1.23.2016

EV

                                                

            Gecə yatanda da yuxuda ev görürdü. Böyük işıqlı ev onun yuxularının bəzəyi idi.Rayona gedəndə mütləq mebel salonlarına baş çəkirdi. Xəyalında qurduğu evə mebel düzür, sonra yataq otağında yerləşdirəcəyi televizorla yuxuya getməyi düşünürdü. Bir dəfə  bu xəyalların təsiri ilə eyforiyaya elə qapılmışdı ki , az qala onu maşın vuracaqdı. Sürücü yumruğunu çıxardıb ona sirkələdi ki , xəyalları dağıldı və o an ağlına möhtəşəm bir fikir gəldi. Bəli , əslində bunu niyə əvvəllər də fikirləşməmişdi. Sevincək şosse yolun ortasından çəkilib maşına yol verdi. Sürücü onun təbbəsümlü üzünü görərək başını yellədi. Yəqin ki , onu dəli hesab etdi.
            Gülnar 9 il idi ki, valideynləri ilə yaşayırdı. Bir oğlu ilə boşanıb bu evə dönəndən bəri həyatı yalnız yaşamaq naminə ömür adlandırıla bilərdi. 9 il idi ki , ata yurdundan 400 metr aralı yarımçıq tikili qalmış evinə köçə bilmirdi. Evdə ata təzyiqinə bu 9 ildə böyüyüb kişiləşmiş qardaş təzyiqi də əlavə olununca Gülnar yuxularında daha tez-tez ev görməyə başladı. Dəfələrlə cəhd etmişdi. Cəhd etmişdi ki , müəllim maaşı ilə topladığı pul ilə tikintini davbam etdirsin , lakin  atası susmuş qardaşı isə gənc dəliqanlığı ilə
-El caamatı bizə güldürmək istəyirsən? Nə işin var tək gəlin xeylağı o damın altında?!- söhbətə son qoymuşdu.
Gülnar imkanı olsaydı bu el-camaat adlanan anlayışı azərbaycan dili müəllimi kimi təhlil edər və yaddaşlardan silərək köhnə söz kimi tarixin zibbiliyinə göndərərdi. Lakin qüvvəsizliyinin fərqinə varan kimi başqa yollar axtarmağa başladı. " Ev , ev " gündə dodağının altında neçə dəfə zikr edir , amma vəziyyətdən çıxa bilmirdi.
            Rayondan evə dönən kimi ev telefonu ilə xalasına zəng etdi. Ona təklifinə razı olduğunu söylədi. Xalası əvvəl duruxdu
            -Qızdırmalı deyilsən ki?- deyə təccüblü səslə soruşdu.
            -Yox, ay xala, arxayın ol- Gülnar onu sakitləşdirdi.
            -Axı ,sən dünən asıb kəsirdin ki , ar belə namus belə . Mənə yaraşmaz daha ərə getmək.
            -Fikirləşdim ki , nə vaxta qədər belə olacam. Get onlara de , razıyam.
            -Yaxşı. deyərəm. Amma , yenə zəng edib bu fikrindən daşınsan daha mən adda xalan yoxdu.
            Gülnar dəstəyi asıb dərindən nəfəs aldı. Ayağa qalxıb güzgünün qabağına keçdi. Özünü baş-ayaq süzüb
-Hə , Gülnar xanım , bu kişi tayfası ilə haqq hesabı çürütmək vaxtı gəlib çatıb. Hamısı ilə. Ata ilə , qadaş ilə , hamısı ilə- deyib saçlarını açıb yenidən yığdı.
 Üç gündən sonra gəldilər. Gülnar Cəlal deyilən adamı pərdənin  o tayından diqqətlə süzdü. Qısaboylu , saçları ağarmış bığlı bir kişi idi. Əyninə geyindiyi təzə paltarlarda özünü narahat hiss edirdi. O an başa düşülürdü ki, daima iş paltarında gəzən adamdı və bu paltarlar əynində qonşu paltarı kimi durub.Tez-tez boynundakı qalstuku dartışdırırdı. Gülnar bacısını yanına çağıraraq ona bu halı göstərdi və dözməyib
-Ay qız buna bax elə bil avara küçə itinə  xalta salıb cins it etmək istəyirlər- deyə şaqqanaq çəkib güldü.
Bacısı ona əyri-əyri baxıb başını buladı və əlindəki məcməyini mətbəxə apardı.
Ümumi razılıqla üç gündən sonra gəlib Gülnarı apardılar. Cəmi bir həftə sonra isə kənddə Gülnarın yarımçıq evinin qabağına daş töküldü. Hər şey ölçülüb biçildi. Əvvəl Gülnar subay olanda buna  etiraz edən qadaş və ata arada gəlib ustalarla çay içib siqaret də çəkdilər. İki ay sonra artıq kəndin ortasında yaraşıqlı bir ev var idi. Gülnar xəyalında qurduğu mebellərin hamısını aldı. Yataq otağına arzuladığı kimi televizor yerləşdirdi. Amma Cəlalı .... Cəlalı isə yataq otağına buraxmadı. Əvvəldən Cəlal Gülnarın soyuqluğunu dəfələrlə bacılarına şikayət etsə də onlar hələ alışmadığını , neçə il subay , dul qadın kimi yaşadığını deyərək onu sakitləşdirirdilər. İndi Gülnar onu yataq otağına buraxmayanda lap dəli oldu.
Gücü heç nəyə çatmadı. İstədi evdəki bu mebellərin şüşələrini qırsın , lakin bir anlıq xatırladı ki , bunların heç birinə bir qəpik də olsa xərcləməyib. Beləcə evdən başını götürüb getdi. Sərxoş olanacan içib gəldi, dava saldı. İçib ,gəldi Gülnarı döydü. Gülnar isə hamının yanında vay -şüvən qaldırır, özünü məzlum kimi təqdim edir və gecə ağrılarını hamısının yataq otağına qoydurduğu 81 dioqonal televizorun qarşısında unudurdu. Nəhayət son nöqtəni elə Cəlal qoydu. Getdi və bir daha qayıtmadı. Bir ay sonra məhkəmədən birbaşa çıxıb evə gələn Gülnar boşanma kağızını sevincindən evdə qoymağa yer tapmırdı.

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...