6.05.2014

Erməni lavaşı



Səhər-səhər ayılan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini məhzun bir kədər bürüdü. İki ay idi artıq. İki ay idi ki, əvvəldən heç də sabit olmayan ailənin təməlini indi də “oğurluq” adlı bir qurd gəmirirdi. Yerindən qalxaraq elə alt köynəyində yan otağa keçdi. Rütubətdən quzulayıb tökülmüş divarın önündə yetim kimi duran sandığın ağzındaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli məhzun və sahibsiz.

Özündən asılı olmadan soyuq sandığın üstünə çökdü. Budur, aylardır topladıqları pullar gecənin bir aləmində haralarasa sovrulur , Həcər isə adından doğan bir daş soyuqluğu ilə bunun hələ nə qədər davam edəcəyini gözləyirdi. Amma artıq bıçaq sümüyə dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi.

Bəli, onun alnına xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə də aparmırdı. Onun vur - tut bircə diləyi var idi. Gəldikləri bu uzaq qərib diyarda balaca bir ev. İndi bu arzusunu kürəyindən bıçaqlayan birini boğazlamağın artıq vaxtı çatmışdı.

Qətiyyətlə ayağa qalxdı. Uşaqlara tələm-tələsik səhər yeməyini yedizdirib bağçaya apardı. Qışın alaca nəfəsi üzünə hovxurduqca Həcərin addımları sürətlənir, içindəki kin, nifrət bütün bədənini, beynini, fikirlərini yandırırdı. Onun bu ellərdə nə işi var idi ki....

Soyuq külək yanaqlarını döyəclədikcə böyüdüyü kəndin qoxusu gəlirdi burnuna. İsti sobanın qırağında pişik kimi qıvrılmasını, hey böyümək istədiyini xatırladı. Heyhat. Bütün bunlar ondan nə qədər uzaq idi indi. Addımlarını daha da sürətləndirərək iş yerinə çatmağa tələsdi. İş yeri adlanacaq yer isə bir binanın yeraltı zirzəmisi idi. Çox uzun bir zirzəmi idi. Bu zirzəminin o başını görmək hələ işçilərdən heç kəsə nəsib olmamışdı.

Doğrusu, buna maraq göstərən də, olmamışdı. Bu zirzəmidə hər kəs özünə düşəcək işi çox gözəl bilirdi. Səhər doqquzda başlanan iş günorta bir saatlıq fasilə ilə dayanar, sonra yenə həmin sürətlə axşam saat altıya qədər davam edərdi. Kiçik dialoqlar istisna olmaqla, söhbət qəti qadağan idi. Əslində, bunu işə bir zərəri olmazdı, lakin Telli Həcərə demişdi ki, bu zirzəminin sonunda ermənilər öz uşaqlarına tarixlərini öyrətmək üçün kurs açıblar.

Bax elə bu zirzəminin sirli bucağından həqiqətən aradabir uşaq səsləri gələrdi. Amma heç kəs nə bu zirzəminin sonunu görmüşdü, nə də buradakı gizlicə milli tarixini öyrənən uşaqları. Zirzəminin bu rütubətli küncündə lavaş yayan bu qadınların tarixlə, millətçiliklə bir dərdi yox idi. Onlar ərlərinin rus qadınlar ilə oynaşmağından, uşaqlarının məktəb, bağça dərdindən və dünyanın hər tərəfində dəyişməz bir şiddətlə insanların üzərinə sıyrılan kasıbçılıq qılıncından şikayətlənirdilər.

Sükutla baş verən bu dialoqların sözə ehtiyacı yox idi. Onların ortaq sükutda birləşən bir dərdləri var idi. Müzakirə olunmayan, içlərində basdırılan, qəbir sükutu ilə yola verilən dərdləri var idi.

Həcər artıq bir il idi ki, bu işə gəlib gedirdi. Lakin üç il öncə yatsaydı yuxusuna belə girməzdi Rusiyanın bu qarlı çovğunlu halı. Xəyalına belə gəlməzdi bir gün bura gələcəyi, burada işləyə biləcəyi. Amma taleyində bu da var imiş. Anası həmişə deyərdi ki: Qızım bir yerin sənə çörəyi qismətdirsə, sən onu quş dimdiyində də olsa yeyəcəksən.

Nəbi ilə evləndikdən sonra evliliyi sanki kvartala bölündü. Nəbi altı ay Rusiyada, altı ay evdə oldu. Yayı Rusiyada, qışı Azərbaycanda. Özünə kurort etdi bu iki ölkəni. Və bir gün...Bir gün Nəbinin heç vaxt dönməyəcəyi məlum oldu. İki körpə uşaqla təkbaşına qaldı Həcər. Nəbinin dönməyəcəyini bilən neçəsi burnunun suyunu axıtdı çəpərlərin dibində, amma Həcər heç kimə huş vermədi. Yay keçdi. Payızın yağışları başlayanda Həcərin canını da qaramat basdı.

Gecələr uzandıqca gənc və təravətli bədənini yorğana bürüməklə isidə bilməyəcəyinin fərqinə vardı. Başqa kişilərə baxmayacaq qədər namuslu idi. Soyuq gecələrin birində qərarını verdi. Axırıncı iki inəyi satıb yol aldı tanımaza-bilməzə düz Rusiyanın çöllərinə.

İlk dəfə çıxdığı uzaq yolda çöllər ona nəhayətsiz, qatar isə uzun ilanı xatırlatdı. Bu ilanın nə vaxtsa sürünüb bir yerə vara biləcəyinə ümidin itirdi az qala. Qatar son dayanacağını tapanda Həcər yeni bir həyatın nəfəsini öz üzərində hiss etdi. Budur hər kəsin bir qarşılayanı var.

Həcər qatarda tanış olduğu qadınların köməyi ilə əvvəl bazarı, sonra Nəbini tapa bildi. Əvvəl bu nəhəng şəhərdə iynə olub itəcəyini zənn etsə də, bacardı. Nəbi əvvəl çığırıb - bağırsa da sonra sakitləşdi. Əl-ələ verib yaşamağa başladılar. Rus dilinin qolunu-qıçını qıra-qıra danışmağa çalışırdı. Sonra Nəbinin az qazancı ilə bir şey edə bilməyəcəklərini anladı. Elə qonşuluqda qalan Telli də kömək etdi bu qərara gəlməyinə. Onu Rusiyada sığortasız, müvəqqəti yaşayış tərzi ilə kim işə götürəcək? –bunu ondan Nəbi sual edəndə Tellinin cavabı hazır idi.

Üç gün sonra Həcər Tellinin təsvir etdiyi məkanda işə götürüldü. İş yerinin sahibi erməni idi. Bu, əvvəlcə Həcəri hürkütdü, lakin Telli onu sakitləşdirdi.

- Erməni bizi niyə işə götürsün ki? - Həcər şübhəli-şübhəli soruşanda Telli dodağını büzərək:

- Çoxbilmiş çıxmısan guya sən?! Aaaz, hərə öz ayıbına göz yumur. Sən sığortasız immiqrant, o isə lavaşı erməninki kimi sırıyacaq qədər bic. Bu qədər. Get gör içəridə bir dənə də olsa erməni arvadı yuxa yayır? Yox. Görə bilməzsən, çünki əllərindən gəlmir. Tak şto, səs eləmə. İşini gör, pulunu al! - cavab verdi.

Tellinin bu qədər aydın izahatı Həcəri o qədər qane etdi ki, daha bir kəlmə belə soruşmadan işinə başladı.

