1.15.2016

Satan İtlər

                                           
            Balaca yerin böyük qaydaları olur- deyə pıçıldadı qoca dərviş.
            Sən kimsən?- deyə soruşmaq istədi amma gücü yetmədi. Adəmdən bəri at belində idi. Nəfəsi tıncıxmışdı. Gördüyü insanların xatırlamacayaq qədər yol qət etmişdi.  Şərin Xeyrin gözlərini çıxartdığını , Bayquşların söhbətini , Şəhrizadın nağıllarını eşitmişdi. Yorğun idi. Arada ona elə gəlirdi ki ,çapdığı atın belinə yapışıb ,oradan heç qopmayacaq.
            -Bəşər övladı xoşbəxtlik nağılına inandırılıb. Ehh , necə də dəyirmanda gözləri bağlı ata bənzəyirsiz. Qarşınızda siz fırlandıqca , nəfəsini tükətdikcə ot bağlanmış taxtanı da hərəkətə gətirirsiniz. Siz sürətinizi artırırsınız,o da sürətlənir .Qazanan dəyirmandı.Üyünüb gedən buğda ya da buna ömür deyək.- qəhqəhə çəkdi Mefistotel .
            O qaçan atlara and olsun ki , mən bir gün qoyduğumun bütün qaydaların hesabını soruşacam. Yer dümdüz olacaq. Meydan kimi geniş. Hər kəs ora gələcək.-xəbərdarlıq onların qulaqlarından könüllərinə yol tapa bilmirdi.
 Atlı Adəmdən bəri yol gəlirdi. Atlı o meydana tələsirdi.
            -İnsanlar məğlub olduları yerə niyə yenə gəlsinlər ki?!- Çörçil Stalindən soruşdu.
            -İnsanlar cinayət törətdikləri yerə niyə gəlirlərsə , ona görə- deyə  cavabladı Stalin.
Atlı dərvişə tərəfə dönərək bu dəfə var qüvvəsi ilə soruşdu.
-Balaca yerlərin qanunlarını necə dəyişək?
Dərviş ağıllı nəzərlərini uzaq üfüqdə qürub edən günəşə dikərək susdu.
-Əgər birliklərini gücünü daxildən zəiflədə bilmirsinizsə onların dil oyunlarını kəşf edin.- alim mədəniyyətlərini açarını ona təqdim etdi. O açarı cibinə qoyub üçüncü dünya müharibəsinə yollandı.  Atlı bilirdi ki , açarlı insan kəpənk effekti ilə silahlanıb , dil oyunları tələ qurub. Üzü üfüqə doğru tələsirdi hər ikisi. Biri ədalətin görüşünə , biri ədalətin məğlubiyyətinə. İkinci inanırdı ki , çoxluq azlığı məğlub edəcək qüvvədə olacaq.
            Əlini   qayığın kənarına atdı. Çapaladı soyuq suda. Körpə ağlı hələ də kəsmirdi ki , hardadı. Onda gördü atası , anası böyük dalğalarla çarpışır. Qollarına daha gücü çatmadı. O,nə üçün burada olduğunu , niyə üşüdüyünü , müharibəni , qanı bilmirdi. O , heç vaxt nifrətin nə olduğunu bilməyəcəkdi. Onu dalğalar sürükləyib sahilə atdı. Sabah bütün qəzetlər ondan yazacaqdı , bütün dünya bu kiçik immiqranta ağlayacaqdı. Amma bunların hamısı sabah olacaqdı. Onun meyidindən azacıq o tərəfdə yoqa ilə məşğul olanlar kainatdan müsbət enerji gözləyirdilər.
            Atlı baxışları üfüqdə ilişib qalmış qocadan yenə soruşmağa cəhd etdi , amma qoca dərviş şəhadət barmağını qaldıraraq səmaya işarə etdi.
            -Sən donmaq bilirsən necə olur? Hissə-hissə,yavaş-yavaş.Sanki şirin bir yuxuya gedirsən.
            -Ana Qar kraliçası ona görə üşümürmüş?- donmaqda olan sonuncu xocalı körpəsi pıçıldadı.
            -Yat , körpəm biz yuxuya gedirik , qar kraliçası gəlib onun yanına gedirik ,yat şirin balam...
Atlı  atını mahmızlayaraq istədi səbirsizcə qoca dərvişin qarşısında dövrə vursun. Sualın cavabı onu çatladırdı.Qoca istehza ilə gülümsəyərək
-Nə olub? Səbirsiz insan.Necədə Naqasakidən Xerosimaya yaralı gətirilmiş adama bənzəyirsən.
Nə qədər tələssən gilyotinə o qədər tez göndəriləcəksən. Atı unutma.Dəyirmandakı atı...
Atlı sükuta qərq oldu.
Kiçik yerin qanunları böyük olur-deyə özü-özünə pıçıldadı.
Səmaya baxdı,özünə baxdı.Qüdrəti gözünə o qədər böyük göründü ki , yer kürəsi gözündə bir ovuc torpağa döndü.
            Sən itlər haqqında eşitmisən? İlk əhilləşdirilən heyvanlardan biridir.Çox sədaqətli olarlar. Amma sahibinə qulaq asmayacaq qədər aza bilirlər. İnsanın içində də bir it gizlənib.Əvvəl hürür, sonra ulayır...
            Satan itlər var və bir də satanistlər var... Əslində birincilər ikincilərdən təhlükəlidir.
            Arada özümü meyvənin içində yad ölkəyə gəlib çıxmış qarışqa kimi hiss edirəm. Onlar meyvəni yeyirlər, meyvə qarışıq səni zibilliyə vızıdadırlar . Sən isə yad qarışqasan bu yad ölkədə. -qoca şərqli ayağını qərbin geniş prospektində asfalta uzadaraq dedi.
            Atlı qoca dərvişin ətrafında dövrə vururdu. Dərviş on iki həvarinin süfrə həyəcanı qədər çırpınan atlıya fikir vermirdi. Dünya fırlanırdı. İnsan Zamanın fərqində deyldi. Zaman isə onu gəncliklə aldadıb qocalığın tələsinə sala bilirdi.
            Nifrət edən insanların qurbanı həmişə məsumlar olur.

Atlı üzü günbatana doğru gedirdi. Qoca dərviş səbirlə onu yola verirdi. Qoca çılğınlığın ölümə məhkum olduğunu ,atlı isə istədiyini alacağına and içmiş kimi əmin idi. Yoçuluq uzanırdı... 
Yer kürəsini-bu balaca yer insana dar gəlirdi..

