ulviyye tahir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ulviyye tahir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

3.29.2020

Xarabalıq





Yaddaşımın axsayan vaxtlarında hardan yadıma düşdü?  Boşqabı sildiyim yerdə əlimi saxladım. Niyə xatırladığımı xatırlamağa çalışdım. Kələfi itmiş xatirələr içindən qəfil cücərmiş bu hadisə heç bir izahat olmadan  dilə düşən melodiya kimi beynimdə dolaşdı: Elə burda dayanmışdı… Boşqablar əlində idi, sonra birini salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi. Birini də götürdü; boşqabdan göz yaşlarını da sildiyini də görürdüm...Yaşıl jaket qolları...Bir də  o damlalar...Bədəni dumana bürünmüşdü. “Anamın qolları, qolları... İllərdir, hər şey beləcə, boz dumanda davam edir.  Beyindən silinməyən film kadrı kimi... Hər gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində ulayıram…” – pıçıldadım. Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım.  Qonşunun quşları səmada pərvazlanırdılar. Bazar günü olduğundan nəhəng buldozerin nəriltisi kəsilmişdi. Bizim evə kimi  hələ on ev var idi. Boz pişik qarşı tərəfdən sökülmüş evlərin kərpiclərinin üstündə pəncələrini yalayırdı. Görəsən, bura tamamilə dağılandan sonra hara gedəcək? Harada oturub pəncələrini yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz...  Gözlərimi boz pişikdən ayırmadan çaydanın altını söndürdüm. Hə, bu pişik də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın harasındansa  reinkarnasiya edəcək və böyük bir xarabalığın fonunda beləcə pəncələrini yalayan halda  özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura  niyə məhz indi onu xatırladığımı, hardan yadıma düşdüyünü  fikirləşəcəyəm. Bəli, elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin  qaranlığında yolda maşınla vurduğun  it kimidir. Heç kəs, heç kəs  o iti kimin vurduğunu bilmir. Sənsə avtomobildən düşüb ağzından qan daşan  o itin “niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib  oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına pozan çəkib onu unutmağa çalışırsan. Gecələr  gördüyün kabuslardan sanıb yastığını çevirirsən. Boz  pişik pəncələri ilə işini bitirib ətrafını süzdü.  Çarpayı cırıltısı eşitdim. Yorğun-arğın  otağa qayıdıram. Gün yeni başlanır. “Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key ətrafa  boylanırdı. Böyümüş gözləri ilə ətrafı süzdü. “Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra yenə, yenə, yenə...
– Kimsən, ay bala? 
Aha, bu gün “bala” dedi. Dünən belə deməmişdi.
– Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, – deyirəm. 
– Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini bir az da geniş açır. 
– Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü, özünüzü o əsgər üçün sipər etmişdiniz. Siz ağır yaralandınız.
– Mən?
– Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin qəhrəmanlığınız, vətən uğrunda şücaətiniz dillər əzbəridir. 
O,  qaşlarını çatdı, sağ əlini titrəyə-titrəyə alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə mütləq alnını ovuşdururdu, eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı. Heysiz halda əlini endirib dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı çayı dəmlədim,  çaynik və fincanı götürüb qonaq otağına qayıtdım.
– Döyüş harda olmuşdu? – astadan soruşdu.
– Ağdam uğrunda.
– Müharibə olmuşdu?
– Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə Xankəndinə gedərik. Oralar elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin yollarını xatırlayırsınız?  Əlbəttə, xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik tutmağa çalışıb  çayı qurtumlayır. Hiss edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən keçirdir. Handan-hana:
– Yadıma gəlir... – deyəndə diksindim.
– Siqareti atdım; atama  söz vermişdim. O, məni otağa çağırdı. Ovcu qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç nə tapmadım, stolun başındakı köynəyimi verdim. Onda atam mənə  dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə dikidi. Uzun bir sükut. Mən çarpayının kənarında oturdum.
– Bir də onun getməyini... Atası gəlib dava edib apardı. Dedi ki… dedi, niyə bu xəstə ilə ömrünü- gününü çürüdürsən...
– Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə yağımız da var, – söhbəti dəyişdim.
