6.05.2018

Nəsrin 4 Mövsümü

2 iyun 2018-ci ildə Səməd Vurğunun ev muzeyində yazar Ülviyyə Tahir oxucularla görüşüb. Görüş zamanı yazar "Nəsrin 4 Mövsümü" mövzusunda mühazirə oxuyub və modern Azərbaycan nəsrindən, oxucu və yazar münasibətlərindən bəhs edib. Görüşü açıq elan edən Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq "Avtoqraf" klubundan bəhs edərək, sözü  yazarın "Ortaq Şəhər" hekayəsini qiraət etmək üçün şair Rəşad Nağı Mustafaya verib. Sizə yazarın həmin mühazirəsini və redaktoru Sevda Məmmədovanın payızda nəşrə gedəcək "ALJİR" romanının təhlilini təqdim edirik. 


















 "Sizə bu gün son 8 illik ədəbiyyat təcrübəm və müşahidələrimdən bəhs edəcəm.Düzdür, 8 il ədəbiyyat adlı bir sonsuzluqda bir damladır. Xüsusilə, Selincer kimi dahi “Çovdarlıqda ucurumdan qoruyan”ı 9 ilə yazıbsa... Lakin zamanın əvvəlki keyfiyyətinin qalmadığını hər birimiz bilirik. Bizim nəsil hər şeyi sürətli tükədir. Əgər Ceyn Ostinin Emması yazdığı məktuba  1 ay səbirlə cavab gözləyirdisə, bu günün Emması o zaman ərzində həm aşiq ola bilir,həm ayrılır, həm də eşq əzabı çəkə bilir. Ona görə bu günün 8 ilini əminliklə keçmişin 20 ilinə bərabər olduğunu söyləyə bilərik. Bu anda mən qətiyyən bu 8 ili qabartmaq fikrində deyiləm. Sadəcə olaraq gənc yazarla, orta yaşlı yazarın arasında dayanan bir yazıçının fikirlərini sizinlə bölüşmək istəyirəm. Mühazirəyə hazırlaşan zaman nə deyəcəyimi uzun-uzadı düşündüm. Axı hər zaman fikirlərimi bədii mətnlə dilə gətirmiş adamam. O anda barmağımı dişlədim. Dadi- bidad, biz yazarlar mətnlərin arxasına sığınmış adamlarıq. Biz öz etirazlarımızı bu şəkildə dilə gətiririk. Yəni, ədəbiyyat qəbul edilmiş insanlar tərəfindən deyilən nəhəng yalandır. Amma bu yalan özündə realığı ehtiva etdiyinə görə insanları cəzb edir. İnsan niyə özü üçün bunları uydurub? Musiqini, nəsri, şeiri, incəsənəti?   Çünki insan bu ağır həyatını bu şəkildə yüngülləşdırmək və gözəlləşdirmək istəyib. Qobustanda qaya rəsimlərini cizən insandan tutmuş, bu gün adi cızma-qara edən yazarın bir əbədilık istəyindən daha çox zövq almaq yüklənir.   Missouri-St Louis universitetinin professorlarından biri olan Jozef Karoll bildirir ki, hekayə danışmaq və dinləmək bizə başqaları haqqında bilgi verir və empati duyğumuzu inkişaf etdirir. Yəni ədəbiyyatın bu funkisiyasını da danmaq olmaz.


