlikdən iki kənd aralı, kəndimizə doğru yol aldıq.
            Məhəmməd lap qabaqda gedirdi. Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saat, iki saata gedib qayıdacağımızı nəzərdə tutsaqda elə alınmadı.Bir gün çəkdi. Bir az çətin oldu evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb gəlmək. Özümüzü toplayıb birtəhər geri döndük. Döyüşün bütün qanını qoxusunu yuyub təmizləyib gəlmişdik Biz geri dönəndə bizi yalnız sökülməkdə olan çadırların qarşısında öz veş-meşoğları ilə əlləşən rabitəçilər qarşıladı. Onlardan biri batalyonun yoxluğunu bizə iki kəlmə ilə anladıb” fərarilər” işinizi verdilər “bədbaxt” oldunuz cümləsi ilə timsah kimi soyuq-soyuq dişlərini ağartdı. “Bu yekebaşın başını əzəcəm” deyib tullanan Məhəmmədin havasını birtəhər alıb batalyonun getdiyi istiqamətə yollandıq. Təmiz qanımız qaralmışdı. Səssizcə yolu əlimizə alıb davam etdik. Gecə yarını haqladıkca güllə mərmi səslərinə sanki biz yox, o  bizə yaxınlaşırdı. Döyüşün tam ortasında özümüzü tapdıq. Yenə nəfəs-nəfəsə, kürək-kürəyə  döyüşün sonuna qədər vuruşduq. Ağır itki verərək acı məğlubiyyətlə geriyə- arxadakı mövqelərə çəkildik. Çox şəhid vermişdik. Mənim kantuziyam da bu döyüşdə yenidən təzələnmişdi.
Ətrafımda səssiz film kimi gedən döyüşün sanki alt yazısını mən yazırdım. Axşam qulağım açılanda ilk eşitdiyim səs “sıraya düzlən” əmri oldu. Kambat gəlmişdi. O komandirlə nə üstündəsə bərk mübahisə edir, əlini qaldıraraq bizə-əsgərlərə tərəf işarə edirdi.Komandirin yorgunluq yağan üzünü əlacsızlıq bürümüşdü. Kambat sıranın əvvəlindən axırına doğru addımlayaraq hamını demək olar ki,tək-tək nəzərdən keçirdi. Nə baş verdiyini anlayacaq qüvvəmiz yox idi. Hamı yorğun və gecənin yuxusuzluğunun verdiyi halsızlığın altında idi. Kombat bu uzun uzadı baxışından sonra komandirə tərəf dönərək:
-         Siz mənə əlli nəfərlə döyüşə girməniz haqqında  məlumat vermişdiniz. Elədirmi?- rəsmi bir soyuqqanlıqla soruşdu.
-         Bəli elədir.- komandir sanki məcburən o kəlmələri ifadə etdi.
-         Indi hal hazırda qarşımda neçə nəfər var və neçə nəfəri döyüşdə itirdik?
-         Səkkiz nəfər itirdik və qırx səkkiz nəfər də bizimlədir yoldaş kambat
-         Indi kim kimi aldadır?
Artıq söhbətin hara yuvarlandığını mən başa düşməyə başlayırdım. Bizi – məni, Məhəmmədi,  İntiqamı və bizdən əlavə üç nəfəri – qubalı uşaqları sıradan çıxardılar. Bizi icazəsiz bölüyü tərk etməkdə günahlandırdılar və hərbi tribunala veriləcəyimizi bildirdilər. Komandirimiz son cəhdini edərək elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən:
-         Onlar mənimlə olublar. Döyüşün qızgın yerində də. Qanun axtarmağın burda nə mənası var?!. Hə siz nə edirsiinz. Onsuzda qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır Bəlkə də siz haqlısınız Onlar qanunsuzluq ediblər, amma onlar qayıdıblar bu gün burdadırlar.- hey danışaraq sanki onu yola gətirəcəyinə ümid edirdi.
Kombat isə ona fikir vermədən bizi mal sürüsü kimi qabağına qatdı.Bizim əllərimizi kəndirləyərək yük maşının kuzasına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt unutmayacağım iki simanı gördüm. Bunun biri bizim komandir idi. O,əlləri ilə üzünü qapayaraq  palçığa qarışıb rəngini itirmiş qarın üstündə çömbəldi,digəri isə ..... Digəri bizi rabitə çadırının qarşısında qarşılayan həminki timsah sifət idi. Elə onda, mən əslində  işimizin kimin verdiyini anladım. Bizi aparan maşın batalyondan uzaqlaşdıqca sanki o timsah sifətin dişlərini ağardaraq bizi izləməyində davam etdiyini hiss edirdim.
