2.19.2015

PLAGİAT HƏYATLAR

                Sosial şəbəkələr həyatımıza daxil olandan sonra hər şey dəyişildi. Daha insanlar tanımadıqları və heç bir zaman görmədikləri(yaxından) insanların söhbətlərinə şahid oldular.Böyük dağlar, zirvələr təpə oldu,yamacında  futbol oynadı insanlar.Sosial şəbəkələr haqqında çox araşdırmalar,psixoloji testlər keçirilib.Hərəsi bir cür nəticə verən bu araşdırma və testlər daim diqqət mərkəzimdə olub. Onların müxtəlifliyi, rəngarəngliyi mənə hər dəfə bir fikir aşılasa da, öz müşahidələrim mənə başqa şeylər söyləyib. Sosial şəbəkələr insanlarda ilk öncə başqa bir kimlik(şəxsiyyət)qazandırdı. Bəlkə də deyəcəksiniz ki, formalaşmış bir insanın yenidən bir kimliyə qovuşması absurddu. Lakin bunu belə olmadığını biz açıq-aydın sosial şəbəkədəki insanların davranışlarında müşahgidə edə bilərik. Məsələn "klaviatura qəhrəmanları" adlanan bir qrup insanlar var ki,  onlar mümkün olduqca hay-küy,vay -şüvən qaldırıb özlərini bir qəhrəman kimi qələmə verə bilərlər. Lakin realda onların sükutunu balta ilə də bölə bilmərsən. Sosial şəbəkələrdə digərlərinə baxıb filosofluq etmək istəyən bir qrup insan var ki, onlar daim nəsihət verməklə məşğuldular.Halbuki onların öz həyatlarına  ensək bir bataqlığın içində üzdüyünü görə bilərsirik. Virtual insanlar  yaranıb ki, onlar artıq tamamilə başqa bir kimliyə, şəxsiyyətə malikdilər. Bəziləri özü bu kimliyə necə qapılıbsa, sabah bu sosial şəbəkə dağılsa, bəlkə də depressiyadan intihar edəcəklər. Fərqlənmək  arzusu ilə kütləvi şəkildə plagiat edən bu insanların qarşısını almaq üçün hətta Fasebook ilk olaraq müəlliflik huquqlarını tanımaq qanununu da qüvvəyə mindirdi. Lakin bu belə bu insanların qarşısını ala bilmədi,çünki həyatları plagiat olan bu insanlar başqalarının sözünü, fikrini oğurlasa nə baş verəcək ki?!. Adamların həyatı virtuallaşıb. Onlar əslində yoxdular. Realda boz bir kimliyə bürünüblər. Onlar bu sosial şəbəkələrdə ya şairdilər, ya yazıçıdılar,ya filosofdular ya laykı bol kefqom biri.                
  Bu yaxınlarda Azərbaycanda və dünyada tanınan bir yazıçının kitab təqdimatında oldum. Tanınan bir üzə malik olmadığıma görə sərbəst şəkildə "tanınmış" qrupların yanında durub onların söhbətlərinə qulaq müsafiri olmağım çox asan idi.(Burada oxucu haqlı olaraq onları dinlədiyimi də düşünə bilər.Ola bilsin haqlıdı) Sizi inandırım ki, onların söhbəti yalnız və yalnız sosial şəbəkələrdə status müzakirəsi, hansısa səhifələrin laykı və s. ilaxır idi. Onlar realda belə o virtualdan qopa bilməmişdilər.Əslində onlar o tədbirdə yox idilər,çünki hər an ciblərindən cıxardıqları telefonla göbək bağından ayrıla bilməyən körpə kimi sosial şəbəkəyə  nəsə yazır və üzlərində yaranan ifadələrdən onların yazdıqlarına nə cür reaksiya verdiklərini də öyrənmək mümkün idi. Artıq modelleşmiş bu insanlar yeni ideya sahibi ola bilməyəcəklər. Onların beynində başqalarının düşüncələridi və bu düşüncələrə çıxan nərdivanlar belə onların deyil. Sosial şəbəkələr insanlar xəyallarını verdi. Mən orada həyatı boyunca Amerikada olma ehtimalı olmayan adamın Kaliforniyanı yaşadığı şəhər kimi qeyd etdiyini, 45 yaşlı qadının Gənclik və məhəbbət səhifəsini  bəyəndiyini, öz həyatı darmadağın birinin Azərbaycanı xilas etmək cəhdlərini görmüşəm. Həyatlarını quru xəyallar üzərində quran bu insanlara sosial şəbəkələrin bəxş etdiyi xoşbəxtliyi heç valideynləri belə  verə bilməmişdi.                 
Bu yazını yazanda yadıma qəfildən uşaqlığımdan qazılmış bir obraz olan Ələddin düşdü. O kənddə imkanlıların həyətində nökərçilik edərdi. İşini qurtarıb pulunu alan kimi evdə uşaqları acından qırılsa da kostyumunu geyinib qalstukunu taxar və düz rayon mərkəzinə yollanardı. Orada parklarda oturar, insanlara özünü ziyalı kimi təqdim edərdi. Bir dəfə onun rəngarəng qalstuklarının mənbəyini öyrənmək istədim. Belə məlum oldu ki, əslində heç vaxt özünə qalstuk və kostyum almağa pulu olmayan Ələddin onların hamısını kəndçimiz Qəzənfərdən-Polis rəisindən alır.Gedib onun həyətində pulsuz çalışıb o paltarları əldə edən Ələddin özündən bir obraz uydurmuşdu. O, kənd avtobuslarında, rayonun parklarında hörmətli bir ziyalı idi. Siyasətdən danışır, fikir mübadiləsi edir,hətta arada şeir də deyirdi. Lakin  nifrət etdiyi kəndə qayıdanda onu həyətdə vərəmli qızı və şikəst arvadı qarşılayırdı.Heç kəs heç bir zaman kənddə O, ölənə qədər onun üzünə çırpmadı bu həyatını. Çünki böyükdən kiçiyə hər kəs bilirdi ki, onun uydurduğu həyat təqdim etdiyi obraz onun heç vaxt reallaşmayacaq xəyyallarıdı. İndi sosial şəbəkələrdə heç Nyu-Yorka gedə bilməyəcək birinin Nyu-York səhifəsini bəyənməsi, başqasının maşınına söykənib şəkil çəkdirməsi  kimidi başqalarının ideyalarının plagiatı. Bu istedadsız insanların təsəvvürüdü.Heç vaxt reallaşmayacaq xəyallarıdı.Cəmi yüz layka qurban verilmiş eqolardı.