Azərbaycan kimi periferik  məkanlarda yazar kütlənin istəklərindən daha çox, sistemin dediklərinə yüklənir. Buna sübut olaraq Sovet dövründə yazılan əsərləri, sifarişləri göstərə bilərik. Lakin ədəbiyyatın bu qarışıq dövründə biz fəqli yanaşmaları da görə bilirik. Hərçənd bu yanaşmalar bəzilərinin həyatı hesabına başa gəldi, amma yenə ədəbiyyat tarixinə düşə bildi. Bunu “Oxu tar, oxu tar! Səni kim unudar?” deyənə qarşılıq olaraq sistemin diktəsi ilə “Oxuma tar, oxuma tar! Səni sevmir porletar!” kimi də görə bilərik. Lakin bizim bu andakı fokuslandığımız məsələ nəsr olduğuna görə poeziyadan- nəhəng Caviddən, Vurğundan yan otərək, Məmməd Səid Ordubadidən, Mehdi Hüseyndən və İsmayıl Şıxlı, İsi Məlikzadə kimi nəhənglərdən danışmalıyıq. Mühazirəyə ad seçərkən “Nəsrin 4 Mövsümü” adı üzərində dayandıq. Niyə 4 mövsüm? Bir anlıq xəyalıma  “Azərbaycan nəsrinin baharı hardan başlayır?” sualı gəldi Torpağin bağrını yaran lalə torpağa əziyyət verdiyini  düşünməz. Biz sanki 60-ci illər nəsri ilə baharı yaşayarıq. Elçin, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə. Əsas bu 3 nəfərin adını çəkə biləcəm. Çünki onların əsərləri ilə böyümüşəm.Elə İsi Məlikzadənin “Dədə Palıdı” və “Quyu” nu oxuyanda ürəyimdə bir yara qövr etdi. Düşündüm ki, görəsən mən nə vaxtsa İsi Məlikzadə kimi yaza bilərəm? Ya da Elçinin “Ölüm Hökmü”... Bu gün ürək ağrısı ilə düşünürəm ki, görəsən Elçinin, İsi Məlikzadənin əsərləri dünya ədəbiyyatına çıxarısaydı... Bu hələ də mənim üçün sual olaraq qalır... Elə bu fikirlədə bu yaxınlardayazar  Həmid Piriyevin Paulo Koelyo ilə Orxan Fikrətoğlunu müqayisə edən yazısını oxudum. Düzdür, bəzi nüanslarla razı deyiləm. Xüsusilə Orxanı Paulodan daha qüvvətli yazar hesab edirəm.
Lakin bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm ki, bizim ədəbiyyatımızda poeziya daha ötkəm sözə malik olub. Axtarış versək  yenə qarşımıza nəsr nümayəndələrindən daha çox nəzm nümayəndələri çıxar. Qəribə burasındadır ki, bu qədər nəzm rəqabətində və sözlərin və hisslərin bu qədər tərənnüm olunmasına rəğmən yenə şairlərdə yeni söz demək cəsarəti tapılır. Bunun səbəbi isə genetik yaddaşımızda yatır. Əgər ədəbiyyat tariximizə nəzər salsaq Don Kixot yazılanda bizdə dastanlar yaradılırdı. Buna qətiyyən etirazım yoxdur. Əslində dünya ədəbiyyatında elə bu milli koloritlə çıxış etsək? Nəzmlı nəsrin görüşdüyü bir mətnlə- dastançılıqla?....
Ümumiyyətlə nəsr nəzmdən fəqli olaraq dözümlülük və səbir tələb edir. Yazar o sözləri yonmalıdır və şəkilə salmalıdlır. Lakin bu anda etiraz edə bilərsiniz ki, Azərbaycanda nəsrlə məşğul olanın da elə nəzmlə məşğul olan qədər cəsarətə ehtiyacı var. Çünki ədəbiyyatın tanrılarından hesab olunan Borxes deyir ki, daha ədəbiyyatda heç bir yenilik etmək mümkün deyil. Hər bir qəlib oturuşub və biz o qəliblərdən kənara çıxa bilmərik. Bunu Azərbaycana tətbiq etsək biz uduzmuş hesab olunuruq. Niyə? Çünki Azərbaycan oxucusu bizi oxumur. Bu nüansı burada yadda saxlayaq və oxucu məsələsini araşdıraq. Daha sonra niyə bizi oxumurlar və hazırda problem nədir?  Bu prosses (yəni yeni müstəqil olmuş dövlətin milli ədəbiyyatının formalaşması) digər ölkələrdə necə yaşanıb onu araşdırarıq,
Nabokova görə oxucu aşağıdakı kateqoriyalara cavab verməlidir
1.    Oxucu bir kitab klubuna üzv olmalıdır
2.    Oxucu diqqətini sosial-iqtisadi aspektlərə yönəltməlidir
3.    Oxucunun fantaziyası olmalıdır
4.    Oxucunun bədii zövqü olmalıdır.
Artıq yeni nəsil yetişir. İnformasiya bolluğunda yaşadığımız bir zamanda kitabın oxunması da ölkələrə görə dəyişir. Hazırda dünyada kitabxana və oxucu statistikasına görə ilk yerdə gedən Finlandiyadır. (mənbə:CNN) Deməli mütaliə üçün yetişən nəsil də vacibdir. Sovet dövründə mütaliə etməyən adam nadir olardı. Bu gün isə bu sadəcə olaraq müyyən qrupların fəaliyyət dairəsi olub. Bir dəfə klişə də olsa belə söz deyilmişdi: Azərbaycan oxucusu hər an potensial yazıçı olacaq vəziyyətdədir. Niyə azərbaycanlı oxucu yazıçı olmaq fikrinə düşsün ki? Bu o zaman meydana çıxa bilər ki, sən dərzinin yanına gedərək onun işini bəyənmərsən və daha yaxşısını etmək fikrini özünə aşılayarsan. Yaxşı bu gün intelektual oxucu niyə orta statistik yazarı bəyənmir? Banu Avar bunu belə izah edir: “3 –cü dünya ölkələrinin insanın özünü kiçik görmək aşılanar. Onlar daim özünə inamsızlıqdan əziyyət çəkər və kənardakı daha gözəldir fikri ilə yaşayarlar. Bu da müstəmləkə psixologiyasından irəli gələr”. Yaxşı qonşu Gürcustan və Ermənistanda niyə belə deyil? Çünki acı da olsa bu həqiqətə boyun əyməliyik assimlasiyyaya meyillik. Bunu bu gün sübut edən sovetdən qalma elitanın rus dilində, yeni formalaşan elitanın isə Türkiyə türkcəsində danışmasıdır. Yeni formalaşan nəsli hec demirəm, artıq göz qabagındadır.