 Fevralın insanın dişlərini sızladacaq sazağı axşam düşdükcə iliyimizə işləyirdi. Bizi mal tövləsinə bənzər bir yerə gətirib saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı tikilinin dam örtüyü yox idi. Sazağ şiddətləndikcə yavaş-yavaş qar da başlayırdı. Kombat şəstlə: “ Sabah sizi şəxsən özüm gülləliyəcəm” – deyərək bizi o sazağın içində tərk edib getdi.
 Qubalıların üçü də büzüşərək bir –birlərini qucaqlamışdılar. Mən qardan dəstəmaz alıb elə ordaca namazımı qılmağa başladım. Intiqamla Məhəmməd isə divar boyunca var- gəl edirdilər.     
          Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə çıxmasını diləyirdim.Soyuq şiddətləndikcə qubalılardan birinin iniltisi yüksəlirdi. Iniltinin sahibi qəfil yerindən sıçrayaraq bağırmağa başladı:
-         Mənim üç balam var eyyy........ Eşidirsiniz məni, köpəkuşağı. Bu gün mən, qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam. Öldürün bizi sabaha saxlamayın.Oğraşlar, vətəni satmışlar. – onu bağırtısını söyüşlər əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.
O gecə-o “mındar” gecəni yatmadıq. Sabahın korunda, qarın ardınca yağış başladı. Qardələn. Qarabağın fevralın qucağında oturmuş havasının özəlliyi. Yağış bizi isladıb donduracaq vəziyiətə saldı. Elə bu zaman biz kambatın səsini eşitdik. Onun səsindən içkili olduğu anlaşılırdı. O, əlindəki silahı oynadaraq havaya atəş açır və bizi də oradan çıxmağa məcbur edirdi. Saniyələrin söhbəti gedirdi artıq. O, qubalılardan birini- bayaq çığıranı sürüyüb bayıra çıxardı. Əlindəki tapançanı onun başına dirəyərək qəfil tətiyi çəkdi. Onun bu hərəkətilə mənim elə bil ayaqlarımı doğrdılar. Dizlərim yerə gəldi. Bizim bu şəkildə şoka düşdüyümüzü görən o əclaf eyni filmlərdə olduğu kimi soyuq qəhqəhələr çəkirdi. O qubalı balası ölməmişdi, amma ölüdən betər olmuşdu. Onun sabahın ayazında gömgöy olmuş rəngi indi lap meyid rənginə çalırdı. O it isə “xalıstoy” gullələri bizim üstümüzə saçaraq daha da zövq alırdı. Bizi bu əzabdan, onu da bu zövqdən qəfil alaqaranlığın içindən peyda olan vilis qurtardı. Vilisin qapısı açılanda oradan kombriqin düşdüyünü  gördük. Öz aləmində kral kimi əylənən kombat  nə hiss etdisə, qəfil geri döndü. Onun qəhqəhəsi dodaqlarında dondu. Kombriq palçığın içində diz üstə çökmüş qubalıya və mənə  baxdı və bayaqdan sakit görünən bu rütbə sahibi bir neçə saniyə sonra kombatı təpiyinin altına salmışdı.
          Bizim hamımızı qospitala göndərdilər.Başına silah tuşlanan qubalı elə oradaca- qospitalda öldü. Beyninə qan sızdı. Yəqin ki, gecəki qorxunu adlada bilməmişdi. Biz geriyə batalyona qayıdanda kombatımızı dəyişmişdilər.
          Bəs kombriqin bu işdən necə xəbəri olmuşdu?- Mən qorxa-qorxa ona sual verdim.
           -Bizi kombat aparandan sonra komandirimiz əlini hər yerə atıb. Səsinə səs verən olmayıb. Gecəyarıya kimi gözləyib birbaşa kombriqin yanına gedib. Silahı onun başına  dirəyərək onu dinləməsini məcbur edib. Kombriq bundan sonra qalxıb məsələni yoluna qoyub. Bunu sonralar bizə kombriqin  “axranası”  dedi.
          Yəqin ki, öldürdüyünüz də elə kombat idi eləmi?- Mən artıq söhbətin məğzini tutan biri kimi arxayın-arxayın soruşdum.
