6.23.2015

TİCARƏTÇİLƏR


               
       
                Ta qədimdən insanların ətraflarını saran uğursuzluqlardan qurtuluş yolunu mistik bir şəkildə çözməyə çalışıblar. Özlərinə totemlər yaradıb,müxtəlif dini ayinlər ixtira ediblər. Bunların kifayət etmədiyini gördükdə isə müxtəlif insanların "qeyri-adi" qüvvəsinə pənah aparıblar.  O qüvvənin onları tapmış uğursuzluqlardan xilas edə biləcəyinə ümid ediblər. Tək Allahlı dinlər yaranandan sonra insan övladının sakitləşməsini, azca da olsa öz məcrasına dönməsini gözləsək də bunun belə olmadığını  tarixdən daim müşahidə etmişik. İnsanmı günah çənbərini daraldıb, yoxsa Tanrımı  insanı doymaz yaradıb?!...
                Tək Tanrılı dinlər öz mükəmməliyi ilə göz oxşasa da insan ondan umduğu xilası tapa bilmədi. Çünki insan fitrətən doymaz bir varlıqdı. Ona İudaizm gəldi O inəyi özünə büt etdi,çünki gözünün gördüyünə qəlbinin gördüyündən daha çox inanırdı. Ona xristianlıq gəldi,O isə  həvarilərin dediyinə, şuraların çıxardığı qərarlara inandı,çünki kütlə psixologiyasının dayışıcısı onlan insan düşünməkdənsə hazır ideyaları qədbul etməyi daha üstün bildi. Ona İslam dini gəldi.O, Quranı oxumaqdansa onun ətrafında dönən nağıllara inandı. Çünki nağıl daha şirin və  daha mənfəətli idi. İnsan dinə inandı.Lakin yağmur duasına çıxmış kütlənin özü ilə çətir gətirməməsi kimi idi insanın inancı. Onda insan tamamilə başqa yollar aradı. Yalnız başqa yollar insanı dinin və Allahın göndərdiyi ağır buyruqlar və qadağalardan qurtara bilərdi.
                Knut Hamsunun "Torpağın bərəkəti" adlı romanı var. Bu romanda insan etdiyi günahların fərqində olaraq özünə əzab yolu seçir. Bu yolla sanki Allaha" Mən günahımın fərqindəyəm və bu əzabı özümə verməklə sənin əzabından özümü sığortalayıram" kimi mesaj verir. Əzabın bu dünyada çəkilməsi nəfsin etdiklərinin əvəzinin ödənilməsu kimi hesablayır.Amma ilk fürsətdə o əzabları və Tanrıya verdiyi vədi unudur.Yenə günahlarına üz tutur. Sıxıntıya düşən kimi tövbəsini təzələyir.
                Elə bu yaxınlarda Hamsunun romanını mütaliə edərkən oradakı romanın qəhraman qadını kimi bir kişi öz övladını öldürdü. Səbəb isə çox bəsit idi. Xəstəxana xərclərini ödəmədiyinə görə uşağa baxmamışdılar və körpə küməsə qoyulmaq əvəzinə atasına verilmişdi. Ata da uşağa o qədər xərc qoyulmasını mənasız hesab edərək onu xəstəxanadan evə gətirdi. Təbii ki,uşaq tənəffüs yetməməzlliyindən öldü.Xəstəxanada özünə gələn anaya isə uşağının öldüyü deyilir. AZ sonra qadın uşağın nə üçün öldüyündən xəbər tutur. Həkimin yanında hay-küy salsa də, bu qərarı ərinin verdiyi ona deyilir. Qadın başını aşağı salaraq kabinetdən çıxır və qəfil dönüb həkimdən bu qədər günahın, qanın, uşaq ölümünün altından necə çıxacağını soruşur.Həkim isə" İllərdi çörəyimlə bu qanla qazanıram. Mənə heç nə olmur. Bilirsən niyə? Çünki hər il neç ə dənə qurban kəsib paylayıram.Kasıb qarnı doydururam. Allah bunu bilir."-deyə cavab verir.
                Öz övladını boğaraq öldürən Hamsunun qəhrəmanı 8 illik həbs cəzasını da çəkir. Lakin bu gün Azərbaycanda uşaq ölümlərinin hamilə qadınların ölüm səbəbinə görə nəinki hökumət heç öz vicdsanları da onlara hökm kəsmir. Çünki öz aləmlərində onlar Allahı satın alıblar. Onlar 26 dəfə Həcc ziyarətinə getməklə, saysız-hesabsız qurbanlar kəsməklə öz çirkablarını kirli pullar kimi yumağa cəhd edirlər.  Ən pisi isə özlərini bu yalana inandırmağı bacarıblar.
                Elə bir zəmanəyə gəlib çıxmışıq ki,hər kəs özündə olmayandan danışır. Namussuz namusdan dindar Allahdan, alverçi düzlükdən.siyasətçi xalqın mənafeyindən danışır. Onlar ətraflarına özlərinin uydurduqları güzgüdən baxırlar. O güzgünü pəncərəyə çevirmək, bir anlığa cəmiyyətə baxmaq ağıllarının ucundan belə keçsə vicdan əzabından gəbərəcəklər.
                Günlərlə oruc tutub bədəninə əzab verərək ağzını qiybətdən saxlaya bilməyən,namazını qılıb namazından qafil olanları,Quranı oxuyub onun haqqında təsəvvürləri kitab yüklü eşşəyin anlayışından o tərəfə keçmirsə,əxlaqı təmizlənmirsə, deməli nə gələn dinlər ,nə gələn peyğəmbərlər insanı xilas etməyib. Çünki insan özü xilas olunmaq istəmir. O günahlarından tövbə etmir. O günahlarını tamamilə başqa vasitələrlə satın alır.  O biri dünyanın varlığına inanmır,amma onu daim bir gün bunların hesabının olacağı fikri də tərk etmir. O kəfən alır,inanmadığı halda ölüsünə kəfən geyindirir,Cümə axşamları ölüsünə Quran oxutdurur, amma özünün diri olaraq o kitabı oxuyub ondan hali olmaq ağlına gəlmir. Çünki bu yolla dədə-baba qaydaları ilə həyatını quraraq belə yaşayır. Halbuki İslam dini elə dədə-baba qaydalarını yixmaq üçün göndərilmişdi. Onları hansını dindirsən,Allahdan xəbərdar etsən hamısı bir ağızdan ürəyitəmiz olduqlarını söyləyəcəklər..

Bu yazı ölkəmin bütün "ürəyitəmiz" vətəndaşlarına həsr olunub  

5.16.2015

BALIĞIN DİRİLDİYİ YER

Sən balığın dirildiyi ,
mən cəsarətin  öldüyü yerdəyəm!

