5.09.2016

Ağayaq

                                                              
Günəş üfüqdə görünəndə məhəllədə canlanma başladı. Xatti qapını cırmaqlayaraq bayıra çıxmaq istədiyini bildirdi. Sonra çarpayıda ağzıüstə yatan kişiyə nəzər salaraq oturub qulaqlarını salladı. Gözlərinin kənarı ilə döşəmədə uzanıqlı qalmış sahibəsini süzdü. Bir gün öncə Xattini sığallayan əli qanın içində idi. Hissiz bədəni və yarıaçıq gözləri Xattidə ümidsizlik yaradırdı. Bütün gecə onu iyləyib ətrafında dolanmışdı. İsti qan qoxusu burnunu qıcıqlandırmış və onu dəhşətə boğmuşdu. Yerindən qalxıb qabaq ayaqlarını yenə pəncərəyə söykədi. Boş məhəllədə ins-cins gözə dəymirdi. Qəfil pəncərədən Ağayağı görən kimi daha əsəbləşdi. Bu pişiyi görən kimi qan beyninə vururdu. Bütün vücudu ilə hiss edirdi ki, bu pişiyin ondan fərqli olaraq azadlığı var. O bu  qapı arxasında belə məhbus həyatı yaşamır. Ağayağın yerişi astalaşmışdı. Xatti başa düşdü ki, yenə məhəlləni bala pişiklər basacaq. Bunu başa düşən kimi bir-iki ağız əsəbi halda hürdü. Onun belə qəfil hürməyi zorla yuxuya getmiş  Şahidi qəfil yuxudan qaldırdı. O hirslə qapını açaraq iti az qala bayıra tulladı. Arxasınca qəzəblə "Get, cəhənnəm ol!  Sən də sahibin kimi vəfasızsan"-deyə qışqırdı.
                Xatti ilanın ağzından qurtulmuş qurbağa kimi özünü dar dalana atdı. Ağayaq geri çevrilib onu görən kimi yenə divarın üstündəki yerişini pozmadan asta-asta getməyində davam etdi. O divarla yolun arasındakı məsafəni ölçəcək qədər təcrübəyə malik idi. İtin səfehcəsinə onun dalınca düşüb hürməsini laqeyd halda süzürdü. O yer tapmalı idi. İndi martın soyuq küləyi şiddətləndikcə onu narahat edən yeganə məsələ təhlükəsiz və isti yer idi. Dünəndən məhəllədəki bütün həyətləri dolaşırdı. Hələ bir nəticə əldə etməmişdi. Qarnı ağırlaşırdı.
                Əminə sancıdan qıvrılırdı. Gecədən başlamışdı ağrılar. Belə olacağını əlinin içi kimi bilirdi. Həkim ona xəbərdarlıq etmişdi. Artıq neçənçi dəfə idi ki, bu hərəkətə yol verirdi. Özünü bağışlaya bilmirdi. Hər dəfə and içirdi, amma yenə edirdi. “Hamısının günahı o əclafdadı” -deyib ovuclarını elə sıxdı ki, dırnaqları ətinə batdı. Ona lazımdı, lazım idi bu həngamə. "İtoğlu, itoğlu"- deyə inildədi. Birtəhər ayağa qalxıb pəncərəyə doğru irəlilədi. Günəşin solğun şüaları dar dalanı yavaş-yavaş işıqlandırırdı. Qəfil dalanda Xattinin qaçdığını gördü. Məhəttəl qaldı, axı Sevda iti belə tezdən buraxmazdı. Sonra Sevdanın bir neçə gün əvvəl ona dediyi sözləri xatırladı:
"Əminə, o inanmır ki, yeddi ildən sonra övladımız ola bilər. Hey dirəşir ki, onun uşağı ola bilməz. Rusiyada hansısa axmaq həkim ona deyib ki, sənin uşağın ola bilməz. Elə hey deyir ki, kimdəndi?  İlahi mən nə edəcəm. Deyirəm elm var gedərik,  DNK testi edərsən, görərsən öz uşağındı.  Xeyri yoxdu, başı xarab olub elə  bil."
Əminə "Ay qız get rədd elətdir. Soruşsa deyersən ki, səhv başa düşmüşəm. Pahh lazımdı elə bu xeyrisizlərdən bizə uşaq"-dediyini xatırladı. "Hə də, lazım döyül, döyül." deyə o yumruğunu pəncərəyə döyəclədi.
                Elşad yorğun "gecə növbəsindən"dönürdü. İllərdi dəmir yollarında çalışırdı. İndi üç gün idi ki, yalandan gedib ətrafda dolanıb gəlirdi. Evdə necə deyəcəkdi ki, işdən çıxarılmışam.  Elşad hər dəfə bu barədə düşünəndə  dəhşətə gəlirdi.  Onu  işini itirməkdən daha çox  arvadı narahat edirdi. Bütün günü güzərandan, pulsuzluqdan şikayətlənən arvadı onun az maaşına qane olmaq istəmirdi. Bütün günü qonşulara bax, bacıma bax,  əli çatan və çatmayan insanları nümunə gətirməkdən yorulmurdu. İndi yorğun ayaqlarını arxasınca sürüyərkən yeganə istədiyi şey sakit ev və çarpayı idi.
                Ağayaq divarın üstü ilə getməkdən sıxılaraq  atılıb ən yaxındakı evin damına düşdü. Qarnının ağırlığı onu aşağı sürüklədi. Elə onda yağışdan və parlaq günəşin kövrəkləşdiyi şifer qırıldı və Ağayaq içəri yuvarlandı. Miyoldayaraq ətrafa baxdı. Parlaq gözlərini sürətlə ətrafa gəzdirərək baxdı. Düşdüyü yer taxta döşəmə idi. İsti hava dalğası ayaqlarının arasından burularaq qarnını oxşadı. Zövqlə taxtanın üzərində uzanıb gərnəşdi. Qulaqlarının  şəkləyib diqqətlə dinlədi. Bir qadının uşağına laylay dediyini fərq etdi. Elə həmin melodiyanın və istinin təsiri ilə xumarlandı. Ürəklə yuxuya getdi. Bura onun axtardığı yer idi.
                Əminə onu dalandan dönəndə gördü.  Stula çöküb Elşadın içəri girməyini gözlədi. Qapı çırıldayıb aralandı. Rütubətdən nəmişlik qoxuyan bu ev Elşad üçün bu an elə əziz göründü ki, Əminənin üzünə baxmadan birbaşa yataq otağına keçdi. Elə çarpayıda  büzüşmək istəyəndə yataqda ləkələri gördü.
-Yenəmi?- deyə halsız qışqırdı.
- Hə yenə.-Əminə bütün enerjisi ilə qışqırdı.
- Sən nə qədər murdar qadınsan. Sənin yerin cəhənnəmdir, bilirsən cəhənnəm.
- İkimiz birlikdə gedəcəyik.
- Mənim cəhənnəmim bu dünyada sən oldun. Sən məni ata olmaqdan məhrum etdi.- Elşad  inildəyərək dedi.
- Sənin altında xarici maşın oldu, yönlü maaşın oldu mən doğmadım?! Dünən Səməd dedi ki, işdən çıxarılmısan. Guya gecə haralardasa sülənməklə məni aldadacaqsan. Sənin yalana gücün çatır, mənim dərmana.
- Allah sənə lənət etsin. Heç olmasa doğmaq fikrin yoxdur, onları qarnında öldürmə. Nə olar bu evi qəssabxanaya çevirmə.
Əminə yeni hücuma keçmək istəyirdi ki,  çöldə qəfil qışqırtı eşıdıldı.  Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Xattinin bir qadının üstünə cumduğunu, qadının isə dar dalanda küncə sıxılaraq tir-tir əsdiyini gördü.
                Xatti Ağayağın ardınca düşüb divar bitənə qədər getdi. Sonra pişiyin evin damına tullandığını gördükdə onu izləməyin mənasızlığını anlayıb dalan boyunca getməyə davam etdi. Ac idi. Sahibəsi onu indiyə kimi bu qədər tək qoymamışdı. Ağır addımlarla dalanın sonuna kimi getdi. Əminəgilin evinin yanına çatanda dayandı. Bu evi heç sevməzdi. Kif göbələyi qoxusu verən divarların o tayında qarğışdan başqa bir söz eşitdiyini xatırlamırdı. Qəfil dalanın o başından gələn qadını fərq etdi. Bu qadını tanıyırdı. Sahibəsi ona bir -iki dəfə iynə vurmuşdu. Bir ümidlə qadının üstünə yüyürdü. Elə bildi ki, ona sahibəsinin başına gələnləri anlada biləcək.
                Qadın qışqırırdı. Əminə birtəhər küçəyə çıxıb Sevdanın ərini səslədi. Lakin səsə heç bir reaksiya verilmədiyini gördükdə yaxınlaşıb qapını döydü. İkinci cəhdən sonra nəhayət qapı açıldı. Əminə üzü -gözü şişmiş adamı görəndə səksəndi. Qapının aralı qalmış yerindən Sevdanın döşəmədə yatdığını və ətrafın qan olduğunu gördü. Dəhşətə düşərək özündən asılı olmadan kəkələdi
-Xatti , qadın, qorxur gəlin qoymayın-deyib oradan var qüvvəsi ilə aralanmağa çalışdı.
Kişi qapını azca aralı qoyub döşəməyə əyildi. Əminə onun bıçağa tərəf əyildiyini görüb oradan götürüldü. Qaçdıqca ona elə gəlirdi ki,  hər an kürəyinə bıçaq saplana bilər. O dalanı burulub evin qapısına çatmışdı ki, Xattinin zingildəyərək torpğa yapşdığını gördü. Bıçaq boynuna saplanmışdı. Küncə qısılmış qadın bu mənzərədən daha da dəhşətə düşərək qışıqırıb qaçmağa başladı.
                Bir saat sonra Sevdanın cəsədini morqa, Xattinin meyidini zibilliyə apardılar. Evi kirayə vermiş Sabir kişi Sevdagilin iti də evdə saxladığını bildikdə evin elə həmin gün taxtalarını sökdürdü.
                Əminə xəstəxanadan gəlib tövbə etməklə məşğul idi. Amma bunu dəqiq bilirdi ki, Elşadı bu rütubətli evdə ata etməyəcək.
                Ağayağın beş dənə özü kimi qara, ayaqları ağ balası olmuşdu. Onları yalamaqdan doymurdu. Aşağı otaqlardan qalxan laylay səsi onu və balalarını yuxuya vermişdi.


