5.08.2020

Yaddaş



“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməçə qalar, o boydana  cisminin yerinə”. – Nəcib  çarpayının ayağına kürəyini söykəyib babasının ufultularına qulaq asa-asa düşünürdü. Tavandan su damcılayırdı. Evin taxta döşəməsi  yaddaşının dərinliyindən  meşəni dartıb çıxara bilmişdi.  Yaşıl mamırlar döşəmənin meşə yaddaşından ona daraşmışdılar. Nəcib mamırları,  damdan daman yağış sularını və babasının nəm çəkmiş ufultularının səbəbini düşünürdü ki, daxmanın qapısı döyüldü.  Əvvəl özünü eşitməzliyə vurdu. Qapı bir də israrla döyüləndə divarlar titrədi. Qapının taqqıltısından çox damdan tökülən damcılar Nəcibi çilədən çıxarıb ayağa qaldırdı. Əyripəncə kimi yanlarını basa-basa  qapıya doğru getdi. Qapını ehtiyatla açıb  gələnləri salamsız-kəlamsız içəri buraxdı.
– Kimdi, ay bala? – Babanın quzulamış səsi xırıldadı.
– Uşaqlarındı. Yenə, yəqin ki, nəsə olub, əcdadları yadlarına düşüb. – Nəcibin qəzəb çökmüş səsi pəncərənin şüşələrində  cingildədi.
– Nə olardı o vaxt bu daxmanı bir az hündür edəydin, ay kişi? Hər dəfə keçəndə boynumuzu əyirik. – Səftər kişi donquldandı.
–Nə vaxt gəlib sökdünüz, düzəltmək istədiniz, qoymadıq? – Nəcib  onu əyri-əyri süzdü.
– Onunku sözdür. İşə gələndə fıss... – Qılman Nəcibi sakitləşdirdi.
– Səni də bura söz gətirməyib? Elə deyirsən ki, elə bil lallar ölkəsində bir  mənəm danışan. Boynumuz əyri bitib bu qapıdan əyilib keçməkdən...– Səftər  üzünü turşutdu.
–Ay bala, bir-birinizi qırmayın, gəlin yaxın oturun, necəsiniz, neynirsiniz? Mövsümün əvvəli gedənsiniz... – Babanın səsi azca  ötkəmləşdi. Səftərlə Qılman baxışdılar.
– Baba, torpaq yaddaşını itirib. Palıd palıdlığını unudub, fıstıq fıstıqlığını. Camaat yığılıb dedi ki, gedin, Babadan soruşun, görək niyə  fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış  göyərir?  - Qılman döşəmənin mamırlarını oxşayıb handan-hana dilləndi.
– Ən pisi də, camaat bir-birini günahlandırır. Qonşu obaların  tarlaları yaşıl, ağacları barlı, torpaqları yüz nemətə hamilədir, amma bizdə... – Səftər ağlamsındı. Damdan düşən iri damla  üzündə  yuvarlanıb saqqalının dərinliyində əridi. Nəcib bayaqdan ayaq üstə dayandığının fərqinə varıb, yenə özünü çarpayının dibinə verdi. Kürəyini söykəyib qonaqlara tamaşa etməyə başladı. Gözləri Səftərin əynindəki mitili çıxmış  şinelə ilişib qaldı. Şinel eynən döşəmə kimi bozarmışdı. Nəcib eşitmişdi  ki, neçə palıd ili əvvəl buralarda böyük dava olub. Meşə alovlanıb yanıb, tarlalar yiyəsiz qalıb. Sonra buluddan nəm çəkmiş torpağı bölüblər. Elə o gündən ikiayaqlıların əynindəki şinellər bozarıb, rəngini itirib. Daxmaların tavanları alçaq vurulub, insanların boyunları əyilib.
– Baba, bizi palıdların ahı tutub? – Qılman  səsi titrəyə-titrəyə  sual verəndə Nəcib gözlərini şineldən çəkib onun sürətlə aşağı-yuxarı gedən hulqumuna baxdı. Ortaya dərin sükut çökdü.  Damdan özünü atan növbəti damlanın intihar tıppıltısı eşidildi. Nəcib damlanı qucaqlayan mamırlara  gözücu nəzər salıb istədi, ürəyindəki hər şeyi püskürsün.  Sözlər hulqumuna kimi gəlib, qayıdıb ürəyinə saplandı. Anladı ki, ürəyinin ağrısı qarşısındakılara etibarsızlıqdan daha xoşdur ona.
– Etibar  getdi... – Baba dilləndi. Səftər bunu eşidər-eşitməz kinayə ilə üzünü-gözünü  turşudub:
– Qoca, bu söz  nəm çəkib. Bizə bozarmış  söz demə! – dedi.
– Hə, sözün sehri gedib. Sözə etibarın gedib, ona görə... – Baba  kədərlə başını bulayıb yorğanını sinəsinə kimi çəkdi.
–Bizə meşə lazımdı, məhsul lazımdı, sən söz deyirsən. Bizə yemək lazımdı, sən etibardan danışırsan. Ağsaqqal bilib  gəlmişik, yolunu azmış meşə var, özünü unutmuş  torpaq var deyirik. Sözə inamdan dəm vurursan. Deyəsən, ağlın da nəm çəkib, qoca... – Qılman acı-acı güldü.
 – Onda gedin, meşəni başa salın! Başa salın ki, acıq. Başa salın ki, meşə yolunu azmaz. – Nəcib əlini atıb çarpayının altından kitabı götürdü.
 – Görəsən, əzbərləsək, necə olar? – Səftər başını qaşıdı.
– Nəyi əzbərləsək? – Qılman qaşlarını çatıb heyrətlə soruşdu.
– Fıstıq əkirik, küknar çıxır, küknar əkirik, qamış. Kitablaşdıraq, bilək ki, bunu əksək, bu çıxacaq. Onda  işimiz asanlaşar.
– Ayə, onu eləmək olar? Lap tutalım etdik, fıstıq əkdik, küknar çıxdı. Bəs yaxşı, buğda olar çıxsın deyə nə səpməliyik?  Sonra gələn il o toxumdan nə çıxacağı bəlli olmaz. Ölənəcək yoxlayası deyilik ki. Yox ey, bu işin çarəsini tapmalıyıq. – Qılman danışdıqca Nəcib düşünürdü, görəsən, bu şinelin  rəngi əvvəl necə olub?
– O yanlarda elədi? – Baba çənəsi ilə uzaqlara işarə etdi.
– Yox, deyirlər heylə zad yoxdu. Cavanlar baş götürüb gedirlər ey... – Səftər artıq ayağa durmuşdu.
– Nə edəcəyik? Qorxuram, bu gedişlə dəryadakı balıqlar da balıq olduğunu unuda... – Qılman az qala ağlamsındı. Nəcib gözlərini şineldən çəkmirdi. Baba susurdu.
– Gedək, bundan bir kar aşmadı, – Səftər daxmanın qapısından boynunu əymədən rahat keçdi. Nəcib özünü güclə çatdırıb Səftərin boynundakı çökəkliyə düşən damlaya  gülümsəyib Qılmanın ətəyindən yapışdı.
– Qılman dayı, şinelini mənə verərsən? – dedi.
– Ayə, neynirsən cındır şineli?
– Davadan qalıbmı bu? – Nəcib əlini onun ətəyindən çəkmədən dedi.
– Hə, o vaxt ordan gətirmişdim, onda üstünə dostlarımızın qanı, palıd meşəsinin ahı çökmüşdü. Yağışlar  yudu apardı  rəngini də, yaddaşını da... – Qılman şineli ilk dəfə görürmüş kimi diqqətlə nəzərdən keçirib fikrə getdi.
 – Ver də mənə. Bəlkə, qucaqlayıb yatsam, oranı yuxuda görərəm.
– Ay bala, bu şineldə oralıq  heç nə qalmayıb axı, görmürsən, süzülüb ipliyə dönüb. Bu şinel çoxdan veteran olduğunu da unudub ey, özüm kimi...
 – Qılman dayı, mənə ver, nolar... – Nəcib əl çəkmədi. Qılman əlacsız qalıb şineli soyundu.
– Qılman, di gəl də... – bayırdan Səftərin səsini eşidib tələsdi. Şineli Nəcibin əlinə tutuzdurub daxmadan çıxdı. Nəcib şineli uzun-uzadı süzüb qucaqladı. Baba dərin yuxuya getmişdi. Daxma çəlimsiz qocanın nəm çəkmiş sümükləri kimi şaqqıldayırdı. Nəcib başını qaldırıb tavana baxdı. Damlalar yoxa çıxmışdı. Şineli əyninə geyib  illər sonra daxmadan çıxdı. Buludların arasından süzülən gur işıq  gözlərini qamaşdırdı. Külək şiddətlənirdi. Daxma titrəyirdi. Nəcib  əlini gözlərinin üstündə günlük edib palıd meşəsinə sarı baxdı. İnsanların ağaclardan çox olduğunu görüb heyrətə düşdü. Onlar bir-birindən araları durmuşdular, əyinlərində bozarmış şinellər var idi.

