5.03.2014

Alma

                                                                        Alma
Yoldaşım yeni iş təyinatının Bakıya çıxdığını söyləyəndə yerimdə donub qaldım. Bu mənim onun karyerasında güman etdiyim və qorxduğum  ən son məntəqə idi. Dost, tanış növbə ilə zəng vurur və hər kəs onu yeni bir vəzifə pilləsi münasibəti ilə təbrik edirdilər. Nəhayət, bütün təbrik mərasimləri bitəndən sonra gözlədiyim reaksiya həyat yoldaşımdan gəldi. O, mənim sükutumun səbəbini soruşdu. Mən isə yorulduğumu bəhanə edərək söhbətdən qaçdım. O da bu səbəbi yəqin ki, kifayət qədər tutarlı hesab etdi ki, başını aşağı salıb telefonu ilə məşğul olmağa başladı.  Hər iş yolunda gedirdi. Artıq bir həftə sonra ona xidməti maşın verilmişdi və O, iş yerindən məmnun halda zəng vurur təəssüratlarını bölüşürdü. Mən isə  onun bizi aparmaq təklifinin olmaması haqqında hey dua edirdim. Lakin yeni işin ilk eyforiyası keçən kimi, O, evə döndü və bizim yığışmağımız haqqında göstəriş verdi. Bu bizim illərdi ki, rayondan rayona köçməyimiz kimi ona adi gəlirdi.  Mənim Bakıya həvəslə gedəcəyimi güman edərək ,tez-tez orada kirayə tutduğu evi tərifləyir və bəzən  danışdıqlarından şövqə gələrək  məni də qucaqlamaqdan vaz keçmirdi. Nəhayət  sükutum və hərəkətsizliyim onun diqqətini cəlb etdi. O, diqqətlə üzümə baxaraq nə baş verdiyini soruşdu. Mən isə qəti şəkildə izahat verməkdən boyun qaçırıb getməyəcəyimi söylədim. Yoldaşımın çaşqın halda üzümə baxması belə tövrümü dəyişdirmədi. O, əvvəlcə sakit halda izahat tələb etdi, cavab almadıqda isə hirslənməyə və dalaşmağa başladı. Az sonra  evdən  çıxıb getdi. Axşam qayınanam məsələyə qarışdı. O, əvvəlcə bir kişinin təkbaşına Bakıda qala bilməyəcəyini , üst-başına , yeməyinə qadın nəvazişinin vacibliyindən dəm vurdu, bu mənə təsir etməyəndə  isə söhbətin ikinci mərhələsinə keçdi. Bakıda vəzifəli kişiləri ovlayan qadınlardan bəhs edib gözümü qorxutmaq istədi. Bütün bunların fayda verməyəcəyini anlayanda ” sağ ol” deyib telefon danışıgına son verdi. Beləliklə yoldaşım evləndiyimizdən bəri ilk dəfə olaraq təyinat aldığı yerə bizsiz yollandı. Mən onun küskün-küskün maşına  mindiyini, sürücüyə vecsiz halda necə sür işarəsi verməsini pəncərədən izləyərək pis olurdum. Lakin içimdəki qorxu ona verdiyim kədərdən daha çox idi. Yoldaşım gedəndən sonra yataq otağına keçib köhnə albomlardan birini götürdüm.Məktəb illəri, sonra tələbəlik çağları bozumtul, yarı rəngli fotoları ilə qarşıma töküldü. Onları araşdırarkən bu vəziyyətin uzun müddət belə getməyəcəyini anlayırdım. Çünki onun xasiyyətini bilirdim. Əvvəl- axır gəlib boğazıma qonacaqdı. Bütün hər şeyə bəlli bir izahat tələb edəcəkdi. Albomu bağlamaq istəyəndə arasından bir kağız sürüşüb ayağımın altına düşdü. Artıq saralmaqda olan bir parça riyaziyyat vərəqinə əvvəllər dövriyyədə olan on min manatın- el arasında “məmmədəmin” adlanan pulun rəsmi çizilmışdı. Kağızı yerdən qaldırıb uzun-uzadı baxdım.Bu bir parça kağız mənim bütün keçmişımı özündə ehtiva edirdi.  Kağızı götürüb daim qonaq qəbul etdiyimiz qonaq otağına keçdim. Əlimdəki kağız parçası ilə ortasında dayandığım nəhəng zalın cah-cəlalı arasında elə bir paradoks var idi ki, bunu bircə mən bilirdim. Beləcə uzun-uzadı xəyyalanıb getdiyim keçmişdən məni oğlum qopardı. O yenə israrla şokolad istəyirdi. Mən kağızı cibimə basaraq ona şokolad  verdim və o an bütün qorxularımdan ya azad olmağı, ya da hərşeyi ona anlatmağa qərar verdim. Birincini edə bilsəydim bu keçən on iki ildə edərdim , edə bilməmişdim. Deməli, ikincini edəcəkdim. Necə edəcəkdim, burası mənə qaranlıq idi.