- Hər şey yolunda idi, əgər bu oğurluq olmasaydı - Həcər yenə odlanaraq ürəyindən keçirdi. Yerinə keçə-keçə önlüyünü bağladı. Telli onun üzünə baxaraq:

- Yenəmi? - deyə soruşdu.

Həcər üzündəki acı ifadə ilə başını tərpətdi və - bu dəfə lap çox aparıb.- dişlərini qıcayaraq söylədi.

- Bəlkə qumara dadanıb? - Telli nagüman şəkildə söylədi.

- Nədisə bilinəcək. Belə şey qırx gün gedir, onsuzda. Bu gün işdən icazə alıb gedəcəm.- Həcər qətiyyətlə əlindəki xəmiri kündəliyə-kündələyə söylədi.

- Hara?

- Gedəcəm - Həcər Telliyə cavab vermədən gözləri yol çəkə-çəkə sanki öz qərarına özünü inandırırmış – Gedəcəm- deyə yenə təkrarladı.

İşdən icazə alanda Tiqranın üzündəki ilan soyuqluğu Həcərin canına həmişəki üşütməni saldı.

- Bir saat. Bir saatın var. Geciksən içəri qoymacam. Bilirsən ki, buranın qapısı açılmaz- siqaretini külqabıda əzərək əli ilə get işarəsi verərək dilləndi. Sonra nə düşündüsə - Hacar qeri qel- qırıq - sökük türkcə dilləndi və cibindən beş yüz rubl çıxararaq –Al! Lazımın ular –deyərək pulu Həcərə uzatdı.

- Lazım deyil. Varımdı.- Həcər etiraz edəndə o:

- Biz yerliyik al - Qarabağdan olduğuna həmişəki kimi  işarə vurub rus dilində sözünə davam etdi. – bir saatın artıq əlli dəqiqəsi qaldı. Tez elə!
Həcər avtobus dayanacağından az qala qaçaraq özünü bazara yetirdi. Nəbini uzaqdan sezərək özünü paltar alverçilərinin arasına verdi. Özünü paltarlara baxırmış kimi göstərərək papağını alnına doğru çəkdi. Paltosunun boynunu da qaldıraraq üzünü tam görünməz etdi. Yavaş-yavaş Nəbinin piştaxtasına yaxınlaşdı. Heç nəyi planlamamışdı. Beynində yalnız qısa əmr siqnalları var idi: get, dayan, dön. Vəssalam. Nəbi isə kefi damağı çağ əlindəki pivə bankasından içir, aradabir qəhqəhə çəkib gülürdü. Onun tez-tez qolundakı saatına baxmasından Həcər vaxtında gəldiyinə azacıq ümidlənirdi. “Bəlkə bəxti kəsəcək ,doğurdan Nəbini iş başında yaxalaya biləcək” - deyə sürətlə fikrindən keçirdi.

Bir azdan Nəbi yanındakılara nə isə deyərək sürətlə oradan ayrıldı. Həcər onun bu qəfil hərəkətindən təşvişə düşərək onun arxasınca yüyürdü. Budur Nəbi qarşısında gedir. “Axı niyə bu günə qaldılar?! Bəyəm qarşısına çıxıb sən niyə bu pulları götürürsən - deyə soruşa bilməzdim.” – Həcər dodaqlarını çeynəyə-çeynəyə yalnız bunları düşünürdü.

Nəbi addımlarını yavaşıdıb qızıl dükanına girdi. Həcər vitrin şüşəsinin bu tərəfindən onun böyük bir üzük seçdiyini müşahidə etdi. Onun dükandan çıxdığını görüb özünü tez yaxınlıqdakı yük maşınlarının arxasına verdi. Nəbi ətrafına fikir vermədən üzündəki xoşbəxt bir ifadə elə qızıl dükanın yanındakı gül dükanına girdi. Orada böyük bir gül dəstəsi bağladaraq sürətlə oranı tərk etdi.

Həcər artıq məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə səbrini basaraq ərinin arxasınca yollandı. Nəbi istiqamətini bazara tərəf çevirəndə Həcər bir az çaşdı. Elə bazara çatmamış Nəbinin qəfil ayaq saxladığını görüb özünü qələbiliyin içinə atdı. Elə o an hündürboylu bir qadının əriylə görüşdüyünü gördü. Həcər yavaş-yavaş özündən asılı olmadan onlara yaxınlaşmağa başladı. Budur: əri üzüyü balıqqulağına bənzər parıltılı qabından çıxardaraq onun barmağına taxdı.

Gül dəstəsini bağrına basan qadının gözəlliyi bir tablo kimi Həcəri ovsunlamışdı. Nəbi isə elə bir addımlığında dayanan arvadının bədbəxtliyinin görməyəcək qədər kor, onun iniltisini eşitməyəcək qədər kar idi. O an qarşısındakının əllərindən yapışaraq özünü cənnətdə hiss edirdi. Həcər qəti addımlarla Nəbiyə yaxınlaşaraq qolundan yapışdı.

-Xeyir olsun, ay Nəbi, bu nə deməkdi? - Həcərin səsi Nəbiyə çox gec çatdı. Əvvəl inanmağı gəlmədi. İlk öncə qolunu kəlbətin kimi sıxan barmaqlara, sonra isə o barmaqların sahibinə baxdı. Rəngi sapsarı saraldı.

-Sənin burada nə işin var? – boğazında boğulan ötkəmliklə dilləndi.

Həcər heç nə demədən oradan uzaqlaşdı. İnsanlar ətrafında duman kimi idi. Nəfəsi kəsilə-kəsilə yalnız - ona heç vaxt gül alınmadığını, onun görüşünə kiminsə xoşbəxt və həyəcanlı halda tələsmədiyini, saçlarının heç vaxt gözəllik salonunda qulluq görmədiyini, heç vaxt o qadın kimi bahalı ətirlər vurmadığını düşündü.
                                                                
Bir anlıq ayaq saxlayaraq əllərini paltosunun cibindən çıxararaq tamaşa etdi. İçi döyənək olmuş əllərinin dərisi soyuqdan partlayaraq şoran torpağa bənzəyirdi. Bu gün bu əllərin zülmünün məhsulu bir üzük və bir dəstə gül etmişd. Vəssalam. Elə bu an qulağının lap dibində tanış bir səs çınladı:

- Ay Həcər bacı, niyə burada dayanmısan?

Həcər başını döndərərək Eldarı gördü. Eldar nəfəsini dərmədən davam etdi.

- Elə yaxşı oldu sənə rast gəldim. Bizim diaspora Fevralın 26-na  görə pul yığırlar. Bəlkə siz də bir....- sözlərinin ardını gətirmədən susdu.

- Həcər onun firavanlıq tökülən üzünə, köklükdən qatlanmayan barmaqlarına və ən sonda əlindəki plastik torbaya baxdı. Gözlərini “Armyanski lavaşı” yazılan torbadan ayırmadan bayaq Tiqranın verdiyi puldan iki yüz rubl çıxardaraq ona uzatdı.  