2.07.2015

RUS SÜDÜ

                1994-cü ilin Sentyabr ayı idi. Payız ağaclardan yoluşdurduğu yarpaqları özünə şabaş
etdikcə, Sənəm qarşıdan gələn qışın qorxusu ilə daha büzüşürdü. Sanki saçlarını oynadan payızın xoş mehi deyil, qışın dağlardan gətirdiyi soyuq hava idi. Evdəki 4 uşaq yetmirmiş kimi, əri bu il yazda Rusiyaya getməzdən öncə, bir il əvvəl vəfat etmiş bacısının iki uşağını da ona tapşırlıb getmişdi. İndi 6 uşaq həyətdə o yan, bu yana qacışdıqca Sənəm bu qış onları necə yemləyəcəklərini fikirləşirdi. 5 aydı əri qürbət ellərdə idi. Arada zəng vurub hal-əhval tutur, azca ağlamsınır və tezliklə dönəcəyi barədə Sənəmə şirin vədlər verərdi. Sənəm keçən bu 5 ayı elə şirin vədlərə bürünüb yatmışdı. İndi payızın sərin mehində Sənəm başından qovub çıxartmağa çalışdığı fikrin cəngində qalmışdı. "Birdən Elnazın, ya da Sevdanın əri kimi Eldar da dönmək istəməsə?!... Qalsa o sarıqulaqların yanında." Elə bu fikırlə əlbəyaxa ikən qəfil başına dəyən zərbədən sarsıldı. Dönüb hirsini tökmək istəyirdi ki, 3 yaşlı oğlunun parçadan düzəlmiş topu peşman-peşman süzdüyünü görüb yumşaldı. Anladı ki, uşaq da bu təsadüfü zərbədən pis olub. Yerindən qalxıb onu qucaqladı.Həyətdə heç nəyi fərq etmədən qaçışan uşaqları süzüb kövrəldi. Bilmədi bəxtinə söysün, yoxsa ailəni bu günə qoyan güzəran dərdinə acısın. Bu fikirlə də axşama düşənə qədər sərsəri kimi dolandı. Hər axşam yeməkdən sonra qonşuluqda yaşayan və onlara baş çəkməyi adət halına gətirmiş qayınatası və ögey qayınanası ona Əlisanın zəng etdiyini söylədilər. Əlisa Sənəmin ögey baldızının əri idi və bu il ehtiyac ucbatından qaynına qoşulub Rusiyaya getmişdi. Qayınatası- Vahid kişi ürəklə sümürdüyü siqaretin tüstüsünü üfürdüyü otağın havasını da sinəsinə çəkərək:
-Əlisa deyir ki, mən gəlməyəcəm. Eldardan veş yollayacam. Onu uşaqlara verərsiniz. Hə, Sənəm, gözün aydın. Deyirəm, ay komandır, Eldar bir azca da gec gəlsəydi, vallah bu gəlin fikirdən öləcəkdi. Hayn?- deyib güldü. Sənəm isə bu xoş xəbərdən elə məst olmuşdu ki, qayınatası, hətta nifrət etdiyi qayınanası onu söysəydi belə etiraz etməyəcəkdi. Rusiyadan, güzərandan, kəndin evlənənindən, qoşulub qaçanından o ki var söhbətləşib yorulandan sonra hər kəs sabaha dair xəyallarını qucaqlayıb yatmağa yollandı. Pilləkənin üstündə par-par parıldayan qaloşlarını geyinən qayınanası:
 -Ay Sənəm, Eldar gələn kimi bizə de!Veşi birdən təkbaşına yeyərsiniz haa!- xəbərdaredici səslə söylənib yanını kök ördək kimi basa-basa həyətə düşdü. Sənəm dilini dodağını gəmirsədə ona cavab verməyi düşünmədi. Onlar gedəndən sonra ulduzlu səmanı  süzərək dərindən nəfəs aldı. Hər halda üç gündən sonra bu boyda külfətin qarşısında tək olmayacaqdı.
                 Üç gün ilan kimi sürünüb Sənəmin səbrini bir tikə edəndə Eldar özünü çatdırdı.Eldar ağır çantaları içəri daşıyanda Sənəmin ürəyi dağ boyda oldu. Ona elə gəldi ki,ala dağdan qar gətirmək budur. Hər halda Eldar bu çantaları ala dağdan gətirməmişdisə də, elə qarlı Rusiyanın adı da bəs idi. Sənəm indi qonşudakı gəlinlərə  acıq verə biləcəkdi. Ən azından əri kəndin başıpozuqlarına ilişib Rusiyada qalmamışdı. Onların yanına gəlmişdi. Ağır çantaları daşımaqda ərinə kömək etdi. Az sonra çantaları yerbəyer edib uşaqları qucaqlayan Eldar:
 - Ay Sənəm, o boz çantanı açma! Əlisa göndərib. Onu elə ötür çəpərdən o taya, yazıq uşaqlar atalarının iyini alsınlar. Deyəsən bu qış gəlməyəcək O.-Hə yaxşı. -Sənəm boz çantanı elə qapının ağzına qoyub özünü ərinin dizinin dibinə verdi. İki saatlıq hal- əhvaldan sonra Eldar elə oturduğu divanda yuxulumağa, Sənəm isə çantaları boşaldıb ərinin nələr gətirdiyinə baxmağa başladı. Uşaqlara gətirdiyi paltarları,Azərbaycanda illərdi tapılmayan rus şokoladlarını ayırıb üst-üstə yığdıqca sevincindən özünə yer tapmırdı.Bu zaman eyvandan gələn ayaq səsləri onu yerində dondurdu.Eldarın gətirdiyi şeyləri heç kəsə göstərmək isrtəmirdi. Bir az gözdən nəzərdən qorxurdusa, bir az da gələn kiminsə mütləq nəyəsə ortaq çıxacağını bilirdi.Qapı astaca aralananda anladı ki, artıq gecdir. Özünü elə çantaların qabağına yıxmaqla azacıq da olsa görünən şeylərin qarşısını almağa cəhd etdi. Lakin gözlədiyinin əksinə qapıdan içəri uzanan balaca ayaqları görəndə corablarından bunun qızı Nuranə olduğunu bildi. Nuranə atasının gəldiyini bilən kimi divana tərəf qaçdı. Anasının şəhadət barmağını dodaqlarının üstünə qoyması ilə anladı ki, bu öpüş mərasimini atası yuxudan duran vaxta saxlamalıdı. Küskün-küskün anasının yanına qayıdıb gözlərini çantalardan ayırmadan kürəyindəki məktəb çantasını çıxardı. Anasının:
-Qardaşını, bacını niyə gözləmədin? Həmişəki kimi yenə keçiliyindən əl çəkmirsən.- ərklə dediyi sözlərə fikir vermədən qayğısızca:
 - Onların dərsi çox idi. Acından ölürdüm. Atam nə alıb? Mənə də ver!- deyə cavab verdi.
                Hələ axşam düşməmiş onlara baş çəkən qayınatası elə salam-kəlamdan sonra Əlisanın göndərdiyi çanta ilə maraqlandı.Çantanı gətirib verən kimi içindəkiləri sürətlə nəzərdən keçirib:
 -İnsafsız niyə belə az şey göndərib?-deyə inamsız-inamsız oğlu ilə gəlinini süzdü.Sənəm elə dillənib onun bu baxışlarını mənalandırmaq istəyirdi ki, Eldar tez qabağa düşərək:
-Vallah, papa, hələ onu göndərib sevinin. Qoşulub uruslara, bir gün içir, üç gün yatır. Yenə gəldiyim gün yaxşı ki, ayıq gününə düşdü. yoxsa bu da olmayacaqdı.Sevincin yanında demə, Əlisa  bu qışdan çıxmayacaq. Qorxuram bomj kimi elə küçədə ölsün.Əlisa...
- Küyə basma!-atası həmişəki quru ədası ilə onun sözünü kəsdi. - Yaman az şey yollayıb.Barı, urus malokosu yollayaydı. Day buralarda yoxdu - Atasının gileyinə ürəyi dözməyən Eldar:
 - O aldığılm malokolardan gətir ver. Mən bir az alıb gətirmişəm. - Sənəmə dedi.
Sənəm beş qutu südü də boz çantaya ataraq eyvandan düşən qayınatasının uzaqlaşan fiquruna baxaraq:
 -Eldar, bax, demədi demə!O elə bildi ki, biz Əlisanın göndərdiyi şeylərdən götürmüşük.- deyə dilləndi.
- Sən də ancaq qara -qara fikir bəsləyirsən. Allah bilir ki, bir çöpünə də dəyməmişəm.-Eldar fikirli halda bir siqaret yandırdı. Payızın axşam sərini düşdükcə uşaqlar həyət-bacadan yığışır, balaca otaqda qələbəlik yaradırdılar. Eldar siqareti sonacan çəkib kötüyünü eyvanın qarşısındakı qum qalağına atdı. Atasının inamsız baxışlarını xatırlayıb qəlbində arvadına haqq verməli oldu.
                  İki gün sonra Sentyabr ayına xas olmayan isti hava hərəni sərin bir bucağa qovmuşdu. Eldar armud topladığı vedrələri eyvana qoyub, Sənəmin tökdüyü sərin su ilə yuyunmağa başladı. Qəfil:
-Mən burda olmayanda da belə idi? Papam bura keçməzdi?- deyə soruşdu.
- Yoxxx. Hər axşam gələrdilər. Yəqin indi sənə arxayın olublar, ona görə gəlmirlər- Sənəm yarıinamsız halda cavab verdi.
- Deyəsən elə sən deyən düzdü. Gör, heç Sevinc bura keşdimi? Ögeylik elədi də. Xeyri yoxdu aaa... Beş barmağımı bal eləyib versəm,deyəcəklər zəhərdi.
Sənəm ərinin sözlərinə qüvvət verməkdən çəkindi. Anladı ki, elə o axşamkı bir cümlə kifayət edib ki, Eldar hər şeyi anlasın. Eldar süzülmüş hazır çaya belə baxmadan yataq otağına keçib yatmağa çalışdı. Ona etmədiyi bir işin günahkarı kimi baxılması ağrıdırdı.
 Sənəm bazar günü olduğundan uşaqların səssizliyini təmin etmək üçün elə eyvanda oturub ayaqlarını uzatdı. Cırıq corablara yamaq salmaq üçün iynə sapladı. Səhər alatorandan ayaq üstə gah evdə, gah bağda işləyən Sənəmi əlindəki iynə ilə oturduğu yerdə nə vaxt yuxu apardığından xəbəri olmadı. Eyvanın qarşısındakı qumluqda oynayan Nuranə anasının yatdığını fərq edən kimi bibisi qızı Firuzə ilə gizlicə şütüyüb qonaq otağına keçdi.
                Sənəm qəfil səsə ayıldı. Yuxuladığını fərq edən kimi tələsik özünü düzəltməyə çalışdı. Səs getdikcə yaxınlaşırdı. Əlindəki iynəni iynə-sap qutusuna atıb ayağa qalxdı. Uşaqlara nəsə olub fikri ilə səs gələn tərəfi diqqətlə dinləməyə başladı. Səs qayınatasının səsi idi. Dayanmadan:
-Qudurmuşlar, Qudurmuşlar- deyərək dayanmadan qışqıra-qışıqıra təkrarlayırdı. Sənəm bunun mütləq onlarla əlaqədər olduğunu hiss etdi. Eyvandan baxaraq uşaqların harada olduğunu təxmin etmək istədi, lakin ətrafda altı uşaqdan heç biri gözə dəymirdi. Qayınatasının səsinə arada baldızının və qayınanasının da səsləri də qarşırdı. Sənəm heç nəyi ayırd etməyə macal tapmamış Eldar yataq otağından çıxıb eyvana gəldi.
- Qoymadınız aaa, bir çimir edək. Noulub, noulub?- yarıyuxulu halda söyləndi.
-Mən də bilmirəm. Səs papangildən gəlir. Kiminləsə dalaşırlar deyəsən.- Sənəm nagüman halda ərini cavablandırdı.
-Uşaqlar hanı?-Eldar ətrafa boylana-boylana soruşdu.
-Bilmirəm. Elə onlar da yoxdu.
Eldar növbə ilə uşaqları səsləməyə başlayanda Sənəm səs-küyü daha da yaxından eşitmək üçün eyvandan enib çəpərə doğru getdi. Elə bu zaman Nuranə və Füruzə qaçaraq özlərini həyətə çatdırdılar. Sənəm onların su arxının üstündən gəldiyini ayaqlarının palçığından anladı. Bu səs-küyün onların arxa girməsi ilə əlaqələndirmək istədisə də, yenə beyninə heç nə yerləşmədi.Dönüb yanından yel kimi ötüb aradan çıxmaq istəyən Nuranəyə
-Ay bala, baban nəyə hirslənib?-deyə səsləndisə də qız sanki onu eşitməyibmiş kimi bağın dərinliyinə qaçdı. 12 yaşında olan Nuranə son zamanlar Sənəmi çox incitməyə başlamışdı. Sənəm elə irəliləyib qayınatasıgil tərəfə keçmək istəyirdi ki, kişi özü onu qarşıladı. Ona tərəf əyri-əyri baxıb birbaşa eyvana doğru irəlilədi. Eyvana çıxmadan üzünü Eldara tutub:
- Adam kişi olar. Ailəsinə gücü çatar. O qədər şey gətirmisən,sağlığına qismət, amma tay sənən göndəriləni niyə minnətnən verirsən?-qeyzlə söyləndi.
- Nolub papa? Nağarmışam?- Eldar çaşqın-çaşqın dillənıəndə kişinin üstünə sanki bir vedrə benzin tökdülər. Qışqıra-qışqıra:
-Odur ey, o qədər yeyib şişiblər ki, malakonu deşib su ilə axıdıblar. Nolar, adam adama etibar edib veş yollayar da. Onda qarət etməz ki. Allah onu sizə qismət etməzaaa. Haramınız olsun! Haramınız olsun!- deyərək kişi çıxıb getdi. Sənəm əli üzündə elə orda-qayınatasıgil tərəfdən fırlanıb axıb gələn arxın qırağına çökdü. Həyət tam bir səssizliyə qərq olmuşdu. Su əvvəlcə bulanıq, sonra ağ rəngdə gəlməyə başladı. Sənəm suyun üzündə kol-kosa ilişib gələn süd qutularını görəndə içini çəkdi. 15-ə yaxın süd qutusu bir-birinin ardınca suyun üzündə fırlana-fırlana gəlirdi.Əlini uzadıb qutunun birini götürdü.Qutunun başında deşilmiş yerdən hələ də süd maye kimi tökülürdü. Elə bu zaman Eldarın səsini  eşitdi:
-Sənəm, Əlisa veş göndərməmişdi. O çantanı da mən alıb düzəltmişdim.  

