2 iyun 2018-ci ildə Səməd Vurğunun ev muzeyində yazar Ülviyyə Tahir oxucularla görüşüb. Görüş zamanı yazar "Nəsrin 4 Mövsümü" mövzusunda mühazirə oxuyub və modern Azərbaycan nəsrindən, oxucu və yazar münasibətlərindən bəhs edib. Görüşü açıq elan edən Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq "Avtoqraf" klubundan bəhs edərək, sözü yazarın "Ortaq Şəhər" hekayəsini qiraət etmək üçün şair Rəşad Nağı Mustafaya verib. Sizə yazarın həmin mühazirəsini və redaktoru Sevda Məmmədovanın payızda nəşrə gedəcək "ALJİR" romanının təhlilini təqdim edirik.
"Sizə bu gün son 8 illik ədəbiyyat təcrübəm və
müşahidələrimdən bəhs edəcəm.Düzdür, 8 il ədəbiyyat adlı bir sonsuzluqda bir
damladır. Xüsusilə, Selincer kimi dahi “Çovdarlıqda ucurumdan qoruyan”ı 9 ilə
yazıbsa... Lakin zamanın əvvəlki keyfiyyətinin qalmadığını hər birimiz bilirik.
Bizim nəsil hər şeyi sürətli tükədir. Əgər Ceyn Ostinin Emması yazdığı məktuba 1 ay səbirlə cavab gözləyirdisə, bu günün
Emması o zaman ərzində həm aşiq ola bilir,həm ayrılır, həm də eşq əzabı çəkə
bilir. Ona görə bu günün 8 ilini əminliklə keçmişin 20 ilinə bərabər olduğunu
söyləyə bilərik. Bu anda mən qətiyyən bu 8 ili qabartmaq fikrində deyiləm. Sadəcə
olaraq gənc yazarla, orta yaşlı yazarın arasında dayanan bir yazıçının fikirlərini
sizinlə bölüşmək istəyirəm. Mühazirəyə hazırlaşan zaman nə deyəcəyimi
uzun-uzadı düşündüm. Axı hər zaman fikirlərimi bədii mətnlə dilə gətirmiş
adamam. O anda barmağımı dişlədim. Dadi- bidad, biz yazarlar mətnlərin arxasına
sığınmış adamlarıq. Biz öz etirazlarımızı bu şəkildə dilə gətiririk. Yəni, ədəbiyyat
qəbul edilmiş insanlar tərəfindən deyilən nəhəng yalandır. Amma bu yalan özündə realığı ehtiva etdiyinə görə insanları cəzb edir. İnsan niyə özü üçün bunları
uydurub? Musiqini, nəsri, şeiri, incəsənəti? Çünki insan bu ağır həyatını
bu şəkildə yüngülləşdırmək və gözəlləşdirmək istəyib. Qobustanda qaya rəsimlərini
cizən insandan tutmuş, bu gün adi cızma-qara edən yazarın bir əbədilık istəyindən
daha çox zövq almaq yüklənir. Missouri-St Louis universitetinin professorlarından biri olan Jozef Karoll
bildirir ki, hekayə danışmaq və dinləmək bizə başqaları haqqında bilgi verir və
empati duyğumuzu inkişaf etdirir. Yəni ədəbiyyatın bu
funkisiyasını da danmaq olmaz.
Azərbaycan
kimi periferik məkanlarda yazar kütlənin istəklərindən
daha çox, sistemin dediklərinə yüklənir. Buna sübut olaraq Sovet dövründə
yazılan əsərləri, sifarişləri göstərə bilərik. Lakin ədəbiyyatın bu qarışıq
dövründə biz fəqli yanaşmaları da görə bilirik. Hərçənd bu yanaşmalar bəzilərinin
həyatı hesabına başa gəldi, amma yenə ədəbiyyat tarixinə düşə bildi. Bunu “Oxu
tar, oxu tar! Səni kim unudar?” deyənə qarşılıq olaraq sistemin diktəsi ilə “Oxuma
tar, oxuma tar! Səni sevmir porletar!” kimi də görə bilərik. Lakin bizim bu
andakı fokuslandığımız məsələ nəsr olduğuna görə poeziyadan- nəhəng Caviddən,
Vurğundan yan otərək, Məmməd Səid Ordubadidən, Mehdi Hüseyndən və İsmayıl Şıxlı,
İsi Məlikzadə kimi nəhənglərdən danışmalıyıq. Mühazirəyə ad seçərkən “Nəsrin 4
Mövsümü” adı üzərində dayandıq. Niyə 4 mövsüm? Bir anlıq xəyalıma “Azərbaycan nəsrinin baharı hardan başlayır?”
