5.09.2014

DƏRS

                                         
-Bəzən həyatda  nələrisə dəyişdirmək cəhdi  taleyə qarşı gəlmək kimi alınır. İnsan düşünür ki, əgər həyatındakı insanları və məkanı dəyişsə hər şey 180 dərəcə  dönəcək. Ən qəribəsi  isə bu zaman yalnız xoşbəxtlik və xoş bir gələcək təsəvvür edilir. Amma ağıllı insan əlindəki imkanlarla ilk öncə uducazacağnı düşünər, nəinki udacağını .
- Bəs bu pessimizm gətirməz?
- Həyatın real üzünü görənlər pessimizm və optimizm kimi fırıldaqlara qoşulmaz. Bunlar psixoloqların və zəif təbiətlilərin uydurmasıdır. Indi gəlmisən deyirsən fikrin qətidir. Eləmi?
- Bilmirəm. Qəti olsaydı bura gəlməzdim ki,...
- Hmmm.- o bığlarını tumarlayaraq düşüncələrə qərq oldu. Bir az sonra  gəncin üzünə baxaraq davam etdi- sizin məsələnizi fikirləşəndə  o vaxtı kəndimizdə olan bir əhvalatı xatırlayıram.Bilmirəm niyəsə sən zəng edib məsələni deyəndən,  o hadisə gözlərimin qabağından çəkilmir.
- Necə olmuşdu?- gənc maraqlanaraq stulda yerini rahatladı.
Belə- o boğazını arıtlayaraq sözə başladı- İmkanlı bir ailənin Xatirə adlı qızı var idi. Bu qızın adamayovuşmazlığı  bir az da burnu dik gəzməyi heç kənd camaatının xoşuna gəlmirdi. Düzdü üzdə yaltaqlananların sayı-hesabı yox idi, amma iş icraya gələndə bu “ dostlar” yoxa çıxırdı. Kəndin bir-iki "mənəm" deyən oğlanları onun bu cəhətinə görə bəyənmədilər. Nənəm demişkən qız dükanda satlıq bir parça kimidir. Modnu vaxtında aldılarsa aldılar, almadılarsa yavaş-yavaş rəfin alt gözlərinə sürüşər və sonra da beləcə unudular, toz basar. Beləcə Xatirə də unudulmağın sərhəddinə çatanda  kəndin ən kasıb oğlanı –Mirzə ona elçi göndərdi. O üç gün dayanmadan ağladı, sonra otuz yaşının qorxusu altında elçilərə “hə” Verdi. Qəfildən  iki mərtəbəli evdən  kasıb bir ailənin külfəti içinə düşmək Xatirə üçün tantal əzabına çevrildi. Hər gün nazlana-nazlana səhər saat on birdə qalxdığı yataq artıq yox idi. Indi hər gün səhər erkəndən bağda bostanda işləyən ərinə səhər yeməyi  verməli, subay üç qaynı üçün isə yemək çantası hazırlamlı idi.  Qayınları qonşu kəndlərə gedər və muzdla həyətlərdə işləyərdilər. Onları yola salandan sonra inəkləri sağıb otlağa göndərməli olurdu. Bunlar yetmirmiş kimi evə dönərək günorta yeməyini hazırlamağa məcbur qalan Xatirə tezliklə kontrolu itirdi. Daha əlləri çobanyastığı ətri vermirdi. Gözlərinin altındakı torbalar böyrək soyuqlamasından dahaçox kasıbçılıqdan xəbər verərdi. Ən böyük əziyyət isə  ailəvi görüşlərdə ağappaq əllərini çənələrinə söykəyib ziyalı pozası almağa çalışan Rusiya alverçiləri olan yeznələrinin baxışlarının altında əzilmək idi. Moskvadan gətirdikləri şokaladları kökələrik deyə yeməyən bacılarının gözləri qabağında əri qabarlı əlləri ilə soyub bütöv-bütöv ağzına basanda  Xatirə min dəfə ölüb dirilirdi. Beləcə Xatirə yeddi il dayandı. Bu yeddi il də bir qızı və  bir oğlu oldu. Lakin oğlu doğulandan sonra  onu heç qucağına almadı. Qızı özünə bənzətdiyinə görə bağrına basarkən, oğlunu atasına bənzədiyinə görə hey özündən itələdi.  