Əslində, harada və necə
oturmağımdan danışmalıydım. Ondan əvvəl də bura necə gəlməyimdən bəhs etməliydim.
Amma izahat gözümdə dağ kimi ucaldıqca mən susurdum. Çünki hadisənin bütün
aspektlərini işıqlandıra biləcəyimdən əmin deyildim. Fikrimcə, məni əmin
olmamaqdan daha çox yanlış anlaşılmaq
narahat edirdi. İkinci nüans tədricən mənim
əsas stereotipimi formalaşdırıb. Mahir bir yalançıya qədər gediləcək bir yol
cizdirib mənə. Amma həqiqətin pis üzü niyə qorxunc gəlib ki...Yox, hardansa
başlamalıydım. Elə dayandığım yerdən.
Qarşımda geniş bir dəhliz
var idi. Bir uşaq üçtəkərli velosiped sürürdü. Velosiped o dar dəhlizdə özünə
dairə cizir və dairə genişləndikcə velosiped sürən uşağın üzündəki ifadə sərtləşirdi.
Əldə etdiyi imkanlar onun təbəssümünü deyil, qüdrətini artırırdı bəs-bəlli.
Velosiped sürülürdü, dəhliz genişlənirdi. Sonra velosipedin üzərindəki uşaq
böyüməyə başladı. Dəhliz də onunla paralel olaraq genişlənirdi. Mən yenə həminki
yerimdə oturmuşdum. Çömbəlib oturduğum zamanın içindən nəhəng dəhliz keçirdi.
Üçtəkər velosipedin bir təkəri mənim boyda idi. Təkərin arada ötəri dairə
cizdiyi yerdən böyük bir şəhərə nəfəslik açılırdı. O nəfəslikdən nəhəng göydələnləri,
geniş küçələri yerimdən durmadan belə görürdüm.Məftillərə asılmış plastik sellofanların
yaşı minə yaxınlaşırdı. Küləyin boz üzü onları cırmaqlayıb naziltmişdi. Boz sərçələrin
qara qarğalara uduzduğu məkana çıxan dəhlizdən, deyəsən, özüm də qalxıb getmək
istəmirdim.
Dizlərim göyərirdi. Uşaq usanmadan velosipedini sürməkdə davam
edirdi. Üçtəkər velosipedini görünməz bir əl ikitəkər etmişdi. Ayaqları uzanır,
göydələnlər uzanır, isaq-musaq quşu “tapdın-tapmadım”binaların arasından səsləşirdilər.
Həyatımda çox işlər aşırmışdım, amma ilk dəfə uşaq qatillərinə haqq
qazandırmaq istəyirdim. Məmnuniyyətlə dəhlizi genişlədirib o şəhərə lağım atan
bu uşağı öldürərdim, öz bəraətimə də imza atardım. Amma yerimdən qalxa
bilmirdim. Göyərən dizlərim artıq yerə kök atırdı. Ən qəribəsi isə mən bu kökatmadan
zövq almağa başlamışdım. Ağrı iliklərimə qədər işləyir və həzdən gözlərim süzülürdü.
Adəmin Yerə sürgünündən, Qabilin Habili öldürməsindən zövq alan birinə çevrilmişdim.
Ağrı mənim zövq mənbəyim olmuşdu. Ağrılarım artdıqca velosiped sürən uşağın üzü də kabuslaşırdı. Göydələnlərdən
yerin tərkinə ip atan Məlikməmmədin qardaşları quyularda məhv olurdular. Şəhər
canlı orqanizm kimi nəfəs alırdı. Mən isə hey kök atırdım.
O dəhlizdə nə qədər oturduğumu bilmirəm. Ümumiyyətlə, dəhlizin əvvəlindəmi, sonundamı olduğumu belə bilmirdim. Bəlkə də məni
buraya seçmişdilər. Bəlkə də min illik plastik sellofanlar kimi bu dəhlizə
ilişdirilmiş sonuncu insan idim. Təsəvvürümə güldüm. İlahi, görəsən, Yer kürəsinin
sonuncu Adəmi kim olacaq? Sonuncu insan... Şərəfdi, rəzalətdi, yoxsa 10 min illik
tənhalıq....
Əlimi hərəkət etdirmək istədim. Gözlərimin bərabərinə gətirməyə çalışdım,
suluqlanmış nəhəng barmaqlar gördüm. Uşaq yenə velosiped sürürdü. Gözlərim əllərimə
sataşanda onun da üzü kölgələndi.
