5.06.2017

Qaloş



-İki manat ver heç olmasa...
Başını qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz bir qullab vurub:
-Hüska, sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini anladı.
-Oldu, onda mən gedim- ayağını sürüdü.
- Əl çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı yoxdu.
-İki manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca baxaraq yerə tüpürdü.
                ***
-Bir söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə sual verdi.
- Mənə 2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə bu haramdı?
- Hə, haramdı.
- Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub hirslə dedi.
- Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
- Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
- Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.- Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə fikir vermədən
- Onda iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə kitabı götürüb oxumağına davam etdi.
Bacısının yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı, yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq kitabın növbəti səhifəsini çevirdi.

***
-Qardaş, bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi. Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini qandalayaraq
-Narkotika üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.

İki saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-          Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-          Xeyr.
-          Daha aydın və sübutlu cavab olsa
-          Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca başımı götürüb gəlmişəm.
-          Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada olmusunuz?
-          Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə  verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar. Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.

***
-Svarka aparatını nahaq maşında qoyursan. –Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir  nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?  Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...

***
Səhər əlində isti su vedrəsi elə küçədə donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da  kəsmədi.  Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı. Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər. Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü. Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...








Sonuncu yuxu


Stansiyanın  tozluğunda oturdu. Çamadanı artıq göyərirdi. Saçları uzanıb ayaqlarına dolaşır, Siması zamanın əksinə gedirdi. Uzun gözlərini süzdürüb yenə dəmiryoluna baxdı. Sonuncu qatarın keçməsindən 7 il ötürdü. Bura  heç kəs gəlmirdi. Arada zülmətdə işıqlar oynayardı. O da özünü aldatmaq istəyəndə onlara baxardı.

Çamadan böyüyürdü. Göyərirdi. O isə hələ də gözləyirdi. Bütün ehtimalları xəyal etmişdi.Bir gün ağ atlı şahzadə gələcəkdi. Onu özündən alıb götürəcəkdi. Sonra yenə çamadanına baxıb bu xəyaldan daşınırdı. Tozunu təmizləyib, əzizləyib yenə qucağına alırdı. Başqa xəyal qururdu. Ayaqqabısını itirirdi. Onun ardınca gələrdi. Yenə anlayırdı ki, illərdi arxasınca sürüdüyü çamadanına görə heç ayaqqabılaarı da yoxdu.

Bir gün gurultuya ayıldı. Təzə bir qatar gəlmişdi. Nə vaxt gəlmişdi?...Yuxusuz gözlərini ovuşdurub baxdı. Yanılmırdı. Bu unudulmuş məkana kim təşrif buyura bilərdi?!...

Çamadanını unudub qatarın başına dolanmağa başladı. Ta  ucundan başına qədər gedib çıxdı. Gələn sərnişin kim idi? Ya da qatar sərnişinsiz gəlmişdi. Hələ heç nə ayırd etməmiş bir səs eşitdi.

-       Gəl mənimlə gedək
-       Sən kimsən?
-       Gələcək.
-       Gələ bilmərəm
-       Niyə? Əlini ver!
-       Mən keçmişəm.
-       Gələcəyə körpü ol
-       Ola bilmərəm
-       Niyə? Bu stansiya taleyin ola bilməz.
-       Taleyi dəyişdirmək qorxum var.
-       Tənhalığına son ver!
-       Qorxum tənhalığımdan çoxdur.
-       Qurtul ondan!
-       Özümdən necə qurtulum?
-       Gözlərini yum və xoşbəxt ol!
-       Gözlərimi açanda bəs?
-       Anı yaşa, o zamanı Allaha həvalə et.
-       Xoşbəxtlik hesabı ağır ödənilən paydır.
-       Hesabı başqalarına burax, əlini uzat mənə.
-       Çamadanım sənə ağır gələr.
-       Burax onu da...
-       Buraxa bilmərəm, o mənim taleyimdir.
-       Tale bizim əlimizdədir.
-       Əllərimi kəsiblər.
-       Ruhunu ver!
-       Bu tozlu stansiyada bircə mənə qalan odur.
-       Yol bizi gözləyir.
-       7 ildir mən də gözləyirəm.
-       Bütün gözləntilər səndən keçirsə...
-       Mənim çamadanım var, yükü yeri olan qatar isə heç gəlmədi...

Diksindi. Yuxuya gedibmiş. Ayılıb ətrafa baxdı. Stansiya bomboş idi. Uzaqdan günəşin qürubu görünürdü. Çamadanı göyərirdi. O da artıq ona qovuşurdu. Stansiyada nəhəng bir ağac var idi...


