Zaman uçurdu. Dəlisov quşun qanadlarında heç kəsdən, heç nəyi soruşmadan onlardan anları,saatları
oğurlayırdı.
Və bir gün qadın daxmanın qarşısında ocaq
qalayanda kişinin dumanlı dərəyə baxıb, xəyala getdiyini gördü. Yenə
qayğılarına bürünüb ocağını daha da alovlandırdı.O,xoşbəxtdi.Xoşbəxtlərin gözləri
kor olur, uçurumları görməyəcək qədər.
Günlər uzanıb özünü həftələrə təslim edəndə
kişi o daxmadan da o qadından uzaqlaşıb, özünü o uçuruma təslim etdi.
Əvvəl kəndir hördü,sonra o kəndiri pillələrə
çevirdi, sonra da körpüyə. Qadın xoşbəxtdi. Qadın kişinin ona sürpriz edəcəyini
güman edirdi.
Uçurum böyüyürdü.Əvvəl İkisinin arasında
böyüdü o uçurum,sonra evlərinin qarşısında. Dibi görünməyən uçurumun o tayından
bir yad qoxu düz ocaqlarının başına qədər gəlib çıxmışdı.Qadın o ocağın başında
yemək bişirirdi. Dadlı yeməklərin ətrini kişi o uçurumun kənarında unudurdu.
Dumanlı uçurumun o tayında bir əl yellənirdi. Əlvan
yaylıq var idi əlində.Hey təslimiyyət bayrağı kimi gəl-gəl edirdi. Qadın
saçlarını hörərək əlvan yaylığını bağlamışdı,lakin kişi bunu görmədi. Onu
uçurum udmuşdu.
Bir gün gecə qadın o tənha daxmada kişini
tapmadı.Qaçdı, gücü yetdiyi qədər ayaqları tutan qədər qaçdı,amma ətrafda
qaranlıq hər şeyi udmuşdu.Düz uçurumun kənarına qədər gəldi. Əlinə o kəndir
keçdi. Pillələrə çevrilmiş kəndir.Uçurum dumanlı idi, qaranlıq idi.Amma o tayda
ay doğmuşdu.Qadın qaranlıqdan o taya boylandı. O işığı, o gözəlliyi seyr etdi
uzaqdan. İstədi körpüyə, pillələrə çevrilmiş o kəndiri addım-addım aşıb oracan
getsin. Amma anladı ki, ona ora olmaz.
Səhərə kimi uçurumun kənarında gözlədi. Gəzlərini
duman, yuxusunu qaranlıq apardı.İstədi özünü o uçurumdan atıb öldürsün.
Dayandı. Ayaqlarını sallayıb o qaranlığıa tamaşa etdi. Günəş dünyanı
qucaqlayana qədər tamaşa etdi.
Səhər kişi o körpü ilə geri döndü. Qadın onun
gözlərinə baxdı.Və o gün anladı ki, o kişinin gözlərindəki uçurumdan yıxılıb
ölüb. İlk dəfə olaraq daxmanın qarşısında ocaq qalanmadı. İlk dəfə olaraq
sükutla qarşıladılar bir-birlərini. Və uzun bir sükut başladı.Əlvan yaylıqlı əl
daha tez-tez göründü. Hər gecə körpü kişinin addımlarından sirkələndi. Qadın əridi.
Başındakı əlvan yaylıq rəngini dəyişib soldu üzünün rəngi kimi. Kişi gözlərindəki
o əlvan yaylıq fotosu ilə, onun yaylığının rəngini fərq etmədi.O, daha o ocağın
yanmamağını da fərq etmirdi. O uçurumdan o tərəfdə yaşayırdı. Uzaqda idi. O qədər
uzaq ki,gözlərinin boşluğunda o qadına yer yox idi.
Yenə gecələrin birində uçurumun o tayından
gülüş səsləri eşidildi. Xoşbəxt və qayğısız gülüş. Qadın yenə uçuruma baxırdı.
Özünü yenə o qaranlığa atmaq istəyirdi. Ayağa qalxdı,başındakı qara yaylığı
çıxarıb uçuruma atdı,sonra geri dönüb daxmadan kişinin bıçağını gətirdi. Əvvəl
öz damarlarına baxdı,sonra o taya-işıqlı dünyaya. Daha sonra bıçağı kəndirə çəkdi.
Körpü yellənib qopdu bu taydan. Uçurumun dibinə qədər yol getdi. Qadın əlindəki
bıçağı qaldırıb o taya atmaq istədi,bir anlıq düşünüb geri döndü. Aylardı
pozulmuş narahat yuxularının əvəzində dərin bir yuxuya getdi. Ölü kimi yatdı.Ayılanda səhər idi. Nə qədər zaman
yatdığın bilmirdi. Hər şey o qədər uzaqda qalmışdı. Sanki min il keçmişdi o
uçurumdan, o körpüdən. Daxmanın qarşısına çıxdı.Yenə ocaq qaladı,yenə hər şeyi
yerinə qoydu.Uçurumun kənarına gəldi.Ora nəzər salmadan çoxlu çiçək topladı. O çiçəkləri
aparıb güldana qoyaraq, saçlarını çox gözəl daradı.Zaman yeni dəlisov quş kimi
uçurdu. Arada qəlbnə şikəst bir ümid gəlirdi.Bəlkə, kişi o körpünü təmir edər, onun üçün geri dönər.Amma
bilirdi ki,səfeh ümiddi. Elə o səfeh ümidi qəlbində boğub yaşamağa cəhd edirdi.
