5.12.2014

BALQABAQ

Nəsibə yenə yuxuda balaqabaq görürdü. Şirin sarı balqabaqlar ətrafında dövrə vurur, sonra yox olurdular. Yuxudan sərsəm oyanan Nəsibə bütün hirsi havası ilə elə gecə köynəyində qardaşının qapısına yollandı. Səhərin alatoranında inəklərin otuna suyuna baxmaq üçün çıxan Həmid çəpərin o tayında qəfil peyda olan bu ağ paltarlı varlığa baxaraq içini çəkdi. Sonra onun bacısı olduğunu anlayan kimi sakitləşdi. Anladı ki, yenə həmin məsələyə görə gəlib. Sarı inəyin belini tumarlayaraq özünü görməməzliyə vurdu. Lakin bacısı artıq onu görmüşdü.Saçlarını topalaya-topalaya birbaşa onun yanına gələn Nəsibə salam-sabahsız:
- Danışdın sən Yaşarla, ay Həmiiiiid?- deyə soruşdu.
- Hə, səndən sonra zəng etdim, amma tərs oğlu tərs Nuh deyir, peyğəmbər demir- Həmid gözlərini sarı inəkdən ayırmadan cavab verdi. .
- Hamısı sənin günahındır. O xarabaya məni sən apardın. Sən olmasaydın indi mən belə olası deyildim. - Nəsibə hirslə yerə tüpürərək qardaşına baxdı.
- Kaseti dəyiş də, nə qədər eyni havanı çalassan. Bildik demisən: qələt eləmişəm.- Həmid sarı inəyin üstündən əlini çəkib evə tərəf yollandı.
- Kaseti dəyiş, yaxşı dəyişdim. Bəs balqabaqlar? Orada mənim bir maşın balqabağım qaldı.
- Bax sən niyə Yaşarı tutdururdun? Niyə o bədbəxt balasından 500 manat aldırırdın? Niyə?- Həmid qəfil ayaq saxlayaraq Nəsibənin üzünə hiddətlə baxdı.
- O mənə su vermirdi. Əjdaha kimi suyun qabağını kəsmişdi.Vurmayaydı məni. Həmiiiiid, dədəmizin goru haqqı, o balaqabaqları Yaşardan almasam, mənə də erkək Nəsibə deməsinlər.
 Həmid bacısının ağ gecəköynəyində uzaqlaşmasına baxaraq dilini bayıra çıxarıb o ki var dişlədi və özü-özünə “ Sən şoğərib olmasaydın, mən köpəkoğlu bu gün bu cəncələ düşən deyildim”- deyə özü-özünə pıçıldadı. Səhər-səhər qanını qaraldan bacısının bir zamanlar onu yola gətirmək üçün necə şirin dillər tökməsini xatırladı. Iki il öncə idi. Qaynı Moskvadan yenicə gəlmişdi. Həmid də ona baş çəkmək, həm də bir iki manat qoparmaq ümidi ilə ora yollandı. Evinin son dəbli təmirini yenicə bitirmiş qaynı Həmidlə xoş-beşdən sonra evi yiyəsiz qoyub gedə bilməyəcəyindən şikayətləndi. Həmiddən, uşaqları yığışdırıb aşagıdakı birmərtəbəli evə köçməsini istədi. Lakin Həmid inəyini, toyuğunu, bostanını bəhanə edib boyun qaçırdı. Lakin qaynıgildən çıxanda cibinə basılan pulun qədərinə baxmadan sulandı və qaynına, evə kimisə tapacağına söz verdi. Lakin evdən yüz metr aralanandan sonra cibindəki rus minliyinə baxıb peşman oldu. Heç olmasa yüz dollar umduğu qaynından bu simicliyi görəndə yanıb töküldü və verdiyi sözə görə də peşman oldu. Bu məsələni evdə danışanda bacısı Nəsibə də eşitdi. Söhbətə əvvəl heç bir reaksiya verməyən Nəsibə nədənsə bir saat sonra Həmidə dil tökərək ora getmək istədiyini bildirdi. Əvvəl razılaşmayan Həmid səhəri gün qaynına zəng edib məsələni dedi. Hər şey tez yoluna qoyuldu. Əri atıb Rusiyaya gedəndən qardaşıgildə yaşayaraq, bazarda xırda alverlə məşgul olan Nəsibə evdəkilərlə də yola getmir, qonşular demiş: ərinin kürrüyünü edirdi. Indi bu məsələni həm Nəsibə, həm də Həmidin arvadı göydən düşmə fürsət kimi dəyərləndirdilər.Lakin evdəki həmişəki sakitçiliyin bərpa olunması Həmidi tamahlandırmasaydı, O, bir az düşünərdi. Nəsibə cəmi bir zənbil edən şeyini-şüyünü yüklənib qonşu kənddə köçəndə əgər Həmidin gözlərinin qabagına iki il sonrakı məsələ gəlsəydi, yəqin çətin ki, buna razı olardı. Hətta qaynından yüz dollar alsaydı belə.
Hər şey əvvəllər yolunda getdi. Ta ki qaynının arvadı Moskvadan dönüb Nəsibə ilə kəllə-kəlləyə qoyana qədər. Əvvəllər xırda iş üstündə dalaşan qadınların səs-küyünə fikir verməyən Həmidi bir gecə saat ikidə gələn zəng dəli etdi. Bu zəng Həmidi gecə yatagından qaldırıb sərsəm halda qonşu kənddə sürüklədi.Qaynının arvadı səsini başına atıb Nəsibənin qızının görüşdüyü oğlanlardan, həyətdə vaxtsız banlayan xoruzdan, gecə sabaha kimi fasiləsiz hürən itdən şikayətləndi. Həmid artıq vaxtın çatdığını anlasa da, birtəhər bu rus qılıqlı qadını sakitləşdirib evə döndü. Bacısını bazarda həmişəki piştaxtanın dalında tapıb təpinsə də, onun sifətindən bunu bir işə yaramacağını anladı. Əlini yelləyib “ Özün bilərsən” deyib getsə də, iki gün sonra bacısının səsi bu dəfə Polis idarəsindən gəldi. Başıalovlu bu dəfə Polis idarəsinə yollandı. Məlum oldu ki, Nəsibə qonşuluqda yaşayan Həmidin ogey qaynı ilə tutaşıb polisə düşüb. Polis idarəsindən düz evəcən dil-boğaza qoymayan Nəsibənin ümumi sohbətindən Həmid davanın su üstündə düşdüyünü anladı. Maşın kənd yolunun ayrıcına çatanda qabaqlarında qəfil it yemiş halda maşın saxlayan Yaşar 500 manat cərimələndiyini və haqqı onlarda qoymayacağına and içdi, sonra da  köhnə maşınına boğuq qaz verərək uzaqlaşdı. Həmid mat- məhəttəl qalaraq özünə gəlməmiş üç gün sonra yeni davanın içində özünü tapdı. Nəsibənin toxumunu qoyub ona bacı edən dədəsinə söyməkdən özünü zorla saxlayıb yenə qaynıgilə yollandı. Bu dəfə davanın səbəbi belə bilinmədən Nəsibənin itli-pişikli çölə atan qaynının arvadı “Rədd olun!” komandasını elə verdi ki, Həmid günahkar axtarmaqdan vaz keçib Nəsibəni yığışdırıb gətirdi. Amma dərd bununla bitmədi.Gəldiyindən bir həftə sonra bu balqabaq söhbəti Həmidin baş beynini apardı. Oradakı həyətə balqabaq əkdiyini iddia edən bacısı iki ayağını bir başmağa dirəyib balqabaqlarını geri istəyirdi. Lakin o evə geri donmək qeyri-mümkün idi. Çünki Rusiyaya geri dönən qaynı arvadı açarı Yaşara verib getmişdi. 500 manatın ağrısı kürəyinin arasından çəkilməyən Yaşar nəinki onlarla danışmaq, hətta üzlərini belə görmək belə istəmirdi. Indi bacısı ilə qorxusu arasında qalan Həmid seçim etməli oldugunu bilirdi. Bu seçimdə yenə namus damarı qabarır və balqabaqların dalınca gedəcəyini bilirdi. Lakin bunu necə edəcəyini hələ özü üçün aydınlaşdırmamışdı.     