Müqavilə
Rayona
türklərin gəldiyini quql ( rayonun intiligentləri “ google”ayamasını ona hər
şeyi bildiyinə görə qoşmuşdular) Həsəndən öyrəndi. Üzünü səliqə ilə təraş edən
Həsən ülgüçü köhnə üsulla əlində ustalıqla fırlayaraq rayonun son xəbərlərini
bezikmədən danışırdı. “Yolların dağılmasını, yeni asfaltların döşənməsini pul
yemə tələsi olduğunu və bu millətə hələ
bu da azdır” aksiomu ilə son verib nəfəsini dərmədən elektrik üz qırxan maşını
işə salıb Hacı Nurəddinin saqqalına xətt qoydu. Hacı Nurəddin saçını, üzünü
qırxdırmaqdan daha çox həftəlik bura sosiallaşmaq üçün baş vurardı. Bu bərbərxanada
hər yaşdan və təbəqədən insan tapmaq mümkün idi - Başını telefonun ekranından
qaldırmayan gənclərdən tutmuş uşağın pampers və dərman xərclərindən bezikən gənc
ailə başçılarına və pensiyalarının heç nəyə
çatmadığndan şikayət edən qocalara qədər . Hacı Nurəddin məsciddən daha çox,
burada oturmağa üstünlük verirdi. Quql Həsən son xəbərləri tutuquşu kimi təkrarlayır
və onu hər dəfə heyran buraxa bilirdi. Amma bəzən Həsənin məlumatlarına
inanmağı gəlməzdi.. Məsələn bir dəfə Həsən Marsa insanların gedəcəyini söyləmişdi.
İki gün ağlı qarışmışdı və belə bir məlumata hec cür inanmağı gəlməmişdi.” Mars
hara, insan hara. Yox ,Qiyamət yaxınlaşır. Bu millətin başı xarab olub.”-deyə
düşünməkdən özünü saxlaya bilməmişdi. Həsən
elektrik maşını söndürüb yenə rayona
türklərin gəlməsi məsələsinə qayıtdı. O ,türklərin zabit olduğunu, hətta oteldə
qaldığını da söylədi. Hacı Nurəddin özünü saxlaya bilməyib “ Nouldu, hökumət iki dənə
zabitinə yer tapa bilmir?” deyən kimi peşman oldu. Çünki “yerin də qulağı var”
sözlərini indiki zamanda özünə şüar edənlərdən idi. Indi söz dilindən quş kimi
uçub gedən kimi ,özünü o yerə qoymadan quql Həsəndən cavab gözlədi. Hətta belə
söz deyə bildiyinə görə sifətinə bir cəsur ifadə verməyə də çalışdı. Həsən isə
onun ülgüc altında quş ürəyi kimi atan damarlarına fikir vermədən” Yox ey, Hacı,
bunlar orada müvəqqəti qalırlar. Deyirlər ki, bu zabitlər full ev axtarırlar. “
– cavab verdi.“Full ev” məsələsini isə heç quql Həsən də bilmədi. Hacı Nurəddin
söhbəti o biri məlumatlar kimi orada unudub gəlsə də, gecə yatağına uzananda
türklərin “full ev” axtarması yenidən
yadına düşdü. Ərinməyib yerindən qalxaraq on birinci sinifdə oxuyan nəvəsinin
otağına getdi. Qapını döymədən içəri girdi. Nəvəsi qulağında qulacıqla
çarpayıda əlindəki tabletə necə dalmışdısa, onun gəldiyin fərq etmədi. Hacı Nurəddin
yaxınlaşıb nəvəsinin başı üstündən ekrana boylanmayınca onun nə işlə məşgul
olduğunu anlamadı. Lakin tabletin ekranında çılpaq qadını görəndə elə bil Hacının
başına göydən yekə bir daş düşdü. O nəvəsinin qulağına necə əl atdısa, elə bil
uşağı elektrik vurdu. Yeniyetmə bilmədi tableti gizlətsin, yoxsa babasının əlindən
qulağını qurtarsın. Dili dolaşa-dolaşa “
Baba, vallah, sən bildiyin videolardan deyil ey bu. Ledi Qaqadı. Konsertdə
soyunub.Vallah, baba, babaaaa “ deyəndə Hacı
Nurəddin bura məlumat almağa gəldiyini
xatırlayıb nəvəsinin qulağını buraxdı və mümkün qədər yumuşaq səs tonu ilə “ Bala,
Ledi Qarğa kimdi?” – deyə soruşdu.Nəvəsi qulağını ovxalaya-ovxalaya ona mügəninin
şou üçün tamam soyunduğunu söyləyəndə Hacı Nurəddin qəti əmin oldu ki, Qiyamət
yaxınlaşıb. O nəvəsinə, o şeytan əməlini uzaqlaşdırmasını və ona “full evin” nə olduğunu izah etməsini
istədi. Nəvəsi tableti yastığının altına qoyub
əllərini xarizmalı liderlər kimi yana açaraq “bura” deyərək ətrafı göstərdi.