1.03.2016

UÇURUM

         
Bir addım o tərəfdə uçurum var idi.Dərin dibsiz,dumana bürünmüş uçurum.Onlar onun fərqində deyildilər. Xoşbəxt idilər.Uçurumu görməyəcək qədər xoşbəxt.
Zaman uçurdu. Dəlisov quşun qanadlarında heç kəsdən,  heç nəyi soruşmadan onlardan anları,saatları oğurlayırdı.
Və bir gün qadın daxmanın qarşısında ocaq qalayanda kişinin dumanlı dərəyə baxıb, xəyala getdiyini gördü. Yenə qayğılarına bürünüb ocağını daha da alovlandırdı.O,xoşbəxtdi.Xoşbəxtlərin gözləri kor olur, uçurumları görməyəcək qədər.
Günlər uzanıb özünü həftələrə təslim edəndə kişi o daxmadan da o qadından uzaqlaşıb, özünü o uçuruma təslim etdi.
Əvvəl kəndir hördü,sonra o kəndiri pillələrə çevirdi, sonra da körpüyə. Qadın xoşbəxtdi. Qadın kişinin ona sürpriz edəcəyini güman edirdi.
Uçurum böyüyürdü.Əvvəl İkisinin arasında böyüdü o uçurum,sonra evlərinin qarşısında. Dibi görünməyən uçurumun o tayından bir yad qoxu düz ocaqlarının başına qədər gəlib çıxmışdı.Qadın o ocağın başında yemək bişirirdi. Dadlı yeməklərin ətrini kişi o uçurumun kənarında unudurdu.
Dumanlı uçurumun o tayında bir əl yellənirdi. Əlvan yaylıq var idi əlində.Hey təslimiyyət bayrağı kimi gəl-gəl edirdi. Qadın saçlarını hörərək əlvan yaylığını bağlamışdı,lakin kişi bunu görmədi. Onu uçurum udmuşdu.
Bir gün gecə qadın o tənha daxmada kişini tapmadı.Qaçdı, gücü yetdiyi qədər ayaqları tutan qədər qaçdı,amma ətrafda qaranlıq hər şeyi udmuşdu.Düz uçurumun kənarına qədər gəldi. Əlinə o kəndir keçdi. Pillələrə çevrilmiş kəndir.Uçurum dumanlı idi, qaranlıq idi.Amma o tayda ay doğmuşdu.Qadın qaranlıqdan o taya boylandı. O işığı, o gözəlliyi seyr etdi uzaqdan. İstədi körpüyə, pillələrə çevrilmiş o kəndiri addım-addım aşıb oracan getsin. Amma anladı ki, ona ora olmaz.
Səhərə kimi uçurumun kənarında gözlədi. Gəzlərini duman, yuxusunu qaranlıq apardı.İstədi özünü o uçurumdan atıb öldürsün. Dayandı. Ayaqlarını sallayıb o qaranlığıa tamaşa etdi. Günəş dünyanı qucaqlayana qədər tamaşa etdi.
Səhər kişi o körpü ilə geri döndü. Qadın onun gözlərinə baxdı.Və o gün anladı ki, o kişinin gözlərindəki uçurumdan yıxılıb ölüb. İlk dəfə olaraq daxmanın qarşısında ocaq qalanmadı. İlk dəfə olaraq sükutla qarşıladılar bir-birlərini. Və uzun bir sükut başladı.Əlvan yaylıqlı əl daha tez-tez göründü. Hər gecə körpü kişinin addımlarından sirkələndi. Qadın əridi. Başındakı əlvan yaylıq rəngini dəyişib soldu üzünün rəngi kimi. Kişi gözlərindəki o əlvan yaylıq fotosu ilə, onun yaylığının rəngini fərq etmədi.O, daha o ocağın yanmamağını da fərq etmirdi. O uçurumdan o tərəfdə yaşayırdı. Uzaqda idi. O qədər uzaq ki,gözlərinin boşluğunda o qadına yer yox idi.
Yenə gecələrin birində uçurumun o tayından gülüş səsləri eşidildi. Xoşbəxt və qayğısız gülüş. Qadın yenə uçuruma baxırdı. Özünü yenə o qaranlığa atmaq istəyirdi. Ayağa qalxdı,başındakı qara yaylığı çıxarıb uçuruma atdı,sonra geri dönüb daxmadan kişinin bıçağını gətirdi. Əvvəl öz damarlarına baxdı,sonra o taya-işıqlı dünyaya. Daha sonra bıçağı kəndirə çəkdi. Körpü yellənib qopdu bu taydan. Uçurumun dibinə qədər yol getdi. Qadın əlindəki bıçağı qaldırıb o taya atmaq istədi,bir anlıq düşünüb geri döndü. Aylardı pozulmuş narahat yuxularının əvəzində dərin bir yuxuya getdi. Ölü kimi  yatdı.Ayılanda səhər idi. Nə qədər zaman yatdığın bilmirdi. Hər şey o qədər uzaqda qalmışdı. Sanki min il keçmişdi o uçurumdan, o körpüdən. Daxmanın qarşısına çıxdı.Yenə ocaq qaladı,yenə hər şeyi yerinə qoydu.Uçurumun kənarına gəldi.Ora nəzər salmadan çoxlu çiçək topladı. O çiçəkləri aparıb güldana qoyaraq, saçlarını çox gözəl daradı.Zaman yeni dəlisov quş kimi uçurdu. Arada qəlbnə şikəst bir ümid gəlirdi.Bəlkə, kişi  o körpünü təmir edər, onun üçün geri dönər.Amma bilirdi ki,səfeh ümiddi. Elə o səfeh ümidi qəlbində boğub yaşamağa cəhd edirdi. Zaman uçurdu.
Gecələrin birində daxmanın qarşısında ocaq qaladı.Alova gözlərini dikərək keçmişini gələcəyini xəyal etdi. Uçurum qarşısında qaralırdı.Qaranlığın bağrını yaran ay başının üstündə idi. Yayın istisi ocağın hərarəti ilə birləşib onun üzünün dərisini qızartmışdı.O xəbərsiz idi. Onu illərdi izləyən iki gözdən xəbərsiz idi.
Gecələrin birində gəldi. Qadın ilk öncə özünü itirdi. Bütün malik olduğu silahlarla ona müqavimət göstərməyə hazırlaşdı. Amma adam əli qoynunda tamaşa edib getdi. Beləcə hər gecə gəldi. Hər gecə əli qoynunda uçurumun kənarında ona tamaşa etdi. Qadın ondan heç nə soruşmadı. Onun hardan gəlib çıxdığını, niyə orada dayandığını soruşmadı. Yenə daxmanın qarşısında ocaq qaladı.Əlvan yaylığını başını bağladı.Saçlarını yenə çəmənlikdə daradı.Çobanyastıqlarından yenə saçlarına düzdü.Adam uçurumun kənarında idi.
Bir gün son yay ayı doğanda qadın uçurumda körpünü fərq etdi. Körpü kəndirdən hörülmüşdü. Külək vurduqca yellənirdi. Dibsiz uçurum altında qaralırdı.Bir ümidlə onun sonuna doğru boylandı. Yenə o şikəst ümid qəlbində topallayıb bəlkə geri dönmək istəyir deyə pıçıldadı.Oturub o körpünün yanında hönkürdü.O qədər ağladı ki, illərdi gözlərinin boşluğuna yığılmış dərdin pası açıldı. Zamanı itirib ağladı. O ki var ağladı.Və anladı ki, əslində o şikəst ümidə ağlamır, uçurumun kənarında hər gün dayanan o adama ağlayır.
Payızın yelləri ağacların yarpaqlarını yoluşdurub, küləyə bəxş edəndə yenə o adamı gördü. Bu dəfə əlində çiçəklə gəlmişdi. O uçurumun kənarından daxmaya doğru gəlməyə izn istəyirdi. Qadın heykəl kimi pəncərənin önündə durmuşdu. Külək buludları toplayıb bir yerə səmanı qaraltdı,yağış damlaları dünyanın ən çətirsiz adamının üzərinə səpələndi. Qadın isə tamaşa edirdi. Tamaşa etdikcə anlayırdı ki, yağış onların arasındakı uçuruma yağır. Sularla oranı doldurmaq üçün yağır. Bir gəmi eşqi ilə yağır.
Adam əlindəki çiçəkləri yağışa təslim edib geri döndü. Körpü yelləndi. Uçurumun qaranlığı adamı uddu. Qadın qaçaraq onun arxasınca yüyürdü. İstədi onun geri qaytarsın.Düz uçurumun kənarına gəldi. Əlini o körpüyə uzatdı.Qorxdu içindəki dəhşətdən qorxdu. Sevməkdən qorxdu,özünə xəyanət etməkdən qorxdu.  Körpü yenə var idi və o körpü bu dəfə başqa bir yerə bir məqsədə aparırdı.
İki gün gözlədi. Yağışların göz yaşında yuyunaraq gözlədi. Sonra bir Günəş doğdu,qaranlıq buludlar bənövşəyi rəngə dönəndə qadın körpüyə doğru yönəldi.Əli ayağı əsə-əsə körpünün sonuna qədər gəldi. Adam uçurumun kənarında oturmuşdu.Gözlərinin boşluğunda qaranlıq bir uçurum var idi. Qadın o uçurumda özünü gördü. Sonra özünü o baxışlardan qoparıb lap qabağa baxdı.Gördü bir qadın başında rəngi qaçmış bir qara yaylıqla oçağın üstündə qazan qarışdırır. Rəngi kül kimi, əlləri əsməcəli qadın. Sonra dayandığı körpüyə baxdı və geri dönüb ayaqlarının gücü yetdiyi qədər qaçdı. Öz daxmasına qədər qaçdı.Əlinə ilk keçən o bıçaq oldu. Elə həmin bıçaqla dönüb o  körpünü doğradı.Dibsiz, qaranlıq uçurum körpünü uddu. Əslində isə o körpünü doğramadı, özünü doğradı,könlünü doğradı,istəklərini doğradı. Qadın içindəki dərin boşluqla ah çəkərək uçuruma baxdı. Əllərini yana açaraq möhkəm qışqırdı.
Zaman dəlisov dəcəl qız kimi qaçırdı.Qadın daxmasının qarşısında ocaq qalamışdı. Uçurum yox olmuşdu.  