sualı gəldi Torpağin bağrını yaran lalə torpağa əziyyət verdiyini düşünməz. Biz sanki 60-ci illər nəsri ilə
baharı yaşayarıq. Elçin, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə. Əsas bu 3 nəfərin
adını çəkə biləcəm. Çünki onların əsərləri ilə böyümüşəm.Elə İsi Məlikzadənin
“Dədə Palıdı” və “Quyu” nu oxuyanda ürəyimdə bir yara qövr etdi. Düşündüm ki,
görəsən mən nə vaxtsa İsi Məlikzadə kimi yaza bilərəm? Ya da Elçinin “Ölüm
Hökmü”... Bu gün ürək ağrısı ilə düşünürəm ki, görəsən Elçinin, İsi Məlikzadənin əsərləri
dünya ədəbiyyatına çıxarısaydı... Bu hələ də mənim üçün sual olaraq qalır... Elə
bu fikirlədə bu yaxınlardayazar Həmid Piriyevin Paulo Koelyo ilə Orxan Fikrətoğlunu
müqayisə edən yazısını oxudum. Düzdür, bəzi nüanslarla razı deyiləm. Xüsusilə
Orxanı Paulodan daha qüvvətli yazar hesab edirəm.
Lakin bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm
ki, bizim ədəbiyyatımızda poeziya daha ötkəm sözə malik olub. Axtarış versək yenə qarşımıza nəsr nümayəndələrindən daha
çox nəzm nümayəndələri çıxar. Qəribə burasındadır ki, bu qədər nəzm rəqabətində
və sözlərin və hisslərin bu qədər tərənnüm olunmasına rəğmən yenə şairlərdə
yeni söz demək cəsarəti tapılır. Bunun səbəbi isə genetik yaddaşımızda yatır.
Əgər ədəbiyyat tariximizə nəzər salsaq Don Kixot yazılanda bizdə dastanlar
yaradılırdı. Buna qətiyyən etirazım yoxdur. Əslində dünya ədəbiyyatında elə bu
milli koloritlə çıxış etsək? Nəzmlı nəsrin görüşdüyü bir mətnlə-
dastançılıqla?....
Ümumiyyətlə nəsr nəzmdən fəqli olaraq
dözümlülük və səbir tələb edir. Yazar o sözləri yonmalıdır və şəkilə
salmalıdlır. Lakin bu anda etiraz edə bilərsiniz ki, Azərbaycanda nəsrlə məşğul
olanın da elə nəzmlə məşğul olan qədər cəsarətə ehtiyacı var. Çünki ədəbiyyatın
tanrılarından hesab olunan Borxes deyir ki, daha ədəbiyyatda heç bir yenilik
etmək mümkün deyil. Hər bir qəlib oturuşub və biz o qəliblərdən kənara çıxa
bilmərik. Bunu Azərbaycana tətbiq etsək biz uduzmuş hesab olunuruq. Niyə? Çünki
Azərbaycan oxucusu bizi oxumur. Bu nüansı burada yadda saxlayaq və oxucu məsələsini
araşdıraq. Daha sonra niyə bizi oxumurlar və hazırda problem nədir? Bu prosses (yəni yeni müstəqil olmuş dövlətin
milli ədəbiyyatının formalaşması) digər ölkələrdə necə yaşanıb onu araşdırarıq,
Nabokova görə oxucu aşağıdakı kateqoriyalara
cavab verməlidir
1.
Oxucu bir kitab klubuna üzv
olmalıdır
2.
Oxucu diqqətini sosial-iqtisadi
aspektlərə yönəltməlidir
3.
Oxucunun fantaziyası olmalıdır
4.
Oxucunun bədii zövqü olmalıdır.
Artıq yeni
nəsil yetişir. İnformasiya bolluğunda yaşadığımız bir zamanda kitabın oxunması
da ölkələrə görə dəyişir. Hazırda dünyada kitabxana və oxucu statistikasına görə
ilk yerdə gedən Finlandiyadır. (mənbə:CNN) Deməli mütaliə üçün yetişən nəsil də
vacibdir. Sovet dövründə mütaliə etməyən adam nadir olardı. Bu gün isə bu sadəcə
olaraq müyyən qrupların fəaliyyət dairəsi olub. Bir dəfə klişə də olsa belə söz
deyilmişdi: Azərbaycan oxucusu hər an potensial yazıçı olacaq vəziyyətdədir.