Qonşu olduğumuza görə onun hər gecə ağladığını duyardım. Onu yad cisim kimi gəldiyi həyat qəbul etsə də, O bunu qəbul etmirdi. Çarpışma davam qarşılıqlı davam edər, hər gecə yuxudan öncə duaların yönəldiyi səmaya onu ahı yüksələrdi.  Bu ahlar getdikləri yerə yeddinci il əliboş getmədilər.  Əri tezliklə xəstəliyə tutulub öldü. Xatirə onun qırxi çıxmamış  evi tərk etdi. O günü heç unutmaram . Xatirə qucağındakı qızla gedir, oğlu isə onun ardınca qaçırdı. O isə onu itələyib yerə yıxdı. Onun yixilmağına heç dönüb baxmadan uzaqlaşdı. Tozun içində uzanıqlı qalan uşaq isə göz yaşlarına boğularaq onun ardınca getməyə özündə cəsarət belə tapmadan  hey ağlayırdı. Sonra nənəsi gəldi, onu qucağına alıb apardı. O bəlkə də oğlunu sevirdi, bunu indi də bilmirəm. Amma kulisdə tamam başqa hadisələr baş verirmiş. Bunu iki ay sonra bildik.- O, qəfil söhbəti kəsərək  içəri otağa tərəf boylanaraq :
-          Ay uşaq, bura çay verin – deyib   söhbətə davam etdi. – hə kulisdə bir başqa məsələ var imiş.
-          Doğurdan nə olmuşdu- deyə gənc  özünü saxlaya bilməyib sanki əhvalatın sonunun tez bilmək məqsədi ilə verdiyi sualdan özü utandı.
-          Tələsmə bir çay içək.- deyərək gəlinin gətirdiyi çayniyi götürüb stəkanlara tökdü. Çaydan bir iki qurtum alandan sonra:
-          Kənddə bir-birini sevən iki gənc var idi: Tərlan və Mehparə. Onlar  sevərək evlənmişdilər. Az qala sevgiləri dastan idi. Amma on il di ki, evlənmişdilər, amma  övladları olmurdu. Tərlan özünə ayrıca ev tikdirmiş, yaxşı təsərüffat qurmuşdu . Lakin bunun hamısını kəndin ağzıgöyçəkləri  başqa cür yozurdu. Onlar Tərlanın anası Solmazı hansı məclisdə görsələr, günahı gəlində axtarmaqla bu yuvaya yavaş-yavaş su calayırdılar. Hərə dimdiyində bir damcı gətirdi, sonra o damcılar sel olub Tərlanının evini basdı. Xatirənin evə dönüşü  və hər gün qonşuluqda Solmazın Tərlana “onu boşa bir doğar qarınlı tapaq “ sözləri onların qulaqlarından yan ötmürdü. Tərlan bir gün anasıgilə gələndə evdə heç kəsi tapmaz. Elə həyəti tərk etmək istəyirdi ki, qonşu həyətdə Xatirəni görər.  Onlar necə görüşüblər, hər şeyi necə anlaşıblar, orasını dəqiq bilmirəm. Kəndin ağzıgöyçək xəbər agentlikləri Solmazla Xatirənin cadugər Afyanın evində gördüklərini də iddia etdilər. Amma nə mənası ki ... Əsas məsələ odur ki, Tərlan bütün verilən fitvalara uyaraq sevdiyi qadını- Mehparəni boşadı . Az keçmədi ki, Xatirə ilə evlənən Tərlan Mehparənin gözü qarşısında çox dayana bilmədi. Və onlar kəndi tərk etdilər. Artıq Xatirənin arzu etdiyi həyat onu tapmışdı. Onun əri də Rusiyada alverçi təbəqəyə qoşulmuş  və ən ümdəsi şokoladı kobud şəkildə soyub dişləmədən bütöv halda ağzına qoymurdu. Xatirə Rusiyada xoşbəxt idi. Onun xoşbəxtliyini  bacıları ilə paylaşdıqları 30 kvadrat metrlik dar evdə pozmurdu. Çünki artıq O kənddə önəmli bir təbəqəyə məxsus biri kimi tanınırdı. Geridə qalan isə təfərrüat idi.  