12.29.2015

TƏNHALIQ GİRDABI

                                   
            Şəhərlər böyüdü,şəhərlər böyüdükcə paralel olaraq insanların sayı da artmağa başladı.Dahilərdən biri "Adamların sayı artdıqca, insanların sayının azaldığını görürəm"- deyə nigaran bildirmişdi.Bu nigaranlıq məni bəşəriyyətin sonsuzluğa doğru yollanan yorğun ayaqlarından sallaşan dərdləri görməyə sövq edir.Bu dərdlərin ən böyüyü isə bəşəriyyəti öz girdabında boğmağa hazırlaşan tənhalıq girdabıdır.
-Niyə bu qədər qələbəlik içində tək qalmışıq?
-Kimlər ya nələr buna zəmin hazırladı?
-Biz hara gedirik?
-Bütün bunların bir həll yolu varmı?
            Dünyaya kitab pəncərəsindən baxanlar tənhalığın ədəbiyyatda tsiklik inkişafını müşahidə edə bilərlər.Bu tənhalıq İsgəndər Zülqerneynin əbədiyyət kəhrizini axtarmağa getməsindən,postmodernistin bohem həyatına qədər uzanır.Hissə-hissə,zərr-zərrə ədəbiyyata çökən tənhalıq iztirabı son əsrlərdə öz pik nöqtəsinə çatdı.Bu əsrlərin tənhalığı Məcnunun çöllərdəki tənhalığı deyildi.Bu fiziki tənhalıq deyildir.
            Əvvəllər yalnız ədəbiyyatda mövzu olan bu məsələ indi cəmiyyət adlı gəmini batırmağa başlayıb."Zəmanəmizin qəhrəmanı"nı mütaliə edən orada bir insanın özünə yer tapa bilməməsini 50 il öncə oxuyarkən bəlkə də təccüblənərdi.Lakin indi bu qəhramanlar o qədər çoxalıblar ki,kütləvi şəkildə boşanmalar və intiharlar şəklində qarşımızda nəhəng bir tablo yarada bilirlər.
            "Martin İden"in fəlakəti onun yazıçılığı deyildi.Onun daxilində dərinləşməyə başlayan bir girdab idi.Bu girdab onu son yolçuluğuna apardı.Gəmiyə minəndə elə ürəyindən keçdi ki,o sadə qızı özü ilə aparsın,amma apara bilmədi.Cünki o girdab onun əlindən cəsarətini-yaşamaq cəsarətini almışdı.Həyat rəngini itirmişdi onun üçün.
            T.Drayzerin "Dahi"si Yucin cəmiyyətin zibiliyindən zirvəsinə və ya əksinə yuvarlanarkən o tənhalıq girdabının əlində can verərkən onu həyata yenidən nə qaytardı.Bu barədə sonra...
            Tənhalıq sindromunu kimlər yaratdı və bunu insanlara kimlər yoluxdurdu? 50 il öncə "ürəyim sıxılır""Həyat niyə bu qədər bezdiricidir?!" cümləsini quran əgər bir nəfər idisə, indi bu cümlənin cəmiyyətdə nə qədər sahibi tapılar.Xüsusilə gənclər arasında bu geniş şəkildə yayılıb.Bütün bunların məntiqi bir izahı vardır.
            Bütün bunların izahı bizi modernizmin diktə etdiyi qloballıq siyasətinin bir parçasıdır."Bəs əgər qoloballaşma vahid bir mədəniyyəti təbliği edirsə, bunun nəyi pisdir ki?"- deyə mənə etiraz edənlər də tapılacaq.Bəli, bütün hikmət cəmi bir kəlmə olan o qloballaşma sözünün içindədir.Biz bilirik bəşəriyyət mövcud olandan bəri dünyada aparılan müharibələr tökülən qanlar iqtisadiyyat və qüdrət toqquşması ucbatından olub(Təbii ki,söhbət işğalçı müharibələrdən gedir)Qloballaşma elə mədəniyyət formasını diktə edir ki,onun daşıyıcısı olan insana hər şeyi satmaq asan olsun.Məlum məsələdir ki,şərqdə yeyilən bir qida qərbdə yeyilə bilməz.Lakin 50 il sonra bütün bir vahid mədəniyyətə sahib bütün dünya yalnız bir qida sektoru və ya digər iqtisadi güclər tərəfindən idarə olunacaqsa niyə insanlar tədricən vahid bir mədəniyyətə tabe edilməsin?! Burada bir sual meydana çıxır:Axı bütün dünya vahid bir əldən idarə olunacaqsa bu günü-gündən artan insan kütləsini idarə etməyə necə bacaracaqlar? Və ən ümdəsi indi bütün insanlığı sıxan bu tənhalıq sindromunun bununla nə əlaqəsi var?
Texnologiya inkişaf edir.Texnologiya inkişaf etdikcə insanlara fərdiləşmə diktə olunur.Hər kəs özəldir,xüsusidir kimi alt şüura xitab olunan reklam çarxları bütün günü televizorda modernizmin bizə pıçıldadığı sözlərdir."Sən ən gözəlinə layiqsən" Sənin üçün yaratdıq "və s.Sən.Bu insanı eqoizmə və mənmərkəzçiliyə götürən ən böyük yalanlardan biridir.Cəmiyyətə ilk addımın atan insan onu böyük uğurların gözlədiyini və özünün xüsusi olduğuna inamla gəlir.Lakin bütün bu umduqlarının yerinə onu cəmiyyətdə reallıqlar-umduqlarının heç yarısı belə qarşılamır. İqtisadiyyatın psixoloji əsaslarının olması məsələsini yalnız bununla sübut edə bilərəm ki,Fukuyama iqtisadiyyat üzrə Nobel mükafati alanda bəlkə də insanlar onun bir psixoloq olduğunu və iqtisadiyyatın psixoloji əsasları barədə elmi əsərinə görə bu mükafatı aldığını bilmirdi.İqtisadiyyatın insanların psixologiyası ilə birbaşa əlaqəsini quraraq bu gün dünya bazarında illərlə rəqabətə tab gətirən şirkətlər var.Bütün bunlar isə cəmiyyəti daxildən yoxsullaşdıraraq bir çox tənha insanların yaranmasına gətirib çıxardı.Artıq özünün xüsusi olması barədə nağıllarla böyüyən insanın real dostları az, paylaşdığı informasiya azdır.O özünə qapanıb.Onun ən yaxşı dostu son texnologiya və o texnologiyanın gətirdiyi qeyri-real həyatdır. (Bu anda atalar və oğulların mübarizəsi başlasa belə bu mübarizədə körpü üzərində qarşılaşan iki keçi kimi hər iki tərəf bəri başdan uduzub) Bəziləri  real həyatın ilk silləsindən yerə yıxılaraq intihar edər,digərləri yarımadam olaraq davam edərlər.Onlar çoxdu.Tənha bir şəkildə evlənərlər, ailələri olar ,amma onların  daxilində bir sakitlikləri olmaz.Ailə daxilində Don Kixotla Sança Panso kimi olarlar.Fiziki bir yaxınlıqla az qala dünyanı dolaşsalar, belə hərə öz xəyalının hərə öz "dəyirmanın" arxasınca düşər.Cəmiyyəti bu girdabdan necə xilas etmək olar sualının yalnız bir cavabı var:Qohumluq və dostluq.İslam dinində insana əmr olaraq bir qanun gəlib:sileyi-rəhm.Açması qohumluq əlaqəsidir.Qohumlarla əlaqə niyə bu qədər vacib olsun ki? İnsan nəyə görə belə etməlidir ki? Çünki insanı içindəki o dəhşətli girdabdan yalnız o üzünə qapı bağladığı insanlar xilas edə bilər.Paylaşmaq bölüşmək xilas edər. Mənim qələbəliyim insanlarla doludur deyən dahi o insanları yaxınları ilə əvəzləsəydi yeniyetmə tənhalığından qurtulmuş olardı.Qayıdım Drayzerin "Dahi"si Yucinə. Bohem həyatın sərxoş etdiyi Yucin əllərini körpə qızına uzadan zaman anlayır ki,artıq həyat onun üçün dəyişib. Artiq o başqası üçün yaşamalıdır, mübarizə aparmalıdır.Yaşamağa artıq bir səbəbi vardır.Bəli yaşamağa səbəb ,ölməyə səbəb olmalıdır.Səbəbsiz insan məhvə məhkumdur.Emil Zolyanın Suvarinin ("Germinal")belə səbəbi var idi o mədən quyuların partladanda....