Nəzərlərimi uşaqdan çəkib yenə
düşüncələrimə daldım. Sonunda kimsə gələcəkdi də mənə hesab soruşmağa. Kiminsə
dəhlizi olmalıdı bura. O qədər imkanlarım olub,qılıncımın dalı da, qabağı da kəsib,
bircə dəfə ağlıma gəlməyib ki, belə bir dəhliz saldırım. Görəsən, edərdim? Hər
halda belə dəhlizə sahib olmağı arzulasam da, bu velosiped sürən uşağı orada çətin
istəyərdim.
Sonuncu hadisələr ötəri, uzaq bir ilğım kimi ağlımdan keçir. Nəhəng
simpozium idi. Oraya kortejlə gedəcəkdik. Arvadım 3 aydan bəri komada idi. Onun
ölümünün tez olması mənim üçün yaxşı avantaj idi. Lakin uşaqlarla münasibətlərimi
pozmaq istəmirdim. Hər ay ona pul ayırır və müalicəsində etdiyim səyləri, demək
olar ki, hər gün həkimlərin dili ilə onlara çatdırırdım. İllərdir ölü ailə
statusunun, ölü, ya da komada olan qadının mənim üçün nələrsə ifadə etdiyini çətin
deyə bilərdim.Ümumiyyətlə, ilk dəfədir ki, bu barədə düşünürəm.
Qəfildən velosiped sürən uşaq dəhlizin tam genişləməsindən istifadə
edərək özünü şəhər istiqamətinə vurdu. Sanki dəhlizin divarları yox imiş, şəhər
ovuc içi kimi qarşımızda açıldı. O an mənə “qalx” deyə əmr gəldi. Mənə
deyildimi,yaxsa batini bir təlqinin hökmü iləmi uşağın ardınca qalxdım. Elə
onda fərq etdim ki, bu dəhliz – özüməm. Köklü-köməcli qalxıb uşağın ardınca
yollandım. Amma mən yeridikcə əlimdən-ayağımdanmı deyim, yoxsa köklərimdənmi,
milyonlarla insan asıldığını fərq etdim. Hey nələrsə deyir, zarıyır, qışqırır və mənə nəlsə
çatdırmaq istəyirdilər. Mənsə nəhəng idim! O qədər böyümüş, yüksəlmişdim ki,
bütün bu səs-küy mənə vızıltı kimi gəlirdi. Gözlərimin qarşısında nəhəng bir şəhər
və velosipeddə qarşımda şütüyən uşaq var
idi. O, velosipedini at kimi sağa-sola səyirtdikcə
mən addımlarımı daha sürətlə atırdım. Hər addımdan şəhər silkələnirdi.
Ayaqlarıma yapışanlar daha da çoxalır, sürətim zəifləyirdi. Lakin bu mənim
şövqümü azaltmırdı. İstək, ehtiras şiddətlənirdi. Yenidən fikirlərimə qayıtdım.
Dəhliz mənəm, yaxşı, bəs məni kim bu vəziyyətə qoyub. Dayandım. Əllərimi
qaldıraraq yenə baxdım. Şəhərin göydələnlərindən birinin şüşələrində özümə nəzər
saldım. Bu görkəmimlə ancaq fəxr edə bilərdim.
Başımda, saqqalımda insan qaynaşırdı. İlahi, onlar niyə bu qədər çoxdurlar? Niyə
bu şəhərə səpələnmirlər, hamısı mənə dırmaşıblar? Cavab axtarmaqdan çəkinib yenə
irəli baxdım. Şəhər kiçildikcə uşaq böyüyürdü.
Kortejdə iki eyni avtomobil gedirdi. Mən ikincidə idim. Bu məlumatı
kim ötürmüşdü, görəsən onlara? Böyük
gurultu eşitdim. "Başçını vurdular..."-qulaqlarımda uzaq bir səda
kimi qalıb bu sözlər. Sonra heç nə... Daha heç nə xatırlamırdım. Özümü ələ alıb
ətrafda insan axtardım. Öz üzərimdən sallaşan çəlimsiz və zəif qara kütlədən fərqli
insan görmək arzusu ilə əlimi günlük edib nəzərlərim yetdiyi yerə qədər baxdım.
Heç bir yerdə bəşər nəzərə çarpmırdı. Elə mənim də insan axtarmağım gülünc idi.