3.29.2020

Xarabalıq





Yaddaşımın axsayan vaxtlarında hardan yadıma düşdü?  Boşqabı sildiyim yerdə əlimi saxladım. Niyə xatırladığımı xatırlamağa çalışdım. Kələfi itmiş xatirələr içindən qəfil cücərmiş bu hadisə heç bir izahat olmadan  dilə düşən melodiya kimi beynimdə dolaşdı: Elə burda dayanmışdı… Boşqablar əlində idi, sonra birini salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi. Birini də götürdü; boşqabdan göz yaşlarını da sildiyini də görürdüm...Yaşıl jaket qolları...Bir də  o damlalar...Bədəni dumana bürünmüşdü. “Anamın qolları, qolları... İllərdir, hər şey beləcə, boz dumanda davam edir.  Beyindən silinməyən film kadrı kimi... Hər gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində ulayıram…” – pıçıldadım. Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım.  Qonşunun quşları səmada pərvazlanırdılar. Bazar günü olduğundan nəhəng buldozerin nəriltisi kəsilmişdi. Bizim evə kimi  hələ on ev var idi. Boz pişik qarşı tərəfdən sökülmüş evlərin kərpiclərinin üstündə pəncələrini yalayırdı. Görəsən, bura tamamilə dağılandan sonra hara gedəcək? Harada oturub pəncələrini yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz...  Gözlərimi boz pişikdən ayırmadan çaydanın altını söndürdüm. Hə, bu pişik də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın harasındansa  reinkarnasiya edəcək və böyük bir xarabalığın fonunda beləcə pəncələrini yalayan halda  özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura  niyə məhz indi onu xatırladığımı, hardan yadıma düşdüyünü  fikirləşəcəyəm. Bəli, elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin  qaranlığında yolda maşınla vurduğun  it kimidir. Heç kəs, heç kəs  o iti kimin vurduğunu bilmir. Sənsə avtomobildən düşüb ağzından qan daşan  o itin “niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib  oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına pozan çəkib onu unutmağa çalışırsan. Gecələr  gördüyün kabuslardan sanıb yastığını çevirirsən. Boz  pişik pəncələri ilə işini bitirib ətrafını süzdü.  Çarpayı cırıltısı eşitdim. Yorğun-arğın  otağa qayıdıram. Gün yeni başlanır. “Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key ətrafa  boylanırdı. Böyümüş gözləri ilə ətrafı süzdü. “Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra yenə, yenə, yenə...
– Kimsən, ay bala? 
Aha, bu gün “bala” dedi. Dünən belə deməmişdi.
– Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, – deyirəm. 
– Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini bir az da geniş açır. 
– Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü, özünüzü o əsgər üçün sipər etmişdiniz. Siz ağır yaralandınız.
– Mən?
– Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin qəhrəmanlığınız, vətən uğrunda şücaətiniz dillər əzbəridir. 
O,  qaşlarını çatdı, sağ əlini titrəyə-titrəyə alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə mütləq alnını ovuşdururdu, eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı. Heysiz halda əlini endirib dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı çayı dəmlədim,  çaynik və fincanı götürüb qonaq otağına qayıtdım.
– Döyüş harda olmuşdu? – astadan soruşdu.
– Ağdam uğrunda.
– Müharibə olmuşdu?
– Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə Xankəndinə gedərik. Oralar elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin yollarını xatırlayırsınız?  Əlbəttə, xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik tutmağa çalışıb  çayı qurtumlayır. Hiss edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən keçirdir. Handan-hana:
– Yadıma gəlir... – deyəndə diksindim.
– Siqareti atdım; atama  söz vermişdim. O, məni otağa çağırdı. Ovcu qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç nə tapmadım, stolun başındakı köynəyimi verdim. Onda atam mənə  dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə dikidi. Uzun bir sükut. Mən çarpayının kənarında oturdum.
– Bir də onun getməyini... Atası gəlib dava edib apardı. Dedi ki… dedi, niyə bu xəstə ilə ömrünü- gününü çürüdürsən...
– Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə yağımız da var, – söhbəti dəyişdim.
– Alabəzək topumuz vardı, meydançada oynayırdıq. 11- 12 yaşım olardı. O meydança niyəsə yadımdan çıxmır, amma müharibəni niyə  xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə ürəyim parka-parça olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları altında xumarlanırdı. Quşlar  yenə səmada idilər. Yumurtaları soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum, qaynamağa qoydum. Bir azdan qapı döyüldü. Baxıcı qadın  içəri girib adəti üzrə çinlilər kimi əllərini cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini soyunub asılqandan asdı, mən də ayaqqabılarımı geyinməyə başladım. Son tapşırıqlarımı da verib  evdən çıxdım.
***
Çaynikin fit səsinə başımı qaldırdım. Mətbəxdəki saat səkkizi göstərirdi. Kitabı örtüb  paltaryuyanın üstünə qoydum. Qazı söndürdüm. Pərdəni kənara çəkib həyətə baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl ürkək-ürkək başlarını qəfəsdən çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən pərvazlanırdılar. Boz pişik gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar var idi. Pərdəni salıb mətbəxə göz gəzdirdim. Hər şey yerində idi. Qonaq otağına  qayıdıb ona baxıram. Gün işığı duman kimi otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini mənim üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.
– Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss edirsiniz? – deyə səsləndim.
– Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu dəfə xırıldaya-xırıldaya verdi. Sonra möhkəm öskürdü.
– Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə dava idi, mən qazandım. Hamı, bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə olmaq istəyirlər.
– Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən  çarpayının kənarında oturdum.
– Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül xəstələnmisiniz, tezliklə sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet, tələbələr - hamı sizi çox istəyir.
O məni dinləyə-dinləyə barmaqlarını  adyalın naxışlarının üzərində gəzdirirdi.
– Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı. Siqareti atmağım yadımdadı… Atam dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki cümlələrini təkrarladı. O cümlələri  sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər. Yox, bəlkə də  yanmış kitabın xilas olunmuş  son səhifələri idi, evirib-çevirib  oxuyurdu.
– Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi. Başqasına ərə getdi...
“Aha, bu da həmin yanmış səhifədən yarımçıq cümlədir, həmişə sonunu özü bildiyi kimi tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq yoxdur”, – deyə düşünürəm.
Qapı döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı idi. Qapını açdım, sonra mətbəxə yollandım, özümə çay süzdüm. Pəncərənin qarşısına keçdim. Boz pişik yenə xarabalıqda quşların pərvazlanmağına tamaşa edirdi. Buldozerçi artıq maşınını işə salmışdı. Çayımı sürətlə qurtumladım, fincanı mətbəx stoluna qoyub qonaq otağına keçdim. Baxıcı qadın əlcəklərini geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə  gülümsədi. Baxışlarımla ona xoş gün diləyib  işə yollandım.
***
         Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə ağır yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm; ilahi, saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. “Gərək axşam o qədər oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında  olduğumu xatırladım.  Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb salamlaşdım. Dinmədi. Nəhayət:
–Salam, – dedi. Sonra yenə üzümə baxdı.
– Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?
Sualıma şübhəli nəzərlərlə cavab verdi. Dinmədi. Adyalı sinəsinə kimi çəkdi. Qırışmış barmaqları və kənarları soyulmuş dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.
– Burda qaldım dünən gecə, siz yatmışdınız deyə icazə ala bilmədim...
– Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca ürəkləndiyi hiss olundu. Duruxdum:
– Mən...  Hə, mən... – kəkələdim. Beynimdəki bütün informasiyalar dolaşmış kaset lentinə dönmüşdü, – hə, mən, – səsim qətiləşdi, – bura sizin evinizdir də, müəllim. Mən də teatrdanam, xatırlamadınız? Oqtay Eloğlunu oynaymışdım axırıncı dəfə, siz çox bəyənmişdiniz... Siz də xəstələnməyə vaxt tapdınız... Axşam axırıncı məşqi müzakirə etdik, sonra mənim də başım qarışdı...
Baxışlarından şübhə silinirdi.
– Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?
Yavaşca başını tərpətdi.  Çaydanın altını yandırıb adətim üzrə pəncərəyə yaxınlaşdım. Boz pişik yenə pəncələrini yalayırdı. Buldozer işə düşmüşdü. Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni açıb aşağı boylandım. Boz pişiyin yanında durub bizim evə baxanlardan biri əlini yellədi. Mən də başımı tərpətdim. Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı söndürdüm.
Əlimdə məcməyi qonaq otağına qayıdanda onun başının çarpayıdan sallandığını gördüm. Özümü necə itirdimsə, məcməyini  döşəməyə qoyub yanına yüyürdüm. Xırıldayırdı. Dikəldib, ağzının suyunu sildim.
– Qalxmaq issstəədimmmm, -  sanki etdiyi işə görə üzr istədi.
– Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək gəzməyə. Hə, nə deyirsiniz?
Heç nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı salfetlə silib quruladım.
– Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti atmağım gəlir yadıma hey... Atamın ovcu qanla dolu idi… Bir də onu xatırlayıram. Sabah duranda gördüm, məktub yazıb qoyub; daha gəlmədi... Əzbərində olan  cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...
– Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona çayı içirib, arabanı gətirdim. Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra mətbəxə keçib yükdaşımaya zəng edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə enəndə artıq buldozerin  bizim  tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa nəzər salıb
– Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün qüvvəsi ilə qışqırdı.
– Yox, əziz müəllim,  o evlər köhnədir, bizə aid deyil ki, – onu sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik bizə əhəmiyyət vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa baxırdı...