Günəşi əllərinin üzərində hiss edəndə anladı ki,gün günortanı keçib. Səhra qarşısında nəhəng bir okean kimi görünürdü. Əslində qarşısındakı məkan dünənə qədər səhra deyildi. Nəhəng meqapolis olmuş bir şəhərin xarabalığı idi. Dünən bu şəhər çökmüşdü. Dəniz səhra olmuşdu. O səhradan gələn qum tufanı şəhəri bətnində gizləmişdi. Yolçu ayağının altındakı dünyadan xəbərsiz halda irəliləyirdi. Ona görüş yeri vermişdilər. Qolunda saatı, güman etdiyi zaman anlamı yox idi. Zaman nə idi ki? Bir kəpənəyə üç günlük ömrü bəlkə də yüz il gəlir. Bunu insan haradan bilsin. Bəlkə də, insanın ömrü kəpənəyə daha qısa gəlir.
Yolçu irəliləyirdi. Çantasını min illərdi dəyişmirdi.İçərisindən yeməklər  bitməzdi. Hər gün inancı qədər yeyərdi.İnanc! Yaddaşının korşalaşmış bucağında  bir körpə anasından ürəyinin nə boyda olduğunu soruşurdu. Anası "Yumruğun boyda" deyərdi. Bütün dünyanı qüvvəsi yetdiyi qədər ovcuna yerləşdirməyə çalışardı. Bircə kəpənək sığardı ora. Yumruğu boyda dünyada Tanrılıq davasına qalxanda, o məsum körpə yumruğundakı kəpənəklə yoxa çıxdı. İnancı qədər yeməyə başladı.İnancı qədər ruzi tapmağa başladı. Yaddaşının ən qaranlıq guşəsində nur kimi  oranı işıqlandıran Məryəmdən Zəkəriyyə meyvələri haradan aldığını soruşurdu. O da hər dəfə "Sən Allahın ruzi xəzinəsinə şübhəmi edirsən?!" deyə cavablayırdı. Bax, onda Zəkəriyyə udqunaraq irilənmiş gözləri ilə bu zəif qızcığaza baxırdı.İnancı qədər ruzi. Qulağında çınlayırdı mürşidlə müridinin dialoqu.
"Göyə ox atıb Allahı arayanmı, yoxsa yediyi ruzinin yarısını bölüb sabaha ruzi ehtiyatı görənmi daha inanclıdı?"-soruşdu mürşid tələbəsindən. Tələbə "Sabaha ruzisindən saxlayan"-deyə cavabladı . Mürşid gülümsəyərək" Allahın sabaha nə planladığından xəbərsiz insanın ruzi ehtiyatı gülünc deyilmi?! Halbuki göyə ox atan- içindəki şübhələrə cavab axtaran, ibadətini edib, dünyasını düşünən abiddən daha mömin deyilmi?!... "
Yolçu irəliləyirdi. Ayağındakı ayaqqabı, əynindəki paltar  zamanın əlindən və  gözündən uzaq idi. Tənhalığın ona geyindirdiyi ayrılıq paltarından O şikayətçi deyildi. Əyyubun səbrindən toxunmuşdu onun paltarı. Əzablarının müqabilində almışdı. Keçdiyi sınaqların və  ruhunun böyüklüyünə görə almışdı. Əlini uzatsa dünya hakimiyyəti ovcunda olardı. Ovcuna sığacaq qədər.Bir kəpənək kimi çırpınardı ovcunda o hakimiyyət.Lakin Yolçu zamanı tapmaq üçün irəliləyirdi.Zamana doğru. Çantasındakı ölü balığı üç dənizin qovuşduğu su axarına salıb diriləcəyi günə qədər gedəcəkdi.
Şəhərlər. Dənizlər.Yox idi. Dünya bu qədərmi böyük idi? Niyə yeriyib mənzil başına çata bilmirdi?! Bu sualı qəlbinin dərliyində özündən də gizlətmişdi. Qarşısındakı düşmən çox güclü idi. Zamanı tapa bilsəydi, o an o düşmən də yoxa çıxacaqdı. İnsanın içindəki zaman saatı. Və o zaman saatının kəfkirini hərəkətə gətirən nəfs. İnsanı əjdaha kimi udan o canavar Yolçunu zamanı tapmağa imkan vermirdi. Ta uzaqlardan eşidirdi Yunusun ayaq səslərini. Allahdan qaçırdı. Bağladığı əhdi pozub qaçırdı. Bir yazı lövhəsinin qarşısında duran ağbənizli bir qızcığazın qəlbindən dümağ bir inancı oğurlayırdı qaraqabaq müəllim. İstehza ilə "Bir balinanın insanı udması qeyri-mümkündü,çünki onların boğazı çox dardı.Bunu elm sübut edib". -söylədi.Qəlbi dümağ , inancı yumruğu boyda qızcığaz yumruqları ilə göz yaşlarını silərək "Mən bunu Cənnətdə Allahdan soruşacam"- dedi.
Yolçu əsasına söykənərək bir insan övladı axtardı. Qalmamışdı. Adəmdən sonra milyonların atdığı dünya ilə onun qarşısında bir pərdə var idi.  Pərdənin o tayındakı insan adlananlar bu tayda simasız və cansız idilər. İçlərini gəmirən dünya eşqindən sinələrində qəlb əvəzinə gəmirilmiş  qırıntılar var idi. Yolçunu bürüyən pərdənin o tayında  hərbi təyyarədən açılan atəş, o təyyarəni nəhəng bir kəpənək bilib qaçan uşaqları yerə sərdi. Biri əlini sinəsindən axan qana batırıb günəşin sarı işıqlarında baxdı. Ölümü anlamayacaq qədər məsum idi. Qanlı dodaqları ilə"Sizdən Allaha şikayət edəcəm"deyib gözlərini  səmanın al narıncı rənginə qarışan o nəhəng kəpənəyə dikdi.
Yoruldu. Oturub çantasını açdı. Bu günkü ruzisini çıxarıb yeməyə başladı. Qarnı tutana qədər yedi. Axırıncı yediyi nahardan mədəsində heç nə qalmadığına görə yedi. Nəhəng bir xaçı əlinə alan bir keşiş zamanın hansısa  tayından "Qisas, yürüş" deyə çığırırdı. İsanın torpağını xilas edəcəkdilər. Tribunadan çığıran o balacaboy "Mənim mübarizəm"- deyə çığıraraq İsanın qisasını insanlardan alacaqdı. Qarın davası gedirdi idealogiyaların tumanı altında.Əlini uzatsaydı əgər müqəddəs torpaq davası güdənlərlə müqəddəs insan uğrunda qan tökənlərin arasında zamanın nə qədər qısa olduğunu görərdi insanoğlu. Amma bir səlibçi döyüşçüsü kimi  qalxanını asmışdı insan zamanın qapısından. O zaman anlamı dünyagir insana məxsus idi. Yolçu ora necə daxil olsun ki?!...
Çantasını yığışdırıb ayağa qalxdı. Qulağına arabir adı uzaq bir qığılcım kimi gələrdi. Tez sönərdi o qığılcımlar.Harun sarayinda yata bilməyəndə dava etdi ki,sarayin damında qulağıma gələn tapıllıtılar məni qoymur yatmağa. Qalxıb sarayin damına baxdılar.Heç nə tapmayanda, Harun özü qalxdı. Eşitdiyi səsin arxasınca yollandı. Bir adam gördü. Soruşdu "Nə axtarirsan?" Dedi: "Dəvəmi axtariram." Harun dəvəsini axtaran adamı dəli bildi. "Sarayin damında dəvəmi olar, insan?" -deyə mat-məhəttəl sual etdi. Adam dönərək-"Pərqu yataqlarda, zəngin həyatında Allah necə olursa, sənin sarayının damında da dəvə də elə olur."
Yolçu irəliləyirdi yenə yorulmadan. Harun yastığa dirsəklənmişdi.Allahı zikr edib imanlı olduğunu zənn edirdi.
Bütün yolların Allaha apardığı yerdən məkandan üzüyuxarı zamansızlıqdan qurtulmaq üçün çırpınırdı. Nə vaxta kimi gedəcəkdi. Bir qığılcım bir işıq yandıran olaydı kaş. Yağmur duasına çıxmış kütlədən heç kəs çətir gətirmirsə, deməli, inancları qədərdi cəhdlərinin uğursuzluğu. Dizini atıb "Eşq, Ey Zamanın Məkanın sahibi"- deyə inildəyən könülün gönü o qədər qalın idi ki, dilindən qopub göylərə ucalan səsi heç öz ruhuna yetişmirdi.Ruhunun kar olduğu sədanın kiməsə çatacağından əmin olmayınca insan Yolçunun yolu uzanacaqdı.
Səhra bitdi. Qarşısında böyük vahə, ardınca dağ ucalırdı.Dərindən nəfəs alıb irəlilədi. Nə qədər çəkəcəkdi ora getməyi.Bir gün, iki gün yoxsa yüz il. İnancı qədər yol! İnancı qədər zaman alacaqdı tükənməz ömründən. Üzeyr peyğəmbər içindəki şübhənin qarmağına düşən kimi yüz il yatdı. Onun zaman saatının daşı çıxarıldı. Ayılanda o yüz ilin arxada qalmış yüz ildən fərqini anlamadı. Axı nə Günəş, nə də  Ay qocalmaz ki? Torpaq qırışmaz.Dağların dişi tökülməz. İnancı qədər zaman almaq.
Budur dağ. Zirvəsində idi. Qarşısında üç dəniz qovuşurdu. Qaçaraq sahilə doğru getdi.Əlini çantasına atdı. Balıq orda yox idi. Ağlını itirmiş halda çantanı eşələmyə başladı.O an anladı ki, min illərdi çiynində gəzdirdiyi çantanın ucu bucağı yox imiş. Dəhşətə gələrək çantanı bağlayaraq dizləri üstə çökdü.O əmanəti itirmişdi ,yoxsa inancında hansısa səhvə yol vermişdi? Əlləri ilə üzünü qapayaraq başını aşağı saldı.Düşüncələrə qərq oldu. Elə o an ayaq səsləri eşitdi.Əllərini üzündən çəkməyə qorxdu. Qorxdu ki, bu bir sərab olar. Yox həqiqətən addım səsləri yaxınlaşırdı.
Balığı suya atdı. Quyruğunu şapıldadaraq şəffaf suda dövrə vuran balıq bu iki şəxsə baxırdı.
Aralarında  dialoq başladı.
- Niyə balığı sən gətirdin?
- Sən ki, bunu bilirsən. Keçən dəfə görüşə balığı Xızıra Musa gətirmişdi.
- Çoxmu axtardın?
-On iki həvarimi tərk edəndən bəri.
- Səncə bu sondu?
- Gözləməliyik.
-Nə qədər?
Hər ikisi zülmətə bürünmüş dünyaya baxdı. Arabır ulduz kimi qığılçımlar səmanı aydınladırdı. Sonra isə axaraq zülmətin bətnində əriyirdilər. Yolçu qəfildən çiynində onun əlini hiss etdi. O, saqqalını sığalayaraq:
-Dünyanın bir tərəfində bir kəpənək qanad çalsa bilirsən nə olar. Bəlkə də bir kəpənək ömrü qədər, bəlkə də bir kəpənək cəhdi olana qədər gözləyəcəyik.
-  