5.05.2016

Susmaq haqqınız var

Bir autizmli uşağa “Kitab nədir?” sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi
İslaminSesi üçün

Söz... Sözlərin birlikdə toplanıb yaratdığı cümlələr. Cümlələrin mətnə çevrilməsi, mətnlərin kitab olması. Gözlərimi açıb dünyanı dərk edəndən bəri sözün necə böyük qüvvəyə malik olduğunu anladım. Danışdığım sözlərin lehimə və ya əleyhimə işlədiyi zaman anladım ki,insan övladı danışdığı sözlər qədərdir. Sonra 90-ci illərdə bum yaşayan Amerika filmlərindən bu cümləni yaddaşımın bir bucağına yazdım: "Sizin susmaq haqqınız var. Dediyiniz hər bir söz sizin əleyhinizə çevrilə bilər" Və mən susdum. Sükutum yalnız mən ədəbiyyata gələrkən pozuldu. Mən yazaraq deyil, oxuyaraq sükutu poza biləcəyimi anladım. O zaman anladım ki, insan övladı binaları dağıda bilər, şəhərləri yox edə bilər, illərlə müharibələr edə bilər, amma sözü məhv edə bilməz.
Söz... Bir autizmli uşağa "Kitab nədir?" sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi. Bəli, mən sözlərin qanadından yapışaraq fərqli zamanlara uçdum. Alisa olub möcüzələr diyarına getdim, Kozetta kimi divarın dibində ağladım, Fantina kimi dişimi satıb övladıma pul gətirdim. Uşaq ağlımla anladım ki, həyat daim xeyir və şərin- Tenadyelərlə Jan Valyanların mübarizəsindən ibarətdi. Sizə sözdən niyə bəhs edim ki?! Sözlər insanı qanadlandıra da bilər, qanadlarını qıra da bilər...
Söz... Bu yaxınlarda "Fransız suitası" filmini izlədim. Mənə "Tısbağalar da uça bilir" filmindən sonra ikinci təsir edən bir sənət əsəri oldu. Kann film festivalı lauriatı olan bu filmin sonunda öyrəndim ki, yazar bir qadın imiş. Bütün hislərini sözə çevirən bu qadın alman əsir düşərgələrinin birində ölüb. Amma nə müharibə, nə də baş verən bütün dəhşətlər onun içindəki sevgini öldürə bilməyib. O əsərdə müharibələrin və digər dəhşətlərin insanı (bir daha qeyd edirəm: insanı) dəyişdirməyəcəyini israrla müdafiə edib.
Söz... Avropa ölkələrində aparılan bir sorğuda məlum olub ki, insanlar Raskolnikovu (Dostoyevski "Cinayət və Cəza") və A.Balkonskini (Hərb və Sülh) daha yaxşı tanıyırlar, nəinki Rusiyanın prezidentini. Bu onu göstərir ki, ədəbiyyat yenə bir addım öndədir. Bütün yazarların məktəbi hesab olunan Dostoyevski və Tolstoy bu gün dünyada hər hansı bir siyasətçinin gördüyü işdən daha çox iş görüblər.
Söz...Keçən həftə Kubada Roma papası və Patriarx Kirill görüşdü. Görüşə min illiyin görüşü adını verdilər. Lakin min il sonra iki fərqli xristian dünyasının uzaq qohum kimi ağızucu görüşməsi heç kəsin diqqətindən yayınmadı. Onlar hər halda tikanlı məftilləri doğrayıb görüşməyə can atan cənubi və şimali azərbaycanlılar deyildilər. Onların görüşünü qısa və kəsə olaraq ədəbiyyat üzərindən izahatını verdilər. Qabriel Qarsia Markes sayağı dedilər. Kubanı və aeroportdakı görüşü magik realizmlə izah etdi dünyanın ən tanınmış politoloqları. Kubanı ötəri yer, aeroportu yol ayrıcı kimi simvollaşdırdılar. Siz hələ də ədəbiyyatın rolunu inkar etmək niyyətdinsiz?

