5.02.2016

TOZ DƏNƏCİYİ


                Güllə dəyəndən sonra Akif gözlərini xəstəxanada açdı.  Başını qaldırmağa qüvvəsi yetmədi. Bulanıq baxışlarla ətrafı süzdü. Başının üstündə ağxalatlı bir xanımı güclə sezdi.
                -Ölümdən döndünüz, Akif müəllim- bu onun yenidən dönüş etdiyi həyatda eşitdiyi ilk cümlə oldu.
                On gün sonra evə buraxdılar. Polis rəisi mayor Akif Nağızadə yerirəyərək tərk etdiyi evə xərəkdə döndü. Daha yeriyə bilməyəcəkdi. Yerimək qabiliyyətinin ona geri dönməsi möcüzə hesab olunurdu. Çünki əlli yaşının astanasında onurğa sütunun zədəliyərək böyrəyinin altından keçib qarnına   saplanan güllə ona normal bir gələcək qoyub getməmişdi.
                Akif onun masajı ilə məşğul olanlara əvvəl ümidsiz baxsa da, mübarizəyə başlamağa qərar verdi.
                Uzun uzadı fizioterapiyadan sonra ona əsa verildi. Həyatda bir taxta parçasına bu qədər sevinəcəyini heç vaxt zənn etməzdi. Əsanı sol əli ilə tutmasını tövsiyyə etdilər.
                Bir aprel səhəri ən yaxındakı dükana -150 metri getməyi qərarlaşdırdı. Darvazanı açıb bayıra ilk addımını atdı. Küçə gözünə o qədər böyük göründü ki, onu vahimə basdı. Özündə təsəvvür edə bilmirdi ki, bu 50 ildə bu küçəni necə gedib gəlib. Onun daşından, kəsəyindən xəbəri olmayıb. Bu küçəni neçə dəfə asfatlayıblar, ya neçə dəfə kanalizasiya boruları partlayıb heç vaxt fərqində olmayıb. Getməyə qərarlaşdırdığı dükana isə nə vaxtsa gördüyünü xatırlamadı. Oranın qonşuların nisyə dəftərinin heç nazilmədiyi və daim yalnız çörəyin təzə olduğu məkan olduğunu bilmirdi. O daim küləkli səmtdə torpaqdan qopub havada rəqs edən toz dənəciyi kimi idi. Onun bağrından qopduğu cəmiyyətdən xəbəri yox idi.
                Akif qarişıq düşüncələrlə ilk addımından sonra ikincini atdı. Anladı ki, normal insan kimi addım atmağa qabil deyil.  Dizləri qabağa gəlir,  itələmə qüvvəsi yaradır, sonra taqətsiz ayaqlarını arxasınca sürüyürdü. Beləliklə 150 metrlik məsafəni iki saata qət edə bildi.  Gəlib dükana çatdı. Qapıya söykənib dərindən nəfəs aldı. İçəridən iki qadın səs-səsə verib bir birinə imkan vermədən danışırdı.  Akif diqqətini toplayaraq söhbəti anlamağa çalışdı. Qadının biri borcdan ötrü xahiş edir,  o birisi isə buna etiraz edərək tez qaytarmasını tələb edirdi. İkincinin etirazından sonra borcu gözləməsini xahiş edən qadın qəfil səsini qaldıraraq dəftərə hər şeyi  artıq yazdığını dedi və bu da qarşısındakı qadını tamamilə hövsələdən çıxardı. Akif ilk əvvəl istədi ki, girib bu mübahisəsi gedən borcu bağlasın və bu səs-küy bitsin. Sonra xatırladı ki, çıxarkən arvadı cibinə 20 qəpik qoyub. Birtəhər özündə qüvvədə tapıb plastik qapını aralayıb içəri keçmək istədiyini işarə verdi. Qadınlar onu görən kimi səslərini kəsdilər. Saçları ağarmış solğun xalatlı qadın dükandan çıxıb getdi. Dukanın sahibəsi Validə Akifi görən kimi
-Ay Akif müəllim həmişə ayaq üstdə. Gəlmişdim eyy xəstə olanda yanınıza. İndi niyə əziyyət çəkmisiniz ki, elə uşaqları göndərəydiniz nə lazımdı göndərəydim dana.- Akif nəfəsini dərib ona cavab verənə kimi  - "Düşdün quş həddinə, xoş gəldin qara camaatın sırasına. Titanik batanda varlı da kasıb da birgə qərq oldu. Niyə dünyadan doymur eyy bu insan övladı"- Validə sürətlə beynindən keçirdi.