Orta statistik məlumatlara əsasən kitab mütaliəsi ilə  tənha insanlar daha çox məşğul olurlar. Lyosa isə mütaliədə qadınların daha çoxluq təşkil etdiyini deyir.
Onda niyə Azərbaycanda oxucunun olmamasından şikayət var? Belə bir analoji oxşarlıq üçün qonşu ölkələrə  boylandım. Elə ilk diqqətimiTürkiyə  cəlb etdi. 1923-cü ildə ölkə respublika elan olundu. Əlifba dəyişdi. Artıq köhnə nəsillə yeni nəslin arasında “Atalar və  Oğullar” davası qızışdı.  O zamanı əks etdirən bir esse əlimə keçdi. Esse 1936-cı ildə yazılıb. Essenin müəllifi Ahmed Hamdi Tanpınardır. Tanpınar türk yazarının niyə oxunmamasını sual edir və buna 3 dəlil göstərir:
“1.Türk romançısının cəmiyyətlə və xalqla  bağlılığı qopuqdur.
2.Qərb müəlliflərinin təsiri altındadır
3. Səmimi deyil
Amma Tanpınar bu 3 dəlilin də yola veriləcəyini qeyd edərək əsas deyilməyənin üstündə fokuslanır. Bəs görünməyən nədir? Görünməyən budur ki, türk romançısı konkret bir həyat tərzinin adamı ola bilmir. O təqlidçidir(hazırda əziyyət çəkdiyimiz nüans) və fikirlərlə yaşayır. Bu da cəmiyyətimizdə nadir hadisələrdən olduğundan elə fikirlərində qalır(Tanpınarın dediklərini indiki Azərbaycana tətbiq etsək: Yazar  sosial şəbəkədə status yazmaqla kifayətlənir) Daha sonra isə Tanpınar qeyd edir: “Respublika qurulandan bəri ədəbiyyat ümumi həyatın dalınca düşüb. Halbuki başqa ölkələrdə ümumi həyat ədəbiyyatı güclə izləyir”. Buna bir  məsələni bizdən nümunə göstərə bilərəm. Bir dəfə İlqar Fəhmi müsahibələrindən birində Azərbaycanda nəqliyyat ədəbiyyatının formalaşdığını qeyd etmişdi. Yəni bizdə ədəbiyyat ümumi həyatla uzlaşır, ümumi həyata yön vermir. Bu anda etiraz edə bilərsiniz ki, ədəbiyyatın hansIsa insanı xilas edəcəyinə inanmırıq. Bunda etiraz olaraq iki misalı deyə bilərəm.
1.    Stalin belə özünə mübariz qismində Koba ləqəbini götürmüşdü. Bu onun bütün həyatını dəyişmişdir. Koba bir gürcü romanında çar Rusiyasına qarşı vuruşan qəhrəmanın adıdır.(Stalini xilas olunmuş hesab etməyə də bilərsiniz)
2.    Tolstoy özündən sonra böyük bir əxlaq məktəbiu qoyub getdi. Hətta repressiya illərində Rusiyada tolstoyçuları ayrıca axtarıb güllələyərdilər.