Hacı Nurəddin yad bir adam kimi ətrafı nəzərdən keçirib anlamadım işarəsi verdi. Nəvəsi” full ev , yəni
içində hər şeyi olan bizim ev kimi” deyəndə Hacı Nurəddini onsuzda heç yanından əksik olmayan
şeytan qıdıqladı. O nəvəsinin tabletini də, Ledi Qaqa-sınıda unudub yatmağa getdi. Yuxuya gedənə qədər xəyalında “full
ev” məsələsini götür-qoy edən Hacı Nurəddin yuxuda da türk zabitlərini gördü. O
yuxuda bütün reallığı gördü, bir məsələdən başqa.
Səhər məsciddən gələ azan səsinə yenə oyanıb
başını yastığın altına soxdu. O iki il idi ki, məscidə bağışladığı bu aparatlar
üçün hər səhər peşman olurdu. Bu aparatlar azanı düz yataq otağını daşıyar onun
içindəki vicdanı bir anlığa da olsa sirkələyərdi. Bu vicdan oyanmasında Hacı
Nurəddin qətiyyən yerindən qalxmaz, əksinə azandan sonra daha da bərk yatardı.
Bircə arvadı onun namaz qılmadığını bilirdi. Evdəkilər onun məsciddə, məsciddəkilər
isə evdə namaz qıldığına inanardılar. Belə Nurəddin yenə
azan səsini eşitməməzliyə vurub cari xəyyallarına daldı. Elə bu xəyyaların təhriki
ilə səhər doqquzda qaxıb türklərin qaldığı otelə yollandı. Rayonun yeganə oteli
müstəqillik qazanılandan bəri təmir yolu gözləməkdən dəlmə-deşik olmuşdu. Indi
o dəlmə-deşikləri karton kağızlarla qapayan otel rəhbərliyi türk zabitlərə ən yaxşı otağı verməyə cəhd
etsələr də, yenə əyri-əksiklər göz çıxarırdı. Kanalzasiya qoxusunu duymamağa
çalışan Hacı Nurəddin zabitlərə evindən
bəhs edəndə pəncərə önundə duran arığı özünü saxlaya bilməyib sevincini büruzə
verdi. Stola soykənmiş digəri isə heç bir şey ifadə etməyən gözləri ilə
“fiyatı” deyəndə Hacı Nurəddin nəvəsini özü ilə gətirmədiyinə peşman oldu.” Nəyi?”-
deyərək soruşanda həmin türk zabit “Parası, pulu”- deyərək yenə
o nun üzünə baxdı.” Hə, bala, o məsələ hasatdı”-deyib türklərə evin
yerini mümkün qədər aydın dillə izah etməyə çalışdı. Axşamüstü türklər evə gəlib
baxanda arvadı onların nə üçün gəldiyini anışdırmamış, qiymət üstündə elə həyətdəcə
mübahisə düşdü. Hacı Nurəddin getdiyi Həcc ziyarətinə dayanmadan and içir və
bundan aşağı yer olmadığını deyirdi. Turklər isə “Abi, sen çıldırmışsın”- deyə
təkrarladıqca Hacı Nurəddin özündən
asılı olmadan bunu “su çıldırmaq” kimi anlayır və bunun ev məsələsinə nə dəxli
olduğunu anlaya bilmirdi. Beləcə yarımsaatlıq çarpışmadan sonra Hacı Nurəddin
dediyi qiymətlə bir şərtlə razılaşdılar. Bu şərtin nə olduğunu isə Hacı Nurəddin
nəvəsinin tərcüməçiliyi ilə anladı. Nəvəsi babasından sarı beşliyi çırpışdırıb o mübhəm kəliməni tərcümə
edib aradan çıxdı. Hacı Nurəddin türklərin şərtini qəbul etdi. Bu şərtini gələcəyini
düşünmədən belə.
Axşam Hacı Nurəddinin evində
qopan tufan demək olar ki, yurdda heç kəsi
qoymadı.Oğlu arvad uşağı ilə qayınatasıgilə acıq edib getdi. Arvadı isə onun
qocalan çağında xəriflədiyini deyir və acıq eliyib getməyə yeri olmadığından
yanıb tökülürdü. Hacı Nurəddin isə həmişə özünə sinədəftər etdiyi hədisləri
misal gətirir və bu zaman onları özünə sərf edən şəkildə yozmaqdan da çəkinmirdi.