Cümlə... İngiltərə, Rusiyanı Suriyada dinc əhalini və məskənləri bombaladığını söylədi. Mənbəyini soruşdu jurnalistlər. İngilis nümayəndə öz soyuqqanlı baxışlarını onlara dikərək: "Mənbəyi açıqlaya bilmərik"- deyə cavabladı. Rusiya isə buna belə reaksiya verdi: "Harri Potter" və "Üzüklərin əfəndisi" İngiltərə sərhədləri daxilində meydana çıxmış əsərlərdir. Onların fantaziyasından şübhə etmək olmaz-dedi. O cümlələri oxuiarkən mən L. Tolstoy realizminin J.Rouling fantaziyasına qalib olduğunu gördüm. Mən siyasətin ədəbiyyatsız ola bilməyəcəyini anladım.
Mətn... Umberto Eko dünyasını dəyişdi. Mən onun 84 yaşının olduğunu bilmirdim.Mən hələ də elə bilirdim ki, Umberto Eko kimi adamlar ölmürlər. Onun kimi adamların ümumiyyətlə ölmək haqları olmadığını düşünmüşəm. Hələ də gizli-gizli ümid edirdim ki, onunla nə vaxtsa görüşmək şansım olacaq. Onun fəlsəfə qoxuyan mətnlərinə sarılaraq onun necə antisemit ədəbiyyat yaratdığına və elə bir zəkanın Nobel almadan ölə biləcəyinə inanmadım. Halbuki dünyanın bizim arzularımızı reallaşdıran bir yer olmadığnı çox gözəl bilirəm...
Kitab... Dünyada heç bir qüvvənin qarşısında dura bilmədiyi söz ordusudur kitab. Müharibələrdən güclü, insanlardan uzun ömürlü, əbədilik təravəti saçan kitablar. Onlar yalnız qiymətli olduqları üçün deyil, onları qiymətləndirən insanlar var olduğu üçün bu gün mövcuddurlar. Əgər sabah bəşəriyyəti kamillikdən uzaq tutmaq istəyiriksə ilk növbədə ona kitab oxumağı qadağan etməliyik. Kitablar. Bizi keçmişə və gələcəyə bağlayan iplərdir. Bu ipləri mühafizə etmək isə bizim borcumuzdur.