Payızın soyuğu canlarına işləsə də sürətlə yağış başlamamış narları toplayıb evə daşıyırdılar. Bu zaman qapıdan boylanan qonşu Alməmməd Həmidə nara müştəri tapdığını və onun bir saat sonra gələcəyini bildirdi. Həmid pulsuzladığı bir zamanda bu xəbəri sevincək arvada söyləyib üstündən bir pürrəngi çay içirdi ki, Alməmməduun səsini yenidən eşitdi. Həmid eyvana çıxanda Alməmmədin bir kişi ilə gəldiyini görüb arxasınca gələn arvad uşağa təpindi ki, evdən çıxmasınlar . Özü isə yavaşca düşüb taxta balaqapıya doğru getdi. Yağış artıq azalıb çiskinləyirdi. Gələn müştəri Həmidi görən kimi xoş-beş etdi. Həmid onun qonşu kənddən Bəhruz olduğunu biləndə daha da sevindi. Tez evə tərəf səslənib çay qoymalarını tapşırdı. Bir az sonra çay süfrəsi arxasında oturan üç kişi siyasətdən, Rusiyada baş girləməkdən və qışda acından ölməməkdən danışıb söhbəti uzatdılar. Elə bu zaman bazardan dönən Nəsibə Bəhruzu eyvanda görəndə elə şivən saldı ki, elə bil arvad balqabaqlarını görmüşdü. Qadın səsinə xas olmayan nərilti ilə danışan Nəsibə keçmiş qonşusu olmuş Bəhruza balqabaqlarından elə yana-yaxıla danışdı ki, Bəhruz onlara kömək edəcəyinə söz verərək çıxıb getdi. Iki gün sonra Bəhruz Həmidə zəng edərək Yaşarın rayon mərkəzinə getdiyini xəbər verdi. Həmid səhər tezdən qrip olduğunu bəhanə edib yorğanın altından çıxmayan Nəsibəyə bunu xəbər verəndə bayaqdan ah-uf edən adamdan əsər əlamət qalmadı. Dumana belə fikir vermədən köhnə Qaz- 51-ə minib qonşu kənddə yollandılar.Darvazanın üstündən aşıb qapını açanda onlar, Yaşarın arvadının on metr o tərəfdən izlədiyini görmürdülər. 
Yaşar açarı gəlinlərindən təhvil alanda ona qisasının bu qədər yaxın olduğnu şeytan pıçıldamışdı. O şəstlə həyətin bütün meyvələrini toplayır və və balqabaqları hər dəfə görəndə özünü saxlaya bilməyərək gülümsəyirdi. Artıq payızın israrı ilə saralmağa başlamış kolların arasında qoyun kimi yatan balaqabaqlar ona Nəsibənin üzünün ifadəsini və onlardan necə 500 manatın acısını çıxacağını xatırladırdı. Bu zaman Yaşarın üzündə şeytani bir ifadə yaranırdı. Bir neçə gün idi ki, rayon mərkəzinə gedib gəlirdi. Polis idarəsində sənədlərinin yoluna qoyulması üçün çalışırdı. Iki il idi ki, Rusiyada rus arvadını atıb gəlmişdi. Lakin vətəndaşlığından belə çıxdığı ana vətəni onu qəbul etsə də sənəd-sübutun düzgün olmaması ona problemlər yaradırdı.Rusiyadan dönəndən sonra qonşu kənddən imkansız bir ailədən tapıb evləndiyi dul gəlin də yanındakı gətirdiyi övlad bəs deyilmiş kimi, il ötməmiş bir qız da dünyaya gətirdi. Indi ailəlikcə sənədsiz yaşadıqları dünyada nə uşağın doğum şəhadətnaməsi, nə də bir zaqs kağızı var idi. Yaşar azərbaycanlı olduğunu sübut etmək üçün yenə rayon mərkəzinə yollanarkən balqabaqları unutmadı. O qardaşı evinin açarını arvadına verib ona orada gedib oturmasını tapşırdı. Yaşarın artıq beynində ala-babat bir plan var idi. 
Yaşarın arvadı onların darvazanın üstündən aşıb girdiklərini gördükdə palıd ağacının arxasına sinərək ərinə zəng vurdu. Yaşar bu zaman “ağrın alım, başına dönümün” birini bir qəpikdən polis rəisinin sifətinə sovururdu. Telefon zəngini eşidən kimi artıq gözlədiyinin baş verməsi ürəyinə damdı.
Nəsibə balqabaqları görən kimi kolluğa cumdu. Onun sevinci o qədər atəşli idi ki, özünü saxlaya bilməyib elə qardaşının yanında Yaşarın ünvanına bir bazar alverçisi sayağı söyüş ünvanladı. Yaşarın arvadı elə o an bu söyüşü düz CİA agenti kimi Yaşara çatdırdı. Yaşar arvadının zəngini sonlandırıb Həmidin nömrəsini xüsusi bir şəstlə yığdı.
Həmid bacısının sevinməyinə gülümsəyərək ona balqabaqları toplamaga kömək etməyə başladı. Elə ikinci balqabağı koldan qoparırdı ki, cib telefonuna gələn zəngdən diksindi. Telefonun çatlamış ekranından zəng edənin Yaşar olduğunu görəndə dalağı sancdı.Şəhadət barmağını dodağının üzərinə qoyaraq Nəsibəyə susma işarəsi verdi və telefonun rəngini itirmiş düymələrindən birini basaraq “alo” dedi. Yaşarın 
-    Salam ay Həmid haralardasan?- boğuq səsini o tərəfdən eşidən Həmid dəqiq bildi ki, Yaşar onun harada olduğunu bilir.
-    Qaynımın qapısında balqabaqları yığıram- Həmid cəsur bir səslə cavab verəndə Nəsibə qucağındakı balqabağı özündən asılı olmadan yerə saldı.
-    Sən bilirsən bu dəqiqə özgə bir mülkiyyətinə icazəsiz girmisən?-Yaşar quru məmur bir ifadəsi ilə dillənəndə qan Həmidin beyninə vurdu.
-    Ə, əclaf, sən kimsən ki, mənə qanun talkavat edirsən? Ə, sən get ne zakonnu arvadının, uşağının dərdin çək. Ey, nezakonnu Azərbaycan vətəndaşı!
-    Ə, mənim nezakonnu olmagımın bura dəxli yoxdu. Əsas məsələ sən indi hardasan? 
-    Ə, mən qaynımın qapısında işimi görürəm.Əcəb edirəm. Sən kimsən? Sən kimsən?- deyə Həmid çıgıranda Yaşar:
-    Mən bu an polis idarəsində səndən inspektora jalovat edən bir vətəndaşam -dedi və bu zaman olan oldu.Həmid Yaşardan başlayıb polis idarəsinə, oradan onu Rusiyadan qovan rus arvadına qədər hamını söyüb buladı. Həmid bunu Yaşarın onu qorxuzmaq üçün istifadə etdiyi bir kələk hesab etsə də səsinin yazıldığını və bütün orjinal söyüşlərinə şəxsən polis idarəsinin baş müfətişi tərəfindən qulaq asıldığını bilmirdi.
Həmid Nəsibə ilə balqabaqları toplayıb evlərnə yollandı. Cəmi on beş dənə balqabaq Həmidə 500 manata oturdu. İki gün sonra qapısını döyən polislər onu və Nəsibəni polis idarəsinə aparmaqdan yalnız bir şərtlə vaz keçdilər ki, Yaşar şikayətini geri götürsün və polislərə də körpüdə yaxşı bir qonaqlıq verilsin. Həmid bu məsələyə necə havalandısa həyətdəki balqabaq topasına bir təpik ilişdirdi və iki ayaq barmağı çatladı. Bir həftə sonra Yaşar bu əhvalatı çayxanada danışıb millətin ağzına salanda Həmid polislərə verdiyi kabab qonaqlığı və Yaşarın qapısına getməsini xatırlayır siqareti siqaretə calayırdı. Onu polislərə verdiyi qonaqlıqdan daha çox Yaşarin cibinə basdığı 200 manat yandırırdı. Bu zaman qarşısına balqabaqlı aş qoyan arvadının üzündə ironik bir ifadə seçən Həmid boşqabı var qüvvəsi ilə divara tərəf tolazladı. Nəsibə isə onun bu əsəbinə cavab olaraq “ Vaxtında əkməsəydim yeyə bilməyəcəkdiniz. Niyə qudurusunuz ki, Allahın nemətini atmazlar” deyəndə Həmid bilmədi öz ağılsızlığınamı, yoxsa bacısının balqabaqdan fərqlənməyən başınamı yansın.