Amma Kamyunun "Yad"-nın əlində heç bir əsas yox idi.O öldürəcək qədər tüfeyli,yaşayacaq  qədər həvəssiz idi... 

12.02.2015

KEÇMİŞİNİ İTİRƏN QIZCIĞAZ

Bilirsiz,hər hansı bir bədii əsər nə vaxt oxunaqlı olar? Oxucu oxuduğu əsərdə öz həyatından,yaşadıqlarından bir cümlə tapanda,bax, o an ona elə gəlir ki,haqlı olaraq oxuduğu əsər orjinaldı və ona sərf etdiyi vaxta heyfsillənməz.Mən tam əminəm ki,"Buqələmun" romanı məhz belə əsərdi.Hər bir oxucu onun içindən öz həyatına uyğun bir cümlə də olsa tapacaq.Yəni,bu romanda yazılan bir cümlə,elə bil mənim həyatımı yazıb deməyə sövq edər insanı.
Mən də tapdım öz süjet xəttimi oradan.İcazənizlə bölüşüm sizinlə.
Atası Nigarın keçmişini,uşaqlığını bi sarısaç gözələ qurban verir.Ermənilər o vaxt Kəlbəcərə od vuranda mənim də keçmişim orda yandı.Bir fotoşəkll belə yoxdu.Bəli,hər kəsin öz əhvalatı var,hekayəsi var və onlar müqayisə edilməz.Lakin hislər,yaşanan acılar müqayisə edilə bilər.
"Buqələmun"da yazıçı insanların ürəyinə enməyi bacarıb.Bəzi yazarlar yaratdıqları obraza robot kimi yanaşarlar,səhvsiz,amma müəllif Şahin obrazını yaradərkən ona qarşı ürəyində böyük sevgi bəsləyib.Sanki,oxucularına"Şahini qınamayın" deyə xitab edər.
Əsərin süjet xətti,orada toxunulan mövzular,xüsusilə kitabın üz qabığı məni və ətrafımdakı ziyalı xanımları heyran etdi.Hər kəs əsərin finalını çox bəyəndi,amma sözün düzü mən bu finalla razı deyiləm.Finalı sanki Ofeliya özü yazıb.Yəni Ofeliyanın romantikliyi bu sonluğu yaradıb.Şahinkimilər heç vaxt geri dönməzlər,onlarda vicdan yoxdur.
Roman mənə mənəvi zövq verməklə yanaşı tənbehdə etdi.Ofeliya maddi nəyi varsa itirir,əvəzində insanlığını,Allahın tapır.Şahin isə həm mənəviyyatını,həm də canını itirir.Boşanma adi bir haldı,nə olar ki,hər kəs boşana bilər.Amma bir ailənin faciəsi odur ki,atası övladının gələcəyini bazarda satar.Bax,bu əhvalat kifayətdir ki,bu roman oxunaqlı olsun.
Ümumilikdə yazıçı bu günümüz üçün aktual olan bir çox mətləblərə toxunubmu yazıçı?Bu ədəbi tənqidçilərin işidir.Əvvəldə qeyd etdiyim kimi biz adi oxucular ürəyimizə enməyi bacaran hər bir əsəri sevə-sevə oxuyar və nəticəmizi çıxararıq.
Uğurlar sizə Ülviyyə Tahir!
Allah sizi buqələmun kimi insanlardan qorusun!
P.S. Yeri gəlmişkən buqələmun heyvan adıdır.Heyvanların süuru isə yoxdur,amma hərəsinin özünəməxsus spesifik xüsusiyyətləri var,insanın isə şüuruolduğundan bütün xüsusiyyətlər onda cəm olub.Ona görə də insan yaradılmışların ən təhlükəlisidir...