1.29.2015

MİLLİ XƏSTƏLİK

               
 İstər çar Rusiyası dövründə, istərsə Sovet illərində  xaricdən gələn hər hansı bir şəxs ya da nəsnə yüksək qiymətləndirilib. Sovet illərindən piştaxta altından satılan mallar daha baha və daha keyfiyyətli hesab olunurdu. 1990-ci ildən dünyaya inteqrasiya baş tutandan bəri bizim milli xəstəliyimiz-əcnəbi vurğunluğumuz daha bariz şəkildə özünü büruzə verdi. Lakin bu yalnız satın aldığımız mallarla məhdudlaşmadı. Bu bizim şüurumuza, qanımıza hopmağa başladı.Artıq bu millətimizi xor görməyə, mədəniyyətimizi aşağılamaqla nəticələndi.Məsələn adi bir məsələdə "Avropa, Avropa" deyib çığıranlar "Bu Avropada belə deyil" deyə şüarlar yağdırırlar. Ya da .... İkinci ya da nı isə sosial şəbəkələrdə Azərbaycan yazarlarına yuxarıdan aşağı baxan gəncliyi misal göstərə bilərəm. Onlar dünyanın ən sıxıcı və maraqsız romanını oxuyub min cürə tərif yağdıra bilərlər, çünki o kitabın cildinin üstündə hansısa  Cekin adı ya Bilin adı qeyd olunub. Məsələ bununla məhdudlaşsaydı dərd yarı idi. İndi də tarixə hücum çəkiblər. Dünya tarixinin ən təəssübkeş milləti ilə-ermənilərlə qonşuluqda yaşamağımıza, illərlə bir süfrədə çörək yeməyimizə baxmayaraq biz ermənidən təəssübkeşliyi öyrənə bilmədik. O təəssübkeşlik ki,erməni it ilində yaşamış cırtdan qəhrəmanına sahib çıxarkən biz Babək kimi igidi baltalamağa hazırıq. Biz özümüz niyə bu qədər sevmirik? Niyə özümüzə qarşı bu qədər saymazıq? Bunu kökü nədən qaynaqlanır? Niyə özümüzü bu qədər başqaları üçün öldürürük?
Tələbəlik illərində A.Dümanın Azərbaycan xatirələrini oxuyurdum. Orada bir epizod diqqətimi cəlb etdi. Deməli Düma qonaq olduğu yerdə ona çox gözəl bir süfrə açılır. Düma yeyib-içəndən sonra çadırdan çıxır .Görür ki, çadırın qarşısında balaca bir uşaq ağlayır. Onun ağlamağı ilə maraqlanan Düma əvvəlcə səbəbi öyrənə bilmir. Sonradan məlum olur ki, bütün bişirdiyini qonağın qabağına qoyan valideyn uşağını ac buraxlıb. Düma "Əgər bir millət öz övladını ac buraxaraq əcnəbini yedizdirirsə, bu millətin axırı yoxdur"deyə qeyd edir.

1.18.2015

EMALATXANA

                                                        Emalatxana
                - Xəstənin vəziyyəti pis deyil,amma körpənin vəziyyəti kafidir. Deyəsən vurmusunuz,qarnında iz var.- Həkim eynəyinin altından onu etinasız halda süzdü.

