6.08.2019

Mətnin zamansızlığı və ya ədəbiyyatın missiyası


Yaponiyalı filosof Suzuki sözlərin bizim daxili çırpıntılarımızı ifadə etməkdə acizliyini vurğulayıb. Suzuki ilə razılaşmaya bilmirəm.  Sözlər bu baxımdan onlara həvalə olunmuşdan daha çoxunu çatdırmaqda məsuliyyət daşıyırlar.  Bunu oxucu necə anlayır,  necə tutur? Bu artıq sözlərə və oxucuya qalmış məsələdir. Biz yazıçılar dediklərimizdən daha çox demədiklərimizdə gizliyik. Bu zaman ədəbi mətnçiliyə yozum gəlir ki, bu bəzən də heç də ədəbiyyat adamları üçün yaxşı nəticələnməyib. Repressiya illərini buna nümunə göstərmək olar. Amma mövzumuz bu olmadığına görə üzərində  çox dayanmayacam.


Sözlər və onlardan hörülmüş cümlələr. Çümlələrin can verdiyi mətnlər. Mətnlərin canlı varlıq kimi vahidləşdiyi ədəbi mətnlər. Bu ədəbi mətnlər haradan qaynaqlanır? İnsan onları yaratmağa niyə ehtiyac duyur? Xüsusilə, yazıçılar niyə iz itirirlər? Zamanı niyə aydın ifadə etmək istəmirlər?
Arada oxucularla görüşəndə özümü tənha bir adada butulkaya məktub qoyub dənizə atmış və xilas olunmağı gözləyən dənizçi kimi hiss edirəm. Məktub ünvana çatıb və adam (oxucu) adaya gəlib. Dənizçiyə (mənə) ilk sualı bu adada nə gəzirəm olmur. Bura necə düşmüşəm və  məktubu nə zaman yazmışam da olmur. Məktubda vaqiə olan hadisənin ardınca gəlib. Bu anda mətn öz zamansızlığında qərq olur. Eyni ilə İtalo Kalvinonun[1] dediyi kimi: “Bir kral xəstələnmişdi. Həkimlər krala bildirirlər ki, onun dərdinə dərman qulyabanı tüküdür. Kral çox adama soraq salır. Heç kim qorxulu qulyabanı ilə qarşılaşmaq istəmir. Nəhayət krala sadiq xidmətçilərdən biri ora getməyə razılıq verir. Ona yolu göstərirlər: “Bir dağın təpəsində yeddi çuxur var. Yeddi çüxurun birində qulyabanı yaşayır” Bu zaman söhbətin hansı kraldan getdiyi, qulyabanın yerinin necə müəyyən olunduğu açıqlanmır”.
Ya da Qreqor Samsanın[2] böcəyə çevrildiyini görən  oxucu normal həyatda onun öncəki gün nə yediyi ilə maraqlanardı. Amma Kafka bunu yazmamışdı.  Bizim üçün hadisə Samsanın çevrilməsindən ibarətdir.
Mətnçiliyin bir başqa yönü uşaq nağıllarıdır. Bu barədə bizə Amerikalı nəzəriyyəçi Rocer Şank qəribə bir təcrübə aparıb. O, 3 yaşlı uşaq bir mətni oxuduqdan sonra ona suallar verir. Mətn təxminən belədir: “Con Marini sevir, amma Mari onunla evlənmək istəmir. Bir gün bir əjdaha Marini qaladan qaçırdır. Con da atına minib əjdahanı öldürür və onu xilas edir. Mari də onunla evlənməyi qəbul edir. Sonra xöşbəxt ömür sürürlər”.
Rocer  uşağa bu əhvalatla bağlı suallar verir:
-Con əjdahanı niyə öldürdü?
-Çünki pis idi.
-Niyə pis idi?
-Conu yaralamışdı
-Onu necə yaralamışdı.
-Bəlkə də onun üzərinə alov püskürtmüşdü.
-Niyə Mari ona ərə getməyi qəbul edir?
-Mari onu çox sevirdi, Con da onunla evlənməyi çox istəyirdi.
-Bəs niyə Mari əvvəlcədən onunla evənmək istəmədi. Gərək onu əjdaha qaçırdaydı, ondan sonra?
-Bu çox çətin sualdır”.
Bəli, uşaq haqlıdır. Bu çətin sualdır. Çünki uşağın bildiyi anlayışların arasında əjdahanın ağzından alov püskürtməsi var, amma insanların minnətdarlıq və ya heyranlıq duyğusu ilə evlənə bilmə məvfumu yoxdur. Eyni ilə bunu oxucunun üzərinə sinxronizasiya etsək onların da lügətində Samsanın hansı zaman çevrilməsi, nə yediyi və ya zəhərləndiyi an yoxdur. Ondan sonra hislər və həyəcanlar var.
Son illərdə film sektorunda bu zamanın itməsi daha qabarıqdır. Xüsusi Çin kinomatoqrafiyasında bu özünü büruzə verir. Bizə yaxın misal versək “Stalker” buna əla nümunədir. Andrey Tarkovskinin şah əsərlərindən hesab olunan bu filmdə təsvir olan zonada zaman azaddır. Oradakı zaman idarə olunan deyil. Uzlaşmasi yoxdur. Rejissor  bu zamanı təslim etməyin yeganə yolunu (arzulara çatmaq kimi ifadə olunur orada) ruhun kövrəkliyini irəli sürür. Bunu da filmin sonunda qadınların və uşaqların ruhi qüvvəsinə işarə vuraraq çatdırır. İlahi mətnlərə də baxsaq bizə zamanın verilmədiyini görərik. O mətnlərdə zamandan xalidir. Tanrı bizə qissə danışır, amma zaman vermir. Əsas sterotip burada hadisənin özüdür və verdiyi mesajdır. O anlamda hansısa mətni yozumçuluğa məruz qoysaq və zamanını aramağa cəhd etsək onda əlimizdə heç nə qalmır.
Eyni nüansı son illərin İran ədəbiyyatından oxuduğum iki yazıçıda da müşahidə etdim. Mustafa Məstur və Fəriba Vəfi. Bütün roman boyunca  insanı sürükləyən ali insanı problemlər və suallar. Orada qətiyyən filan ayın tarixi və ya maşınıma götürdüyüm əxlaqsız qadın mənə “Tanrının ay üzündən öp”[3] dediyi deyilmir. Ya da filanıncı gün sərxoş mənə ölümün əslində bir qorxuluq olduğunu söylədi. Mən o anda sərçə[4] olmadığımı dərk etdim. Bu an bizə dərk çatdırılır. Eyni intihara gedən insana gilas dadının xatırladılması[5] ya da Əhmədin[6] dəftəri-əmanəti sinif yoldaşına çatdırmaqdan ötrü etdiyi cəhdlər bizə gözəlliyin təqdimidir. Onun hans zamanda baş verməsi maraqlı deyil. Bu halda ədəbi mətnçiliyin bizə deyə bilmədiyi sözlər daha çoxdur. Eyni ilə musiqi və şeir kimi…
Burada oxucu haqlı olaraq bunun haradan qaynaqlandığını sual edə bilər. Ümumiyyətlə zaman anlayışı necə meydana çıxır və insan onu necə hiss edir? Bizim üçün zaman anlayışı elə ədəbiyyatda olduğu kimidir. Biz hadisələrin hansı zamanda cərəyan etməsindən daha çox bizim üçün təsirindən danışarıq. Bizim üçün xatirələr, dəqiq zaman  və məkanlardan önəmlidir. Bu zaman insan zamansızlığa-xatirələrin cənginə özünü təslim edir. Ədəbiyyat məhz bu xatirələrin insan ruhu və düşüncəsi ilə sintezidir. Biz orda həm Əhməd[7], həm Cahandar ağa[8], həm Sakit Don[9], həm də şaxtada soyuqdan inildəyən və bir tikə kolbasa aldanıb gedən Şarikik[10]