Mən o ailə haqqında sonralar heç nə eşitmədim. Sonra kəndə anama baş çəkməyə gedəndə küçədəki qara yaylıqla qırmızı yaylığın qoşa bağlandığını görəndə səksəndim. Bizimkilərə nəsə olar qorxusu ilə girdiyim küçədə Mirzəgilin darvazasının açıq olduğunu görüb qismən sakitləşdim.Axı, biz insanlar beləyik. Bəla gələndə ilk özümüzü fikirləşirik. Bu bizim fitrətimizdəndi.Nəsə evimizə girəndə qardaşımın balaca qızı məni görüb üstümə yüyürdü. Onu qucağıma alıb üzündən öpdüm  və “ Qonşuda niyə çox adam var”- dey ə uşaq dili ilə soruşdum.” Sahil öldü. Anam dedi ki, xiffətindən öldü.Əmi xiffət nədi?”-deyə sual  verəndə qızı özümdən asılı olmadan qucağımdan düşürdüb eyvanın sütununa söykəndim və bir siqaret yandırdım. Deməli, Xatirənin oğlu ölmüşdü. Az sonra anam, gəlin və onlarən ardınca qardaşım mənim gəldiyimi eşidib evə döndülər. Mən görüşüb   “ Nə vaxt olub” deyə soruşdum. Qardaşım başını təəssüflə yelləyərək :"İki il di ki, xəstə idi. Son günlər hey anasını arzuladı. Xatirəyə bildirdilər, amma  mənim oğlum yoxdu deyərək cavab verdi.”  " Yəqin özünün övladları olub başı qarşıb”-mən qəzəbimi cilovlamaq üçün səbəb uydurdum. “ Yox, əşşi harda. Deyirlər..-" qardaşım cümləsini davam etdirmədən susdu. "Hə nə deyirlər?"- deyə səbirsizliklə soruşdum. Bu zaman stola çay gətirən anam deyəsən söhbətimizi eşitmişdi və cümləni O, tamamladı” Başına daş olsun. Tamahlandılar Allahla qoz-qoz oynadılar. Elə bildilər ağıllıdılar. Xatirə Urisiyyətə gedəndən iki il sonra uşaqlığında rak tapılıb .Qadın  orqanını tamam  götürüblər. Hə, bala, Tərlanın uşaq tamahı ilə  arvad da əlindən çıxıb”
        Bax beləcə . İndi o hadisədən on il ötür.Tərlan dünyadan övladsız köçdü. Xatirə indi kürəkəni ilə Rusiyada yaşayır. Mehparə isə heç vaxt ərə getmədi.- o söhbətinə son verərək yenə özünə çay süzdü.Gənc isə dərin xəyallara dalmışdı.  Az sonra evə getmək üçün ayağa qalxanda :
                -Müəllim bəlkə axşam bizə gələsiniz. Bir çay içək. Sonra da onlara gedək. Hər halda universitetdə ikimizin də müəllimiz olmusunuz. Ondan üzr istəməyə mənə kömək edəsiniz?

        -Gələrəm. Allah övlad verəcəksə İnşallah  olacaq.Bəzən çapalamaq balığın ölümünü tezləşdirər. Çapalamayın düzələcək. Narahat olma axşam  gələrəm.- deyərək O, keçmiş tələbəsini  yola salmaq ayağa qalxdı.

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...