3.28.2020

Nəzarəti tam ələ keçirtmək diləyi ilə...



İnsan uzun bir yol qət edir. Hər birimiz doğulandan bu uzun yolda mübarizə aparır və Qəzali demiş qozu qabığından azad etməyə çalışırıq. Kimi bunun mümkünsüzlüyünə inanaraq elə qoz qabığında qalar, kimi qırar, pərvazlanar. Qozu qabığından azad etməyə cəhd edərkən ağıla qolf topu gəlir. Hamımızın birlikdə qolf topu boyda bir dünyada bir qoz qabığında yaşadığını təsəvvür etsək, nə boyda mübarizə aparacağımız bizi dəhşətə gətirə bilər.
Yarandığımızdan bəri bütün canlıların, təbiətin, sevdiklərimizin, getdiyimiz məktəbin, ən sevdiyimiz yeməyin hətta evdəki pişiyiniz belə qolf topu boyda bir dünyada yaşadığını və sizin də bunu kənardan izlədiyinizi düşünün. Əlinizə bir qolf topu alın və bunu xəyal edin. Təyyarə səfərlərində balaca bir pəncərədən baxaraq dünyanın nə qədər kiçik və insanın orada nə qədər balaca yer tutduğunu dərk edirik. O kiçik anda beynimizdə suallar doğar və çox şeyi götür- qoy edərik.