5.23.2014

QARDƏLƏN

                                                    

-         Adam öldürmüsən heç?- sualımın necə səfehcəsinə səsləndiiyini hiss edib tez susdum. O, çapıq-çapıq olmuş sifətini soyuq ifadə ilə mənə çevirdi. Protez qolunu stola söykəyərək üzümə baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı.
-         Hə öldürmüşəm.- Mən verdiyim sualı unutmağa çalışanda O, yavaşca dilləndi.
-         Müharibədə olmuş birinə belə sual vermək axmaqlıqdır. Unut, unut.- Mən əlimi yelləyərək ona dedim.
- Öldürmüşəm  Bir dəfə olub. Əgər ona da, adam demək mümkündürsə...- Onun cavabını uzun bir sükut böldü. Həmişə beləydi. Danışdığını nadir hallarda görərdik.Qısa və Kəsə. Onu hamı belə tanıyırdı. Sükutundan daha danışmayacağını gözləyirdim ki,  O, barmaqlarının arasında titrəyən siqaretə dərindən qullab vurub davam etdi:
            -Biz müharibə başlayanda beş nəfər idik. Könüllü beş nəfər. Beşın biri  Mardakert döyüşlərində itkin düşdü. Izini tapa bilmədik. Heç elə bil belə bir adam yox imiş. Yoxluğuna özümüzü öyrəşdirməmiş, O birisini iki gün sonra snayper ilə vurdular. Bax, onda ilk dəfə bir beyin üstümə dağıldı.Qan qoxusu qarışıq lax yumurta qoxusu verən beyin barmaqlarıma yapışıb qaldı.  O isə öləcəyinə inanmırdı. Qollarımın arasında üşüyə-üşüyə can verdi.Mən isə onu, mənim qucağımdan dartıb alana qədər “şşşşşş” deyərək onu sakitləşdirdiyimi zənn edirəmmiş. Bunu sonralar yarıqaranlıq xatırladım.
          Yenə növbəti döyüşlərdən birində idik.Uzun bir gurultudan sonra  düzənliyə ölüm sükutu çökdü. Parçalanmış cəsədlər, yerə- yurda səpələnmiş boş gilizlər, insanın insanı gəmirdiyi bu yerə fevral küləyi bütün nəfəsi ilə üfürməyə başladı. Sağ qalanlar ağır yaralıları daşıyır, az yaralılar isə meyidləri sürükləyirdilər. Hər döyüşdən sonra alışdığım bu mənzərənin bircə yeniliyi, bu dəfə kantuziyamın tutmaması idi..Mərmilərin açdığı kalafaların birində oturdum. Ayaqlarımı iylənmış “botinkalarımın” içindən çıxarıb azca havalandırmaq istədim amma bu da çox çəkmədi. On dəqiqə sonra biz bu  qanlı düzənlikdən iki kənd aralı, kəndimizə doğru yol aldıq.
            Məhəmməd lap qabaqda gedirdi. Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saat, iki saata gedib qayıdacağımızı nəzərdə tutsaqda elə alınmadı.Bir gün çəkdi. Bir az çətin oldu evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb gəlmək. Özümüzü toplayıb birtəhər geri döndük. Döyüşün bütün qanını qoxusunu yuyub təmizləyib gəlmişdik Biz geri dönəndə bizi yalnız sökülməkdə olan çadırların qarşısında öz veş-meşoğları ilə əlləşən rabitəçilər qarşıladı. Onlardan biri batalyonun yoxluğunu bizə iki kəlmə ilə anladıb” fərarilər” işinizi verdilər “bədbaxt” oldunuz cümləsi ilə timsah kimi soyuq-soyuq dişlərini ağartdı. “Bu yekebaşın başını əzəcəm” deyib tullanan Məhəmmədin havasını birtəhər alıb batalyonun getdiyi istiqamətə yollandıq. Təmiz qanımız qaralmışdı. Səssizcə yolu əlimizə alıb davam etdik. Gecə yarını haqladıkca güllə mərmi səslərinə sanki biz yox, o  bizə yaxınlaşırdı. Döyüşün tam ortasında özümüzü tapdıq. Yenə nəfəs-nəfəsə, kürək-kürəyə  döyüşün sonuna qədər vuruşduq. Ağır itki verərək acı məğlubiyyətlə geriyə- arxadakı mövqelərə çəkildik. Çox şəhid vermişdik. Mənim kantuziyam da bu döyüşdə yenidən təzələnmişdi.
Ətrafımda səssiz film kimi gedən döyüşün sanki alt yazısını mən yazırdım. Axşam qulağım açılanda ilk eşitdiyim səs “sıraya düzlən” əmri oldu. Kambat gəlmişdi. O komandirlə nə üstündəsə bərk mübahisə edir, əlini qaldıraraq bizə-əsgərlərə tərəf işarə edirdi.Komandirin yorgunluq yağan üzünü əlacsızlıq bürümüşdü. Kambat sıranın əvvəlindən axırına doğru addımlayaraq hamını demək olar ki,tək-tək nəzərdən keçirdi. Nə baş verdiyini anlayacaq qüvvəmiz yox idi. Hamı yorğun və gecənin yuxusuzluğunun verdiyi halsızlığın altında idi. Kombat bu uzun uzadı baxışından sonra komandirə tərəf dönərək:
-         Siz mənə əlli nəfərlə döyüşə girməniz haqqında  məlumat vermişdiniz. Elədirmi?- rəsmi bir soyuqqanlıqla soruşdu.
-         Bəli elədir.- komandir sanki məcburən o kəlmələri ifadə etdi.
-         Indi hal hazırda qarşımda neçə nəfər var və neçə nəfəri döyüşdə itirdik?
-         Səkkiz nəfər itirdik və qırx səkkiz nəfər də bizimlədir yoldaş kambat
-         Indi kim kimi aldadır?
Artıq söhbətin hara yuvarlandığını mən başa düşməyə başlayırdım. Bizi – məni, Məhəmmədi,  İntiqamı və bizdən əlavə üç nəfəri – qubalı uşaqları sıradan çıxardılar. Bizi icazəsiz bölüyü tərk etməkdə günahlandırdılar və hərbi tribunala veriləcəyimizi bildirdilər. Komandirimiz son cəhdini edərək elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən:
-         Onlar mənimlə olublar. Döyüşün qızgın yerində də. Qanun axtarmağın burda nə mənası var?!. Hə siz nə edirsiinz. Onsuzda qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır Bəlkə də siz haqlısınız Onlar qanunsuzluq ediblər, amma onlar qayıdıblar bu gün burdadırlar.- hey danışaraq sanki onu yola gətirəcəyinə ümid edirdi.
Kombat isə ona fikir vermədən bizi mal sürüsü kimi qabağına qatdı.Bizim əllərimizi kəndirləyərək yük maşının kuzasına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt unutmayacağım iki simanı gördüm. Bunun biri bizim komandir idi. O,əlləri ilə üzünü qapayaraq  palçığa qarışıb rəngini itirmiş qarın üstündə çömbəldi,digəri isə ..... Digəri bizi rabitə çadırının qarşısında qarşılayan həminki timsah sifət idi. Elə onda, mən əslində  işimizin kimin verdiyini anladım. Bizi aparan maşın batalyondan uzaqlaşdıqca sanki o timsah sifətin dişlərini ağardaraq bizi izləməyində davam etdiyini hiss edirdim.
 Fevralın insanın dişlərini sızladacaq sazağı axşam düşdükcə iliyimizə işləyirdi. Bizi mal tövləsinə bənzər bir yerə gətirib saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı tikilinin dam örtüyü yox idi. Sazağ şiddətləndikcə yavaş-yavaş qar da başlayırdı. Kombat şəstlə: “ Sabah sizi şəxsən özüm gülləliyəcəm” – deyərək bizi o sazağın içində tərk edib getdi.
 Qubalıların üçü də büzüşərək bir –birlərini qucaqlamışdılar. Mən qardan dəstəmaz alıb elə ordaca namazımı qılmağa başladım. Intiqamla Məhəmməd isə divar boyunca var- gəl edirdilər.     
          Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə çıxmasını diləyirdim.Soyuq şiddətləndikcə qubalılardan birinin iniltisi yüksəlirdi. Iniltinin sahibi qəfil yerindən sıçrayaraq bağırmağa başladı:
-         Mənim üç balam var eyyy........ Eşidirsiniz məni, köpəkuşağı. Bu gün mən, qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam. Öldürün bizi sabaha saxlamayın.Oğraşlar, vətəni satmışlar. – onu bağırtısını söyüşlər əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.
O gecə-o “mındar” gecəni yatmadıq. Sabahın korunda, qarın ardınca yağış başladı. Qardələn. Qarabağın fevralın qucağında oturmuş havasının özəlliyi. Yağış bizi isladıb donduracaq vəziyiətə saldı. Elə bu zaman biz kambatın səsini eşitdik. Onun səsindən içkili olduğu anlaşılırdı. O, əlindəki silahı oynadaraq havaya atəş açır və bizi də oradan çıxmağa məcbur edirdi. Saniyələrin söhbəti gedirdi artıq. O, qubalılardan birini- bayaq çığıranı sürüyüb bayıra çıxardı. Əlindəki tapançanı onun başına dirəyərək qəfil tətiyi çəkdi. Onun bu hərəkətilə mənim elə bil ayaqlarımı doğrdılar. Dizlərim yerə gəldi. Bizim bu şəkildə şoka düşdüyümüzü görən o əclaf eyni filmlərdə olduğu kimi soyuq qəhqəhələr çəkirdi. O qubalı balası ölməmişdi, amma ölüdən betər olmuşdu. Onun sabahın ayazında gömgöy olmuş rəngi indi lap meyid rənginə çalırdı. O it isə “xalıstoy” gullələri bizim üstümüzə saçaraq daha da zövq alırdı. Bizi bu əzabdan, onu da bu zövqdən qəfil alaqaranlığın içindən peyda olan vilis qurtardı. Vilisin qapısı açılanda oradan kombriqin düşdüyünü  gördük. Öz aləmində kral kimi əylənən kombat  nə hiss etdisə, qəfil geri döndü. Onun qəhqəhəsi dodaqlarında dondu. Kombriq palçığın içində diz üstə çökmüş qubalıya və mənə  baxdı və bayaqdan sakit görünən bu rütbə sahibi bir neçə saniyə sonra kombatı təpiyinin altına salmışdı.
          Bizim hamımızı qospitala göndərdilər.Başına silah tuşlanan qubalı elə oradaca- qospitalda öldü. Beyninə qan sızdı. Yəqin ki, gecəki qorxunu adlada bilməmişdi. Biz geriyə batalyona qayıdanda kombatımızı dəyişmişdilər.
          Bəs kombriqin bu işdən necə xəbəri olmuşdu?- Mən qorxa-qorxa ona sual verdim.
           -Bizi kombat aparandan sonra komandirimiz əlini hər yerə atıb. Səsinə səs verən olmayıb. Gecəyarıya kimi gözləyib birbaşa kombriqin yanına gedib. Silahı onun başına  dirəyərək onu dinləməsini məcbur edib. Kombriq bundan sonra qalxıb məsələni yoluna qoyub. Bunu sonralar bizə kombriqin  “axranası”  dedi.
          Yəqin ki, öldürdüyünüz də elə kombat idi eləmi?- Mən artıq söhbətin məğzini tutan biri kimi arxayın-arxayın soruşdum.
  O, mənim çiynimin üzərindən uzaqlara baxaraq sanki sualımı eşitməyibmiş kimi davam etdi:
          -    Mövqelərimiz Ağdama qədər geriləmişdi. Yaz yağışı kimi idik. Gah iki üç kənd irəliləyir qələbəni dadırdıq, bəzən elə o axşam da hər şeyi itirib beş-altı mövqe geri otuzdurulurduq. Bəzən döyüşün qızğın yerində bizə geri çəkilmək əmri verilə bilərdi. Ağdamın Güləbirdində başqa bir batalyonla eyni mövqelərə düşdük. Mən “akopa” girmək istəyəndə onu gördüm. Kürəyində rabitə “veş-vüşü” bizim tərəfə gəlirdi. Məhəmmədi dümsükləyib onu göstərdim. Bəli, tamam əmin idik . bu O idi . Timsah sifət.O, bizi görmədi. . Məhəmməd ona tərəf qalxıb getmək istəyəndə qolundan yapışdım. O isə “indi nəyi gözləyirik” – deyərək əlimi itələdi. Timsah sifət isə bütün bunlardan xəbərsiz halda, bizdən doqquz-on metr aralı akopa girdi.
          O hadisədən sonra bizim batayondan kombatdan başqa, O da yerini dəiyşmişdi. Oradan qayıdandan sonra onu axtardıqsa da tapa bilməmişdik. Indi cəbhənin qızğın yerində onun  haqqında necə qərar verəcəkdik: bunu belə bilmirdik.
         Qar göydən sel kimi səpələyəndə onu tapdıq. Gecə həminki gecə idi, lakin zaman və bizim hiss etdiklərimiz fərqli idi. Yenə o gecəki kimi bu gecə də göyün üzü  görünmürdü. Bu gecə də səma  gözlərinə dəm vermişdi, amma dərddən yoxsa sevincdən yaş tökdüyü bəlli deyildi. Silahı onun alnının ortasına dirədik. O gecə hədəf olunananlar  bu gecə hədəfə almışdı. Əynimdəki “buşlatın” qollarından süzülən sular onun üzünə süzülürdü. Onun bəlkədə göz yaşları onu artıq satmışdısada, biz bunu çətin ki, bu suların arasından seçə biləydik. Silahın soyuq tətiyi əlimin altında idi.  Əslində onu niyə öldürməliydik ki..- O, boğuq səslə dedi- Axı, o erməni deyildi, axı o düşmən deyildi, amma ........-O susdu.- amma -əlləri titrəyə-titrəyə yenə bir siqaret yandırdı.bir qullab vurub külqabıya qoydu.Alnını ovuşduraraq çətin bir qərar verəcəkmiş kimi düşüncəli bir görkəm aldı və ağır-ağır davam etdi:
Gecənin qaranlığında bir anın hökmü idi ki, əlimdəki silahın tətiyini çəkəm və onu cəhənnəmə vasil edəm, amma bunu edə bilmirdim.O qədər döyüş görmüşdüm, ancaq kimisə öldürəcək   qədər insanlığımı itirməmişdim. Yox, məni onu öldürməyəcəkdim. Onu bu qaranlıq təpələrin arxasına Məhəmməd sürüyüb gətirmişdi. Tam bir ildən sonra yenə fevral soyuğunda bir yerdə idik. Qubalı əlindəki lapatkanı onun çiyninə endirdi sümüyün şaqqıltısından çiyninin qırıldığını bütün beynimlə hiss etdim. O, yerə yıxılaraq nəfəsi təngiyə-təngiyə “ Mənə yazığınız gəlsin üç balam vaarrr”- deyə zarıdı. Kaş o sözləri deməyəydi. Qubalı isə lapatka ilə onun başına döşəyə-döşəyə”İt, bəs mənim qardaşım, mənim qardaşımın üç balası yox idi ki?! Niyə kişi kimi başına bir güllə sıxmadınız haa. Bizim qoyun kimi sıraya vurub çıxdınız. Tula, şpiyonluq edəndə bunun sonrasını niyə düşünmədin?!”Timsah sifət al qan içində çapalayırdı. Mən qaranlıqda bunu sezməsəmdə, qanın qoxusu ağzıma burnuma dolurdu.  Mən tətiyi çəkdim. Dəfələrlə çəkdim. Qulağıma gələn zarıltı səsi kəsilənə qədər çəkdim. Sonra sürətlə oranı tərk etdim.
Səhər alatoranında bizim mövqelər yenə dəyişiləndə yenə qarın ardınca yağiş-qardələn başlamışdı. Təpənin arxasındakı gecəki izləri isə palçıq çoxdan udmuşdu. – o dərindən nəfəs alaraq susdu.
 Mən əmimin bütün bunları danışdıqdan sonra üzündəki əzabı gördüm. Ona nələrisə xatırlatmağıma peşman oldum. Bunu sezdiyimi bildirməmək üçün  yerimdən qalxıb samovardan  çayları təzələdim.    