5.11.2014

QORXU

                                                     


Kəndə zülmət qaranlıq çökmüşdü. Səmadakı bir- iki ulduz istisna olmaqla, sanki dünyanı qaranlıq öz bətnində gizlətmişdi.
Sərkar  bu qaranlıq aləmin yuxu adlı ötəri dünyasında idi. Yenə yuxuda qəbirstanlıq görürdü. Yuxusu qapqara idi. Bu qara yuxunun içində yalnız başdaşları ağarırdı. Tək qalmışdı . Saysız –hesabsız qəbirdaşlarının arasında tamamilə tək idi. Birdən qəfildən qəbirlər aralandı və içindən dişiağara qalmış skeletlər onun üstünə cumdular.” Ay aman “- deyə əti kəsilmiş tək çığıraraq yerindən dik qalxdı. Bir anlığa harada olduğunu anışdıra bilmədi. Əlini sürətlə üzünə, saçlarına gəzdirərək hələ canlı olduğunu özünü inandırmaq istədi. Sonra həmişəki soba qoxusundan öz evində olduğunu xatırladı. Kəsif təzək qoxusunu zövqlə sinəsinə çəkərək, əl havasına balışının altındakı  alışqanı axtarıb tapdı. Alışqanı tapan kimi, vaxt itirmədən  onun zəif işığı ilə neft lampasının elə çarpayının ayaq tərəfində olduğunu gördü.” Hamısını bu viranın qızı edir. Yuz dəfə demişəm , yuz dəfə demişəm ki, bu lampanı yanılı qoy, yat! Nə xeyri. Vurulmuş elə bil palıd kötüyüdür. Bu boyda səs eliyirəm burada, gör heç vecinədir?!...Qış yuxusuna getmiş ayı kimi fısafıs, yatayat........”-bu fikirlərlə lampanı alışdırıb çarpayının yanındakı stula qoydu.
Yan otaqdan ufultu səsləri qulağına çatanda , atasının xəstə olduğunu acı-acı xatırladı.
On il idi ki, atası xəstə idi. On il idi  demək olar ki, hər gecə Sərkar atası ilə ölüb,dirilirdi. Atasının ölüm kabusu,  atası ölməmiş Sərkarın üzərinə çökmüşdü. Yenə çal saçlarını qarışdıra-qarışdıra atasının ufultusunu “həmişəkindəndir”-deyə özünə təsəlli verdi. Lakin ufultu və zarıltı getdikcə daha da şiddətlənirdi.  Sərkara ən qəribə gələn  isə bu səs –küy artdıqca arvadının yerində narahat şəkildə qıvrılması idi. Qəfildən qonşu otaqdan səs kəsilən kimi, arvadı yerindən dik qalxaraq çarpayıdan yerə sıçradı. Gözucu Sərkara tərəf baxaraq, xalatını geyinməyə başladı. O, Sərkarın üzünə diqqətlə baxdığını sezən kimi sakitcə:
-Atan keçindi.                                  
- Haradan bilirsən?- Sərkar səsindəki titrəyişi gizlətməyə çalışaraq arvadından soruşdu.
- Gördüm.  Onun canının necə alındığını gördüm. Mən gedirəm xalamın yanına .
- Sən xəstəyə baxa-baxa sərsəmləmisən. Anamı narahat etmə!  Yəqin kişinin ağrıları kəsdi ona görə də, səsi gəlmir.-deyərək Sərkar hirslə çarpayıdan qalxaraq onun qarşısını kəsməyə çalışdı.
Arvadı ona fikir verməyərək otaqdan çıxdı. İki dəqiqədən sonra qonşu otaqdan ucalan ağlaşma səsləri ətrafda hamının yuxusunu oğurladı.
Qonum-qonşu tez onlara yığıldı. Kimi kəndin mollasının ardınca yollandı, kimi camaatın oturması üçün otaqda yer açdı , kim isə tanışlarını işə salaraq kəndin işığını yandırtmağa çalışdı.       
Insanlar həyətlərində qaynaşdıqca, Sərkar çarpayının içində  yumağa dönürdü.   Əriyib itməyə çalışırdı ki, onu bəlkə tapmayalar, bəlkə unudalar. Kəndin elektriki veriləndə , Sərkar atasının ölümünə bir daha inandı. Sovet rejimi dağılandan bəri elektrik bu kənddə “ölüm” simvolu idi. Elektrik lampası tavanda bərq vurduqca, ölüm həqiqəti Sərkarı daha da boğazlayırdı. Qapı qəfil açıldı və arvadı içəri girərək gözünü onun üzünə dikdi. Sərkar onun sükutundan hər şeyi anladı.Anladı ki, kəndin bütün ölülərinə etdiyini deyəsən atasına edə bilməyəcək.  Hamı hər şeyi bilirdi. Amma hamının hər şeyi bilməsi bir istisnanı dəyişdirə bilməzdi. Bu dəfə ölən atası idi. Yavaşca sürüşüb çarpayıdan düşdü. Günahkar  uşaqlar tək arvadının qarşısında boynunu bükdü. Həmişə əsib- coşan, əzəməti ilə evdəki arvad- uşağı titrədən Sərkardan bir saat ərzində əsər-əlamət qalmamışdı.  
  -O sənin atandır .
            
- Bu heç nəyi dəyişdirmir. Içimdəki bu ölü qorxusu, başa düş, məndən çox böyükdür. Əlli ildə dəyişməyən bir şeyi indi “Gəl Sərkar, yan otağa keç! Atan ölüb, get mollanın yanında otur “ deməklə düzəlmir. – Sərkar ağzını yana əyərək arvadının təqlidini etmeyə  çalışdı. Lakin bunu da bacarmadığını anlayaraq aciz-aciz susdu.
Arvadı daha heç nə demədi.
  Dan yeri ağarmağa başlayırdı. Günəş  rəngi bozarmış  payız səmasına  milləndikcə Sərkar canına birə daraşmış tək yerində dura bilmir, otaqda var-gəl edirdi. O adamların həyətdə toplaşdığını və əmisi oğlanlarının atasını yuat yerinə götürdüyünü pəncərinin bir küncündən müşahidə edirdi.  Beyni kilidlənmişdi. Hec nə düşünüb analiz edəcək vəziyyətdə deyildi. Atasının həyətin ortasında cənazə namazını qıldılar. Ağlına qəfildən: “Kaş anamgil camaata: Sərkar burada yoxdu -deyəydilər. “ -fikri gəldi sonra isə -“Məni axı, axşam mal örüşdən qayıdanda görənlər olub “-deyə mızıldanaraq  bu fikrdən elə vaz keçdi ki, guya nəsə doğurdan da camaata deyilməli imiş.
Sərkar yaşının əlli ilinin təxminən qırx ilni qorxusu ilə çıpınmışdı. Heç bir dəfniyyatda iştirak etməmiş və həyatı boyunca heç vaxt qəbirstanlıqda olmamışdı. Televizorda qorxu filmlərini izləməz, qaranlıq düşəndə bayırda tək olmazdı. Onun qorxusunun yalnız bir adı var idi: Ölüm.   Bu məvhum canına , qanına hopmuşdu. Bir gün öləcəyini dərk etdiyində on yaşı var idi. Məktəbdən gələndə bir addımlığında olan sinif  yoldaşını “Kamaz” köpək balığı tək ağzına alıb aparmışdı. Xıncım- xıncım etmişdi. Bircə gözləri qalmışdı  əzilməmiş, itməmiş.  Ölümün nəfəsini onda hiss etmişdi. O balaca gözlərə yazılmış ölümü gördü və unuda bilmədi. Onda hiss etmişdi ki, bir gün onu da , bacılarını da, ətrindən heç doymadığı anasını da ölüm oğurlaya bilər. Hər gün sərvaxt yatdı. Sanki onun yatmağı bir gün hər şeyin – ailəsinin və əzizlərinin yoxa çıxması ilə nəticələnəcəkdi. Kənddə lətifə oldu onun qorxusu. Bayramlarda başına ağ mələfə keçirib onu qorxutmağa çalışanlar da tapıldı. Hər şey kimi buna da alışdı kənd camaatı. Daha onu axtarmadılar .
Atasını həyətdən çıxaranda dözmədi , istədi qaçsın tabuta çiyin verənlərdən biri də, bu olsun amma ayaqları sanki döşəməyə mismarlanmış kimi qopmadı. Gözlərindən iri yaş damlaları tökülür , paltarının yaxasını isladırdı.
Dəfndən sonra həyətdən əl-ayaq çəkildi. Arvadı  sakitcə otağa girərək masaya çay qoydu və gəldiyi kimi heç nə demədən çıxıb getdi. Cayın ətri burnuna dəyəndə, mədəsinin bir sıxım tərə kimi içində burulduğunu hiss etdi. Pəncərənin qarşısından çəkilərək masanın üzərindən çayı götürdü və bir qurtum aldı .Çayın istiliyi boğazını yandıranda beynində ildırım kimi bir fikir caxdı:”Atamın ehsanı”.
Fincanı yerə çırparaq otaqdan çıxdı. Ayağına keçən əyri-düz ayaqqabılara fikir vermədən həyətdən götürüldü. Günəş qısa gunun qürubunu edəndə Sərkar titrəyə-titrəyə qəbirstanlıq yoluna üz qoydu. Yol qısaldıqca ürəyi əllərində, ovcunda  və bədənin hər bir nöqtəsində şıddətlə vururdu. “Mən sadəcə olaraq içəri girəcəm, atamın qəbrini tapacam, bir fatihə oxuyub oranı tərk edəcəm. Bu qədər . Bunun  nəyi   qorxuludur ki,....”- deyə özünə təsəlli verərək addımlarını sürətləndirməyə çalışırdı. Qəbirstanlığın paslı , dəmir qapısının cırıltısı beyninə qədər işlədi. Əllərinin pasını üstünə sürtə-sürtə bir addım atdı. Qəbirstanlıq qarşısında bir meydan kimi açıldı. “Nə qədər adam ölmüş”- deyə içini çəkdi. Ona elə gəldi ki,kənddə adam qalmayıb, hamını gətirib bura quyulayıblıar.Vahimələndi. Bütün ölülərin onun üzərinə düşəcək qədər qüdrətli olacaqlarını düşündü.  Geri-geri bir addım,ardınca ikinci addımı atdı. Əsməcə bütün bədənini götürmüşdü. O an anladı ki, qorxusu ondan çox böyük imiş. Onun üstünə gedilməyəcək qədər BÖYÜK imiş Addımlarını geri atdıqca gözlərində qəbir daşları böyüyür və hamısı sanki yerlərindən qopub onu üstünə gəlmək istəyirdilər. Lap əvvəldəki qəbir daşının üzərindəki şəkil ona tanış gəldi. Budur heç bir ay deyildi bu sinif yoladaşının öldüyü..... Onun sifətini görəndə anldı ki, üzünü döndərib qaçmalıdır. Geriyə belə baxmadan.... Ona tabe olmayan daş kimi ağırlaşmış ayaqlarını qaldıraraq tərpəndi. Əvvəl asta-asta, sonra isə bütün qüvvəsi ilə qaçmağa başladı Arxasına belə baxmadan  qaçan Sərkar özünü evlərinə yetirdi və atasının yeddisi çıxana qədər heç kəsin gözünə görünmədi. Sərkarın qəbirstanlığa yolu bir də özü öləndə düşdü.   