4.22.2015

XRİSTİAN DÖVLƏTLƏRİNİ ALLAH DAĞIDACAQ

                                
Cahil vaxtlarımda-güzgüdə özümdən və öz yaxınlarımdan başqa birilərini görmədiyim vaxtlarda Allahın xristian dövlətlərini dağıdacağını gözləyirdim. Mənim aləmimdə xristian dövlətləri var idi, vəssalam. Bu xristian dövlətlərinin insanlardan ibarət olduğunu və insanların mənə nə etdiyini tam
anışdıra bilməsəmdə,qiblənin yerini qiblənüma ilə müyyənləşdirib özümü müsəlman sandığım üçün özümü haqlı bilirdim. Mən müsəlmanam və haqlıyam. Harada və necə haqlıyam bu isə sonrakı illərin axtarışları ilə müəyyənləşdi.
Din. Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biridi. Bizdə din qana hoipmuş həyat tərzinə çevrilmiş bir hal deyil. Buna ən bariz misal əhalinin müəyyən qisminin dindar adlanmasıdır.Mütləq dini həyat tərzinə çevirənlər əhalinin ən böyük kütləsindən fərqli bir rəngə malikdi. Bu təbii ki,sosioloqların araşdıracağı məsələdir.Məni narahat edən nöqtə isə hansı dinə mənsub olursansa ol, Allahı unutmamaqdı. Bunu çılpaq şəkildə xiristian ölkələrinə baş çəkərkən şahidi olmuşam.
Eyni yeməyi yeyib Tiflisdə və Bakıda fərqli hesab ödəyə bilərsiniz.Fərqli şəhərlər eyni yemək fərqli hesab.Özünə Allaha yaxın bilən müsəlmanın çöldəki bahaçılığı mütləq müştərinin boğazından çıxaracaq. Lakin Tiflisdə bunu görmək mümkün deyil.Onlar öz kasıb həyatlarını başqalarını qurban edərək rəngləmirlər.Özlərini yalançı həyata qapdırmırlar.Tiflisin eyni bizim İçərişəhər kimi qədim bir bölgəsində ən bahalı kafesində belə bizim lüks məkanların verdiyi xidmətlər çox ucuz şəkildə təklif olunur. Niyə? Bu qədərmi qəlbiniz Allahdan uzaqlaşıb?!
Ə.Şəriəti bir müsəlmanın zəngin olmasını çox müsbət qiymətləndirir.Bəli zənginlik,qüdrət hər bir insanın arzuladığı bir haldır.Lakin bu qüdrət insanda iki halda fəsad verir.Birinci,heç bir maddi qüdrət heç nədən yaranmır.Mütləq onun içinə az da olsa haram qarışır.İkinci; hansısa bir qüdrəti görməmişəm ki,(pula söykənən) sahibini özündən müştəbeh və təkəbürlü etməsin.
Bizdə isə din bir həyat tərzinə keçmədiyinə görə Allah insanlara müəyyən məsafədə durur.Sanki Allah yalnız dindarlar üçün mövcuddu. Qeyri insanlar üçün Quran ölülər üçün oxunan kitab,Allah isə xəstələnəndə və bəlaya düşəndə axtarılan və ya gönahlandırılan bir anlamdı.

Bilmirəm nə dərəcədə izah edə bildim. Tiflisdə farel yeyib on beş manat hesab ödəyəndən bir sutka sonra, Şəmkirdə xəngəl üçün ödədiyimiz 17 manatlıq hesab kağızına baxaraq bu cümlələri qurmaqdan özümü saxlaya bilmədim:Allah müsəlmanları cəzalandıracaq.