GDU Psixologiya fakultəsi tələbəsi Fazilə Məmmədova 

7.16.2015

MƏKTUB

                                                                           
                Əvvəllər məktublar yazılardı uzaqlardan. Mütləq havaları soruşardılar o məktublarda.Salam yazılardı ilk başdan. Amma mən sənə necə salam yazım ki,əlüykim salam almıyacamsa. Səndən oradakı havaları da soruşmayacam.Niyə soruşum ki? Molla deyir bərzəx aləmindəsən. Amma demədi bərzəx nədi. Bəlkə də özü də bilmir. Onsuzda bu molladan bizim kəndə heç papaq olmadı. Pivə içəndə bundan urvatlı kişi idi.İndi hər yerdə bir arvad saxlayır. Deyir savabdı. Özünü sevindirmək nə vaxtdan savab hesab olunur?! Bunu da izah etmir.Ümumiyyətlə bizim molla hey sükut edir. Deyir susmaq qızıldı. Hə, havalar deyirdim axı. O gün o molladan soruşdum ki,bərzəx aləminin havası necə olur?  O da "ya sən kafirsən,ya da axmaq. Ala, mən nə bilim bərzəx aləminin havası necə olur." İndi daha sən yazarsan, ana, oraların havasını mənə. Yadındadı bir dəfə Ehsan kəndin o başındakı qıza məktub yazıb, eşq elan edəndə oranın havalarını soruşmuşdu. Neyləsin binəva. Axı, əlimizə keçən əsgər məktubları Xabarovskidən,Çexoslavakiyadan yazılardı. O məktublarda uzaq ellərdəki əsgər oğullar havaları soruşmağı da özlərinə  borc bilərdilər.
                Bizdən hal-əhval-tutmaq istəsən yenə həminki kimiyik. Sən öləndən sonra qayinanam bizə köçdü. Arvadımgil tərəf yaman bəxtigirdi. Heç onlara bu 60 ildə yetim adı  verilmədi.Arvaddakı, maşallahı var. Köhnə nol üç kimidi. Üstü-başı çürüyüb,amma  mator sazdı.Arada küçədən gəlinmaşınları keçəndə ah çəkir. Ya qisqanır, ya da artıq bilir ki, onun qatarı gedib. Daha dönməyəcək. Qocalmağını qətiyyən qəbul etmir. Ele hey deyir "Niyə mən bu günə qaldım?" 26 təvəllüd olduğunu unudub. Sağlamlığından elə hay-həşirlə danışır ki,sanki 26 yaşında qəfil qocalıq xəstəliyinə tutulub.
                Nəvələrin böyüyüb. Fəridin ciyərlərinə su gəldi. Hökumət sağ olsun müalicə etdirdi. Havayıca neqodnı çıxardılar uşağı. Amma nə illətdisə uşaq o xəstəlikdən sonra çiyinləri qalxaq halda gəzir. Arabir mənə elə gəlir ki,uşaq uçacaq. Uşaqların anası deyir ki,ayağının altı düzdü, ona görə elə yeriyir. Yox yenə  hökumət sağ olsun bizi xəbərdar etdi. Əsgər gedəndən altı ay sonra çağırıb dedilər ki, uşağın dabanı da düzdü, ciyərinə də su gəlib. Mən onu həkimlərə aparsaydım bir sandıq pulum çixacaqdı yəqin.Bu hükumətin qədrini bilmir bu naxələflər. O gün intilgent Qiyaz deyir ki,Qəddafi ilə Səddam öləndən bəri yaxın Şərqdə nəki yiyəsiz var hamısını Aralıq dənizi qarnına endirdi. Bu camaat Qədaffi  ilə Səddam öləndən bəri Aralıq dənizindən balıqmı tutur, yoxsa o dənizdə intihharmı edir- bax onu anlamadım.Bizi də Xəzər udar, vallah bu hökumət qoymur.Fərhad gizir olub. O gün gedib gördüm. Müddəti uzadılmış qulluqdadı. Yaxşıdı. Salam-duası var.
                Gəlinin də yenə biş-düşündə öz işindədi. Böyük oğlan -Fərid evə dönəndən bəri onunla yola getmir.Dərdləri nədi bilmirəm. O gün Fərid deyir ki, Müseyb bir də bizə gəlməsin. Uşağın başın iynə dərman çövürüb. Müseyb 20 ildi biznən dostdu. Mən nətəhər adama deyim bizə gəlməsin. Uşaq deyir ki,əgər O birdə bizə gəlsə anamı öldürəcəm. Başı xarab olub. Məndən qorxur, anasına gücü çatır. O gün anası da deyir deyir ki, bu yastıdabanı göndərək rusyətə Maşadan,Nataşadan  tapıb sakıtləşsin. Yoxsa bizi qırıb batıracaq.
                Deyəcəksən ancaq özündən danışdı. Altı ay öncə o sevimli oğlunu gördüm. Sumqayıtda. Arvad qovub çıxarıb ki,get cəhənnəm ol sənə bir dəniz havası dəysin iyin, qoxun dağılsın. Mən deyirəm də nə qədər arvadının pulu çox idi, onu evdə saxlayırdı. Əslində bir işə yarayan deyil. Elə dilini çıxarıb stola yapışdırsın, arvad barmağını o dilə vurub pul saysın. Dedim ,axı, alma o Xeyrullanın qızını. Dedin alacam. Hə aldın nə oldu? İndi evi də dolandırır,ves məhləni də. Sən bilirsən mən səninlə heç on yeddi yaşlı sevgilimin üstünə şər atıb qapıdan çıxardanda, O da gedib özünü intihar edəndə inciməmişdim. Amma sən mənim sözümü sındırıb gedib o qızı bizim gədiyə alanda hirsləndim .Day səni bağışdamadım.Əhbər də yaxşıdı. Uşaqlarını baş -göz edib. Bircə dənə şəftəli  qız-Nuranə qalib. O tüklü halı ilə gündə bir oğlan tapır qoşulur gedir altı -yeddi ay arvad olur,sonra qayıdır gəlir. Əhbər deyir:" Allah internet çıxardanın başına daş salsın, pozdu uşağımı." Pomidor parnikləri ilə meyvə ağaclarının arasında qalmışıq. İşdi, yağış yağıb sel tökdüsə, külək əsdisə ikisindən məhrum olub acından öləsiyik. Başqa gəlir yeri yoxdu axı.
