Onun gözlərindəki
işıq hələ də yadımdadı. Ağarmış saçlarının üstündən bağladığı rəngi solğun
yaylıq həmişə sürüşüb düşər,saçlarının ucundakı toppuz yığdığı yerdə dayanardı.
Dişləri tökülmüş damağını üzümə ağardaraq gülməkdən çəkinməzdi. Onunla fərqim
bu idi. O dünyayanı vecinə almadan gülə bilirdi. O bu
azadlığa malik idi. Dişsiz damağı, ağarmış saçları qətiyyən ona kompleks
deyildi.
Onun əhvalatı haradan
başlamışdı. Bilmirdim. Ayaqlarında ayaqqabı gördüyümü xatırlamırdım. Deyilənə
görə çərşənbə ocaqları qalananda o ayağını o iri közlərin üstünə basarmış və
codlaşmış ayaq dərisi yanmazmış. Onu dünyaya bağlayan iplər məni bağlayan iplərlə
müqayisədə çox zəif idi. Mən atəşi isinmək üçün, O atəşi əyləncə olsun deyə
yandırardı. Mən sevdiyim insanlara qürur ucbatından tərk edərkən, O mənim
saçlarıma toxunmaq üçün izn istəyərdi.
Yay günəşi öz parlaqlığı ilə
insanların gözlərini qamaşdıranda, o çəkinmədən günəşin altında yatardı. Onun həyatının
qışı baharı olmazdı. O hər zaman şad idi. İnsanları şərtsiz sevirdi. Yağışın
altında saatlara qaça bilirdi. Onun vərəm
olmaq qoxusu yox idi, çünki vərəm adlı xəstəlikdən
xəbəri yox idi.
Anam deyirdi ki, o sağlam
doğulmuşdu. Bir gün anası ona süd verəndə , atası yanında bir qadınla içəri
girmiş bu mənim yeni arvadımdır demiş. Bax onda anasının qolları boşalmış və
yerə düşüb. 5 yaşına kimi danışa bilməyib. Sonra dünyanı elə beləcə sevib. Pəltək
dili ilə çəp baxışları ilə yetim qız kimi böyümüş.
Elə çöllərdə yağışın altında bir
gün onunla rastlaşmış. Hər ikisi dünyadan keçmiş, zəngin ölkənin yetim uşaqları
kimi qarşılaşmışlar. Hər ikisi zəngin ailədən. Hər ikisinin dünyadakı çiçəklərdən
başqa sevgisi olmamışdı hələ. İki dəlinin əlini ayağını bir yerə yığmaq
lazımdır deyə ağıllılar belə qərar vermişlər. Hər şeyi planlamışlar, lakin öz nəfslərindən başqa.
İki il bu çöl quşları bir yerdə
yaşamışlar. Anam deyirdi ki, doğum evində oğlunu dünyaya gələndə ağrıdan
panikaya düşəndə özünü döymüşdü. Onda ona ətrafdakı qadınlar "Allah dadıma
çat" deyə dua öyrədiblər. O isə "Ayyah dalımda duy" -deyə bir
sutka dayanmadan çığırıbmış. Əvvəl bir oğlan, sonra qız doğulmuş. Sonra hərə öz övladına sahib çıxaraq evinə
aparmış.
On yaşım olardı, Onların gizlin
görüşdüyü yeri hər gün görürdüm. Zəngin valideynlərinin çobanı onlar idi. Hər
ikisi sürünü gətirib o otluqda qovuşdurardılar.Sonra Novruz tütək çalar, o da
otluqda uzanıb dinləyərdi. Onların görüşdüyünü ailələr bilmirdi. Onlara
qoyunlar onlardan daha maraqlı idi. Qız anasının yanında, oğlan atanın yanında
axşam aralanardılar.
Bir gün Novruz bayramı ərəfəsində qəbirstanlıqda
ögey anasının- onun bədbəxtliyinə səbəb olan qadının qəbrini təmizlədiyini
gördüm. Dırnaqlarının dibi palçıqdan qaralmışdı. Çəlimsiz qolları ilə otları
datıb təmizləyirdi. İstədim gedəm yaxına etiraz edəm. Ona başa salam dünyanın
şimalını, cənubunu. Yaxınlaşanda dərk etdim ki, onunla fərqim budur: o düşmənini
belə sevəcək qəlbə malikdir, mən isə ona həqiqəti deyəcək qədər insafsız. Dönüb
qayıtdım geri. Qəbirstanlıqdan çıxanda geri boylandım. Hələ də otları
dartışdırırdı. Bütün həyatı boyunca zalım adından başqa bir şey qazanmayan ögey
anası Ceyranın şəstlə boylanan portreti uzaqdan çox kiçik görünürdü.
Universitetdən tətil zamanı evə
dönəndə bizə gələrdi. Gəlib eyvanın kənarında dayanar, əlini çənəsinə söykəyərək
mənə tamaşa edərdi. Deyərdi ki, səndən böyük şəhərin qoxusu gəlir. Deyərdim o nə
cür qoxudur ki? O da dişsiz damağını yenə ürəklə göstərərək gülər və cavab verərdi:
"Bir az benzin, bir az dux, bir az sabun, bir az asfalt, bir az da çoxlu insan iyi. Sənə çoxlu
insanların qoxusu hopub. Onlar hamısı səninlə birgə gəliblər." Onda başa
düşməzdim bunları. İndi yaşlandıqca anlayıram insana həqiqətən böyük şəhərlərin,
çoxlu insanların, avtomobillərin, asfaltın qoxusu çökür.
Bu yaxınlarda on yeddi ildən
sonra kəndə-uzaqdakı məkana döndüm. Qonşuların arasında onu axtardım. Dedilər
Əfşan vərəm olub. Arada qan qusur. Amma yenə kefinin yerində olduğunu dedilər.
Oğlu evlənmiş, qızı ərə getmiş dedilər. Zəngin ailənin qocaları öləndən sonra
qoyunları da qırılıbmış dedilər. Ondan sonra Əfşanla Novruz çöllərdə görüşməkdən
yığışaraq oğlunun yanında bir balaca otağa yiğışmışlar dedilər. İstədim gedəm
baş çəkəm vaxt olmadı.
Uzaq ellərindəki balaca kəndin
sakinləri üçün o həımişə dəli Əfşan oldu. Bu yaxınlarda eştdim ölüb. Dünyanın şərtsiz
sevən kiçik insanlar üçün adətən nekroloq yazılmır. Elə uzaqda alt şüurumda mənə
dişsiz damağı ilə gülümsəyən bir qadın obrazı qaldı.
Hiç yorum yok:
Yorum Gönder