5.02.2016

TOZ DƏNƏCİYİ


                Güllə dəyəndən sonra Akif gözlərini xəstəxanada açdı.  Başını qaldırmağa qüvvəsi yetmədi. Bulanıq baxışlarla ətrafı süzdü. Başının üstündə ağxalatlı bir xanımı güclə sezdi.
                -Ölümdən döndünüz, Akif müəllim- bu onun yenidən dönüş etdiyi həyatda eşitdiyi ilk cümlə oldu.
                On gün sonra evə buraxdılar. Polis rəisi mayor Akif Nağızadə yerirəyərək tərk etdiyi evə xərəkdə döndü. Daha yeriyə bilməyəcəkdi. Yerimək qabiliyyətinin ona geri dönməsi möcüzə hesab olunurdu. Çünki əlli yaşının astanasında onurğa sütunun zədəliyərək böyrəyinin altından keçib qarnına   saplanan güllə ona normal bir gələcək qoyub getməmişdi.
                Akif onun masajı ilə məşğul olanlara əvvəl ümidsiz baxsa da, mübarizəyə başlamağa qərar verdi.
                Uzun uzadı fizioterapiyadan sonra ona əsa verildi. Həyatda bir taxta parçasına bu qədər sevinəcəyini heç vaxt zənn etməzdi. Əsanı sol əli ilə tutmasını tövsiyyə etdilər.
                Bir aprel səhəri ən yaxındakı dükana -150 metri getməyi qərarlaşdırdı. Darvazanı açıb bayıra ilk addımını atdı. Küçə gözünə o qədər böyük göründü ki, onu vahimə basdı. Özündə təsəvvür edə bilmirdi ki, bu 50 ildə bu küçəni necə gedib gəlib. Onun daşından, kəsəyindən xəbəri olmayıb. Bu küçəni neçə dəfə asfatlayıblar, ya neçə dəfə kanalizasiya boruları partlayıb heç vaxt fərqində olmayıb. Getməyə qərarlaşdırdığı dükana isə nə vaxtsa gördüyünü xatırlamadı. Oranın qonşuların nisyə dəftərinin heç nazilmədiyi və daim yalnız çörəyin təzə olduğu məkan olduğunu bilmirdi. O daim küləkli səmtdə torpaqdan qopub havada rəqs edən toz dənəciyi kimi idi. Onun bağrından qopduğu cəmiyyətdən xəbəri yox idi.
                Akif qarişıq düşüncələrlə ilk addımından sonra ikincini atdı. Anladı ki, normal insan kimi addım atmağa qabil deyil.  Dizləri qabağa gəlir,  itələmə qüvvəsi yaradır, sonra taqətsiz ayaqlarını arxasınca sürüyürdü. Beləliklə 150 metrlik məsafəni iki saata qət edə bildi.  Gəlib dükana çatdı. Qapıya söykənib dərindən nəfəs aldı. İçəridən iki qadın səs-səsə verib bir birinə imkan vermədən danışırdı.  Akif diqqətini toplayaraq söhbəti anlamağa çalışdı. Qadının biri borcdan ötrü xahiş edir,  o birisi isə buna etiraz edərək tez qaytarmasını tələb edirdi. İkincinin etirazından sonra borcu gözləməsini xahiş edən qadın qəfil səsini qaldıraraq dəftərə hər şeyi  artıq yazdığını dedi və bu da qarşısındakı qadını tamamilə hövsələdən çıxardı. Akif ilk əvvəl istədi ki, girib bu mübahisəsi gedən borcu bağlasın və bu səs-küy bitsin. Sonra xatırladı ki, çıxarkən arvadı cibinə 20 qəpik qoyub. Birtəhər özündə qüvvədə tapıb plastik qapını aralayıb içəri keçmək istədiyini işarə verdi. Qadınlar onu görən kimi səslərini kəsdilər. Saçları ağarmış solğun xalatlı qadın dükandan çıxıb getdi. Dukanın sahibəsi Validə Akifi görən kimi
-Ay Akif müəllim həmişə ayaq üstdə. Gəlmişdim eyy xəstə olanda yanınıza. İndi niyə əziyyət çəkmisiniz ki, elə uşaqları göndərəydiniz nə lazımdı göndərəydim dana.- Akif nəfəsini dərib ona cavab verənə kimi  - "Düşdün quş həddinə, xoş gəldin qara camaatın sırasına. Titanik batanda varlı da kasıb da birgə qərq oldu. Niyə dünyadan doymur eyy bu insan övladı"- Validə sürətlə beynindən keçirdi.
                -Mənə həkim buyurub, gündəlik müəyyən məsafə qət etməliyəm. Bu ayaqlarımım açılması üçün vacibdir. Hə mənə çörək ver.-cibindən 20 qəpiyi çıxarıb əli tirəyə-titrəyə Validəyə uzatdı. Elə bu zaman gözləri dondurma soyuducusunun üstündəki qalın dəftərə sataşdı. Dəftərdə kobud xətlə müxtəlif insanların adı yazılmışdı. Bu dəftər dükanın divarına vurulmuş iri hərflərə “nisyə mal verimir, üz vurmayın!” yazlmış iri kağız parçası ilə zidiyyət təşkil edirdi. Akif sövq -təbii olaraq dükanı sürətlə nəzərdən keçirdi. Yuxarı vurulmuş kameranın işləımədiyini o dəqiqə anladı. Validə isə sabiq polis rəisinin uzanıqlı əlindəki 20 qəpiyi ehtiyatla süzürdü. Ona çörəyin 30 qəpik olduğunu necə deyəcəyini qərarlaşdıra bilmirdi. Nəhayət “camaata dinmədikcə boynumun ardına mindilər”- fikrinin təhriki ilə
-Akif müəllim çörək 30 qəpikdir. indi verim apar. bura yazaram - gözləri ilə qırışmış kirli dəftərə işarə edərək dedi.
Akif udqunaraq heç nə demədi. Amma ürəyində arvadını bir neçə mərtəbə söyüşlə anandan sonra  başa düşdü ki, daim sürücünün alış veriş etdiyi evdə arvadı da onun kimi çörəyin qiymətini bilmir.
Beləliklə Akifin ilk günki sərgüzəştindən sonra gündəlik müəyyən saatlarda əsasına söykənərək məhəllənin bu başından o başına məsafələri qət etməyə başladı. Hər gün yürüşünə bir metr artırırdı. Məhəllənin divarlarına söykənərək o artıq hər kəsi səsinə görə tanıyırdı. İllərlə qonşularını tanımamışdı. İndi bilirdi ki, Təyyar kreditə aldığı son model avtomobilini sürməyə qıymır. Hər gün işə avtobusla gedib gəlir. Onun arvadı isə o işə gedən kimi çantaları doldurub anasına bacısına pay aparır. Onlardan o tərəfdə qalan iki yaşlı bacı-qardaş iki məhəllə o tərəfdə dükan işlədir. O dükanda müştəridən daha çox qara toppuş milçəklərin və çöl pişiklərin olduğunu da bilirdi. Həm də bunu bilirdi ki, ömrü boyu ailə qurmayan bu bacı qardaşlar çox xəsis həyat sürürlər. Qardaş 2000-ci ildə aldığı o7 markalı maşını heç kəs sürə bilməsin deyə təkərlərini söküb çarpayısının altında saxlayır. O biri qonşu Füzuligildə daim davadır. Kişinin məşuqələri vaxtaşırı gəlib evin xanımını döyür sonra hamılıqla polisə düşürlər. Sonra kişi küçədə hər kəsin görə biləcəyi yerdə arvadının ayağına düşüb əfv diləyir bir daha gedib kiməsə onu alacağını söz verməyəcəyini söz verir. Sonra da da qadın bu etibarsız kişini yenə evə buraxırdı. Halbuki bir ay sonra həmin əhvalatın baş verəcəyini bilirdi.
Qaçqın ailə var tində. bütün dükanlara borclu yaşayırlar. Akif bir dəfə evin divarına söykənib nəfəsini dərmək istəyəndə onların ev tikdirdiyini öyrəndi. Onların qaçqın olmadığını da elə orda öyrəndi.
Cəmilə it saxlayırdı. İtin qoxusu məhəlləyə ayrıca yayılırdı. Əri həmişəki kimi içib əvvəlki arvadının saçlarından danışırdı. Onu boşamasını qəhrəmanlıq dastanı kimi danışır və Cəmiləyə aşiq olduğunu sərxoş halda qışqırırdı. Amma hər kəs bilirdi ki, o öz arvadının xiffətini edir. Nə Cəmiləni, nə də o iti sevmir. Böyrəyindən sancı tutanda Akif o gənc adamın təcili yardım maşınında sayıqlayaraq “Nazilə” deyə çağırdığını da eşitdi. Onda bildi ki, doğurdan da O öz arvadının xiffətini edir.
Səməndər ailəsini Rusiyada atıb gəlmişdi.  İllərdi boş qalmış ata yurdunda bir qadınla yaşayırdı. Akif onların ac olduğunu yox, acgöz olduğunn fərqinə varan kimi dəhşətə gəldi. Onlar məhəlləyə düşən hər hansı bir əşyanı belə sahibini aramadan darvazadan içəri çəkərdilər. Sanki darvazalarından içəridə nəhəng bir dünyasoran var idi. Bütün aləmi udmaq istəyirdilər.
Böyük iki mərtəbəli ağ ev. O evdə sakit bir ailə var idi. Akif o evə çatanda sakitləşirdi. oradan bir ağbənizli bir xanım hər gün uşaqlarını məktəbə aparıb gətirirdi. Baxışlarını heç kəsin üzünə qaldırmazdı. Üzündən səmanın yaz sakitliyi yağan bu gəlin Akifə dünyanı sevdirirdi.
Aşağı qonşu -rütubətli evdə yaşayırlar. Akif bu evin divarına söykənəndə daim həbsxananı xatırlayırdı. O ev bir az ayaqyolu, bir az rütubət, bir kif qoxusu ilə onu oradan itələyərdi. Əynindəki səhv düymələnmiş xalatı ilə insanda daim abırsız fikirlər oyadan ev sahibəsi əri ilə daim dava edirdi. İş, pul, yemək davasının sürdüyü bu evdə Akif işvəli gülüş eşidəndə təccüblənirdi. insanların bir-birlərini bu qədər alçaldıb sonra qucaqlaşması ona çatmırdı. Sonra bir çox fiziki ehtiyacların yalnız xəyalında mövcud olması ilə razılaşaraq alçaldıcı münasibətin elə belə də olmasına təəcüblənməkdən vaz keçirdi.
Akif bu yolları addım addım uzadaraq artıq mikrarayonun ortasına qədər gedə bilirdi. Artıq iflic məğlubiyyət bayrağını qaldırmışdı.
Məhəllənin ac, yoxsul, varlı, xəsis, acgöz, mehriban və bəzən sifətlərə malik insanların siyahısı uzandıqca Akif yenidən dünyaya gəldiyini fərq edirdi. O artıq bilirdi ki, qazın və işığın kəsildiyini öyrənmək üçün xəbərləri dinləməyə ehtiyac yoxdur. Onların hamısını məhəllənin arvadları bilir. 
O artıq dünyanın elə gəzə bildiyin qədər bir yerdən ibarət olduğunu anlamışdı. O mubarizənin sıxıntıdan və zülümdən qaynaqlandığını kəşf etmişdi. 50 yaşından sonra həyatında yeni səhifə açırdı.

O addımlarını atdıqca yenidən yaşamaq eşqi alovlanırdı. O mübarizə aparırdı. Nə əldə edəcəkdi bu yaşdan sonra təqaüdə çıxmış polis rəisi olaraq həyatdan möhkəm yapışmaqla. Toz dənəciyi külək yatandan sonra torpağın bağrına dönürdü...

3.27.2016

Kiçik insan üçün nekroloq


Onun gözlərindəki işıq hələ də yadımdadı. Ağarmış saçlarının üstündən bağladığı rəngi solğun yaylıq həmişə sürüşüb düşər,saçlarının ucundakı toppuz yığdığı yerdə dayanardı. Dişləri tökülmüş damağını üzümə ağardaraq gülməkdən çəkinməzdi. Onunla fərqim bu idi. O dünyayanı vecinə almadan gülə bilirdi.  O  bu azadlığa malik idi. Dişsiz damağı, ağarmış saçları qətiyyən ona kompleks deyildi.
               