4.02.2015

AZAD QADIN HEYKƏLİ

                                                                                                                     
                Bizim heç vaxt beş nəfərlik şəklimiz olmadı. Atam nənəmdən və babamdan ayıb bilərək anamla heç vaxt yanaşı durub şəkil çəkdirmədi. Sonra anam yox oldu. Atam anam olan şəkillərin hamısından onun başını qayçılayıb atdı. Lakin özünün yoxluğu kimi, anamın bizi qucaqlayan əllərini də bu fotolardan yox edə bilmədi.Elə burada bitməli idi mənim həyat nağılım.Bəzəksiz-düzəksiz. Amma olmadı.
                Hər kəsin həyatının soundtrackı var. Yoxsulun da, dilənçinin də, məzlumun da. Arada yuxularımda prezidenti görürəm. Həmişə şaddır. Yəqin həyatının soundtrackı daim şən melodiyadı. O hər zaman xoşbəxtdi.
                Bax, o gün mən prezidenti düşünmədiyim günlərdən biri idi. Atam anamı stula bağlayıb döyürdü. Onda mən zirzəminin balaca pəncərəsindən onları görə bilirdim. O, hey qışqırırdı, anam isə susurdu. Ona cavab vermirdi. İki qonşu o tərəfdə toy çalınırdı. Yenə, yıxılana qədər içib özlərindən birini müsəlman edəcəkdilər.  Amma bu gün yox. Bu gün toydu, sünnət toyu. İkisi bir yerdə həmişə məni güldürüb. Sünnətin toyu olar?! Bir dəfə müəllimə demişdim ki, sünnət toyu neçənçi növ təyini söz birləşməsidi? Müəllim məni sinifdən qovmuşdu. Axı burda nə var ki? Sözlər barədə sual vermək niyə əcaibdi?Sözlər... Məsələn Prezident və Namaz. Prezident də namaz qıla bilər. Nə bilim, arada fikirləşirəm ki, başqa planetdən kimsə gəlsə ona bu dünyanı necə izah edə bilərəm? Bu qədər qarmaqarışıq, bu qədər üryan dünyanı. Əşi, dünyanın nə günahı . Bəlkə dizini atıb min kərə tövbə edir insana bu qədər planetin içində bircə özünün qucaq  açdığına görə. Amma indi iki qonşu o tərəfdə toy çalınırdı, atam isə anamı stula bağlayıb döyürdü.
                Düz bir həftə idi ki, deyirdilər Əlisabirgilin on dənə qız abort edəndən sonra qurban sadağa ilə tapdıqları oğlunun sünnət toyudur. Hamı deyirdi ki,Əlisabirgilin qurbanı qəbul olunub ki,oğlu oldu.Amma bilmədilər ki,dedikləri qoç qurbanı yoxsa qurban etdikləri qızlarmı qəbul olunub? Xanımnisə nənə deyir ki, Allah bu aparat çıxardanın başına yekə daş salsın,eldə-obada qız qoymadı. Deyirdilər toya Üzeyr gələcək.Kənddə məmə yeyəndən pəpə yeyənə qədər hamını əsməcə tutmuşdu. Əlisabirgilnən dalaşanlarda toy olana qədər onlarla barışmışdılar. Axı, Üzeyri canlı görəcəkdilər. İndi Üzeyrin "Mənə lazım da deyil" oxuduqca atam anamı özünə lazım gələcək qədər yumruqlayırdı. Nəyə nail olacaqdı ki?! Heyvanı döysən unudar, insanı döysən kini qabarar.
                Nənəm deyirdi ki,anam çörək itirəndi. Bizi burada onun oğlunun pulu saxlayıb. Rusiyətdən zulumla qazanıb göndərdiyi pullar. Amma özü bilirdi ki, bu mənim vecimə olmadığı qədər, anamın da düşündüyü məsələ deyil. İndi Atam illərdi evdə olmadığı günlərin hesabını anamdan soruşurdu.Anam isə belə hesabı soruşa bilməzdi,çünki arvad idi. Atam anamı döydükcə düşünürdüm ki, görəsən heç atam anamı öpüb? Öpsə də döydüyü qədər olmazdı yəqin.
                Anam həmişə qabarlı əllərini ovxalaya-ovxalaya deyərdi ki, uşaqlar olandan sonra bu kənddə qadınlıq ölür. Qadınlar anaya çevrilir ki, bunun da  qadın çinsinə qətiyyən dəxli yoxdu. Ana olmaq elə bir peşədir ki, onun istefası yoxdur. Amma anam istefa verdi. O gecə yox oldu. Atamın onu bağladığı stulla birgə yox oldu.
                Anam yox olandan sonra zaman ilan oldu süründü keçmək bilmədi. Atam Rusiyadan bir daha qayıtmadı. Nənəmin nəsihətləri və qaxıncı ilə böyüdüyüm kənddən ayağım yer tutan kimi qaçdım. Xəyyalarımın ardınca yollanarkən hər şeyin filmlərdə olduğu kimi baş verəcəyini gözləyirdim. Amma bütün nağılların sonunda üç almanın düşmədiyini mənə söyləməmişdilər. Mənə çox şeyi söyləməmişdilər. Bunu gec fərq etdim. Mən bütün quruluşların əslində qadının istismarı ilə məşgul olduğunu, hərənin buna bir cür don geyindirdiyini anladım. Amma bunları anlayanda artıq gec idi. İnsan yaraladığını sağ buraxmaz, amma məni sağ buraxdılar. Cəmiyyətin bir şikəsti də mən oldum. Nəhəng bir şəhərdə neçə milyonun içində tənha,yiyəsiz olmaq!Döyəcəyin qapının,axtara biləcəyin bir kəsin olmaması. Mən heç sevinmədim ki. Dünyanı rəngli görüb sevinməyə cəhd etdiyim hər an vurub eynəyimi sındırdılar.  Axırıncı şəklim "Azad qadın" heykəlinin qarşısında oldu. 30 il sonra orada mənim heykəlimi qoyacaqlar, amma tamamilə başqa bir görkəmdə.
                Boz bir aran kəndindən gəlib dənizdə intihar etmək var imiş qismətdə. Görəsən bu gecə prezident mənu yuxuda görəcək?! Çətin...   
               
                                                                                                                  

                                                                                                                  2014 oktyabr.