[1] İtaliyalı yazar və ədəbiyyatşünas
[2] Kafka “Çevrilmə”
[3] Mustafa Məstur “Tanrının Ay Üzündən Öp”
[4] Mustafa Məstur “Mən Sərçə Deyiləm”
[5] “Gilas Dadı” film.
[6] “Dostun Evi Hardadır?” film
[7] “Dostun Evi Hardadır?”

[8] İsmayıl Şıxlı “Dəli Kür”

[9] Şoloxov “Sakit Don”
[10] M. Bulqakov “ İt Ürəyi”

10.28.2018

Şəhər Adam


                                        

Əslində,  harada və necə oturmağımdan danışmalıydım. Ondan əvvəl də bura necə gəlməyimdən bəhs etməliydim. Amma izahat gözümdə dağ kimi ucaldıqca mən susurdum. Çünki hadisənin bütün aspektlərini işıqlandıra biləcəyimdən əmin deyildim. Fikrimcə, məni əmin olmamaqdan daha çox  yanlış anlaşılmaq narahat edirdi. İkinci nüans  tədricən mənim əsas stereotipimi formalaşdırıb. Mahir bir yalançıya qədər gediləcək bir yol cizdirib mənə. Amma həqiqətin pis üzü niyə qorxunc gəlib ki...Yox, hardansa başlamalıydım. Elə dayandığım yerdən.
          Qarşımda geniş bir dəhliz var idi. Bir uşaq üçtəkərli velosiped sürürdü. Velosiped o dar dəhlizdə özünə dairə cizir və dairə genişləndikcə velosiped sürən uşağın üzündəki ifadə sərtləşirdi. Əldə etdiyi imkanlar onun təbəssümünü deyil, qüdrətini artırırdı bəs-bəlli. Velosiped sürülürdü, dəhliz genişlənirdi. Sonra velosipedin üzərindəki uşaq böyüməyə başladı. Dəhliz də onunla paralel olaraq genişlənirdi. Mən yenə həminki yerimdə oturmuşdum. Çömbəlib oturduğum zamanın içindən nəhəng dəhliz keçirdi. Üçtəkər velosipedin bir təkəri mənim boyda idi. Təkərin arada ötəri dairə cizdiyi yerdən böyük bir şəhərə nəfəslik açılırdı. O nəfəslikdən nəhəng göydələnləri, geniş küçələri yerimdən durmadan belə görürdüm.Məftillərə asılmış plastik sellofanların yaşı minə yaxınlaşırdı. Küləyin boz üzü onları cırmaqlayıb naziltmişdi. Boz sərçələrin qara qarğalara uduzduğu məkana çıxan dəhlizdən, deyəsən, özüm də qalxıb getmək istəmirdim.
Dizlərim göyərirdi. Uşaq usanmadan velosipedini sürməkdə davam edirdi. Üçtəkər velosipedini görünməz bir əl ikitəkər etmişdi. Ayaqları uzanır, göydələnlər uzanır, isaq-musaq quşu “tapdın-tapmadım”binaların arasından səsləşirdilər.
Həyatımda çox işlər aşırmışdım, amma ilk dəfə uşaq qatillərinə haqq qazandırmaq istəyirdim. Məmnuniyyətlə dəhlizi genişlədirib o şəhərə lağım atan bu uşağı öldürərdim, öz bəraətimə də imza atardım. Amma yerimdən qalxa bilmirdim. Göyərən dizlərim artıq yerə kök atırdı. Ən qəribəsi isə mən bu kökatmadan zövq almağa başlamışdım. Ağrı iliklərimə qədər işləyir və həzdən gözlərim süzülürdü. Adəmin Yerə sürgünündən, Qabilin Habili öldürməsindən zövq alan birinə çevrilmişdim. Ağrı mənim zövq mənbəyim olmuşdu. Ağrılarım artdıqca velosiped sürən  uşağın üzü də kabuslaşırdı. Göydələnlərdən yerin tərkinə ip atan Məlikməmmədin qardaşları quyularda məhv olurdular. Şəhər canlı orqanizm kimi nəfəs alırdı. Mən isə hey kök atırdım.
O dəhlizdə nə qədər oturduğumu bilmirəm. Ümumiyyətlə, dəhlizin əvvəlindəmi,  sonundamı olduğumu belə bilmirdim. Bəlkə də məni buraya seçmişdilər. Bəlkə də min illik plastik sellofanlar kimi bu dəhlizə ilişdirilmiş sonuncu insan idim. Təsəvvürümə güldüm. İlahi, görəsən, Yer kürəsinin sonuncu Adəmi kim olacaq? Sonuncu insan... Şərəfdi, rəzalətdi, yoxsa 10 min illik tənhalıq....
Əlimi hərəkət etdirmək istədim. Gözlərimin bərabərinə gətirməyə çalışdım, suluqlanmış nəhəng barmaqlar gördüm. Uşaq yenə velosiped sürürdü. Gözlərim əllərimə sataşanda onun da üzü kölgələndi.
Nəzərlərimi  uşaqdan çəkib yenə düşüncələrimə daldım. Sonunda kimsə gələcəkdi də mənə hesab soruşmağa. Kiminsə dəhlizi olmalıdı bura. O qədər imkanlarım olub,qılıncımın dalı da, qabağı da kəsib, bircə dəfə ağlıma gəlməyib ki, belə bir dəhliz saldırım. Görəsən, edərdim? Hər halda belə dəhlizə sahib olmağı arzulasam da, bu velosiped sürən uşağı orada çətin istəyərdim.
Sonuncu hadisələr ötəri, uzaq bir ilğım kimi ağlımdan keçir. Nəhəng simpozium idi. Oraya kortejlə gedəcəkdik. Arvadım 3 aydan bəri komada idi. Onun ölümünün tez olması mənim üçün yaxşı avantaj idi. Lakin uşaqlarla münasibətlərimi pozmaq istəmirdim. Hər ay ona pul ayırır və müalicəsində etdiyim səyləri, demək olar ki, hər gün həkimlərin dili ilə onlara çatdırırdım. İllərdir ölü ailə statusunun, ölü, ya da komada olan qadının mənim üçün nələrsə ifadə etdiyini çətin deyə bilərdim.Ümumiyyətlə, ilk dəfədir ki, bu barədə düşünürəm.
Qəfildən velosiped sürən uşaq dəhlizin tam genişləməsindən istifadə edərək özünü şəhər istiqamətinə vurdu. Sanki dəhlizin divarları yox imiş, şəhər ovuc içi kimi qarşımızda açıldı. O an mənə “qalx” deyə əmr gəldi. Mənə deyildimi,yaxsa batini bir təlqinin hökmü iləmi uşağın ardınca qalxdım. Elə onda fərq etdim ki, bu dəhliz – özüməm. Köklü-köməcli qalxıb uşağın ardınca yollandım. Amma mən yeridikcə əlimdən-ayağımdanmı deyim, yoxsa köklərimdənmi, milyonlarla insan asıldığını fərq etdim.  Hey nələrsə deyir, zarıyır, qışqırır və mənə nəlsə çatdırmaq istəyirdilər. Mənsə nəhəng idim! O qədər böyümüş, yüksəlmişdim ki, bütün bu səs-küy mənə vızıltı kimi gəlirdi. Gözlərimin qarşısında nəhəng bir şəhər və velosipeddə  qarşımda şütüyən uşaq var idi. O, velosipedini at kimi  sağa-sola səyirtdikcə mən addımlarımı daha sürətlə atırdım. Hər addımdan şəhər silkələnirdi. Ayaqlarıma yapışanlar daha da çoxalır, sürətim zəifləyirdi. Lakin bu mənim şövqümü azaltmırdı. İstək, ehtiras şiddətlənirdi. Yenidən fikirlərimə qayıtdım. Dəhliz mənəm, yaxşı, bəs məni kim bu vəziyyətə qoyub. Dayandım. Əllərimi qaldıraraq yenə baxdım. Şəhərin göydələnlərindən birinin şüşələrində özümə nəzər saldım.  Bu görkəmimlə ancaq fəxr edə bilərdim. Başımda, saqqalımda insan qaynaşırdı. İlahi, onlar niyə bu qədər çoxdurlar? Niyə bu şəhərə səpələnmirlər, hamısı mənə dırmaşıblar? Cavab axtarmaqdan çəkinib yenə irəli baxdım. Şəhər kiçildikcə uşaq böyüyürdü.