                Yoldaşım necə getdi və mənə qarşı hirsi keçdimi, bunu yalnız bir həftə sonra bildim. Bir həftə  keçəndən sonra onun könülsüz halda bizim halımızı soruşması mənə təəccüblü gəlmədi.
-          Salam.
-          Salam.
-          Uşaqlar yaxşıdı?
-          Yaxşıdılar. Sağ ol.
-          Hələdə gəlməməkdə israrlısan?
-          Biz danışmalıyıq.
-          Nəyi?
-Qorxularımı.- mən bunu deyəndə onun səsi kəsildi. Uzun bir sükutdan sonra:
- Nədən? Səni şantaj edirlər?- kişi  ötkəmliyi ilə dilləndi.
- Yox mən kiməm ki?!... Adi bir müəllimə. Mənimlə kimin işi var.
- Bəs nə məsələdir?
- Gələrsən danışaram . Amma söz ver ki, mənə dəli deməyəcəksən.
- Yaxşı söz.- Beləcə biz bir həftəlik soyuq atmosferdən sonra mehribanlaşdıq. O üç gün sonra gələcəyini bildirib söhbətimizi sonlandırdı. Mən artıq sərhəddə idim. Ümidlə onun gəlişıni gözlədim. Bununla keçmişdəki qorxularımda qurtulacağımı ümid edirdim. Min cür xəyalla mətbəxə keçəndə kif iyi duydum. Anladım ki, yenə çörək qabında qıyıb atmadığım çörəklər kiflənib. Həmişə belə idi. Soyuducumuzda illərlə ət qalardı. Onun bir tikəsini belə ata bilməzdim. Sonralar xarab olmuş ərzaqları zibil qutusundakı zibillərə əlavə edəndə elə bil canımdan can alırdılar. Ini kif qoxusunu alan kimi cörək qabını açdım. Könhə çörək yeniləri də zədələmişdi.  Onları ayırıb kif atmışları zibil qutusuna, yeniləri isə  çörək qabına qoydum. Mətbəxdə yemək işlərinə başım necə qarşıdısa, birdən böyük oğlum içəri qaçaraq girib və ardınca “atam gəldi “deyə qışqıranda zamanı fərq etdim. Mənim tanıdığım adam bu idi. O, dayanmayacaq və mütləq  gələcəkdi. Az sonra O yorğunluğunu divanda çıxarır və mənim lavanda ləçəkləri ilə hazırladığım vanna kefini gözləyirdi. Axşam çox sakit keçdi. O, yumuşaq idman paltarlarını geyinmiş halda evdə gəzinir ,arada böyük oğlumuzu məktəb barədə sorğu-suala tuturdu. Çay süfrəsini mətbəxdə təşkil etdim. Bilirdim ki, bunu çox sevir. O, fincandan qalxan çayın ətrini ciyərlərinə çəkərək diqqətlə gözlərimə baxdı. Bunun artıq başlamaq işarəsi olduğunu anladım. Özümdə cəsarət taparaq:
- Mənə inanmalısan. Hər şeyi deməliyəm. Yoxsa bu qorxu məni öldürəcək.Mən səninlə Bakıya gələ bilmərəm. Bəlkə də gələ bilərəm ,sənin dəstəyin olsa.
- Nə olub canım? Mən səni sevirəm bilirsən. Burdayam, yanindayam hər şeyi danış!- o mənim əlimi sıxaraq ürəkləndirdi.
-  Sənin gözündən düşməyəcəm ki?