– Alabəzək topumuz vardı, meydançada oynayırdıq. 11- 12 yaşım olardı. O meydança niyəsə yadımdan çıxmır, amma müharibəni niyə  xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə ürəyim parka-parça olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları altında xumarlanırdı. Quşlar  yenə səmada idilər. Yumurtaları soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum, qaynamağa qoydum. Bir azdan qapı döyüldü. Baxıcı qadın  içəri girib adəti üzrə çinlilər kimi əllərini cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini soyunub asılqandan asdı, mən də ayaqqabılarımı geyinməyə başladım. Son tapşırıqlarımı da verib  evdən çıxdım.
***
Çaynikin fit səsinə başımı qaldırdım. Mətbəxdəki saat səkkizi göstərirdi. Kitabı örtüb  paltaryuyanın üstünə qoydum. Qazı söndürdüm. Pərdəni kənara çəkib həyətə baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl ürkək-ürkək başlarını qəfəsdən çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən pərvazlanırdılar. Boz pişik gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar var idi. Pərdəni salıb mətbəxə göz gəzdirdim. Hər şey yerində idi. Qonaq otağına  qayıdıb ona baxıram. Gün işığı duman kimi otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini mənim üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.
– Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss edirsiniz? – deyə səsləndim.
– Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu dəfə xırıldaya-xırıldaya verdi. Sonra möhkəm öskürdü.
– Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə dava idi, mən qazandım. Hamı, bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə olmaq istəyirlər.
– Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən  çarpayının kənarında oturdum.
– Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül xəstələnmisiniz, tezliklə sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet, tələbələr - hamı sizi çox istəyir.
O məni dinləyə-dinləyə barmaqlarını  adyalın naxışlarının üzərində gəzdirirdi.
– Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı. Siqareti atmağım yadımdadı… Atam dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki cümlələrini təkrarladı. O cümlələri  sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər. Yox, bəlkə də  yanmış kitabın xilas olunmuş  son səhifələri idi, evirib-çevirib  oxuyurdu.
– Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi. Başqasına ərə getdi...
“Aha, bu da həmin yanmış səhifədən yarımçıq cümlədir, həmişə sonunu özü bildiyi kimi tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq yoxdur”, – deyə düşünürəm.
Qapı döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı idi. Qapını açdım, sonra mətbəxə yollandım, özümə çay süzdüm. Pəncərənin qarşısına keçdim. Boz pişik yenə xarabalıqda quşların pərvazlanmağına tamaşa edirdi. Buldozerçi artıq maşınını işə salmışdı. Çayımı sürətlə qurtumladım, fincanı mətbəx stoluna qoyub qonaq otağına keçdim. Baxıcı qadın əlcəklərini geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə  gülümsədi. Baxışlarımla ona xoş gün diləyib  işə yollandım.
***
         Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə ağır yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm; ilahi, saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. “Gərək axşam o qədər oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında  olduğumu xatırladım.  Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb salamlaşdım. Dinmədi. Nəhayət:
–Salam, – dedi. Sonra yenə üzümə baxdı.
– Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?
Sualıma şübhəli nəzərlərlə cavab verdi. Dinmədi. Adyalı sinəsinə kimi çəkdi. Qırışmış barmaqları və kənarları soyulmuş dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.
– Burda qaldım dünən gecə, siz yatmışdınız deyə icazə ala bilmədim...
– Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca ürəkləndiyi hiss olundu. Duruxdum:
– Mən...  Hə, mən... – kəkələdim. Beynimdəki bütün informasiyalar dolaşmış kaset lentinə dönmüşdü, – hə, mən, – səsim qətiləşdi, – bura sizin evinizdir də, müəllim. Mən də teatrdanam, xatırlamadınız? Oqtay Eloğlunu oynaymışdım axırıncı dəfə, siz çox bəyənmişdiniz... Siz də xəstələnməyə vaxt tapdınız... Axşam axırıncı məşqi müzakirə etdik, sonra mənim də başım qarışdı...
Baxışlarından şübhə silinirdi.
– Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?
Yavaşca başını tərpətdi.  Çaydanın altını yandırıb adətim üzrə pəncərəyə yaxınlaşdım. Boz pişik yenə pəncələrini yalayırdı. Buldozer işə düşmüşdü. Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni açıb aşağı boylandım. Boz pişiyin yanında durub bizim evə baxanlardan biri əlini yellədi. Mən də başımı tərpətdim. Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı söndürdüm.