Bir də bu xəyalı dünyadan kənardan təsəvvür edək. Bir insanın həcm olaraq bu dünyadakı yerini və dünyanın bu kainatdakı yerini təsəvvür etməyə çalışaq. Qolf topuna istiqamət verə bilmərik. Bəşəriyyətin inkişafı və insanlığın özü üçün inkişaf etdirdiyi qatı sistemin yalnız müəyyən siniflərə xidmət etməsi, möhtəşəm bir kainatın bir parçası olaraq yaradılmışkən öz aramızda min illərin çırpışması ucbatından bu qolf topuna istiqamət verə bilmirik. Xəyal gücümüzü tırtılın kəpənəyə çevrilməsi kimi görürəm. Axı, hər tırtıl kəpənək olmaz ki... Bu tırtılın fərqli bir növ və ya məkanına görə dəyişmir. Həmin tırtılın kəpənəyə çevrilməsi öz daxilində bir hücrə yaratmasından qaynaqlanır. Elm adamları sanki bəşəroğluna bir mesaj olaraq bu hüceyrəyə "Xəyalpərvər hüceyrə" adını qoyublar. Yəni bir tırtıl daxilində bir xəyalpərvər hüceyrə yarada bildiyi an kəpənəyə çevrilə bilir. Bax, o zaman o kəpənək öz qolf topunun sərhədlərini aşa bilir.
Həcm olaraq hələ nə əvvəlini, nə də sonunu bilmədiyimiz bu yerdə çox kiçik bir yer tuturuq. Amma bizə verilmiş xəyal gücümüzlə bu qolf topunu çözə bilərik. Bu elə bir sistemdir ki, təkbaşına qətiyyən var olmaz. Hər bir şeyin öz yeri var və hər bir şey özü-özlüyündə bir bağ yaradır.
Hamımızın elm adamı olması mümkün deyil. Amma düşünsək ki, olduğumuz yer bir qolf topu və hər birimiz bir tırtılıq. Bunu hiss edən an nə qədər dəyərsiz olduğumuzu və eyni zamanda bizsiz bu sistemin var ola bilməyəcəyini dərk etmiş oluruq.
Bu yaxınlarda məşhur rejissor və aktyor olan Denzel Vaşinqtonun universitet tələbələri qarşısında çıxışını dinlədim. Çıxışı motivasiya və gələcək barədə idi. Bir nüansı çox bəyəndim: İnsan övladının bir missiyası olduğundan bəhs edirdi. Tanrının bütün işlərdən önə qoyulmasını və bütün işlərdə onu unutmamağı tövsiyə edirdi. Ən önəmlisi isə biz insanlara hansısa missiyanın tapşırılmasının əhəmiyyətindən danışırdı: “Siz hər gün yuxudan oyandıqda ona şükür edin. Şükür edin ki, sizi seçib, şükür edin ki, siz bir missiyanın ardıncasız. Siz insanlara nələrisə bəxş edib, nələrdəsə faydalı olacaqsınız”.
Bəli faydalı... Məhz bu hiss dünyada milyonlarla dollardan və bahalı avtomobillərdən qiymətlidir. Əgər bu olmasa biz nə qədər dəyərsiz olduğumuzu dərk edirik. Niyə lazımıq? Nə üçün varıq? Biz bu dünyaya niyə gəlmişik? Həyatın mənası nədir? Bütün bu suallar yalnız bir cavabı var: Sən lazımlı adamsan...

Mütaliəm bədii filmlərə, bədii filmlər sənədli filmlərə yer vermək üstündə dava salanda fürsətdən istifadə edib Volteri oxudum. Onun hər kəsin dilindən düşməyən “Kandid” əsəri yerinə “Zadiq” əsərini bəyəndim. Bütün əsər boyunca nəhəng bir suala cavab axtarılırdı: İnsan niyə əzab çəkməlidir? Əsər boyunca baş verən hadisələr, insanı bu suala daha da fokuslayırdı: Niyə, axı, niyə? Sonda səbrini basıb ömrünün sonuna kimi yolçuluq edən Zadiq hikməti öyrənir. Hikmət isə sənin şər bildiklərində bir xeyir vardır. Qoz qabığından azad ol, bu qozun yetişdiyi budaq var, budağın ağacı var, ağacın kök atdığı torpaq var, oksigeni var, hidrogeni var və bütün bunları idarə edən nəhəng bir sistem var. Bəli var ki, var...
Yazını Rokfellerin bir cümləsi ilə bitirmək istərdim: Sahib olmaq heç bir şeydir, əsas nəzarətdir. Hərçənd Rokfeller bunu siyasi anlamda deyib, mən daha mənəvi formata salım: Bizə verilən ömürə sahib olmaq kifayət etmir, onun üzərində nəzarətə tam malik olmalıyıq. Nəzarəti tam ələ keçirtmək diləyi ilə...


Ülviyyə Tahir "Biz öz həqiqətimizi övladlarımıza deməyi bacarsaydıq, bir əsrdə üç dəfə soyqırıma məruz qalmazdıq."





“ALJİR” romanını yazmaq fikri ilk dəfə necə ortaya çıxdı? Sizi bu mövzuya sövq edən amil nə oldu?
İlk öncə sizi və oxucuları salamlayıram. Belə bir müsahibə üçün təşəkkür edirəm. Mən ixtisasca tarixçiyəm. ALJİR  ideyası hələ doğulmamış tarixin hansı səhifəsini işıqlandırmaq daha faydalı olar deyə uzun-uzadı götür-qoy etdim. Əvvəl ADR dövrü haqqında yazmaq istədim (bu fikir hələ də qüvvədədir) sonra saytların birində sürgün olunmuş qadınlar haqqında oxudum. Bu mövzu ədəbiyyatımızda Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” romanında keçir. Amma orada da sürgün həyatı o qədər epizodik təsvir olunub ki, sanki yazıçı təffərrüatlardan qaçıb. Təbii ki, bu da yaşadığı dövrün tələblərindən  irəli gəlib. Ümumiyyətlə, bizim tariximizin elə qaranlıq nöqtələri var ki, bundan çoxlarının xəbəri yoxdur. Çox tərəddüd etdim, necə yazacağımı uzun-uzadı düşündüm, nəhayət, roman meydana çıxdı. Mənim mətnlər əvvəlcə beynimdə yazılır, sonra sözə qovuşur, romanlaşır, hekayələşir.  Elə araşdırmlar, axtarışlar, təhlillər əsnasında bütün skelet quruldu və əmin oldum ki, tarixi romanlar seriyasına elə ALJİR-lə başlamalıyam. Ədəbiyyata hekayə janrı ilə gəlmişəm. 2017-ci ildə hekayələr toplum ATV telekanalının reallaşdırdığı layihə çərçivəsində nəşr olunanda məni məndən xəbərsiz kiçik janrın böyük ustası və Azərbaycanın Çexovu adlandırmışdılar. Hekayələr özü gəlib məni tapır, mənə sadəcə yazıya köçürmək qalır. Lakin zaman gəlib çatanda roman yazmağın labüdlüyünü hiss etdim. Bu işdə də yenə hekayə yazmaq bacarığım köməyimə çatdı. Ənənəvi roman təhkiyəsindən kənar bir mətn: hekayələr toplusu meydana çıxdı. Mütaliə edərkən, yəqin ki, siz də müşahidə etdiniz ki, romanda hər kəsin bir hekayəsi var və roman bu hekayələrdən hörülüb.
Tarixi roman janrının əhəmiyyəti haqqında nə düşünürsünüz?
Dünya ədəbiyyatında tarixi roman janrının əla ustaları var. Onlardan bəziləri bunu magik realizmə sürükləyərək dəqiq faktların varlığından yayınır, (Amin Malaouf kimi, məsələn) bəziləri isə elə janrı öz çılpaq həqiqəti ilə ifadə edirlər. Buna nümunə olaraq “Müharibə qadın simalı deyil” romanını misal çəkə bilərik. Milli ədəbiyyatımızda bu janr son illər tənəzzül dövrünü keçirir. Orta yaşlı nəsil arasında sorğu aparsaq, “Qılınc və Qələm”, “Xudafərin körpüsü”, “Dumanlı Təbriz” və yaxud “Bakı 1501” romanlarının öz müəlliflərindən və tarixdə baş verən hadisələrdən daha yaxşı yadda qaldığını görərik. Ədəbiyyatın qüvvəsi budur. Biz sözün qüdrəti ilə əlimiz çatmayan zamana gedə bilə və o dövrün insanları ilə tanış ola bilərik. Ona görə çox istərdim ki, bu janrda indiki dövrdə yazıçılarımız əsərlər yazsınlar, iş görsünlər. Həmişə bir məsələni bütün görüşlərdə və tədbirlərdə vurğulayıram: Biz öz həqiqətimizi övladlarımıza deməyi bacarsaydıq, eyni millət bir əsrdə bizi üç dəfə soyqırıma məruz qoymazdı. Qoy gənclik milli şüurdan, məfkurədən və öz dəyərlərindən xəbərdar olsun.
Romanda belə bir cümlə keçir: “Gülnarə öz daxilindəki cəsarətsiz Gülnarədən çox qorxur. Çünki o bilirdi, əslində, bütün qadınlar qorxaqdır”. Bu fikri izah edə bilərsiniz? Doğrudanmı, qadınlar qorxaqdır?
Yazıçı olmaq insanşünas olmaqdır. Bəzən psixologiya üzrə təhsil almış oxucularım hansısa hekayəmdə və ya romanımda rast gəldikləri psixoloji nüansla bağlı soruşur və hansı ədəbiyyatdan yararlandığımla maraqlanırlar. Bəli, əvvəllər qətiyyən bu sahə üzrə mütaliə etməzdim, amma son illər elmi ədəbiyyatı yanımdan ayırmıram. Bu romana başlayanda ciddi şəkildə qadın psixologiyası mütaliə etdim. Xüsusilə, ən ağır formalarda meydana çıxan psixoloji travmalar və onların nəticələri, Yunqun “Ana arxetipi”ndən tutmuş Freydə kimi araşdırdım. Ortaq məxrəc bu idi: Qadın riskləri və təhlükəni sevmir, o, qoruyucu və mühafizəedicidir. Bu da onun analıq fitrətindən qaynaqlanır. Kişinin döyüşkən fitrətinin müqabilində qadın ehtiyatlı və mühafizəkar olmasa, təhlükə anında övladı ortalıqda qalar. Yəni bunu tam qorxaqlıq da adlandırmaq doğru olmazdı, budediyim kimi, fitrətin qabarmasıdır.
Həbs edilən Fərhad həbsxanaya gətirilir. Dustağın sənədləşdirmə işləri aparılır. Dəfələrlə soyundurulur. Bu səhnələr insanı dəhşətə gətirir. Sözügedən təsvirlər təxəyyülünüzün məhsuludur, yoxsa rəallığa əsaslanır?
ALJİR yazılanda bu səhnələri daha yumşaq halda necə ifadə edəcəyimi bilmirdim. Təsəvvür edin ki, saysız təcavüzlər, iyrəncliklər o qədər çox idi ki, onları yazmağa qüvvəm çatmadı. Bütün o təsvirlər faktlar əsasında və mənim təxəyyülümlə yazılıb. Elə 1937-ci il repressiyalarını rus dilində axtarış verməyiniz kifayətdir ki, həmin faktlar fotolarla, videolarla sizin qarşınıza çıxsın. Amma əsəbləri zəif insanlara bunu tövsiyə etmirəm. Çünki həqiqət o qədər ağırdır ki, onları izləmək mümkün deyil. Həmçinin A. Soljenitsının beş min səhifədən çox külliyyatı var, o dövrlə tanış olmaq üçün misilsizdir.