-Axı, nə ola bilər ki, üç övladımın anası gözümdən düşsün ki.?! Mən səni tanıyıram. Danış!- O,artıq cümlənin əmr formasına keçdi.
- Mən Bakıdan qorxuram.
- Necə yəni? Şəhərdən?- O, təəccüblə qaşlarını çatdı.
-Bir az elədir. Yəni, qorxuram o şəhərdən.
- Başa düşmürəm.- O, çaşqın halda başını buladı.
- Qoy əvvəldən başlayım. Bax mən sənə demişdim axı, atam iflas etmiş biznesmendi. Hamısı yalandı. Bizim xeyir işimizdə hər şey dayımgildə oldu. Guya atamgilin evləri- zadı əllərindən çıxıb. Bax onlar hamısı yalan idi. Əslində mənim atamgil çox kasıbdılar. Onlara yeri  düşəndə mən pul göndərirəm. Onlar bura gələndə paltarlarını, hətta bizə aldıqları hər şeyi mən alıram. Atamın heç vaxt bunlara imkanı çatmayıb. Bilrsən biz həmişə kasıb olmuşuq.-  Söhbəti yarda kəsib onun ilk reaksiyasını gözlədim. O mənim üzümə məhəttəl halda baxdı, baxdı və qəfil
- Bunlara nə ehtiyac var idi ki, mən səni sevirdim.
- Yox siz varlı idiniz. Sənin atanı qalstuklu, vəzifəli bir adam kimi sürdüyü həyati, ananın isə briliyyantlarını görəndə mən artıq vaz keçmişdim, amma sənə olan sevdam mane oldu.
- Yaxşı bu komediyanı anladım. Bakının bura nə dəxli?- O səsindəki ötkəmliyi qorumağa çalışaraq dilləndi.
-Bilirsən kasıbçılıq kasıbların arasında fərq edilməz. Mən evimizdə sıxıntı hiss edərdim .  Amma bu o zaman dəhşətli hala gəldi ki, mən o kasıbçılıq məvhumu ilə üzbəüz qaldım. Universitetin ən yüksək fakultələrinin birinə daxil olarkən özümü dünyanın ən xoşbəxti sanırdım. Lakin Bakıya üz tutandan bir ay sonra mən intiharın eşiyində olan biri idim. Çünki nə geyimimlə, nə pulumla kiminləsə yarışacaqq biri deyildim. Atamın verdiyi qəpik-quruş on gündə bitir, mən isə yerdə qalan günləri ac-yalavac keçirirdim. Qrupda bakılı qızlar, biz rayonlu qızların azadlıqlarına həsəd apararkən, mən onlara bizim azadlığımızın porletar azadlığı olduğunu izah edə bilmirdim. Mən onları evdə gözləyən rahatlığı xəyal edərkən, onlar mənim halıma tamahlanardılar. Qrupumuzda gonbul qızlar məni çimdikləyərək” Necə arıq qalırsan?” deyə soruşanda mən onlara aclığı necə izah edəydim. Bir dəfə qrup qızlarından biri məni qonaq apamışdı. O qədər yemişdim ki, üç gün dayanmadan allergiya oldum. Nə isə tezliklə otaqda qaldığım zəngin rayon qızlarından da aralandım. Çünki otağın pulunu  verməyə atamın qüvvəsi yetmirdi. Tezliklə Yasamalın ən ucqar nöqtələrinin birində üç qız yaşayan bir yer tapdım.  Hər şey əvvəl yolunda getdi. Qızlarla ortaq nöqtələrimiz var idi. Lakin mən gəldikdən sonra evdəki qız yeməyini bizdən ayırdı. Səbəbini isə açıq-aydın söylədi.  Bildirdi ki,ona ayda üç dəfə sumka, iki dəfə pul, bizə isə ayda bir dəfə sumka və pul gəlir.Bizim onu ziyana saldığığmızı söylədi. Əvvəl bu bizə elə ağır gəlmədi. Onsuzda əzəl gündən bu qızın qəribəliklərinə öyrəşmişdik.  