6.09.2019

ALJİR romanı haqqında oxucu rəyləri

Ədəbiyyat əvvəlki funksiyalarının çoxunu itirsə də ( bu haqda ayrıca və uzun-uzuuun danışmaq olar), yerli ədəbiyyat yerdə sürünsə də (səbəbi hamıya məlum), "bizdə yazıçı yoxdu"; "bizdə ədəbiyyat yoxdu" deyilsə də, bizdə ədəbiyyat var və heç nəyə baxmayaraq dəyərli əsərlər yazılır. Ülviyyə xanımın Aljir"i kimi. Bəzi çatışmazlıqlarına baxmayaraq (onları müəlliflə müzakirə etdik) qiymətli əsərdi, lazımlı əsərdi. Ülviyyə xanımı bir daha təbrik edirəm, uğur arzulayıram!
Belə əsərlərin çox olmağı diləyiylə...

Həmid Piriyev




1 nəfəsə oxuyub bitirdiyim kitab. Bitirdikdən sonra 2 gün özümə gələ bilmədim😓😓. Çünki orda yazılanlar, hətta daha ağır hadisələr yaşanıb 😔. Ülviyyə Tahirin bütün əsərlərini oxumuş biri olaraq deyə bilərəm ki, bu əsər Ülviyyənin bu günə qədər yazdıqlarının içində hətta Azərbaycanda son zamanlarda yazılan ən gözəl və dəyərli əsərlərdən biridir. Tarixin bu qaranlıq üzünü işıqlandırdığın üçün təşəkkür edirəm.
Ayrıca Parlaq İmzalara təşəkkür edirəm belə keyfiyyətli iş gördükləri üçün.

Elza Sadıyev


"ALJİR" Ülviyyə Tahir. Kitabı oxuyub bitirdim,amma son səhifələrin üzüntülü təsirindən narahat dəqiqələr yaşadım.Bunun səbəbi Firuzə və qızı Pərvanənin bitməyən acıları və kədərli sonlar idi. Ümidlə gözləyirdim ki,ən nəhayət tale ana və qızının üzünə güləcək.Təəssüf.1937,represiya və onun qurbanları haqqında müəyyən məlumatım var idi.Lakin romanda təsvir olunan bir çox mühüm və hər kəsin bilməsi vacib olan hadisələrlə ilk dəfə idi ki,tanış olurdum.Ülviyyə Tahiri insanlığın öldüyü, zamanın itdiyi, şeytan oyunlarının sürdürüldüyü Akmolda yaşananları qələmə almaqla o puç kommunizm və bolşevik ideologiyasının iç üzünü bir daha xalqımıza göstərdi .Əsərdəki hadisələrin sürətli inkişafı və onların gözlənilməz sonluqları oxucunu həyəcanladırır Əsərdə bir dənə də olsun artıq söz ,artıq cümlə, yoxdur.Adama elə gəlir ki,sanki bir cümlə ötürsəm nəsə mühüm bir məqamı qaçırmış olaram.Ümumiyyətlə Ülviyyə xanımın əsərlərində ötürüləsi absaz və ya cümlə olmur.Belə bir tarixi əsərin meydana gəlməsi yazarımızın geniş dünyagörüşünün, məntiqi düşüncəsinin və tariximizi mükəmməl bilməyinin nəticəsidi.
Azərbaycan tarixində baş vermiş qaranlıq səhifələrin işıqlandırılmasına xalqımızın çox ehtiyacı var idi.Sovet hökuməti və onun quruluşu haqqında hələ də bəzi insanların beynində qalmış çürük utopik bir düşüncənı Ülviyyə Tahir Akmolla birdəfəlik silib atdı.

Yəmən Əsədli

Mir Məhəmməd Kərim deyir : "Allahı unutmaq olmaz, çünki sizin bəlalarınız əməllərimizi cəzadır.Cürbəcür təbliğatlara uymaq olmaz, gələcək haqqında fikirləşmək lazımdır.Budur, sizi seçkilərdə iştirak etməyə çağırırlar, lakin bu, seçki yox, xalqı aldadıb incitməkdir.Onsu da, aydındır ki, xalq heç kəsi seçmir və onu hökumət tərəfindən təyin olunmuş adamların adlarının altından imza atmağa məcbur edirlər.Buna görə də mərd olun, vəzifənizi, Allahı unutmayın".
Ülviyyə Tahir
Aljir kitabından.