  İndi yenə qayıdıram bizim Həmidin məqaləsinə. Həmid deyir ki, yazar kimi önə çəkilməyən Orxan zorxanada Xeyberlə dostluqla kifayətləndi. Mütaliəsi bol adam kimi deyə bilərəm ki, Orxanın yazar olduğunu 2000-ci illərdə öyrəndim. Adamın şou kimliyi yazar kimliyini tamamilə gizləyib. İngilis dilində bir mətn əlimə keçdi. Orada hekayəni oxuyub imzaya diqqət etdim. İnana bilmirdim ki, bizim ədəbiyyatda beə güclü bir yazar var. Bunun da özünməxsus səbəblərini bilirsiniz. Bəzən nəhəng palıdlar kövrək ağacların məhv olmasına səbəb olarlar. Bu qəsdən olmaz, təbiətin və cəmiyyətin öz qanunları var. Yenə Tanpınara müraciət etsək o yeni qurulmuş respiblikada bir yazarın oxunması üçün mütləq kompleks işlərin görülməsini göstərir. Kompleks işlər nədir?
Hamınızın sevdiyi bir məşhur əsər var. "Balaca Şahzadə" Çoxunuz əminəm ki, onu oxumusunuz. Orada bir nüans var. Deməli Türk kosmonavtı Balaca Şahzadənin olduğu planeti kəşf edir. Amma onu geyiminə görə qəbul etmirlər. Sonra o yenidən buna cəhd edir. Amma bu dəfə geyimini dəyişərək gəlir. Təsəvvür edin Ekzüperi burada nə böyük bir həqiqəti çatdırır. Təqdimolunma. Biz mətni necə və harada təqdim edirik? Bu gün bestseller olan kitablar həm də ona görə bestseller olur ki, onları satanlar onlarla maraqlıdırlar. Kitabı biznesə çevirə biliblər. Halbuki mən əminliklə deyə bilərəm ki, Tanpınar qat-qat Pamukdan əla yazır.
Oxucuların vəziyyətindən bəhs etdik. Yenə həmin məsələyə qayıdıram. Ümumiyyətlə uzun illərin kitabla münasibəti mənə bir xüsusiyyəti aşılayıb. Mütaliə özü böyük bir oyundur. Necə ki, birinci “leveli” aşmasan, ikinci və üçüncü “level” gəlməz. Ona görə hər oxucunun oxuduğu mətni müəyyənləşdirmək lazımdır. Bu yaxınlarda oxuculardan biri şikayətlənərək bildirdi ki, sizin “Buqələmun” romanınız hekayələrinizdən qat-qat yaxşıdır. Mən oxucunu səbirlə dinlədim və fikirlərinə görə ona təşəkkür etdim. Çünki o onu oxuyacaq və sevəcək durumdadır. Bu halda qətiyyən hekayələri bəyənənləri ali səviyyəyə daşımıram. Sadəcə olaraq bu oyunun hansı “level”ində olursunuzsa, olun Mövlanə demiş gəlin. Tolstoyun “İvan İliçin Ölümü”nü asanlıqla mütaliə edən onun 800-dən çox obrazın olduğu “Hərb və Sülh”ü oxumaq istəməz. Bu qətiyyən oxucunun vəziyyətinin pis olmasından xəbər vermir"