Ona öz aramızda Pinokio çağırır və bununla onun taxta kimi füqurasına və kobud xarakterinə işarə vurardıq. Bəli, bu qız yeməyi ayırdı. Ayın on beş günü yemək tapmayan üç səfil qızın yanında qazan qaynadıb yemək hazırlamaq qədər əclaflıq bu qızın əlindən gəldi. Ən pisi isə biz ağzı sulan-sulana onun yediklərinə tamaşa edərkən O, arsız-arsız müxtəlif şorabalardan nuş edər ,kampotlardan içərdi. Yenə mən dözümlü idim. Amma Aytac buna dözməzdi. O yeri gəldikcə ondan oğurluq edər və bunu özünə halal bilərdi. Bu da yetmirmiş kimi ev  sahibəsi  bizi boğaza yığardı. O, demək olar ki, hər gün gələr  dağlı ləhcəsində “ Su puyu, sirxavoy puyu, işıq puyu “ deyərək bizi kirayəni  səkkiz şırvana qaldırmaqla  hədələyərdi. Aytac  aclıq başına vuranda “Bu murdarların ikisindən birini öldürəcəm” deyərək yumruqlarını qıcayardı. Bir dəfə yeni ayın başlanğıcında ev sahibi içəri keçdi. Həmişəki kimi heç birimizə gənəşmədən düz yuxarı başa keçib oturdu. O, bizə əgər evə beşinci qızı tapmasaq kirayəni bu ayın sonunda qaldıracağını söylədi. Aytac hirslə yerindən qalxanda mən onun ətəyindən yapışıb aşağı çəkdim.  Ev sahibi altmış yaşına rəğmən çevik addımlarla otağı tərk edəndə Aytac “Biz səkkiz şirvanı, ya da qızı haradan tapacayıq”deyərək içini çəkdi.” Bəlkə Pinokioya deyək. O, xahiş etsin, ona qulaq verər.” “Ay qız, Pinokio odun gəlib, odun gedəcək. O qışda adama qar verməz” Kəmalə əlin yelləyərək  mənə  dedi. Beləcə on beş gün daha keçdi. Bizim yenə qidamız bitdi. Artıq gündəlik makaron süzər, onu yağsız, soussuz yeyərdik. 
Axşamların birində Pinokio ətirli şam yeməyindən sonra özünə meyvə servisi edərək   kitablarını oxuyurdu. Aytac kitabxanadan yenicə gəlmişdi. Mətbəxdə vurnuxmağından başa düşdüm ki, acdı. Mətbəxə irəliləyəndə ev sahibinin mətbəxindən bizim tərəfə vuran balıq qoxusu başımı gicəlləndirdi. Elə qapıdanca qayıdıb otağa gəldim. Mənim ardımca Aytac da gəldi. Deyəsən o da mənim kimi qoxuya dayana bilməmişdi. Özünə yer tapa bilməyən Aytac kravatdan durub stolda oturur, iki dəqiqə keçməmiş  yenə yerini dəyişirdi. Kəmalə başını kitablarla qatmışdı. Mən isə Aytaca tamaşa edirdim.Artıq hiss etmişdim ki, nəsəolacaq. Elə o an Pinokio əyilib çarpayısının altından salafan çəkdi. O, salafanın içindən böyük qırmızı alma çıxardı. Onun xart deyə almaya dişlək vurması indi də gözləriminn önündədir. Özümdən asılı olmadan ağzımın suyu axdı. Elə o an olan oldu. Aytac yerindən qalxıb Pinokiyaya ağır bir yumruq ilişdirdi. Ardınca onun saçından alıb yerə çırpdı. Bax bu üsyan idi. Bu porletarların burjualara qarşı üsyanı idi. Çığır-bağır bir -birinə qarşıdı. O qədər yemək həzm etməsinə baxmayaraq bədbəxt Pinokoi ilk zərbədən özünün kanalzasiya turbası olduğunu ortalığa qoydu. Bu qız ancaq qida korlayırmış. Vəssalam. Cansız bir kukla kimi Aytacın əlində əsir və gücü qışqırmağa yetirdi. Qışqıranda isə “Saçımı burax, ya da məni vurma “-yox-” Almam, mənim almam” deyə bağırırdı. Aytac onu yerə yıxıb sinəsinin üstündə oturdu. Ardınca mənə çığırıb meyvə salafanını gətirməyi əmr etdi.Mən meyvə salafanını gətirib ona verdim. O, salafanın içindən  almaların ən yekəsini və qırmızısını çıxarıb şapur-şupur yeməyə başladı. O meyvəni dişləyir, qabıqlarını onun üzünə tüpürürdü. Pinokio isə “Almamı yerinə qoy!” deyə çığırırdı. Bu zaman çöl qapı cırıldadı. Aytac tez Kəmaləyə ora bax deyə işarə verdi.  