Əlimdə məcməyi qonaq otağına qayıdanda onun başının çarpayıdan sallandığını gördüm. Özümü necə itirdimsə, məcməyini  döşəməyə qoyub yanına yüyürdüm. Xırıldayırdı. Dikəldib, ağzının suyunu sildim.
– Qalxmaq issstəədimmmm, -  sanki etdiyi işə görə üzr istədi.
– Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək gəzməyə. Hə, nə deyirsiniz?
Heç nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı salfetlə silib quruladım.
– Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti atmağım gəlir yadıma hey... Atamın ovcu qanla dolu idi… Bir də onu xatırlayıram. Sabah duranda gördüm, məktub yazıb qoyub; daha gəlmədi... Əzbərində olan  cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...
– Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona çayı içirib, arabanı gətirdim. Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra mətbəxə keçib yükdaşımaya zəng edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə enəndə artıq buldozerin  bizim  tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa nəzər salıb
– Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün qüvvəsi ilə qışqırdı.
– Yox, əziz müəllim,  o evlər köhnədir, bizə aid deyil ki, – onu sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik bizə əhəmiyyət vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa baxırdı...

3.22.2020

Əjdaha


                                                                              Qabığının çürüməsinə izn verməyən toxum bar verə                                                                                 bilməz.
                                                                                                                                                    M. Ərəbi


 Təzə şumlanmış torpağın qoxusunu ürəklə ciyərlərinə çəkib gözü dolusu  tarlaya baxdı. Buludlara, günəşə ,üfüqə baxıb “Bu il gözəl olacaq” pıçıldadı.  Öküzləri qırmanclayıb xışa güc verdi. Günəş  göyə milləndikcə  işlədi. Gün günorta olanda oğlunun gətirdiyi  soyuq ayranı qurtumlayıb, yenə də işinin başına döndü. Bu gün tarlanı şumlayıb bitirməli idi. Sabah erkəndən toxum səpməyi  planlaşdırırdı. Yenə qayıdıb öküzləri hoyladı. Qarşı tarladan Almurad əl eləyib nəsə dedi. O da əlini yelləyib “Nə var?” deyə işarə verdi.  Almurad  yaxınlaşıb ona:
-          Suyu deyirəm, haradan alacayıq?  - sual verdi.  O qaşqabağını töküb  buludlara baxdı. “Ya mədəd” deyib  yenə öküzləri hoyladı.
-          Ay kişi, belə olmaz, yağmadı yağış, bitmədi qamış… Belə olmaz axı… - Almurad əl çəkmədi.
-          Həmişə necə etmişik, bu il də elə edərik. – O  əlini yellədi. Öküzləri qırmanclayıb Almuraddan aralanmaq istədi.
-          Ay kişi, camaat nəsə etmək istəyir, axşam zay Səftərin evinə gəl! – Almurad  onun  aralandığını görüb az qala pıçıldayaraq dedi. O bunu  təxmin etmişdi. Bilirdi ki, Almurad tarlanın başına kimi əziyyət çəkib gəlibsə, nəsə  etməyə hazırlaşırlar. O bu təşvişli insanları heç sevmirdi. “Niyə başlarını aşağı salıb  işlərini görmürlər ki?... Guya  nə isə edə biləcəklər? Min ildir belə gəlib, belə gedəcək. Köhnə hamamda təzə tas ancaq cingilliti qopardar” – donquldana – donquldana yenə tarlanı şumlamağa başladı. Bir dövrə vurub ayrandan qurtumladı. Əlini atıb torbadan arpa çörəyini çıxarıb dişlədi. Başını qaldırıb səmaya baxdı. Buludlar seyrəlirdi. Deməli, sabaha yağış ümidi kəsilmişdi. “Allaha umud olsaq nə olar ki?... O gəlib bizi qurtarar. Görür də bu zülmü…Elə belə də deyəcəm axşam onlara. Qoy ağııllarını başlarına yığsınlar.  Nəyi pisdir ki, yola veririk də… “ Elə bu fikir – xəyallarla axşam düşənə kimi tarlanı  şumlayıb qutardı. O qədər yorulmuşdu ki, qabda qalan  iki gilə ayranı  ağzına aparmağa ərinirdi. Birtəhər  özünə gəlib öküzləri boyunduruqdan açıb  buraxdı. Sonra kotanı  sürükləyib ağacı yanına gətirib zəncirlə qıfılladı, öküzləri də qabağına qatıb   kənd yoluna çıxdı. “Bəlkə getməyim halım yoxdu, əşşi nə edəcəklər, bir – iki ağız danışıb dağılşacaqlar. Hər il bağ – bostan vaxtı çıxıb  danışır, sonra  zınqrovu pişiyin boynundan asmaq lazım gələndə  aradan çıxırlar”  yorğun – arğın ayaqlarını bezgin düşüncələri ilə sürüklədi.