Sevda Məmmədova: "ALJİR – vətən xainlərinin qadınlarının düşərgəsi... Əslində roman da bir-birinə hörülmüş həyat hekayələrindən ibarətdir. 37-ci il repressiya qurbanlarının taleləri az-çox təxmin ediləndir. Roman zaman baxımından geniş bir dövrü əhatə edir. Hekayələr paralel məkan və zamanlarda baş verir. Obyektiv növbə ilə həyatdan qoparılan məhbusları, uzaq Qazaxıstan çöllərində həyata tutunmağa məcbur edilən qadınları, fərqli zamanda isə həmin qadınlardan qoparılmış azyaşlı körpələrin gələcək talelərini, qopmuş və iflasa uğramış valideyn-övlad münasibətlərini işıqlandırır. Bu qədər ağrılı, kədərli hadisələrin müqabilində təhkiyə dili son dərəcə sadədir. Müəllif sadəcə hadisələri təsvir edir, ruh halının təsvirini isə oxucunun öhdəsinə buraxır. Bəzən sadəcə bir hərəkət, yaxud bir replika obrazı “ələ verir”. Deyim ki, mənim çox sevdiyim, mənə yaxın olan təhkiyə üsuludur. Kortəbii sevdiyim əsərlərə sonra təkrar qayıdanda özümçün kəşfim olub ki, məhz bu cəhətinə görə o əsəri sevmişəm. Məsələn, Tolstoyun Annası Vronski ilə tanış olduğu Peterburq səfərindən qayıdanda əri onu perronda qarşılayır və qadının onu görəndə ilk düşüncəsi bu olur: “ilahi, onun qulaqları niyə belə böyüyüb”. Bu bir cümlə qadının ruhunda baş verən dəyişikliyi ən incə detalına qədər açıqlayır. Yaxud Elçinin çox sevdiyim bir povesti var. Qız atasız böyüyür, anası deyir ki, atası müharibədə ölüb. O da həmişə yuxuda döyüş səhnəsi görür, atası yaralanıb, onun yaralarını sarıyır, atası da yekə, isti əlləri ilə onun saçlarını tumarlayır. Və bu yuxular o vaxta qədər davam edir ki, bir gün qız böyüyür və dərk edir ki, atası müharibədə ölə bilməz, çünki o, müharibədən neçə il sonra dünyaya gəlib. Daha o yuxuları görmür. Əsərin sonunda epizodik bir insanın onun həyatındakı rolunu göstərmək istəyən müəllif deyir, bu dünyada Məmmədağa vardı və onun yekə, isti əlləri vardı. Sadəcə bir cümlə. Eyni təhkiyə üsuluna bu romanda da rast gəldim, məsələn, əsas qəhrəmanlardan biri olan Füruzənin yoldaşı həbs edilir,  övladı əlindən alınır, çox məhrumiyyətlərlə, aclıqla, soyuqla, ağır fiziki işlərlə üzləşirlər və bir epizodda bircə cümlə qəfil həyatının başqa, daha acınacaqlı tərəfini faş edir: Füruzə Sabirin sarışın saçlarını tumarlayıb başını köksünə sıxdı, azərbaycan dilində yavaşca:

- Mən yenidən ana oldum. Amma unutmuşam, unutmuşam ki, mənə axırıncı, ya da birinci dəfə kim zorlayıb.
Sabir  onun dediklərini şəfqətli bir söz kimi qəbul edib anasının boynuna sarıldı.
Məhbus paltarı ilə bağlı eyni maraqlı element də çox diqqətimi çəkdi. Həmin parçanı oxumaq istəyirəm. Həm də bütün dövrlər üçün keçərli olan bir həqiqət də eyni sadəliklə təsvir olunur: ideologiya uğrunda mübarizə aparanların həmin ideologiya tərəfindən çarmıxa çəkilməsi ən təbii bir işdir.
Gələndən bəri hey sükut edən məhkumun qəflətən dili çözüldü:
-         Bilirsən, mənim toppuş qızım var. Əlləri elə yumşaqdı ki... Dünya qoxusu verir. Mən həmişə elə deyəndə anam hirslənirdi. Deyirdi, elə demə, dünya yox, cənnət qoxusu de. Deyirdim, ana, mənim balam dünya qoxusu verir. Dünyanın ən gözəl çiçəklərinin qoxusunu verir. Mənə görmədiyim cənnəti niyə vəsf edirsən. Mənim cənnətim elə budur. Mənim xidmətlərim 15 dəqiqəlik məhkəməyə dəydi. Özümü müdafiəyə imkan vermədilər. Axı niyə də imkan versinlər ki... Əgər kiminsə haqqında artıq qərar vermisənsə, qarşı tərəfi dinləməmək hamımızın ümumi halıdır. Güllələnmə. Tarixdə qalmağa cəhd edərkən gilyotinə göndərilmiş Robespyer kimi hiss edirəm özümü... - danışa-danışa sövq-təbii olaraq barmaqlarının arasındakı siqareti sümürdü. Sonra, deyəsən, onu da unutdu. Siqaret barmaqlarının arasından düşərək  zolaqlı nazik kombinezonunu alışdırdı. Fərhad onun paltarının alışdığını görən kimi əlini ataraq söndürməyə cəhd etdi. Məhbus bütün bunlara reaksiya vermirdi. Fərhad onun yanında bir az oturub yerinə qayıtdı. Gecəyarı onu apardılar.
İki gün sonra onun paltarını yeni bir məhkumun əynində gördü.  Paltarı yanıq yerindən tanımışdı  Fərhad. Məhkumu kənardan diqqətlə süzdü. Almacıq sümükləri çıxmış arıq, 35 yaşlarında biri idi. Küncdə oturub adamlara tamaşa edirdi. Qıvrım saçları saqqalına qarışmışdı. İnsan ilk baxışda onun meşədən gəldiyini zənn edərdi. Fərhad onun gözlərində indiyə kimi heç kəsdə görmədiyi qorxusuzluğu gördü. Gözləri par-par parıldayırdı. Bu arıq, sısqa bədəndəki ruhun mətinliyi Fərhadı maqnit kimi özünə çəkirdi. İki gün sonra özündən asılı olmadan onun yanına getdi. Bu iki gündə əynindəki paltara görə ona yaxınlaşa bilmirdi. Elə hiss edirdi, sanki o paltarın içində iki adam yaşayır. Nəhayət, marağı qorxusuna qalib gəldi. Adam çarpayısında uzanmışdı. Ona yaxınlaşan kimi qalxıb oturdu və yanında Fərhada yer verdi. İlk on dəqiqəni susdular. Sonra adam:
-         Təxminən, adamlar neçə gündən bir yox olur? - deyəndə Fərhad anladı ki, gəldiyi az vaxta rəğmən, adam buranın nəbzini tuta bilib.
-         Uzağı bir həftə, yaxını iki gündən bir,- Fərhad laqeyd halda dilləndi, - nədənsə, məni unudublar elə bil.
-         Çox adiləşib hər şey? - Adam  parlaq gözlərini düz Fərhadın gözlərinə zillədi.
-         Buradakı adamlar bozlaşıb. Fikir ver, hamısı sanki eynidir. Hamısının gözlərində qoyun ölülüyü və ümidsiz ifadələr. Paltarlarının eyniliyi bu bozluğu daha da artırır.
-         Ona görə də gedənin gələndən fərqi qalmayıb. İnqilab maşını hamısını doğrayır.
-         Bütün bunları inqilab etmir. Kimlərsə nəyəsə nail olmaq istəyir. Bu dövləti dağıtmaq istəyirlər. Əksinqilabçıların işidir bu, - Fərhad əsəbi şəkildə etiraz etdi.
-         Bu, əksinqilabın işi deyil. Bu, onun – o, başı ilə yuxarıya işarə edərək – “Az insan - az problem” tezisinin reallaşdırılmasıdır. Ya da... ya da ona insan lazımdır, amma qorxmuş insan...
-         Bunu heç bir əsasla söyləyə bilməzsiniz. İnqilabi hökumət öz adamlarını öldürəcək qədər relsdən çıxmayıb.
-         İnsanları orta əsrlərdən indiyə kimi eyni bir düşüncə birləşdirir: krala inam. Onlar özlərini elə bu yalanla aldadırlar: Yuxarıdakının bu işdən xəbəri yoxdur, -  sanki sözlərinə yetərli bir cavab gözləyirmiş kimi, cümləni deyib parlaq gözlərini Fərhadın üzünə  dikdi.
-         Bizi məhv eləmək ona yalnız say azaltmaq üçün lazımdır?
-         Yalnız bu deyil. Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx, dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de, yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın silahı birinci ziyalını biçir. Ziyalının biçildiyi çəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
-         Bizim hamımızı...? - Fərhadın səsi titrədi.
-         Bəli, hamımızı güllələyəcəklər. Bu, heç də yaxşı deyil. Bizim üçün yox, elə onlar üçün. Çünki müvəqqəti hakimiyyət üçün bu qədər insanı məhv edən rejimlər, adətən, çox yaşamır.
Və Fərhad zamanın itdiyi həmin ölüm kamerasını tərk edənədək həmin siqaret yanığı olan məhbus paltarının içində yeddi fərqli insan sayır".











5.13.2017

İnqilab


Barmaqlarının arasında titrəyən siqaretə nəzər salaraq:
-Qadın azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik. – Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
   -Yazılarımızda demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi uzatdıqca kəsəcəklər.   – O  eynəklinin sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra  masadan qalxdı.  Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya doğru irəlilədi.
       Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında qursa da, yenə həyəcandan boğulurdu.
-Atan Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə salamsız atasının üzünə baxdı.
Atası şübhəli baxışlarla onu süzüb
- Bu vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
- Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox, amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək ayaqqabılarını az qala hirslə vızıldatdı
       Anası geniş süfrə açmışdı. O süfrənin başına keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb, arvadına him-cim etdi.
-Ay bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini  cümləyə çevrib oğluna dedi.
Elə onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə olub?
-Evlənmək istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş komandir kimi rahatladı.
-Bundan ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun kürəyinə əlini şapılldadıb
-Hə de görüm kimlərdəndir?
Oğlu
-Sənin yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi qoy qırağa. Qız kimlərdəndi?
Elə bu zaman süfrəyə  araqla yanaşı qədəhləri yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə olub mənə demirsiniz?
-O qız deyil.
- Kim qız deyil?
-O da.
-Dayan ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?- bağırtısı evi sirkələdi.
-Gəlindi, boşanıbbbb...
-Sən də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid deyir ki...
- Səmid nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa, mən onu sevirəm.
-El-camaat  nə deyər?
-Bəs Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.