4.13.2017

Sonuncu insan - Esse

Ölümdən bəhs edəndə mənə hirslənirlər, onun yada salınmağını istəmirlər. Amma ölüm hər an yanımızdadır. İndi də intihar paltarı geyinib ətrafımızda dolaşır. Ölüm indi qəfil gələn qonaqdan daha çox sifarişli bir menyüyə çevrilib.

Sosial şəbəkədə müzakirələr uzun sürdü. Ürəyimi üzəcək qədər uzun. Düşündüm bir anlq intihar edənlər kimi... Axı, niyə mən özümü tənha insan ya da kiminsə həyat yoldaşı öldürərkən siz bunu yazar, müəllim ya da kiminsə bacısı olaraq dəyərləndirirsiniz?!...

Şəxsiyyətin ikiləşməsi....

Nə qədər haçalanmışıq. Şahzadə Diana haqqında sənədli film hazırlamışdılar. Ondan şahzadə Çarlzdan niyə ayrıldığını soruşmuşdular. O isə eyni anda şahzadə, ana, həyat yoldaşı və ictmai xadim və gəlin rollarını ifa etməkdən yorulduğunu demişdi.

Bəs problem nədən qaynaqlanır? İnsanlar bu qədərmi ümidsizləşib? İnsan bu qədərmi yorulub? Suallar, suallar...

Yenə dostum şikayətə başladı. Həyatda heç nəyə nail ola bilmədiyini və bu dünyaya nə üçün göndərildiyini çözə bilmədiyini yazdı. Telefonu söndürüb atdım kənara. Bezmək və usanmaq.. Bəlkə mən də onu dinləməkdə eqoistlik edirəm?

Yenə sual. Növbəti sual...

Nitsşenin  “Zərdüşt belə buyurdu” əsərində son insan belə təsvir olunur. Son insan yaşamaqdan yorulmuş, risk etməyən yalnız huzur və təhlükəsizliyini düşünən biridir. Son insan introvert biridir. Artıq olub-bitənlərlə maraqlanmayan yalnız öz xoşbəxtliyini düşünən bir şəxsdir.

 O özünü real dünyadan ayıraraq, virtual aləmə bağlayıb. Bu insan qulaqlarını qapayıb. Heç nəyi eşitmir. Çünki bu eşidikləri onun həyat prinsipləri ilə ziddir. Bu insan laqeydliyin özüdür. Laqeydliyin insanlaşmış formasıdır. Yaddaşı yoxdur. Eyni ilə bağlandığı virtual dünya kimi anlıq yaddaşa malik olur.

Fukuyama “Tarixin Sonu və Son İnsan” başlıqlı yazısında:
“İnsanlar öz üfüqlərinin yalnız bir üfüq kimi deyil, yaxınlaşanda yox olan bir rəsm kimi qəbul ediblər. Ona görə modern insan son insandır. Tarixi yaşamaqdan yorğun düşüb.”

Yorğun düşmək... Əlimi telefona uzadıb açmaq istədim. Yox şikayətləri dinləməyə halım yoxdur. Onsuzda bu an problemlər ən qaçdığım, düşünmək isə ən sevmədiyim məşğuliyyətdir. Azacıq dincəlsəm...

Son insan... Əslində yaşadığımız çağda  demək olar əksəriyyətimiz “Son İnsanı” əla oynayırıq. Kapitalizim yaratdığı fərdiyyətçi insan başını dəvəquşu kimi quma soxub. (Cib telefonun ekranına və kompüterin ekranında qalmış insan tipi hər an qarşılaşdığımız insanlardır. Güzgüdə də gördüyümüz odur, küçədə də...)

Hadisələrə laqeyd insan, daş kimidir, reaksiya vermir. Müharibələri, partlayışları və insan ölümlərini hissiyatsız izləyən insan. Yaşamaqdan bezmiş, heç bir şeydən zövq almayan, amma yenə də bitki kimi həyatına davam edən canlı...Dünəni bu günü və sabahı rutin kimi yaşayan boz məxluq..

İnsan laqeydlik edir. Laqeydlik laqeydlik gətirir.

J. Navvaronun “Bədən Dili” kitabında bir ataya oğlunun 5 ildir narkotika istifadə etdiyini söylədikdə o bunu heyrətlə qarşılayır. Ata övladın frekansından nə qədər uzaq düşər ki, onun 5 ildir narkotika istifadə etməsindən xəbəri olmasın.