                 -Mən Əfqanıstan veteranıyam. Əgər məni bununla şantaj etsəniz, qaynar xəttə zəng vurub hamınızı tutduracam.
 Həkim onun bu sözlərindən sonra üzünü döndərib getdi. İki saat sonra ona balaca bir yeşik verdilər. Əllərində qalan barmaqlarla qorxa-qorxa kağızı araladı. Çəhrayı büzüşmüş bir varlıq gözləri qapalı halda yeşiyin küncünə atılmışdı. Tibb bacısı ətrafa boylanaraq:
 - Bu həkimlərin beli qırılsın. Azca pul verin, küməsə qoyulsun. Yaşayar, bəlkə də, yaşayar. Yeddi aylıqdı.Oğlandı, hayıfdı.-dodaqları əsə-əsə pıçıldadı.
 - Bəlkəni əkiblər göyərməyib. Ölür ki, bu. Qəpik də verən deyiləm. Cəhənnəm olsun!-deyib yeşiyi qamarlayıb özü ilə götürdü. Gətirib yan oturacağın ayaqaltısına itələyib köhnə maşınına gücü gəldikcə qaz verdi. Maşın ac qurd kimi ulayıb xəstəxanın həyətini tərk etdi. Yol getdikcə dodağının altında özündən asılı olmadan:
 - Mənim nəyimə lazım idi?! Nəyimə lazım idi 56 yaşımda?! Bu nə qələt idi etdim?! Nəyimə lazım idi?! Nəyimə...?!- azı əlli dəfə pıçıldadı. Birdən ona elə gəldi ki, yeşik hərəkət etdi. Qəfil ayağını əyləcə necə basdısa bayaqdan zorla gedən maşın  özünu ürəyi getmiş insan kimi asfalta çırpdı. Bu maşını alandan bəri ilk dəfə olaraq  qapısını çırparaq içindən çıxdı. Bir siqaret yandırıb oktyabrın soyuq havasını ciyərlərinə çəkdi. Nələr görmüşdü bu 57 ildə. İşlədiyi emalatxanalarda qoyduğu barmaqlarının sayı beş olmuşdu. İndi sağ əlində qalan üç barmaqla siqareti tutarkən maşındakı yeşiyi unuda bilmirdi. Ondan qorxduğunu özünə etiraf etməyə qorxurdu. Ona elə gəlirdi ki, bu an ordakı uşaq qalxacaq, dünya boyda olacaq. Onun qarşısında hesab soruşacaq. " Bütün günahlarım qarşıma belə çıxdı. Bükülü, bağlama şəklində. Həyat olmadı, qardaş, olmadı mənim ki, kindersürpriz oldu. Hamı arvadını döyür də. Bircə mənimki vuran kimi uşağını saldı. Hamı qızını döyür də. Bircə mən vuran kimi, bütün Rusiya qarşıma çıxdı. Mən nə deyirdim?! Deyirdim ki, namuslu ol! Qoltuğuma verdilər namusumu, deportasiya etdilər. Mənim nəyimə lazım idi?! Mənim nəyimə lazım idi?!"- donquldana-donquldana maşının ətrafında dörd dolanmağa başladı. Sonra qəfil özünə gəldi. Siqareti yerə vızıldatdı. Son cəsarətini toplayıb maşına oturdu. Nə qədər çalışdısa maşın işə düşmədi. Kürəyini oturacağa söykəyərək dərindən nəfəs aldı. Gözücü yeşiyə tərəf baxaraq tərpəndiyini bu dəfə dəqiq hiss etdi. Yadına atasının Alabaşın balaca küçüklərini azdırmağa aparmasını xatırladı. Onda Alabaş başa düşmüşdü. Hey zingildəyirdi. Gözü açılmamış balaları isə yeşikdə idi. Onda atası onların hamsını suya atmışdı. Öz düşündüyündən özünün əti ürpəşdi. Anladı ki, bu yeşiyi gözlərinin qarşısında saxladıqca vahimə onu basacaq. Cəld yerindən qalxıb yeşiyə tərəf əyildi. İçinə baxmamağa cəhd edərək onu götürüb maşından çıxdı və onu gözlərini az qala yumaraq yük yerinə atdı. Sanki bir az yüngülləşmiş kimi maşını yenidən işə salmağa cəhd etdi. Maşın vərəmli xəstə kimi bir iki xırıldayıb işə düşdü. Başqa vaxt yollarda müştəri güdən gözləri  bu dəfə maşını saxlamağa cəhd edən əlləri belə görmədi. Birbaşa həyətə sürdü. Maşını düz emalatxananın  qarşısında saxlayıb yük yerini açdı. Titrəyə-titrəyə yeşiyi götürüb düz emalatxanın ortasına apardı. Hara qoyacağını anışdıra bilməyib gah stolun, gah da rəfin üstünə qoydu. Son qərar olaraq rəfin üst hisəsinə itələyib arxasına baxmadan az qala oradan qaçdı. Əllərini əl-üz yuyanda yuyarkən ona elə gəlirdi ki, kimisə öldürüb. Əlləri qanlıdı, ha yusa getməyəcək . Evə girəndə anası suaedici nəzərlərlə onu süzdü.Özündən asılı olmadan:
 - Nə baxırsan? Döydüm. rahat oldun? Ölmüşdü az qala. Qoltuğuma verdilər əkdiyimi. 90-a çatdın düzəlmədin.Ax,axxxx.-zarımağa başladı.
 -Nolub ay bala. Dədən o qədər döyüb ki, məni. Olan şeydi. Heç fikir eləmə! Allah o biri balalarını qorusun. Olmasın bu soxulcandan uşağın. Böyük iş olacaq- anası yenə o nifrət etdiyi ironiya ilə sözləri sıraya düzüb cümlə qurduqca qulaqlarını tixayıb kar olmaq istəyirdi. Anasını danışa-danışa qoyub yataq otağına keçdi. Gücsüz halda çarpayıya sərilib hər şeyi bir anda unutmaq istədi. Bu kəndi, yiyəsiz hesab edib gənc yaşında özünə təslim etdiyi o yaşıl gözlü sısqa gəlini, indi əli yetmədiyi o ailəsini-qızını, oğlunu, hətta bir zamanlar dəli kimi sevdiyi o vəfasız arvadını belə unutmaq istədi. Yenidən körpə kimi tərtəmiz doğulmaq, yenidən yaşamaq arzusu keçdi qəlbindən. Qarmaqarışıq fikirlərlə nə vaxt göz qapaqlarının ağırlaşdığını, yuxuya getdiyinin fərqində olmadı. Yuxuda özünü nəhəng bir emalatxanada gördü. Lakin bu emalatxanada nə taxta yonurdular, nə də şüşə düzəldirdilər. Burada milyonlarla insan uşaq düzəldirdi. Hər şey sürətlə cərəyan edirdi. Balaca fiqurları yonub düzəldir,insan halına salmağa çalışırdılar. Alınmayanda sobaya atılan fiqurları gördü. Qışıqırıb ayılanda pəncərəyə qaranlıq çökdüyünü, gecənin düşdüyünü gördü. Bir anlıq bu gün nələrin baş verdiyini xatırlayıb durmaq fikrindən vaz keçdi. Yenidən başını yastığa atıb yuxuya getdi. Bu dəfə səhər açılana qədər yatdı.
                 Səhər malı-qoyunu yerbəyer edib tövlədən dönəndə uzun-uzadı emalatxananın qapısını süzdü. Anladı ki, ora girməyə cəsarəti yoxdu. Birbaşa evə dönüb elə çay fincanını əlinə alırdı ki, qayınanası ilə arvadının darvazadan içəri girdiyini gördü. Fincanı stola qoyub bir siqaret yandırdı. Özünü hesabata hazırladı. Onlar içəri girən kimi:
 -Mənlik deyil. Onsuzda ölmüşdü.Bir ton pul istədilər. Baxın, əllərimdə barmaqlarım belə tam deyil, amma çörək qazanıram. Neyləyəydim?! Mən nə bilim sən uşaq salassan. Bəxt, tale deyil aaa mənmki . Kimi vurdum, kişiləşdim zərər gördüm. Qızı tudum sevgilisi ilə vuran kimi məhkəməlik oldum. Sən demə bütün qazancım, həyatım o şillənin başında imiş. Tarappp atdılar məni sərhəddən bu tərəfə.İndi siz nəyə gəlmisiniz? Davaya? Hə, mən öldürdüm. Bunu eşitməyə gəlmisiniz? Hə, buna gəlmisiniz?- O qışqırıb kükrədikcə qayınanası ilə arvadı sanki kiçilib otağın küncündə yox olmaq istəyirdilər.
 Nəhayət onun qəzəb dalğasından sonra ortalığa dərin bir sükut çökdü. O,arvadının anasını dümsüklədiyini gördü. Yavaşca udqunan qadın nimdaş yaylığının  ucunu düyünləyə-düyünləyə (arvadın bu hərəkətini heç sevməzdi. uşaq vaxtı eşitmişdi ki, söhbət zamanı paltarın ucunu düyünləmək qarşındakı adamın dilini-ağzını bağlamaq mənasına gəlir) sözə başladı:
- Bala olan şeydi. Canınıza gələn olsun. İndi işdi olub. Sənin də bir kimsən yoxdu. Elə mənim qızım da yola verəndi. Nolub cavansınız- deyəndə gözlərini kürəkənin qırış paltar kimi bürüşmüş üzündən çəkərək tavana baxdı və nəfəsini dərərək davam etdi- Hə, nə deyirdim? Cavansınız. Sən heç kefini pozma. Biz qadın tayfası sex kimi bir şeyik. İstehsal mümkündür. Rəndələ düzəlt! Olmadı qır, yenisini düzəlt. - qayınanası cümləni bitirən kimi qapıya doğru yönəldi. Arvadı anasının dalınca çıxmaq istəyəndə  onların didişməyini eşitdi
-Hara gedirsən? El, camaat nə deyəcək. Deyəcəklər, ikincidə də oturmadı.Qardaşın arvadları ilə boğuşmaq düşüb könlünə? Cəhənnəm ol, otur burda! Paaah, ətcəbalası ölüb. Gözümüz aydın.
 Sonra nə damışdıqlarınıl ayırd edə bilməyib pəncərəyə doğru yönəldi. Onların həyətdə söhbətləşdiyini, arvadının arada gözlərinin ovxaladığını  gördü. Qəfildən dünən emalatxanaya qoyduğu yeşiyi  xatırladı. Eyvana çıxıb qayınanasına səsləndi.
- Dünəndən gətirib qoymuşam sexə-əli ilə emalatxanaya tərəf işarə etdi.- Gedəndə onu da aparın!-deyib onların cavabını gözləmədən otağa qaçmaq istədisə də qayınanasının
 -Azzz, nə zalım adamdı. Görəsən, mış yeməyib biçarəni -dediyini eşidəndə onu daha da vahimə basdı. Bu heç ağlına gəlməmişdi. Elə bu vahimə qapının dibinə çökdü. Bir qulağı ilə çölü dinşəyir, bir qulağı ilə isə heç nə eşitməməyə cəhd edirdi. Emalatxananın qapısının cırıltısı, beş dəqiqə sonra isə darvazanın açılıb-bağlanmasını eşitdi. Qəlbində arvadının çıxıb getməsini arzuladı.Bir anlığa  ona elə gəldi ki, arzusu reallaşdı. Elə qapının dibindən qalxmaq istəyirdi ki, qəfil arvadı ilə burun-buruna gəldi.