5.09.2014

DƏRS

                                         
-Bəzən həyatda  nələrisə dəyişdirmək cəhdi  taleyə qarşı gəlmək kimi alınır. İnsan düşünür ki, əgər həyatındakı insanları və məkanı dəyişsə hər şey 180 dərəcə  dönəcək. Ən qəribəsi  isə bu zaman yalnız xoşbəxtlik və xoş bir gələcək təsəvvür edilir. Amma ağıllı insan əlindəki imkanlarla ilk öncə uducazacağnı düşünər, nəinki udacağını .
- Bəs bu pessimizm gətirməz?
- Həyatın real üzünü görənlər pessimizm və optimizm kimi fırıldaqlara qoşulmaz. Bunlar psixoloqların və zəif təbiətlilərin uydurmasıdır. Indi gəlmisən deyirsən fikrin qətidir. Eləmi?
- Bilmirəm. Qəti olsaydı bura gəlməzdim ki,...
- Hmmm.- o bığlarını tumarlayaraq düşüncələrə qərq oldu. Bir az sonra  gəncin üzünə baxaraq davam etdi- sizin məsələnizi fikirləşəndə  o vaxtı kəndimizdə olan bir əhvalatı xatırlayıram.Bilmirəm niyəsə sən zəng edib məsələni deyəndən,  o hadisə gözlərimin qabağından çəkilmir.
- Necə olmuşdu?- gənc maraqlanaraq stulda yerini rahatladı.
Belə- o boğazını arıtlayaraq sözə başladı- İmkanlı bir ailənin Xatirə adlı qızı var idi. Bu qızın adamayovuşmazlığı  bir az da burnu dik gəzməyi heç kənd camaatının xoşuna gəlmirdi. Düzdü üzdə yaltaqlananların sayı-hesabı yox idi, amma iş icraya gələndə bu “ dostlar” yoxa çıxırdı. Kəndin bir-iki "mənəm" deyən oğlanları onun bu cəhətinə görə bəyənmədilər. Nənəm demişkən qız dükanda satlıq bir parça kimidir. Modnu vaxtında aldılarsa aldılar, almadılarsa yavaş-yavaş rəfin alt gözlərinə sürüşər və sonra da beləcə unudular, toz basar. Beləcə Xatirə də unudulmağın sərhəddinə çatanda  kəndin ən kasıb oğlanı –Mirzə ona elçi göndərdi. O üç gün dayanmadan ağladı, sonra otuz yaşının qorxusu altında elçilərə “hə” Verdi. Qəfildən  iki mərtəbəli evdən  kasıb bir ailənin külfəti içinə düşmək Xatirə üçün tantal əzabına çevrildi. Hər gün nazlana-nazlana səhər saat on birdə qalxdığı yataq artıq yox idi. Indi hər gün səhər erkəndən bağda bostanda işləyən ərinə səhər yeməyi  verməli, subay üç qaynı üçün isə yemək çantası hazırlamlı idi.  Qayınları qonşu kəndlərə gedər və muzdla həyətlərdə işləyərdilər. Onları yola salandan sonra inəkləri sağıb otlağa göndərməli olurdu. Bunlar yetmirmiş kimi evə dönərək günorta yeməyini hazırlamağa məcbur qalan Xatirə tezliklə kontrolu itirdi. Daha əlləri çobanyastığı ətri vermirdi. Gözlərinin altındakı torbalar böyrək soyuqlamasından dahaçox kasıbçılıqdan xəbər verərdi. Ən böyük əziyyət isə  ailəvi görüşlərdə ağappaq əllərini çənələrinə söykəyib ziyalı pozası almağa çalışan Rusiya alverçiləri olan yeznələrinin baxışlarının altında əzilmək idi. Moskvadan gətirdikləri şokaladları kökələrik deyə yeməyən bacılarının gözləri qabağında əri qabarlı əlləri ilə soyub bütöv-bütöv ağzına basanda  Xatirə min dəfə ölüb dirilirdi. Beləcə Xatirə yeddi il dayandı. Bu yeddi il də bir qızı və  bir oğlu oldu. Lakin oğlu doğulandan sonra  onu heç qucağına almadı. Qızı özünə bənzətdiyinə görə bağrına basarkən, oğlunu atasına bənzədiyinə görə hey özündən itələdi.  Qonşu olduğumuza görə onun hər gecə ağladığını duyardım. Onu yad cisim kimi gəldiyi həyat qəbul etsə də, O bunu qəbul etmirdi. Çarpışma davam qarşılıqlı davam edər, hər gecə yuxudan öncə duaların yönəldiyi səmaya onu ahı yüksələrdi.  Bu ahlar getdikləri yerə yeddinci il əliboş getmədilər.  Əri tezliklə xəstəliyə tutulub öldü. Xatirə onun qırxi çıxmamış  evi tərk etdi. O günü heç unutmaram . Xatirə qucağındakı qızla gedir, oğlu isə onun ardınca qaçırdı. O isə onu itələyib yerə yıxdı. Onun yixilmağına heç dönüb baxmadan uzaqlaşdı. Tozun içində uzanıqlı qalan uşaq isə göz yaşlarına boğularaq onun ardınca getməyə özündə cəsarət belə tapmadan  hey ağlayırdı. Sonra nənəsi gəldi, onu qucağına alıb apardı. O bəlkə də oğlunu sevirdi, bunu indi də bilmirəm. Amma kulisdə tamam başqa hadisələr baş verirmiş. Bunu iki ay sonra bildik.- O, qəfil söhbəti kəsərək  içəri otağa tərəf boylanaraq :
-          Ay uşaq, bura çay verin – deyib   söhbətə davam etdi. – hə kulisdə bir başqa məsələ var imiş.
-          Doğurdan nə olmuşdu- deyə gənc  özünü saxlaya bilməyib sanki əhvalatın sonunun tez bilmək məqsədi ilə verdiyi sualdan özü utandı.
-          Tələsmə bir çay içək.- deyərək gəlinin gətirdiyi çayniyi götürüb stəkanlara tökdü. Çaydan bir iki qurtum alandan sonra:
-          Kənddə bir-birini sevən iki gənc var idi: Tərlan və Mehparə. Onlar  sevərək evlənmişdilər. Az qala sevgiləri dastan idi. Amma on il di ki, evlənmişdilər, amma  övladları olmurdu. Tərlan özünə ayrıca ev tikdirmiş, yaxşı təsərüffat qurmuşdu . Lakin bunun hamısını kəndin ağzıgöyçəkləri  başqa cür yozurdu. Onlar Tərlanın anası Solmazı hansı məclisdə görsələr, günahı gəlində axtarmaqla bu yuvaya yavaş-yavaş su calayırdılar. Hərə dimdiyində bir damcı gətirdi, sonra o damcılar sel olub Tərlanının evini basdı. Xatirənin evə dönüşü  və hər gün qonşuluqda Solmazın Tərlana “onu boşa bir doğar qarınlı tapaq “ sözləri onların qulaqlarından yan ötmürdü. Tərlan bir gün anasıgilə gələndə evdə heç kəsi tapmaz. Elə həyəti tərk etmək istəyirdi ki, qonşu həyətdə Xatirəni görər.  Onlar necə görüşüblər, hər şeyi necə anlaşıblar, orasını dəqiq bilmirəm. Kəndin ağzıgöyçək xəbər agentlikləri Solmazla Xatirənin cadugər Afyanın evində gördüklərini də iddia etdilər. Amma nə mənası ki ... Əsas məsələ odur ki, Tərlan bütün verilən fitvalara uyaraq sevdiyi qadını- Mehparəni boşadı . Az keçmədi ki, Xatirə ilə evlənən Tərlan Mehparənin gözü qarşısında çox dayana bilmədi. Və onlar kəndi tərk etdilər. Artıq Xatirənin arzu etdiyi həyat onu tapmışdı. Onun əri də Rusiyada alverçi təbəqəyə qoşulmuş  və ən ümdəsi şokoladı kobud şəkildə soyub dişləmədən bütöv halda ağzına qoymurdu. Xatirə Rusiyada xoşbəxt idi. Onun xoşbəxtliyini  bacıları ilə paylaşdıqları 30 kvadrat metrlik dar evdə pozmurdu. Çünki artıq O kənddə önəmli bir təbəqəyə məxsus biri kimi tanınırdı. Geridə qalan isə təfərrüat idi.  Mən o ailə haqqında sonralar heç nə eşitmədim. Sonra kəndə anama baş çəkməyə gedəndə küçədəki qara yaylıqla qırmızı yaylığın qoşa bağlandığını görəndə səksəndim. Bizimkilərə nəsə olar qorxusu ilə girdiyim küçədə Mirzəgilin darvazasının açıq olduğunu görüb qismən sakitləşdim.Axı, biz insanlar beləyik. Bəla gələndə ilk özümüzü fikirləşirik. Bu bizim fitrətimizdəndi.Nəsə evimizə girəndə qardaşımın balaca qızı məni görüb üstümə yüyürdü. Onu qucağıma alıb üzündən öpdüm  və “ Qonşuda niyə çox adam var”- dey ə uşaq dili ilə soruşdum.” Sahil öldü. Anam dedi ki, xiffətindən öldü.Əmi xiffət nədi?”-deyə sual  verəndə qızı özümdən asılı olmadan qucağımdan düşürdüb eyvanın sütununa söykəndim və bir siqaret yandırdım. Deməli, Xatirənin oğlu ölmüşdü. Az sonra anam, gəlin və onlarən ardınca qardaşım mənim gəldiyimi eşidib evə döndülər. Mən görüşüb   “ Nə vaxt olub” deyə soruşdum. Qardaşım başını təəssüflə yelləyərək :"İki il di ki, xəstə idi. Son günlər hey anasını arzuladı. Xatirəyə bildirdilər, amma  mənim oğlum yoxdu deyərək cavab verdi.”  " Yəqin özünün övladları olub başı qarşıb”-mən qəzəbimi cilovlamaq üçün səbəb uydurdum. “ Yox, əşşi harda. Deyirlər..-" qardaşım cümləsini davam etdirmədən susdu. "Hə nə deyirlər?"- deyə səbirsizliklə soruşdum. Bu zaman stola çay gətirən anam deyəsən söhbətimizi eşitmişdi və cümləni O, tamamladı” Başına daş olsun. Tamahlandılar Allahla qoz-qoz oynadılar. Elə bildilər ağıllıdılar. Xatirə Urisiyyətə gedəndən iki il sonra uşaqlığında rak tapılıb .Qadın  orqanını tamam  götürüblər. Hə, bala, Tərlanın uşaq tamahı ilə  arvad da əlindən çıxıb”
        Bax beləcə . İndi o hadisədən on il ötür.Tərlan dünyadan övladsız köçdü. Xatirə indi kürəkəni ilə Rusiyada yaşayır. Mehparə isə heç vaxt ərə getmədi.- o söhbətinə son verərək yenə özünə çay süzdü.Gənc isə dərin xəyallara dalmışdı.  Az sonra evə getmək üçün ayağa qalxanda :
                -Müəllim bəlkə axşam bizə gələsiniz. Bir çay içək. Sonra da onlara gedək. Hər halda universitetdə ikimizin də müəllimiz olmusunuz. Ondan üzr istəməyə mənə kömək edəsiniz?