Aljir - doğulmasına qismən şahid olduğum kitab ❤️
Ülviyyə xanimla bir təqdimatda qarşılaşdıq, üzərində işlədiyim kitab Aljir üçün bir nəfərdən müsahibə almalıyam, istəsən gedək dedi, ee arkadas bu fürsət qacarmi? Əlbətdə dedim və Jalə xanimla restoranlarin birində görüşdük. Kədərli xatirələrdən danışıldı: 'Atam bəraət almış, sürgün həyati geridə qalmışdı. Uzun illər keçsə də hər yerə düşən çörək qırıntısı atamı kövrəldirdi, bir orada quru çörəyə möhtac olmuşuq deyirdi..
... Ulviyye xanim Jalə xanıma kitab üçün ön söz yazmağı təklif etdi, buna mənəvi haqqı çatdığını bildirdi.. Jalə xanim nədənsə təvazökarlıq etdi :((
Sözün doğrusu mən Aljirin sirf tarixi mənbələrin yer aldığı kitab olacağını düşünmüşdüm, ancaq roman məni qane etdi.
Aljir mənə Tolstoyun Dirilməsini, Jan Valjanin katorqa həyatinı, Kavaleusun Leylasinı, Oruelin 1984'nü R.Abdullaoglunun Relslər üzərində uzanmış adamını xatirlatdi, və eyni dad verdiklərinin fərqinə vardım❤️..
..Ən pisi bilirsiz nədir? -Xəyanətdir.. Uğrunda mübarizə apardığın ideologiyanin səni məhv etməsidir, Leninin adı gələndə, radioda səsini eşidəndə yerə diz çöküb ağlayan saf məhəbbətdən şübhə etməkdir..
Əsərdə ümid var, yazarın özü demişkən ümidi qorumağa çalışıb. Bəli ümidi qorumağı bacarmısız Ülviyyə xanim..
Kitabı az az oxuyurdum ki aldığım mənəvi həzz uzansın, amma birnəfəsə bitirə biləcəyiniZ kitabdir.
Təşəkkür edirəm Ülviyyə Xanım, var olun həmişə dəyərli yazarımız ❤️
#UlviyyeTahir
#Aljir
#Parlaqimzalar
İlahə Həsənli

4 gün öncə başlamışdı ALJİR'ə xəyali səyahətim.Gunel müəllimə tanış etmişdi məni əsərlə. İlk baxışdan ALJİR adı və 1937 rəqəmi diqqətimi çəkdi. Vaxt itirmədən başladım əsəri oxumağa.
Düzü əsər haqqında nə deyim, nə danışım bilmirəm. Danışılası o qədər çox şey var ki...Amma bir yerdən başlamaq lazımdır. İlk öncə əsərin adı haqqında danışmaq istərdim. ALJİR rus dilində abreviaturadır. Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı düşərgə - Akmola anlamına gəlir.
Əsərdə hadisələr isə 1937 - 53 -cü illər arasında cərəyan edir. Ziyalıların vətən xaini adı altında damğalanaraq həbsindən başlanır hadisələr və o dəhşətli, tük ürpərdici anlarla davam edir süjet xətti. Gecə ilə isti evlərə qonaq gələn qara maşınlar özlərilə qışın soyuğunu da gətirir. Ailələr dağılır...Qadınlar sürgünə göndərilir, kişilər güllələnmə cəzası alır, uşaqlarsa sovet ideologiyası ilə böyüdülmək üçün anaların əlindən zorla alınır...
Tarixi romanda mənə təsir edən məqamlardan biri rejimə sədaqətlə qulluq edən şəxslərin aradan qaldırılması, onlara olmazın işgəncələrin verilməsi idi. İşgəncəyə məruz qalarkən belə bu işdə hər hansı bir səhvliyin olması düşüncəsində qalan "Vətən Xain" lərinin psixoloji vəziyyətini Ülviyyə xanım çox aydın nəzərə çatdırıb.
Digər bir nüans isə anaların əlindən alınıb sovet ruhunda böyüdülən uşaqların öz valideynlərindən nifrət etməsi səhnəsi idi ki, bu uşaqlar həqiqəti 1953- cü ildə öyrənib böyük sarsıntı keçirir.
Sonda Ülviyyə xanım, sizə sonsuz təşəkkürümü bildirirəm. Tariximizin bu qaranlıq səhifəsinə bir işıq saldığınız üçün. Tarix kitablarından bu haqda oxusaq da, onların psixoloji durumunu aydınlığıyla qavraya, 37-ci ilin dəhşətini hiss edə bilmirdik...Sayənizdə 4 gün ərzində o illərdə yaşadım sanki. Sizə deyim ki, mənə Cavad Cavadlının taleyi çox maraqlıdır. Onun taleyindən bəhs edən yeni bir romanı gözləyə bilərikmi?