Ayaqlarını arvadının gətirdiyi isti suya salıb  özündən asılı olmadan “uxayyy” dedi. Su ayaqlarına sanki can verir, yumşaldırdı. Gözlərini yumub xumarlandı. Elə oradaca yatmaq keçdi könlündən. Amma arvadı onu dümsükləyib  süfrəni göstərdi. Bütün günü ayrandan başqa bir şey görməyən mədəsi  şivən qoparmışdı. Ayaqlarını sudan çıxardıb dəsmala sürtdü. Elə yanpörtü süfrənin qırağında uzandı. İsti şorbanı qaşıqlamağa başladı. Yeməyi yeyib qurtarana kimi göz qapaqları lap ağırlaşdı. Uşaqların süfrənin qırağında didişməyinə də fikir vermədən arvadının bayaq qoltuğunun altına verdiyi balıncı qucaqladı. Arvadı bu dəfə çay desə də, əlini uzatmağa tabı qalmamışdı.
-Almurad gəlmişdi  eyy…. – arvadına yarıyuxulu dedi.
- Yenə nəyə gəlmişdi, o bədəsil adam? Xeyirsiz… - arvadı hirsləndi.
- Bu axşam zay Səftərin  evində olacaqlar. Vallah, elə yorğunam ki…
-Getmə, əşşi, Almurad  felman adamdı, rədd olsun, yat dincəl, keçən il də hoqqa çıxarmışdı, xalxın balasının başını yedi, bu il kimin başında çatlayacaq, görəsən? Yenə suya gəlmişdi?  - O başını tərpədərək  təsdiqlədi. Arvadı susmadı -  Yaz gəlib, qanı qaynayır, budu eyy, uşaqlar böyüyür, səssiz- səmirsiz adamlarıq, onlar da kimin nə yuvanın quşu olduğunu bilirlər, aparıb sabah qoyarıq uşaqları.  Bizimkilərin də əli əppəyə çatar. Yoxsa Almurada qoşulsaq qəşəng sözlər əzbərləyib, quru arpa çörəyi gəvələyəcəyik. Deyir, uşaqlarına oradan su içməyə qoymur. Deyir olmaz. Arvadı yazıq yekə bir  səhəng belində aşağıdakı bulağa gedir. Nə edək, camaat hamısı onlar verən suyu  içir. Hamı onda niyə ordan su içir? Hamının başı xarabdı? – Onun artıq yuxusu qaçmağa başlayırdı. Arvadı onun tamam ayıdığını görüb davam etdi – O gün görürəm ki, məhlədə çörək paylanır, hamı göürdü, onlardan başqa. Guya deyirmiş ki, olmaz. Nə axmaq adamdı, bu qədəəəər camaat  başına haranın daşını salsın. Çörəkdi də. Onlar da vallah yaxşı adamdılar, dalıyca yemək də gətirdilər.
-Bizə də verdilər?  - O alnını ovuşduraraq  sual verdi.
-Hə də, dedim axı sənə, əşşi o qədəəəəər yorğun olursan ki…. Qəşəng ət tikələri ilə  bişirmişdilər, elə gözəəəəəl dadıyırdı ki….- arvadı ə hərflərini uzadaraq ağzını marçıldatdı. O, Almuradın yeməyə - içməyə niyə etiraz etdiyini  düşünə - düşünə ayağa qalxdı. Arvadı ağzındakı tikəni birtəhər  udub:
-Hara gedirsəəəən? Bəs yatırdın? – onun dalınca qışqırdı. O  geriyə dönmədən:
- Gəlirəm – deyə cavab verdi. Özündən asılı olmadan  ayaqları onu zay Səftərin evinə doğru apardı. Kişilər toplanıb söhbətləşirdilər, az sonra Almurad da gəlib onlara qoşuldu.  Zay Səftər onları içəri çağırdı.
