Səhər-səhər ayılan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini məhzun bir kədər
bürüdü. İki ay idi artıq. İki ay idi ki, əvvəldən heç də sabit olmayan ailənin
təməlini indi də “oğurluq” adlı bir qurd gəmirirdi. Yerindən qalxaraq elə alt
köynəyində yan otağa keçdi. Rütubətdən quzulayıb tökülmüş divarın önündə yetim
kimi duran sandığın ağzındaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli
məhzun və sahibsiz.
Özündən asılı
olmadan soyuq sandığın üstünə çökdü. Budur, aylardır topladıqları pullar
gecənin bir aləmində haralarasa sovrulur , Həcər isə adından doğan bir daş
soyuqluğu ilə bunun hələ nə qədər davam edəcəyini gözləyirdi. Amma artıq bıçaq
sümüyə dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov
fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi.
Bəli, onun alnına
xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə də aparmırdı. Onun vur -
tut bircə diləyi var idi. Gəldikləri bu uzaq qərib diyarda balaca bir ev. İndi
bu arzusunu kürəyindən bıçaqlayan birini boğazlamağın artıq vaxtı çatmışdı.
Qətiyyətlə ayağa
qalxdı. Uşaqlara tələm-tələsik səhər yeməyini yedizdirib bağçaya apardı. Qışın
alaca nəfəsi üzünə hovxurduqca Həcərin addımları sürətlənir, içindəki kin,
nifrət bütün bədənini, beynini, fikirlərini yandırırdı. Onun bu ellərdə nə işi
var idi ki....
Soyuq külək
yanaqlarını döyəclədikcə böyüdüyü kəndin qoxusu gəlirdi burnuna. İsti sobanın
qırağında pişik kimi qıvrılmasını, hey böyümək istədiyini xatırladı. Heyhat.
Bütün bunlar ondan nə qədər uzaq idi indi. Addımlarını daha da sürətləndirərək
iş yerinə çatmağa tələsdi. İş yeri adlanacaq yer isə bir binanın yeraltı
zirzəmisi idi. Çox uzun bir zirzəmi idi. Bu zirzəminin o başını görmək hələ
işçilərdən heç kəsə nəsib olmamışdı.
Doğrusu, buna maraq
göstərən də, olmamışdı. Bu zirzəmidə hər kəs özünə düşəcək işi çox gözəl
bilirdi. Səhər doqquzda başlanan iş günorta bir saatlıq fasilə ilə dayanar,
sonra yenə həmin sürətlə axşam saat altıya qədər davam edərdi. Kiçik dialoqlar
istisna olmaqla, söhbət qəti qadağan idi. Əslində, bunu işə bir zərəri olmazdı,
lakin Telli Həcərə demişdi ki, bu zirzəminin sonunda ermənilər öz uşaqlarına
tarixlərini öyrətmək üçün kurs açıblar.
Bax elə bu
zirzəminin sirli bucağından həqiqətən aradabir uşaq səsləri gələrdi. Amma heç
kəs nə bu zirzəminin sonunu görmüşdü, nə də buradakı gizlicə milli tarixini
öyrənən uşaqları. Zirzəminin bu rütubətli küncündə lavaş yayan bu qadınların
tarixlə, millətçiliklə bir dərdi yox idi. Onlar ərlərinin rus qadınlar ilə
oynaşmağından, uşaqlarının məktəb, bağça dərdindən və dünyanın hər tərəfində
dəyişməz bir şiddətlə insanların üzərinə sıyrılan kasıbçılıq qılıncından
şikayətlənirdilər.
Sükutla baş verən
bu dialoqların sözə ehtiyacı yox idi. Onların ortaq sükutda birləşən bir
dərdləri var idi. Müzakirə olunmayan, içlərində basdırılan, qəbir sükutu ilə
yola verilən dərdləri var idi.
Həcər artıq bir il
idi ki, bu işə gəlib gedirdi. Lakin üç il öncə yatsaydı yuxusuna belə girməzdi
Rusiyanın bu qarlı çovğunlu halı. Xəyalına belə gəlməzdi bir gün bura gələcəyi,
burada işləyə biləcəyi. Amma taleyində bu da var imiş. Anası həmişə deyərdi ki:
Qızım bir yerin sənə çörəyi qismətdirsə, sən onu quş dimdiyində də olsa yeyəcəksən.
Nəbi ilə
evləndikdən sonra evliliyi sanki kvartala bölündü. Nəbi altı ay Rusiyada, altı
ay evdə oldu. Yayı Rusiyada, qışı Azərbaycanda. Özünə
kurort etdi bu iki ölkəni. Və bir gün...Bir gün Nəbinin heç vaxt dönməyəcəyi
məlum oldu. İki körpə uşaqla təkbaşına qaldı Həcər. Nəbinin dönməyəcəyini bilən
neçəsi burnunun suyunu axıtdı çəpərlərin dibində, amma Həcər heç kimə huş
vermədi. Yay keçdi. Payızın yağışları başlayanda Həcərin canını da qaramat
basdı.
