-İki
manat ver heç olmasa...
Başını
qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz
bir qullab vurub:
-Hüska,
sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini
anladı.
-Oldu,
onda mən gedim- ayağını sürüdü.
- Əl
çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı
yoxdu.
-İki
manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən
iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca
baxaraq yerə tüpürdü.
***
-Bir
söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə
məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə
sual verdi.
- Mənə
2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti
Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə
bu haramdı?
- Hə,
haramdı.
-
Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub
hirslə dedi.
-
Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
-
Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi
yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə
yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma
bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət
gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun
kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
-
Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.-
Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə
fikir vermədən
- Onda
iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə
kitabı götürüb oxumağına davam etdi.
Bacısının
yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər
tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan
çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra
yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun
qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı,
yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc
qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq
kitabın növbəti səhifəsini çevirdi.
***
-Qardaş,
bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi.
Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən
yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy
etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini
qandalayaraq
-Narkotika
üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç
olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də
bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.
İki
saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-
Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-
Xeyr.
-
Daha aydın və sübutlu cavab olsa
-
Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca
başımı götürüb gəlmişəm.
-
Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada
olmusunuz?
-
Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng
edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici
baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il
içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar.
Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən
çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.
***
-Svarka aparatını nahaq maşında qoyursan.
–Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal
olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara
qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir
nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim
qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun
qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?
Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin
o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun
onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə
onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...
***
Səhər əlində isti su vedrəsi elə küçədə
donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın
yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında
miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da kəsmədi.
Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin
adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı.
Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər.
Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü.
Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...
Hiç yorum yok:
Yorum Gönder