Onun əhvalatı haradan başlamışdı. Bilmirdim. Ayaqlarında ayaqqabı gördüyümü xatırlamırdım. Deyilənə görə çərşənbə ocaqları qalananda o ayağını o iri közlərin üstünə basarmış və codlaşmış ayaq dərisi yanmazmış. Onu dünyaya bağlayan iplər məni bağlayan iplərlə müqayisədə çox zəif idi. Mən atəşi isinmək üçün, O atəşi əyləncə olsun deyə yandırardı. Mən sevdiyim insanlara qürur ucbatından tərk edərkən, O mənim saçlarıma toxunmaq üçün izn istəyərdi.
                

Yay günəşi öz parlaqlığı ilə insanların gözlərini qamaşdıranda, o çəkinmədən günəşin altında yatardı. Onun həyatının qışı baharı olmazdı. O hər zaman şad idi. İnsanları şərtsiz sevirdi. Yağışın altında saatlara qaça bilirdi.  Onun vərəm olmaq qoxusu yox idi, çünki  vərəm adlı xəstəlikdən xəbəri yox idi.
               

Anam deyirdi ki, o sağlam doğulmuşdu. Bir gün anası ona süd verəndə , atası yanında bir qadınla içəri girmiş bu mənim yeni arvadımdır demiş. Bax onda anasının qolları boşalmış və yerə düşüb. 5 yaşına kimi danışa bilməyib. Sonra dünyanı elə beləcə sevib. Pəltək dili ilə çəp baxışları ilə yetim qız kimi böyümüş.
               

Elə çöllərdə yağışın altında bir gün onunla rastlaşmış. Hər ikisi dünyadan keçmiş, zəngin ölkənin yetim uşaqları kimi qarşılaşmışlar. Hər ikisi zəngin ailədən. Hər ikisinin dünyadakı çiçəklərdən başqa sevgisi olmamışdı hələ. İki dəlinin əlini ayağını bir yerə yığmaq lazımdır deyə ağıllılar belə qərar vermişlər. Hər şeyi planlamışlar,  lakin öz nəfslərindən başqa.
                

İki il bu çöl quşları bir yerdə yaşamışlar. Anam deyirdi ki, doğum evində oğlunu dünyaya gələndə ağrıdan panikaya düşəndə özünü döymüşdü. Onda ona ətrafdakı qadınlar "Allah dadıma çat" deyə dua öyrədiblər. O isə "Ayyah dalımda duy" -deyə bir sutka dayanmadan çığırıbmış. Əvvəl bir oğlan, sonra qız doğulmuş.  Sonra hərə öz övladına sahib çıxaraq evinə aparmış.
              

  On yaşım olardı, Onların gizlin görüşdüyü yeri hər gün görürdüm. Zəngin valideynlərinin çobanı onlar idi. Hər ikisi sürünü gətirib o otluqda qovuşdurardılar.Sonra Novruz tütək çalar, o da otluqda uzanıb dinləyərdi. Onların görüşdüyünü ailələr bilmirdi. Onlara qoyunlar onlardan daha maraqlı idi. Qız anasının yanında, oğlan atanın yanında axşam aralanardılar.
              

  Bir gün Novruz bayramı ərəfəsində  qəbirstanlıqda ögey anasının- onun bədbəxtliyinə səbəb olan qadının qəbrini təmizlədiyini gördüm. Dırnaqlarının dibi palçıqdan qaralmışdı. Çəlimsiz qolları ilə otları datıb təmizləyirdi. İstədim gedəm yaxına etiraz edəm. Ona başa salam dünyanın şimalını, cənubunu. Yaxınlaşanda dərk etdim ki, onunla fərqim budur: o düşmənini belə sevəcək qəlbə malikdir, mən isə ona həqiqəti deyəcək qədər insafsız. Dönüb qayıtdım geri. Qəbirstanlıqdan çıxanda geri boylandım. Hələ də otları dartışdırırdı. Bütün həyatı boyunca zalım adından başqa bir şey qazanmayan ögey anası Ceyranın şəstlə boylanan portreti uzaqdan çox kiçik görünürdü.
               

Universitetdən tətil zamanı evə dönəndə bizə gələrdi. Gəlib eyvanın kənarında dayanar, əlini çənəsinə söykəyərək mənə tamaşa edərdi. Deyərdi ki, səndən böyük şəhərin qoxusu gəlir. Deyərdim o nə cür qoxudur ki? O da dişsiz damağını yenə ürəklə göstərərək gülər və cavab verərdi: "Bir az benzin, bir az dux, bir az sabun, bir az asfalt,  bir az da çoxlu insan iyi. Sənə çoxlu insanların qoxusu hopub. Onlar hamısı səninlə birgə gəliblər." Onda başa düşməzdim bunları. İndi yaşlandıqca anlayıram insana həqiqətən böyük şəhərlərin, çoxlu insanların, avtomobillərin, asfaltın qoxusu çökür.
               

Bu yaxınlarda on yeddi ildən sonra kəndə-uzaqdakı məkana döndüm. Qonşuların arasında onu axtardım. Dedilər Əfşan vərəm olub. Arada qan qusur. Amma yenə kefinin yerində olduğunu dedilər. Oğlu evlənmiş, qızı ərə getmiş dedilər. Zəngin ailənin qocaları öləndən sonra qoyunları da qırılıbmış dedilər. Ondan sonra Əfşanla Novruz çöllərdə görüşməkdən yığışaraq oğlunun yanında bir balaca otağa yiğışmışlar dedilər. İstədim gedəm baş çəkəm vaxt olmadı.

               


Uzaq ellərindəki balaca kəndin sakinləri üçün o həımişə dəli Əfşan oldu. Bu yaxınlarda eştdim ölüb. Dünyanın şərtsiz sevən kiçik insanlar üçün adətən nekroloq yazılmır. Elə uzaqda alt şüurumda mənə dişsiz damağı ilə gülümsəyən bir qadın obrazı qaldı.

1.23.2016

EV

                                                