Niyə azərbaycanlı oxucu yazıçı olmaq fikrinə düşsün ki? Bu o zaman meydana çıxa
bilər ki, sən dərzinin yanına gedərək onun işini bəyənmərsən və daha yaxşısını
etmək fikrini özünə aşılayarsan. Yaxşı bu gün intelektual oxucu niyə orta
statistik yazarı bəyənmir? Banu Avar bunu belə izah edir: “3 –cü dünya ölkələrinin
insanın özünü kiçik görmək aşılanar. Onlar daim özünə inamsızlıqdan əziyyət çəkər
və kənardakı daha gözəldir fikri ilə yaşayarlar. Bu da müstəmləkə
psixologiyasından irəli gələr”. Yaxşı qonşu Gürcustan və Ermənistanda niyə belə
deyil? Çünki acı da olsa bu həqiqətə boyun əyməliyik assimlasiyyaya meyillik.
Bunu bu gün sübut edən sovetdən qalma elitanın rus dilində, yeni formalaşan
elitanın isə Türkiyə türkcəsində danışmasıdır. Yeni formalaşan nəsli hec demirəm,
artıq göz qabagındadır.
Orta statistik məlumatlara əsasən kitab mütaliəsi
ilə tənha insanlar daha çox məşğul olurlar. Lyosa isə mütaliədə
qadınların daha çoxluq təşkil etdiyini deyir.
Onda niyə Azərbaycanda oxucunun olmamasından
şikayət var? Belə bir analoji oxşarlıq üçün qonşu ölkələrə boylandım. Elə ilk diqqətimiTürkiyə cəlb
etdi. 1923-cü ildə ölkə respublika elan olundu. Əlifba dəyişdi. Artıq köhnə nəsillə
yeni nəslin arasında “Atalar və Oğullar”
davası qızışdı. O zamanı əks etdirən bir esse əlimə keçdi. Esse 1936-cı
ildə yazılıb. Essenin müəllifi Ahmed Hamdi Tanpınardır. Tanpınar türk yazarının
niyə oxunmamasını sual edir və buna 3 dəlil göstərir:
“1.Türk romançısının cəmiyyətlə və xalqla bağlılığı qopuqdur.
2.Qərb müəlliflərinin təsiri altındadır
3. Səmimi deyil
Amma Tanpınar bu 3 dəlilin də yola veriləcəyini
qeyd edərək əsas deyilməyənin üstündə fokuslanır. Bəs görünməyən nədir? Görünməyən
budur ki, türk romançısı konkret bir həyat tərzinin adamı ola bilmir. O təqlidçidir(hazırda
əziyyət çəkdiyimiz nüans) və fikirlərlə yaşayır. Bu da cəmiyyətimizdə nadir
hadisələrdən olduğundan elə fikirlərində qalır(Tanpınarın dediklərini indiki Azərbaycana
tətbiq etsək: Yazar sosial şəbəkədə status
yazmaqla kifayətlənir) Daha sonra isə Tanpınar qeyd edir: “Respublika
qurulandan bəri ədəbiyyat ümumi həyatın dalınca düşüb. Halbuki başqa ölkələrdə
ümumi həyat ədəbiyyatı güclə izləyir”. Buna bir məsələni bizdən nümunə göstərə bilərəm. Bir dəfə
İlqar Fəhmi müsahibələrindən birində Azərbaycanda nəqliyyat ədəbiyyatının
formalaşdığını qeyd etmişdi. Yəni bizdə ədəbiyyat ümumi həyatla uzlaşır, ümumi
həyata yön vermir. Bu anda etiraz edə bilərsiniz ki, ədəbiyyatın hansIsa insanı
xilas edəcəyinə inanmırıq. Bunda etiraz olaraq iki misalı deyə bilərəm.
1.
Stalin belə özünə mübariz qismində
Koba ləqəbini götürmüşdü. Bu onun bütün həyatını dəyişmişdir. Koba bir gürcü
romanında çar Rusiyasına qarşı vuruşan qəhrəmanın adıdır.(Stalini xilas olunmuş hesab etməyə də bilərsiniz)
2.