Kortejdə iki eyni avtomobil gedirdi. Mən ikincidə idim. Bu məlumatı kim ötürmüşdü, görəsən onlara?  Böyük gurultu eşitdim. "Başçını vurdular..."-qulaqlarımda uzaq bir səda kimi qalıb bu sözlər. Sonra heç nə... Daha heç nə xatırlamırdım. Özümü ələ alıb ətrafda insan axtardım. Öz üzərimdən sallaşan çəlimsiz və zəif qara kütlədən fərqli insan görmək arzusu ilə əlimi günlük edib nəzərlərim yetdiyi yerə qədər baxdım. Heç bir yerdə bəşər nəzərə çarpmırdı. Elə mənim də insan axtarmağım gülünc idi. Çünki özüm qətiyyən hansısa varlığa bənzəmirdim. İnsan olduğumu kim demişdi? Velosipedli uşaq var qüvvəsi ilə məndən uzaqlaşmağa cəhd edirdi.Ayaqları yorulmadan hərəkət edir və üfüqə dikilmiş gözləri ümidlə parlayırdı.
“Qalx, get!” – əmrinə rəğmən dayandım. Yenə çömbəlib oturmağa cəhd etdim, amma bacarmadım. Əvvəldə belə oturduğumu zənn etmirəm, ola bilsin ki, mənə elə gəlib. Özünə etibarın qalmamağı budur da. Bu halımla “özüm” deyə nəyə və kimə xitab edəcəyimi də bilmirəm. Ümumiyyətlə, əgər düşünə bilirəmsə, o an hansı formada olmağımın nə əhəmiyyəti var? Öz yeni surətimi tanımağım, ona alışmağım nə qədər sürər? Bu an o qarşıdakı velosiped sürən uşaq mənəmsə, onda bu ağlasığmaz ölçülərdə böyümüş nəhəngin içindəki kimdir? Bu nəhəngi kim yaradıb?  Əgər mən yaratmışamsa...Axı mən yaradıcı deyiləm. Bu sual cavabsız qalır. Azad iradə. Bəli, insan azad iradəyə sahibdir və Yaradıcı yoxdur. Mən həmişə bu fikrin tərəfdarı olmuşam. Yaradıcı yoxdur! Yaradıcı yoxdur! Səsimə güc verərək bütün şəhərə hayqırdım. Şəhərin nəhəng göydələnləri səsimə əks-səda verib özümə qaytardı. O an öz yeni surətimi kəşf edəndən bəri ilk dəfə səs çıxartdığımın fərqinə vardım. Köklü-köməcli bir səs idi. Şəhəri səsimlə yoxlamışdım. Bom-boş imiş. Bəs bu şəhəri kim inşa edib? Axı bu göydələnlər özü buralarda peyda olmayıb ki... Yenə qaşqabağımı tökdüm. Yaradıcı. Kimsə mənə mesaj vermək istəyir, şifrəni çözmək istəyir. Şifrə ya o velosiped sürən uşaqdadır, ya da... İkinci ehtimalı düşünəndə tüklərim biz-biz oldu.
Addımlarımı sürətləndirməyə çalışdım. Lakin məndən sallaşan insan kütləsi buna imkan vermirdi. Onlardan qurtulmalı idim. Ayağımı yerə möhkəm çırpdım. Asfalta saysız-hesabsız çəlimsiz insan səpələndi.Onlar ölür, əzilir, tapdanır, amma yenə də mənə dırmaşmaqdan vaz keçmirdilər.Gözləri nə bu boş şəhəri, nə də bu gözəllikləri görürdü. Sadəcə olaraq, instiktləri mənə dırmaşmalı olduqlarını onlara təlqin edirdi. Bu təlqin genetik idi, ya sonradan qazanılmış  – orası mənə də naməlum idi. Axı kol-kos basmış bu nəhəng insanın üfunət dolu cismində  yaşamaq niyə onlara bu qədər xoş gələ bilərdi? Dilemma ola bilməzdi. Cavabı eşitməyə qorxurdum. Bu dəfə qorxum əmin olmadığımdan deyil, yanlış anlaşılmaq dərdimdən heç deyil, birbaşa qorxunun özündən qaynaqlanırdı. Bu qorxunu hiss edəndə dayandım. İbtidai duyğularım hərəkətə keçmişdi. Həqiqəti bilmək, şifrəni çözmək nəyimə lazım idi? Ümumiyyətlə,axı kimə lazımdır bu həqiqət? Bəlkə, öyrənmiş olsam, daha pis vəziyyətə qalacam? Suallar addımlarımın sayına paralel olaraq artırdı. Qorxunun təlqini ilə addımlarımı daha da sürətləndirirdim. Bəli, o uşağa çatmaq lazımdır. Mən kortejdəki sonuncu avtomobildə idim.Arvadım komada idi. Sonra gurultu eşidildi. Qan boğazımdan fışqırırdı. Onu sevirdim?  Arvadımı sevirdim? Yox, nə vaxtsa sevmişdim. Sevgi yaddaşımda sarı yonca çiçəklərinin aprel günəşinin altında nazlanması kimi ilişib qalıb. Onda arvadım gənc idi. Bəlkə də bu, yüz min qara tel öncə baş vermiş əhvalat olub. Sonra qadın ismi cəm şəkilçisi qəbul etdi. Cəm çəkilçisinə baxıb həzz növlərini uydurdum. Həzz  növlərini uydurduqca yonca çiçəkləri uzaqda ilğıma çevrilməyə başladı. Bu ilğımı, nədənsə, qarşımda şəhərin boş küçələrində velosipedinə usanmadan qüvvə qatan uşağı izləyərkən xatırlamışdım.
Sürəti daha da artırdım. Ayaqlarımdan başıma doğru tüstü qalxırdı. Diqqət edəndə gördüm ki həmin cılız insanlardan bir neçəsi oturduqları ayağıma od vurublar. Üsyan etmişdilər. Sistem özü işə düşdü. Saqqalımda toplaşanlar cəld müdaxilə etdilər. Əllərində silah və içki şüşələri həmin məntəqə istiqamətində yollandılar. Silah qorxutmaq, içki unutdurmaq üçün idi.Bunu onlara dediyimi xatırlayıram. İpləri əlində saxlamaq üçün can qayğısı çəkənə göz ağartmaq, çox sual verənə içki təklif etmək köhnənin adətidir. Şəhər bitirdi. Dayanıb azacıq nəfəsimi dərmək istədim. Velosipedli uşaq da dayandı.
       Heyyy, – deyə səsləndim,– heyyyy, balaca, sən kimsən? dayan!
Səsim ona çatdı, deyəsən. Döndü. Başında araqçın varmış. Ancaq indi görmüşdüm. Diqqətlə əyin-başını süzdüm. Köhnə arxalığı və qırmızı şalvarı vardı. Dönüb məni uzun-uzadı süzdü.
       Bura gəl! – Öz böyüklüyümdən istifadə etmək üçün amiranə tərzdə dilləndim.
O isə başını buladı.
– Bura gəl! Gəl, gör sənə nə verəcəm, – o nəhəng əlimi olmayan cibimə aparırmış kimi hərəkət etdim.
Kürəyini mənə çevirərək yenə üfüqə daldı. Uzaqdan o balaca canı ilə elə sirli və müəmmalı görünürdü ki, bir kəlməsinə bütün qüdrətimi, hakimiyyətimi verə bilərdim. Qəfil dönüb yenidən mənə sarı boylandı.
– Sən gəl! – Nəhayət, ilıq səsi ruhuma sığal çəkdi.
– Böyüklərin ayağına gəlinər. Sənə öyrətməyiblərmi? – Cümlə ağzımdan çıxmamış nə boyda risk etdiyimi anladım. Amma artıq gec idi. Reaksiyasını gözləməkdən başqa çarəm qalmadı.
       Əminsən? –Üzü soyuq ifadəyə bürünmüş halda soruşdu.
Əminlik...Bu mənim heç vaxt əmin olmadığım məsələlərdən biri olub. Nəyə əmin olmuşam ki indiyə kimi...Öz görkəmimə baxdım, boş şəhərə baxdım... halımı çözəcək tək əlac sahibinə baxdım və titrək səslə:“gəl”, – dedim.