Çünki özüm qətiyyən hansısa varlığa bənzəmirdim. İnsan olduğumu kim demişdi? Velosipedli
uşaq var qüvvəsi ilə məndən uzaqlaşmağa cəhd edirdi.Ayaqları yorulmadan hərəkət
edir və üfüqə dikilmiş gözləri ümidlə parlayırdı.
“Qalx, get!” – əmrinə rəğmən dayandım. Yenə çömbəlib oturmağa cəhd
etdim, amma bacarmadım. Əvvəldə belə oturduğumu zənn etmirəm, ola bilsin ki, mənə
elə gəlib. Özünə etibarın qalmamağı budur da. Bu halımla “özüm” deyə nəyə və
kimə xitab edəcəyimi də bilmirəm. Ümumiyyətlə, əgər düşünə bilirəmsə, o an
hansı formada olmağımın nə əhəmiyyəti var? Öz yeni surətimi tanımağım, ona
alışmağım nə qədər sürər? Bu an o qarşıdakı velosiped sürən uşaq mənəmsə, onda
bu ağlasığmaz ölçülərdə böyümüş nəhəngin içindəki kimdir? Bu nəhəngi kim
yaradıb? Əgər mən yaratmışamsa...Axı mən
yaradıcı deyiləm. Bu sual cavabsız qalır. Azad iradə. Bəli, insan azad iradəyə
sahibdir və Yaradıcı yoxdur. Mən həmişə bu fikrin tərəfdarı olmuşam. Yaradıcı
yoxdur! Yaradıcı yoxdur! Səsimə güc verərək bütün şəhərə hayqırdım. Şəhərin nəhəng
göydələnləri səsimə əks-səda verib özümə qaytardı. O an öz yeni surətimi kəşf
edəndən bəri ilk dəfə səs çıxartdığımın fərqinə vardım. Köklü-köməcli bir səs
idi. Şəhəri səsimlə yoxlamışdım. Bom-boş imiş. Bəs bu şəhəri kim inşa edib? Axı
bu göydələnlər özü buralarda peyda olmayıb ki... Yenə qaşqabağımı tökdüm.
Yaradıcı. Kimsə mənə mesaj vermək istəyir, şifrəni çözmək istəyir. Şifrə ya o
velosiped sürən uşaqdadır, ya da... İkinci ehtimalı düşünəndə tüklərim biz-biz
oldu.
Addımlarımı sürətləndirməyə çalışdım.
Lakin məndən sallaşan insan kütləsi buna imkan vermirdi. Onlardan qurtulmalı
idim. Ayağımı yerə möhkəm çırpdım. Asfalta saysız-hesabsız çəlimsiz insan səpələndi.Onlar
ölür, əzilir, tapdanır, amma yenə də mənə dırmaşmaqdan vaz keçmirdilər.Gözləri
nə bu boş şəhəri, nə də bu gözəllikləri görürdü. Sadəcə olaraq, instiktləri mənə
dırmaşmalı olduqlarını onlara təlqin edirdi. Bu təlqin genetik idi, ya sonradan
qazanılmış – orası mənə də naməlum idi. Axı
kol-kos basmış bu nəhəng insanın üfunət dolu cismində yaşamaq niyə onlara bu qədər xoş gələ bilərdi?
Dilemma ola bilməzdi. Cavabı eşitməyə qorxurdum. Bu dəfə qorxum əmin
olmadığımdan deyil, yanlış anlaşılmaq dərdimdən heç deyil, birbaşa qorxunun
özündən qaynaqlanırdı. Bu qorxunu hiss edəndə dayandım. İbtidai duyğularım hərəkətə
keçmişdi. Həqiqəti bilmək, şifrəni çözmək nəyimə lazım idi? Ümumiyyətlə,axı kimə
lazımdır bu həqiqət? Bəlkə, öyrənmiş olsam, daha pis vəziyyətə qalacam? Suallar
addımlarımın sayına paralel olaraq artırdı. Qorxunun təlqini ilə addımlarımı
daha da sürətləndirirdim. Bəli, o uşağa çatmaq lazımdır. Mən kortejdəki sonuncu
avtomobildə idim.Arvadım komada idi. Sonra gurultu eşidildi. Qan boğazımdan
fışqırırdı. Onu sevirdim? Arvadımı
sevirdim? Yox, nə vaxtsa sevmişdim. Sevgi yaddaşımda sarı yonca çiçəklərinin
aprel günəşinin altında nazlanması kimi ilişib qalıb. Onda arvadım gənc idi. Bəlkə
də bu, yüz min qara tel öncə baş vermiş əhvalat olub. Sonra qadın ismi cəm şəkilçisi
qəbul etdi. Cəm çəkilçisinə baxıb həzz növlərini uydurdum. Həzz növlərini uydurduqca yonca çiçəkləri uzaqda
ilğıma çevrilməyə başladı. Bu ilğımı, nədənsə, qarşımda şəhərin boş küçələrində
velosipedinə usanmadan qüvvə qatan uşağı izləyərkən xatırlamışdım.
