2.07.2015

RUS SÜDÜ

                1994-cü ilin Sentyabr ayı idi. Payız ağaclardan yoluşdurduğu yarpaqları özünə şabaş
etdikcə, Sənəm qarşıdan gələn qışın qorxusu ilə daha büzüşürdü. Sanki saçlarını oynadan payızın xoş mehi deyil, qışın dağlardan gətirdiyi soyuq hava idi. Evdəki 4 uşaq yetmirmiş kimi, əri bu il yazda Rusiyaya getməzdən öncə, bir il əvvəl vəfat etmiş bacısının iki uşağını da ona tapşırlıb getmişdi. İndi 6 uşaq həyətdə o yan, bu yana qacışdıqca Sənəm bu qış onları necə yemləyəcəklərini fikirləşirdi. 5 aydı əri qürbət ellərdə idi. Arada zəng vurub hal-əhval tutur, azca ağlamsınır və tezliklə dönəcəyi barədə Sənəmə şirin vədlər verərdi. Sənəm keçən bu 5 ayı elə şirin vədlərə bürünüb yatmışdı. İndi payızın sərin mehində Sənəm başından qovub çıxartmağa çalışdığı fikrin cəngində qalmışdı. "Birdən Elnazın, ya da Sevdanın əri kimi Eldar da dönmək istəməsə?!... Qalsa o sarıqulaqların yanında." Elə bu fikırlə əlbəyaxa ikən qəfil başına dəyən zərbədən sarsıldı. Dönüb hirsini tökmək istəyirdi ki, 3 yaşlı oğlunun parçadan düzəlmiş topu peşman-peşman süzdüyünü görüb yumşaldı. Anladı ki, uşaq da bu təsadüfü zərbədən pis olub. Yerindən qalxıb onu qucaqladı.Həyətdə heç nəyi fərq etmədən qaçışan uşaqları süzüb kövrəldi. Bilmədi bəxtinə söysün, yoxsa ailəni bu günə qoyan güzəran dərdinə acısın. Bu fikirlə də axşama düşənə qədər sərsəri kimi dolandı. Hər axşam yeməkdən sonra qonşuluqda yaşayan və onlara baş çəkməyi adət halına gətirmiş qayınatası və ögey qayınanası ona Əlisanın zəng etdiyini söylədilər. Əlisa Sənəmin ögey baldızının əri idi və bu il ehtiyac ucbatından qaynına qoşulub Rusiyaya getmişdi. Qayınatası- Vahid kişi ürəklə sümürdüyü siqaretin tüstüsünü üfürdüyü otağın havasını da sinəsinə çəkərək:
-Əlisa deyir ki, mən gəlməyəcəm. Eldardan veş yollayacam. Onu uşaqlara verərsiniz. Hə, Sənəm, gözün aydın. Deyirəm, ay komandır, Eldar bir azca da gec gəlsəydi, vallah bu gəlin fikirdən öləcəkdi. Hayn?- deyib güldü. Sənəm isə bu xoş xəbərdən elə məst olmuşdu ki, qayınatası, hətta nifrət etdiyi qayınanası onu söysəydi belə etiraz etməyəcəkdi. Rusiyadan, güzərandan, kəndin evlənənindən, qoşulub qaçanından o ki var söhbətləşib yorulandan sonra hər kəs sabaha dair xəyallarını qucaqlayıb yatmağa yollandı. Pilləkənin üstündə par-par parıldayan qaloşlarını geyinən qayınanası:
 -Ay Sənəm, Eldar gələn kimi bizə de!Veşi birdən təkbaşına yeyərsiniz haa!- xəbərdaredici səslə söylənib yanını kök ördək kimi basa-basa həyətə düşdü. Sənəm dilini dodağını gəmirsədə ona cavab verməyi düşünmədi. Onlar gedəndən sonra ulduzlu səmanı  süzərək dərindən nəfəs aldı. Hər halda üç gündən sonra bu boyda külfətin qarşısında tək olmayacaqdı.