Uşaq sakit halda bütün şəhəri nəzərdən keçirdi, sonra əlini günlük edib üfüqdə günəşi süzdü. Qəfildən at belinə sıçrayırmış kimi velosipedə mindi. O mənə tərəf gəldikcə bütün dünya canlandı, atlı olub arxasınca düşdü. Hər şey yerlə yeksan olurdu. Üfüq yerə gömülür, günəş dartılıb səmadan qoparaq aşağı enir, şəhərin göydələnləri yerə batırdı. Uşaq isə mənə tərəf gəldikcə nəhəngləşirdi. O artıq bayaqkı uşaq deyildi. Böyüdükcə böyüyürdü. Sanki arxasında dağılan dünyanın bütün qüdrəti ona yüklənirdi. Bədəni nəhəngləşir, nəhəngləşirdi.Həmin nəhəngin mənim yanıma çatmağı, bəlkə də, illər sürdü. Zaman o an mənim  açıla qalmış ağzımla heybət duyğumun arasındakı anda itmişdi. Həmin nəhəng mənimlə qarşı-qarşıya dayananda  sanki özümü güzgüdə gördüm.Artıq gec idi...

6.05.2018

Nəsrin 4 Mövsümü

2 iyun 2018-ci ildə Səməd Vurğunun ev muzeyində yazar Ülviyyə Tahir oxucularla görüşüb. Görüş zamanı yazar "Nəsrin 4 Mövsümü" mövzusunda mühazirə oxuyub və modern Azərbaycan nəsrindən, oxucu və yazar münasibətlərindən bəhs edib. Görüşü açıq elan edən Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq "Avtoqraf" klubundan bəhs edərək, sözü  yazarın "Ortaq Şəhər" hekayəsini qiraət etmək üçün şair Rəşad Nağı Mustafaya verib. Sizə yazarın həmin mühazirəsini və redaktoru Sevda Məmmədovanın payızda nəşrə gedəcək "ALJİR" romanının təhlilini təqdim edirik. 


















 "Sizə bu gün son 8 illik ədəbiyyat təcrübəm və müşahidələrimdən bəhs edəcəm.Düzdür, 8 il ədəbiyyat adlı bir sonsuzluqda bir damladır. Xüsusilə, Selincer kimi dahi “Çovdarlıqda ucurumdan qoruyan”ı 9 ilə yazıbsa... Lakin zamanın əvvəlki keyfiyyətinin qalmadığını hər birimiz bilirik. Bizim nəsil hər şeyi sürətli tükədir. Əgər Ceyn Ostinin Emması yazdığı məktuba  1 ay səbirlə cavab gözləyirdisə, bu günün Emması o zaman ərzində həm aşiq ola bilir,həm ayrılır, həm də eşq əzabı çəkə bilir. Ona görə bu günün 8 ilini əminliklə keçmişin 20 ilinə bərabər olduğunu söyləyə bilərik. Bu anda mən qətiyyən bu 8 ili qabartmaq fikrində deyiləm. Sadəcə olaraq gənc yazarla, orta yaşlı yazarın arasında dayanan bir yazıçının fikirlərini sizinlə bölüşmək istəyirəm. Mühazirəyə hazırlaşan zaman nə deyəcəyimi uzun-uzadı düşündüm. Axı hər zaman fikirlərimi bədii mətnlə dilə gətirmiş adamam. O anda barmağımı dişlədim. Dadi- bidad, biz yazarlar mətnlərin arxasına sığınmış adamlarıq. Biz öz etirazlarımızı bu şəkildə dilə gətiririk. Yəni, ədəbiyyat qəbul edilmiş insanlar tərəfindən deyilən nəhəng yalandır. Amma bu yalan özündə realığı ehtiva etdiyinə görə insanları cəzb edir. İnsan niyə özü üçün bunları uydurub? Musiqini, nəsri, şeiri, incəsənəti?   Çünki insan bu ağır həyatını bu şəkildə yüngülləşdırmək və gözəlləşdirmək istəyib. Qobustanda qaya rəsimlərini cizən insandan tutmuş, bu gün adi cızma-qara edən yazarın bir əbədilık istəyindən daha çox zövq almaq yüklənir.   Missouri-St Louis universitetinin professorlarından biri olan Jozef Karoll bildirir ki, hekayə danışmaq və dinləmək bizə başqaları haqqında bilgi verir və empati duyğumuzu inkişaf etdirir. Yəni ədəbiyyatın bu funkisiyasını da danmaq olmaz.