   Səhər yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan kimi
-Ay bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi. Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-  böyük oğlan yanaşı evdə yaşayır. Qaz sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan  gənclərə doğru az qala qışqırdı. Onların heç bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən biri ayaq saxlayaraq
-  Onda o blankı yaz,  bizə zəng elə, gələk çəkək.-dedi.






5.08.2017

Müsahibə: Elvin Paşa və Ülviyyə Tahir

Qara qutu" kitabının müəllifi Elvin Paşa və "Ortaq şəhər" vә "Buqәlәmun" kitabının müəllifi Ülviyyə Tahir ilə maraqlı video müsahibə
Çəkiliş üçün İçəri Şəhərdə yerləşən "Darçın" restoranına təşəkkür edirik

5.06.2017

"Üzü Cəhənnəmə" və Ceylan Mumoğlu - Düşüncələr

Dəyərli yazıçımız Ülviyyə Tahirin "Üzü cəhənnəmə" əsərini oxumaq şansına sahib olduğum üçün çox sevincliyəm. 😊 Əsəri oxumağa başladığım gün Ülviyyə xanımla qısa bir dialoqumuz olmuşdu. Ondan əsərin ilk on səhifəsində on doqquz rəqəminin təsadüfən seçilib seçilməməsi haqqında soruşmuşdum. O isə rəqəmi planlı seçmədiyini yazmışdı. Həmin vaxtlar əsəri oxuyub bitirə bilməmişdim, çünki evimizə "Sapiens" kitabı girmişdi, tarixçi qanım qaynayıb onu oxumağa başlamışdım) Dünən gecə ilham gəlmişkən "Üzü cəhənnəmə" əsərini oxudum bitirdim. Və anladım ki, on doqquz rəqəmi heç də məni təsadüfən çəkməyibmiş, bu haqda sonda yazacağam.
Roman təsirli romandır. 212 səhifəlik bu romanı birnəfəsə oxumaq mümkündür, çünki dili sadə, axıcıdır. Süjet xətti maraqda saxlayır. Yazıçı 91-92-ci illərdəki müharibənin qızğın çağındakı atmosferi aran rayonlarından bir kəndin daxilində baş verən hadisələrlə çatdırmağa çalışıb. Doğrusu, uzun zamandır ana dilimizdə mütaliə etmədiyim üçün bu əsər mənə dərman kimi gəldi. 🙂Elə sözlərlə rastlaşdım ki, lüğətimzidə olmasından xəbərsiz idim. Bu bəyəndiyim cəhətlərdən biri oldu. Yazıçını alqışlayıram. Əsərdə təsvir edilən üç nakam sevgi hekayəsi və gənclərin başına gələn hadisələr təsirləndirməyə bilməz. Xüsusilə gənclərin həyatlarına qabarıq şəkildə müdaxilə edilməsi, seçimlərinə böyüklərin qərar verməsi gözəl işlənib. Bəyənmədiyim cəhət müharibə şəraitin solğun çatdırılması idi. Bu da yəqin olayların arxa cəbhədə baş verməsi ilə bağlı ola bilərdi. Bütövlükdə əsəri oxumaqdan müdhiş zövq aldım. ☺️
Gələlim, on doqquz rəqəmi ilə bağlı qurduğum əlaqəyə: Əsərin sonunda Firuzənin xəstəliyi səbəbindən kəndi tərk edib qaçmış Sabitin on doqquz il sonra kəndə qayıtması və hər gün yola çıxıb sevgilisini gözləməkdə olan, artıq hamının dəli sandığı Firuzəni götürüb aparması, sonda bütün çətinliklərə baxmayaraq sevginin qalib gəlməsini oxuculara aşılamaqdadır. Qurani-Kərimdə 19-cu surə Məryəm surəsidir və 96-cı ayəsində deyilir: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq".
Bax belə :) Bu da qurduğum əlaqə)
Yazıçıya əsəri oxumaq üçün mənə göndərdiyinə görə minnətdarlığımı bildirir, gələcək yaradıcılığında uğurlar arzulayıram! Var olun, Ülviyyə xanım! 