Gecələr uzandıqca
gənc və təravətli bədənini yorğana bürüməklə isidə bilməyəcəyinin fərqinə
vardı. Başqa kişilərə baxmayacaq qədər namuslu idi. Soyuq gecələrin birində
qərarını verdi. Axırıncı iki inəyi satıb yol aldı tanımaza-bilməzə düz
Rusiyanın çöllərinə.
İlk dəfə çıxdığı
uzaq yolda çöllər ona nəhayətsiz, qatar isə uzun ilanı xatırlatdı. Bu ilanın nə
vaxtsa sürünüb bir yerə vara biləcəyinə ümidin itirdi az qala. Qatar son
dayanacağını tapanda Həcər yeni bir həyatın nəfəsini öz üzərində hiss etdi. Budur
hər kəsin bir qarşılayanı var.
Həcər qatarda tanış olduğu qadınların köməyi ilə əvvəl bazarı,
sonra Nəbini tapa bildi. Əvvəl bu nəhəng şəhərdə iynə olub itəcəyini zənn etsə
də, bacardı. Nəbi əvvəl çığırıb - bağırsa da sonra sakitləşdi. Əl-ələ verib
yaşamağa başladılar. Rus dilinin qolunu-qıçını qıra-qıra danışmağa çalışırdı.
Sonra Nəbinin az qazancı ilə bir şey edə bilməyəcəklərini anladı. Elə
qonşuluqda qalan Telli də kömək etdi bu qərara gəlməyinə. Onu Rusiyada
sığortasız, müvəqqəti yaşayış tərzi ilə kim işə götürəcək? –bunu ondan Nəbi
sual edəndə Tellinin cavabı hazır idi.
Üç gün sonra Həcər Tellinin təsvir etdiyi məkanda işə götürüldü.
İş yerinin sahibi erməni idi. Bu, əvvəlcə Həcəri hürkütdü, lakin Telli onu
sakitləşdirdi.
- Erməni bizi niyə işə götürsün ki? - Həcər şübhəli-şübhəli
soruşanda Telli dodağını büzərək:
- Çoxbilmiş çıxmısan guya sən?! Aaaz, hərə öz ayıbına göz yumur.
Sən sığortasız immiqrant, o isə lavaşı erməninki kimi sırıyacaq qədər bic. Bu
qədər. Get gör içəridə bir dənə də olsa erməni arvadı yuxa yayır? Yox. Görə
bilməzsən, çünki əllərindən gəlmir. Tak şto, səs eləmə. İşini gör, pulunu al! -
cavab verdi.
Tellinin bu qədər aydın izahatı Həcəri o qədər qane etdi ki,
daha bir kəlmə belə soruşmadan işinə başladı.
- Hər şey yolunda idi, əgər bu oğurluq olmasaydı - Həcər yenə
odlanaraq ürəyindən keçirdi. Yerinə keçə-keçə önlüyünü bağladı. Telli onun
üzünə baxaraq:
- Yenəmi? - deyə soruşdu.
Həcər üzündəki acı ifadə ilə başını tərpətdi və - bu dəfə lap
çox aparıb.- dişlərini qıcayaraq söylədi.
- Bəlkə qumara dadanıb? - Telli nagüman şəkildə söylədi.
- Nədisə bilinəcək. Belə şey qırx gün gedir, onsuzda. Bu gün
işdən icazə alıb gedəcəm.- Həcər qətiyyətlə əlindəki xəmiri kündəliyə-kündələyə
söylədi.
- Hara?
- Gedəcəm - Həcər Telliyə cavab vermədən gözləri yol çəkə-çəkə
sanki öz qərarına özünü inandırırmış – Gedəcəm- deyə yenə təkrarladı.
İşdən icazə alanda Tiqranın üzündəki ilan soyuqluğu Həcərin
canına həmişəki üşütməni saldı.
- Bir saat. Bir
saatın var. Geciksən içəri qoymacam. Bilirsən ki, buranın qapısı açılmaz-
siqaretini külqabıda əzərək əli ilə get işarəsi verərək dilləndi. Sonra nə
düşündüsə - Hacar qeri qel- qırıq - sökük türkcə dilləndi və cibindən beş yüz
rubl çıxararaq –Al! Lazımın ular –deyərək pulu Həcərə uzatdı.
- Lazım deyil.
Varımdı.- Həcər etiraz edəndə o:
- Biz yerliyik al -
Qarabağdan olduğuna həmişəki kimi işarə vurub rus dilində sözünə davam
etdi. – bir saatın artıq əlli dəqiqəsi qaldı. Tez elə!
Həcər
avtobus dayanacağından az qala qaçaraq özünü bazara yetirdi. Nəbini uzaqdan
sezərək özünü paltar alverçilərinin arasına verdi. Özünü paltarlara baxırmış
kimi göstərərək papağını alnına doğru çəkdi. Paltosunun boynunu da qaldıraraq
üzünü tam görünməz etdi. Yavaş-yavaş Nəbinin piştaxtasına yaxınlaşdı. Heç nəyi planlamamışdı.