Romanda belə bir cümlə keçir: “Rejim öz balalarını yeyərək ayaqda qalır”. Həbs edilən Gülnarə ömrünü həsr etdiyi ideologiyanın səhv olmasını qəbul edə bilmir. Özünün, Fərhadın hardasa nöqsana yol verdiyini düşünür. Lakin ideologiyaya toz qondura bilmir. Müasir insan  ideologiyasından ötrü özünü heçə sayan insan profilinə bir az yad olduğuna görə bu duyğunu izah edə bilərsinizmi?
Mən belə deməzdim. İnsan hansı dövrdə olursa-olsun, hansısa ideologiyaya və ya qrupa aid olur. Son illərdə Yaxın Şərqdə İŞİD terrorunda bunun bariz nümunəsini gördük. Modern insan üstünə bomba bağlayıb minlərlə insanı qanına qəltan etdi. Bu, modern dünyada şovinist buddizmdə Rohinca müsəlmanlarına qarşı qətliamlarda, Yaxın Şərqdə İŞİD bəlasında, Fələstində törədilən dəhşətlərdə və Xocalıda yaramızda qabarır. Bu anlamda modern insan orta əsr insanından yalnız silahları ilə fərqlənir. Onun sivil ideyaları humanist deyil, o daha çox işğalçı və daha çox qan içəndir. Ona görə müasir insana sadəcə güzgü lazımdır, o özünü tanıyacaq. Dünyamızın sivil insana ehtiyacı var. O sivil insan ki, yaşadığımız yeri sülhə qərq edəcək, bərabərliyi deyil, ədaləti bərpa edəcək. Məsələylə o qədər əlaqəli olmasa da, bir nüansı vurğulamaq istəyirəm: İnformasiyanın bolluğu da yoxluğu qədər qoxuncdur. Əgər ALJİR-in qəhrəmanları informasiya yoxluğu ucbatından yanlış  yolda idilərsə, müasir insan informasiya çoxluğu ilə çaşqınlıq içindədir. Ona görə Ali Kitabımız dönə-dönə xəbərdarlıq edir: Sənə gətirilən və çatdırılan xəbəri (informasiyanı) dərindən araşdır!
Əsərdə deyirsiniz ki, “Ətrafını sorğulayan insan diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır”. Roman qəhrəmanlarının başına gələn hadisələrin səbəbi məhz onların ziyalı olması idi?
Sovet rejimi qurulan kimi bütün sistemlərdə olduğu kimi, köhnələrlə yenilərin mübarizəsi qızışdı. Bu bütün inqilablarda belə olub. Elə götürək Fransa inqilabını, biz kimlərin edamını görmədik. Onlar Robespyeri, Dantonu edam etdilər, Maratı sui-qəsdə məruz qoydular. Kimlər? Elə inqilabın öz maşını onları doğradı. Bu sistem kommunistlərin də içində işə düşdü. Onlar köhnə sistemin bütün üzvlərini aradan götürdülər. Azərbaycanda isə bu işdə fəal olan ermənilər oldu. Təbii ki, müsavat  böhtanı da önəmli rol oynadı. 1953-cü ildə minlərlə insana bəraət verildi. Hansı günahlarından? Düşərgədəki qadınların 90%-i xaricdə təhsil almış və savadlı ziyalılar idi. Azərbaycanda repressiyaya məruz qalmış insanların siyahısına da nəzər salsanız, bu faktın şahidi ola bilərsiniz. Hüseyn Cavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Ruhulla Axundovlar… bu siyahını uzatmaq olar.
“Fərhad üçün hələ çox şey aydınlaşmamışdı. “Niyə? Niyə bizi bu vəziyyətə qoydular?!” deyə öz-özünə pıçıldadı”. Fərhad bu sualları sizə, əsərin müəllifinə müraciət etsəydi, qısaca ona nə cavab verərdiniz?
Erix Hofferin çox sevdiyim bir cümləsi var: Özünəinamsızlıq və natamamlıq kompleksindən əziyyət çəkən insanlar özlərini hansısa ideologiyaların, şovinizmin və ya radikalizmin qucağında taparlar. Fərhad Sovet işğalına kömək etmiş bir azərbaycanlıdır. O, sona qədər Çar Rusiyası ilə Sovet Rusiyasını fərqləndirə bilmir. Bu sualın cavabı elə Fərhada qapalı qalsa, yaxşı olar.