        -Gələrəm. Allah övlad verəcəksə İnşallah  olacaq.Bəzən çapalamaq balığın ölümünü tezləşdirər. Çapalamayın düzələcək. Narahat olma axşam  gələrəm.- deyərək O, keçmiş tələbəsini  yola salmaq ayağa qalxdı.

5.06.2014

KEÇMİŞ DÖYÜŞÇÜ

Qışın soyuğu iliklərə işləyirdi.Canlı nə vardısa ya 

donmuşdu ya da hardasa isti bucaqlarda 

gizlənmişdi. 

Keçmiş döyüşçü protez ayağını sürüyə-sürüyə küçələrdə əlinə keçən son kağızları və cındırları toplayırdı ki, onların istisinə bir az qızınsın.

Qəfildən gözləri lüks bir maşının ön şüşəsinnin üstünə düşmüş nəhəng bir parçaya sataşdı.

Yaxınlaşıb əlini toxunduranda bunun bayraq olduğunun fərqinə vardı.

 Elektrik vurmuş insan kimi yerindəcə qurudu. 

Az sonra oradan aralanıb sonuncu kağız parçasını –seçki plakatını da köhnə yamaqlı çantasına atıb uzaqlaşmaq istəyirdi ki, yenə bayraq nəhəngliyi ilə onu cəzb etdi.

Son həftələrdə əlinə bu boyda bir parça keçməmişdi.Onunla əməlli başlı qızına bilərdi. Ruhu ilə bədəni arasında qaldı. 

Sonra bütün şəhərin lal-dinməz yuxuya getdiyin və dünyada heç kəsin onun üçün narahat olmadığını xatırlayaraq əlini bayrağa atdı. 


Səhər Polis idarəsində raportda qısa cümlə qeyd edilmişdi: Azadlıq meydanında bir yurdsuzun meyidi aşkarlanıb.Büründüyü bayraqdan savayı üstündə əlamətdar bir şey tapılmayıb.

5.05.2014

SÖYÜDÜN FINDIQ BUDAĞI



Əlini bacısının qarnına qoydu. Xəzinə tapmış adam kimi sevincinin həddi-hüdudu yox idi.

Üç aylıq idi. Əlinin altındakı bu varlıq üç aylıq idi. Nəhayət, on illik ailə həyatının sonsuzluq damğasını bu yolla silməyə cəhd edirdi.

Bakıdan rayona dönmək istəmirdi. Elə bilirdi ki, bacısını bir anlıq tək qoyub gəlsə, nə isə olacaq. Birtəhər hisslərinə qalib gəlib rayona döndü.

Evə çatmamış elə küçənin başında, darvazanın önündə duran baldızını sezdi. Həmişəki havalı görkəmi ilə, salamını belə almadan elə darvazanın önündəcə birbaşa hücuma keçdi.
  
- Soruşan yoxdu ki, ay Abdulla, eşşəyin harada otdayır. Biz də arvadıq daa, doğan yerimiz xarab olmuyub ha.....  Sən gərək öz nəslindən götürəsən uşağı?!
  
- Emelya, yorulmuşam, o boyda yol gəlmişəm. Qoy bir içəri keçim nəfəs alım.

Baldızı boğazının kapilyarları imkan verənə qədər söyüb, söyməcələnib, ona da qısır damğasını vurub çıxıb getdi.Darvazanı açıb içəri keçdi. Məhzun görkəmlə boş evini süzüb, elə səkinin üstünə çökdü.

Axşam telefonlar susmadı. Ev telefonundan sürətlə mobil telefonlara tullanan hər qohumun ağzından bir hava gəlirdi.

O isə onların boğduğu havanı dəyişmək üçün evlə çölün arasında qalırdı. Baldızı bütün səs-küyə son nöqtəni qoydu.

Səhər dan yeri ağaranda əlləri əsə-əsə telefonun adlar bölməsindən bacısının nömrəsini zorla tapdı. Ona “uşağı istəmirik” sözlərini yarımsaata güclə deyə bildi.

Əlini, televizorun üstündəki şüşə suvenirin üstünə qoyub fikrə getmişdi. Beynində yalniz bir məsələ var idi. Bacısı bu gün aborta gedəcəyini demişdi. Ürəyi qırıq-qırıq olmuşdu.
Heç vaxt hiss etmədiyi analıq duyğusunu elə bil kötüyündən baltalamışdılar. Qapının qəfil açılmağına diksindi. Əri, üzündə insan ölmüş kimi iyrənc bir ifadə ilə içəri girdi. Ayağının birini götürüb birini qoydu. Anladı nəyinsə baş verdiyini, tez başa düşdü. Vecsizliklə:

- Nolub? – deyə soruşdu.

Əri  balıq kimi ağzını açıb yumdu. Səsi çıxmadı. Cümlənin yarısı boğazında, ağzında itdi.

-........................Xəstəəəəəəəəəxanaya gedibbbbb.

- Bacıma nəsə olub?- vecsiz səsi sürətlə təlaşa çevrildi.

- Yox, Emelya bu gün gedib, bu gün, bu gün
     
- Hə, bu gün nolub bu gün...............? -  anladı ki, nəsə doğrudan olub, amma bu nəsənin nə olduğunu anlyanda az qala canı çıxdı.

  Baldızını xəstəxanadan çıxanda gördü. Uzaqdan baxdı. Yaxına getməyə təpəri çatmadı.

Qorxdu ki, bir azca yaxına getsə baldızının saçlarından tutub yerə çırpacaq, yaxasından yapışıb hətta ondan etmədiklərinin də, hesabını soruşacaq.

Evinin körpə səsinə həsrət qalmasını, qarnının quruldamaqdan başqa bir işə yaramadığını, millət bir tikə ət parçasına həsrət qalanda onun niyə beş aylıq körpəni doğratdırmasını..... hamısını soruşacaqdı.

Uzaqdan baxa-baxa bu hesabı da içəri verdi. Onları da qəlbinin sükut adlı qəbiristanlığına gömdü.
      
Yarıümid bacısına zəng etdi. “Bəlkə hələ xəstəxanaya getməyib” ümidi ilə. Anasına yalvarıb göndərdi onlara. Bacısını yarımçıq abort stolundan endirdilər. Qanaxmasını birtəhər kəsib evə göndərdilər.
Hər şey yoluna qoyuldu. Baldızı heç üzr istəməyi də ağlına gətirmədi. “Uşaq mənimdi. Istərəm doğaram, istərəm boğaram. Kimə nə....” Özündən hökm çıxarıb özünə bəraət qazandırdı.

Xəstəxananın dəhlizində gördü onu ilk dəfə. Bacısının balasını öz körpəsi kimi hiss etdi.  Qırmızı ət parçası kimi ağ mələfənin arasında idi. Ağlamağa da gücü yetmirdi. Insanların udduğu havaya tab gətirə bilmirdi. 

Küməsinin içində mələfəni açdılar. Gözlərinin önündə dəhşətli bir mənzərə var idi. Körpənin bir qolu yox idi.

Həkimlər “Uşaq çox zəifdir. Çətin yaşayar. Qanında virus var Bir iynə məsələni həll edər. Yenə özünüz bilərsiniz.- deyərək  onlara evtanaziya təklif etdilər.
        
Axşamın qaranlığında evə çatdı. Bir ayda tamam yetimləşmiş evinə əl gəzdirmədən, onu yanına qoyaraq  yuxuya keçdi.

Gecəyarı ayılanda ilk əl atdığı yerdə əli boşa çıxdı. Durub dəli kimi çarpayıya baxdı. Bəli, indi tamam əmin idi: uşaq yerində yox idi. Necə çığırdısa səsindən divarlar sanki sirkələndi. Elə o an qapı açıldı. Əri qucağında  körpə içəri girdi.

- Biz buradayıq, qorxma. Qorxma...Bu hadisədən sonra qarabasmalar, illuziyaları çoxalmağa başladı. Ona elə gəlirdi ki, evinin hər küncü körpəsini əlindən almaq istəyənlərlə doludu.
      
Bir sabah yenə qarabasma hesab etdi onun qızdırmasını. Bu qızdırma qarabasmadan betər oldu. Heç düşmədi. Hər həkim bir diaqnoz qoydu.Qaranlıq gecələrin heç gündüz olmayacağı fikri ilə neçə gecə yuxusuz qaldı.
  