3.29.2015

EVDƏN QAÇAN ƏHMƏD

Mən bədii əsər anlamı ilə 9-cu sinifdə C.Cabbarlının əsərləri ilə tanış olarkən rastlaşdım. İkinci addım
H.Cavid oldu. Daha sonra heç nə olmadı.Sovet dövründə yazılmış nəsr əsərlərini oxuyub zövq ala  bilmədim.Günahı atıb Sovet hökumətinin boynuna ,başladım dünya ədəbiyyatı oxumağa. Ta bu günə kimi. Ülviyyə Tahiri bir yazar kimi kəşf edənə kimi.Hə müəllif yazır,həm də ruhları sirkələyəcək qədər güclü yazır.Bu yazımla bu yazılar  haqqında fikirlərimi bölüşəcəm.Ola bilsin bu fikirlər bir az dağınıq bir az səliqəsiz olsun amma bu məni yazmaq fikrini daşındıra bilmədi. Ülviyyə Tahir fəlsəfi hekayələr yazır. Həyatın içindən fəlsəfi yazılar yazır.
Məsələn "Şeytanın missiyası". Onsuzda pisliklərlə dolu olan bu dünyada hər kəsin missiyası var,onda niyə də şeytanın əməlklərinin də adı olmasın.Müəllif bu adı ona hekayəsində verib.
"Üzü Cəhənnəmə"romanı!İstər keçmiş ,istərsədə indiki zamanda olsun millətimizin başı daim bəlada olub.Yəni üzümüz daim cəhənnəm istiqamətində olub.Bu boyda həngamənin içində Əsgər və dostları üzlərini cənnətə çevirməyi bacarırlar.Onlar bu dünyadakı cənnəti müharibə adlı cəhənnəmdən üstün tutmamışdılar.R.Babalı yazısında bu əsərin sonunu şərh edəndə qəhrəmanların aqibətinin bilinməməsiindən şikayətlənmişdi. Qardaşım, o vaxt bütün xalqın aqibəti məlum deyildi...
Əslində romanın sonu tam məntiqə uyğun bir sonluq idi.
Eyni sözləri "Girov"povesti haqqında da demək olar.Kimsə bu gənclərə deməlidir ki,əl çəkin bu ağ ölümdən."Girov"povestində başqa diqqət çəkən məsələ isə ermənin topunun dağıda bilmədiyi ,lakin kimlərinsə bir işarəsi ilə dağıdılması mümkün olan ocaqlar var.Bu povestdə müəllif sosial  mesaj verir.İndiki əhmədlər qapını çırpıb gedəndə aqibəti belə olur.Ağlınız 60-ci illərdəki əhmədlərə getməsin.Diqqətli olun,balalarınız köpək balıqlarına yem olmasın.
                Bir sözlə Ülviyyə Tahirin əsərlərini oxuyanda müəllifin azərbaycanlı olduğuna  inanmaq çətin oldu.Yeri gəlmişkən C.Məmmədquluzadə də azərbaycanlıdır.Əsərləri sanki bu gün üçün yazılıb.Əsrin sonlarında Ülviyyə Tahiri oxuyub eyni bu sözləri deyənlər çox olacaq. bu əsərlər bu gün üçün yazılıb 100  il öncə...