                Vallah, xətrinə dəyməsin o gün gedim qəbrinin yerini axtardım. Tapa bilmədim. Hardan tapacam. Axı, gediş- gəliş yoxdu. Dedilər bəlkə də o qəbri söküb yerin satıblar. Əşşi nə dəxli. Qəbir di də. Onun əvəzinə ayağın basdırılmış yerə-həyətimizin o başına tez-tez baş çəkirəm. Heç yadımdan çıxmaz o ayağı sən şəkər olanda kəsmişdilər.Raufun oğlu Elşad gətirmişdi ki,bizim həyətdə basdırsın. Mən də ona lağla: "Apar xaş et. Neynirsən basdırıb" deməyimlə məni söyüb təhqir etdi. Okazıvayetsa anamın ayağına hörmət etmədiyimə görə yox, xaşdan iyrəndirdiyimə görə hirslənibmiş. Hər dəfə məni görəndə üzünü çevirir. Bilirəm ən sevimli yeməyindən iyrəndirdiyimə görə məni heç vaxt bağışlamayacaq. Hə nə deyirdim? Qəbirstanlıq. O qəbirstanlıqda sənin qəbrin olsa nə olacaqdı. ki? Bütün ömrünü boş keçirmisən.Bir qəbir də özünə hazırlatmadın.Kəfəni də biz aldıq sənə. Day övlad sənə neyləyəcəkdi ki? Uzun Əlövsəti basdırıb gələndə mənə  Feyzullanın qəbir yerini göstərdilər. Dedilər özünə alıb. Bilmədim nə deyəm. Dedim :"İçi dolu olsun, yiyəsinə qismət." Bu da təzə dəb düşüb. Dəllək Səlimin qəbrini görəndə adamın ölməyi gəlir. Şəklini, zadını döydürüb üstünə. Pəh-pəh qəbir deyil, beş ulduzlu oteldi vallah.
                Kənddə hər Cümə axşamı ölülərinə Quran oxutdurmaq istəyən yaxşı oğlanların və qızların probkası olur. Onlar da bilir, mən də bilirəm ki,dərdləri Quran oxutdurub, ölüyə yaxşılıq etmək deyil. El camaat adlı bir tərəzi var. O tərəzinin hər zaman onları ağır çəkməsinin xəstəsidirlər. Yoxsa bilirlər ki, üç manat verib oxutdurduqları o" Yasin" ölənlərin bir eşalon günahını çətin yuya. Əşşi indi adətdi hamı oxudur. İnan da ,inanmayan da. Sən demirdin:"Mən öləndən sonra istəyirsiniz məni aparıb kanala atın fərqi yoxdur. Məsələ odur ki,ölməyəsən .Öldün, tay oldun min ilin ölüsünə." Ona görə də saxtakarlıq, yalançılıq etmirəm. Özümün inanmadığımı, sənin lağ etdiyini niyə sənə oxutdurub özümü aldadım ki? Burdan bircə nəfər qazanclı çıxır: o da molladı. O gün kənd camaatından soruşuram ki, arvadı hara basdırmısınız ,tapmıram.Dedilər neynirsən.Əsas odur basdırmışıq. Qurda-quşa yem etmədik. Belə yaxşı oğlansan, gələydin maraqlanaydın.Axı mən yaxşı oğlanam.Nisyə aldıqları kəfən pulunu ödədim. Amma bilmirlər ki,onların içində ən doğruçu,səmimisi mənəm. Onsuzda anamın ölməyi mənə təsir etməmişdi. Guya qəbrinin yerini bilsəydim baş çəkəcəkdim .Yox, getməyəcəkdim. Əlimin içi kimi bilirəm ki,hamı bayramda, seyranda o qəbirlərə sevdiklərindən yox, el-camaat tərəzisinin qorxusundan baş çəkirlər. Mənim isə o el-camaat heç vaxt vecimə olmayıb.
                Deyəcəksən hamıdan yazdın, bir özündən başqa.Nə yazım. Ömürdü də. Mədə ilə ayaqyolunun arasında xərclənib gedir. Bütün əlləşməyim özümün və ailənin qarnı uğrundadı. Hey kredit ödəyirəm. Aylar, təqvimlər o kreditlərə görə hesablanır. Bəzən krediti  ehtiyacdan yox ,o biri kreditləri bağlamaq üçün götürürəm. Axşamlar pivəxanada bütün dərdləri unutmaq üçün içər ,gecə yataqda sayıqlayar, sabah ağzımda bir ton zəhər tamı ilə oyanıram. Deyirəm, mənə kişi qızı kimi demədin də kimin oğluyam. Camaat güzgüyə baxıb saçını başını düzəldər, mən illərdi güzgüdə atamı axtarıram. Yaşlandıqca gah Kazıma, gah da Əhməd müəllimə oxşadığımı fərq edirəm. Kənddə mənə sataşırlar ki, çıx Xoşqədəmə axtar dədəni.Guya bilsəm nə olacaq. Əşi elə- belə bekarçılıq. Elə o bekarçılıqdan bu içkili halımda sənə bu məktubu yazdım. Bilirəm oxuyan deyilsən. Amma yazdım. Bilirsən arada o sovet dövründən ötrü darıxıram. Daha bizə heç kim məktub yazmır. Biz də yazmırırq. O gün beləcə məktub həsrətimi dilə gətirib balaca gədəyə-Fərhada dedim mənə məktub yaz. Elə bilim ki, Xabarovskidən ,Çexoslavakıyadan yazmısan. Dedi ata mayıl  adres verim sənə ora yaz. Sən demə millət indi məktubu internetdən yazırmış. Mənim internetdən başım çıxmır. Çıxsa da  yüz il qala ordan heç kimə məktub yazmaram. O məktubun ki,hərflərinə toxuna bilmirsən, onu yazan əlin o sətirləri yazarkən necə titrəməsini, həyəcanlanmasını görə bilmirsən nə ləzətti.
                Hə ana. Sağ və salamatıq. Bizdən arxayın ol. Ehh səni öpürəm də yaza bilməyəcəm. Yəqin indi bircə skeletin qalıb....
İmza: Oğlun. 

