5.04.2014

Urvatsız

Çilli beçə gözlərini tıqqıltıya açdı. Qaranlıq bir yerdə idi. Dimdiyi ilə toxunanda bunun bir plastik qutu olduğunu anlaya bildi. Ayaqlarını tərpətmək istədi, lakin onların da bağlı olduğunun fərqinə varan kimi qorxduğu şeyin başına gəldiyini düşündü. Həmişə həyətdə gəzən tükləri yoluq qoca xoruz onlara belə şeylərdən danışardı. Deyərdi ki, onlara yemək səpən bu kök arvadın niyyəti pisdi. Onun beləcə dən səpməyinə, su qoymağına aldanmayın. Əlinə düşən ilk fürsətdə sizi bıçağın altına qoyacaq. Bıçağın nə olduğunu yeniyetmələrdən heç kəs bilmirdi. Bunu yenə o qoca tükü yoluqdan soruşanda isə, O sirli halda bulanıq görünən gözlərini qıyaraq: “ Baxın bunu deməyəcəm” pıçıldayır və ən azından belə sirrlərlə geridə qalan son illərini zamanla pozulan qanı qaynar colpa-cocugun içində urvatlı qalmaq istəyirdi. Indi Çilli beçə ayaqları bağlı halda bu plastik qutuda çapalayarkən tükü yoluq, sallaq saqqalın sözlərini xatırlayır və sonunu o əcaib bıçağın altında təsəvvür edirdi. Nəhayət Çilli beçəyə əsrlərcə uzun gələn on beş dəqiqəlik yol bitdi və maşından enən sahibi onu qutu qarışıq birinə verdi. Çilli beçə nə qədər qulaq kəsildisə onların söhbətindən bıçaq sözünü eşidə bilmədi. Qutunu alan: “ Ay nə xəcalət verirsən sən özün paysan da “ boğazdan yuxarı yalanlarını sovurarkən Çilli beçə qorxusundan bütün yeşiyi bulamışdı. Nəhayət qutunun alış- verişindən sonra min dəfə təşəkkür edən yeni sahibi beş dəqiqədən sonra günəşin bol işığını onun üzərinə buraxdı. Gözləri qamaşan Çilli beçə nə baş verdiyini anışdırmamış ayaqlarını açıldığını gördü. Onu əllərində ehmalca tutan yeni sahbi onu bıçaqla deyil, bir cənnətlə müjdələdi. Tamamilə yamyaşıl bağçanın içi min rəngə çalan fərələrlə və toyuqlarla dolu idi. Çilli beçə ilk öncə bütün bunları görərkən büdrədi. Qorxdu ki, bütün bunlar bir an içində sərab olar və o beynində az qala gilyotin təsəvvürü verdiyi bıçaq boğazının dibində peyda olar. Lakin nə o bıçaq göründü, nə də əcaib ölüm qorxusu başının üstünü kəsdirdi. Yeni sahibi onu dalından yüngülcə itələyərək ara qapını bağladı. Sahib gedən kimi fərələr və toyuqlar onu maraqla əhatəyə aldılar. Deyəsən, aralarında ən çox sözü keçən kök toyuq günəşin şüalarının altında bərq vuran tüklərini qabardaraq gənc fərələrə acıqlandı və onlardan dağılmaqlarını tələb etdi. Lakin fərələr Çilli beçənin ürkək baxışlarından və mütanasib quruluşundan gözlərini çəkə bilmirdilər. Amma bir dəqiqə belə keçmədi ki, sanki qurbağa gölünə daş atıldı. Bir anda Çilli beçənin ətrafını saran fanat baxışlı fərələr yoxa çıxdılar. Çilli beçə qarşısında dağ kimi ucalan qaraltıdan neçə hürkdüsə məftil hasara sığındı. Gözlərini tez-tez qırparaq bu qaraltını altdan-yuxarı süzdü. Qarşısındakı mənzərə onun ürəyini və bayaq nazlı fərələrə baxaraq ani halda beynindən keçirdiyi xəyallarını ayağının altına salıb xıncımladı. Bu qaraltı qanadlarını çırparaq düz onun qulağının dibində var səsi ilə banladı. Çilli beçənin bütün çil tükləri biz-biz durdu. Sonra bu qaraltı ayaqlarını yerə sürtərək şəstlə “ AGİLLI OL!” deyərək oradan uzaqlaşdı. Onun polkovnik sayağı yerişlə gedişini ürək ağrısı ilə izləyən Çilli beçə bütün kini ilə sığındığı məftildən aralandı. Lakin artıq tək idi. Ona yaxınlaşmağa azacıq cəsarət edən Polkovnikdən ( bunu öz aləmində Çilli beçə ayama kimi qoşmuşdu) cəza alırdı. Tezliklə Çilli beçənin varlığına alışan gözəl fərələr onu unutdular. Həyətə al- güllü çiçəklər kimi səpələnən bu gözəllər Çilli beçənin gecələr yuxusu , gündüzlər iki addımlıq arzusu oldu. Lakin Polkovnikin diktaturası onu elə sıxışdırmışdısa, Çilli beçə bu məsələni beləcə qıraqdan baxaraq həll edə biləcəyini qeyri-mümkünlüyünü ona pıçıldayırdı. Beləcə Çilli beçə bir iki həftə baş sındıraraq öz aləmində bu diktaturanı yıxmaığı planladı. O, açıq aydın mübarizəyə girməklə Polkovniklə savaşmağı ağlına belə gətirmirdi, çünki polkvnikin dəfələrlə güçlü əzələrinin və möhkəm dimdiyinə ötəri də olsa rast gəlmişdi. Ona görə dən səpilərkən belə kənardan baxmağa üstünlük verərdi. Yeməyini belə yerdə qalan artıq-urtuqla təmin edirdi. Ona görə açıq mübarizə ona sərf edəcək bir plan deyildi. Çilli beçə bu həyətə gəldiyinin bir ayı tamam olarkən Polkovnikin banlaması ilə səhər yeni planı ilə hinin qarşısında günəşi başqa bir enerji ilə salamladı. Ilk öncə toyuqları və fərələri dimdikləyərək Polkovnikə yol açdı. Onun dünənki qürurlu vəziyyətindən yüz səksən dərəcə fərqlənən canfəşanlığı Polkovnikin gözündən yayınmadı. Yem qabındakı buğdaların ən gözəllərini az qala seçib Polkovnikin ağzına dürtməyə çalışan Çilli beçə bütün bunlarla kifayətlənmədi. Kölgəliklərdə Polkovnikə yer açdı, çəpərlərin dibində tapdıgı böçəklərə, qarışqa yuvalarına heç bir fərəni yaxın düşməyə qoymadı. Bunların hamısını O, Polkovniklə yarı böldü. Heç həftə keçmədi ki, Çilli beçə artıq polkovnikin dimdiyindən ürkməyərək səhər yeməyində onunla bərabər oldu. Polkovnik onu qaqqıldayan toyuqların ardınca göndərir və bəzən özü tənbəllik edəndə səhər banlamağı belə ona həvalə edirdi. Çilli beçə yavaş-yavaş mövqeini möhkəmlətdikcə fərələrdən də göz altı etdiklərinə yaxınlaşmaq istəyirdi. Lakin bunun bir tələskənlik olduğunu tez özünə etiraf edərək, məsuliyyətli bir məmur kimi onların yanından burnu yuxarı və zabitəli şəkildə keçirdi. Fərələr belə onun ciddiyətinə necə alışmıdılarsa onunla artıq əskik danışmağa cəsarət etmir və onun yanında nəinki tüklərini qarışdırmır, hətta qanadlarını belə çırpmırdılar. Nəhayət Polkovnik iki aydan sonra onun bu canfəşanlığına qiymət verərək hindəki ən yondəmsiz kök toyuğu ona bağışladı. Çilli beçə isə onun bu hədiyyəsindən boyük ürəklə imtina etdi və bildirdi ki, onun bu xidməti məhəbbətdəndi. Qətiyyən bir şey umacaq fikri yoxdu. Əslində isə bu iki aydan sonra yalnız iy verən kök toyuğa layiq olduğunu özünı qətiyyən sığışdırmır və bunu bir qürur söhbəti olduğunu özü də anlayırdı. “Bəyəm bu iki ay elə nökər kimi işləmişdi ki, günlərlə yerindən qalxmayan , özünü havaya belə verməyən qoxulu toyuğamı layiq olsun?!”-deyə qəlbindən acı-acı keçirdi.Bir səhər … Bir səhər isə dan üzü hər şey dəyişildi.