Kəmalə getdi , lakin az keçmədi qayıtdı və qarnını tutub o ki var güldü. Sən demə səsə ayaqyalın yüyürən ev sahibi otağa Alma adında qız tapdığımızı zənn edərək sevinirmiş. Kəmalə ona söhbətin almadan- yəni real almadan getdiyini söyləyəndə arvadı ağlamaq tutub. Nə isə o məsələdən sonra Pinokio bu barədə atasına şikayət edib oranı tərk etdi. Biz üç qızı isə yeddi şurvana saxlamayacağını söyləyən ev sahibi bizi o evdən çıxardı.  Iki il sonra o evin qarşısından keçəndə ev sahibini gördüm. O saçları dağınıq halda qumda oynayırdı. Ətrafında çoxlu məmmədəmin şəkli cizilmiş kağızlar var. Idi. Mən əlimi uzadib onlardan birini götürdüm. O isə uşaq kimi ağlayaraq onu geri istəyirdi. O dəli olmuşdu. Lakin dəliliyi belə pulla əlaqədər idi. O kağızları dəstələyir onları qumda gizlədir, axşamlar isə yenidən evdəkilərdən” pul” tələb edirmiş. Nəvələri isə  dayanmadan kağızların üzərinə pul rəsm edərlərmiş. Bunu orada məni taniyan qonşuların biri söylədi. Mən əlimdəki kağız parçası ilə oradan uzaqlaşarkən anladım. Anladim ki, mənim bu parlaq Bakı cəmiyyəti arasında dərin bir uçurum var. O uçurum o qədər dərindir ki,alt şüuruma işləyib. Mən o aclıq qorxusundan ,o kasıbçılıq vahiməsindən heç vaxt qurtula bilməyəcəm.Səninlə tanış olarkən qızlar sənin məndən istifadə edəcəyini söylədilər. Amma bu belə mənə xoş idi. Çünki səni, yoxsa o gözəlim naharlarımı sevdiyimi bilmirdim. Mən beləcə Bakıya tövbə etdim. Sən məni oradan qurtardın. Indi elə bilirəm ki, o əcaib yoxsulluq orada-Bakıda məni gözləyir. Ora getsəm gənə kimi yaxama yapışacaq və mən bu dəfə balalarımla o zülümü çəkəcəm.
- Bitdimi?- yoldaşım dərindən ah çəkırək üzümə baxdı.
- Yox. – mən fincanda soyumuş çayımdan bir qurtum alaraq davam etdim. – Evin hər təfində ehtiyat qida və pul gizləyirəm. Elə bilirəm ki, bunlar nə vaxtsa bizi xilas edəcək
- Nə danışırsan?- O, üstümə qışıqırdı. Mən hardayam niyə sizi ac qoyuram ki? Kişi deyiləm?
- Bunun kişiliklə əlaqəsi yoxdu. Mənim atam həmişə kasıbçılıq qılıncının qarşısında aciz olub.
-Əzizim,- O, yaxına gələrək dizlərimin qarşısında yerə çökdü və əllərimi öpməyə başladı- sabah bu evi boşaldırıq. Bütün qidaları yoxsullara dağıdırıq. Sən bu pis xəyalları başından çıxardırsan və biz Bakıdakı o möhtəşəm villaya gedirik. Oldumu? Hə oldumuu?
-Mən dəli deyiləm? Eləmi?-mən titrəyərək onu  qucaqladım.
-Yox, əzizim, dur gedək yataq. Çox yorulmusan .Bilirsən, o villada artıq qulluqçu da var. Sən iş görmüyəcəksən, canım.- O,mənim əlimdən yapışaraq yataq otağına apardı.
               Səhər hər kəs ayılanda mən artıq oyaq idim . Qidaların yerini dəyişdirib daha mökəm yerlərdə gizlətmişdim. Bakıya getmək fikrindən də daşınmışdım.




Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...