          GDU Psixologiya fakultəsinin ikinci kurs tələbəsi Fazilə  Məmmədova

3.07.2015

ZONTİK ƏLİ

                                  
Əvvəllər ona Əli deyərdilər.Sadəcə Əli. Yaşı irəlilədikcə bütün əlilərin adının qarşısında bir
ayamanın olduğunu görürdü:qaz Əli, oğru Əli,şikəst Əli. qoçu Əli, alkaş Əli.Ürəyində daim heç kəsə söyləmədiyi bir qorxusu var idi. Görəsən, ona da ayama qoşmayıblar?
            Universitetə qəbul olunandan sonra dəhlizdə ayaqlarını aralı qoyub gedən gələn qızları  yanpörtü süzən gənclərə də adını belə ürkəkcəsinə söyləmişdi. Amma heç kəs onun bu ürkəkliyinə fikir verməmişdi. Dərslərdə daim arxa partalarda oturan və hər kəsə bir qulp qoyan qrup yoldaşlarını gizlincə dinləyərdi. Yox ,heç kəs ona ayama qoşmamışdı.Universitet bitdi, özünə iş axtarmağa başladı. Kimi var idi ki, bir qoca anası və birdə evdə qız qarımış bacısından başqa. Hər kəsi kimlərsə irəli çəkirdi. Kiminin dayısı var idi, kiminin əmisi. Kiminin yaxşı bir qayınanası. Şəhər ona canavar təsiri bağışlayırdı.Bu şəhərdə hər kəs udur, hər kəs həzm edirdi. Kim güclu idi, onun triufmu olurdu. Yerdə qalan törtöküntülərlə isə ətrafda sülənən goreşənlər qidalanırdı. Əli kimi zəiflər isə nəinki o güclülərin, heç goreşənlərin artığına da ortaq ola bilməzdilər. Şəhər bir canli kimi nəfəs alırdı, qidalanırdı və mədəsində Əli kimi kimsəsizləri əridirdi.
            Əli əlini dünyadan, dünyanın içindəki bu şəhərdən, bu şəhərdəki bu köhnə evin nəmli divarlarından, siçanların belə yolunu salmadığı boş soyuducudan üzəndə  kirayə qaldığı otağın taxtaları aralı qapısı döyüldü.Evdə bir atımlıq quru çayı yox ikən, hansı Allah bəndəsi döymüşdü onun gözdən uzaq, könüldən iraq qapısını. Qapını açanda gözləri böyüdü.Qarşısında  təhsil aldıqları 4 il ərzində ona bircə quru salamı belə qıymayan Əyyub dayanmışdı. Onu necə tapmışdı - bu sualı Əyyub gedəndən sonra özünə verəcəkdi. İndi isə məhəttəl halda Əyyubu süzdü. Bəlkə də beş dəqiqə bir-birlərinə baxdılar. İkisi də naqolay mövqeydə idi. Əyyub bu kasıb məhlədə özünü yad kimi,Əli özünü Əyyubun qarşısında əzilmiş kimi hiss edirdi. Nəhayət sükut  pozuldu.Əyyub:
-Əəə,etibarsız, universitet i bitirəndən haralardasan?-deyə  saxta bir səslə dilləndi.
Əli ondan birbaşa nə üçün gəldiyini soruşmaq istədi. Eyni kinolardakı qəhrəmanlar kimi ona meydan oxumaq istədi, amma nəyə görəsə cəsarəti çatmadı. Qırıq bir səslə:
-Xoşşş gəmisən. Gəlsənə içəri- söyləyib bayaqdan söykəndiyi taxta qapını azca araladı. Əyyub yetik nəzərlərlə qapının aralı yerindən otağı nəzərdən keçirib:
-Yox ey, qaqa. Səninlə əla bir iş görmək istəyirik. Dur gedək, səni full bir yerə aparacam. Neçə ildi görüşmürük, bunu bir balaca qeyd edək .- dedi və ardınca əlavə etdi-Aşağıda qara Porşedə səni gözləyirəm. Geyin gəl!
Əyyub gəldiyi kimi bir anda yox oldu. Əli  O gedəndən sonra da uzun-uzadı taxta qapıya söykənib dayandı. Nə qədər dayandığını fərq etmədi. Özünə yalnız bu sualı verirdi:"Hansı dərədə qurd ölüb ki,Əyyub kimi şişka onu axtarır?" Ağlına heç bir şey gəlmədi. Sakitcə qapıdan aralanıb özünə bayaq Əyyubun xüsusi tələffüzlə söylədiyi maşın markasına ən azı bir kilometr yaxın düşə biləcək paltarlar axtarmağa başladı.
            Palçıqlı küçənin fonunda qara Porşe lilə düşmüş mirvari tək görünürdü. Bütün şüşələri qapqara olan Porşe ona heç vaxt reallaşmayacaq bir arzu kimi göründü. Elə maşına yaxınlaşırdı ki, qəfil sol tərəfdəki şüşə endi və Əyyubun özündən razı  sifətinin heç uyuşmadiği yaltaq səsi ona içəri buyur etdi.
-Maşının da palçıq olub- bu cümlə ağzından çıxan kimi özünə nifrət etdi. Niyə qururdu? Məqsədi nə idi? Bu əzikliyini mütləq ifadə etməli idi?!-ürəyində öz-özünə söydü.
- Əybü yoxdu. Keçən həftə "Tuareq"-i əzik-üzük etdim. Bu guya təzədi.-Əyyub lovğa bir əda ilə maşının sükanını döyəcləyib davam etdi- Universiteti  bitirəndən səni görməmişəm.Dedim bir baş çəkim görüm neynirsən.
 Əli 4 ildə onun halını belə xəbər almayan qrup yoldaşına köndələn bir cümlə cavab vermək istədisə də, "Porşe"-nin təmiz ayaqaltısını lilə bulamış ayaqqabılarını süzüb susdu.Əyyub onun sükutunu gözləmə mövqeyi kimi  qiymətləndirib davam etdi:
-Eşitdim qəzetdə fotoqraflıq edirsən. O boyda yeri bitirmisən ki, gedib kiminsə şiklini çəkəsən?
- Mən işimi sevirəm-Əli Əyyubun lağ tökülən cümləsinə qısaca cavab verdi.
-Day mənə də yox də.Heç kim 150 manat maaşla yaşayıb, "mən xoşbəxtəm "cümləsini qurmaz. Həyatdı bir də gördün atdın tilovu qarmağa qızıl balıq gəldi.
- Mənim qarmağıma 28 ildi qurbağa düşür. Onu da ha öpürəm, şahzadəyə çevrilmir.-Əli özünü bu naqolay vəziyyətdən çıxarmaq üçün zarafat etdi.
Əyyub aralarındakı buzun belə əriməyindən istifadə edib:
- Burdan bir az aralı əla balıq yeri var. Gedək görüşməyimizi orda qeyd edək. Hə nə deyirsən?
Əli çiyinlərini çəkdi və son beş ildə balıq yemədiyini xatırladı.
Bir saat sonra onlar Əyyubun dediyi restoranda balıq yeyib, bahalı bir içkini qurtumlayırdılar. Əli bütün bunları xoş bir yuxu hesab edirdi. İçkinin təsiri ilə:
Mən tilovumu hara atım ki,qızıl balıq gəlsin?- gülərək Əyyubun çiyninə vurdu. Əyyub onun əlini çiynindən götürüb stolun üstünə qoydu və
-Qızıl balığı bu gün mən sənə gətirmişəm.-cavabladı.
- Sən Poseydon olacaqsan mənim üçün?-Əli özünü saxlaya bilməyib qəhqəhə çəkdi.
- Amma bilirsən Tanrılar qurban istər.-Əyyub onun bu qəhqəhəsinin müqabilində ilan soyuqluğu ilə dilləndi.
-Nə qurban?-Əlinin bayaqkı qəhqəsinə zidd karıxmış səsi Əyyubun diqqətindən yayınmadı.
- Bir xanım var. Onunla evlənəcəksən.Tanrılar da səni mükafatlandıracaq.