                -Mənə həkim buyurub, gündəlik müəyyən məsafə qət etməliyəm. Bu ayaqlarımım açılması üçün vacibdir. Hə mənə çörək ver.-cibindən 20 qəpiyi çıxarıb əli tirəyə-titrəyə Validəyə uzatdı. Elə bu zaman gözləri dondurma soyuducusunun üstündəki qalın dəftərə sataşdı. Dəftərdə kobud xətlə müxtəlif insanların adı yazılmışdı. Bu dəftər dükanın divarına vurulmuş iri hərflərə “nisyə mal verimir, üz vurmayın!” yazlmış iri kağız parçası ilə zidiyyət təşkil edirdi. Akif sövq -təbii olaraq dükanı sürətlə nəzərdən keçirdi. Yuxarı vurulmuş kameranın işləımədiyini o dəqiqə anladı. Validə isə sabiq polis rəisinin uzanıqlı əlindəki 20 qəpiyi ehtiyatla süzürdü. Ona çörəyin 30 qəpik olduğunu necə deyəcəyini qərarlaşdıra bilmirdi. Nəhayət “camaata dinmədikcə boynumun ardına mindilər”- fikrinin təhriki ilə
-Akif müəllim çörək 30 qəpikdir. indi verim apar. bura yazaram - gözləri ilə qırışmış kirli dəftərə işarə edərək dedi.
Akif udqunaraq heç nə demədi. Amma ürəyində arvadını bir neçə mərtəbə söyüşlə anandan sonra  başa düşdü ki, daim sürücünün alış veriş etdiyi evdə arvadı da onun kimi çörəyin qiymətini bilmir.
Beləliklə Akifin ilk günki sərgüzəştindən sonra gündəlik müəyyən saatlarda əsasına söykənərək məhəllənin bu başından o başına məsafələri qət etməyə başladı. Hər gün yürüşünə bir metr artırırdı. Məhəllənin divarlarına söykənərək o artıq hər kəsi səsinə görə tanıyırdı. İllərlə qonşularını tanımamışdı. İndi bilirdi ki, Təyyar kreditə aldığı son model avtomobilini sürməyə qıymır. Hər gün işə avtobusla gedib gəlir. Onun arvadı isə o işə gedən kimi çantaları doldurub anasına bacısına pay aparır. Onlardan o tərəfdə qalan iki yaşlı bacı-qardaş iki məhəllə o tərəfdə dükan işlədir. O dükanda müştəridən daha çox qara toppuş milçəklərin və çöl pişiklərin olduğunu da bilirdi. Həm də bunu bilirdi ki, ömrü boyu ailə qurmayan bu bacı qardaşlar çox xəsis həyat sürürlər. Qardaş 2000-ci ildə aldığı o7 markalı maşını heç kəs sürə bilməsin deyə təkərlərini söküb çarpayısının altında saxlayır. O biri qonşu Füzuligildə daim davadır. Kişinin məşuqələri vaxtaşırı gəlib evin xanımını döyür sonra hamılıqla polisə düşürlər. Sonra kişi küçədə hər kəsin görə biləcəyi yerdə arvadının ayağına düşüb əfv diləyir bir daha gedib kiməsə onu alacağını söz verməyəcəyini söz verir. Sonra da da qadın bu etibarsız kişini yenə evə buraxırdı. Halbuki bir ay sonra həmin əhvalatın baş verəcəyini bilirdi.