11.03.2014

Divanə Ozan Təklə (Agayar Xələf oglu)

İlkin su tərpənişinə ithaf edirəm

... təəssüf ki, bu gün Azərbaycan hekayələrini oxuyanda oxucu Kuba hekayələrini oxuyansayaq darıxır. Hekayə yazmaq  eksperiment meydanı deyil. Narahatlıq keçirəndə lazımi cizgilər barədə təsəvvürlərə uyğun olaraq ümidlərin boşa çıxmayacağına inanmaqla müqayisəedilməz gərginliklə açıq- aşkar başqa bir çarəsizlik içində belə alınacağını təsəvvürə belə gətirmək olmur, ancaq hekayəyə tələbat gündən-günə artır.
 Hekayənin söyləmi tüstülü ədəbi aləmə əvvəlcədən hər şeyin ( nəticənin) yerli-dibli bambaşqa çatışmazlıqdan qurtulmaqla və hər şeyi alt-üst etməyilə və sonda təkzibə yer qalmamağıyla götür-qoy etmədən olmayan sağlamlığını (ədəbi) özünə (hekayəyə) qaytarması, gileyin tərsinə olaraq çox qəribə tərzdə ədəbi səs-küy yaradır. Zənn edildiyi kimi bu yolda əlindən gələni etsə də, cin atında çox ağır yükün “burda hər şey yenidir” olması fikri özünü narahat hiss etməyə gətirib çıxarır sonda. 
 Sükut vaxtı içərisində gecə olanda pəncərə özünü saxlaya bilmir. Heç vaxt demək olmazdı ki, bu ciddilik oyun deyil və bu dəyişən müqəvva kölgəsinin heç vecinə də deyildi və ilk vaxtlar darıxmaqdan ötrü darıxanda heç nə başa düşmək olmurdu. Deyirlər L. Tolstoy “Anna Karenina”nın yeddi dəfə üzünü köçürüb və buna əsəbləri dözüb.
 Çoxlu sayda hekayə(lər) yazılmasına və bəzilərinin xarici dillərə çevrilərək dünya mətbuatında çap olunmasına baxmayaraq Azərbaycan hekayəsi dünya ədəbi arenasında yoxdur. Niyə? Dünyada çoxlu sayda suallar vardır ki, cavabı yoxdur, yaxud biz onların cavabını bilmirik.
 Saat (vaxt ), il( illərin təqvimi) insan beyninin məhsuludur. İnsana nə sərf edirsə onu kəşf edir. Vaxt, il yoxdur əslində. Zamansızlıq var. Zamansız hekayə varmı?
 Hər hansı bir hekayənin müəllif tərəfindən inadla müdaifə olunması absurddur, gərəkdi ki, hekayə özü- özünü müdaifə edə bilsin , çün müəllif bir gün bu dünyadan köçəcək, hekayə qalacaq(qala bilsə). Zaman çox amansızdı.
 Məni həmişə hekayənin xilası düçündürüb. Dərin fikri hekayənin canına, qanına hopdurmaq çox çətin bir işdir. Hekayə məhdudluqdan uzaq olmalıdır. Hekayəçi dili titrəməməlidir həm də. Hekayəçi təxəyyülünün nə demək olduğu ilk növbədə hekayəçinin özünə aydın olmalıdır. İndi hamının savadı(ədəbi) aşıb-daşır, ancaq hekayəçi təxəyyülünün nə olmasını heyif ki, hamı dəqiq bilmir. Nəzəri bəlkə də hamı bunu bilir, praktikada isə bu görünmür.
 Hekayə erası heç vaxt qurtarmayacaq. Burada təəccüblü heç nə yoxdur. Çay dalğaları adama daha xoş gəlir və qüvvə haqqında fikirləşəndə ciddi və tühaf uğultular get- gedə güclənir və hərəkətin görünüşü dəyişir.Hekayə hökmranlığı hərəkət və hərəkətsizlik arasında tamam fərqli bir titrəyişdir.
 Hekayə vulkanı ardıcıldı, həm də gözəgörünməzdi .Ola bilsin ki, bu dekorasiyadan uzaqda hər hər şey darıxdırıcıdı. Hekayə alicənablığını qarabaqara izləmək və nəsə yazmağa tərəddüd etmək fantaziyaya gətirib çıxarmalıdır.
 Hər vaxtın öz nəfəsi var, vaxtsızlığın da. Bu çox vacibdir. İlk cəhtdə susan səsləri unudur. Süküt möcüzə təsiri bağışlayır. Döyüş qurtaranda ocaq başında şinel artıq olur.
 Azərbaycan hekayəsinə estetik meyarla yanaşmaq çox çətindir. Bunun belə vəziyyətə düşməsinə səbəb əlbəttə ki, ədəbi tənqidin müasir tələblərə cavab verməməsidir və ədəbi tənqidin yazıçını narahat etməməsidir.Məncə o səhv fikirdir ki, tənqid ədəbi məhsuldan sonra gəlir.
 Əsas məsələ tənqidçinin nə qədər demokratik və azad olmasıdır.
Hekayə nəhrinin dolub-daşmamasının günahkarı əlbəttə ki, ədəbi tənqidin ədəbi məhsula Azərbaycansayağı yanaşmasıdır. Hekayənin taleyi üçün məsuliyyət qayğı və ağrılardan keçir , o isə ucada olmalıdır.
 Bəşər taleyi üçün narahatlıq və dəyişməzlik bütöv təsəvvürdən qaynaqlanmalıdır.
Hekayənin əzəməti möhtəşəmlik və monumentallıqdan keçməlidir və bu darısqallıqda(yığcamlıqda) o ölçü- biçisiz olmalı və nəfəssiz olmalıdır.Yaradıcı və axtarışçı hekayəçi mətnində səthilik və dayazlıq olmamalıdır. Hekayə mətnində daxili hərəkət güclü olmalıdır və bu darısqallıqda əhatəlilik qorunmalıdır. Problem və ziddiyətlər ciddi  mənada bədii təfəkkür tərzinin inkişafı inikas tərzi ilə şərtlənməsə dolğunluq ( genişlik) nəzərə çarpmaz və burada bədii dərk yeni xüsusiyyətlər doğurmaz və bu yerdə özünəməxsusluq ədəbi tənqidi ciddi narahat etməlidir.
 Hekayə estetik hadisədir və bu səsləşmə fərqli inikas tərzində üzə çıxır. Ehtiyac olmadan nələrisə hekayəyə əlavə etmək hekayəni nələrdənsə məhrum edir. Hekayəçi  üçün hekayə janrına bələdlilik vacib şərtdir və bu bələdlilik praktik özünü göstərməlidir. Hekayə atmosferi mövqe(ədəbi) müxtəlifliyində üzə çıxır.
 Hekayənin qanadsızlığı narazı qalan oxucu narazılığına səbəb olacaq sonda və bu mənada bu qanad nöqtəsi ardıcıl olaraq zahiri məntiqsizsizliyin inikası kimi meydana çıxacaq və bu pafos qəribə təsir bağışlayacaq həm də . Bu isə çox dəqiqdi.
 Cərrahiyyə əməliyyatı zamanı reallıq və səmimilik əsasdı. Hekayə yazmaq da belədir. Həssaslıq çatışmayanda isə süni gözlənilməzlik meydana çıxır.
 Bu yerdə analogiyalar da meydana çıxa bilər. Darıxdırıcı olan hər şey fərdidir.Uzaqlaşanda gec olur.Hekayənin yolu-yolağası (ədəbi)isə asan deyil. 