Son sözdə əsərin yazılışı ilə bağlı bir qədər məlumat vermisiniz. Tarixi sənədləri araşdırma prosesi haqqında bir qədər danışa bilərsiniz? Qarşılaşdığınız müəyyən problemlər oldumu?
Dil bilməyim bu romanın yazılmasında çox köməyimə çatdı. Əsas çətinliyim faktları romanlaşdırmaq, yəni təxəyyülümlə bağlı idi. Axı əlimdə sadəcə quru faktlar və rəqəmlər var idi. Onlar mənə duyğuları, hisləri, əzabları, göz yaşlarını pıçıldamırdılar. Sadə bir misal: həbsxanada siqaretin alışdırdığı paltar, Pərvanə obrazı  və saysız ifadələr Tanrının mənə hədiyyəsi oldu. Son sözdə qeyd etdiyim kimi, arxivlərin açıq elan olunmasının misilsiz yardımı toxundu. Yəqin ki, internetin ən böyük üstünlüyü də budur. Mən Moskva arxivlərindən, muzeylərdən və bir çox yerlərdən məlumat toplaya bildim. Ən böyük çətinliyim vaxt problemi idi. Gündüzlər işləyir, gecələr isə yazıram. Nə vaxtsa yazıçı kimi imkanlarım genişlənsə, bundan ən çox oxucular yararlanacaq. Daha çox yazacağam.
Romanda müəyyən obrazların taleyi haqqında geniş məlumat alsaq da, Gülnarə və Vəkilin sonrakı həyatı haqqında çox şey öyrənə bilmirik. Yoxsa romanın ardı var?
Hazırda yaxın gələcək üçün iki romanın ümumi skeleti qurulub. Biri hazırda işlədiyim “It Zənciri” adlı magik realizmdə romandır, digəri isə və Bakının ən yeni tarixini əks etdirən roman olacaq.  Amma tarixi roman oxucular tərəfindən kifayət qədər maraq görsə, ADR dövrünü və mühacirət dövrünü işıqlandıran roman yazmaq arzumu mütləq reallaşdıracağam. Əgər hər şey planladığım kimi getsə, bəli, davamı olacaq. Biz Gülnarə ilə Vəkili mühacirət etmiş azərbaycanlıların içində görəcəyik.
Oxuculara ürək sözləriniz nə olardı?
Onlara təşəkkür edirəm və deyirəm ki, əgər yazıçının yazdığı romanları, hekayələri bəyənirlərsə, Selincer demiş, bir zəng edib bunu bildirsinlər. İndi sosial şəbəkələr bu işi xeyli asanlaşdırıb. Bir rəyiniz belə nə qədər dəyərlidir, çünki Azərbaycanın müasir ədəbiyyat reallığında bizə qayıdış edən yeganə nəsnə məhz bu oxucu sevgisidir.
Müsahibəni götürdü: Mustafa Ruşhan
Fabula.az
0

3.27.2020

İnsan fenomeni


Çox müəmmalı və sirli bir mərhələni keçirik. Bəzən mənə elə gəlir, nəhəng bir yoldayıq, bəşəriyyət dumana düşüb. Duman üçün faralar işə yaramır, texnologiya dalana dirənib və bu yolda olan hər kəs və hər kəs son model avtomobilində olan da, köhnə dağılmaq üzrə olan maşının sərnişinləri də ilişiblər. Yol qaydaları səs ucaldanlarla qışqıran polislərlə “nizamlansa da”  onlar da işin mübhəmliyində boğulublar. Bu anda  gözlərimin önündə  insan fenomenin nəhəngliyi canlanır.  Artıq ikinci yüz illikdir insan özünə potensial qoyur. Artıq ikinci yüz illikdir insan elmin qüdrətinə inanır və bu inancı onda elə arxayınlıq yaradıb ki, o artıq  özünü ona təslim edib. Məşhur bir ibarə var deyirlər ki, əslində psixologiya elmi dinin qucağında doğulub, amma dindən fərqli olaraq o sizi cəhənnəm odu ilə qorxutmur. Bəli, insan kilsə, məscid əvəzinə  psixoloqa üz tutdu, çünki təhdid edilməkdən, qorxudan canını qurtarırdı. XX əsr insana məsuliyyətsizlik bəxş etdi. Bu məsuliyyətsizlik  insana iki nəhəng Dünya müharibəsi və Yer kürəsinin qlobal çaxnaşmasını (ekoloji və siyasi)  bəxş etdi. Tanrı öldü, sizi təbrik edirəm, qazandınız, amma özünüzü Tanrının ölümsüzlüyünü qeyd edən nasistlərin və kommunistlərin qucağında tapdınız. Onlar Tanrının heçliyində və nihilizmində qərq olarkən, insanlar konslagerlərdə, qaz kameralarında boğuldular. Bəli, insan fenomeni  bizə - bəşəriyyətə bunu gətirdi. Tanrı səhnədən çəkildi və dedi: “Buyur, idarə et, sənindir meydan”.  İnsan futbol meydançası görmüş uşaq kimi  topunu götürüb yüyürdü, amma topunun partlayacağını təxmin etmədi.
 İndi dumanlı yolda qalmışıq, insana dəfələrlə aciz olduğu xatırladılmasına baxmayaraq, o bir virusluq canını götürüb yenə konispiralogiyalar istehsal edir və  müxtəlif təxminlərlə özünü ovundurur və bu zaman qəbilə fetişizmindən can qurtara bilməyən şaman kimi gülünc olduğunun fərqində deyil. Bəli, iki yüz ildir insanı istehsal edilən kinolar, sənədli filmlər, dünyanın idarə olunması haqqında yazılan saysız kitablar iki şeyə inandırıb:
1 . Onlar hər bir əməlin insanın başının altından çıxdığına inanırlar. Onlar insan fenomeninə Tanrıdan daha çox ibadət edirlər.
2 .   Reallıqla, yalanın sərhəddini itirdilər. Dövlər öz  əvvəlki mexanizmini itirərək onlar üçün ya daim tam həqiqət taxtı, ya da yalan mərkəzi kimi fəaliyyət göstərməyə başladı. Bu zaman orta həddi gözləyən insan meyarı ortadan qalxdı.
 İndi cəmiyyətin küçələrdən çəkilməməyinə, reallığı qəbul etməməyinə təəccüblənməyin. Çünki onlar hələ də insan amilinə inanırlar. Halbuki illərdi pərdələnmiş  dini inancımız da insanın ali zirvələrə qalxmasını  istisna etməyib. Amma.... Bəli, bu amma çox böyük məsələdir. Alimlərdən biri deyir ki, qalaktikaların çoxluğu və kəşflərin limitsizliyi bizə Yer kürəsinin nə qədər xırda olduğunu və bizim bu kainatda nə qədər  balaca bir yer tuduğumuzu sübut etdi. Amma insan  neylədi? O bu kəşfin təkəbbüründə boğularkən qapını bir gözə görünməz döydü. Qapını açan insan orada heç kəsin olmadığını görüb örtdü. Çünki insan elmin gözəgörünməzləri təsdiq etdiyini bilsə də, onları görmək qabiliyyətini hələ özündə inkişaf etdirə bilməyib. İnsan öz potensialını nə qədər zəngin, populyar olmasına və rifahına xərcləyib, onun inanc sistemində psixoloq var, amma bu da yarımcıqdır.
                Bu mövzunu  o ki var uzada bilərəm. Tanrının  özünə sərmayə qoy, ucal, elm sahibi ol tövsiyəsini arxa plana atan insan, öz yaratdığı elmin acızliyini dərk etdi. Çünki elm mənəviyyatsız olduqda ancaq kütlə  yaradar və o kütlə də  istənilən halda nəzarətdən çıxar. O kütlə tamaşaçıdır, onun Romadakı qladiator döyüşlərini izləyənlərdən elə fərqi yoxdur. Onlar Yəməndə açlıqdan və vəbadan qırılan körpələrə göz yumurlar, Çində uyğurlara, Hindistanda müsəlmanlara, rohincalılara, fələstinlilərə, bosniyalılara, Afrikada milyonlarla ac insanlara  sadəcə olaraq tamaşaçıdılar. Onlar ilk böhranda iflasa uğradılar. Tualet kağızları üstündə vuruşdular, göndərilmiş maskaları verməkdən imtina etdilər və az qala dəniz quldurluğuna qurşandılar...
           Bəli, dumanda insan  dayanmalıdır. Duman çəkilənə kimi, tufan yatana kimi bir sığınacaq tapıb özünü, ailəsini qorumalıdır. Bu zaman isə iki yüz ildir başına qoyduğu “papağı”  qabağına qoyub düşünməlidir: Harda səhv etmişəm? Harda?.....