                 Üç gün ilan kimi sürünüb Sənəmin səbrini bir tikə edəndə Eldar özünü çatdırdı.Eldar ağır çantaları içəri daşıyanda Sənəmin ürəyi dağ boyda oldu. Ona elə gəldi ki,ala dağdan qar gətirmək budur. Hər halda Eldar bu çantaları ala dağdan gətirməmişdisə də, elə qarlı Rusiyanın adı da bəs idi. Sənəm indi qonşudakı gəlinlərə  acıq verə biləcəkdi. Ən azından əri kəndin başıpozuqlarına ilişib Rusiyada qalmamışdı. Onların yanına gəlmişdi. Ağır çantaları daşımaqda ərinə kömək etdi. Az sonra çantaları yerbəyer edib uşaqları qucaqlayan Eldar:
 - Ay Sənəm, o boz çantanı açma! Əlisa göndərib. Onu elə ötür çəpərdən o taya, yazıq uşaqlar atalarının iyini alsınlar. Deyəsən bu qış gəlməyəcək O.-Hə yaxşı. -Sənəm boz çantanı elə qapının ağzına qoyub özünü ərinin dizinin dibinə verdi. İki saatlıq hal- əhvaldan sonra Eldar elə oturduğu divanda yuxulumağa, Sənəm isə çantaları boşaldıb ərinin nələr gətirdiyinə baxmağa başladı. Uşaqlara gətirdiyi paltarları,Azərbaycanda illərdi tapılmayan rus şokoladlarını ayırıb üst-üstə yığdıqca sevincindən özünə yer tapmırdı.Bu zaman eyvandan gələn ayaq səsləri onu yerində dondurdu.Eldarın gətirdiyi şeyləri heç kəsə göstərmək isrtəmirdi. Bir az gözdən nəzərdən qorxurdusa, bir az da gələn kiminsə mütləq nəyəsə ortaq çıxacağını bilirdi.Qapı astaca aralananda anladı ki, artıq gecdir. Özünü elə çantaların qabağına yıxmaqla azacıq da olsa görünən şeylərin qarşısını almağa cəhd etdi. Lakin gözlədiyinin əksinə qapıdan içəri uzanan balaca ayaqları görəndə corablarından bunun qızı Nuranə olduğunu bildi. Nuranə atasının gəldiyini bilən kimi divana tərəf qaçdı. Anasının şəhadət barmağını dodaqlarının üstünə qoyması ilə anladı ki, bu öpüş mərasimini atası yuxudan duran vaxta saxlamalıdı. Küskün-küskün anasının yanına qayıdıb gözlərini çantalardan ayırmadan kürəyindəki məktəb çantasını çıxardı. Anasının:
-Qardaşını, bacını niyə gözləmədin? Həmişəki kimi yenə keçiliyindən əl çəkmirsən.- ərklə dediyi sözlərə fikir vermədən qayğısızca:
 - Onların dərsi çox idi. Acından ölürdüm. Atam nə alıb? Mənə də ver!- deyə cavab verdi.
                Hələ axşam düşməmiş onlara baş çəkən qayınatası elə salam-kəlamdan sonra Əlisanın göndərdiyi çanta ilə maraqlandı.Çantanı gətirib verən kimi içindəkiləri sürətlə nəzərdən keçirib:
 -İnsafsız niyə belə az şey göndərib?-deyə inamsız-inamsız oğlu ilə gəlinini süzdü.Sənəm elə dillənib onun bu baxışlarını mənalandırmaq istəyirdi ki, Eldar tez qabağa düşərək:
-Vallah, papa, hələ onu göndərib sevinin. Qoşulub uruslara, bir gün içir, üç gün yatır. Yenə gəldiyim gün yaxşı ki, ayıq gününə düşdü. yoxsa bu da olmayacaqdı.Sevincin yanında demə, Əlisa  bu qışdan çıxmayacaq. Qorxuram bomj kimi elə küçədə ölsün.Əlisa...
- Küyə basma!-atası həmişəki quru ədası ilə onun sözünü kəsdi. - Yaman az şey yollayıb.Barı, urus malokosu yollayaydı. Day buralarda yoxdu - Atasının gileyinə ürəyi dözməyən Eldar:
 - O aldığılm malokolardan gətir ver. Mən bir az alıb gətirmişəm. - Sənəmə dedi.
Sənəm beş qutu südü də boz çantaya ataraq eyvandan düşən qayınatasının uzaqlaşan fiquruna baxaraq:
 -Eldar, bax, demədi demə!O elə bildi ki, biz Əlisanın göndərdiyi şeylərdən götürmüşük.- deyə dilləndi.
- Sən də ancaq qara -qara fikir bəsləyirsən. Allah bilir ki, bir çöpünə də dəyməmişəm.-Eldar fikirli halda bir siqaret yandırdı. Payızın axşam sərini düşdükcə uşaqlar həyət-bacadan yığışır, balaca otaqda qələbəlik yaradırdılar. Eldar siqareti sonacan çəkib kötüyünü eyvanın qarşısındakı qum qalağına atdı. Atasının inamsız baxışlarını xatırlayıb qəlbində arvadına haqq verməli oldu.
                  İki gün sonra Sentyabr ayına xas olmayan isti hava hərəni sərin bir bucağa qovmuşdu. Eldar armud topladığı vedrələri eyvana qoyub, Sənəmin tökdüyü sərin su ilə yuyunmağa başladı. Qəfil:
-Mən burda olmayanda da belə idi? Papam bura keçməzdi?- deyə soruşdu.
- Yoxxx. Hər axşam gələrdilər. Yəqin indi sənə arxayın olublar, ona görə gəlmirlər- Sənəm yarıinamsız halda cavab verdi.
- Deyəsən elə sən deyən düzdü. Gör, heç Sevinc bura keşdimi? Ögeylik elədi də. Xeyri yoxdu aaa... Beş barmağımı bal eləyib versəm,deyəcəklər zəhərdi.