            Gecə yatanda da yuxuda ev görürdü. Böyük işıqlı ev onun yuxularının bəzəyi idi.Rayona gedəndə mütləq mebel salonlarına baş çəkirdi. Xəyalında qurduğu evə mebel düzür, sonra yataq otağında yerləşdirəcəyi televizorla yuxuya getməyi düşünürdü. Bir dəfə  bu xəyalların təsiri ilə eyforiyaya elə qapılmışdı ki , az qala onu maşın vuracaqdı. Sürücü yumruğunu çıxardıb ona sirkələdi ki , xəyalları dağıldı və o an ağlına möhtəşəm bir fikir gəldi. Bəli , əslində bunu niyə əvvəllər də fikirləşməmişdi. Sevincək şosse yolun ortasından çəkilib maşına yol verdi. Sürücü onun təbbəsümlü üzünü görərək başını yellədi. Yəqin ki , onu dəli hesab etdi.
            Gülnar 9 il idi ki, valideynləri ilə yaşayırdı. Bir oğlu ilə boşanıb bu evə dönəndən bəri həyatı yalnız yaşamaq naminə ömür adlandırıla bilərdi. 9 il idi ki , ata yurdundan 400 metr aralı yarımçıq tikili qalmış evinə köçə bilmirdi. Evdə ata təzyiqinə bu 9 ildə böyüyüb kişiləşmiş qardaş təzyiqi də əlavə olununca Gülnar yuxularında daha tez-tez ev görməyə başladı. Dəfələrlə cəhd etmişdi. Cəhd etmişdi ki , müəllim maaşı ilə topladığı pul ilə tikintini davbam etdirsin , lakin  atası susmuş qardaşı isə gənc dəliqanlığı ilə
-El caamatı bizə güldürmək istəyirsən? Nə işin var tək gəlin xeylağı o damın altında?!- söhbətə son qoymuşdu.
Gülnar imkanı olsaydı bu el-camaat adlanan anlayışı azərbaycan dili müəllimi kimi təhlil edər və yaddaşlardan silərək köhnə söz kimi tarixin zibbiliyinə göndərərdi. Lakin qüvvəsizliyinin fərqinə varan kimi başqa yollar axtarmağa başladı. " Ev , ev " gündə dodağının altında neçə dəfə zikr edir , amma vəziyyətdən çıxa bilmirdi.
            Rayondan evə dönən kimi ev telefonu ilə xalasına zəng etdi. Ona təklifinə razı olduğunu söylədi. Xalası əvvəl duruxdu
            -Qızdırmalı deyilsən ki?- deyə təccüblü səslə soruşdu.
            -Yox, ay xala, arxayın ol- Gülnar onu sakitləşdirdi.
            -Axı ,sən dünən asıb kəsirdin ki , ar belə namus belə . Mənə yaraşmaz daha ərə getmək.
            -Fikirləşdim ki , nə vaxta qədər belə olacam. Get onlara de , razıyam.
            -Yaxşı. deyərəm. Amma , yenə zəng edib bu fikrindən daşınsan daha mən adda xalan yoxdu.
            Gülnar dəstəyi asıb dərindən nəfəs aldı. Ayağa qalxıb güzgünün qabağına keçdi. Özünü baş-ayaq süzüb
-Hə , Gülnar xanım , bu kişi tayfası ilə haqq hesabı çürütmək vaxtı gəlib çatıb. Hamısı ilə. Ata ilə , qadaş ilə , hamısı ilə- deyib saçlarını açıb yenidən yığdı.
 Üç gündən sonra gəldilər. Gülnar Cəlal deyilən adamı pərdənin  o tayından diqqətlə süzdü. Qısaboylu , saçları ağarmış bığlı bir kişi idi. Əyninə geyindiyi təzə paltarlarda özünü narahat hiss edirdi. O an başa düşülürdü ki, daima iş paltarında gəzən adamdı və bu paltarlar əynində qonşu paltarı kimi durub.Tez-tez boynundakı qalstuku dartışdırırdı. Gülnar bacısını yanına çağıraraq ona bu halı göstərdi və dözməyib
-Ay qız buna bax elə bil avara küçə itinə  xalta salıb cins it etmək istəyirlər- deyə şaqqanaq çəkib güldü.
Bacısı ona əyri-əyri baxıb başını buladı və əlindəki məcməyini mətbəxə apardı.
Ümumi razılıqla üç gündən sonra gəlib Gülnarı apardılar. Cəmi bir həftə sonra isə kənddə Gülnarın yarımçıq evinin qabağına daş töküldü. Hər şey ölçülüb biçildi. Əvvəl Gülnar subay olanda buna  etiraz edən qadaş və ata arada gəlib ustalarla çay içib siqaret də çəkdilər. İki ay sonra artıq kəndin ortasında yaraşıqlı bir ev var idi. Gülnar xəyalında qurduğu mebellərin hamısını aldı. Yataq otağına arzuladığı kimi televizor yerləşdirdi. Amma Cəlalı .... Cəlalı isə yataq otağına buraxmadı. Əvvəldən Cəlal Gülnarın soyuqluğunu dəfələrlə bacılarına şikayət etsə də onlar hələ alışmadığını , neçə il subay , dul qadın kimi yaşadığını deyərək onu sakitləşdirirdilər. İndi Gülnar onu yataq otağına buraxmayanda lap dəli oldu.
Gücü heç nəyə çatmadı. İstədi evdəki bu mebellərin şüşələrini qırsın , lakin bir anlıq xatırladı ki , bunların heç birinə bir qəpik də olsa xərcləməyib. Beləcə evdən başını götürüb getdi. Sərxoş olanacan içib gəldi, dava saldı. İçib ,gəldi Gülnarı döydü. Gülnar isə hamının yanında vay -şüvən qaldırır, özünü məzlum kimi təqdim edir və gecə ağrılarını hamısının yataq otağına qoydurduğu 81 dioqonal televizorun qarşısında unudurdu. Nəhayət son nöqtəni elə Cəlal qoydu. Getdi və bir daha qayıtmadı. Bir ay sonra məhkəmədən birbaşa çıxıb evə gələn Gülnar boşanma kağızını sevincindən evdə qoymağa yer tapmırdı.