Tolstoy özündən sonra böyük bir əxlaq
məktəbiu qoyub getdi. Hətta repressiya illərində Rusiyada tolstoyçuları ayrıca
axtarıb güllələyərdilər.
İndi
yenə qayıdıram bizim Həmidin məqaləsinə. Həmid deyir ki, yazar kimi önə çəkilməyən
Orxan zorxanada Xeyberlə dostluqla kifayətləndi. Mütaliəsi bol adam kimi deyə
bilərəm ki, Orxanın yazar olduğunu 2000-ci illərdə öyrəndim. Adamın şou kimliyi
yazar kimliyini tamamilə gizləyib. İngilis dilində bir mətn əlimə keçdi. Orada
hekayəni oxuyub imzaya diqqət etdim. İnana bilmirdim ki, bizim ədəbiyyatda beə
güclü bir yazar var. Bunun da özünməxsus səbəblərini bilirsiniz. Bəzən nəhəng
palıdlar kövrək ağacların məhv olmasına səbəb olarlar. Bu qəsdən olmaz, təbiətin
və cəmiyyətin öz qanunları var. Yenə Tanpınara müraciət etsək o yeni qurulmuş
respiblikada bir yazarın oxunması üçün mütləq kompleks işlərin görülməsini göstərir.
Kompleks işlər nədir?
Hamınızın sevdiyi bir məşhur əsər var.
"Balaca Şahzadə" Çoxunuz əminəm ki, onu oxumusunuz. Orada bir nüans
var. Deməli Türk kosmonavtı Balaca Şahzadənin olduğu planeti kəşf edir. Amma
onu geyiminə görə qəbul etmirlər. Sonra o yenidən buna cəhd edir. Amma bu dəfə
geyimini dəyişərək gəlir. Təsəvvür edin Ekzüperi burada nə böyük bir həqiqəti
çatdırır. Təqdimolunma. Biz mətni necə və harada təqdim edirik? Bu gün
bestseller olan kitablar həm də ona görə bestseller olur ki, onları satanlar onlarla
maraqlıdırlar. Kitabı biznesə çevirə biliblər. Halbuki mən əminliklə deyə bilərəm
ki, Tanpınar qat-qat Pamukdan əla yazır.
Oxucuların vəziyyətindən bəhs etdik. Yenə həmin
məsələyə qayıdıram. Ümumiyyətlə uzun illərin kitabla münasibəti mənə bir
xüsusiyyəti aşılayıb. Mütaliə özü böyük bir oyundur. Necə ki, birinci “leveli”
aşmasan, ikinci və üçüncü “level” gəlməz. Ona görə hər oxucunun oxuduğu mətni müəyyənləşdirmək
lazımdır. Bu yaxınlarda oxuculardan biri şikayətlənərək bildirdi ki, sizin “Buqələmun”
romanınız hekayələrinizdən qat-qat yaxşıdır. Mən oxucunu səbirlə dinlədim və
fikirlərinə görə ona təşəkkür etdim. Çünki o onu oxuyacaq və sevəcək
durumdadır. Bu halda qətiyyən hekayələri bəyənənləri ali səviyyəyə daşımıram.
Sadəcə olaraq bu oyunun hansı “level”ində olursunuzsa, olun Mövlanə demiş gəlin.