əriməyən yumşaq qar

“nərdivanın birinci pilləsi” silsiləsindən 

təzə ay çıxanda salavat çevirənlərə ithaf edirəm

Tamamilə təsadüfən gənc yazıçı Sahilə İbrahimovanın “Əsgər həyatına təhlükə” hekayəsini oxuyarkən oradakı yenilik işartısı diqqətimi çəkdi və Sahilənin həmin hekayəsində bir su tərpənişi hiss etdim və bir də onu bildim ki, bu hekayə dipdiridir.
 Sahilə İbrahimovanın hekayəsi bir çox spesifik xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bu hekayənin ədəbi əhval-ruhiyyəsi yerindədir və bu daxili ədəbi qüvvənin cizgiləri müəllifin hekayə ustalığının başlanğıc həyəcanından xəbər verir və bu darısqal çərçivədə (hekayədə) çərçivəsizlik heç də saxta (ədəbi) görünmür və hiss edirsən ki, müəllif ədəbi yüksəkliyə can atır.
 Oxucu bu hekayədən soruşmaq istəyir:
Haradan gəlmisən?
Cavab şimşək kimi çaxır.
Hiss olunur ki, hekayəçi bu hekayəni zorən yazmayıb. Bu hekayəçi üçün əsasdır.
Bu hekayədən sonra Sahilə İbrahimovanın mənə göndərdiyi “Yaşamaq ödənişlidir” hekayəsini və “Zemi” əsərini oxudum və fikrimdə yanılmadığımı gordüm.

tramplin:

Sahilə çox gəncdir.
Davamlı yazır.
Əsərlərində yenilik işartıları var.
Gənc yazarlar arasında yeni düşüçcə tərzinə hamıdan tez çatacağına inanıram.

Maqnit:

Ciddi ədəbiyyata gəlmək təhlükəli işdir, çün yazıçının dəli olmaq ehtimalı həmişə qalır.
P.S    Bu yazını yazarkən  mətbuatdan oxuduğum qədər ədəbi iddealı gənc hekayəçi Ülviyyə Tahirin yeni  çapdan çıxmış hekayələr kitabını oxumadığımdan onun hekayələrinin  bu yazıya aid olmadığını qeyd edirəm.

10.08.2014

Arxa cəbhədə üzü cəhənnəmə

Yazar Ülviyyə Tahir kitabını (“Üzü Cəhənnəmə”) verib dedi ki imkan varsa oxu və fikrini yaz. Açığı deyim ki həvəssiz yanaşdım. Düşündüm ki romantikadan bol kitabdı. Uzun uzadı təsvirlər, hisslərin tərənnümləri, gərəksiz uzun psixoloji portretləri oxumaq perspektivi gəldi durdu gözümün qarşısında. Kitabı alıb oxusunu bilərəkdən bir müddət gecikdirdim. Ondan əvvəl nəzərdə tutduğum kitabları oxudum sonra bu kitaba keçdim.Kitab gözləmədiyim şəkildə ilk səhifədəncə tutdu məni. Süjet xətti kəskin döngələrlə müşayət olmasa da Məni maraqda saxlaya bildi.Roman aran rayonlarının birində baş vermiş 3 sevgi hekayəsindən bəhs edir. Hadisələr 91-ci ilin sonu 92-ci ilin ortalarını əhatələyir.
Müharibənin qızğın çağında orta statistik Azərbaycan kəndi təsvir olunub. 3 cüt yeniyetmənin sevgisi müharibənin qızğın çağında məsum görünsələr də toplumda olan gərginlikdən paylarını alırlar.toplumda olan gərginlikdən paylarını alırlar. Romanı müharibə dövrünün əsəri sayıram.
Seymur Baycanın “Quqark”ı, Aqil Abbasın “Dolu”su savaş romanları kimi məşhurlaşsalar da “Üzü Cəhənnəmə” A.Abbasın “Dolu”su savaş romanları kimi məşhurlaşsalar da “Üzü Cəhənnəmə” əsərini onlardan üstün sayıram. Bu romanda nə savaş səhnələri var, nə də iki tərəfi də eyniləşdirmək cəhdləri. Burada bir sistemin dağıntılarından qurtulmamış digər bəlaya düçar olan insanların yaşantısı var. Sovet insanı kitablarda oxuduğu, ekranlardan gördüyü müharibəylə qarşılaşdı. Üstəgəl də uzun illərdi ona unutdurulmağa çalışılan millətçi hisslərin sunamisinə uğrayaraq. Sənubərlə Əsgər, Gülgəzlə Elmar və Firuzəylə Sabit sevgilidilər. Sabitdən başqa hamısı məktəblidilər. Yeniyetmə eşqi hakimdi qəlblərinə. Iş elə gətirib ki elin yazılmamış kasta ierarxiyasına görə onların bir birinə qovuşması uyğun görünmür. Qızlardan birinin anası pis ad çıxrdıb, digəri çox kasıbdı, üçüncüsü isə şəxsi ədavət üzündən. Lakin buna baxmayaraq sevgililər bir-biriləriylə görüşməyin yolunu tapırlar. Ailələrin müdaxiləsi də nəticə vermir. Elmarla Gülgəzin münasibəti o həddə gəlib çatır ki Gülgəz hətta hamilə qalır. Bunu eşidən Elmarın anası Fənər özündən çıxır. Pis ad çıxartmış Gülgəzi anasının davamçısı sayır. Amma özü yekə oğlanları olmasına baxmayaraq kolxoz sədriylə gizlində görüşür. Hətta ona görə aborta da gedir.Hamilə qalan Gülgəz qonşuların müdaxiləsiylə Fənərin evinə gətirilib molla kəbiniylə gəlin elan olunsa da Elmarın anası bununla razılaşmır. Əlinə düşən ilk fürsətdə Gülgəzi incidir, əsl gestapo düşərgəsinin həyatını yaşadır. Sonda bunlardan bezən Gülgəz özünü yandırır, Fənərin qaynı da Fənəri yabayla öldürür.
Sənubərlə Əsgərin də sonları ölümlü olur. Burda da iki nəfər ölür. Biri Sənubərin atası Nazim, digəri isə Əsgərin özü. Nazim Sənubəri Əsgərə olan sevgisindən çəkindirib qohumuna verə bilməməsi və buna görə qınaqlara tuş gəlməsi səbəbindən ürək tutmasından ölür, Əsgər isə Sənubərin atasının son xaişinə görə yox cavabından sonra cəbhəyə gedib orada şəhid olur. Düz 8 güllə yarası alır. Firuzəylə sabit isə… bu qalsın sona.
Yuxarıda qeyd etdiyim kimi hadisələr 91-ci ilin sonlarından başlayır. Yenidənqurmayla qurulu sistem dağıdılıb, yenisi isə yoxdu. Üstəlik də müharibə. Sovetin sinifsizləşdirmə siyasəti nəticəsində az çox bərabər imkanları olan əhali arasında get gedə fərqlənənlər ortaya çıxır. Yeni burjua təbəqəsi yaranır. Cəmiyyətin qaymağını yeyib cəfasından uzaq qalırlar. Gedən müharibə onlarlıq deyil. Onların balaları uzağı arxa cəbhədəki hərbi hissələrdə xidmət edirlər. Vətən deyilən şeyi kasıblar qorumalıdılar.
Toplum sürətlə kastalara bölünür. Buna uzun illərdi buxavda saxlanılan mentalitet də yardım edir. Nəsil, soy-kök insanların statusunda önəmli mövqeyə çıxır. İnsanlar milli dəyərlərin qayıtması pərdəsi altında feodal ənənələri geri qaytarırlar. Bu səsəbdən gəncləri sevgilərinə müdaxiə etdilər. Əvvəllər bu səviyyədə deyildi kasta fərqləri.Üstəgəl sovetin aşkarlıq elan edərək cinsəl mövzuları cəmiyyət üçün nisbətən sərbəst etməsi də var. Qərbdən gələn seksual məzmunu bol filmlərə xüsusi həvəs göstərmələr toplumun dəngəsini pozdu. Belə qəbul olundu ki Qərbdə ancaq seksdən danışırlar. Insanların başqa mövzuları yoxdu. Seks azadlığı altında hamı istədiyi adamı yatağa sala bilər. Adamlar az qala küçəcədə sekslə məşğul olurlar. Qərbdən gələn bütün dəyərlərə də elə o gözlə baxmağa başladılar. Gənclərin bir-birilərini uzaqdan məsum sevgilərini də bu baxış açısının travması ilə qarşı çıxdılar. Əgər bunlara üz versək sonrası elə o kinolardakı kimi olar.
Romanın dili sadə və axıcıdı. Işlədilən sözlərin sayı deyərdim digərlərinə baxanda xeyli çoxdu. Bölgələrə xas sözlərdən tez tez istifadə olunsa da yamaq kimi görsənmir. Əksinə yerinə düşür. Qəhrəmanların məhz kənddə yaşadıqlarını və kənd insanının elə bu cür də cümlələr qurub danışdığını göstərir. Personajların dialoqları uğurlu qurulub, kimin nə dediyini rahat anlamaq olmur, yenidən oxumalı olmursan.Müəllif hər yeni epizoda girəndə təsvirlərdən istifadə etsə də bu uzaq başı iki cümləlikdi. Uzun uzadı lazımsız izahlar yoxdu. 1-2 cümləylə ortamı aydınladır. Seçilən sözlər də bir birini mənaca təkrarlamır. Romanda bəyənmədiyim əsas cəhətə ümumi panoramanın aydınlanmamasıdı. Müharibə dövrünün kəndinin ab havası tam verilməyib. Çayxanalarda savaşın müzakirə edilməsindən bəhs edilsə də azdı məncə. Personajlar sanki anidən ortaya çıxır. Niyə belə reaksiya verdiyi, niyə belə dediyi tam açıqlanmır. Ailələr arasında münaqişənin olması deyilsə də səbəb ortada yoxdu. Sonu verilməli olan qəhrəmanların finalı yoxdu. Onlar birdən birə yoxa çıxırlar. Roman əsasən bir neçə adamın üzərində fokuslansa da əlaqə qurmaqda çətinlik çəkdiyi hiss olunur.
P.S. Sabit Firuzənin xəstəliyindən sonra evdən qaçır. Amma söz verir ki qayıdacam. Firuzə də hamının zənn etdiyi kimi tutulduğu xəstəlikdən ölmür. Əksinə hər gün yola çıxıb sevgilisini gözləyir ki gəlib aparacaq. Nəhayət 19 il əvvəl tərk etdiyi kəndə gələn Sabit hamının dəli sanıb fikir vermədiyi Firuzəni götürüb aparır.