Deməli, hələ də gözlərinə baxa bildiyimiz əzizlərimiz yanımızda ikən onları laqeydliyin qurbanı etməyək. Azacıq da olsa mübarizə ruhuna sahib olaq. Özümüzü yormaq istəməsək də gedib yaxınlarımızdan xəbər tutaq. Maddi heç nə edə bilməsək də, ən azından mən burdayam deyə bilərik.

Telefonu açıb dostmun yazdığı növbəti mesajı oxumadan zəng edirəm.
Hardasan? Gəlirəm-deyə ona səslənirəm...

P.S. Amerika alimləri bütün xəstəliklrin şiddətlənmə anını tənhalıqla bağlayıblar. Adi qrip belə tənha insanlarda uzun müddət çəkir.





2.16.2017

Azərbaycanda ilk book trailer

Əsərin qəhrəmanı olan biçarə qadın, sərbəst həyat tərzi keçirən ərindən küsüb, ondan ayrılmağa üstünlük verir. Sonra isə tənha həyat... başına gələn sıxıntılar... başqa yad, həmçinin şər insanların hücumuna məruz qalmaq və s. problemlerin yaranmasının istisna olmayacağını dərk edir. Beləliklə həyat yoldaşından ayrılmaqla məsələnin həlli yolunu tapmaq deyil, əksinə bundan sonra daha da böyük problemlər yaşayacağını dərk edir. Nəhayətdə ağıllı bir psixoloq məsləhətinə əməl edərək, yoldaşı ilə barışır və onun sərbəst həyatına qarışmadan oz İman ruhlu həyatına qədəm qoyur... 

Nəticədə gözləmədiyi bir surprizlə qarşılaşır... (rejissor olaraq, treylerin kitaba kimi olan birinci mərhələsində, kitabdan sohbet acmadan sadece romanin ümumi vəziyyətini qısa zaman içərisində göstərməyə çalışmış və növbəti hissədə isə nəinki, daha cox əsəri acaraq, detallara getmək... əksinə once kitabi gosterib, sonra əsərdən ayrılaraq, sadəcə kitabın çox maraqlı olmasına işarə etmək, onu sonadək oxumadan, ondan ayrılmağın mümkünsüzlüyünü göstermeye calismaq olmusdur.)

Rejissor: Natiq Axund (Qaçan Atlar Production)

Zərif Dəqiqələr - İctimai Qınaq


Ölüm (Esse)

Andrey Karlovun ölümü mənə Qriboyedevin ölümündən çox təsir etdi. Ən çox da ona görə ki, Qriboyedevin ölümün səbəbi çox iyrənc idi. Ən çox Andrey Karlovun ölümünün dəhşətlə nəticələnəcəyindən qorxmuşdum. Bu ölümün Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın (Onun öldürülməsi Birinci Dünya müharibəsinə bəhanə olmuşdu) öldürülməsi ilə bənzərlik qurmuşdum ki, telefonuma gələn zənglə diksindim.

Zəng edən xalamqızı idi. Bütün tarixi və siyasi düşüncələrimi ürküdən xalamqızına acıq bir az “alo” sözünü gec dedim.
“Üliviyyə, mamam, keçindi. Mamam....”  Xəttin o başında hönkürtü səsi gəldi.
“Gəlirəm”- deməyə gücüm çatdı ancaq.

Ölüm... Qriboyedevin ölümü, Karlovun ölümü... Frans Ferdinand... və bir də heç vaxt Suriyanın yerini xəritədə belə bilməyən və Frans Ferdinand haqqında eşitməmiş və eşitməyəcək xalam.
Görəsən hansı daha mənfəətli ölüm qazanıb? Andrey Karlov, Frans Ferdinand, yoxsa heç vaxt öz kəndindən kənara çıxmayan sadə kəndli bir qadın?...
Seneka ölümü cəza yox, qanun olaraq qəbul edilməsinin tərəfdarı idi. Qanun...

Eynilə doğum kimi bir qanun. Lakin hamımız onun qanun kimi qəbul etsək də, heç kəs öz ölümünə inanmır. Biz öz ölümümüzə inanmadığımız qədər Allaha inansaydıq bəlkə də həyat bizim üçün daha asan olardı.

Onu daha asan qəbul edərdik. Dünyanı möminin zindanı hesab edənlərə qoşulub, ondan qurtuluşumuzu bayram edərdik.
Lakin ölüm bəzən bu funksiyanı daşımır. Biz onu daha çox xatırlamamağa meyilliyik. Onun yada salınmasına etiraz edirik. “Allah uzaq etsin” sözləri dilimizin əzbəridir.