-Yüz dəfə demişəm, gələndə orada toplaşmayın, girin oturun, bəla axtarırsınız durduq yerdə. – yenə həmişəki kimi donquldandı. O keçən ildən bəri heç nəyin dəyişmədiyini, hətta Səftərin donqultusunun da eyni olduğuna təəccübləndi. Sanki hər şey təkrarlanır – deyə özü – özünə  pıçıldadı. Almurad oturan kimi Səftər hamıya çay süzməyə başladı. Almurad boğazını arıtlayıb sözə başladı:
- Suyun qabağını kəsdi, dinmədik, hər dəfə bir uşağımızı istədi verdik. Sonra  uşaqlrımız da  ona oxşamağa başladı. İndi nəhəng ordudular. Üzüyuxarı, çay boyunca getdikcə hər bənddə biri oturub. Bu il bizim bəndə təzəsi gəlib. Deyir ki, daha hər ailə bir uşaq verməlidi. Amma əvvəllər  ilə bir uşaq istəyərdi. Siz uşaqlarınızı verəcəksiniz?
-Ay Almurad, baxsan  bir  ovuc belə deyilik. Biz nağara bilərik o əjdahaya…Keçən ildə cavanlar qızışdılar, nouldu, hamısını apardılar izləri – tozları tapılmadı.
- Biz nəsə edə bilərik… – Almurad sərt şəkildə dilləndi.
- Aparıb uşaqlarımızı çörək yiyəsi edir də - Qulu sakit tövrlə dilləndi.
-Gələndə böyük oğlunu tanıya bildin? – Amurad  çay içdiyi stəkanı hirslə nəlbəkiyə qoydu.
-Hə düz deyirsən, dəyişmişdi, pullu dərisi var idi, gəlin deyirmiş ki quyruğu da var. Əşşi nə olsun, odu eyy gəlin də başına pərvanə kimi dolanır.Hər şeyi var. Adama day nə lazımdı, ev, eşik, pul var dövlət hamısı olandan sonra bax səndən soruşuram, nə lazımdı?
-Gəlin pullanmayıb hələ? – Xalis necə qəh- qəhə çəkdisə əlindəki stəkan titrədi.
- Bu gülməli deyil. Bu bəladır. Bəla, anlayırsınız? –Almurad xış sürməkdən qabar bağlamış əllərini yuxarı qaldırdı.
-Yaxşı sən deyəndi, durduq  dedik dəyişirik bu mizanı, sonra nə olacaq? Düzdür, dediklərin billahi düzdür, amma heç kim halından şikayətçi deyil axı… Hələ deyərdim məmnundu. Yox əgər bir şey olsa Allah da işə qarışar, tökər dağıdar…- Su üçün ediriksə, mən razı gedək suyu tələb edək çoxaltsınlar, qeyri işlər mənlik deyil, yuxum da gəlir….- O daha dözməyib söhbətə qarışdı.
- Belə olmamalıdı. Bax, deyir oğlum pullanıb, axırda dönüb olacaq əjdaha, insan  növü bilmərrə aradan  çıxacaq, ondan deyəcəklər babamız insan olub, hanı bəs o insan… Sənin dediyin məmnuniyyət  bu günlükdür. Tox qarınının rahatlığıdır. İk gün səni ac saxlasalar nə olacaq? Deməli, qarnındakılarla qərar verirsən… - Almuradin sözlərindən sonra ortalığa dərin bir sükut çökdü. Almurad  onların hamısını dərin baxışla süzərək  -Hə nə deyirsiniz? Nə edə bilərik? – Hər kəs susdu. O isə  artıq yuxunun vaxtının ötdüyünü düşünüb ayağa durdu. Onun ardınca hamı  oranı tərk etdi. Almurad  başını aşağı saldı.
                Dan yeri söküləndə O arvadının qışqırığına ayıldı. Yuxulu gözlərini  birtəhər ovuşdurub istədi qışqırsın ki, “Ay çər dəymiş, nolub yenə?” gördü ki, evə su dolur. Sıçrayıb yerindən qalxdı, İlahi, bu nə olan şeydi? – deyib çölə cumdu. Uşaqlar, arvadı və bütün qonum – qonşular  hündür yerə çıxıb çayın yatağından daşmasına baxırdılar. İllərdi çayıın qurumuş yatağında ev tikmiş adamların hamısının yurdu su altında qalmışdı. O  cəld arvadının yanına dırmaşaraq əli ilə nə baş verdiyini soruşdu. Arvadı:
-Allah Almuradın evini yıxsın, axırı yıxdı evimizi…. Ağrımayan başımıza dəsmal bağladı. Gedib gecə - gecə öldürüb onu… Deyirlər şişirdiblərmiş, əjdaha deyilmiş kərtənkələ imiş. Dedim bax  kərtənkələdi, yoxsa  əjdaha nəyinizə lazım idi? Var idi də hər şeyimiz…
Arvadı  danışır, danışır, O isə illərdi quruyan çayın gurultu ilə axmasına və bu il su üçün verəcəyi  kiçik oğlunun çayda  oynamasına tamaşa edirdi. Çay quruyandan sonra doğulanlar isə bu nəhəng gurultunu vahimə ilə izləyirdilər…

5.03.2014

Hicab qadınların istedadlarını məhv edir.