Azərbaycan kimi periferik  məkanlarda yazar kütlənin istəklərindən daha çox, sistemin dediklərinə yüklənir. Buna sübut olaraq Sovet dövründə yazılan əsərləri, sifarişləri göstərə bilərik. Lakin ədəbiyyatın bu qarışıq dövründə biz fəqli yanaşmaları da görə bilirik. Hərçənd bu yanaşmalar bəzilərinin həyatı hesabına başa gəldi, amma yenə ədəbiyyat tarixinə düşə bildi. Bunu “Oxu tar, oxu tar! Səni kim unudar?” deyənə qarşılıq olaraq sistemin diktəsi ilə “Oxuma tar, oxuma tar! Səni sevmir porletar!” kimi də görə bilərik. Lakin bizim bu andakı fokuslandığımız məsələ nəsr olduğuna görə poeziyadan- nəhəng Caviddən, Vurğundan yan otərək, Məmməd Səid Ordubadidən, Mehdi Hüseyndən və İsmayıl Şıxlı, İsi Məlikzadə kimi nəhənglərdən danışmalıyıq. Mühazirəyə ad seçərkən “Nəsrin 4 Mövsümü” adı üzərində dayandıq. Niyə 4 mövsüm? Bir anlıq xəyalıma  “Azərbaycan nəsrinin baharı hardan başlayır?” sualı gəldi Torpağin bağrını yaran lalə torpağa əziyyət verdiyini  düşünməz. Biz sanki 60-ci illər nəsri ilə baharı yaşayarıq. Elçin, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə. Əsas bu 3 nəfərin adını çəkə biləcəm. Çünki onların əsərləri ilə böyümüşəm.Elə İsi Məlikzadənin “Dədə Palıdı” və “Quyu” nu oxuyanda ürəyimdə bir yara qövr etdi. Düşündüm ki, görəsən mən nə vaxtsa İsi Məlikzadə kimi yaza bilərəm? Ya da Elçinin “Ölüm Hökmü”... Bu gün ürək ağrısı ilə düşünürəm ki, görəsən Elçinin, İsi Məlikzadənin əsərləri dünya ədəbiyyatına çıxarısaydı... Bu hələ də mənim üçün sual olaraq qalır... Elə bu fikirlədə bu yaxınlardayazar  Həmid Piriyevin Paulo Koelyo ilə Orxan Fikrətoğlunu müqayisə edən yazısını oxudum. Düzdür, bəzi nüanslarla razı deyiləm. Xüsusilə Orxanı Paulodan daha qüvvətli yazar hesab edirəm.
Lakin bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm ki, bizim ədəbiyyatımızda poeziya daha ötkəm sözə malik olub. Axtarış versək  yenə qarşımıza nəsr nümayəndələrindən daha çox nəzm nümayəndələri çıxar. Qəribə burasındadır ki, bu qədər nəzm rəqabətində və sözlərin və hisslərin bu qədər tərənnüm olunmasına rəğmən yenə şairlərdə yeni söz demək cəsarəti tapılır. Bunun səbəbi isə genetik yaddaşımızda yatır. Əgər ədəbiyyat tariximizə nəzər salsaq Don Kixot yazılanda bizdə dastanlar yaradılırdı. Buna qətiyyən etirazım yoxdur. Əslində dünya ədəbiyyatında elə bu milli koloritlə çıxış etsək? Nəzmlı nəsrin görüşdüyü bir mətnlə- dastançılıqla?....
Ümumiyyətlə nəsr nəzmdən fəqli olaraq dözümlülük və səbir tələb edir. Yazar o sözləri yonmalıdır və şəkilə salmalıdlır. Lakin bu anda etiraz edə bilərsiniz ki, Azərbaycanda nəsrlə məşğul olanın da elə nəzmlə məşğul olan qədər cəsarətə ehtiyacı var. Çünki ədəbiyyatın tanrılarından hesab olunan Borxes deyir ki, daha ədəbiyyatda heç bir yenilik etmək mümkün deyil. Hər bir qəlib oturuşub və biz o qəliblərdən kənara çıxa bilmərik. Bunu Azərbaycana tətbiq etsək biz uduzmuş hesab olunuruq. Niyə? Çünki Azərbaycan oxucusu bizi oxumur. Bu nüansı burada yadda saxlayaq və oxucu məsələsini araşdıraq. Daha sonra niyə bizi oxumurlar və hazırda problem nədir?  Bu prosses (yəni yeni müstəqil olmuş dövlətin milli ədəbiyyatının formalaşması) digər ölkələrdə necə yaşanıb onu araşdırarıq,
Nabokova görə oxucu aşağıdakı kateqoriyalara cavab verməlidir
1.    Oxucu bir kitab klubuna üzv olmalıdır
2.    Oxucu diqqətini sosial-iqtisadi aspektlərə yönəltməlidir
3.    Oxucunun fantaziyası olmalıdır
4.    Oxucunun bədii zövqü olmalıdır.
Artıq yeni nəsil yetişir. İnformasiya bolluğunda yaşadığımız bir zamanda kitabın oxunması da ölkələrə görə dəyişir. Hazırda dünyada kitabxana və oxucu statistikasına görə ilk yerdə gedən Finlandiyadır. (mənbə:CNN) Deməli mütaliə üçün yetişən nəsil də vacibdir. Sovet dövründə mütaliə etməyən adam nadir olardı. Bu gün isə bu sadəcə olaraq müyyən qrupların fəaliyyət dairəsi olub. Bir dəfə klişə də olsa belə söz deyilmişdi: Azərbaycan oxucusu hər an potensial yazıçı olacaq vəziyyətdədir. Niyə azərbaycanlı oxucu yazıçı olmaq fikrinə düşsün ki? Bu o zaman meydana çıxa bilər ki, sən dərzinin yanına gedərək onun işini bəyənmərsən və daha yaxşısını etmək fikrini özünə aşılayarsan. Yaxşı bu gün intelektual oxucu niyə orta statistik yazarı bəyənmir? Banu Avar bunu belə izah edir: “3 –cü dünya ölkələrinin insanın özünü kiçik görmək aşılanar. Onlar daim özünə inamsızlıqdan əziyyət çəkər və kənardakı daha gözəldir fikri ilə yaşayarlar. Bu da müstəmləkə psixologiyasından irəli gələr”. Yaxşı qonşu Gürcustan və Ermənistanda niyə belə deyil? Çünki acı da olsa bu həqiqətə boyun əyməliyik assimlasiyyaya meyillik. Bunu bu gün sübut edən sovetdən qalma elitanın rus dilində, yeni formalaşan elitanın isə Türkiyə türkcəsində danışmasıdır. Yeni formalaşan nəsli hec demirəm, artıq göz qabagındadır.