Yenə məmur yaltaqllığına davam edən Çilli beçə artıq necə vərdiş etmişdisə, göstərişsiz banlayır, toyuqları hinin qarşısında toplayır, onların necə qidalanmasına nəzarət edirdi. Polkovnik isə əmin arxayın görkəmlə günü- gündən tənbələşirdi. Axşamların birində ev sahibəsi sürətlə hinə girdi və əlinə ilk keçən fərəni apardı. Bu zaman həyətin ara qapısını bağlamagı unudan ev sahibəsinin fikri ancaq əlindəki fərəni pay aparacağı qudasının yanında idi. Sabah dan üzü ağaranda Çilli beçəni sanki qəfildən çimdikləyib ayıltdılar. Gecikdiyinin fərqinə vararaq tez qanadlarını çırparaq banladı. Polkovnik və toyuqlar səksənərək tez tərpəndilər. Çilli beçə hər kəsdən önə keçərək hinin aralı qapısını qanadı ilə basaraq araladı. Təhlükəsizlik məqsədi ilə ətrafı sürətlə nəzərdən keçirib, üz tutdu yemək səpilən qaba. Lakin həmişəkindən fərqli olaraq bu dəfə qab boş idi. Çilli beçə mat- məhəttəl bir qaba baxdı bir də onu süzən alagöz rəngli fərələrə. Anladı ki, ya indi, ya heç vaxt. Artıq sonuncu və qəti addımın vaxtı çatıb. O, ayaq üstdə mürgüləyən Polkovniki xüsusi bir nifrətlə süzərək üz tutdu həyətlə toyuqların yerini ayıran məftil hasara. Budur, ev sahibinin yaşadığı o yerə diqqətlə nəzər salsa da, orada gözünə bir inni –cinni dəymədi. Elə o an diqqətini aralı qalmış qapı cəlb etdi. “ Artıq qəhrəmanlıq zamanıdır” – deyərək o özü-özünə pıçıldadı və aralı qapıdan gül-çiçəklərlə zəngin əsas həyətə şütüdü. O, indi gedib yemək gətirəcəkdi və Polkovnikin axırıncı xarizmasınıda yerlə yeksan edəcəkdi. Lakin Çilli beçə bütün bunları beynində planlayarkən iki addımlıqda onu gözləyən quyudan xəbərsiz idi.
Ev sahibi bu səhər yuxudan çox gec ayıldı. Xalatını geyinərkən qəfil yuxusunu xatırladı. Yuxusunda hey bir xoruz banlayırdı. Bunu yuxuda gördüyünü, yoxsa realıqda eşitdiyini ayırd etmədən saçlarını bir araya toplayıb sancaqladı. Ərinə tərəf ötəri nəzər salıb sürətlə otağı tərk etdi. Həyətə çıxanda ilk nəzərini cəlb edən şey toyuqların məftil hasar boyunca düzülməsi oldu. Elə o an onların ac olduğunu xatırladı. Dən qabını buğda ilə doldurub toyuqların yanına üz tutdu. Bugdanı yem qabına tökərkən çilli beçənin orada olmadığını fərq etdi. Ətrafa boylandı, sonra hinə gedib baxdı. Heç bir yerdə tapa bilmədiyi Çilli beçənin yoxa çıxması onu əməlli –başlı narahat etdi. Gümanı gələn hər yeri araşdırdıqdan sonra kor-peşman evə qayıtdı. Qapını açıb içəri keçmək istəyirdi ki, bir zığıltı eşitdi. Bu səs onu bir anlıq yerinə mıxladı. Elə o an ağlına ağzı açıq qalan su quyusu, ardınca isə Çilli beçə gəldi.