...Əri gəlib çıxana qədər körpəni əlindən ala bilmədilər. Əri gələn kimi  ona gücü yetdiyi qədər bir sillə ilişdirdi. Onda özünə gəldi. Qucağındakının nəfəssiz olduğunun, cəsəd olduğunun fərqinə vardı.

Onu qəbirdən zorla araladılar.Dağılmış saçları tamam toz-torpaq olmuşdu. Bayaqdan bədənini götürən əsməcə bütün cisminini sılkələməyə başladı.

Onlar qəbiristanlığı tərk edəndə çiskin yağış güclənməyə başladı. Yağışın iri damlaları üzünə düşərək yarıaçıq qalmış dodaqlarının kənarlarından süzülürdü.

Onun qoluna girmiş əri yağışa görə daha da tələsərək maşına doğru addımlarını sürətləndirdi. Külək qarışıq yağışın nəm havası canına hopduqca gözləri irilənir, hədəqəsindən çıxacaq kimi baxırdı.

Əri qoluna girdiyi arvadının balıq kimi  əlindən sürüşdüyünü gördü. Hər şey bir an içində oldu. Gurultulu yağış göydən yerə, O isə qəbirstanlığa cumdu. Ona elə gəlirdi ki, yağışla bərabər bir damla su olub torpağın altına süzüləcək, süzüləcək.

Qəbirstanlığın daş yolu bitdi, palçıq yolu isə əydaha ağzı kimi onun ayaqlarını uddu. Beyni xatirələrin qucağında, ayaqları palçığın içində özü isə suya möhtac balıq kimi ağzını açıb yumdu. Yağış şıddətlənirdi. Baş-ayaq palçıq olmuşdu.Əri onu güclə sürüyüb maşına atdı. Qəbiristanlıq geridə qaldıqca onun gözlərindən süzülən yaşlar içindəki ağrını azaldırdı.

Payızı çətin keçirdi. Hər gecə hövlnak yerindən qalxaraq evin hər künc-bucağını axtardı. Evdən hər şeyi yığışdırıb çıxarsalar da adı bir tay corab onların gününü dəhşətli bir əzaba çevirməyə yetirdi. Ona iynə vurub sakitləşdirir və evi bir daha yenidən təmizləyirdilər. Ərinin imkanı olsaydı evə tətbiq etdiyi təmizliyi onun beyninə də edərdi.

       .....- Sən başqasına ərə getsən uşağın ola bilər. Sən sağlamsan, onun faizi düzələn deyil. Sıfırdı heç bir dəyişiklik yoxdur.- həkim eyni doqquz il öncə olduğu kimi ərinin analiz kağızlarıını ona verdi.

...Bir il sonra ayıq başla getdikləri başqa bir həkim də onlara ümidsiz buraxdı. Əri onun üzünə baxaraq heç nə soruşmadı. Xəstəxananın çıxışında əlində bürmələdiyi kağızı zibil qutusuna atdı.

...Evliliklərinin on ikinci ili o biri illərdən fərqli olmayaraq başladı. Yenə əri evdən işə, işdən evə ayaq döyərək keçirir O, isə ev işlərini bitirdikdən sonra televizorda mənasız teleseriallarla başını qatardı.
Bəzən gecələr yatdığı yerindən qalxıb həyətə çıxıb ətrafı dinşəyirdi. Ona elə gəlirdi ki, kimsə bir gün qapılarına gətiririb bir uşaq buraxacaq. Bəzən tələsik qaçardı. Elə bilirdi artıq körpə oradadı və bir az geciksə it- pişik onu yeyəcək.

Günlərlə qəbirstanlıqda ilişib qaldı.Gözlərinin yaşı quruyana qədər ağlayardı.Özünü hər şeydə günahkar bildikcə daha da, hövllənirdi.

Başı lap dönəndə gedib oradakı mollalarla da dava edərdi. Onlardan körpəsinə Quran oxumağı tələb edərdi.

Tamahgirlər onun dediyini edər, az-çox qayda qanun bilənlər ona etiraz edərdilər.

İntihar edəcək qədər artıq ağlını itirmişdi. Anası molla, seyid yanında, əri isə həkimlərdə qalmışdı.
        
Əri yeganə çıxış yolunu onu işə düzəltməkdə gördü. Baharın ilk mehi əsəndə o, artıq cəmiyyətin içinə sovrulmaqda idi.

O yaz, bağlarında söyüdün qoynundan bir fındıq budağı  göyərdi. Hamı gəlib tamaşasına durdu bu ilahi möcüzənin. Hərə bir tərəfə yozdu-yozmacaladı. Sonra çəkilib getdilər. Hər şey kimi bu da adiləşdi hamı üçün. Fındıq, söyüdün qoynunda özunə yer etdikcə o da könlünü bir zabitə oğurlatdı. Işlədiyi xəstəxanadaca görüşdülər. Heç bir qoruyucu vasitədən  istifadə etmədi. İki ay sonra üstündə sevişdiyi masaya söykənərək hamiləlik testinin qoşa xəttinə gözünü zillədi.

Yer fırlanıb zamanı xərclədikcə o gün-gündən böyüyən qarnını ərinə Allahın möcüzəsi kimi qəbul etdirə bildi.

İslamın anarxistləri


Xəvaric İslamda ilk cərəyan olub. Onlar İslama çox böyük zərbələr vurmuşlar.Bunların zərbəsi təkcə fəsad törətmək yox,günahsız insanları, o cümlədən Əmirəl-mömünini (ə) öldürmək olmayıb. Onların tarixi haradan başlanır? Bunu araşdırmağa dəyər.
Onlar Əmirəl-mömin Əlinin(ə) əshabından olan bir qrup idi.Siffeyn savaşında Hz.Əlinin (ə) qoşununda iştirak etmişdilər.Döyüşün sonunda Hz.Əlinin qoşunu qələbə asatanasında idi.Həmin vaxt Müaviyənin müşaviri hiyləgər Əmr As qurğu qurdu.Əvvəl Hz Əlinin(ə) sülh təklifini qulaqardına vuran Müaviyə məğlub olduğunu fərq edən kimi, Əmr Asın dediyini elətdirdi. Onlar Quranları toplayıb nizələrə sancdılar və yuxarı qaldırdılar. Onlar Hz.Əlinin(ə) səhabələrinə “Bizimlə sizin aranızda Allahın kitabı var”  Bunu  görən bir qrup Hz. Əlinin (ə) səhabəsi savaşdan imtina etdi. Və döyüşdə tələb olunan nizami qaydaları kənara qoydular.Halbuki əsgər layiq bilsə də, bilməsə də öz komandirinə tabe olmalıdır.Qayda-qanun bunu tələb edir.
                Əmirəl-möminin(ə),başda Malik Əştər olmaqla bir qrup səhabəsi buna əhəmiyyət vermədilər. Bunun müharibənin sonuna doğru işdəlmiş bir kələk olduğunu anladılar. Amma aldanmış insanlar onun yanına gəlib dedilər” Ya Əli!Dərhal Malikə göstəriş ver ki, döyüşü dayandırsın.Bu məsələni Quran həll etsin.” Həzrət(ə)buyurdu:”Onlar yalan deyir, bütün bunlar qurğudur.Müaviyə ümumiyyətlə Qurana inanmır. O,  məğlub olduğunu görüb belə hərəkət edir.” Görüşə gələnlər Həzrətin (ə) sözünü qəbul etmədilər. Onlar dedilər “ Xeyr , hər halda ortaya Quran gəlib . Deyirsən biz Qurana qılınc çalaq ?! Deyirsən Quranın hörmətini saxlamayaq?!” Həzrət(ə) buyurdu:” Biz Quranın ehtiramı xatirinə vuruşuruq.Əlbəttə , Qurana hörmət lazımdır. Amma Allahın vəhyi olan həqiqi Quran mənim qəlbimdədir.Üzərinə Quran xətti yazılmış kağıza hörmət lazımdır, amma indi Quranın taleyi həll olunur, daha mühüm məsələ ortaya çıxıb.Burada Quranın həqiqəti ilə kağızı qarşı-qarşıya gəlib.”
Bu məsələnin sonun İslam tarixi ilə maraqlanan yaxşı bilir. Yəni bu qruplaşma döyüşü dayandırmağa nail oldular . Amma bundan da biabırçı olan hadisə isə hakimlərin seçilib qərar vermək məsələsində oldu. Ağılsız hətta Hz.Əliyə(ə) zidd olan Əbu Musanın hakim təyin edilməsi ilə xilafət ovucda ikən əldən çıxdı.
Lakin bu məsələdə xəvaric  səhvlərini anlamaqdansa öz səhvlərinə başqa don geyindirdilər.Demədilər ki,səhv edib döyüşü dayandırmışıq . Demədilər ki,səhv edib Əbu Musanı seçmişik.Dedilər ki, səhvimiz hakimləri qəbul etməkdə olub.”Hakimiyyəti” qəbul etmək küfrdür. İnsanın hakimlik etməsi küfrdür. Çünki “ Allahın hökmündən başqa hökm yoxdur” Elə hey “ Bu iş səhv idi, bu iş küfr idi, Allahdan bağışlanmaq diləyirik” deyirdilər.Hz. Əlinin (ə) yanına gəldilər ki,sən də tövbə etməlisən. Həzrət (ə) buyurdu:” Hakimlərin görüşü məsələsi düz iş deyildi. Bunu siz istədiniz.Amma küfr deyil” . Onlar tövbə məsələsində israr etdikdə Həzrət(ə) qəbul etmədi.Onlar dedilər:” Kəfərə vəllahur-rəcul”, and olsun Allaha, bu kişi kafir olub.Onlar Hz.Əliyə (ə) küfr hökmü çıxardılar.Adları xəvaric( yəni dindən xaric olmuşlar) oldu. Onlar özləri üçün dini üsul və fiqh yaratdılar.
                Xəvaricin fiqhi xüsusi bir fiqhdir.Onların fiqhi olduqca mühafizəkardır.Onlar özlərindən savayı bütün İslam firqələrini kafir elan etdilər.düşünürdülər ki,” kəbirə” (yəni böyük) günaha yol verən şəxs kafir olur. Onları fiqhi məhdud və qaranlıq idi. Cəmiyyət bunla yaşaya bilməzdi.
                Siyasətdə bütün xəlifələrə müxalif oldular. Deyirdilər ki, Osman ömrünün yarısını yaxşı, yarısını pis olub. Həzrət Əlini (ə) belə dəyərləndirirdilər”Əvvəllər yaxşı adam olub , amma “ həkəmiyyəti” qəbul etdikdən sonra kafir oldu. 
                Xəvaric elə düşünürdü ki,yaxşılığa dəvət və pislikdən çəkindirməklə təqiyyəni(əqidəni gizlətməyi)taktika olaraq işlətməyə ehtiyac yoxdur.Bizim əqidəmiz budur ki, insan ağlını işə salmalı , bir işin xeyir və zərərini ölçməlidir. Xəvaric isə başqa cür düşünürdü.Onlar, nəticəsindən asılı olmayaraq , əmr edir, çəkindirirdilər. Biri tək-tənha qaniçən xəlifə Əbdülməlikin görüçünə gəlir, sözlərinin heç bir təsir göstərməcəyi aşkar olduğu , öldürüləcəyini  ehtimal verdiyi halda onu məzəmət edir, nəticədə qətlə yetirilirdi. Məntiqsiz və düşüncəsiz kütlə idi xəvaric.
                İslam tarixində nəzərə çarpan ilkin məntiqsizlik xəvaricdə müşahidə olunur.Əgər düşüncəsizliyin İslama necə zərbə vurduğunu bilmək istəsəniz, görün , Əli ibn Əbu Talibi (ə) nə öldürdü? Bəzən :” Kim öldürdü”,- bəzən də “ Nə öldürdü”- deyirik.Əgər desək Əlini (ə) kim öldürdü, bu sualın cavabı “ Əbdürrəhman ibn Mülcəm” dir. Desək ki, nə öldürdü, deməliyik ki, düşüncəsizlik məntiqsizlik,quru müqəddəslik.Əlini(ə) öldürməyə gələn şəxs gecəni sübhə qədər ibadət edərdi.Doğurdan da ,  çox təsiredici məsələdir. Həzrət Əli (ə) bu insanların nadanlığına rəhm edir, onların beytül-maldan haqqını verirdi, onlara söz azadlığı verirdi. Nəticədə qətl baş tutdu. Sonda xəvaricin cahilliyinə bir sübut olaraq bir məsələni qeyd edim.