  O, mənim çiynimin üzərindən uzaqlara baxaraq sanki sualımı eşitməyibmiş kimi davam etdi:
          -    Mövqelərimiz Ağdama qədər geriləmişdi. Yaz yağışı kimi idik. Gah iki üç kənd irəliləyir qələbəni dadırdıq, bəzən elə o axşam da hər şeyi itirib beş-altı mövqe geri otuzdurulurduq. Bəzən döyüşün qızğın yerində bizə geri çəkilmək əmri verilə bilərdi. Ağdamın Güləbirdində başqa bir batalyonla eyni mövqelərə düşdük. Mən “akopa” girmək istəyəndə onu gördüm. Kürəyində rabitə “veş-vüşü” bizim tərəfə gəlirdi. Məhəmmədi dümsükləyib onu göstərdim. Bəli, tamam əmin idik . bu O idi . Timsah sifət.O, bizi görmədi. . Məhəmməd ona tərəf qalxıb getmək istəyəndə qolundan yapışdım. O isə “indi nəyi gözləyirik” – deyərək əlimi itələdi. Timsah sifət isə bütün bunlardan xəbərsiz halda, bizdən doqquz-on metr aralı akopa girdi.
          O hadisədən sonra bizim batayondan kombatdan başqa, O da yerini dəiyşmişdi. Oradan qayıdandan sonra onu axtardıqsa da tapa bilməmişdik. Indi cəbhənin qızğın yerində onun  haqqında necə qərar verəcəkdik: bunu belə bilmirdik.
         Qar göydən sel kimi səpələyəndə onu tapdıq. Gecə həminki gecə idi, lakin zaman və bizim hiss etdiklərimiz fərqli idi. Yenə o gecəki kimi bu gecə də göyün üzü  görünmürdü. Bu gecə də səma  gözlərinə dəm vermişdi, amma dərddən yoxsa sevincdən yaş tökdüyü bəlli deyildi. Silahı onun alnının ortasına dirədik. O gecə hədəf olunananlar  bu gecə hədəfə almışdı. Əynimdəki “buşlatın” qollarından süzülən sular onun üzünə süzülürdü. Onun bəlkədə göz yaşları onu artıq satmışdısada, biz bunu çətin ki, bu suların arasından seçə biləydik. Silahın soyuq tətiyi əlimin altında idi.  Əslində onu niyə öldürməliydik ki..- O, boğuq səslə dedi- Axı, o erməni deyildi, axı o düşmən deyildi, amma ........-O susdu.- amma -əlləri titrəyə-titrəyə yenə bir siqaret yandırdı.bir qullab vurub külqabıya qoydu.Alnını ovuşduraraq çətin bir qərar verəcəkmiş kimi düşüncəli bir görkəm aldı və ağır-ağır davam etdi:
Gecənin qaranlığında bir anın hökmü idi ki, əlimdəki silahın tətiyini çəkəm və onu cəhənnəmə vasil edəm, amma bunu edə bilmirdim.O qədər döyüş görmüşdüm, ancaq kimisə öldürəcək   qədər insanlığımı itirməmişdim. Yox, məni onu öldürməyəcəkdim. Onu bu qaranlıq təpələrin arxasına Məhəmməd sürüyüb gətirmişdi. Tam bir ildən sonra yenə fevral soyuğunda bir yerdə idik. Qubalı əlindəki lapatkanı onun çiyninə endirdi sümüyün şaqqıltısından çiyninin qırıldığını bütün beynimlə hiss etdim. O, yerə yıxılaraq nəfəsi təngiyə-təngiyə “ Mənə yazığınız gəlsin üç balam vaarrr”- deyə zarıdı. Kaş o sözləri deməyəydi. Qubalı isə lapatka ilə onun başına döşəyə-döşəyə”İt, bəs mənim qardaşım, mənim qardaşımın üç balası yox idi ki?! Niyə kişi kimi başına bir güllə sıxmadınız haa. Bizim qoyun kimi sıraya vurub çıxdınız. Tula, şpiyonluq edəndə bunun sonrasını niyə düşünmədin?!”Timsah sifət al qan içində çapalayırdı. Mən qaranlıqda bunu sezməsəmdə, qanın qoxusu ağzıma burnuma dolurdu.  Mən tətiyi çəkdim. Dəfələrlə çəkdim. Qulağıma gələn zarıltı səsi kəsilənə qədər çəkdim. Sonra sürətlə oranı tərk etdim.
Səhər alatoranında bizim mövqelər yenə dəyişiləndə yenə qarın ardınca yağiş-qardələn başlamışdı. Təpənin arxasındakı gecəki izləri isə palçıq çoxdan udmuşdu. – o dərindən nəfəs alaraq susdu.
 Mən əmimin bütün bunları danışdıqdan sonra üzündəki əzabı gördüm. Ona nələrisə xatırlatmağıma peşman oldum. Bunu sezdiyimi bildirməmək üçün  yerimdən qalxıb samovardan  çayları təzələdim.    







                              

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...