Şəbnəm Adil

ALJİR / Ülviyyə Tahir
- Resenziya yazanda kitabın adını bir neçə dildə yazıram... çünki əsəsr müxtəlif dillərə tərcümə edilmiş olur... Hazırda Ülviyyə xanımın son romanının adını isə bir dildə yazıram... Amma ümid edirəm ki, əsəri müxtəlif dillərə tərcümə edilsin...
- Niyə? Əsərdə ortaya atılan məsələlər lokal xarakterli deyil, ümumibəşəridir... Kolson Uaythed müsahibəsində deyir ki "Əsərim hər nə qədər Amerika reallıqlarından bəhs etsə də, insanlar tarixlərinə baxsınlar, eyni məsələləri görəcəklər"... ALJİR romanı da məhz bu cür bir əsərdir...
- Əsəri çoxdan gözləyirdim... Mənə elə gəlir bu məndəki keçmişə olan maraqdan irəli gəlir... Mən millətcə Türk deyiləm... amma bu torpaqların övladıyam... Keçmişim həmişə mənə maraqlı gəlib... Lakin çox təəssüf ki, zaman axır, bizim keçmişim unudulur, insanımız unudulur, yeni nəsillər kökündən uzaqlaşır... Bəzən üzülürəm ki, mən bu torpaqların övladları olan yeni nəslə, elə öz övladımdan başlasaq, keçmişimiz haqqında nə oxutduracam... Əllə tutulası bir əsər təəssüf ki, çox az görürəm...
- Bəzən mənə deyirlər ki, məsləhət gördüyün kitablar siyahısını göndər oxutduraq və ya oxuyaq... Bundan sonda ALJİRi mən həmin siyahıya daxil edəcəm... Təşəkkür edirəm Ülviyyə xanım....
- İlk səhifələrində büdrədim... Başqa şey gözləyirdim... Amma sən demə əsərdə iki süjet xətti varmış... Biri indiki dövr, ikincisi 37-ci illər və Stalinin ölümünə qədərki dövr... Sonra yağ kimi axdı...
- Xüsusilə fəlsəfi mülahizələr, fikirlər çox xoşum gəldi... Kitabda bol-bol sitat alınası cümlələr, düşüncələr var... Romandan böyük həzz aldım... Sonu xüsusilə məni silkələdi...
- Sondakı bəzi məqamlar məndə belə bir fikir oyatdı ki, sanki romanın davamı olacaq... Yazarla bir müsahibə aparmağı düşünürəm, əlbəttə razı olarsa, ümid edirəm orada bu haqda sevindirici xəbər alarıq... Xüsusilə Vəkillə Gülnarənin taleyi mənə maraqlı gəldi...
- Dırnaq içində vətən xainlərinin həyat yoldaşlarının içində iki nəfər yerlim, Zaqatalalı imiş, maraqlı gəldi... Kaş bütün 42 qadının da taleyi romanlaşdırılsa...
-Oxuduqca görürsən ki, müəllif xeyli araşdırma aparıb... çünki türmə səhnələri, sürgün həyatı olduqca təfərrüatlı təsvir edilir... Təxəyül olması mümkün deyil... Oxuduqdan sonra qadınların siyahısına baxdım, Firuzəni axtardım... tapmadım....
- Roman olduqca axıcıdır, mən iki günə bitirdim, o da vaxtım olmadığına görə... Əlindən buraxmaq istəmirsən... Keçmişimizi işıqlandırdığına görə, bu xalqı daha yaxşı anlamağı öyrənirsən... Dili çox qəşəng idi... Yazıçımıza dərin minnətdarlığımı bildirirəm... Bütün Parlaq imzalar heyətinə təşəkkür edirəm... Bu işdə tökülən hər tər damlası çox dəyərlidir...