Arvadı isə gecənin son sözlərini “Sən Allaha verdiyin sözü tutan deyilsən, onda
qalmış mən olam” deyib onun sabahdan sovurduğu vədlərə nöqtəni qoydu. Uzun
mübahisələrdən sonra Hacı Nurəddin
arvadını tovlayıb fermaya apara bildi. Türklər “full ev”-lərinə, Hacı
Nurəddin pullarına, arvadı isə fermanın əziyyətlərinə qovuşdu. Evin yüksək məbləğdə
kirayə verilməsi rayonda əməlli başlı söz-söhbətə səbəb olduqca ,hər ay pulun
arxasınca gələn Hacı Nurəddinin işi çətinləşirdi. Donuq baxışlı türk onun gəldiyi
vaxtı sanki əzbərə bilir və darvazanı onun üzünə əlində rakı şüşəsi ı ilə
açırdı. Bu zabitin ciyərinin çürüməməyinin
şeytan əməli adlandıran Hacı Nurəddin pulunu mümkün qədər tez alıb getməyə
çalışardı. Amma bu zabit onu danışdırmağa çalışar və hər dəfə Hacı Nurəddin əcaib gələn suallar verərdi. Onun verdiyi
suallardan canı sıxılan Hacı Nurəddin söhbəti zarafata salmağa çalışsa da, pulu
alana qədər tantal əzabı çəkərdi. Zabit isə “ Nəfsin neçə mərtəbəsi var? Ay
Hacı, nəfsi-əmmarəni aşdınmı gülüm?” – deyərək sualları sıralayır, Hacı Nurəddin
isə onun əlindəki süd rəngli məhlulu süzərək” Bala, sən nə inkir-minkir
sualları verirsən deyəcəm, amma günah olacaq. Çünki inkir-minkir sən içdiyin o
zəhirmardan içmir”- deyib gülməyə salırdı Lakin zabit donuq gözlərini onun üzünə
dikərək israrla suallarını yenə yağdırırdı.
Hacı
Nurəddin yenə biyara göndərilən kəndli kimi ayagını sürüyə-sürüyə bir neçə ay
öncə ona doğma, lakin indi yad bir qapıya sürünürdü. Darvazanı yenə o donuq
baxışlı zabit açdı. Bu dəfə onun əlində rakı şüşəsini görməyən Nurəddin sevindi . “Dualarım qəbul
olundu”-deyə ürəyindən keçirdi. Zabit onu içəri dəvət edərək yenə
qabağa düşüb getdi.Hacı Nurəddin bu dəfə söz-söhbətdən qaçmaq üçün elə ilk anda
pulu istədi. Türk zabit isə sakit bir ifadə ilə:
-
Heç zəkat veriyonmu?-Hacı Nurəddindən
soruşanda hacının yenə dalağı sancdı.
-
Yox ay bala . bala mənim pulumu ver tələsirəm
gedirəm- deyə əsəbini büruzə verməməyə çalışaraq . Türk zabit isə donuq
baxışlarını onun üzündən çəkdi və Hacı
Nurəddinin anlamadığı şəkildə bir sözü içəri otaqlara tərəf qışqırdı. Içəridən
çıxan arıq zabıt Hacı Nurəddinə salamsız-kəlasız qorxduğu o sehirli kəlməni dedi. Ilk dəfə idi
ki, öz etdiyi öz əleyhinə çıxış edirdi. Hacı nurəddin necə əsəbləşdisə şəkəri kəllə-çarxa
vurdu Indiyə kimi uzaq aran rayonda- öz yağında qovrulub getdiyi kiçik cəmiyyətdə
bir kəlməsinin yetərli olmuşdu. Indi onun pul həvəsinin kiminsə qanuni haqqı ilə
uzlaşması onu yandırırdı. Belə düşüncələrlə fermaya dönən Hacı Nurəddin şəkərinin
qalxma səbəbini arvadına söyləmədi. Üç gün çarpışmadan sonra qəfil yağan yağışlarla rayon və kənd yolların keçilməzliyi onun xəstəxanaya yetişməsinə
mane oldu.
Səhər erkəndən qapının döyülməsi türk zabitini çilədən çıxardı. O əsəbi halda
darvazanı açdı və gördüyündən az qala şoka düşdü. Onun gözlərinin önündə böyük
bir insan kütləsi və çiyinlərində bir tabut var idi. Zabit tabutdakının Hacı
Nurəddin, insanların isə onun qohum -əqrabası olduğunu öyrənəndə donuq baxışlarını ilan soyuqluğu ilə kütlənin
üzərinə gəzdirdi və heç nə demədən darvazanı örtüb geri qayıtdı. Az sonra əlində
bir topa kağızla geri dönərək Hacı Nurəddinin oğlu ilə qısa bir dialoq qurdu.
Tabutu yerə qoyub ətrafına toplaşan insanlar onların danışıqlarını eşitməsələr
də bir az sonra rəngi kömür kimi qaralmış Hacı Nurəddinin oğlu “ Qaldırın”- deyə
dişləri sıxılmış halda qohumlarına müraciət etdi. Tabut uzaqlaşdıqca türk zabiti bir illik müddətə Hacı Nurəddinin
evi kirayəyə verməsi və bu müddət ərzində evə heç bir müdaxilə etməyəcəyi
haqqında imzası olan kağızları ehmalca
qatlayıb cibinə qoyub hərbi hissəyə yollandı. Hacı Nurədinin oğlu isə atasını
qayınatasının həyətində yasını verdikcə atasının çürük insan ömrünə güvənib
bağladığı müqaviləni düşünür, dünyanın faniliyini və insanın tamahının bir nöqtədə
- tabut qapağının bağlandığı anda iflas etməsini anlayırdı. Amma nə vaxtsa atasının vəziyyətinə
düşərsə onun kimi qərar verərdimi sualını özü üçün cavablandırmaqdan qaçırdı.
Hiç yorum yok:
Yorum Gönder