Onu iki saat əlləşəndən sonra quyudan çıxara bildilər. Bədənin tam yarısı lilin, palçığın içində olan Çilli beçəni gətirib hinə buraxan ev sahibəsi ona baxaraq ümidsiz halda başını buladı. Ev sahibəsi uzaqlaşan kimi toyuqlar və fərələr boyunboyuna verərək onun tamaşasına durdular. Heç kəs onun məglubiyyətinə qiymət verəcək qədər ürəkli deyildi. Axı məğlubiyyətlər qiymətlənləndirilmir. Nə bahasına başa gəlirsə gəlsin. Hamı onun parlaq tuklərini qıpqırmızı saqqalını bir anda unutdu. Indi onların qarşısında soyuqdan büzüşmüş palçıqdan rəngini itirmiş tüklərə malik bir aciz dayanmışdı. Acızləri və məglubları isə heç kəs sevmir.Elə həmin hər şey köhnə rejimə qayıtdı. Polkovnik yenə şəstlə toyuqları sıraya düzür onların qayğısına qalır və səhərlər banlamağı unutmurdu. Çilli beçə isə günü-gündən zəifləyirdi. Artıq canını bir üşütmə almışdı və günəşin qarşısında saatlarla uzanıb qalmasına baxmayaraq canı qızmırdı. Iki gün sonra onun palçıqdan bədəninə quruyub yapışmış qanadını qaldıran ev sahibəsi ona baxararaq: “ Heç yeməli halın da qalmadı, sənin ay bədbəxt” dedi. Çilli beçə bu yemək sözünü eşidəndə əvvəlki həyətdəki sallaq saqqal qocanı xatırladı. Onun “Sizi bıçaqla kəsib yeyəcəklər” sözlərini bulanıq yaddaşından eşələyib çıxardı. Lakin indi onun üçün bunların heç bir mənası qalmamışdı. Bir-birinə yapış-yapış olmuş o parlaq tükləri quyuya düşəndən sonra rəngini itirmiş, o qırmızı saqqalı indi fərələrin lətifə yeri olmuşdu. Indi yalnız bir şey düşünürdü. Görəsən neynəsin ki, gpzlərdən uzaq, könüllərdən iraq olsun. Elə yerdə ölsün ki, heç olmasa axırıncı urvatı üstündə olsun. Elə belə xəcalət quyusunda boğularkən diqqətini keçən dəfə polkovnikin ona bağışladığı kök toyuq cəlb etdi. Kök toyuq azacıq dənlənib sürətlə hinin arxasına keçdi. Çilli beçə onun hara getdiyini araşdırmaq üçün halsız-halsız ora irəlilədi. Kök toyuğun orada kürt yatdığını anlayan kimi onunla bərabər taxtaların altındakı yuvaya süründü. Həmin gecə Çilli beçə hinə gəlmədi. Əslində onun gəlmədiyini heç kəs fərq etmədi. Çilli beçə başını qanadının altına soxaraq kök toyuğun yanına sığındı. O an xatırladı ki, iki həftə öncə iyrənib itələdiyi bu toyuqdan anasının iyi gəlir. O anasının ki, tam beş aylıq olanacan onu özündən aralamamışdı. Niyə bunu əvvəl xatırlamamışdı, bu xəstə halı ilə ona məhəttəl qaldı.
O gecə polkovnik yuxuda bir qara xoruz gördü. Bu qara xoruz bütün gecə onun kabusuna çevrildi. Çilli beçə isə belə ölümlə getdiyinə çox təssüfləndi. Ən azından bıçağı görə bilmədiyinə görə özünü nakam adlandırdı. Səhər kök toyuq onu dimdikləyib qaldırmağa çalışarkən onun əbədi yuxuya getdiyini gec anladı.

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...