                İbn Əbil- Hədid deyir” Əgər cəhalətin nə olduğunu bilmək istəyirsinizsə , baxın görün bu üç şəxs öz planlarını həyata keçirmək üçün hansı gecəni seçdilər. Onlar savabı böyük olsun deyə Ramazanın on doqquzuncu gecəsini təyin etdilər.Dedilər: “ Biz ibadət edirik. Xeyir iş görmək istəyirik. Yaxşı olar ki,bu işi,savabı çox olsun deyə əziz bir gecələrin birində həyata keçirək” 

5.04.2014

Urvatsız

Çilli beçə gözlərini tıqqıltıya açdı. Qaranlıq bir yerdə idi. Dimdiyi ilə toxunanda bunun bir plastik qutu olduğunu anlaya bildi. Ayaqlarını tərpətmək istədi, lakin onların da bağlı olduğunun fərqinə varan kimi qorxduğu şeyin başına gəldiyini düşündü. Həmişə həyətdə gəzən tükləri yoluq qoca xoruz onlara belə şeylərdən danışardı. Deyərdi ki, onlara yemək səpən bu kök arvadın niyyəti pisdi. Onun beləcə dən səpməyinə, su qoymağına aldanmayın. Əlinə düşən ilk fürsətdə sizi bıçağın altına qoyacaq. Bıçağın nə olduğunu yeniyetmələrdən heç kəs bilmirdi. Bunu yenə o qoca tükü yoluqdan soruşanda isə, O sirli halda bulanıq görünən gözlərini qıyaraq: “ Baxın bunu deməyəcəm” pıçıldayır və ən azından belə sirrlərlə geridə qalan son illərini zamanla pozulan qanı qaynar colpa-cocugun içində urvatlı qalmaq istəyirdi. Indi Çilli beçə ayaqları bağlı halda bu plastik qutuda çapalayarkən tükü yoluq, sallaq saqqalın sözlərini xatırlayır və sonunu o əcaib bıçağın altında təsəvvür edirdi. Nəhayət Çilli beçəyə əsrlərcə uzun gələn on beş dəqiqəlik yol bitdi və maşından enən sahibi onu qutu qarışıq birinə verdi. Çilli beçə nə qədər qulaq kəsildisə onların söhbətindən bıçaq sözünü eşidə bilmədi. Qutunu alan: “ Ay nə xəcalət verirsən sən özün paysan da “ boğazdan yuxarı yalanlarını sovurarkən Çilli beçə qorxusundan bütün yeşiyi bulamışdı. Nəhayət qutunun alış- verişindən sonra min dəfə təşəkkür edən yeni sahibi beş dəqiqədən sonra günəşin bol işığını onun üzərinə buraxdı. Gözləri qamaşan Çilli beçə nə baş verdiyini anışdırmamış ayaqlarını açıldığını gördü. Onu əllərində ehmalca tutan yeni sahbi onu bıçaqla deyil, bir cənnətlə müjdələdi. Tamamilə yamyaşıl bağçanın içi min rəngə çalan fərələrlə və toyuqlarla dolu idi. Çilli beçə ilk öncə bütün bunları görərkən büdrədi. Qorxdu ki, bütün bunlar bir an içində sərab olar və o beynində az qala gilyotin təsəvvürü verdiyi bıçaq boğazının dibində peyda olar. Lakin nə o bıçaq göründü, nə də əcaib ölüm qorxusu başının üstünü kəsdirdi. Yeni sahibi onu dalından yüngülcə itələyərək ara qapını bağladı. Sahib gedən kimi fərələr və toyuqlar onu maraqla əhatəyə aldılar. Deyəsən, aralarında ən çox sözü keçən kök toyuq günəşin şüalarının altında bərq vuran tüklərini qabardaraq gənc fərələrə acıqlandı və onlardan dağılmaqlarını tələb etdi. Lakin fərələr Çilli beçənin ürkək baxışlarından və mütanasib quruluşundan gözlərini çəkə bilmirdilər. Amma bir dəqiqə belə keçmədi ki, sanki qurbağa gölünə daş atıldı. Bir anda Çilli beçənin ətrafını saran fanat baxışlı fərələr yoxa çıxdılar. Çilli beçə qarşısında dağ kimi ucalan qaraltıdan neçə hürkdüsə məftil hasara sığındı. Gözlərini tez-tez qırparaq bu qaraltını altdan-yuxarı süzdü. Qarşısındakı mənzərə onun ürəyini və bayaq nazlı fərələrə baxaraq ani halda beynindən keçirdiyi xəyallarını ayağının altına salıb xıncımladı. Bu qaraltı qanadlarını çırparaq düz onun qulağının dibində var səsi ilə banladı. Çilli beçənin bütün çil tükləri biz-biz durdu. Sonra bu qaraltı ayaqlarını yerə sürtərək şəstlə “ AGİLLI OL!” deyərək oradan uzaqlaşdı. Onun polkovnik sayağı yerişlə gedişini ürək ağrısı ilə izləyən Çilli beçə bütün kini ilə sığındığı məftildən aralandı. Lakin artıq tək idi. Ona yaxınlaşmağa azacıq cəsarət edən Polkovnikdən ( bunu öz aləmində Çilli beçə ayama kimi qoşmuşdu) cəza alırdı. Tezliklə Çilli beçənin varlığına alışan gözəl fərələr onu unutdular. Həyətə al- güllü çiçəklər kimi səpələnən bu gözəllər Çilli beçənin gecələr yuxusu , gündüzlər iki addımlıq arzusu oldu. Lakin Polkovnikin diktaturası onu elə sıxışdırmışdısa, Çilli beçə bu məsələni beləcə qıraqdan baxaraq həll edə biləcəyini qeyri-mümkünlüyünü ona pıçıldayırdı. Beləcə Çilli beçə bir iki həftə baş sındıraraq öz aləmində bu diktaturanı yıxmaığı planladı. O, açıq aydın mübarizəyə girməklə Polkovniklə savaşmağı ağlına belə gətirmirdi, çünki polkvnikin dəfələrlə güçlü əzələrinin və möhkəm dimdiyinə ötəri də olsa rast gəlmişdi. Ona görə dən səpilərkən belə kənardan baxmağa üstünlük verərdi. Yeməyini belə yerdə qalan artıq-urtuqla təmin edirdi. Ona görə açıq mübarizə ona sərf edəcək bir plan deyildi. Çilli beçə bu həyətə gəldiyinin bir ayı tamam olarkən Polkovnikin banlaması ilə səhər yeni planı ilə hinin qarşısında günəşi başqa bir enerji ilə salamladı. Ilk öncə toyuqları və fərələri dimdikləyərək Polkovnikə yol açdı. Onun dünənki qürurlu vəziyyətindən yüz səksən dərəcə fərqlənən canfəşanlığı Polkovnikin gözündən yayınmadı. Yem qabındakı buğdaların ən gözəllərini az qala seçib Polkovnikin ağzına dürtməyə çalışan Çilli beçə bütün bunlarla kifayətlənmədi. Kölgəliklərdə Polkovnikə yer açdı, çəpərlərin dibində tapdıgı böçəklərə, qarışqa yuvalarına heç bir fərəni yaxın düşməyə qoymadı. Bunların hamısını O, Polkovniklə yarı böldü. Heç həftə keçmədi ki, Çilli beçə artıq polkovnikin dimdiyindən ürkməyərək səhər yeməyində onunla bərabər oldu. Polkovnik onu qaqqıldayan toyuqların ardınca göndərir və bəzən özü tənbəllik edəndə səhər banlamağı belə ona həvalə edirdi. Çilli beçə yavaş-yavaş mövqeini möhkəmlətdikcə fərələrdən də göz altı etdiklərinə yaxınlaşmaq istəyirdi. Lakin bunun bir tələskənlik olduğunu tez özünə etiraf edərək, məsuliyyətli bir məmur kimi onların yanından burnu yuxarı və zabitəli şəkildə keçirdi. Fərələr belə onun ciddiyətinə necə alışmıdılarsa onunla artıq əskik danışmağa cəsarət etmir və onun yanında nəinki tüklərini qarışdırmır, hətta qanadlarını belə çırpmırdılar. Nəhayət Polkovnik iki aydan sonra onun bu canfəşanlığına qiymət verərək hindəki ən yondəmsiz kök toyuğu ona bağışladı. Çilli beçə isə onun bu hədiyyəsindən boyük ürəklə imtina etdi və bildirdi ki, onun bu xidməti məhəbbətdəndi. Qətiyyən bir şey umacaq fikri yoxdu. Əslində isə bu iki aydan sonra yalnız iy verən kök toyuğa layiq olduğunu özünı qətiyyən sığışdırmır və bunu bir qürur söhbəti olduğunu özü də anlayırdı. “Bəyəm bu iki ay elə nökər kimi işləmişdi ki, günlərlə yerindən qalxmayan , özünü havaya belə verməyən qoxulu toyuğamı layiq olsun?!”-deyə qəlbindən acı-acı keçirdi.Bir səhər … Bir səhər isə dan üzü hər şey dəyişildi.