3.22.2020

Əjdaha


                                                                              Qabığının çürüməsinə izn verməyən toxum bar verə                                                                                 bilməz.
                                                                                                                                                    M. Ərəbi


 Təzə şumlanmış torpağın qoxusunu ürəklə ciyərlərinə çəkib gözü dolusu  tarlaya baxdı. Buludlara, günəşə ,üfüqə baxıb “Bu il gözəl olacaq” pıçıldadı.  Öküzləri qırmanclayıb xışa güc verdi. Günəş  göyə milləndikcə  işlədi. Gün günorta olanda oğlunun gətirdiyi  soyuq ayranı qurtumlayıb, yenə də işinin başına döndü. Bu gün tarlanı şumlayıb bitirməli idi. Sabah erkəndən toxum səpməyi  planlaşdırırdı. Yenə qayıdıb öküzləri hoyladı. Qarşı tarladan Almurad əl eləyib nəsə dedi. O da əlini yelləyib “Nə var?” deyə işarə verdi.  Almurad  yaxınlaşıb ona:
-          Suyu deyirəm, haradan alacayıq?  - sual verdi.  O qaşqabağını töküb  buludlara baxdı. “Ya mədəd” deyib  yenə öküzləri hoyladı.
-          Ay kişi, belə olmaz, yağmadı yağış, bitmədi qamış… Belə olmaz axı… - Almurad əl çəkmədi.
-          Həmişə necə etmişik, bu il də elə edərik. – O  əlini yellədi. Öküzləri qırmanclayıb Almuraddan aralanmaq istədi.
-          Ay kişi, camaat nəsə etmək istəyir, axşam zay Səftərin evinə gəl! – Almurad  onun  aralandığını görüb az qala pıçıldayaraq dedi. O bunu  təxmin etmişdi. Bilirdi ki, Almurad tarlanın başına kimi əziyyət çəkib gəlibsə, nəsə  etməyə hazırlaşırlar. O bu təşvişli insanları heç sevmirdi. “Niyə başlarını aşağı salıb  işlərini görmürlər ki?... Guya  nə isə edə biləcəklər? Min ildir belə gəlib, belə gedəcək. Köhnə hamamda təzə tas ancaq cingilliti qopardar” – donquldana – donquldana yenə tarlanı şumlamağa başladı. Bir dövrə vurub ayrandan qurtumladı. Əlini atıb torbadan arpa çörəyini çıxarıb dişlədi. Başını qaldırıb səmaya baxdı. Buludlar seyrəlirdi. Deməli, sabaha yağış ümidi kəsilmişdi. “Allaha umud olsaq nə olar ki?... O gəlib bizi qurtarar. Görür də bu zülmü…Elə belə də deyəcəm axşam onlara. Qoy ağııllarını başlarına yığsınlar.  Nəyi pisdir ki, yola veririk də… “ Elə bu fikir – xəyallarla axşam düşənə kimi tarlanı  şumlayıb qutardı. O qədər yorulmuşdu ki, qabda qalan  iki gilə ayranı  ağzına aparmağa ərinirdi. Birtəhər  özünə gəlib öküzləri boyunduruqdan açıb  buraxdı. Sonra kotanı  sürükləyib ağacı yanına gətirib zəncirlə qıfılladı, öküzləri də qabağına qatıb   kənd yoluna çıxdı. “Bəlkə getməyim halım yoxdu, əşşi nə edəcəklər, bir – iki ağız danışıb dağılşacaqlar. Hər il bağ – bostan vaxtı çıxıb  danışır, sonra  zınqrovu pişiyin boynundan asmaq lazım gələndə  aradan çıxırlar”  yorğun – arğın ayaqlarını bezgin düşüncələri ilə sürüklədi.
Ayaqlarını arvadının gətirdiyi isti suya salıb  özündən asılı olmadan “uxayyy” dedi. Su ayaqlarına sanki can verir, yumşaldırdı. Gözlərini yumub xumarlandı. Elə oradaca yatmaq keçdi könlündən. Amma arvadı onu dümsükləyib  süfrəni göstərdi. Bütün günü ayrandan başqa bir şey görməyən mədəsi  şivən qoparmışdı. Ayaqlarını sudan çıxardıb dəsmala sürtdü. Elə yanpörtü süfrənin qırağında uzandı. İsti şorbanı qaşıqlamağa başladı. Yeməyi yeyib qurtarana kimi göz qapaqları lap ağırlaşdı. Uşaqların süfrənin qırağında didişməyinə də fikir vermədən arvadının bayaq qoltuğunun altına verdiyi balıncı qucaqladı. Arvadı bu dəfə çay desə də, əlini uzatmağa tabı qalmamışdı.
-Almurad gəlmişdi  eyy…. – arvadına yarıyuxulu dedi.
- Yenə nəyə gəlmişdi, o bədəsil adam? Xeyirsiz… - arvadı hirsləndi.
- Bu axşam zay Səftərin  evində olacaqlar. Vallah, elə yorğunam ki…
-Getmə, əşşi, Almurad  felman adamdı, rədd olsun, yat dincəl, keçən il də hoqqa çıxarmışdı, xalxın balasının başını yedi, bu il kimin başında çatlayacaq, görəsən? Yenə suya gəlmişdi?  - O başını tərpədərək  təsdiqlədi. Arvadı susmadı -  Yaz gəlib, qanı qaynayır, budu eyy, uşaqlar böyüyür, səssiz- səmirsiz adamlarıq, onlar da kimin nə yuvanın quşu olduğunu bilirlər, aparıb sabah qoyarıq uşaqları.  Bizimkilərin də əli əppəyə çatar. Yoxsa Almurada qoşulsaq qəşəng sözlər əzbərləyib, quru arpa çörəyi gəvələyəcəyik. Deyir, uşaqlarına oradan su içməyə qoymur. Deyir olmaz. Arvadı yazıq yekə bir  səhəng belində aşağıdakı bulağa gedir. Nə edək, camaat hamısı onlar verən suyu  içir. Hamı onda niyə ordan su içir? Hamının başı xarabdı? – Onun artıq yuxusu qaçmağa başlayırdı. Arvadı onun tamam ayıdığını görüb davam etdi – O gün görürəm ki, məhlədə çörək paylanır, hamı göürdü, onlardan başqa. Guya deyirmiş ki, olmaz. Nə axmaq adamdı, bu qədəəəər camaat  başına haranın daşını salsın. Çörəkdi də. Onlar da vallah yaxşı adamdılar, dalıyca yemək də gətirdilər.