Tolstoyun “İvan İliçin Ölümü”nü asanlıqla mütaliə edən onun 800-dən çox obrazın
olduğu “Hərb və Sülh”ü oxumaq istəməz. Bu qətiyyən oxucunun vəziyyətinin pis
olmasından xəbər vermir"
Sevda Məmmədova: "ALJİR –
vətən xainlərinin qadınlarının düşərgəsi... Əslində roman da bir-birinə
hörülmüş həyat hekayələrindən ibarətdir. 37-ci il repressiya qurbanlarının
taleləri az-çox təxmin ediləndir. Roman zaman baxımından geniş bir dövrü əhatə
edir. Hekayələr paralel məkan və zamanlarda baş verir. Obyektiv növbə ilə həyatdan
qoparılan məhbusları, uzaq Qazaxıstan çöllərində həyata tutunmağa məcbur edilən
qadınları, fərqli zamanda isə həmin qadınlardan qoparılmış azyaşlı körpələrin gələcək
talelərini, qopmuş və iflasa uğramış valideyn-övlad münasibətlərini
işıqlandırır. Bu qədər ağrılı, kədərli hadisələrin müqabilində təhkiyə dili son
dərəcə sadədir. Müəllif sadəcə hadisələri təsvir edir, ruh halının təsvirini isə
oxucunun öhdəsinə buraxır. Bəzən sadəcə bir hərəkət, yaxud bir replika obrazı “ələ
verir”. Deyim ki, mənim çox sevdiyim, mənə yaxın olan təhkiyə üsuludur. Kortəbii
sevdiyim əsərlərə sonra təkrar qayıdanda özümçün kəşfim olub ki, məhz bu cəhətinə
görə o əsəri sevmişəm. Məsələn, Tolstoyun Annası Vronski ilə tanış olduğu
Peterburq səfərindən qayıdanda əri onu perronda qarşılayır və qadının onu görəndə
ilk düşüncəsi bu olur: “ilahi, onun qulaqları niyə belə böyüyüb”. Bu bir cümlə
qadının ruhunda baş verən dəyişikliyi ən incə detalına qədər açıqlayır. Yaxud Elçinin
çox sevdiyim bir povesti var. Qız atasız böyüyür, anası deyir ki, atası müharibədə
ölüb. O da həmişə yuxuda döyüş səhnəsi görür, atası yaralanıb, onun yaralarını
sarıyır, atası da yekə, isti əlləri ilə onun saçlarını tumarlayır. Və bu yuxular
o vaxta qədər davam edir ki, bir gün qız böyüyür və dərk edir ki, atası müharibədə
ölə bilməz, çünki o, müharibədən neçə il sonra dünyaya gəlib. Daha o yuxuları
görmür. Əsərin sonunda epizodik bir insanın onun həyatındakı rolunu göstərmək
istəyən müəllif deyir, bu dünyada Məmmədağa vardı və onun yekə, isti əlləri
vardı. Sadəcə bir cümlə. Eyni təhkiyə üsuluna bu romanda da rast gəldim, məsələn,
əsas qəhrəmanlardan biri olan Füruzənin yoldaşı həbs edilir, övladı əlindən alınır, çox məhrumiyyətlərlə, aclıqla,
soyuqla, ağır fiziki işlərlə üzləşirlər və bir epizodda bircə cümlə qəfil həyatının
başqa, daha acınacaqlı tərəfini faş edir: Füruzə Sabirin sarışın saçlarını
tumarlayıb başını köksünə sıxdı, azərbaycan dilində yavaşca:
- Mən yenidən ana oldum. Amma unutmuşam,
unutmuşam ki, mənə axırıncı, ya da birinci dəfə kim zorlayıb.
Sabir
onun dediklərini şəfqətli bir söz kimi qəbul edib anasının boynuna
sarıldı.
Məhbus
paltarı ilə bağlı eyni maraqlı element də çox diqqətimi çəkdi. Həmin parçanı oxumaq
istəyirəm. Həm də bütün dövrlər üçün keçərli olan bir həqiqət də eyni sadəliklə
təsvir olunur: ideologiya uğrunda mübarizə aparanların həmin ideologiya tərəfindən
çarmıxa çəkilməsi ən təbii bir işdir.
Gələndən
bəri hey sükut edən məhkumun qəflətən dili çözüldü:
-
Bilirsən, mənim toppuş qızım var. Əlləri elə yumşaqdı ki... Dünya
qoxusu verir. Mən həmişə elə deyəndə anam hirslənirdi. Deyirdi, elə demə, dünya
yox, cənnət qoxusu de. Deyirdim, ana, mənim balam dünya qoxusu verir. Dünyanın ən
gözəl çiçəklərinin qoxusunu verir. Mənə görmədiyim cənnəti niyə vəsf edirsən. Mənim
cənnətim elə budur. Mənim xidmətlərim 15 dəqiqəlik məhkəməyə dəydi. Özümü
müdafiəyə imkan vermədilər. Axı niyə də imkan versinlər ki... Əgər kiminsə
haqqında artıq qərar vermisənsə, qarşı tərəfi dinləməmək hamımızın ümumi
halıdır. Güllələnmə. Tarixdə qalmağa cəhd edərkən gilyotinə göndərilmiş
Robespyer kimi hiss edirəm özümü... - danışa-danışa sövq-təbii olaraq
barmaqlarının arasındakı siqareti sümürdü. Sonra, deyəsən, onu da unutdu.
Siqaret barmaqlarının arasından düşərək
zolaqlı nazik kombinezonunu alışdırdı. Fərhad onun paltarının alışdığını
görən kimi əlini ataraq söndürməyə cəhd etdi. Məhbus bütün bunlara reaksiya
vermirdi. Fərhad onun yanında bir az oturub yerinə qayıtdı. Gecəyarı onu apardılar.