                             Hicab qadınların istedadlarını məhv edir.
                Keçən günlərdə Uruqvayda narkotik istifadəsinə dövlət tərəfindən rəsmi icazə veriləndə, təbii ki, buna ilk reaksiya  mətbuatdan gəldi. Prezidentin özündən müsahibə almağa gedən jurnalist elə onun qarşısında marixuana tüstülətməyə başladı. Jurnalistin bu hərəkətini dünyanın ən kasıb prezidenti ( hərçənd bu kasibçiliq məsələsini mən mif hesab edirəm) kinayəli təbəssümlə qarşılayır və o dəyərli cümlələrini qurur:" Sənin üçün azadlıq narkotik maddələrdən azad şəkildə istifadədədirsə, deməli sənin beynində problem var. Zərərli alışqanlıqlardan azad şəkildə istifadə heç də fərdin azadlığı anlamına gəlməz."  Bu hadisəni təhlil etmək, ya da bununla hansısa nəticə varmaq istəməzdim. Lakin azadlıq  o zaman əldə edilməyə layiq olur ki, ondan fərdlər deyil, bütün cəmiyyət yararlana bilsin.İndi Avropa və Qərb mədəniyyəti deyərək insanların dini inanclarını Şərq buxovu hesab edən insanlar, qətiyyən hicab  və azadlıq məvhumunu başa düşə bilməzlər. Çünki onlar üçün azadlıq beyində başlamır. Ona görə ki,onlar marixuana qəbul etməyin azadlığını, hər hansı bir beyin azadlığı ilə müqayisə edə bilməzlər.
                Yenə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuş məsələlərdən biri də Türkiyədə önəmli yazarlardan biri olan Pınar Kürün telekanallardan birinə verdiyi müsahibədə hicab və azadlıq haqqında dediyi sözlər oldu. O, hicabın, yəni örtünmənin necə bir azadlıq olacağını anlamadığını etiraf etdi. Hətta daha da irəli gedərək " Mənim üçün Playboy jurnalı üçün soyunan və ya dini üçün qapanan bir qadının fərqi yoxdu" deyib iyrənc bir şüara da imza atdı. Əgər ziyalı bunu deyirsə, İslamdan xəbəri olmayan, ya da bəsit şəkildə xəbərdar olan hicabda azadlığı necə görə bilər? Hicab həqiqətənmi azadlıqdır və bundan ötrü zahiri görkəmdən vaz keçməyə dəyərmi?!...
`               İlk növbədə Pınar Kürə cavab olaraq, elə büt kimi tapındıqları Nitsşedən balaca bir sitat gətirək, ondan sonra hicab məsələsinin içtimailəşdirilməsindən bəhs edərik. Filosof  və eyni zamanda çox qarışıq bir cərəyan yaradan Nitsşe baxın, qadınlar haqqında nə deyir: "Bu gün qadınlarla çox mehriban olmaq comərdliyə ziddir. Bu gün comərdlik tamamilə itib, öz yerini yaltaqlıq və digər mənfi xüsusiyyətlərə verib. Aşiqlərə şücaət verən və hər bir qüdrəti daha da artıran abır-həya əsassız məşhurluğa çevrilib. Qədimdə çox ismətli  və abır-həyalı olan qadınlar indi öz gizli gözəlliklərini qarşı tərəfə elə sərbəst nümayiş etdirirlər ki, indi daha maraq, şövq evlənməyə səbəb olmur. Ədəbiyyatımızın çox hissəsi şəhvani məsələlər barəsindədir."  Buradan tamamilə aydındır ki, qadınının açıq-saçıq şəkildə ortada olması heç əxlaq məsələlərində ən modern şəkildə düşünən Nitsşenin belə xoşuna gəlməyib. İndi gələk hicabın İslam aləmində yerinə və ona qarşı işlədilən arqumentləri cavablamağa.