Beynində yalnız qısa əmr siqnalları var idi: get, dayan, dön. Vəssalam. Nəbi
isə kefi damağı çağ əlindəki pivə bankasından içir, aradabir qəhqəhə çəkib
gülürdü. Onun tez-tez qolundakı saatına baxmasından Həcər vaxtında gəldiyinə
azacıq ümidlənirdi. “Bəlkə bəxti kəsəcək ,doğurdan Nəbini iş başında yaxalaya
biləcək” - deyə sürətlə fikrindən keçirdi.
Bir
azdan Nəbi yanındakılara nə isə deyərək sürətlə oradan ayrıldı. Həcər onun bu
qəfil hərəkətindən təşvişə düşərək onun arxasınca yüyürdü. Budur Nəbi
qarşısında gedir. “Axı niyə bu günə qaldılar?! Bəyəm qarşısına çıxıb sən niyə
bu pulları götürürsən - deyə soruşa bilməzdim.” – Həcər dodaqlarını
çeynəyə-çeynəyə yalnız bunları düşünürdü.
Nəbi
addımlarını yavaşıdıb qızıl dükanına girdi. Həcər vitrin şüşəsinin bu
tərəfindən onun böyük bir üzük seçdiyini müşahidə etdi. Onun dükandan çıxdığını
görüb özünü tez yaxınlıqdakı yük maşınlarının arxasına verdi. Nəbi ətrafına
fikir vermədən üzündəki xoşbəxt bir ifadə elə qızıl dükanın yanındakı gül dükanına
girdi. Orada böyük bir gül dəstəsi bağladaraq sürətlə oranı tərk etdi.
Həcər
artıq məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə səbrini basaraq ərinin
arxasınca yollandı. Nəbi istiqamətini bazara tərəf çevirəndə Həcər bir az
çaşdı. Elə bazara çatmamış Nəbinin qəfil ayaq saxladığını görüb özünü
qələbiliyin içinə atdı. Elə o an hündürboylu bir qadının əriylə görüşdüyünü
gördü. Həcər yavaş-yavaş özündən asılı olmadan onlara yaxınlaşmağa başladı.
Budur: əri üzüyü balıqqulağına bənzər parıltılı qabından çıxardaraq onun
barmağına taxdı.
Gül
dəstəsini bağrına basan qadının gözəlliyi bir tablo kimi Həcəri ovsunlamışdı.
Nəbi isə elə bir addımlığında dayanan arvadının bədbəxtliyinin görməyəcək qədər
kor, onun iniltisini eşitməyəcək qədər kar idi. O an qarşısındakının əllərindən
yapışaraq özünü cənnətdə hiss edirdi. Həcər qəti addımlarla Nəbiyə yaxınlaşaraq
qolundan yapışdı.
-Xeyir olsun, ay Nəbi, bu nə deməkdi? -
Həcərin səsi Nəbiyə çox gec çatdı. Əvvəl inanmağı gəlmədi. İlk öncə qolunu
kəlbətin kimi sıxan barmaqlara, sonra isə o barmaqların sahibinə baxdı. Rəngi
sapsarı saraldı.
-Sənin burada nə işin var? – boğazında
boğulan ötkəmliklə dilləndi.
Həcər
heç nə demədən oradan uzaqlaşdı. İnsanlar ətrafında duman kimi idi. Nəfəsi
kəsilə-kəsilə yalnız - ona heç vaxt gül alınmadığını, onun görüşünə kiminsə
xoşbəxt və həyəcanlı halda tələsmədiyini, saçlarının heç vaxt gözəllik
salonunda qulluq görmədiyini, heç vaxt o qadın kimi bahalı ətirlər vurmadığını
düşündü.
Bir
anlıq ayaq saxlayaraq əllərini paltosunun cibindən çıxararaq tamaşa etdi. İçi
döyənək olmuş əllərinin dərisi soyuqdan partlayaraq şoran torpağa bənzəyirdi. Bu gün bu
əllərin zülmünün məhsulu bir üzük və bir dəstə gül etmişd. Vəssalam. Elə bu an
qulağının lap dibində tanış bir səs çınladı:
- Ay Həcər bacı, niyə burada dayanmısan?
Həcər başını döndərərək Eldarı gördü. Eldar nəfəsini
dərmədən davam etdi.
- Elə yaxşı oldu sənə rast gəldim. Bizim diaspora
Fevralın 26-na görə pul yığırlar. Bəlkə siz də bir....- sözlərinin ardını
gətirmədən susdu.
- Həcər onun firavanlıq tökülən üzünə, köklükdən
qatlanmayan barmaqlarına və ən sonda əlindəki plastik torbaya baxdı. Gözlərini
“Armyanski lavaşı” yazılan torbadan ayırmadan bayaq Tiqranın verdiyi puldan iki
yüz rubl çıxardaraq ona uzatdı.
Hiç yorum yok:
Yorum Gönder