-Bizə də verdilər?  - O alnını ovuşduraraq  sual verdi.
-Hə də, dedim axı sənə, əşşi o qədəəəəər yorğun olursan ki…. Qəşəng ət tikələri ilə  bişirmişdilər, elə gözəəəəəl dadıyırdı ki….- arvadı ə hərflərini uzadaraq ağzını marçıldatdı. O, Almuradın yeməyə - içməyə niyə etiraz etdiyini  düşünə - düşünə ayağa qalxdı. Arvadı ağzındakı tikəni birtəhər  udub:
-Hara gedirsəəəən? Bəs yatırdın? – onun dalınca qışqırdı. O  geriyə dönmədən:
- Gəlirəm – deyə cavab verdi. Özündən asılı olmadan  ayaqları onu zay Səftərin evinə doğru apardı. Kişilər toplanıb söhbətləşirdilər, az sonra Almurad da gəlib onlara qoşuldu.  Zay Səftər onları içəri çağırdı.
-Yüz dəfə demişəm, gələndə orada toplaşmayın, girin oturun, bəla axtarırsınız durduq yerdə. – yenə həmişəki kimi donquldandı. O keçən ildən bəri heç nəyin dəyişmədiyini, hətta Səftərin donqultusunun da eyni olduğuna təəccübləndi. Sanki hər şey təkrarlanır – deyə özü – özünə  pıçıldadı. Almurad oturan kimi Səftər hamıya çay süzməyə başladı. Almurad boğazını arıtlayıb sözə başladı:
- Suyun qabağını kəsdi, dinmədik, hər dəfə bir uşağımızı istədi verdik. Sonra  uşaqlrımız da  ona oxşamağa başladı. İndi nəhəng ordudular. Üzüyuxarı, çay boyunca getdikcə hər bənddə biri oturub. Bu il bizim bəndə təzəsi gəlib. Deyir ki, daha hər ailə bir uşaq verməlidi. Amma əvvəllər  ilə bir uşaq istəyərdi. Siz uşaqlarınızı verəcəksiniz?
-Ay Almurad, baxsan  bir  ovuc belə deyilik. Biz nağara bilərik o əjdahaya…Keçən ildə cavanlar qızışdılar, nouldu, hamısını apardılar izləri – tozları tapılmadı.
- Biz nəsə edə bilərik… – Almurad sərt şəkildə dilləndi.
- Aparıb uşaqlarımızı çörək yiyəsi edir də - Qulu sakit tövrlə dilləndi.
-Gələndə böyük oğlunu tanıya bildin? – Amurad  çay içdiyi stəkanı hirslə nəlbəkiyə qoydu.
-Hə düz deyirsən, dəyişmişdi, pullu dərisi var idi, gəlin deyirmiş ki quyruğu da var. Əşşi nə olsun, odu eyy gəlin də başına pərvanə kimi dolanır.Hər şeyi var. Adama day nə lazımdı, ev, eşik, pul var dövlət hamısı olandan sonra bax səndən soruşuram, nə lazımdı?
-Gəlin pullanmayıb hələ? – Xalis necə qəh- qəhə çəkdisə əlindəki stəkan titrədi.
- Bu gülməli deyil. Bu bəladır. Bəla, anlayırsınız? –Almurad xış sürməkdən qabar bağlamış əllərini yuxarı qaldırdı.
-Yaxşı sən deyəndi, durduq  dedik dəyişirik bu mizanı, sonra nə olacaq? Düzdür, dediklərin billahi düzdür, amma heç kim halından şikayətçi deyil axı… Hələ deyərdim məmnundu. Yox əgər bir şey olsa Allah da işə qarışar, tökər dağıdar…- Su üçün ediriksə, mən razı gedək suyu tələb edək çoxaltsınlar, qeyri işlər mənlik deyil, yuxum da gəlir….- O daha dözməyib söhbətə qarışdı.
- Belə olmamalıdı. Bax, deyir oğlum pullanıb, axırda dönüb olacaq əjdaha, insan  növü bilmərrə aradan  çıxacaq, ondan deyəcəklər babamız insan olub, hanı bəs o insan… Sənin dediyin məmnuniyyət  bu günlükdür. Tox qarınının rahatlığıdır. İk gün səni ac saxlasalar nə olacaq? Deməli, qarnındakılarla qərar verirsən… - Almuradin sözlərindən sonra ortalığa dərin bir sükut çökdü. Almurad  onların hamısını dərin baxışla süzərək  -Hə nə deyirsiniz? Nə edə bilərik? – Hər kəs susdu. O isə  artıq yuxunun vaxtının ötdüyünü düşünüb ayağa durdu. Onun ardınca hamı  oranı tərk etdi. Almurad  başını aşağı saldı.
                Dan yeri söküləndə O arvadının qışqırığına ayıldı. Yuxulu gözlərini  birtəhər ovuşdurub istədi qışqırsın ki, “Ay çər dəymiş, nolub yenə?” gördü ki, evə su dolur. Sıçrayıb yerindən qalxdı, İlahi, bu nə olan şeydi? – deyib çölə cumdu. Uşaqlar, arvadı və bütün qonum – qonşular  hündür yerə çıxıb çayın yatağından daşmasına baxırdılar. İllərdi çayıın qurumuş yatağında ev tikmiş adamların hamısının yurdu su altında qalmışdı. O  cəld arvadının yanına dırmaşaraq əli ilə nə baş verdiyini soruşdu. Arvadı:
-Allah Almuradın evini yıxsın, axırı yıxdı evimizi…. Ağrımayan başımıza dəsmal bağladı. Gedib gecə - gecə öldürüb onu… Deyirlər şişirdiblərmiş, əjdaha deyilmiş kərtənkələ imiş. Dedim bax  kərtənkələdi, yoxsa  əjdaha nəyinizə lazım idi? Var idi də hər şeyimiz…
Arvadı  danışır, danışır, O isə illərdi quruyan çayın gurultu ilə axmasına və bu il su üçün verəcəyi  kiçik oğlunun çayda  oynamasına tamaşa edirdi. Çay quruyandan sonra doğulanlar isə bu nəhəng gurultunu vahimə ilə izləyirdilər…

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...