                Müsəlman qadının örtünmə tərzinin hicab adlandırılması yeni bir termindir. Qədim dini qaynaqlarda , xüsusiulə fiqh kitablarında qadınların örtünməsi" sətr "adlanır. Bu ifadələrin fərqi odur ki, hicab pərdə anlamına gəlir və bunu əllərində əsas tutan bir çoxları İslam dinin qadınları pərdə arxasında gizlində tutmaq kimi məqsədi olduğunu nəzərə çarpdırmaq istəyirlər. Amma İslami hicab qadınların evdən çölə çıxmaları və ev dustağı olmaları anlamına gəlməz. İslami hicab qadının yad və naməhrəm kişilər qarşısında örtünməsi , özünü nümayiş etdirməməsindən ibarətdir. Hicaba qarşı çıxanlar yuxarıda qeyd etdiyim kimi, ilk öncə " hicabın heç bir məntiqi əsası yoxdur"-deyə arqument irəli sürürlər. Onlar hicabı ataxaqanlığın, tərki-dünyalığın və ya kişi xudbinliyinin nəticəsi hesab edirlər. Lakin Quran ayələri qətiyyətlə bu fikirləri rədd edir və qadın kişi münasibətlərini tənzimləyən ayələrdə nə tərkidünyalıqdan, nə ataxaqanlıqdan, nə kişi xudbinliyindən əsər- əlamət yoxdur. 
                İkinci böyük arqument isə hicabın qadınların azadlığını əlindən almasıdır. BMT-nin qəbul etdiyi " İnsan haqqları" bəyamnaməsinə əsasən, hər bir insan, cinsindən , irqindən, milliyyətindən, dinindən, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq azaddır. Qadını hicablanmağa vadar etmək isə onun azadlığını əlindən alıb ev dustağı etməkdir və bu,qanun pozuntusudur.Buna  cavab isə qadının örtünməsi onun dustaq olması anlamına gəlməz, çünki İslam qadının evdə oturmasını təblığ etmir. İslam qadının təhsillənməsinə, işləməsinə və cəmiyyətə yararlı olmasına maneçilik törətmir. İslam dini əksinə qadını əmtəə kimi satışa çıxaran kapitalizmin cəngindən qadını xilas edir. Bu gün kişilərə aid məsələlər də belə reklama çəkilən qadındırsa, podiumlarda soyunan qadındırsa, nəhəng şirkətlərin yenə çılpaqladığı qadındırsa görəsən bu hansı konvensiyalarla nizamlanır?! Bu məsələnin bir tərəfi. Digər tərəf isə cəmiyyəti iflasdan qorumaq üçün bəzi qanunlar qəbul edilir. O qanunlara boyun əyən fərdlər ümumun xatirinə buna dözürlər. Ya da hansısa əcnəbi ölkəyə gedərkən turistləri qeyri-adi bir qanundan xəbərdar edirlər ki,  buna etiraz etmək sadəcə olaraq səfehlikdir. Məsələn bəzi ölkələrdə ev paltarında- pijamada cəmiyyət içinə çıxmaq qadağandır. Bu digər insanları təhqir etmək kimi başa düşülür. Biz burada qətiyyən qadının hicablanmasını düzgün bir cəmiyyət uğrunda verilmiş  qurban kimi dəyərləndirmək istəməzdik. Çünki, dinimizdə hicab məcburi deyil. Hicabı qəbul edən modern qadın nə etdiyinin fərqindədir.
                Üçüncü arqument: Hicab qadınların istedadlarını məhv edir!
Hicabın müxalifləri iddia edirlər ki, hicab qadınların istedadlarını məhv edirQadın da bir insandır və onun da özünə görə düşüncəsi, zəkası, zövqü və istedadı vardır. Bunları  Allah-Təala  ona bəxş etmişdir, deməli, əbəs deyildir  və qadın onu ortaya qoymalıdır. Bu arqumentə qarşı nə deyə bilərik?... Yenə israrla qeyd edirik ki, hicab qadını cəmiyyətdən təcrid etmir, sadəcə olaraq ictimai mühitə çıxan qadına şərt qoyur: Qadın örtünməli, yad kişilərin nəzərini cəlb etməməlidir. Sizcə əgər evdən xaric olarkən kişinin də qadının da fikri-zikri işləmək, xidmət etmək və halal ruzi qazanmaqdırsa , belə bir cəmiyyət sağlam və fəal cəmiyyət olar, yoxsa qadın öz vaxtını saatlarla güzgünün önündə bəzənməyə, kişi də hərisliklə bu gözəllikləri seyr etməyə sərf edərsə?!