Sürəti daha da artırdım. Ayaqlarımdan başıma doğru tüstü qalxırdı.
Diqqət edəndə gördüm ki həmin cılız insanlardan bir neçəsi oturduqları ayağıma
od vurublar. Üsyan etmişdilər. Sistem özü işə düşdü. Saqqalımda toplaşanlar cəld
müdaxilə etdilər. Əllərində silah və içki şüşələri həmin məntəqə istiqamətində
yollandılar. Silah qorxutmaq, içki unutdurmaq üçün idi.Bunu onlara dediyimi
xatırlayıram. İpləri əlində saxlamaq üçün can qayğısı çəkənə göz ağartmaq, çox
sual verənə içki təklif etmək köhnənin adətidir. Şəhər bitirdi. Dayanıb azacıq nəfəsimi dərmək istədim. Velosipedli uşaq da dayandı.
–
Heyyy, – deyə səsləndim,– heyyyy, balaca,
sən kimsən? dayan!
Səsim ona çatdı, deyəsən. Döndü. Başında araqçın varmış. Ancaq indi görmüşdüm.
Diqqətlə əyin-başını süzdüm. Köhnə arxalığı və qırmızı şalvarı vardı. Dönüb məni
uzun-uzadı süzdü.
–
Bura gəl! – Öz böyüklüyümdən istifadə
etmək üçün amiranə tərzdə dilləndim.
O isə başını buladı.
– Bura gəl! Gəl, gör sənə nə verəcəm, – o nəhəng əlimi olmayan cibimə
aparırmış kimi hərəkət etdim.
Kürəyini mənə çevirərək yenə üfüqə daldı. Uzaqdan o balaca canı ilə
elə sirli və müəmmalı görünürdü ki, bir kəlməsinə bütün qüdrətimi, hakimiyyətimi
verə bilərdim. Qəfil dönüb yenidən mənə sarı boylandı.
– Sən gəl! – Nəhayət, ilıq səsi ruhuma sığal çəkdi.
– Böyüklərin ayağına gəlinər. Sənə öyrətməyiblərmi? – Cümlə ağzımdan çıxmamış
nə boyda risk etdiyimi anladım. Amma artıq gec idi. Reaksiyasını gözləməkdən
başqa çarəm qalmadı.
–
Əminsən? –Üzü soyuq ifadəyə bürünmüş
halda soruşdu.
Əminlik...Bu mənim heç vaxt əmin olmadığım məsələlərdən biri olub. Nəyə
əmin olmuşam ki indiyə kimi...Öz görkəmimə baxdım, boş şəhərə baxdım... halımı
çözəcək tək əlac sahibinə baxdım və titrək səslə:“gəl”, – dedim.
Uşaq sakit halda bütün şəhəri nəzərdən keçirdi, sonra əlini günlük
edib üfüqdə günəşi süzdü. Qəfildən at belinə sıçrayırmış kimi velosipedə mindi.
O mənə tərəf gəldikcə bütün dünya canlandı, atlı olub arxasınca düşdü. Hər şey
yerlə yeksan olurdu. Üfüq yerə gömülür, günəş dartılıb səmadan qoparaq aşağı enir,
şəhərin göydələnləri yerə batırdı. Uşaq isə mənə tərəf gəldikcə nəhəngləşirdi.
O artıq bayaqkı uşaq deyildi. Böyüdükcə böyüyürdü. Sanki arxasında dağılan
dünyanın bütün qüdrəti ona yüklənirdi. Bədəni nəhəngləşir, nəhəngləşirdi.Həmin
nəhəngin mənim yanıma çatmağı, bəlkə də, illər sürdü. Zaman o an mənim açıla qalmış ağzımla heybət duyğumun
arasındakı anda itmişdi. Həmin nəhəng mənimlə qarşı-qarşıya dayananda sanki özümü güzgüdə gördüm.Artıq gec idi...
Hiç yorum yok:
Yorum Gönder