*Mustafa Ruşan

Göz yaşmı silib, "Aljir"i stolun üstünə qoydum. Bir az yerimdə donub qaldım. O dövrü düşündüm, daima filmlərdən və xarici ədəbiyyatdan oxuduğum o dəhşətli anları mənim həvətənlərim çox da uzaq olmayan bir keçmişdə yaşayıblar. Düzünü desəm, bütün bunlardan xəbərsiz olduğum üçün özümdən utandım. Hadisələr o qədər sürətlə baş verirdi ki, kitabdan güclə ayrılırdım. Hər şeyin nə ilə bitəcəyi, sonluğun necə olacağı barədə olan maraq hissim mütaliəm ərzində məni bir anlıq da tərk etmədi. Nə yaxşı ki, əsər gözəl sonluqla bitdi. Gülnarənin timsalında mübariz və möhkəm qadın obrazı,Vəkilin də timsalında haqq uğrunda döyüşən və sevgisinə sonuna qədər sahib çıxan kişi obrazı insana ümid verir. Bu kitabdakılar gerçək insanlar və real talelərdir. Məni ən çox riqqətə gətirən də məhz budur.
Kitabdan ən çox xoşuma gələn bir neçə cümləni qeyd etmişəm.
"Dünyanın ən ədalətli koministi olan səndən istəyirəm: Firuzəni və Pərvanəni qoru"
Fərhadın dilindən səslənən bu dua sovet rejimi tərəfindən zindana atıldığı və güllələnmə əmri verildiyi bir insan üçün necə də ziddiyyətli səslənir. Amma eyni zamanda onun bütün həyatını və inancını bu cümlədən daha gözəl ifadə etmək də mümkün olmazdı.
"Gülnarə hər dəfə qəbr qazdıqca bu qəbirlərdə bir çimdik qadınlığını, yumşaqlığını, şəfqətini dəfn etdiyinin fərqində idi."
"Ona (Gülnarəyə) qadınlığını xatırlatmışdılar. Sadəcə bir həmlə ilə nə qədər zəif və gücsüz olduğunu göstərmişdilər"
Bu cümlələr bir qadının öz qadınlıq ruhundan, zərifliyindən nə qədər itirsə də, yenə də qadınlığına (bədəninə) məğlub olduğunu və sahib ola biləcəyi ən böyük iradə və möhkəmliyin sərhəddinin çox incə teldən asılı olduğunu göstər.
Seçdiyim digər hissələri isə şərhsiz qeyd edirəm:
"Artıq çarpayının ayaq tərəfindən baxan siçovul onu qorxutmurdu. Bəlkə də yeməyin dadına ilk o baxmışdı"
"Qum dənəsi düşür ilbizin qarnına,bütün iyrəncliklərə rəğmən, mirvari olur."
"-Yəni əzablarımız bizim xeyrimizədir?
-Anlayana. Mütləq şər yoxdur!"
"Bütün xatirələr göz yaşlarından sonra qalanlardır"
"Yaşamağın intihar olduğu yerdə, intihar lüzumsuz qalıb..."
"İnsanı sıradan çıxarmaq üçün tənhalıq kifayət qədər güclü silahdır"
Əsərdən aldığım bədii zövqə görə Ülviyyə xanıma təşəkkür edirəm. Eyni zamanda, tarixi keçmişimizi bu cür əziyyətli araşdırmalarla bizə təqdim etdiyinə görə isə qarşısında baş əyirəm.🥰👏❤️
Pərvin Nəsirsoy