Yenə məmur yaltaqllığına davam edən Çilli beçə artıq necə vərdiş etmişdisə, göstərişsiz banlayır, toyuqları hinin qarşısında toplayır, onların necə qidalanmasına nəzarət edirdi. Polkovnik isə əmin arxayın görkəmlə günü- gündən tənbələşirdi. Axşamların birində ev sahibəsi sürətlə hinə girdi və əlinə ilk keçən fərəni apardı. Bu zaman həyətin ara qapısını bağlamagı unudan ev sahibəsinin fikri ancaq əlindəki fərəni pay aparacağı qudasının yanında idi. Sabah dan üzü ağaranda Çilli beçəni sanki qəfildən çimdikləyib ayıltdılar. Gecikdiyinin fərqinə vararaq tez qanadlarını çırparaq banladı. Polkovnik və toyuqlar səksənərək tez tərpəndilər. Çilli beçə hər kəsdən önə keçərək hinin aralı qapısını qanadı ilə basaraq araladı. Təhlükəsizlik məqsədi ilə ətrafı sürətlə nəzərdən keçirib, üz tutdu yemək səpilən qaba. Lakin həmişəkindən fərqli olaraq bu dəfə qab boş idi. Çilli beçə mat- məhəttəl bir qaba baxdı bir də onu süzən alagöz rəngli fərələrə. Anladı ki, ya indi, ya heç vaxt. Artıq sonuncu və qəti addımın vaxtı çatıb. O, ayaq üstdə mürgüləyən Polkovniki xüsusi bir nifrətlə süzərək üz tutdu həyətlə toyuqların yerini ayıran məftil hasara. Budur, ev sahibinin yaşadığı o yerə diqqətlə nəzər salsa da, orada gözünə bir inni –cinni dəymədi. Elə o an diqqətini aralı qalmış qapı cəlb etdi. “ Artıq qəhrəmanlıq zamanıdır” – deyərək o özü-özünə pıçıldadı və aralı qapıdan gül-çiçəklərlə zəngin əsas həyətə şütüdü. O, indi gedib yemək gətirəcəkdi və Polkovnikin axırıncı xarizmasınıda yerlə yeksan edəcəkdi. Lakin Çilli beçə bütün bunları beynində planlayarkən iki addımlıqda onu gözləyən quyudan xəbərsiz idi.
Ev sahibi bu səhər yuxudan çox gec ayıldı. Xalatını geyinərkən qəfil yuxusunu xatırladı. Yuxusunda hey bir xoruz banlayırdı. Bunu yuxuda gördüyünü, yoxsa realıqda eşitdiyini ayırd etmədən saçlarını bir araya toplayıb sancaqladı. Ərinə tərəf ötəri nəzər salıb sürətlə otağı tərk etdi. Həyətə çıxanda ilk nəzərini cəlb edən şey toyuqların məftil hasar boyunca düzülməsi oldu. Elə o an onların ac olduğunu xatırladı. Dən qabını buğda ilə doldurub toyuqların yanına üz tutdu. Bugdanı yem qabına tökərkən çilli beçənin orada olmadığını fərq etdi. Ətrafa boylandı, sonra hinə gedib baxdı. Heç bir yerdə tapa bilmədiyi Çilli beçənin yoxa çıxması onu əməlli –başlı narahat etdi. Gümanı gələn hər yeri araşdırdıqdan sonra kor-peşman evə qayıtdı. Qapını açıb içəri keçmək istəyirdi ki, bir zığıltı eşitdi. Bu səs onu bir anlıq yerinə mıxladı. Elə o an ağlına ağzı açıq qalan su quyusu, ardınca isə Çilli beçə gəldi.
Onu iki saat əlləşəndən sonra quyudan çıxara bildilər. Bədənin tam yarısı lilin, palçığın içində olan Çilli beçəni gətirib hinə buraxan ev sahibəsi ona baxaraq ümidsiz halda başını buladı. Ev sahibəsi uzaqlaşan kimi toyuqlar və fərələr boyunboyuna verərək onun tamaşasına durdular. Heç kəs onun məglubiyyətinə qiymət verəcək qədər ürəkli deyildi. Axı məğlubiyyətlər qiymətlənləndirilmir. Nə bahasına başa gəlirsə gəlsin. Hamı onun parlaq tuklərini qıpqırmızı saqqalını bir anda unutdu. Indi onların qarşısında soyuqdan büzüşmüş palçıqdan rəngini itirmiş tüklərə malik bir aciz dayanmışdı. Acızləri və məglubları isə heç kəs sevmir.Elə həmin hər şey köhnə rejimə qayıtdı. Polkovnik yenə şəstlə toyuqları sıraya düzür onların qayğısına qalır və səhərlər banlamağı unutmurdu. Çilli beçə isə günü-gündən zəifləyirdi. Artıq canını bir üşütmə almışdı və günəşin qarşısında saatlarla uzanıb qalmasına baxmayaraq canı qızmırdı. Iki gün sonra onun palçıqdan bədəninə quruyub yapışmış qanadını qaldıran ev sahibəsi ona baxararaq: “ Heç yeməli halın da qalmadı, sənin ay bədbəxt” dedi. Çilli beçə bu yemək sözünü eşidəndə əvvəlki həyətdəki sallaq saqqal qocanı xatırladı. Onun “Sizi bıçaqla kəsib yeyəcəklər” sözlərini bulanıq yaddaşından eşələyib çıxardı. Lakin indi onun üçün bunların heç bir mənası qalmamışdı. Bir-birinə yapış-yapış olmuş o parlaq tükləri quyuya düşəndən sonra rəngini itirmiş, o qırmızı saqqalı indi fərələrin lətifə yeri olmuşdu. Indi yalnız bir şey düşünürdü. Görəsən neynəsin ki, gpzlərdən uzaq, könüllərdən iraq olsun. Elə yerdə ölsün ki, heç olmasa axırıncı urvatı üstündə olsun. Elə belə xəcalət quyusunda boğularkən diqqətini keçən dəfə polkovnikin ona bağışladığı kök toyuq cəlb etdi. Kök toyuq azacıq dənlənib sürətlə hinin arxasına keçdi. Çilli beçə onun hara getdiyini araşdırmaq üçün halsız-halsız ora irəlilədi. Kök toyuğun orada kürt yatdığını anlayan kimi onunla bərabər taxtaların altındakı yuvaya süründü. Həmin gecə Çilli beçə hinə gəlmədi. Əslində onun gəlmədiyini heç kəs fərq etmədi. Çilli beçə başını qanadının altına soxaraq kök toyuğun yanına sığındı. O an xatırladı ki, iki həftə öncə iyrənib itələdiyi bu toyuqdan anasının iyi gəlir. O anasının ki, tam beş aylıq olanacan onu özündən aralamamışdı. Niyə bunu əvvəl xatırlamamışdı, bu xəstə halı ilə ona məhəttəl qaldı.
O gecə polkovnik yuxuda bir qara xoruz gördü. Bu qara xoruz bütün gecə onun kabusuna çevrildi. Çilli beçə isə belə ölümlə getdiyinə çox təssüfləndi. Ən azından bıçağı görə bilmədiyinə görə özünü nakam adlandırdı. Səhər kök toyuq onu dimdikləyib qaldırmağa çalışarkən onun əbədi yuxuya getdiyini gec anladı.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...