                              

5.21.2014

QİBTƏ DUYULACAQ YAZAR

                                                            

Uilyam Folkneri oxuyarkən beynimdən yalnız bu düşüncələr keçirdi: Insan edərəm demiş, etməyi bacarmış.  Bu günlərdə oxuyub başa çatdırdığım möhtəşəm romanlardan biri adlandıra bilərəm” Avqust işığını” .İlahi necə ilmək-ilmək toxunmuş əsər. Son zamanlar yazıçı nəzəri ilə oxuduğum romanlardan bir nəticə çıxarmışam. Oxucular iki yerə bölünür: adi oxucular, professional oxucular. Adi oxucunu müəllif ilk addımda aldada bilər. Bunun üçün bir az Koelyo, bir az Varis olsan bəsdi. Amma  professional oxucunu aldada bilmərsən.O birinci səhifədən sənin nə dediyini və nə demək istədiyini anlayacaqdır. Ona görə Folkneri, T. Morissonu oxuyarkən fərqinə varmışdım. Fərqinə varmışdım ki, bu yazarlar adi serial oxucusu üçün deyil. Onun ilk yüz vərəqi adi oxucunu sıradan çıxara bilər. Folknerə” Sizin yazılarınızı üç dəfə oxuyan belə onu anlamaqda çətinlik çəkdiyini” deyirlər. “Onlar nə etsinlər?” sualına Folkner “Dördüncü dəfə oxusunlar” deyə cavab vermişdir. Məncə nə üçüncü, nə də dördüncü dəfəyə ehtiyac yoxdu. Onun əsərləri sadəcə olaraq möhtəşəmdir.
“ Avqust işığını” oxuyandan sonra onun müsahibələrini araşdırdım. Özüm yazar olaraq müsahibə verməyin əleyhinə olsam da, yazarların heç bir müsahibəsini buraxmıram. Hərçənd Folkner müsahibə verməkdən, ədəbiyyat haqqında fikir yürütməkdən həmişə qaçmışdır.Yazıçının bioqrafiyalarında qeyd edildiyi kimi,Folkner ədəbiyyat haqqında hər hansı  bir suala cavab vermək istəməyəndə sınanmış bir üsula əl ataraq “ Əslində , mən fermerem,ədəbiyyatçı deyiləm” deyirdi. Onda hər hansı yazıçının təsirini görmək istəyənlərə isə,məsələn” Mən Coysu oxumamışam.”deyə cavab verərdi.
Onun müsahibələrindən əsərləri kimi doymaq mümkün deyil.İstənilən qədər onun müsahibələrindən sitat gətirmək istərdim, lakin bu günümüzlə səsləşən bircə məsələdən bəhs etmək istərdim.Bu gün netdə, orda burda yazıcıya verilən diqqət və qayğının azlığından şikayətlənib normal əsər ortalığa qoymayanlara bu bir mesaj ola bilər. Folknerin Cin Staynla müsahibəsində ona verilən sual və alınan cavabı təhrif etmədən burada qeyd edir və bununla da məqaləni sona çatdırıram
SUAL- “ İqtisadi azadlığı xatırlatdınız, sizcə yazıçının buna ehtiyacı var?
Folkner-Yox ,yazıçıya iqtisadi azadlıq lazım deyil.ona yalnız qələm və kağız lazımdır.Mən eşitməmişəm ki,hansısa yazıçı müəyyən məbləg alandan sonra nəsə dəyərli bir şey yazmış olsun. Əsl yazıçı hansısa pul fonduna ümid eləmir.Onun bütün fikri-zikri öz yaradıçığı ilə məşğuldur.Əgər o əsl yazıçı deyilsə ,vaxtın və iqtisadi azadlığın yoxluğunu bəhanə etməklə özü-özünü aldadır. Oğrular , butlegerler oğurluq mal satanlar əsl sənət yaratmağa qadirdılər. Adətən,insan hansı çətinliklərə və məhrumiyyətlərə dözə biləcəyini sınamaqdan çəkinmir.öz dözümlülüyünü yoxlamaqdan qorxur.. Əsl yazıçını isə heç nəylə qorxuda bilməzsən. Ona hökm edə biləcək yeganə şey o da ölümdü. Əsl yazıçı uğur və yaxud zənginlik barədə düşünmür. Uğur qadın kimi bir şeydir: Əgər onun önündə sıyılsan , o, sənə nifrət edəcək,ancaq ona hiss etdirsən ki,o, səni ümumiyyətlə maraqlandırmır, bəlkə də özü sənin diqqətini cəlb etməyə çalışar.”