✔️"Qazandığımız azadlığımız zəncirimizin uzunluğu qədər olub..."ALJİR
1937.Akmol düşərgəsi.
Ülviyyə Tahirin iki illik uzun araşdırmalardan sonra qələmə aldığı və aydınlandırdığı tariximizin qaranlıq səhifəsi.
"ALJİR" ( “Акмолинский лагерь жён изменников Родины”) Stalin hakimiyyətinin ağ uğrunda mübarizə aparanlara vurduğu qara damğa "Vətən Xainlərinin Həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi."
Qazaxıstan çöllərində amansız qadın zindanı,və eyni çöllərin mərhəmətli qadın sakinləri...
Zindandakı qadınların daş hesab etdiyi tikanlı məftillərin o tayından atılan, qadın birliyinin simvolu- "QURUT"
Müharibələrin qadın üzünün dəhşətlərini əks etdirən əsərləri oxuyarkən, hər zaman beynimi bütünlüklə əhatə edən bir sual vardı:
-Niyə tarixin bu amansız çarxının içində eyni əzablara düçar olmuş,ağır və ağrılı repressiya dövründə başlarına olmazın müsibətlər gətirilmiş Azərbaycan qadınının adı çəkilmir? Niyə bir qələm də Stalin faşizminin qan gölündə üzməyə məcbur edilmiş 44 Azərbaycan qadınından birinin adını yazmır?
"Qurbanların kəsildiyi yer eyni olduğu halda, milli ayrımçılıq hansı təfəkkürün məhsuludur?" ...
"ALJİR"-i oxuduqdan sonra beynimə və ruhuma elə bir rahatlıq çökdü ki, sanki çəkilməmiş bir yük vardı üzərimizdə və o ağır yükü Ülviyyə Tahir hamımızın üzərindən çəkib aldı.
Roman o qədər səlistliklə qələmə alınıb ki, o ağrılar, o məşəqqətlər o qədər reallığını qoruyub ki, insan özünü o dövrün içində, o düşərgədə hiss edir, ağrı o qədər dərinə işləyir ki, Gülnarə olursan, Firuzə olursan...
Bir gecədə doğmalarını itirmək qorxusu, bir anda torpağından, vətənindən, özündən qoparılmaq qorxusu bürüyür hər yanını...
Tarix boyu düçar olduğumuz bəlalar hər zaman üstlərin ən üstlərə olan siçovul duruşu idi bəli...
Elə şairin bəhs etdiyi kimi:
"MƏN SALİM OLUM, CÜMLƏ CAHAN BATSA DA BATSIN!" duruşu.
Yaxud yazıçının elə romanda qələmə aldığı bənzər yanaşma kimi:
✔️" Gəmi batanda birinci onu siçovullar tərk edir... "
Siçovullar haqqı və zərifliyi Akmola tərk etdilər...
Bu düşərgənin məhbusları başqa torpaqda duzlu suyla yabanılaşan, kökündən qoparılmış çiçəklər idi. Ancaq onlar hər şeyə rəğmən şirin su gözləyirdi...
Fərhadın qızına məhz "Pərvanə" adını seçməsi də bəlkə də Tanrının bu ağır tale oyununun sonuna öncədən göndərdiyi mükafat idi ki, bu mükafat o atəşin alovuna uçan son qurtuluş qanadları oldu...
Son ana qədər romanda sonun necə bitəcəyi oxucuya naməlum qalır və ən sonda aydınlanır. Romanın oxucunu sona qədər öz əsarətində saxlaya bilməsi isə təbii ki, yazıçının ustalığının nəticəsidir.
Əziz Ülviyyə tariximizə işıq tutduğun üçün bütün indiki və sonrakı, daha sonrakı oxucular adından sizə təşəkkür edirəm.
Xüsusi ilə, qeyd edim ki, belə bir qadın əzabını, ağır qadın talelərini , belə bir dəhşəti, bir qadının qələmə ala bilməsi yenə ayrı bir cəsarət ayrı bir qürur, ayrı bir gücdür!
Sənin qələminin bir missiyası var.
O missiyaya davam əziz yazıçım! 🙂❤️
Nərgiz Nasir