Əgər ölüm bütün bu əzablardan qurtuluşdursa...
Bütün bu ağrılardan, bütün mənalı və mənasız mübarizələrdən qurtuluşdursa...

Sartr həyat nə qədər absurddursa, ölüm o qədər ağır olur deyib...  Absurd həyat necə olur? Absurd həyat bütün həqiqətlərə göz yummaqdır, özünü aldatmaqdır. Özünün əbədi olmağına inancdır. Halbuki nə əbədi qalıb ki?...

Dəfn günü gedə bilmədim... 3 gün sonra qəbirstanlıqda qəhqəhəsi ilə sevdiyimiz qadının qəbrinin üstünə nəvəsinin iki dənə qozu kövrələrək qoyduğunu gördüm və xitabını eşitdim.
“Nənə axı, sən söz vermişdi ki, qoy yastığımın yanına sabah duran kimi yeyəcəm”
Verdiyimiz sözləri və əhdləri pozan ölüm. Görəsən Karlov kimlərə nə söz vermişdi?! Onun verdiyi sözlər də bu qədər sadə və adi olub?!

Arada könlümə düşür qəbirstanlıqlar. Axı, orada əzizlərimiz yatır.Lakin əzizlərimiz biz onları axtardığımıza görə var. Sabah biz ora yolçu olacayıq və bizi axtaracaqlar. Qəbirlər itəcək, yox olacaq. 100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin. Torpaq ayağımın altındadı,onun altında kimin sümükləri var bəlli deyil. 

Hamı unudulacaq, hər kəs demək olar ki, hər kəs növbəti dirilişə qədər unudulacaq- deyə pıçıldayıram....


1.27.2017

Gözləmək - Esse


"Next Station...."sözlər qulağımda cingildədi. 3 dəqiqə, cəmi 3 dəqiqəlik yolçuluq. Saata baxıram. 18:03. İşıqforda saniyələri saymaq, metroda stansiyalar arasında dəqiqələri saymaq.. Çoxaldıqca azalan nədir sözləri keçdi beynimdən. Xərclədiyimiz ömür...Biz hey tələsirik. Halbuki bilirik son dayanacaqda bizi nə gözləyir. Lakin o son dayanacağa qədər "Bəlkə...Bəlkə..." deyə pıçıldayırıq özümüzə. 

Bəlkə alındıra bildim.... Bəlkə bu dəfə ofsayt olmadım. Bəlkə bu dəfə penaltı oldu və qolu vuran mən oldum... Olacam. Felin zamanı dəyişir. İnsanlar da eləcə ... Felin şühudi keçmiş zamanı formasında bəhs olunan insanlar. Onlar gələcək zaman formasına qətiyyən uyğunlaşmırlar. Onlar yalnız şühudi keçmişdə var, Qəti gələcək yoxdur..

.Qatar qəfil əyləclə dayanır. Hamı sirkələnir. Yanımdakı insanın ayağını tapdalayıram. Üzr istəmək üçün dönürəm. Başı əlindəki telefona qarışıb, ayağından xəbəri yoxdur. Ya da xəbəri oldu, onun üçün çox adiləşib bu cür əzilmələr, itələnmələr. Yenə düşüncələrimə qayıdıram. Ya Draqo olsam... Ya da Mücəlla..

Bir ömür boyu hey gözləsəm uzaq Tatar çölündə. Ya da evlərinin qarşısındakı kolun dibinə qədər getməyi bacarmayan Mücəlla kimi.... Hey xilas olunmağı gözləyərkən, öz xilasedici rolunu oynamamaq. Deyəsən passifistliyi seçmişəm... Ətalətdə olanlar daim istifadə olunmaq təhlükəsi ilə qarşı, qarşıyadırlar. Onların daim şəkər tozu olmayanda qənd kimi başlarının əzilib şirinçay olma ehtimalı var.

3 dəqiqə başa batır..."Next station" Məni daha da küncə sığışdırırlar. "Söykənmək olmaz" işarəsini artıq kürəyimlə örtmüşəm. İnsan da kərpic kimidir yandıqca bərkiyir. Sən hansı kərpicdən dəm vurursan... Çox yanmış kərpic ustanın əlində xırdalanır. O kərpic işə yaramır ki... Uzaqbaşı onunla dəlmə-deşiyi bağlayırlar. Bax, o an mənim gözlərim qarşı tərəfdə "Söykənməyin işarəsi"nin qarşısını kəsmiş qadının üzünə zillənir. Qadın eynilə Şabanın filmlərində oynayan o çirkin aktrisa xanıma bənzəyir. Çirkinlik bəzən avantaja çevrilir. Çirkinlik nədir, ya da gözəllik. Bunların da xoşbəxtlik kimi öz tərifi və ya resepti yoxdur. Dünyada nə qədər insan varsa  onlara görə dəyişir. Gözləmək... Həyatda bir gün hər şeyin yoluna düşcəyini ya da xoşbəxt olacağını gözləmək... Axı bizə nəyi söz veriblər... Kim söz verib ki, bu qədər iddialıyıq...