6.23.2015

TİCARƏTÇİLƏR


               
       
                Ta qədimdən insanların ətraflarını saran uğursuzluqlardan qurtuluş yolunu mistik bir şəkildə çözməyə çalışıblar. Özlərinə totemlər yaradıb,müxtəlif dini ayinlər ixtira ediblər. Bunların kifayət etmədiyini gördükdə isə müxtəlif insanların "qeyri-adi" qüvvəsinə pənah aparıblar.  O qüvvənin onları tapmış uğursuzluqlardan xilas edə biləcəyinə ümid ediblər. Tək Allahlı dinlər yaranandan sonra insan övladının sakitləşməsini, azca da olsa öz məcrasına dönməsini gözləsək də bunun belə olmadığını  tarixdən daim müşahidə etmişik. İnsanmı günah çənbərini daraldıb, yoxsa Tanrımı  insanı doymaz yaradıb?!...
                Tək Tanrılı dinlər öz mükəmməliyi ilə göz oxşasa da insan ondan umduğu xilası tapa bilmədi. Çünki insan fitrətən doymaz bir varlıqdı. Ona İudaizm gəldi O inəyi özünə büt etdi,çünki gözünün gördüyünə qəlbinin gördüyündən daha çox inanırdı. Ona xristianlıq gəldi,O isə  həvarilərin dediyinə, şuraların çıxardığı qərarlara inandı,çünki kütlə psixologiyasının dayışıcısı onlan insan düşünməkdənsə hazır ideyaları qədbul etməyi daha üstün bildi. Ona İslam dini gəldi.O, Quranı oxumaqdansa onun ətrafında dönən nağıllara inandı. Çünki nağıl daha şirin və  daha mənfəətli idi. İnsan dinə inandı.Lakin yağmur duasına çıxmış kütlənin özü ilə çətir gətirməməsi kimi idi insanın inancı. Onda insan tamamilə başqa yollar aradı. Yalnız başqa yollar insanı dinin və Allahın göndərdiyi ağır buyruqlar və qadağalardan qurtara bilərdi.
                Knut Hamsunun "Torpağın bərəkəti" adlı romanı var. Bu romanda insan etdiyi günahların fərqində olaraq özünə əzab yolu seçir. Bu yolla sanki Allaha" Mən günahımın fərqindəyəm və bu əzabı özümə verməklə sənin əzabından özümü sığortalayıram" kimi mesaj verir. Əzabın bu dünyada çəkilməsi nəfsin etdiklərinin əvəzinin ödənilməsu kimi hesablayır.Amma ilk fürsətdə o əzabları və Tanrıya verdiyi vədi unudur.Yenə günahlarına üz tutur. Sıxıntıya düşən kimi tövbəsini təzələyir.
                Elə bu yaxınlarda Hamsunun romanını mütaliə edərkən oradakı romanın qəhraman qadını kimi bir kişi öz övladını öldürdü. Səbəb isə çox bəsit idi. Xəstəxana xərclərini ödəmədiyinə görə uşağa baxmamışdılar və körpə küməsə qoyulmaq əvəzinə atasına verilmişdi. Ata da uşağa o qədər xərc qoyulmasını mənasız hesab edərək onu xəstəxanadan evə gətirdi. Təbii ki,uşaq tənəffüs yetməməzlliyindən öldü.Xəstəxanada özünə gələn anaya isə uşağının öldüyü deyilir. AZ sonra qadın uşağın nə üçün öldüyündən xəbər tutur. Həkimin yanında hay-küy salsa də, bu qərarı ərinin verdiyi ona deyilir. Qadın başını aşağı salaraq kabinetdən çıxır və qəfil dönüb həkimdən bu qədər günahın, qanın, uşaq ölümünün altından necə çıxacağını soruşur.Həkim isə" İllərdi çörəyimlə bu qanla qazanıram. Mənə heç nə olmur. Bilirsən niyə? Çünki hər il neç ə dənə qurban kəsib paylayıram.Kasıb qarnı doydururam. Allah bunu bilir."-deyə cavab verir.
                Öz övladını boğaraq öldürən Hamsunun qəhrəmanı 8 illik həbs cəzasını da çəkir. Lakin bu gün Azərbaycanda uşaq ölümlərinin hamilə qadınların ölüm səbəbinə görə nəinki hökumət heç öz vicdsanları da onlara hökm kəsmir. Çünki öz aləmlərində onlar Allahı satın alıblar. Onlar 26 dəfə Həcc ziyarətinə getməklə, saysız-hesabsız qurbanlar kəsməklə öz çirkablarını kirli pullar kimi yumağa cəhd edirlər.  Ən pisi isə özlərini bu yalana inandırmağı bacarıblar.
                Elə bir zəmanəyə gəlib çıxmışıq ki,hər kəs özündə olmayandan danışır. Namussuz namusdan dindar Allahdan, alverçi düzlükdən.siyasətçi xalqın mənafeyindən danışır. Onlar ətraflarına özlərinin uydurduqları güzgüdən baxırlar. O güzgünü pəncərəyə çevirmək, bir anlığa cəmiyyətə baxmaq ağıllarının ucundan belə keçsə vicdan əzabından gəbərəcəklər.
                Günlərlə oruc tutub bədəninə əzab verərək ağzını qiybətdən saxlaya bilməyən,namazını qılıb namazından qafil olanları,Quranı oxuyub onun haqqında təsəvvürləri kitab yüklü eşşəyin anlayışından o tərəfə keçmirsə,əxlaqı təmizlənmirsə, deməli nə gələn dinlər ,nə gələn peyğəmbərlər insanı xilas etməyib. Çünki insan özü xilas olunmaq istəmir. O günahlarından tövbə etmir. O günahlarını tamamilə başqa vasitələrlə satın alır.  O biri dünyanın varlığına inanmır,amma onu daim bir gün bunların hesabının olacağı fikri də tərk etmir. O kəfən alır,inanmadığı halda ölüsünə kəfən geyindirir,Cümə axşamları ölüsünə Quran oxutdurur, amma özünün diri olaraq o kitabı oxuyub ondan hali olmaq ağlına gəlmir. Çünki bu yolla dədə-baba qaydaları ilə həyatını quraraq belə yaşayır. Halbuki İslam dini elə dədə-baba qaydalarını yixmaq üçün göndərilmişdi. Onları hansını dindirsən,Allahdan xəbərdar etsən hamısı bir ağızdan ürəyitəmiz olduqlarını söyləyəcəklər..

Bu yazı ölkəmin bütün "ürəyitəmiz" vətəndaşlarına həsr olunub  

5.16.2015

BALIĞIN DİRİLDİYİ YER

Sən balığın dirildiyi ,
mən cəsarətin  öldüyü yerdəyəm!