Orta statistik məlumatlara əsasən kitab mütaliəsi ilə  tənha insanlar daha çox məşğul olurlar. Lyosa isə mütaliədə qadınların daha çoxluq təşkil etdiyini deyir.
Onda niyə Azərbaycanda oxucunun olmamasından şikayət var? Belə bir analoji oxşarlıq üçün qonşu ölkələrə  boylandım. Elə ilk diqqətimiTürkiyə  cəlb etdi. 1923-cü ildə ölkə respublika elan olundu. Əlifba dəyişdi. Artıq köhnə nəsillə yeni nəslin arasında “Atalar və  Oğullar” davası qızışdı.  O zamanı əks etdirən bir esse əlimə keçdi. Esse 1936-cı ildə yazılıb. Essenin müəllifi Ahmed Hamdi Tanpınardır. Tanpınar türk yazarının niyə oxunmamasını sual edir və buna 3 dəlil göstərir:
“1.Türk romançısının cəmiyyətlə və xalqla  bağlılığı qopuqdur.
2.Qərb müəlliflərinin təsiri altındadır
3. Səmimi deyil
Amma Tanpınar bu 3 dəlilin də yola veriləcəyini qeyd edərək əsas deyilməyənin üstündə fokuslanır. Bəs görünməyən nədir? Görünməyən budur ki, türk romançısı konkret bir həyat tərzinin adamı ola bilmir. O təqlidçidir(hazırda əziyyət çəkdiyimiz nüans) və fikirlərlə yaşayır. Bu da cəmiyyətimizdə nadir hadisələrdən olduğundan elə fikirlərində qalır(Tanpınarın dediklərini indiki Azərbaycana tətbiq etsək: Yazar  sosial şəbəkədə status yazmaqla kifayətlənir) Daha sonra isə Tanpınar qeyd edir: “Respublika qurulandan bəri ədəbiyyat ümumi həyatın dalınca düşüb. Halbuki başqa ölkələrdə ümumi həyat ədəbiyyatı güclə izləyir”. Buna bir  məsələni bizdən nümunə göstərə bilərəm. Bir dəfə İlqar Fəhmi müsahibələrindən birində Azərbaycanda nəqliyyat ədəbiyyatının formalaşdığını qeyd etmişdi. Yəni bizdə ədəbiyyat ümumi həyatla uzlaşır, ümumi həyata yön vermir. Bu anda etiraz edə bilərsiniz ki, ədəbiyyatın hansIsa insanı xilas edəcəyinə inanmırıq. Bunda etiraz olaraq iki misalı deyə bilərəm.
1.    Stalin belə özünə mübariz qismində Koba ləqəbini götürmüşdü. Bu onun bütün həyatını dəyişmişdir. Koba bir gürcü romanında çar Rusiyasına qarşı vuruşan qəhrəmanın adıdır.(Stalini xilas olunmuş hesab etməyə də bilərsiniz)
2.    Tolstoy özündən sonra böyük bir əxlaq məktəbiu qoyub getdi. Hətta repressiya illərində Rusiyada tolstoyçuları ayrıca axtarıb güllələyərdilər.

  İndi yenə qayıdıram bizim Həmidin məqaləsinə. Həmid deyir ki, yazar kimi önə çəkilməyən Orxan zorxanada Xeyberlə dostluqla kifayətləndi. Mütaliəsi bol adam kimi deyə bilərəm ki, Orxanın yazar olduğunu 2000-ci illərdə öyrəndim. Adamın şou kimliyi yazar kimliyini tamamilə gizləyib. İngilis dilində bir mətn əlimə keçdi. Orada hekayəni oxuyub imzaya diqqət etdim. İnana bilmirdim ki, bizim ədəbiyyatda beə güclü bir yazar var. Bunun da özünməxsus səbəblərini bilirsiniz. Bəzən nəhəng palıdlar kövrək ağacların məhv olmasına səbəb olarlar. Bu qəsdən olmaz, təbiətin və cəmiyyətin öz qanunları var. Yenə Tanpınara müraciət etsək o yeni qurulmuş respiblikada bir yazarın oxunması üçün mütləq kompleks işlərin görülməsini göstərir. Kompleks işlər nədir?
Hamınızın sevdiyi bir məşhur əsər var. "Balaca Şahzadə" Çoxunuz əminəm ki, onu oxumusunuz. Orada bir nüans var. Deməli Türk kosmonavtı Balaca Şahzadənin olduğu planeti kəşf edir. Amma onu geyiminə görə qəbul etmirlər. Sonra o yenidən buna cəhd edir. Amma bu dəfə geyimini dəyişərək gəlir. Təsəvvür edin Ekzüperi burada nə böyük bir həqiqəti çatdırır. Təqdimolunma. Biz mətni necə və harada təqdim edirik? Bu gün bestseller olan kitablar həm də ona görə bestseller olur ki, onları satanlar onlarla maraqlıdırlar. Kitabı biznesə çevirə biliblər. Halbuki mən əminliklə deyə bilərəm ki, Tanpınar qat-qat Pamukdan əla yazır.
Oxucuların vəziyyətindən bəhs etdik. Yenə həmin məsələyə qayıdıram. Ümumiyyətlə uzun illərin kitabla münasibəti mənə bir xüsusiyyəti aşılayıb. Mütaliə özü böyük bir oyundur. Necə ki, birinci “leveli” aşmasan, ikinci və üçüncü “level” gəlməz. Ona görə hər oxucunun oxuduğu mətni müəyyənləşdirmək lazımdır. Bu yaxınlarda oxuculardan biri şikayətlənərək bildirdi ki, sizin “Buqələmun” romanınız hekayələrinizdən qat-qat yaxşıdır. Mən oxucunu səbirlə dinlədim və fikirlərinə görə ona təşəkkür etdim. Çünki o onu oxuyacaq və sevəcək durumdadır. Bu halda qətiyyən hekayələri bəyənənləri ali səviyyəyə daşımıram. Sadəcə olaraq bu oyunun hansı “level”ində olursunuzsa, olun Mövlanə demiş gəlin. Tolstoyun “İvan İliçin Ölümü”nü asanlıqla mütaliə edən onun 800-dən çox obrazın olduğu “Hərb və Sülh”ü oxumaq istəməz. Bu qətiyyən oxucunun vəziyyətinin pis olmasından xəbər vermir"