Rəşad Babalı



9.28.2014

Cibsoyan kitablar

                                    
Yeni təhsil ilinin ikinci həftəsi öz canlılığı ilə davam edir. Kimi övladının birinci sinif həyəcanı yaşayır, kimi də növbəti tədris ilinin stressini. Bəlkə də, Sentyabr yeganə aydır ki, insanların 80 % üzündə eyni ifadə olur:Təhsil həyəcanı.  Lakin bu cümlədən havalanıb heç də özünüzdən tez zənni -gümana düşməyin ki, bizim xalq təhsilbazdı. Qətiyyən, bizim xalq təhsildən daha çox, diplombazdır ki, bu da ayrı bir dərdi. Lakin  mənim  dərdim bu dəfə nə xalqdı, nə də haralardasa baş tutan, arzulanan üzdəniraq işlərdi. Bu dəfə kitabdı. O kitab ki, onunla təhsillənmək, lap kosmosa da getmək mümkündür. O kitab ki, onunla yüklənib ondan bixəbər də olmaq olar, lap elə həddi aşıb onun alverçisinə çevrilmək olar. Kitab sizin hesab etdiyiniz kimi yalnız oxumaq üçün deyil. Bunu ilk gün elə məktəbin kandarında adama başa salırlar. Bizim kimi son Sovet qalıqlarına isə bu bir az gec çatır. Çünki biz bir əlifba alim olan nəslin nümayəndəsiyik. Əlqərəz, qayıdaq indiki uşaqların məktəbə getməyinə. Indiki uşaqlar məktəbə gedəndə kitab cildini dəyişib olur qırx quldur həramibaşı. Belə məlum olur ki, sənin keçən il min zəhmət çəkib “Eldən geri qalma prinsipi” ilə uşağına aldığın kitab bu il yararsızdı. “Get zəhmət çək təzəsini al!”- bunu isə məktəb diktə edir.Hə gəldik lap  ipin qırılan yerinə. Bir neçə gün öncə kitabxanaya baş çəkib uşağa riyyazıyyat üzrə iş dəftəri axtaranda satıcı bu kitabdan ikisinin varlığından məni xəbərdar etdi. Mən” Bunun hansını alım?! “ deyib vərəvurd edərkən küncdə oraların tozunu təmizləyən yaşlı nənə “ Bala ,2014 –cü ilə aid olanı al . “ Nənənin nitqinin yarısını bura yazmağa tərbiyəm yol vermir. Çünki nənə təhsil sisteminin kitabları dəyişmə məqsədini elə “gözəl” sözlərlə ifadə etdi ki, satıcı ilə məni gülmək tutdu.  Ya mən “Tarixi –Nadir”-i yarıya qədər oxumuş adam kimi  “savadsızam “,ya da bu nə cür bir işdir ki,kİtab zəncir olub keçib bu millətin boğazına. Biri mənə izah etsin. Bu alayarımçıq fəhmimlə mən belə anlayıram ki, kitabların hər il dəyişdirilməsi müxtəlif nəticələrə gətirib çıxara bilər. Birinci: O nəticəyə ki,  norma halda iki il öncə məktəbi bitirmiş bir məzun qətiyyən 10-cu sinif dərsliyini anlamayacaq. Çünki,  artıq dərslik dəyişilb. Bu da nəsillər arasında baryer əmələ gətirir.  Ikinci: Maddi cəhətdən valideynlərin  cibinə vurulan ziyan artıq hədsizdir. Üçünçü: Niyə ekalogiyanın bu qədər korlandığı zamanda ağacları yararsız kitablar naminə “genosid” etməliyik?!
Suallar çoxdur, nəticəyə varmaq isə o qədər dolaşıqdır ki, haradan başlayıb haradan qurtacağını bilmirsən. Bircə burasını dəqiq bilirəm ki, bizim camaatdan  pul almaq, ona kasıb deməkdən qat-qat asandır. Biz gedib kitab alacayıq səssiz- səmirsiz. Təki ...
Bu “Təki” ilə başlayan cümləni bitirə blmədim, çünki böyük uşaq iki gün öncə alınmış gündəliyi atasının qarşısına qoyaraq qalın üzlü gündəlik alınmasını tələb etdi. Bu iki gündəlik arasındakı qiymət fərqini məktəblə azdan-çoxdan get-gəli olan bilir. Əslində bu gündəliklərin hər ikisi eynidir, bircə üz qabığı valideyni bir dəqiqənin içində 3 manat 20 qəpik ziyana salır.   Elə bu mübahisənin ortasında yazını bitirə bilmədən qalxıb dükana üz tutdum. “Qalın qabıq” gündəlik almaq məqsədi ilə sarı bir beşliyi də portmanata qoyarkən o biri uşaqların da “ dərdləri” açıldı. Məlum oldu ki, hələ mən  beş dənə kitab da almalıyam.

   

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...