Sənəm ərinin sözlərinə qüvvət verməkdən çəkindi. Anladı ki, elə o axşamkı bir cümlə kifayət edib ki, Eldar hər şeyi anlasın. Eldar süzülmüş hazır çaya belə baxmadan yataq otağına keçib yatmağa çalışdı. Ona etmədiyi bir işin günahkarı kimi baxılması ağrıdırdı.
 Sənəm bazar günü olduğundan uşaqların səssizliyini təmin etmək üçün elə eyvanda oturub ayaqlarını uzatdı. Cırıq corablara yamaq salmaq üçün iynə sapladı. Səhər alatorandan ayaq üstə gah evdə, gah bağda işləyən Sənəmi əlindəki iynə ilə oturduğu yerdə nə vaxt yuxu apardığından xəbəri olmadı. Eyvanın qarşısındakı qumluqda oynayan Nuranə anasının yatdığını fərq edən kimi bibisi qızı Firuzə ilə gizlicə şütüyüb qonaq otağına keçdi.
                Sənəm qəfil səsə ayıldı. Yuxuladığını fərq edən kimi tələsik özünü düzəltməyə çalışdı. Səs getdikcə yaxınlaşırdı. Əlindəki iynəni iynə-sap qutusuna atıb ayağa qalxdı. Uşaqlara nəsə olub fikri ilə səs gələn tərəfi diqqətlə dinləməyə başladı. Səs qayınatasının səsi idi. Dayanmadan:
-Qudurmuşlar, Qudurmuşlar- deyərək dayanmadan qışqıra-qışıqıra təkrarlayırdı. Sənəm bunun mütləq onlarla əlaqədər olduğunu hiss etdi. Eyvandan baxaraq uşaqların harada olduğunu təxmin etmək istədi, lakin ətrafda altı uşaqdan heç biri gözə dəymirdi. Qayınatasının səsinə arada baldızının və qayınanasının da səsləri də qarşırdı. Sənəm heç nəyi ayırd etməyə macal tapmamış Eldar yataq otağından çıxıb eyvana gəldi.
- Qoymadınız aaa, bir çimir edək. Noulub, noulub?- yarıyuxulu halda söyləndi.
-Mən də bilmirəm. Səs papangildən gəlir. Kiminləsə dalaşırlar deyəsən.- Sənəm nagüman halda ərini cavablandırdı.
-Uşaqlar hanı?-Eldar ətrafa boylana-boylana soruşdu.
-Bilmirəm. Elə onlar da yoxdu.
Eldar növbə ilə uşaqları səsləməyə başlayanda Sənəm səs-küyü daha da yaxından eşitmək üçün eyvandan enib çəpərə doğru getdi. Elə bu zaman Nuranə və Füruzə qaçaraq özlərini həyətə çatdırdılar. Sənəm onların su arxının üstündən gəldiyini ayaqlarının palçığından anladı. Bu səs-küyün onların arxa girməsi ilə əlaqələndirmək istədisə də, yenə beyninə heç nə yerləşmədi.Dönüb yanından yel kimi ötüb aradan çıxmaq istəyən Nuranəyə
-Ay bala, baban nəyə hirslənib?-deyə səsləndisə də qız sanki onu eşitməyibmiş kimi bağın dərinliyinə qaçdı. 12 yaşında olan Nuranə son zamanlar Sənəmi çox incitməyə başlamışdı. Sənəm elə irəliləyib qayınatasıgil tərəfə keçmək istəyirdi ki, kişi özü onu qarşıladı. Ona tərəf əyri-əyri baxıb birbaşa eyvana doğru irəlilədi. Eyvana çıxmadan üzünü Eldara tutub:
- Adam kişi olar. Ailəsinə gücü çatar. O qədər şey gətirmisən,sağlığına qismət, amma tay sənən göndəriləni niyə minnətnən verirsən?-qeyzlə söyləndi.
- Nolub papa? Nağarmışam?- Eldar çaşqın-çaşqın dillənıəndə kişinin üstünə sanki bir vedrə benzin tökdülər. Qışqıra-qışqıra:
-Odur ey, o qədər yeyib şişiblər ki, malakonu deşib su ilə axıdıblar. Nolar, adam adama etibar edib veş yollayar da. Onda qarət etməz ki. Allah onu sizə qismət etməzaaa. Haramınız olsun! Haramınız olsun!- deyərək kişi çıxıb getdi. Sənəm əli üzündə elə orda-qayınatasıgil tərəfdən fırlanıb axıb gələn arxın qırağına çökdü. Həyət tam bir səssizliyə qərq olmuşdu. Su əvvəlcə bulanıq, sonra ağ rəngdə gəlməyə başladı. Sənəm suyun üzündə kol-kosa ilişib gələn süd qutularını görəndə içini çəkdi. 15-ə yaxın süd qutusu bir-birinin ardınca suyun üzündə fırlana-fırlana gəlirdi.Əlini uzadıb qutunun birini götürdü.Qutunun başında deşilmiş yerdən hələ də süd maye kimi tökülürdü. Elə bu zaman Eldarın səsini  eşitdi:
-Sənəm, Əlisa veş göndərməmişdi. O çantanı da mən alıb düzəltmişdim.  

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...