Qatar dayandı. İnsanlar yenə itələşdilər. Vərdiş alıblar. Hər zaman eyni sözlər deyilir, eyni sözləri eşidirik. Amma yenə itələyirik. Çünki o sözlər artıq mexanikləşib, öz dəyərini itirib, ucuzlaşıb. Ucuzlaşmaq... Nəyinsə qiymətdən və dəyərdən düşməsini istəyirsinizsə onu çoxaldın deyiblər... Sözlər də elədir. Dəyərsiz bir yığın kimi olduqda onların qədrini bilmirik. Ruhlarımız bir-birindən ayrı düşmüş insanlar kimi hey çığırırıq.

Gözləmək... Bütün ömrün boyu gözləmək... Və bu gözləmə müddətinə saundtrek seçmək. Bayağı musiqi yanımdakı gəncin qulaqcıqlardan axıb üstümə tökülür."Next station". Adamlar daha da sıxlaşdı. Mən oksigenin azaldığını bütün vücudumla hiss edirəm. Yenə fikrim uçur. Zaman anlayışı nədir ki? Zaman bu gün altından metro xətləri keçən, üstündə lüks maşınlar şütüyən Bakıda 1 əsr öncə faytonların və atların məkanı olması deməkdir. Zaman. Ağ -qara gördüyümüz yuxular kimidir. Əlimiz çatmayan dünən kimidir.

Gec rastlaşdıq dedi. Gec deyə bir anlayış yoxdur. Sadəcə olaraq sənin zamanın, mənim zamanımla uyğun deyil dedim. Kunderanın qəhramanı məhz öz ölümsüzlüyünü araşdırarkən bunu kəşf etdi. Zaman hər şeyi udur və öz içində əridir. Yalnız söz qalır. Bir kəlmədən ibarət söz...


Gözləmək... Draqo kimi yoxsa Mücəlla kimi? Yoxsa Trotski kimi ölkədən ölkəyə qaçaraq özünün nə dərəcədə haqlı olduğuna insanları inandırmaq... Fərəh Pəhləvi... Qatar tuneldə dayandı. Ani işıqlar söndü. Yanımdakı gəncin telefonu onun üzünü işıqlandırır. Gözlərini yumub yırğalanır. Dinlədiyi musiqi onu tuneli də fərq etməyə izn vermir. Zamanına heyfi gəlmir -deyə düşünürəm. Amma mən də onunla eyni zamanı və saatı paylaşaraq tuneldə qalmışam. Qatar ləngər vurub hərəkətə başladı. İşıqlar yanıb söndü, sonra yenə yandı. İnsanların üzündə peyda olmağa başlamış narahatlığın yerində laqeydlik ifadəsi yenə öz yerini tutdu. 

Bəlkə də nəqliyyat yeganə yerdi ki, insanlar bir-birinin üzünə baxmaqdan qaçır. Nəyi gizləyirik görəsən... "Next station..." İtələşmə başlandı. Bir anlıq dayandım. Uşaqlı qadına yol verdim. Qadın çıxan kimi qarşıdan gələnlər məni yenə itələyib "Söykənməyin" yazılmış şüşəyə dirədilər. "Next station... "Gedib bir stansiya geri qayıtmalıyam. Bəlkə mən də itələyəydim, ya da qadına yol verməməli idim... Droqo obrazını heç sevməmişdim... Mücəllaya isə acizliyinə görə nifrət etmişəm.... Gözləmək...Nəyi? "Halbuki mən sizin üçün rahatlığı cənnətdə qərar vermişəm, siz isə dünyada axtarırsınız." -sözləri beynimdən sürətlə keçərək dodaqlarıma töküldü.  Səhv ünvan getmək qədər dəhşətli nəsə var görəsən?!.. Xüsusilə o ünvan uğrunda bir ömür xərcləyirsənsə....

Draqo - Dino Buzzatinin "Tatar çölü" romanın qəhrəmanı

Mücəlla -Nazar Bəkirin eyni adlı romanının qəhrəmanı

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...