                İslam dinini dərindən mütaliə edən hər bir kəs anlayır ki,  dinimiz kimlərisə zəncirləmir ,sadəcə olaraq birmənalı olaraq bir məsələni diqtə edir: Sağlam ailə bağları, iffəti olmayan cəmiyyət iflasa məcburdur.
                Dördüncü arqument:  Nəyəsə məhdudiyyət qoymaq özü ilə fəsadlar gətirir.
Kişilərlə qadınlar arasında sərhəd qoymaq xoşagəlməz hallarla nəticələnir. Bir qayda olaraq, insan həmişə ona qadağan olunanlarla daha çox maraqlanır. Bertrand Rassel " Mənim tanıdığılm dünya" adlı əsərində "Qadağanın ən adi və ibtidai təsiri insanlarda maraq hissinin artmasıdır"-deyə qeyd edir. Buradan yola çıxan hicab əleyhidarları qadına qoyulan bu qadağanın cəmiyyətdə fəsad törətdiyini önə çəkirlər. Buna cavab olaraq isə aşağıdakıları qeyd edə bilıərik. Bəli, insanın təbii ehtiyaclarına qadağan qoymaq fəsadlar törədə bilər. Lakin hansı təbii ehtiyaca? Yemək, içmək, yatmaq kimi təbii ehtiyaclara yoxsa cinsi tələblərə?!  insan ruhunun istəkləri qeyri-məhddudur.Cinsi təmayülün də öz nğvbəsində iki yönü vardır. Cismin ehtiyacları baxımından məhdudur, bu mənada ki, bir kişiyə bir neçə qadın kifayətdir. amma ruhun yanğısını  və daim yenilik axtarışını firavanlıqla doyurmaq mümkün deyil. Bu ona bənzəyir ki, alovlanan atəçə odun atmaqla onu söndürmək istəyirsən. Ümumiyyətlə ,  insan ruhunun istəkləri bitməz-tükənməzdir. Bir mərhələyə çatanda daha üstün bir mərhələni arzulayır.
                Şəhvətin və "nəfsi əmmarənin" tügyan etməsinin təkcə qadağalarda görənlər yanılırlar. Bu medalın bir üzünü görməklə, digər üzündən qafil olmaq kimi bir haldır. Şəhvət hissinə qadağan qoymaq onu necə alovlandırısa ona qerydi-şərtsiz tabe olmaq da onun tuğyanına səbəb olur. Buna görə də daxili meyilləri iki yolla sakitləşdirmək mümkündür: birincisi, daxili meyilləri insanın təbii ehtiyacları həddində təmin etmək. İkincisi, bu meyilləri təhrik etməmək. Nə qədər ki, cismani tələblər təhrik olunacaq, bu ayının yadına armudu salmaq kimi bir şey olacaqdır.
ƏN SON NƏTİCƏ OLARAQ BİZİM DƏ BU ARQUMENTLƏRİMİZƏ CAVAB VERİLMƏSİNİ İSTƏRDİK:
1.Hicabın məntiqi əsası yoxdur deyənlər modern və təhsilli qadının geyindiyi hicabı hansı məntiqlə görmək istəmirlər və Qərb mədəniyyətinin təsiri ilə geyinmiş bir qadını nə üçün təsirə düşməkdə günahlandırmırlar?
2. Bu gün müəyyən ölkələrdə Nəqliyyat nazırı vəzifəsinə qədər yüksələ bilən hicablı  xanımlar elmdə və təhsildə neçə-neçə uğurlara imza atıblar. Halbuki hicab qadının azadlığını əlindən alır deyərkən bir hicablının ölkənin idarəetməsinə və təhsil sisteminə buraxmamaqla onun azadlığını əlindən alan qarşı tərəf olmurmu?
3. Hicab qadınların istedadını məhv edir deyərkən hər hansı bir istedadın geyimlə necə uzlaşdığını izah edə bilərlərmi?
4.Qadının qapanması və əlçatmaz olması cəmiyyətdə kimlərə sərf etmir?
               
  


Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...