Zaman uçurdu.
Gecələrin birində daxmanın qarşısında ocaq
qaladı.Alova gözlərini dikərək keçmişini gələcəyini xəyal etdi. Uçurum
qarşısında qaralırdı.Qaranlığın bağrını yaran ay başının üstündə idi. Yayın
istisi ocağın hərarəti ilə birləşib onun üzünün dərisini qızartmışdı.O xəbərsiz
idi. Onu illərdi izləyən iki gözdən xəbərsiz idi.
Gecələrin birində gəldi. Qadın ilk öncə özünü
itirdi. Bütün malik olduğu silahlarla ona müqavimət göstərməyə hazırlaşdı. Amma
adam əli qoynunda tamaşa edib getdi. Beləcə hər gecə gəldi. Hər gecə əli
qoynunda uçurumun kənarında ona tamaşa etdi. Qadın ondan heç nə soruşmadı. Onun
hardan gəlib çıxdığını, niyə orada dayandığını soruşmadı. Yenə daxmanın
qarşısında ocaq qaladı.Əlvan yaylığını başını bağladı.Saçlarını yenə çəmənlikdə
daradı.Çobanyastıqlarından yenə saçlarına düzdü.Adam uçurumun kənarında idi.
Bir gün son yay ayı doğanda qadın uçurumda
körpünü fərq etdi. Körpü kəndirdən hörülmüşdü. Külək vurduqca yellənirdi.
Dibsiz uçurum altında qaralırdı.Bir ümidlə onun sonuna doğru boylandı. Yenə o
şikəst ümid qəlbində topallayıb bəlkə geri dönmək istəyir deyə pıçıldadı.Oturub
o körpünün yanında hönkürdü.O qədər ağladı ki, illərdi gözlərinin boşluğuna
yığılmış dərdin pası açıldı. Zamanı itirib ağladı. O ki var ağladı.Və anladı
ki, əslində o şikəst ümidə ağlamır, uçurumun kənarında hər gün dayanan o adama
ağlayır.
Payızın yelləri ağacların yarpaqlarını
yoluşdurub, küləyə bəxş edəndə yenə o adamı gördü. Bu dəfə əlində çiçəklə gəlmişdi.
O uçurumun kənarından daxmaya doğru gəlməyə izn istəyirdi. Qadın heykəl kimi pəncərənin
önündə durmuşdu. Külək buludları toplayıb bir yerə səmanı qaraltdı,yağış
damlaları dünyanın ən çətirsiz adamının üzərinə səpələndi. Qadın isə tamaşa
edirdi. Tamaşa etdikcə anlayırdı ki, yağış onların arasındakı uçuruma yağır.
Sularla oranı doldurmaq üçün yağır. Bir gəmi eşqi ilə yağır.
Adam əlindəki çiçəkləri yağışa təslim edib
geri döndü. Körpü yelləndi. Uçurumun qaranlığı adamı uddu. Qadın qaçaraq onun
arxasınca yüyürdü. İstədi onun geri qaytarsın.Düz uçurumun kənarına gəldi.
Əlini o körpüyə uzatdı.Qorxdu içindəki dəhşətdən qorxdu. Sevməkdən qorxdu,özünə
xəyanət etməkdən qorxdu. Körpü yenə var
idi və o körpü bu dəfə başqa bir yerə bir məqsədə aparırdı.
İki gün gözlədi. Yağışların göz yaşında
yuyunaraq gözlədi. Sonra bir Günəş doğdu,qaranlıq buludlar bənövşəyi rəngə dönəndə
qadın körpüyə doğru yönəldi.Əli ayağı əsə-əsə körpünün sonuna qədər gəldi. Adam
uçurumun kənarında oturmuşdu.Gözlərinin boşluğunda qaranlıq bir uçurum var idi.
Qadın o uçurumda özünü gördü. Sonra özünü o baxışlardan qoparıb lap qabağa
baxdı.Gördü bir qadın başında rəngi qaçmış bir qara yaylıqla oçağın üstündə
qazan qarışdırır. Rəngi kül kimi, əlləri əsməcəli qadın. Sonra dayandığı körpüyə
baxdı və geri dönüb ayaqlarının gücü yetdiyi qədər qaçdı. Öz daxmasına qədər
qaçdı.Əlinə ilk keçən o bıçaq oldu. Elə həmin bıçaqla dönüb o körpünü doğradı.Dibsiz, qaranlıq uçurum
körpünü uddu. Əslində isə o körpünü doğramadı, özünü doğradı,könlünü
doğradı,istəklərini doğradı. Qadın içindəki dərin boşluqla ah çəkərək uçuruma
baxdı. Əllərini yana açaraq möhkəm qışqırdı.
Zaman dəlisov dəcəl qız kimi qaçırdı.Qadın
daxmasının qarşısında ocaq qalamışdı. Uçurum yox olmuşdu.
Hiç yorum yok:
Yorum Gönder