Dünən səhər tezdən tələsə-tələsə işə hazırlaşarkən, günlərdir hər yerə mənimlə gedən yol yoldaşımdan üzr istəyib onu çantamdan çıxarıb evə qoydum. Çünki həmin gün Aljirlə yola çıxmaq istəmişdim.
İnsanlar olar, ilk gördüyün andan min ildir tanıyırsanmış kimi söhbətin tutar, cümlənin əvvəlini deməyə macal tapmamış sonunu o gətirər. Bax, Aljirlə ünsiyyətimiz eynən beləcə başladı. İlk cümlədən tutulduq bir-birimizə... Gün ərzində üç məkan dəyişdik. Marşrutda, tənəffüsdə, boş dərsdə, taksidə - tapdığım hər fürsətdə qaldığımız yeri xatırladıb dinlədim onu. Onu gün ərzində çantaya belə qoymadım. "Əl üstündə gəzdirdim" desəm həm həqiqi , həm məcazi anlamda yerinə oturar.

Bəzən ixtiyarsız "hiiii" edib iç çəkərək, ucadan "ay daaa", "ufff" deyərək, varlığını unutduğum ətrafdakıların diksinməsinə, bəzən də gülməsinə səbəb olduğuma məhəl qoymadan dostumu dinləyirdim. Bir neçə yerdə şəhadət barmağımı dırnaq hissə ilə birgə dişlədiyimi, bununla sanki var gücümlə dırnağımı yerinə bərkitməyə çalışdığımı, arada da qolumu, əllərimi ovxaladığımı fərq etdim.

Aljirdən sonra yeni bir məsəl də yaranıb leksikonumda. Bir az çətin vəziyyətə düşüb narahat olduğumu görən kimi öz-özümə deyirəm " nolub? Özünü elə aparırsan ki, elə bil bir az sonra həbs edib ölüm düşərgəsinə aparacaqlar səni, ya da bir neçə günlük karserə salacaqlar"

İş günüm olduğu, 3 ayrı yerə getməli olduğum və yalnız fürsət tapdıqca oxuya bildiyim halda 1 günün içində bitirdim Aljiri.
İnsanlar olar, birgə nə qədər uzun zaman keçirsən də söhbətindən doymazsan, dadı damağında qalar və yalnız növbəti görüşün xəyalı ilə yaşayarsan. Bax, bizim Aljirlə ünsiyyətimiz də eynən belə oldu. İndi o həddə çatıb ki, daha sözsüz danışırıq, sözsüz anlaşırıq. Baxışlarımız rastlaşanda səssizcə gülümsəyirik bir-birimizə...

Mən sizə Aljirdən danışmadım, onun mənə yaşatdıqlarından danışdım. Aljiri isə özünüz oxuyarsınız...

Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı...
Müəllifin son cümləsi, həqiqətən, romana iz buraxacaq bir nöqtə qoydu. Ülviyyə Tahir təsirindən çıxamayacağımız, günlərlə xatırlayacağımız bir əsər yazıb. Özünün də qeyd etdiyi kimi, İsmayıl Şıxlı, Fərman Kərimzadə kimi, əlavə olaraq Əlisa Nicat, əzizə Cəfərzadə, Məmməd Səid Ordubadi, Pənahi Makulu kimi yazıçıların yaratdığı tarixi roman nümunələri sırasına yeni bir əsər qatdı. Personajların canlılığı, gerçəkliyi o qədər mükəmməl əks olunub ki, deməyə söz tapa bilmirəm.
Yuxarıda sadaladığım yazıçılardan fərqli olaraq, Ülviyyə xanım açıq aydın fikirlərini yazmış, sovetin təsiri olmadan demək istədiklərimizi demişdir.
Mövzunu, mövzuda əks olunan həyatları tam şəkildə göstərmişdir. Müəllifi yaratdığı bu əsər münasibəti ilə təbrik edirəm! Ədəbiyyatımıza can qatdı, can!
Nizami Əlisoy

Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...