Günəşi əllərinin üzərində hiss edəndə anladı ki,gün günortanı keçib. Səhra qarşısında nəhəng bir okean kimi görünürdü. Əslində qarşısındakı məkan dünənə qədər səhra deyildi. Nəhəng meqapolis olmuş bir şəhərin xarabalığı idi. Dünən bu şəhər çökmüşdü. Dəniz səhra olmuşdu. O səhradan gələn qum tufanı şəhəri bətnində gizləmişdi. Yolçu ayağının altındakı dünyadan xəbərsiz halda irəliləyirdi. Ona görüş yeri vermişdilər. Qolunda saatı, güman etdiyi zaman anlamı yox idi. Zaman nə idi ki? Bir kəpənəyə üç günlük ömrü bəlkə də yüz il gəlir. Bunu insan haradan bilsin. Bəlkə də, insanın ömrü kəpənəyə daha qısa gəlir.
Yolçu irəliləyirdi. Çantasını min illərdi dəyişmirdi.İçərisindən yeməklər  bitməzdi. Hər gün inancı qədər yeyərdi.İnanc! Yaddaşının korşalaşmış bucağında  bir körpə anasından ürəyinin nə boyda olduğunu soruşurdu. Anası "Yumruğun boyda" deyərdi. Bütün dünyanı qüvvəsi yetdiyi qədər ovcuna yerləşdirməyə çalışardı. Bircə kəpənək sığardı ora. Yumruğu boyda dünyada Tanrılıq davasına qalxanda, o məsum körpə yumruğundakı kəpənəklə yoxa çıxdı. İnancı qədər yeməyə başladı.İnancı qədər ruzi tapmağa başladı. Yaddaşının ən qaranlıq guşəsində nur kimi  oranı işıqlandıran Məryəmdən Zəkəriyyə meyvələri haradan aldığını soruşurdu. O da hər dəfə "Sən Allahın ruzi xəzinəsinə şübhəmi edirsən?!" deyə cavablayırdı. Bax, onda Zəkəriyyə udqunaraq irilənmiş gözləri ilə bu zəif qızcığaza baxırdı.İnancı qədər ruzi. Qulağında çınlayırdı mürşidlə müridinin dialoqu.
"Göyə ox atıb Allahı arayanmı, yoxsa yediyi ruzinin yarısını bölüb sabaha ruzi ehtiyatı görənmi daha inanclıdı?"-soruşdu mürşid tələbəsindən. Tələbə "Sabaha ruzisindən saxlayan"-deyə cavabladı . Mürşid gülümsəyərək" Allahın sabaha nə planladığından xəbərsiz insanın ruzi ehtiyatı gülünc deyilmi?! Halbuki göyə ox atan- içindəki şübhələrə cavab axtaran, ibadətini edib, dünyasını düşünən abiddən daha mömin deyilmi?!... "
Yolçu irəliləyirdi. Ayağındakı ayaqqabı, əynindəki paltar  zamanın əlindən və  gözündən uzaq idi. Tənhalığın ona geyindirdiyi ayrılıq paltarından O şikayətçi deyildi. Əyyubun səbrindən toxunmuşdu onun paltarı. Əzablarının müqabilində almışdı. Keçdiyi sınaqların və  ruhunun böyüklüyünə görə almışdı. Əlini uzatsa dünya hakimiyyəti ovcunda olardı. Ovcuna sığacaq qədər.Bir kəpənək kimi çırpınardı ovcunda o hakimiyyət.Lakin Yolçu zamanı tapmaq üçün irəliləyirdi.Zamana doğru. Çantasındakı ölü balığı üç dənizin qovuşduğu su axarına salıb diriləcəyi günə qədər gedəcəkdi.
Şəhərlər. Dənizlər.Yox idi. Dünya bu qədərmi böyük idi? Niyə yeriyib mənzil başına çata bilmirdi?! Bu sualı qəlbinin dərliyində özündən də gizlətmişdi. Qarşısındakı düşmən çox güclü idi. Zamanı tapa bilsəydi, o an o düşmən də yoxa çıxacaqdı. İnsanın içindəki zaman saatı. Və o zaman saatının kəfkirini hərəkətə gətirən nəfs. İnsanı əjdaha kimi udan o canavar Yolçunu zamanı tapmağa imkan vermirdi. Ta uzaqlardan eşidirdi Yunusun ayaq səslərini. Allahdan qaçırdı. Bağladığı əhdi pozub qaçırdı. Bir yazı lövhəsinin qarşısında duran ağbənizli bir qızcığazın qəlbindən dümağ bir inancı oğurlayırdı qaraqabaq müəllim. İstehza ilə "Bir balinanın insanı udması qeyri-mümkündü,çünki onların boğazı çox dardı.Bunu elm sübut edib". -söylədi.Qəlbi dümağ , inancı yumruğu boyda qızcığaz yumruqları ilə göz yaşlarını silərək "Mən bunu Cənnətdə Allahdan soruşacam"- dedi.
Yolçu əsasına söykənərək bir insan övladı axtardı. Qalmamışdı. Adəmdən sonra milyonların atdığı dünya ilə onun qarşısında bir pərdə var idi.  Pərdənin o tayındakı insan adlananlar bu tayda simasız və cansız idilər. İçlərini gəmirən dünya eşqindən sinələrində qəlb əvəzinə gəmirilmiş  qırıntılar var idi. Yolçunu bürüyən pərdənin o tayında  hərbi təyyarədən açılan atəş, o təyyarəni nəhəng bir kəpənək bilib qaçan uşaqları yerə sərdi. Biri əlini sinəsindən axan qana batırıb günəşin sarı işıqlarında baxdı. Ölümü anlamayacaq qədər məsum idi. Qanlı dodaqları ilə"Sizdən Allaha şikayət edəcəm"deyib gözlərini  səmanın al narıncı rənginə qarışan o nəhəng kəpənəyə dikdi.
Yoruldu. Oturub çantasını açdı. Bu günkü ruzisini çıxarıb yeməyə başladı. Qarnı tutana qədər yedi. Axırıncı yediyi nahardan mədəsində heç nə qalmadığına görə yedi. Nəhəng bir xaçı əlinə alan bir keşiş zamanın hansısa  tayından "Qisas, yürüş" deyə çığırırdı. İsanın torpağını xilas edəcəkdilər. Tribunadan çığıran o balacaboy "Mənim mübarizəm"- deyə çığıraraq İsanın qisasını insanlardan alacaqdı. Qarın davası gedirdi idealogiyaların tumanı altında.Əlini uzatsaydı əgər müqəddəs torpaq davası güdənlərlə müqəddəs insan uğrunda qan tökənlərin arasında zamanın nə qədər qısa olduğunu görərdi insanoğlu. Amma bir səlibçi döyüşçüsü kimi  qalxanını asmışdı insan zamanın qapısından. O zaman anlamı dünyagir insana məxsus idi. Yolçu ora necə daxil olsun ki?!...
Çantasını yığışdırıb ayağa qalxdı. Qulağına arabir adı uzaq bir qığılcım kimi gələrdi. Tez sönərdi o qığılcımlar.Harun sarayinda yata bilməyəndə dava etdi ki,sarayin damında qulağıma gələn tapıllıtılar məni qoymur yatmağa. Qalxıb sarayin damına baxdılar.Heç nə tapmayanda, Harun özü qalxdı. Eşitdiyi səsin arxasınca yollandı. Bir adam gördü. Soruşdu "Nə axtarirsan?" Dedi: "Dəvəmi axtariram." Harun dəvəsini axtaran adamı dəli bildi. "Sarayin damında dəvəmi olar, insan?" -deyə mat-məhəttəl sual etdi. Adam dönərək-"Pərqu yataqlarda, zəngin həyatında Allah necə olursa, sənin sarayının damında da dəvə də elə olur."
Yolçu irəliləyirdi yenə yorulmadan. Harun yastığa dirsəklənmişdi.Allahı zikr edib imanlı olduğunu zənn edirdi.
Bütün yolların Allaha apardığı yerdən məkandan üzüyuxarı zamansızlıqdan qurtulmaq üçün çırpınırdı. Nə vaxta kimi gedəcəkdi. Bir qığılcım bir işıq yandıran olaydı kaş. Yağmur duasına çıxmış kütlədən heç kəs çətir gətirmirsə, deməli, inancları qədərdi cəhdlərinin uğursuzluğu. Dizini atıb "Eşq, Ey Zamanın Məkanın sahibi"- deyə inildəyən könülün gönü o qədər qalın idi ki, dilindən qopub göylərə ucalan səsi heç öz ruhuna yetişmirdi.Ruhunun kar olduğu sədanın kiməsə çatacağından əmin olmayınca insan Yolçunun yolu uzanacaqdı.
Səhra bitdi. Qarşısında böyük vahə, ardınca dağ ucalırdı.Dərindən nəfəs alıb irəlilədi. Nə qədər çəkəcəkdi ora getməyi.Bir gün, iki gün yoxsa yüz il. İnancı qədər yol! İnancı qədər zaman alacaqdı tükənməz ömründən. Üzeyr peyğəmbər içindəki şübhənin qarmağına düşən kimi yüz il yatdı. Onun zaman saatının daşı çıxarıldı. Ayılanda o yüz ilin arxada qalmış yüz ildən fərqini anlamadı. Axı nə Günəş, nə də  Ay qocalmaz ki? Torpaq qırışmaz.Dağların dişi tökülməz. İnancı qədər zaman almaq.
Budur dağ. Zirvəsində idi. Qarşısında üç dəniz qovuşurdu. Qaçaraq sahilə doğru getdi.Əlini çantasına atdı. Balıq orda yox idi. Ağlını itirmiş halda çantanı eşələmyə başladı.O an anladı ki, min illərdi çiynində gəzdirdiyi çantanın ucu bucağı yox imiş. Dəhşətə gələrək çantanı bağlayaraq dizləri üstə çökdü.O əmanəti itirmişdi ,yoxsa inancında hansısa səhvə yol vermişdi? Əlləri ilə üzünü qapayaraq başını aşağı saldı.Düşüncələrə qərq oldu. Elə o an ayaq səsləri eşitdi.Əllərini üzündən çəkməyə qorxdu. Qorxdu ki, bu bir sərab olar. Yox həqiqətən addım səsləri yaxınlaşırdı.
Balığı suya atdı. Quyruğunu şapıldadaraq şəffaf suda dövrə vuran balıq bu iki şəxsə baxırdı.
Aralarında  dialoq başladı.
- Niyə balığı sən gətirdin?
- Sən ki, bunu bilirsən. Keçən dəfə görüşə balığı Xızıra Musa gətirmişdi.
- Çoxmu axtardın?
-On iki həvarimi tərk edəndən bəri.
- Səncə bu sondu?
- Gözləməliyik.
-Nə qədər?
Hər ikisi zülmətə bürünmüş dünyaya baxdı. Arabır ulduz kimi qığılçımlar səmanı aydınladırdı. Sonra isə axaraq zülmətin bətnində əriyirdilər. Yolçu qəfildən çiynində onun əlini hiss etdi. O, saqqalını sığalayaraq:
-Dünyanın bir tərəfində bir kəpənək qanad çalsa bilirsən nə olar. Bəlkə də bir kəpənək ömrü qədər, bəlkə də bir kəpənək cəhdi olana qədər gözləyəcəyik.
-  



Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...