Qaloş



-İki manat ver heç olmasa...
Başını qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz bir qullab vurub:
-Hüska, sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini anladı.
-Oldu, onda mən gedim- ayağını sürüdü.
- Əl çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı yoxdu.
-İki manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca baxaraq yerə tüpürdü.
                ***
-Bir söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə sual verdi.
- Mənə 2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə bu haramdı?
- Hə, haramdı.
- Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub hirslə dedi.
- Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
- Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
- Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.- Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə fikir vermədən
- Onda iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə kitabı götürüb oxumağına davam etdi.
Bacısının yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı, yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq kitabın növbəti səhifəsini çevirdi.

***
-Qardaş, bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi. Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini qandalayaraq
-Narkotika üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.

İki saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-          Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-          Xeyr.
-          Daha aydın və sübutlu cavab olsa
-          Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca başımı götürüb gəlmişəm.
-          Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada olmusunuz?
-          Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə  verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar. Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.

***
-Svarka aparatını nahaq maşında qoyursan. –Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir  nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?  Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...

***
Səhər əlində isti su vedrəsi elə küçədə donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da  kəsmədi.  Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı. Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər. Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü. Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...








Sonuncu yuxu


Stansiyanın  tozluğunda oturdu. Çamadanı artıq göyərirdi. Saçları uzanıb ayaqlarına dolaşır, Siması zamanın əksinə gedirdi. Uzun gözlərini süzdürüb yenə dəmiryoluna baxdı. Sonuncu qatarın keçməsindən 7 il ötürdü. Bura  heç kəs gəlmirdi. Arada zülmətdə işıqlar oynayardı. O da özünü aldatmaq istəyəndə onlara baxardı.

Çamadan böyüyürdü. Göyərirdi. O isə hələ də gözləyirdi. Bütün ehtimalları xəyal etmişdi.Bir gün ağ atlı şahzadə gələcəkdi. Onu özündən alıb götürəcəkdi. Sonra yenə çamadanına baxıb bu xəyaldan daşınırdı. Tozunu təmizləyib, əzizləyib yenə qucağına alırdı. Başqa xəyal qururdu. Ayaqqabısını itirirdi. Onun ardınca gələrdi. Yenə anlayırdı ki, illərdi arxasınca sürüdüyü çamadanına görə heç ayaqqabılaarı da yoxdu.

Bir gün gurultuya ayıldı. Təzə bir qatar gəlmişdi. Nə vaxt gəlmişdi?...Yuxusuz gözlərini ovuşdurub baxdı. Yanılmırdı. Bu unudulmuş məkana kim təşrif buyura bilərdi?!...

Çamadanını unudub qatarın başına dolanmağa başladı. Ta  ucundan başına qədər gedib çıxdı. Gələn sərnişin kim idi? Ya da qatar sərnişinsiz gəlmişdi. Hələ heç nə ayırd etməmiş bir səs eşitdi.

-       Gəl mənimlə gedək
-       Sən kimsən?
-       Gələcək.
-       Gələ bilmərəm
-       Niyə? Əlini ver!
-       Mən keçmişəm.
-       Gələcəyə körpü ol
-       Ola bilmərəm
-       Niyə? Bu stansiya taleyin ola bilməz.
-       Taleyi dəyişdirmək qorxum var.
-       Tənhalığına son ver!
-       Qorxum tənhalığımdan çoxdur.
-       Qurtul ondan!
-       Özümdən necə qurtulum?
-       Gözlərini yum və xoşbəxt ol!
-       Gözlərimi açanda bəs?
-       Anı yaşa, o zamanı Allaha həvalə et.
-       Xoşbəxtlik hesabı ağır ödənilən paydır.
-       Hesabı başqalarına burax, əlini uzat mənə.
-       Çamadanım sənə ağır gələr.
-       Burax onu da...
-       Buraxa bilmərəm, o mənim taleyimdir.
-       Tale bizim əlimizdədir.
-       Əllərimi kəsiblər.
-       Ruhunu ver!
-       Bu tozlu stansiyada bircə mənə qalan odur.
-       Yol bizi gözləyir.
-       7 ildir mən də gözləyirəm.
-       Bütün gözləntilər səndən keçirsə...
-       Mənim çamadanım var, yükü yeri olan qatar isə heç gəlmədi...

Diksindi. Yuxuya gedibmiş. Ayılıb ətrafa baxdı. Stansiya bomboş idi. Uzaqdan günəşin qürubu görünürdü. Çamadanı göyərirdi. O da artıq ona qovuşurdu. Stansiyada nəhəng bir ağac var idi...


Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...