5.18.2014

NİGAH YAŞI 18 VƏ YA YƏQİN

Hani nə yazacağını bilməzən ..... Dolanıb durarsan bir mövzunun kənarında. Sanki kimsə sənə lazım olan qapını baglayıb və açarını hara gəldi vızıldadıb...
 Bax mən indi eləyəm....Sanki mən altına ördək yumurtası qoyulmuş hindquşu kimi suya tullanıb üzən balalarımın ardından qışqırıb özümü dağıdıram. Əslində anlamadığımız işlər də elədir . Ördək balaları üzər, biz isə anlamsız təlaşımızda.
  Dolanıb dururam mövzunun kənarında .bir  atılsam. Bax budur məsələ:  dönsəm uçurum, atılsam uçurum. Qurtulma ehtimalım sıfıra bərabər. Hadisələrin başlangıc ucunu ələ keçirə
 bilsəm............
   Hamı kimi bizimki də bir eşq. Məni onun zindanına  atan eşq .                                                            Əslində eşq insanıın içində qövr edən bir əzaba yanlış adın qoyulmasıdır. Bəlkə də eşq elə bu deməkdir.
 Eşq – bütün yaradılışların dib nöqtəsi, məsuliyyətdən azad, azadlıqdan məhrum bir duyğu.....
Ən pisi isə zənnin aldanışına uğramaq . Mən arxayın sevgimin badəsini içərkən ,yalnış zamanda yalnış adamla bir ömrü xərclədim. Budur məsələ: yalnış yumurta, yalnış ana ,boşuna təlaş....
-          Mən səni sevmirəm. Biz ayrılmalıyıq.
-          Bu zornan deyil ki, mən bu evə gəlmək istəmirəm.
"Azərbaycanda boşanmaların qarşısını almaq üçün yaş həddinin on səkkizə çatdırılması qarşımızda duran vacib məsələdir".-televizordan ucalan səs sanki  üçüncü şəxs kimi söhbətə qarışırdı.
Əlindəki telefondan gələn mesay cikiltisini kəsmək üçün baş barmağını  səssiz düyməsinə sıxmışdı. Bunu hiss etdiyimi duyanda əlini qeyri –ixtiyari cibinə apardı. Utandı deyəsən.
-          Bizim uşaqlarımız var axı?!........
-          Onlar belə gözümdə deyil. Mən başqasını sevirəm.
-          Axı sən mənə də sevirəm deyib evlənmişdin. Sən qırx yaşında etdiyindən utanmırsan?
-          Mən səninlə necə evli olmuşam, bunu belə anlamıram
"Nigah yaşının on səkkizə qaldırılması...."-əlimi televizorun qapat düyməsinə atdım. Otağa dəryalar qədər dərin bir sükut çökdü.
-          Bəs biz?! ...........
-          Aliment ödəyəcəm. Mən məsuliyyətdən qaçmıram ki.........
Daha sonra uzun bir sükut. Içimdə açılan bir böşluğun divarına  bir boşanma kağızı asdılar. Bu qədər sadə. Yəni biz də sıradan boşananların sırasına qatıldıq. Statistikanın bir rəqəmi də bizdən ibarət oldu. Bütün hisslər , yaşanmışlar balaca bir kağıza sığışdı. Cəmiyyətin bir şikəsti də mən oldum:boşanmış qadın...............  
Nədən Insanın ağlı bir az qanunlara satılmış casus kimidir.. Ürək isə yağışda büzüşmüş tüksüz cücələr tək bir ümidlə boylanır . Boylanır ki, bəlkə yağış yaxın saatlarda kəsəcək xəbərini ona kimsə yalandan da olsa desin.
-          Sən boşanan ilk qadın deyilsən ki,,
-          Bunlar primitiv hadisələrdir . Hər kəsin başına gələ bilər.
-          Sən yəqin lazımı diqqəti ərindən əksik etmisən.
-          Sən yəqin.......sən yəqin......
Bu yəqinlər və ağlımın casusluğu ürəyimi təpiklər altına salmışdı. Mən içimə çölümdəkilərin hesabını verib qurtara bilmirdim
Sükut. Sükut.
Sonra telefonlar susmadı. Həyat öz axarına düşdü. “Mənim otuz yaşım var. Mən gəncəm hər şeyi yoluna qoya bilərəm . Məni bir natəmiz birinə dəyişibsə ............ Mən hər halda onun tapdığı qadından daha gözələm. Ən azından bunu mənimlə on il yaşamağı sübut edir.   Özünə haqq vermələr çoxaldıqca, həyat məni ağuşuna daha sürətlə almağa başlayırdı.
-Iş qadını olmaq öz ayaqları üzərində durmaq ...........
-Onun alimenti mənə lazlm deyil, alsın başına çaxsın
-Çox gözəl qadınsan, sən müstəqilsən,  istədiyini edə bilərsən.
- Özünü yığışdır! Son zamanlar qulağıma axmaq- axmaq sözlər dəyir- gözəl komplimentlərin ardından pis hədələr gəlməyə başladı.
Nə yalnış idi ki, ........Harada yalnışa yol vermişdim?!.... Əslində mən olduğum vəziyyəti qəbullanərkən hər şey onun üçün bitməyibmiş.....Əslində sönmüş bildiyim bir vulkanın ta ətəyində yeni yuva qurmağa çalışirdım. Çifayda....
Mən balasını hər dəfə div yeməsinə baxmayaraq, hər yaz bala çıxaran simurq təki “bəlkə alındıların” ardınca yuvaralanarkən kimlərinsə mənim üçün hazırladığı  planlarının içində özümü tapdım.Insanlar əlləri yetməyəndə ya iftira atarlar ya da ............İkinci ya da yüksək insanlara məxsus bir hərəkət olur. Yəni sadəcə hörmətlə çəkilmək...Məğlubiyyəti qəbullanmaq. Bu hər kəsin edəcəyi iş deyil. Mən eşqdə məğlub oldum . Budur meydan mən çəkilirəm.
Amma insan keçmişindən qurtula bilməz ki,. Bu qeyri-mümkün bir işdir. Keçmişin səni bir kabus təki izləyəcəkdir. Sən onu ha gizləsən ,......O bir cəsəddir sən ondan ha qurtulsan:  onu üzə çıxaracaq bir yalnış hərəkətin mütləq olacaqdır. 
Mənim də keçmişim bir anda gələcəyimin içində peyda oldu. Silahını üzərimə qaldırdı.
-Eşitdim ərə gedirsən?
-Bundan sənə nə? Sən gedib evlənərkən mənə gənəşdin?!
-Mən kişiyəm. Kişi ilə qadın bir deyil.
- Mən sənin bu hərəkətini necə başa düşüm? Məni hədələyirsən?
-Bu gün hər şey bitəcək. Yəqin camaat da mənə haqq qazandıracaq.
- Sənə camaatın yəqini lazımdı yoxsa ......... niyə məndən əl çəkmirsən ?... Getdin qoşuldun birinə . Mənim öz həyatımı yenidən qurmağa haqqım yoxdur?
***
Indi mən parkda qanlar içində sərilib qalmışam . Ətrafda yenə yəqinlər səpələyən insan toplumu var . Mənim gözüm isə səmanın lap dərinliklərinə dikilib qalıb.Səma nə qədər mavi nə qədər gözəl imiş .......
Gülümsəmək istədim. Sonra bədənimə boşaldılan güllələri xatırladım. Əlim qatı bir mayenin içində idi. Yəqin ki qanım idi. Yəqin ki... Bir təbəssüm qondu dodağıma. Mənim bu yəqini bol insanlardan fərqim nə idi ki........ Bir yəqin ucundan mən bu gün burada uzanmışdım. Tərpənə bilmirdim.
Sonra təcili yardım gəldi. “Məni aparmayın! Mən yaşamaq istəmirəm.....”. Danışdırmadılar. Ağzıma oksigen ambusunu basdılar.
    Amma bir şeyə yəqinim dəqiq idi: Mən üzərimə güllələr saçan bu adamı hələ də sevirdim..
. Ən dəhşətlisi isə deyəsən son nəfəsimdə belə ona bir şərqli beyni ilə haqq qazandırırdım...
.

5.16.2014

CİZGİ FİLMİ

Bu gün dünyanın və sivilzasiyanin birbaşa evlərimizin içinə gəlməsi əslində nələri dəyişdirə bilər? Bu çağdaş dönəmdə bu ya hansısa fəlakətlərin, ya da hansısa uğurların ilkin xəbərçisi kimi qiymətləndirilə bilər. Əsas məsələ bizim bu məsələyə hansı nöqteyi-nəzərdən baxmağımızdan asılıdır. Bu gün biz gənc ailələrin ən böyük problemi övladlarımızı bu informasiya bolluğunda necə böyütməkdir. 
Uşaqlığımın təsadüf etdiyi son sovet illəri və müstəqiliyimizin ilk dönəmlərində gözlərim bir parça cizgi filmi görəndə bayram edərdi. Aztv-nin səkkizə on beş dəqiqə qalmış yayımlanan “Laylay” verlişindən biz kiçiklərin payına düşənin yarısında, ya Savalan baba, ya da hansısa diktor yarımçıq bir nagil danışardı. Elə o zamanlar da, mən ilk dəfə olaraq Tomu, Cerrini və Micky Mouse tanıdım. Mənim həftənin yüz altmış dörd saatının demək olar ki, yarısını eşələndiyim kitabxanalarda bu obrazlarlar haqqında heç bir məlumat olmazdı. Mən olsa –olsa bu kitabxanalardan Uzun corab Peppi, ya da Xəzinələr adasını əldə edə bilərdim. Mənim zamanım bol idi. Mən oynamağa, kitab oxumağa və gəzməyə vaxt tapa bilirdim. Bəs indi...Bu gün bizim uşaqların nələrlə məşgul olmasi əslində tamam başqa bir məqalənin mövzusudur.