1.15.2016

Satan İtlər

                                           
            Balaca yerin böyük qaydaları olur- deyə pıçıldadı qoca dərviş.
            Sən kimsən?- deyə soruşmaq istədi amma gücü yetmədi. Adəmdən bəri at belində idi. Nəfəsi tıncıxmışdı. Gördüyü insanların xatırlamacayaq qədər yol qət etmişdi.  Şərin Xeyrin gözlərini çıxartdığını , Bayquşların söhbətini , Şəhrizadın nağıllarını eşitmişdi. Yorğun idi. Arada ona elə gəlirdi ki ,çapdığı atın belinə yapışıb ,oradan heç qopmayacaq.
            -Bəşər övladı xoşbəxtlik nağılına inandırılıb. Ehh , necə də dəyirmanda gözləri bağlı ata bənzəyirsiz. Qarşınızda siz fırlandıqca , nəfəsini tükətdikcə ot bağlanmış taxtanı da hərəkətə gətirirsiniz. Siz sürətinizi artırırsınız,o da sürətlənir .Qazanan dəyirmandı.Üyünüb gedən buğda ya da buna ömür deyək.- qəhqəhə çəkdi Mefistotel .
            O qaçan atlara and olsun ki , mən bir gün qoyduğumun bütün qaydaların hesabını soruşacam. Yer dümdüz olacaq. Meydan kimi geniş. Hər kəs ora gələcək.-xəbərdarlıq onların qulaqlarından könüllərinə yol tapa bilmirdi.
 Atlı Adəmdən bəri yol gəlirdi. Atlı o meydana tələsirdi.
            -İnsanlar məğlub olduları yerə niyə yenə gəlsinlər ki?!- Çörçil Stalindən soruşdu.
            -İnsanlar cinayət törətdikləri yerə niyə gəlirlərsə , ona görə- deyə  cavabladı Stalin.
Atlı dərvişə tərəfə dönərək bu dəfə var qüvvəsi ilə soruşdu.
-Balaca yerlərin qanunlarını necə dəyişək?
Dərviş ağıllı nəzərlərini uzaq üfüqdə qürub edən günəşə dikərək susdu.
-Əgər birliklərini gücünü daxildən zəiflədə bilmirsinizsə onların dil oyunlarını kəşf edin.- alim mədəniyyətlərini açarını ona təqdim etdi. O açarı cibinə qoyub üçüncü dünya müharibəsinə yollandı.  Atlı bilirdi ki , açarlı insan kəpənk effekti ilə silahlanıb , dil oyunları tələ qurub. Üzü üfüqə doğru tələsirdi hər ikisi. Biri ədalətin görüşünə , biri ədalətin məğlubiyyətinə. İkinci inanırdı ki , çoxluq azlığı məğlub edəcək qüvvədə olacaq.
            Əlini   qayığın kənarına atdı. Çapaladı soyuq suda. Körpə ağlı hələ də kəsmirdi ki , hardadı. Onda gördü atası , anası böyük dalğalarla çarpışır. Qollarına daha gücü çatmadı. O,nə üçün burada olduğunu , niyə üşüdüyünü , müharibəni , qanı bilmirdi. O , heç vaxt nifrətin nə olduğunu bilməyəcəkdi. Onu dalğalar sürükləyib sahilə atdı. Sabah bütün qəzetlər ondan yazacaqdı , bütün dünya bu kiçik immiqranta ağlayacaqdı. Amma bunların hamısı sabah olacaqdı. Onun meyidindən azacıq o tərəfdə yoqa ilə məşğul olanlar kainatdan müsbət enerji gözləyirdilər.
            Atlı baxışları üfüqdə ilişib qalmış qocadan yenə soruşmağa cəhd etdi , amma qoca dərviş şəhadət barmağını qaldıraraq səmaya işarə etdi.
            -Sən donmaq bilirsən necə olur? Hissə-hissə,yavaş-yavaş.Sanki şirin bir yuxuya gedirsən.
            -Ana Qar kraliçası ona görə üşümürmüş?- donmaqda olan sonuncu xocalı körpəsi pıçıldadı.
            -Yat , körpəm biz yuxuya gedirik , qar kraliçası gəlib onun yanına gedirik ,yat şirin balam...
Atlı  atını mahmızlayaraq istədi səbirsizcə qoca dərvişin qarşısında dövrə vursun. Sualın cavabı onu çatladırdı.Qoca istehza ilə gülümsəyərək
-Nə olub? Səbirsiz insan.Necədə Naqasakidən Xerosimaya yaralı gətirilmiş adama bənzəyirsən.
Nə qədər tələssən gilyotinə o qədər tez göndəriləcəksən. Atı unutma.Dəyirmandakı atı...
Atlı sükuta qərq oldu.
Kiçik yerin qanunları böyük olur-deyə özü-özünə pıçıldadı.
Səmaya baxdı,özünə baxdı.Qüdrəti gözünə o qədər böyük göründü ki , yer kürəsi gözündə bir ovuc torpağa döndü.
            Sən itlər haqqında eşitmisən? İlk əhilləşdirilən heyvanlardan biridir.Çox sədaqətli olarlar. Amma sahibinə qulaq asmayacaq qədər aza bilirlər. İnsanın içində də bir it gizlənib.Əvvəl hürür, sonra ulayır...
            Satan itlər var və bir də satanistlər var... Əslində birincilər ikincilərdən təhlükəlidir.
            Arada özümü meyvənin içində yad ölkəyə gəlib çıxmış qarışqa kimi hiss edirəm. Onlar meyvəni yeyirlər, meyvə qarışıq səni zibilliyə vızıdadırlar . Sən isə yad qarışqasan bu yad ölkədə. -qoca şərqli ayağını qərbin geniş prospektində asfalta uzadaraq dedi.
            Atlı qoca dərvişin ətrafında dövrə vururdu. Dərviş on iki həvarinin süfrə həyəcanı qədər çırpınan atlıya fikir vermirdi. Dünya fırlanırdı. İnsan Zamanın fərqində deyldi. Zaman isə onu gəncliklə aldadıb qocalığın tələsinə sala bilirdi.
            Nifrət edən insanların qurbanı həmişə məsumlar olur.

Atlı üzü günbatana doğru gedirdi. Qoca dərviş səbirlə onu yola verirdi. Qoca çılğınlığın ölümə məhkum olduğunu ,atlı isə istədiyini alacağına and içmiş kimi əmin idi. Yoçuluq uzanırdı... 
Yer kürəsini-bu balaca yer insana dar gəlirdi..