- Xeyir olsun niyə mən?-Əli sağ əlindəki çəngəli boşqabına qoyaraq oturduğu stula yayxandı.Əyyub onun bu halını sakit bir tövrlə süzərək qəfil söhbətin mövzusunu 180 dərəcə dəyişərək-Sənə fotoqraf Əli deyirlər eləmi?-Cümlə bir anda ildırım kimi Əlini vurdu. Ayama lənətə gəlmiş ayama. Deməli var imiş. Özü də nə: fotoqraf. O boyda universitet bitir, fotoqraf ol.Yayxandığı stuldan qopub çiyinləri sallaq halda Əyyuba baxdı.Əyyub onun gözlərinin bomboş baxmağından istədiyi reaksiyanı alıb:
-Evin olacaq,bahalı maşınların, əla işin. Anan da xəstə qadındı.Ən yaxşı xəstəxanlarda müalicə alacaq.
-Tanrıların istədiyi qurban nədir bəs?-Əli ona bahalı restoranda qonaqlıq verən Əyyubun Poseydon  qüdrətini yavaş-yavaş dərk edir və boşqabındakı qızıl balığı, süfrədəki indiyə kimi  dadını bilmədiyi qara kürünü dənizin dərinliyindən gətirdiyini bir anlıq təsəvvür etdi. Sonra bu təsəvvür dumanı sürətlə dağıldı. Gözlərinin qarşısında uzaq kənddə belini şalla sarımış, daim revmatizmalarından sızldayan anasının xəyalı canlandı. Yetimçilikdən heç başları ayılmamışdı.İndi onunla qarşı-qarşıya oturan Əyyubun bunları yaşama ehtimalı olmasa da, bütün olmuş və keçmişindən xəbərdar olduğu açıq-aydın idi.
Restoranı tərk edəndə qaranlıq çökürdü. Şəhərin işıqlıarı ulduz kimi parlayırdı. Əyyub onu palçıqlı küçəyə düşürdüb gedəndə lakonik bir cümlə qurdu:
-Sükut!
Əyyub ona düşünmək üçün üç gün vaxt verib qara maşını ilə küçənin zülmətində əridi. Əli dolu mədəsinin verdiyi süstlük ilə yoxsul evinə döndü. Həmişə qəlbində bu evi Qavroşun fil evi adlandırardı. Burada hər kəsdən bəzən özündən qaçıb gizlənə bilirdi.İndi gəldiyi restoranının ab-havası yanında ev ona o qədər iyrənc gəldi ki, heç hara baxmadan birbaşa yatmağa yollandı. Əyyubun təklifi isə xəyalında parlaq bir daş kimi bərq vururdu. Lakin qəlbinin bir küncündə nə isə bir şey ona xəbərdarlıq edirdi.Bu xəbərdarlığı qulaqardına vurub şirin yuxuya getdi.
Səhər yuxudan ayılanda dünən gecəni yuxu,Əyyubu bir anlıq ilğım zənn etdi. Sonra yavaş-yavaş fikrini toplayıb özünə gəldi.Yerindən qalxıb elə otağın içində yerləşən əl-üz yuiyandan üzünə su vurdu.Soyuducunu açmadan elə stolun üstündəki suxarını gəvələdi.Nə edəcəkdi?Pulu bitmişdi.Kirayəni ödəməli idi. Bir dəfə orurub hesablamışdı ki,aldığı maaşla Bakı kimi milyonçular şəhərində ev almaq üçün 220 il lazımdı. Damağını yaralayan suxarını elə döşəməyə tüpürüb Əyyuba zəng vurdu. Bütün şərtləri qəbul etdiyini söylədi.
            Nəhəng toy oldu. Hər kəsin qibtə duyduğu bəy gəlin oldular.Anası onu bəxtəvər bir ulduz altında dünyaya gətirdiyinı söyləyir ,heç vaxt onu axtarmayan qohumları isə  onun haqqında  əvəzolunmaz insan kimi  bol-bol danışdılar. Ağ gəlinliyin içində qu quşu kimi görünən xanımı isə elə ilk gün ona yerini göstərdi.   
            On il sükut etdi. Qazandıqlarının sayı-hesabı olmadı. Məşhurluq, tanınmış ailə məmur bir xanımın həyat yoldaşı. Elit məclislər,içilən bahalı içkilər, sürülən bahalı maşınlar. İdeal bir ailə portreti yaratmağa nail olmuşdular.Poseydon Əyyub onu kifayət qədər mükafatlandırdı. Bir sükutun müqabilində anası daha xəstələnmədi. Hər şey çox gözəl davam edirdi. Lakin bütün bu sükutun kulisində yatmış bir vulkan var idi. Bu vulkandan  heç biri sığortalanmamışdı.Bir dəfə içib onu möhkəm döydü.Arvadını-yataq otağı ondan ayrı tamam başqa bir aləmdə yaşayan özgə qadını döydü. Səhər tufan qopdu. İlk dalğa arvadından gəldi. Onun on il öncə gəldiyi və astanada soyunub yerə tökdüyü paltarları zalın ortasına tökdü. Həmin palçıqlı ayaqqabı idi. Həmin dama-dama köynək və sürtülüb ağarmış cins şalvar idi. Ona məzlum-məzlum baxırdılar. Özünü bir anlıq balalarını yetimxanaya atıb keflə məşğul olan qadın kimi hiss etdi. Ona keçmişini xatırlatdılar.Evi tərk edib getdi. Əslində zalın ortasına atılmış keçmiş kimliyindən qaçdı.
            Axşama kimi "Bəlkə, gedim üzr istəyim, hər şey ötsün, keçsin" fikri ilə çırpındı.  Ümumi ab-havanı öyrənmək üçün ofisə yollandı. Binaya daxil olub liftə mindi. Gedəcəyi mərtəbənin sayına əl uzatmaq istəyəndə bir qadın və bir kişi özlərini liftə çatdırdılar. Kişi Əlidən öncə on yeddinci mərtəbəni işarə edən  sensor düyməyə toxundu. Bir saniyə keçmədi kişi ilə qadının arasında qəribə bir dialoq başladı.
-Səncə indi yerində olar?-Qadın ümidsiz səslə dilləndi.
-Görək.-Kişi cavab verdi.
-Ona niyə zontik Əli deyirlər?-Qadın sual verəndə, kişi Əlini şübhə ilə süzərək qadına
-Azz nə bilim-  deyə acıqlandı.
Dialoq bitdi. Onlar on yeddinci mərtəbədə düşüb getdilər. Əli liftdə qaldı. Lift ən azı on dəfə mərtəbələr arasında gedib gəldi. Əli küncə sıxılıb ona yapışan ayamasını nifrətlə  düşünərkən zamanın necə keçdiyini fərq etmədi. Gecəyarı binadan çıxmaq istəyəndə mühafizəçi ona nələrsə dedi. Qulaqlarında Əli müəllim xitabları hey zontik Əli  sözü əvəzlənirdi. Maşına minəndə selləmə yaz yağışı başladı. Birbaşa maşını evə sürdü. Zala girəndə paltarlarının hələ də orda olduğunu gördü. Yaxınlaşıb naftalin iyi verən o paltarları qucaqladı. Sonra sürətlə əynindəki brend paltarları soyunmağa başladı.
Qapını açıb həyətə çıxdı. Yağış daha şiddətlənmişdi. Köhnə ayaqqabıları bu on ildə piylənmiş ayaqlarına dar gəlirdi.Asta addımlarla yağışın qoynuna girdi. Elə bu zaman evdən qaçaraq çıxan Gülzar -evin qulluqçusu ona çətiri uzatdı
-Əli bəy, çətiri götürün yağış sizi isladacaq.
Əli üzündən saflıq yağan bu qızı şəfqətlə süzərək uzaqlaşdı. Əlindəki çətirlə onun arxasınca baxan Gülzarın göz yaşlarını, O, fərq etmədi.
On gün sonra Əyyub onu qul bazarında tapdı. Əyyub  onun əlindəki pendir çörəyi iştahla yediyini  və üzündəki xoşbəxtliyi görəndə maşına minib oradan uzaqlaşdı.