Indi əsas problem bizim uşaqların psixologiyasının gözümüzün qarşısında necə ələ keçirilməsidir. Günün doxsan beş faizini tv və kompyuter qarşısında keçirən uşağın gələcəyi bizə nə vəd edir? 

Və ən ümdə məsələ onların bunlardan aldıqları informasiya nə dərəcədə təhlükəsizdir? Bu suallara mümkün olduğu qədər aydınlıq gətirməyə çalışacam.

Bu gün Qərb və Şərq anlamlarının belə sərhəddləri zorlandığı dönəmdə cizgi filmləri artıq təxribat maşını kimi sürətlə işləyir. Cizgi filmlərinin çox qəribə bir sektora çevrildiyi artıq gözlər önündədir. Bəzən yanından etinasız şəkildə ötüb keçdiyimiz bir kadr uşaqların beyninə hansısa informasiyanı sürətlə yükləyə bilir. Bunları aşagıdakı kimi çeşidləyə bilərik.

1.Şiddət: uşaqlara şiddətin əgər xeyirə xidmət edirsə zərərsiz olması çatdırılır. Nümunə olaraq Ben 10, Beybleyd, Transformers və sairlərini qeyd edə bilərik.

2.Mistika: uşaqlara hər hansı bir təhlükəni aşmaq istəyirlərsə sehr, cadu, dünyalararası boyutları aşma təklif olunur.
3.Cinsəllik:-çox erkən yaşlardan hər kəsin sevmə və sevilmə, evlənmə haqqının olmasi izah olunur ki, bunun da ən məsum formasını biz “Cedric”də, ən iyrənc formasını isə “Simpsonlar”da görə bilərik.

4. Qeyri-adi cinsəlliyin təbligi: Məsələn, son zamanlarda uşaqların sevimlisinə çevrilmiş Gambol cizgi filmi, anası pişik, atası dovşan olan bir ailənin övladlarından bəhs edir ki... Artıq məncə başqa bir şərhə ehtiyac yoxdur.

5.Başqa planetlilər: Nəsildən nəsilə ötürülən uçan xalça, cin, sehirli güzgü kimi ünsürlərin yerini artıq başqa planetlilərin təbliği tutub. Yəni yuxarıda qeyd etdiklərim nə dərəcədə real oldularsa, ( sehirli xalça –təyyarə, sehirli güzgü- televizor) deməli, UNO-ların da real olma şansları gedərək artır. Hər halda, bunu təbliğat maşını belə söyləyir.

6.Müharibələr: Bunlar haqq yolunda aparılması şərti ilə uşaqlara qəbul etdirilir. Yəni, əslində müharibənin haqq olması əsas deyil, əsas məsələ sənin özünü haqlı hesab etməyindir ( Bizə təbliğ olunan ağ göyərcinlər artıq tarixə qovuşub).

7.Ailə-uşaq münasibətləri: Qərbin adi bildiyi, bizim üçün isə hələ yenilik olan valideyn-övlad münasibətlərinin yeni müstəviyə daşınması. Artıq demək olar ki,rast gəldiyimiz hər bir cizgi filmində müstəqil qərar vermə, valideynin köhnə fikirli olmasi önə çəkilir.
Bütün bu məsələlərdən yola çıxaraq, əslində cəmiyyətin mühafizəsini necə əldə saxlaya bilərik?
Tarixə nəzər salsaq, cəmiyyətin sürətlə çılpaqlaşması iyirminci əsrin payına düşür. Bu çılpaqlaşma həyatın bütün tərəflərinə və ünsürlərinə nüfuz etməyə başlayıb. Artıq Drayzerin əsərlərindəki aciz Cenni Herhardlar bu gün kilsənin və cəmiyyətin qınağı adlı qılaflarını soyunaraq, çağdaşlıq adlı müasirlik uydurublar. Hələ on səkkizinci əsr müasiri Russo uşaq tərbiyə etmək üçün onun cəmiyyətdən təcridi ideyasını irəli sürmüşdü. Cəmiyyətdən təcrid olunmaq uşağı Tarzana çevirməzmi?! 
Son olaraq, yalnız onu qeyd edə bilərəm ki, Qərb və Şərq mədəniyyətlərinin kəsişmə nöqtəsi olan Azərbaycan adlı məmləkətimizdə hər iki mədəniyyətin ortaq məxrəci var. Bu ortaq məxrəc Şərqin mistikasında, Qərbin cizgi film adlı təxribat maşınında yavaş- yavaş şüurumuza yerləşdirilir. Nədir ki, ortaq məxrəc ? 

Hər iki mədəniyyət kiminsə və ya kimlərinsə gələcəyinə inanır. Bu gələcək olanlar isə olsun Ulduz müharibələrində, Ben onda təsvir olunan başqa planetlilər, ya da ki qeybə çəkilmiş kimlərsə ola bilər... 