İki gün sonra onun
paltarını yeni bir məhkumun əynində gördü.
Paltarı yanıq yerindən tanımışdı
Fərhad. Məhkumu kənardan diqqətlə süzdü. Almacıq sümükləri çıxmış arıq,
35 yaşlarında biri idi. Küncdə oturub adamlara tamaşa edirdi. Qıvrım saçları saqqalına
qarışmışdı. İnsan ilk baxışda onun meşədən gəldiyini zənn edərdi. Fərhad onun
gözlərində indiyə kimi heç kəsdə görmədiyi qorxusuzluğu gördü. Gözləri par-par
parıldayırdı. Bu arıq, sısqa bədəndəki ruhun mətinliyi Fərhadı maqnit kimi özünə
çəkirdi. İki gün sonra özündən asılı olmadan onun yanına getdi. Bu iki gündə əynindəki
paltara görə ona yaxınlaşa bilmirdi. Elə hiss edirdi, sanki o paltarın içində
iki adam yaşayır. Nəhayət, marağı qorxusuna qalib gəldi. Adam çarpayısında
uzanmışdı. Ona yaxınlaşan kimi qalxıb oturdu və yanında Fərhada yer verdi. İlk
on dəqiqəni susdular. Sonra adam:
-
Təxminən, adamlar neçə gündən bir yox olur? - deyəndə Fərhad anladı
ki, gəldiyi az vaxta rəğmən, adam buranın nəbzini tuta bilib.
-
Uzağı bir həftə, yaxını iki gündən bir,- Fərhad laqeyd halda dilləndi,
- nədənsə, məni unudublar elə bil.
-
Çox adiləşib hər şey? - Adam
parlaq gözlərini düz Fərhadın gözlərinə zillədi.
-
Buradakı adamlar bozlaşıb. Fikir ver, hamısı sanki eynidir. Hamısının
gözlərində qoyun ölülüyü və ümidsiz ifadələr. Paltarlarının eyniliyi bu bozluğu
daha da artırır.
-
Ona görə də gedənin gələndən fərqi qalmayıb. İnqilab maşını hamısını
doğrayır.
-
Bütün bunları inqilab etmir. Kimlərsə nəyəsə nail olmaq istəyir. Bu
dövləti dağıtmaq istəyirlər. Əksinqilabçıların işidir bu, - Fərhad əsəbi şəkildə
etiraz etdi.
-
Bu, əksinqilabın işi deyil. Bu, onun – o, başı ilə yuxarıya işarə edərək
– “Az insan - az problem” tezisinin reallaşdırılmasıdır. Ya da... ya da ona
insan lazımdır, amma qorxmuş insan...
-
Bunu heç bir əsasla söyləyə bilməzsiniz. İnqilabi hökumət öz
adamlarını öldürəcək qədər relsdən çıxmayıb.
-
İnsanları orta əsrlərdən indiyə kimi eyni bir düşüncə birləşdirir:
krala inam. Onlar özlərini elə bu yalanla aldadırlar: Yuxarıdakının bu işdən xəbəri
yoxdur, - sanki sözlərinə yetərli bir
cavab gözləyirmiş kimi, cümləni deyib parlaq gözlərini Fərhadın üzünə dikdi.
-
Bizi məhv eləmək ona yalnız say azaltmaq üçün lazımdır?
-
Yalnız bu deyil. Düşünən beyin fikir istehsal edir. Fikir istehsal
olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə
diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx, dövrə vur burada. Təkcə
bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de, yalançısan. Hamısı ən azı
seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın
silahı birinci ziyalını biçir. Ziyalının biçildiyi çəmiyyətdə qorxu hakim olur.
Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
-
Bizim hamımızı...? - Fərhadın səsi titrədi.
-
Bəli, hamımızı güllələyəcəklər. Bu, heç də yaxşı deyil. Bizim üçün
yox, elə onlar üçün. Çünki müvəqqəti hakimiyyət üçün bu qədər insanı məhv edən
rejimlər, adətən, çox yaşamır.
Və Fərhad zamanın itdiyi həmin ölüm kamerasını tərk
edənədək həmin siqaret yanığı olan məhbus paltarının içində yeddi fərqli insan
sayır".
Hiç yorum yok:
Yorum Gönder