2.21.2015

ORTAQ ŞƏHƏR

Axşam bütün zülməti ilə şəhəri udmağa başlayırdı. N. sürətlə metrodan çıxaraq beynindəki istiqamətə yollandı.
FHN-nin S. rayonu üzrə bölməsinin işçıləri bu günu cəmi bircə yanğınla yola verdiklərinə görə sevinirdilər.  Domino daşlarının şaqqıltısı bəzən müdürün otağına qədər gəlib çıxırdı.
Bu gecə burada yatacaqdı. Körpünün altında özünə sığınacaq tapmışdı. Yamaqlı torbasını  başının altına basıb, üstünə bu gün zibillikdən tapdığı adyal parçası ilə kecirəcəyi gecəni xəyal edirdi.
B. əlini uşağın alnına qoydu. Od tutub yanırdı. Arvadı “çöpü qalıb” deyərək, həkim sözünə daş atıb başını tutdu. Yığışıb evdən çıxdılar.
Q.  kitablarını qoltuğuna vurub ədəbi məclis niyyəti ilə evdən çıxdı. Arvadı yenə “Fərsiz kişi ya şair olar, ya da Cəbiş müəllim” deyərək arxasınca donqulldandı.
Atasının bağışladığı son model  avtomobilin disk yerinə bir dənə CD atıb E. ayağına qaza qoydu. “Efirdi efir”melodiyası maşından yüksəldikcə, O gecəni hansı klubda keçrəcəyini qərarlaşdırmadan sürəti artırdı.
Bu gün orqan alverçiləri üçün uğurlu keçmişdi. Iki nəfərin böyrəyini ucuz qiymətə ala bilmişdilər.  Əllərinə keçən gənc bir qadını isə son tikəsinə qədər parçalamışdılar. Orqanları təcili yardım maşınına yükləyərək yola çıxdılar.
Azanın verilməsinə az qalmışdı. Ə. şam namazını qılmaq üçün məscidə gedəcəyini qızına bildirdi. Hər gün bu boyda yolu getməyin ağılsızlıq olduğunu bezmədən təkrarlayan qızına gülümsünüb ayaqqabılarını geyindi.
Son obyektlərin “vergi”lərini nəzərdən keçirən deputat  başını kağızlardan qaldırıb qarşısında küçük kimi quyruq bulayan köməkçisinə “Saunaya zəng et! Bu axşam heç kimi qəbul etməsinlər” - deyib yekə qarnını  yığışdırıb pencəyinin yaxasını düymələdi. Bunun getmək işarəsi olduğunu anlayan köməkçisi tez qaçıb kabinetin qapısını açdı.
Neçə gün idi ki, zəng gəlmirdi. Telefonda “hazır ol” mesajını  görəndə sevindiyindən çığırdı. Görüş körpünün ətrafına təyin olundu. Eskort sifariş olunduğu kimi rəqqasə paltarını geyindi və bütün görkəmini paltosunun altında gizləyərək ora yollandı.
N. metrodan çıxıb düz körpüyə qədər piyada yollandı. Əlini gözünün üstünə qoyub o nəhəng tikilini nəzərdən keçirdi. Bu işi burada edən ilk adam olacaqdı. Yaşamaq üçün əlindəki bütün səbəbləri  xərcləyib bitirmişdi. Beynindən bircə dənə “öl” əmri var idi.
Qorxusunu-hürküsünü körpünün nəhəng dirəklərinin yanında buraxıb dırmaşmağa başladı. Mühəndis olmaq istəyirdi uşaqlıqda. Ən gözəl  bina, körpü şəkillərini o çəkərdi. Dırmaşdıqca yer gözündən itir, alatoranın zülmətlə sərhəddində körpünün işıqları yanır, çoxlu maşın siluetləri ona əcaib görünürdü.
Bir anlığa yerin və insanların nə qədər dəyərsiz olduğunu, xırda olduğunu başa düşdü. “Elə ona görə intihar edənlər çoxu yüksəkliyə dırmaşır. Zamanin hansisa məqamında dünyanın fövqündə durmaq və oradan “Ey miskinlər, özümü öldürüb bu bədəndən qurtulacam. Sizin kimilərin arasında yaşamayacam” deyə xitab etmək istəyirlər.”-deyə xəyalından keçirtdi.
Elə hey dırmaşırdı. Ta pikə gəlib çıxmışdı. Elə bu an şəhərin üzərində dövrə vuran polis vertalyotundan onu fərq etdilər. Iki dəqiqə sonra körpüdə həyat durdu.
Maşın tıxacdan çıxıb körpünün ortasına irəliiləyəndə qəfil qarşısındakı maşın dayandı. C. ona dəyməkdən zorla qurtulub, hirslə maşından düşdü. Elə bütün əsəbi ilə söyüşə keçmək istəyirdi ki, hər kəsin eşidə biləcəyi bir səs “ Körpüdə bir adam özünü atmaq istəyir” məsələni aydınlaşdırdı.
FHN-yə gələn zəng domino oynayanların kefini ortadan böldü. Yığışıb çıxsalar da, bu tıxacda körpüyə necə girəcəklərini bilmirdilər.
Körpünün altı, üstü bir anda çəyirtkə kimi polislə doldu. Yurdsuz gündüzdən bələdlədiyi yerə uzaqdan baxıb ah çəkdi. Sonra özünü öldürmək istəyənin cəsarətindən bir azca özü üçün arzuladı.
Miskin cismindən, vərəmli ciyərlərindən ayrılmaq on ağır gəlirdi. “Ən azından it kimi ortalıqda ölməkdənsə, adam özünü gedib dənizə atar.” - özü-ozünə donquldanaraq ah çəkdi. Intihar edənin cəsarətinə həsəd apara-apara dünən gecəlidiyi zibilliyə döndü.
Tıxacda qalmışdılar. A. dayanmadan ərinin əlini sıxır və gözləri hədəqəsindən çıxana qədər çığırmamaq üçün müqavimət göstərirdi. Körpüdə hərəkət dursa da bətnindəki  çapalayaraq “dünya, dünya” deyərək son sərhəddləri də zorlayırdı.
Uşaq qızdırmadan sayıqladıqca başlarını itirirdilər. Nəhayət tıxacdan qurtulmağın qeyri-mümkün olduğunu anlayıb maşından düşdülər. Piyada körpünü keçməyə cəhd etsələr də, az sonra qarşılarını bu dəfə polislər kəsdi.
Avtobusun  sərnişinləri qulaqdan qulağa eşitdikləri  intihar xəbərinə müxtəlif reaksiyalar verdilər. Kimiləri günahı dövlətdə, kimiləri hökumətdə, kimiləri zəmanədə, kimi ləridə adamın özündə günah axtardııar. Şair Q. qoltuğuna vurdugu kitabların birinin  arxa səhifəsini çevirib elə oradaca “Güzəran” şeirini yazdı.
Tıxacda ürəyi sıxılan gənc avtomobilindən düşərək azca irəlilədi. Buradan körpünün tam pik yerinə dırmaşıb intihar etmək istəyən görünürdü. Son modelli telefonun çıxarıb çəkməyə başladı. Arada “Bu axmaq özünü atsaydı, full olardı”- deyərək  ağzındakı saqqızını yerə tüpürməyi də unutmadı.
Polislərin qaynaşdığı məntəqədən beş maşın o tərəfə təcili yardım maşının ilə tıxacda qalmış orqan alverçiləri nəfəsləri kəsilmiş halda inanmadıqları Allaha dua edirdilər.Onlar ələ kecməkdən daha çox ,aid olduqları təşkilatdan qorxurdular.
Ə. avtobusdan düşüb pencəyini yerə atıb namazına başladı. Körpünün dəmirlərinin üzərinə dırmaşıb uzaqdan da olsa intihar etmək istəyəni görmək istəyən gənclər, orta yaşlılar onun namaz qılmasına bir anlığıa baxıb sonra unutdular. İndi  maraqları Allahdan  onlara daha yaxın idi.
Saunada çin masajının zövqünü  maşında yayxanaraq çıxaran deputat körpünun bağlı olduğu məlumatını alan kimi sürücüsündən yolu  dəyişib başqa bir istiqamətdə sürməsini istədi.  Gecəsini belə ürəkbulandırıcı xəbərlə korlamaq istəmədi.
Körpünün altında təyin edilmiş görüş təxirə salındı. Axşamın soyuğunda bəxtinə söyə-söyə gələn eskort  cibindəki qəpik-quruşa baxıb metroya endi. Paltosunu son düyməsinə qədər bağlasa da, gözlərinə çəkdiyi ərəb sürməsi onu ələ verdi. Gecəsini korlayan intihar edənə bir küçə söyüşü ünvanlayıb  ilk gözünə kəsdirdiyi  adamla getdi.
FHN işçiləri brezenti açıb hazır durmuşdular.
Tıxacda ürəyi bulanıb başı ağrıyan körpunun bir küncündə qusurdu.
Yurdsuz zibillikdən itləri qovub özünə yumşaq yer düzəldirdi.
Hamilə qadın taksi sürücüsünün etirazları altında elə orada doğmağa başladı.
Qızdırmalı uşağa gözucu nəzər salan polis onları körpüdən buraxdı. Onlar qaçaraq oradan uzaqlaşmağa başladılar.
Şair “Guzəran” şeirinin son bəndini də yazıb, altından tarixini və “körpüdə” sözlərini də yazmağı unutmadı.
E. dolaşdığı bütün çat və sosial şəbəkələrdə videonu və statusları paylaşıb tez-tez içini çəkərək “At özünü! At özünü! Bu gecə mən “like vəhşisi” olum qaqa” deyərək özünü hayqırmaqdan zorla saxlayırdı.
Orqan alverçilərindən biri həyəcanı azaltmaq üçün” Səy. Mən onun yerinə olsaydım bir iki orqanımı satıb, sonra özümü öldürərdim. Heç olmasa qəbir pulunu edərdi , axmaq” deyərək irişdi. Digəri isə “Görəsən böyrəkləri salamatdı?!” –deyə onun sözlərinə qüvvət verdi.
“Allahu əkbər” deyib səcdədən başını qaldıran ağsaqqal arxasında onlarla insanın namaz qıldığını görüb yenidən şükür səcdəsinə getdi.
Evinə girəndə qucağına qaçan nəvəsini öpən deputat on il sonra onun da, o körpüdə intihar edəcəyindən xəbərsiz halda arvadına “Hansısa başdanxarab milləti əsir etdi. Guya özünü öldürəcək kişi. Özünü öldürmək istəyirsən, cəhənnəm ol  get böğazına bir kəndir keçirt, yoxsa nəhəng bir körpünü bağla”  deyə bütün nifrəti ilə dilləndi.
Eskort xanım bütün həftənin uğursuzluğu və pulsuzluğunun acıgını bir barda çıxarırdı. Hesabı kimin ödəyəcəyi onun vecinə deyildi.
Maşından ucalan “ay ana” səsi ilə körpünün üstündən özünü yerə atan gəncin səsi bir bir-birinə qarışdı. FHN iççilərinin açdığı brezentdən 1 metr o tərəfə düşən gəncin dağılmış beynini və qanını yuyub təmizləmək 15 dəqiqə vaxt aldı. Maşında dünyaya gətirdiyi körpəni  qucağına alan ana körpüdə hərəkət bərpa olunan kimi xəstəxanaya yollandı. Artıq zülmət şəhərin işıqlarına fikir vermədən bütün qüvvəsi ilə çökürdü. Ortaq şəhər hər kəsi öz qoynuna alaraq yuxuya getmək istəyirdi. Yavvaş-yavaş tələsmədən.

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...