Sevda Məmmədova: "ALJİR – vətən xainlərinin qadınlarının düşərgəsi... Əslində roman da bir-birinə hörülmüş həyat hekayələrindən ibarətdir. 37-ci il repressiya qurbanlarının taleləri az-çox təxmin ediləndir. Roman zaman baxımından geniş bir dövrü əhatə edir. Hekayələr paralel məkan və zamanlarda baş verir. Obyektiv növbə ilə həyatdan qoparılan məhbusları, uzaq Qazaxıstan çöllərində həyata tutunmağa məcbur edilən qadınları, fərqli zamanda isə həmin qadınlardan qoparılmış azyaşlı körpələrin gələcək talelərini, qopmuş və iflasa uğramış valideyn-övlad münasibətlərini işıqlandırır. Bu qədər ağrılı, kədərli hadisələrin müqabilində təhkiyə dili son dərəcə sadədir. Müəllif sadəcə hadisələri təsvir edir, ruh halının təsvirini isə oxucunun öhdəsinə buraxır. Bəzən sadəcə bir hərəkət, yaxud bir replika obrazı “ələ verir”. Deyim ki, mənim çox sevdiyim, mənə yaxın olan təhkiyə üsuludur. Kortəbii sevdiyim əsərlərə sonra təkrar qayıdanda özümçün kəşfim olub ki, məhz bu cəhətinə görə o əsəri sevmişəm. Məsələn, Tolstoyun Annası Vronski ilə tanış olduğu Peterburq səfərindən qayıdanda əri onu perronda qarşılayır və qadının onu görəndə ilk düşüncəsi bu olur: “ilahi, onun qulaqları niyə belə böyüyüb”. Bu bir cümlə qadının ruhunda baş verən dəyişikliyi ən incə detalına qədər açıqlayır. Yaxud Elçinin çox sevdiyim bir povesti var. Qız atasız böyüyür, anası deyir ki, atası müharibədə ölüb. O da həmişə yuxuda döyüş səhnəsi görür, atası yaralanıb, onun yaralarını sarıyır, atası da yekə, isti əlləri ilə onun saçlarını tumarlayır. Və bu yuxular o vaxta qədər davam edir ki, bir gün qız böyüyür və dərk edir ki, atası müharibədə ölə bilməz, çünki o, müharibədən neçə il sonra dünyaya gəlib. Daha o yuxuları görmür. Əsərin sonunda epizodik bir insanın onun həyatındakı rolunu göstərmək istəyən müəllif deyir, bu dünyada Məmmədağa vardı və onun yekə, isti əlləri vardı. Sadəcə bir cümlə. Eyni təhkiyə üsuluna bu romanda da rast gəldim, məsələn, əsas qəhrəmanlardan biri olan Füruzənin yoldaşı həbs edilir,  övladı əlindən alınır, çox məhrumiyyətlərlə, aclıqla, soyuqla, ağır fiziki işlərlə üzləşirlər və bir epizodda bircə cümlə qəfil həyatının başqa, daha acınacaqlı tərəfini faş edir: Füruzə Sabirin sarışın saçlarını tumarlayıb başını köksünə sıxdı, azərbaycan dilində yavaşca:

- Mən yenidən ana oldum. Amma unutmuşam, unutmuşam ki, mənə axırıncı, ya da birinci dəfə kim zorlayıb.
Sabir  onun dediklərini şəfqətli bir söz kimi qəbul edib anasının boynuna sarıldı.
Məhbus paltarı ilə bağlı eyni maraqlı element də çox diqqətimi çəkdi. Həmin parçanı oxumaq istəyirəm. Həm də bütün dövrlər üçün keçərli olan bir həqiqət də eyni sadəliklə təsvir olunur: ideologiya uğrunda mübarizə aparanların həmin ideologiya tərəfindən çarmıxa çəkilməsi ən təbii bir işdir.
Gələndən bəri hey sükut edən məhkumun qəflətən dili çözüldü:
-         Bilirsən, mənim toppuş qızım var. Əlləri elə yumşaqdı ki... Dünya qoxusu verir. Mən həmişə elə deyəndə anam hirslənirdi. Deyirdi, elə demə, dünya yox, cənnət qoxusu de. Deyirdim, ana, mənim balam dünya qoxusu verir. Dünyanın ən gözəl çiçəklərinin qoxusunu verir. Mənə görmədiyim cənnəti niyə vəsf edirsən. Mənim cənnətim elə budur. Mənim xidmətlərim 15 dəqiqəlik məhkəməyə dəydi. Özümü müdafiəyə imkan vermədilər. Axı niyə də imkan versinlər ki... Əgər kiminsə haqqında artıq qərar vermisənsə, qarşı tərəfi dinləməmək hamımızın ümumi halıdır. Güllələnmə. Tarixdə qalmağa cəhd edərkən gilyotinə göndərilmiş Robespyer kimi hiss edirəm özümü... - danışa-danışa sövq-təbii olaraq barmaqlarının arasındakı siqareti sümürdü. Sonra, deyəsən, onu da unutdu. Siqaret barmaqlarının arasından düşərək  zolaqlı nazik kombinezonunu alışdırdı. Fərhad onun paltarının alışdığını görən kimi əlini ataraq söndürməyə cəhd etdi. Məhbus bütün bunlara reaksiya vermirdi. Fərhad onun yanında bir az oturub yerinə qayıtdı. Gecəyarı onu apardılar.
İki gün sonra onun paltarını yeni bir məhkumun əynində gördü.  Paltarı yanıq yerindən tanımışdı  Fərhad. Məhkumu kənardan diqqətlə süzdü. Almacıq sümükləri çıxmış arıq, 35 yaşlarında biri idi. Küncdə oturub adamlara tamaşa edirdi. Qıvrım saçları saqqalına qarışmışdı. İnsan ilk baxışda onun meşədən gəldiyini zənn edərdi. Fərhad onun gözlərində indiyə kimi heç kəsdə görmədiyi qorxusuzluğu gördü. Gözləri par-par parıldayırdı. Bu arıq, sısqa bədəndəki ruhun mətinliyi Fərhadı maqnit kimi özünə çəkirdi. İki gün sonra özündən asılı olmadan onun yanına getdi. Bu iki gündə əynindəki paltara görə ona yaxınlaşa bilmirdi. Elə hiss edirdi, sanki o paltarın içində iki adam yaşayır. Nəhayət, marağı qorxusuna qalib gəldi. Adam çarpayısında uzanmışdı. Ona yaxınlaşan kimi qalxıb oturdu və yanında Fərhada yer verdi. İlk on dəqiqəni susdular. Sonra adam:
-         Təxminən, adamlar neçə gündən bir yox olur? - deyəndə Fərhad anladı ki, gəldiyi az vaxta rəğmən, adam buranın nəbzini tuta bilib.
-         Uzağı bir həftə, yaxını iki gündən bir,- Fərhad laqeyd halda dilləndi, - nədənsə, məni unudublar elə bil.
-         Çox adiləşib hər şey? - Adam  parlaq gözlərini düz Fərhadın gözlərinə zillədi.
-         Buradakı adamlar bozlaşıb. Fikir ver, hamısı sanki eynidir. Hamısının gözlərində qoyun ölülüyü və ümidsiz ifadələr. Paltarlarının eyniliyi bu bozluğu daha da artırır.
-         Ona görə də gedənin gələndən fərqi qalmayıb. İnqilab maşını hamısını doğrayır.
-         Bütün bunları inqilab etmir. Kimlərsə nəyəsə nail olmaq istəyir. Bu dövləti dağıtmaq istəyirlər. Əksinqilabçıların işidir bu, - Fərhad əsəbi şəkildə etiraz etdi.
-         Bu, əksinqilabın işi deyil. Bu, onun – o, başı ilə yuxarıya işarə edərək – “Az insan - az problem” tezisinin reallaşdırılmasıdır. Ya da... ya da ona insan lazımdır, amma qorxmuş insan...
-         Bunu heç bir əsasla söyləyə bilməzsiniz. İnqilabi hökumət öz adamlarını öldürəcək qədər relsdən çıxmayıb.
-         İnsanları orta əsrlərdən indiyə kimi eyni bir düşüncə birləşdirir: krala inam. Onlar özlərini elə bu yalanla aldadırlar: Yuxarıdakının bu işdən xəbəri yoxdur, -  sanki sözlərinə yetərli bir cavab gözləyirmiş kimi, cümləni deyib parlaq gözlərini Fərhadın üzünə  dikdi.
-         Bizi məhv eləmək ona yalnız say azaltmaq üçün lazımdır?
-         Yalnız bu deyil. Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx, dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de, yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın silahı birinci ziyalını biçir. Ziyalının biçildiyi çəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
-         Bizim hamımızı...? - Fərhadın səsi titrədi.
-         Bəli, hamımızı güllələyəcəklər. Bu, heç də yaxşı deyil. Bizim üçün yox, elə onlar üçün. Çünki müvəqqəti hakimiyyət üçün bu qədər insanı məhv edən rejimlər, adətən, çox yaşamır.
Və Fərhad zamanın itdiyi həmin ölüm kamerasını tərk edənədək həmin siqaret yanığı olan məhbus paltarının içində yeddi fərqli insan sayır".