1.03.2016

UÇURUM

         
Bir addım o tərəfdə uçurum var idi.Dərin dibsiz,dumana bürünmüş uçurum.Onlar onun fərqində deyildilər. Xoşbəxt idilər.Uçurumu görməyəcək qədər xoşbəxt.
Zaman uçurdu. Dəlisov quşun qanadlarında heç kəsdən,  heç nəyi soruşmadan onlardan anları,saatları oğurlayırdı.
Və bir gün qadın daxmanın qarşısında ocaq qalayanda kişinin dumanlı dərəyə baxıb, xəyala getdiyini gördü. Yenə qayğılarına bürünüb ocağını daha da alovlandırdı.O,xoşbəxtdi.Xoşbəxtlərin gözləri kor olur, uçurumları görməyəcək qədər.
Günlər uzanıb özünü həftələrə təslim edəndə kişi o daxmadan da o qadından uzaqlaşıb, özünü o uçuruma təslim etdi.
Əvvəl kəndir hördü,sonra o kəndiri pillələrə çevirdi, sonra da körpüyə. Qadın xoşbəxtdi. Qadın kişinin ona sürpriz edəcəyini güman edirdi.
Uçurum böyüyürdü.Əvvəl İkisinin arasında böyüdü o uçurum,sonra evlərinin qarşısında. Dibi görünməyən uçurumun o tayından bir yad qoxu düz ocaqlarının başına qədər gəlib çıxmışdı.Qadın o ocağın başında yemək bişirirdi. Dadlı yeməklərin ətrini kişi o uçurumun kənarında unudurdu.
Dumanlı uçurumun o tayında bir əl yellənirdi. Əlvan yaylıq var idi əlində.Hey təslimiyyət bayrağı kimi gəl-gəl edirdi. Qadın saçlarını hörərək əlvan yaylığını bağlamışdı,lakin kişi bunu görmədi. Onu uçurum udmuşdu.
Bir gün gecə qadın o tənha daxmada kişini tapmadı.Qaçdı, gücü yetdiyi qədər ayaqları tutan qədər qaçdı,amma ətrafda qaranlıq hər şeyi udmuşdu.Düz uçurumun kənarına qədər gəldi. Əlinə o kəndir keçdi. Pillələrə çevrilmiş kəndir.Uçurum dumanlı idi, qaranlıq idi.Amma o tayda ay doğmuşdu.Qadın qaranlıqdan o taya boylandı. O işığı, o gözəlliyi seyr etdi uzaqdan. İstədi körpüyə, pillələrə çevrilmiş o kəndiri addım-addım aşıb oracan getsin. Amma anladı ki, ona ora olmaz.
Səhərə kimi uçurumun kənarında gözlədi. Gəzlərini duman, yuxusunu qaranlıq apardı.İstədi özünü o uçurumdan atıb öldürsün. Dayandı. Ayaqlarını sallayıb o qaranlığıa tamaşa etdi. Günəş dünyanı qucaqlayana qədər tamaşa etdi.
Səhər kişi o körpü ilə geri döndü. Qadın onun gözlərinə baxdı.Və o gün anladı ki, o kişinin gözlərindəki uçurumdan yıxılıb ölüb. İlk dəfə olaraq daxmanın qarşısında ocaq qalanmadı. İlk dəfə olaraq sükutla qarşıladılar bir-birlərini. Və uzun bir sükut başladı.Əlvan yaylıqlı əl daha tez-tez göründü. Hər gecə körpü kişinin addımlarından sirkələndi. Qadın əridi. Başındakı əlvan yaylıq rəngini dəyişib soldu üzünün rəngi kimi. Kişi gözlərindəki o əlvan yaylıq fotosu ilə, onun yaylığının rəngini fərq etmədi.O, daha o ocağın yanmamağını da fərq etmirdi. O uçurumdan o tərəfdə yaşayırdı. Uzaqda idi. O qədər uzaq ki,gözlərinin boşluğunda o qadına yer yox idi.
Yenə gecələrin birində uçurumun o tayından gülüş səsləri eşidildi. Xoşbəxt və qayğısız gülüş. Qadın yenə uçuruma baxırdı. Özünü yenə o qaranlığa atmaq istəyirdi. Ayağa qalxdı,başındakı qara yaylığı çıxarıb uçuruma atdı,sonra geri dönüb daxmadan kişinin bıçağını gətirdi. Əvvəl öz damarlarına baxdı,sonra o taya-işıqlı dünyaya. Daha sonra bıçağı kəndirə çəkdi. Körpü yellənib qopdu bu taydan. Uçurumun dibinə qədər yol getdi. Qadın əlindəki bıçağı qaldırıb o taya atmaq istədi,bir anlıq düşünüb geri döndü. Aylardı pozulmuş narahat yuxularının əvəzində dərin bir yuxuya getdi. Ölü kimi  yatdı.Ayılanda səhər idi. Nə qədər zaman yatdığın bilmirdi. Hər şey o qədər uzaqda qalmışdı. Sanki min il keçmişdi o uçurumdan, o körpüdən. Daxmanın qarşısına çıxdı.Yenə ocaq qaladı,yenə hər şeyi yerinə qoydu.Uçurumun kənarına gəldi.Ora nəzər salmadan çoxlu çiçək topladı. O çiçəkləri aparıb güldana qoyaraq, saçlarını çox gözəl daradı.Zaman yeni dəlisov quş kimi uçurdu. Arada qəlbnə şikəst bir ümid gəlirdi.Bəlkə, kişi  o körpünü təmir edər, onun üçün geri dönər.Amma bilirdi ki,səfeh ümiddi. Elə o səfeh ümidi qəlbində boğub yaşamağa cəhd edirdi. Zaman uçurdu.
Gecələrin birində daxmanın qarşısında ocaq qaladı.Alova gözlərini dikərək keçmişini gələcəyini xəyal etdi. Uçurum qarşısında qaralırdı.Qaranlığın bağrını yaran ay başının üstündə idi. Yayın istisi ocağın hərarəti ilə birləşib onun üzünün dərisini qızartmışdı.O xəbərsiz idi. Onu illərdi izləyən iki gözdən xəbərsiz idi.
Gecələrin birində gəldi. Qadın ilk öncə özünü itirdi. Bütün malik olduğu silahlarla ona müqavimət göstərməyə hazırlaşdı. Amma adam əli qoynunda tamaşa edib getdi. Beləcə hər gecə gəldi. Hər gecə əli qoynunda uçurumun kənarında ona tamaşa etdi. Qadın ondan heç nə soruşmadı. Onun hardan gəlib çıxdığını, niyə orada dayandığını soruşmadı. Yenə daxmanın qarşısında ocaq qaladı.Əlvan yaylığını başını bağladı.Saçlarını yenə çəmənlikdə daradı.Çobanyastıqlarından yenə saçlarına düzdü.Adam uçurumun kənarında idi.
Bir gün son yay ayı doğanda qadın uçurumda körpünü fərq etdi. Körpü kəndirdən hörülmüşdü. Külək vurduqca yellənirdi. Dibsiz uçurum altında qaralırdı.Bir ümidlə onun sonuna doğru boylandı. Yenə o şikəst ümid qəlbində topallayıb bəlkə geri dönmək istəyir deyə pıçıldadı.Oturub o körpünün yanında hönkürdü.O qədər ağladı ki, illərdi gözlərinin boşluğuna yığılmış dərdin pası açıldı. Zamanı itirib ağladı. O ki var ağladı.Və anladı ki, əslində o şikəst ümidə ağlamır, uçurumun kənarında hər gün dayanan o adama ağlayır.
Payızın yelləri ağacların yarpaqlarını yoluşdurub, küləyə bəxş edəndə yenə o adamı gördü. Bu dəfə əlində çiçəklə gəlmişdi. O uçurumun kənarından daxmaya doğru gəlməyə izn istəyirdi. Qadın heykəl kimi pəncərənin önündə durmuşdu. Külək buludları toplayıb bir yerə səmanı qaraltdı,yağış damlaları dünyanın ən çətirsiz adamının üzərinə səpələndi. Qadın isə tamaşa edirdi. Tamaşa etdikcə anlayırdı ki, yağış onların arasındakı uçuruma yağır. Sularla oranı doldurmaq üçün yağır. Bir gəmi eşqi ilə yağır.
Adam əlindəki çiçəkləri yağışa təslim edib geri döndü. Körpü yelləndi. Uçurumun qaranlığı adamı uddu. Qadın qaçaraq onun arxasınca yüyürdü. İstədi onun geri qaytarsın.Düz uçurumun kənarına gəldi. Əlini o körpüyə uzatdı.Qorxdu içindəki dəhşətdən qorxdu. Sevməkdən qorxdu,özünə xəyanət etməkdən qorxdu.  Körpü yenə var idi və o körpü bu dəfə başqa bir yerə bir məqsədə aparırdı.
İki gün gözlədi. Yağışların göz yaşında yuyunaraq gözlədi. Sonra bir Günəş doğdu,qaranlıq buludlar bənövşəyi rəngə dönəndə qadın körpüyə doğru yönəldi.Əli ayağı əsə-əsə körpünün sonuna qədər gəldi. Adam uçurumun kənarında oturmuşdu.Gözlərinin boşluğunda qaranlıq bir uçurum var idi. Qadın o uçurumda özünü gördü. Sonra özünü o baxışlardan qoparıb lap qabağa baxdı.Gördü bir qadın başında rəngi qaçmış bir qara yaylıqla oçağın üstündə qazan qarışdırır. Rəngi kül kimi, əlləri əsməcəli qadın. Sonra dayandığı körpüyə baxdı və geri dönüb ayaqlarının gücü yetdiyi qədər qaçdı. Öz daxmasına qədər qaçdı.Əlinə ilk keçən o bıçaq oldu. Elə həmin bıçaqla dönüb o  körpünü doğradı.Dibsiz, qaranlıq uçurum körpünü uddu. Əslində isə o körpünü doğramadı, özünü doğradı,könlünü doğradı,istəklərini doğradı. Qadın içindəki dərin boşluqla ah çəkərək uçuruma baxdı. Əllərini yana açaraq möhkəm qışqırdı.
Zaman dəlisov dəcəl qız kimi qaçırdı.Qadın daxmasının qarşısında ocaq qalamışdı. Uçurum yox olmuşdu.  

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...