Qaçqın ailə var tində. bütün dükanlara borclu yaşayırlar. Akif bir dəfə evin divarına söykənib nəfəsini dərmək istəyəndə onların ev tikdirdiyini öyrəndi. Onların qaçqın olmadığını da elə orda öyrəndi.
Cəmilə it saxlayırdı. İtin qoxusu məhəlləyə ayrıca yayılırdı. Əri həmişəki kimi içib əvvəlki arvadının saçlarından danışırdı. Onu boşamasını qəhrəmanlıq dastanı kimi danışır və Cəmiləyə aşiq olduğunu sərxoş halda qışqırırdı. Amma hər kəs bilirdi ki, o öz arvadının xiffətini edir. Nə Cəmiləni, nə də o iti sevmir. Böyrəyindən sancı tutanda Akif o gənc adamın təcili yardım maşınında sayıqlayaraq “Nazilə” deyə çağırdığını da eşitdi. Onda bildi ki, doğurdan da O öz arvadının xiffətini edir.
Səməndər ailəsini Rusiyada atıb gəlmişdi.  İllərdi boş qalmış ata yurdunda bir qadınla yaşayırdı. Akif onların ac olduğunu yox, acgöz olduğunn fərqinə varan kimi dəhşətə gəldi. Onlar məhəlləyə düşən hər hansı bir əşyanı belə sahibini aramadan darvazadan içəri çəkərdilər. Sanki darvazalarından içəridə nəhəng bir dünyasoran var idi. Bütün aləmi udmaq istəyirdilər.
Böyük iki mərtəbəli ağ ev. O evdə sakit bir ailə var idi. Akif o evə çatanda sakitləşirdi. oradan bir ağbənizli bir xanım hər gün uşaqlarını məktəbə aparıb gətirirdi. Baxışlarını heç kəsin üzünə qaldırmazdı. Üzündən səmanın yaz sakitliyi yağan bu gəlin Akifə dünyanı sevdirirdi.
Aşağı qonşu -rütubətli evdə yaşayırlar. Akif bu evin divarına söykənəndə daim həbsxananı xatırlayırdı. O ev bir az ayaqyolu, bir az rütubət, bir kif qoxusu ilə onu oradan itələyərdi. Əynindəki səhv düymələnmiş xalatı ilə insanda daim abırsız fikirlər oyadan ev sahibəsi əri ilə daim dava edirdi. İş, pul, yemək davasının sürdüyü bu evdə Akif işvəli gülüş eşidəndə təccüblənirdi. insanların bir-birlərini bu qədər alçaldıb sonra qucaqlaşması ona çatmırdı. Sonra bir çox fiziki ehtiyacların yalnız xəyalında mövcud olması ilə razılaşaraq alçaldıcı münasibətin elə belə də olmasına təəcüblənməkdən vaz keçirdi.
Akif bu yolları addım addım uzadaraq artıq mikrarayonun ortasına qədər gedə bilirdi. Artıq iflic məğlubiyyət bayrağını qaldırmışdı.
Məhəllənin ac, yoxsul, varlı, xəsis, acgöz, mehriban və bəzən sifətlərə malik insanların siyahısı uzandıqca Akif yenidən dünyaya gəldiyini fərq edirdi. O artıq bilirdi ki, qazın və işığın kəsildiyini öyrənmək üçün xəbərləri dinləməyə ehtiyac yoxdur. Onların hamısını məhəllənin arvadları bilir. 
O artıq dünyanın elə gəzə bildiyin qədər bir yerdən ibarət olduğunu anlamışdı. O mubarizənin sıxıntıdan və zülümdən qaynaqlandığını kəşf etmişdi. 50 yaşından sonra həyatında yeni səhifə açırdı.

O addımlarını atdıqca yenidən yaşamaq eşqi alovlanırdı. O mübarizə aparırdı. Nə əldə edəcəkdi bu yaşdan sonra təqaüdə çıxmış polis rəisi olaraq həyatdan möhkəm yapışmaqla. Toz dənəciyi külək yatandan sonra torpağın bağrına dönürdü...

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...