5.13.2017

İnqilab


Barmaqlarının arasında titrəyən siqaretə nəzər salaraq:
-Qadın azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik. – Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
   -Yazılarımızda demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi uzatdıqca kəsəcəklər.   – O  eynəklinin sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra  masadan qalxdı.  Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya doğru irəlilədi.
       Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında qursa da, yenə həyəcandan boğulurdu.
-Atan Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə salamsız atasının üzünə baxdı.
Atası şübhəli baxışlarla onu süzüb
- Bu vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
- Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox, amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək ayaqqabılarını az qala hirslə vızıldatdı
       Anası geniş süfrə açmışdı. O süfrənin başına keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb, arvadına him-cim etdi.
-Ay bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini  cümləyə çevrib oğluna dedi.
Elə onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə olub?
-Evlənmək istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş komandir kimi rahatladı.
-Bundan ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun kürəyinə əlini şapılldadıb
-Hə de görüm kimlərdəndir?
Oğlu
-Sənin yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi qoy qırağa. Qız kimlərdəndi?
Elə bu zaman süfrəyə  araqla yanaşı qədəhləri yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə olub mənə demirsiniz?
-O qız deyil.
- Kim qız deyil?
-O da.
-Dayan ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?- bağırtısı evi sirkələdi.
-Gəlindi, boşanıbbbb...
-Sən də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid deyir ki...
- Səmid nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa, mən onu sevirəm.
-El-camaat  nə deyər?
-Bəs Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.

   Səhər yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan kimi
-Ay bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi. Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-  böyük oğlan yanaşı evdə yaşayır. Qaz sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan  gənclərə doğru az qala qışqırdı. Onların heç bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən biri ayaq saxlayaraq
-  Onda o blankı yaz,  bizə zəng elə, gələk çəkək.-dedi.






5.08.2017

Müsahibə: Elvin Paşa və Ülviyyə Tahir

Qara qutu" kitabının müəllifi Elvin Paşa və "Ortaq şəhər" vә "Buqәlәmun" kitabının müəllifi Ülviyyə Tahir ilə maraqlı video müsahibə
Çəkiliş üçün İçəri Şəhərdə yerləşən "Darçın" restoranına təşəkkür edirik

5.06.2017

"Üzü Cəhənnəmə" və Ceylan Mumoğlu - Düşüncələr

Dəyərli yazıçımız Ülviyyə Tahirin "Üzü cəhənnəmə" əsərini oxumaq şansına sahib olduğum üçün çox sevincliyəm. 😊 Əsəri oxumağa başladığım gün Ülviyyə xanımla qısa bir dialoqumuz olmuşdu. Ondan əsərin ilk on səhifəsində on doqquz rəqəminin təsadüfən seçilib seçilməməsi haqqında soruşmuşdum. O isə rəqəmi planlı seçmədiyini yazmışdı. Həmin vaxtlar əsəri oxuyub bitirə bilməmişdim, çünki evimizə "Sapiens" kitabı girmişdi, tarixçi qanım qaynayıb onu oxumağa başlamışdım) Dünən gecə ilham gəlmişkən "Üzü cəhənnəmə" əsərini oxudum bitirdim. Və anladım ki, on doqquz rəqəmi heç də məni təsadüfən çəkməyibmiş, bu haqda sonda yazacağam.
Roman təsirli romandır. 212 səhifəlik bu romanı birnəfəsə oxumaq mümkündür, çünki dili sadə, axıcıdır. Süjet xətti maraqda saxlayır. Yazıçı 91-92-ci illərdəki müharibənin qızğın çağındakı atmosferi aran rayonlarından bir kəndin daxilində baş verən hadisələrlə çatdırmağa çalışıb. Doğrusu, uzun zamandır ana dilimizdə mütaliə etmədiyim üçün bu əsər mənə dərman kimi gəldi. 🙂Elə sözlərlə rastlaşdım ki, lüğətimzidə olmasından xəbərsiz idim. Bu bəyəndiyim cəhətlərdən biri oldu. Yazıçını alqışlayıram. Əsərdə təsvir edilən üç nakam sevgi hekayəsi və gənclərin başına gələn hadisələr təsirləndirməyə bilməz. Xüsusilə gənclərin həyatlarına qabarıq şəkildə müdaxilə edilməsi, seçimlərinə böyüklərin qərar verməsi gözəl işlənib. Bəyənmədiyim cəhət müharibə şəraitin solğun çatdırılması idi. Bu da yəqin olayların arxa cəbhədə baş verməsi ilə bağlı ola bilərdi. Bütövlükdə əsəri oxumaqdan müdhiş zövq aldım. ☺️
Gələlim, on doqquz rəqəmi ilə bağlı qurduğum əlaqəyə: Əsərin sonunda Firuzənin xəstəliyi səbəbindən kəndi tərk edib qaçmış Sabitin on doqquz il sonra kəndə qayıtması və hər gün yola çıxıb sevgilisini gözləməkdə olan, artıq hamının dəli sandığı Firuzəni götürüb aparması, sonda bütün çətinliklərə baxmayaraq sevginin qalib gəlməsini oxuculara aşılamaqdadır. Qurani-Kərimdə 19-cu surə Məryəm surəsidir və 96-cı ayəsində deyilir: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq".
Bax belə :) Bu da qurduğum əlaqə)
Yazıçıya əsəri oxumaq üçün mənə göndərdiyinə görə minnətdarlığımı bildirir, gələcək yaradıcılığında uğurlar arzulayıram! Var olun, Ülviyyə xanım! 

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...