Günəş
üfüqdə görünəndə məhəllədə canlanma başladı. Xatti qapını cırmaqlayaraq bayıra
çıxmaq istədiyini bildirdi. Sonra çarpayıda ağzıüstə yatan kişiyə nəzər salaraq
oturub qulaqlarını salladı. Gözlərinin kənarı ilə döşəmədə uzanıqlı qalmış sahibəsini
süzdü. Bir gün öncə Xattini sığallayan əli qanın içində idi. Hissiz bədəni və
yarıaçıq gözləri Xattidə ümidsizlik yaradırdı. Bütün gecə onu iyləyib ətrafında
dolanmışdı. İsti qan qoxusu burnunu qıcıqlandırmış və onu dəhşətə boğmuşdu.
Yerindən qalxıb qabaq ayaqlarını yenə pəncərəyə söykədi. Boş məhəllədə ins-cins
gözə dəymirdi. Qəfil pəncərədən Ağayağı görən kimi daha əsəbləşdi. Bu pişiyi
görən kimi qan beyninə vururdu. Bütün vücudu ilə hiss edirdi ki, bu pişiyin
ondan fərqli olaraq azadlığı var. O bu qapı arxasında belə məhbus həyatı yaşamır.
Ağayağın yerişi astalaşmışdı. Xatti başa düşdü ki, yenə məhəlləni bala pişiklər
basacaq. Bunu başa düşən kimi bir-iki ağız əsəbi halda hürdü. Onun belə qəfil
hürməyi zorla yuxuya getmiş Şahidi qəfil
yuxudan qaldırdı. O hirslə qapını açaraq iti az qala bayıra tulladı. Arxasınca
qəzəblə "Get, cəhənnəm ol! Sən də
sahibin kimi vəfasızsan"-deyə qışqırdı.
Xatti ilanın ağzından qurtulmuş
qurbağa kimi özünü dar dalana atdı. Ağayaq geri çevrilib onu görən kimi yenə
divarın üstündəki yerişini pozmadan asta-asta getməyində davam etdi. O divarla
yolun arasındakı məsafəni ölçəcək qədər təcrübəyə malik idi. İtin səfehcəsinə
onun dalınca düşüb hürməsini laqeyd halda süzürdü. O yer tapmalı idi. İndi
martın soyuq küləyi şiddətləndikcə onu narahat edən yeganə məsələ təhlükəsiz və
isti yer idi. Dünəndən məhəllədəki bütün həyətləri dolaşırdı. Hələ bir nəticə əldə
etməmişdi. Qarnı ağırlaşırdı.
Əminə sancıdan qıvrılırdı. Gecədən
başlamışdı ağrılar. Belə olacağını əlinin içi kimi bilirdi. Həkim ona xəbərdarlıq
etmişdi. Artıq neçənçi dəfə idi ki, bu hərəkətə yol verirdi. Özünü bağışlaya
bilmirdi. Hər dəfə and içirdi, amma yenə edirdi. “Hamısının günahı o əclafdadı”
-deyib ovuclarını elə sıxdı ki, dırnaqları ətinə batdı. Ona lazımdı, lazım idi
bu həngamə. "İtoğlu, itoğlu"- deyə inildədi. Birtəhər ayağa qalxıb pəncərəyə
doğru irəlilədi. Günəşin solğun şüaları dar dalanı yavaş-yavaş işıqlandırırdı.
Qəfil dalanda Xattinin qaçdığını gördü. Məhəttəl qaldı, axı Sevda iti belə tezdən
buraxmazdı. Sonra Sevdanın bir neçə gün əvvəl ona dediyi sözləri xatırladı:
"Əminə,
o inanmır ki, yeddi ildən sonra övladımız ola bilər. Hey dirəşir ki, onun uşağı
ola bilməz. Rusiyada hansısa axmaq həkim ona deyib ki, sənin uşağın ola bilməz.
Elə hey deyir ki, kimdəndi? İlahi mən nə
edəcəm. Deyirəm elm var gedərik, DNK
testi edərsən, görərsən öz uşağındı. Xeyri
yoxdu, başı xarab olub elə bil."
Əminə
"Ay qız get rədd elətdir. Soruşsa deyersən ki, səhv başa düşmüşəm. Pahh
lazımdı elə bu xeyrisizlərdən bizə uşaq"-dediyini xatırladı. "Hə də, lazım
döyül, döyül." deyə o yumruğunu pəncərəyə döyəclədi.
Elşad yorğun "gecə növbəsindən"dönürdü.
İllərdi dəmir yollarında çalışırdı. İndi üç gün idi ki, yalandan gedib ətrafda
dolanıb gəlirdi. Evdə necə deyəcəkdi ki, işdən çıxarılmışam. Elşad hər dəfə bu barədə düşünəndə dəhşətə gəlirdi. Onu işini itirməkdən daha çox arvadı narahat edirdi. Bütün günü güzərandan,
pulsuzluqdan şikayətlənən arvadı onun az maaşına qane olmaq istəmirdi. Bütün
günü qonşulara bax, bacıma bax, əli
çatan və çatmayan insanları nümunə gətirməkdən yorulmurdu. İndi yorğun
ayaqlarını arxasınca sürüyərkən yeganə istədiyi şey sakit ev və çarpayı idi.
Ağayaq divarın üstü ilə getməkdən
sıxılaraq atılıb ən yaxındakı evin
damına düşdü. Qarnının ağırlığı onu aşağı sürüklədi. Elə onda yağışdan və
parlaq günəşin kövrəkləşdiyi şifer qırıldı və Ağayaq içəri yuvarlandı.