5.15.2014

ADAM ÖLDÜRƏNLƏR

Seymurun Bakıdan gətirildiyini eşidən-bilən onlara axın etməyə başladı. Əslində həkim əməliyyatdan sonra bir həftəlik təmiz hava buyurmuşdu. Həkimin sözlərini quru təsəlli kimi başa düşən bacıları artıq öz diaqnozlarını qoymuşdular. Xəbər, atını minib kənddə cövlan etdikcə gəlinlər qab-qaşıq toplayır, həyətin süpürülməyən yerlərinə belə əl gəzdirirdilər.  Arvadlar qara tumanlarını geyib, palaz boyda əl yaylıqlarını agızlarına basıb dayanmışdılar. Hər kəs start xəttində idi. Mərsiyə deyən arvad bildiyi üç-dörd hədisi uşaqlıqda eşitdiyi nağıllara qatıb kəndin bərk gedən arvadlarının yanında dil-boğaza qoymurdu. Yalnız hüzr yerlərində Allahı yada salmaqla kifayətlənən bu arvadlar isə bilikli insanlar sayagı başlarını tərpədir, başqalarınım başına gələn pis hadisələri görk olaraq gənclərə çatdırmağın vacibliyindən dəm vururdular. Seymurun vaxtilə ailəsinin dagilmağını düzgün bir iş kimi qiymətləndirir, yenə ona sahib duran qardaşını, bacısını tərifləyirdilər. Arıların şahı kimi yalnız göstəriş verməklə məşgul olan ana isə gəlinlərin hərəkətlərin nizamlayır və oğlunun gəlişinə son hazırlıqları nəzərdən keçirirdi. Arada ona haqq qazandıran arvadlara tərəf dönərək “ Vaxtında boşadıq. Görmədiniz, getdi nə yollara düşdü?!” deyə Seymurun arvadından bəhs edirdi. Nəhayət təcili yardım maşını  həyətə daxil olanda, “Sur düdüyü” vuruldu. Səhərdən teleseriallardan dəm vuran gəlinlər cəld hüznlü bir görkəm aldılar. Bacılar qara yaylıqlarını alınlarına tərəf itələdilər. Haya gəlmiş arvadlar isə yalandan züy tutmağa başladılar. Təcili yardımın qapıları açılan kimi Seymur qarşısında bir eşalon adamı görüb hürkdü. Aldığı narkozun təsiri ilə korşalan baxışları heç kəsin üzünü secəçək vəziyyətdə deyildi. Insanlar bir topa kütlə kimi gözünə girdi. Onun xərəyini maşından düşürən tibb qardaşları camaatdan özlərinə birtəhər yol açıb eyvana doğru irəlilədilər. Yazıq görkəmi ilə ilə eyvanda duran anası bir anda qırğılaşdı və  Seymurun ayağına cumdu. Onun ayağından demək olar ki sallaşaraq “Bala, bala, mən öleydim gərək. Bu günü görməyəydim. Sənin ölən çağın deyil ki…“ deyib şivən qoparanda həyətə toplaşmış bütün kütlə inlədi.  Tibb qardaşları onu xərəkdən  sürətlə çarpayıya qoyaraq dabanlarına tüpürdülər. Təcili yardım maşını kəndi tərk edəndə tibb qardaşları ümidsizcəsinə başlarını buladılar.
Seymur ağlaşanlara baxaraq həkimin ona yalan söylədiyinə qəti əmin oldu. Arada qulağına dəyən gülüş sədaları nəyə görəsə otağa girən kimi halını dəyişirdi. Sanki otağa girənlər  qəbirstanlığa gəlirdilər. Ah-vay edib oranı tərk edirdilər.  Tez-tez yarasına gəlib baxan feldşer isə onun sağaldığından dəm vururdu. Kimin yalan, kimin gerçək danişdiğini ayırd edəcək halda olmayan Seymur gözlərini yumaraq heç nə görməməyə çalışırdı. Nə yaşamışdı ki?!  Ömrü yelə verdiyini indi – yorğan döşəkdə anlayırdı. Əlini mədəsinin üzərində gəzdirməyə qorxurdu. Oranı  cırmışdılar. Belə qarın cırılmasını inəkdə, camışda görmüşdü. Demək öləcəkdi. “Onda niyə mənə bu yalanı deyib qarnımı cırdılar? Qoyaydılar heç olmasa abırlı öləydim.”deyə düşündü. Əlinin işarəsi ilə kiçik qardaşını çağırdi. Ona əini dodağına apararaq siqaret işarəsi verdi. Qardaşı tez bir siqaret yandırıb ona uzatdi.
-Qorxmursan?- deyə  zorla pıçıldadı.
- Yox. Çək bir siqaretlə sənə nə olacaq ki?!- qardaşı ona gülümsədi.
- Hə, düz deyirsən,  olan olmuş.
- Elə demə! Sən yaşayacaqsan
- Amma o qapıya toplanmış qara quzğunlar elə demir axı?!- Seymur başı ilə həyətə işarə edərək istehza ilə dedi.
-Sən onlara fikir vermə. Adətdir. Yığılmalıdırlar.
-Hə?… Mənim həyatım adətlər toplusu olmadımı? Oxu, təhsillən! Niyə? Çünki hamı oxuyur. Adətdi, qonşunun uşağı oxuyur. Diplomlu olmaq lazımdır.  Sonra nə oldu? İş deyilən şey olmadı. Qaçdım. Başımı götürüb getdim Rusiyanın çöllərinə. – hirslə necə qıvrılıdısa ağrıdan inildədi. Sonra birtəhər özünü ələ alıb dişlərini bir-birinə sıxaraq davam etdi- Sonra, bala, urusdan arvad olmaz gəl bizimki ilə evlən deyib evləndirdilər. Arvadımı aparmaq istədim, yox, bala, el nə deyər. Namusun, qeyrətin urusun içində nə  işi var- deyib məni qovdular Urusiyyetin çöllərinə. Sonra vur –həşir zəng etdilər ki, qoyma gəldi. Bəs arvadın qudurub özünə telefon alıb. Bu yaxınlarda aşna da tutsa, kül oldu da sənin başına. El bunu ,el onu deyər. Nə isə bu gözə görünməz el məni boşatdırdı. Yurdumu ağlar qoydu. İndi – o barmaqlarının arasındakı titrəyən siqaretə bir qüllab daha vurub  dedi-Get o elə de ki, bu bədbaxt ölür. İcazə verərmi axırıncı dəfə qızını görsün? Hə get, get – əli ilə kiçik qardaşına işarə verdi.
Seymur yanına gəlib gedənləri müxtəlif xəstəlik tarixçələrinə və həkimlər haqqında yürütdükləri müxtəlif fikirləri həzm etmədən növbəti qonaqların qəbul edirdİ. Bu hərşeyşünas insanlar az qala xərçəngə belə dərman tapacaqlarına  iddialı idilər. Seymur  isə günlərini sayaraq gözünü qapıya dikib 16 il ərzində görmədiyi qızının gələcəyinə ümid edirdi.  Onun zəifləmiş bədənini tərk etməyən yeganı hiss idi ümid. Bu ümidə də son baltanı anası vurdu.
Axşam kiçik oğlunun uzun-uzadı israrından sonra Seymurla danışmağa qərar verdi. Hamı dağılaşandan sonra ağır addımlarla oğlunun otağına girdi. Onun yaşıl rəngə çalan rənginə nəzər salaraq :
-Nə təhərsən- soruşdu. Seymur  anasının səsinə başını qaldıraraq baxdı. Onun gözlərinin içindəki boşluq qadını necə titrətdisə tez gözlərini qaçırdıb-Yemək içməkdən nə arzu edirsən? Nə istəyirsən?  On dəqiqəyə tapdırım. Hay ,bala, təki sən istə- ağlına ilk gələn kəlmələrdən cümlə qurdu.
-Mən istədiyimi bildirdim sənə axı. – Seymur dişlərini bir-birinə sıxaraq  dilləndi.
-Bala camaat nə deyər. Onun anasını kənddən qovduq. İndi gələndə də qorxa-qorxa gəlir. Anasından  nə xeyir gördük.Balasından bizə nə xeyri. Neynirsən?!…
-Mama, o camaata denən ki, ölürəm beş dəqiqə gözünü qapasın bizə baxmasın, ya da özünü yuxululuğa vursun. Axı mən onun heç üzünü görmədim. Onun böyüməyindən, iməkləməyindən  dil açmağından heç xəbərim olmadı. Ürusiyyətin çöllərində pozgun Annalara verdiyimizi özümüzünkünə qıymayanlarıq. Əcəb maskamız var. Indi ölürəm. əzrayılın yanına gedənin masakaya ehtiyacı yoxdur. Indi get get Aysunu çağırın gəlsin.
-Ay bala  lap mən gedib çağırdım guya o gələndi. Onlar nəsillikcə deyirlər ki, Minayəni pis yola siz saldınız. Özlərində günah görmürlər. Lap mən getdim məni qapıdan qovacaqlar.
Seymur anasının el, adət, onlar haqsız , biz haqlı mövzusunda mühazirəsinə göz qapaqları enənə kimi qulaq asdı. Növbəti üç gündə də özünü haqlı çıxartmaq cəhdlərini  seyr etdi. Sonra kəndə onun vəziyyətinin daha da ağırlaşması xəbəri yayıldı. Ziyarətçilərin sayı iki qat oldu. Gələn gedənin çoxluğunu fəxrlə izləyən ana el içindəki hörmətinin bu qədər olduğunu zənn etmirdi. Bir həftə daha gözləyəndən sonra feldşer son iynəni vurub otaqdan çıxdı və “nə istəyir edin az zamanı qalıb” deyərək  çıxıb getdi. Anası camaat arasındakı nüfuzunu  tərəzinin bir gözünə, oğlunun istəyini digər gözünə qoyanda  qərarsız qaldı.
…İki gün sonra  oğlunun son mənzilə uğurlayan ananın gözləri kanalın o tayındakı iki nəfərə sataşdı. Uzun hörüklü qızın çiynini qucaqlamış bir qadın tabuta baxırdı. Aralarındakı kanal  deyildi məsafə. Aralarındakı məsafə adamöldürənlərlə dirildənlər arasındakı qədər idi. Qadın tabut gözdən itənə qədər baxdı və sonra qızın əlindən tutub uzaqlaşdı…

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...