Miyoldayaraq ətrafa baxdı. Parlaq gözlərini sürətlə ətrafa gəzdirərək baxdı.
Düşdüyü yer taxta döşəmə idi. İsti hava dalğası ayaqlarının arasından burularaq
qarnını oxşadı. Zövqlə taxtanın üzərində uzanıb gərnəşdi. Qulaqlarının şəkləyib diqqətlə dinlədi. Bir qadının uşağına
laylay dediyini fərq etdi. Elə həmin melodiyanın və istinin təsiri ilə
xumarlandı. Ürəklə yuxuya getdi. Bura onun axtardığı yer idi.
Əminə onu dalandan dönəndə
gördü. Stula çöküb Elşadın içəri girməyini
gözlədi. Qapı çırıldayıb aralandı. Rütubətdən nəmişlik qoxuyan bu ev Elşad üçün
bu an elə əziz göründü ki, Əminənin üzünə baxmadan birbaşa yataq otağına keçdi.
Elə çarpayıda büzüşmək istəyəndə yataqda
ləkələri gördü.
-Yenəmi?-
deyə halsız qışqırdı.
- Hə
yenə.-Əminə bütün enerjisi ilə qışqırdı.
- Sən
nə qədər murdar qadınsan. Sənin yerin cəhənnəmdir, bilirsən cəhənnəm.
-
İkimiz birlikdə gedəcəyik.
- Mənim
cəhənnəmim bu dünyada sən oldun. Sən məni ata olmaqdan məhrum etdi.- Elşad inildəyərək dedi.
- Sənin
altında xarici maşın oldu, yönlü maaşın oldu mən doğmadım?! Dünən Səməd dedi
ki, işdən çıxarılmısan. Guya gecə haralardasa sülənməklə məni aldadacaqsan. Sənin
yalana gücün çatır, mənim dərmana.
-
Allah sənə lənət etsin. Heç olmasa doğmaq fikrin yoxdur, onları qarnında öldürmə.
Nə olar bu evi qəssabxanaya çevirmə.
Əminə
yeni hücuma keçmək istəyirdi ki, çöldə qəfil
qışqırtı eşıdıldı. Yerindən qalxıb pəncərəyə
yaxınlaşdı. Xattinin bir qadının üstünə cumduğunu, qadının isə dar dalanda küncə
sıxılaraq tir-tir əsdiyini gördü.
Xatti Ağayağın ardınca düşüb
divar bitənə qədər getdi. Sonra pişiyin evin damına tullandığını gördükdə onu
izləməyin mənasızlığını anlayıb dalan boyunca getməyə davam etdi. Ac idi. Sahibəsi
onu indiyə kimi bu qədər tək qoymamışdı. Ağır addımlarla dalanın sonuna kimi
getdi. Əminəgilin evinin yanına çatanda dayandı. Bu evi heç sevməzdi. Kif göbələyi
qoxusu verən divarların o tayında qarğışdan başqa bir söz eşitdiyini
xatırlamırdı. Qəfil dalanın o başından gələn qadını fərq etdi. Bu qadını
tanıyırdı. Sahibəsi ona bir -iki dəfə iynə vurmuşdu. Bir ümidlə qadının üstünə
yüyürdü. Elə bildi ki, ona sahibəsinin başına gələnləri anlada biləcək.
Qadın qışqırırdı. Əminə birtəhər
küçəyə çıxıb Sevdanın ərini səslədi. Lakin səsə heç bir reaksiya verilmədiyini
gördükdə yaxınlaşıb qapını döydü. İkinci cəhdən sonra nəhayət qapı açıldı. Əminə
üzü -gözü şişmiş adamı görəndə səksəndi. Qapının aralı qalmış yerindən Sevdanın
döşəmədə yatdığını və ətrafın qan olduğunu gördü. Dəhşətə düşərək özündən asılı
olmadan kəkələdi
-Xatti
, qadın, qorxur gəlin qoymayın-deyib oradan var qüvvəsi ilə aralanmağa çalışdı.
Kişi
qapını azca aralı qoyub döşəməyə əyildi. Əminə onun bıçağa tərəf əyildiyini
görüb oradan götürüldü. Qaçdıqca ona elə gəlirdi ki, hər an kürəyinə bıçaq saplana bilər. O dalanı
burulub evin qapısına çatmışdı ki, Xattinin zingildəyərək torpğa yapşdığını
gördü. Bıçaq boynuna saplanmışdı. Küncə qısılmış qadın bu mənzərədən daha da dəhşətə
düşərək qışıqırıb qaçmağa başladı.
Bir saat sonra Sevdanın cəsədini
morqa, Xattinin meyidini zibilliyə apardılar. Evi kirayə vermiş Sabir kişi
Sevdagilin iti də evdə saxladığını bildikdə evin elə həmin gün taxtalarını
sökdürdü.
Əminə xəstəxanadan gəlib tövbə
etməklə məşğul idi. Amma bunu dəqiq bilirdi ki, Elşadı bu
rütubətli evdə ata etməyəcək.
Ağayağın beş dənə özü kimi qara,
ayaqları ağ balası olmuşdu. Onları yalamaqdan doymurdu. Aşağı otaqlardan qalxan
laylay səsi onu və balalarını yuxuya vermişdi.
Hiç yorum yok:
Yorum Gönder